Məhkəmə qərarları › İş №1(101)-771/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-771/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-771/2022 16.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri ‘Mirzəyev və partnyorları’ vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2013-cü il tarixli, 1(101)-673/2013 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 06 il 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 mart 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 1, inzibati binada qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 17 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 1 ünvanında yerləşən «Tayqa» marketin qarşısında Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onu yumruqla vurması səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə bud nahiyəsinə vurub sol budun yuxarı 1/3-nin bayır səthinin yumşaq toxuma və əzələlərini zədələyən deşilmişkəsilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər və bir dəfə qarın nahiyəsinə vurub qarının ön divarının sol yarısının periton boşluğuna nüfuz edən, nazik bağırsağı zədələyən, daxili və xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. O, 17 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində yaşadığı evin yaxınlığındakı “Tayqa” marketlə üzbəüz olan səkidə durmuşdur. Bu vaxt bir nəfər şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs oradan keçərkən hündür səslə danışdığını, söyüş söydüyünü görmüşdür. Onun yanından keçəndə Raminin sərxoş olduğunu bilmiş və Raminə qışqırmamasını, söyüş söyməməsini demişdir. Bu zaman Zərərçəkmiş şəxs ona ağır söz deyərək, ona zərbə endirmişdir. Bu zaman Raminin arxasınca gələn digər şəxs Raminə nəyə görə camaatı söydüyünü bildirib, Ramini çəkib aparmışdır. Heç bir dəqiqə keçməmiş Zərərçəkmiş şəxs yenidən onun tərəfə gəlib paltarını çıxararaq onun üstünə cummuşdur. Həmin vaxt o, cibindəki bıçağı çıxararaq Raminə göstərib, onu vurmamasını, əks halda Ramini bıçaqlayacağını demişdir. Lakin Ramin onun sözlərinə əhəmiyyət verməyərək yenidən onu vuranda əlindəki bıçaqla Raminin qarın nayihəsindən bir dəfə vuraraq qaçmağa başlamışdır. Sonra isə yaşadığı evə gələrək həmin bıçağı evə qoymuşdur. Təxminən 1 saatdan sonra çölə çıxaraq həmin hadisə baş verən yerə getmişdir. Artıq orada heç kimin olmadığını görmüşdür. Səhərisi gün evdə olarkən polis əməkdaşları evə gəlib, baş vermiş hadisə barədə ondan soruşmuşlar. Həmin şəxsi bıçaqladığını etiraf edərək polislərlə birlikdə 5-ci polis bölməsinə gəlmişdir. O, bir dəfə Raminin qarın nahiyəsindən vurmuş, gərək ki, bir dəfə də ayağından vurmuşdur. Əməlindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Onun daimi iş yeri olmadığından küçələrdən dəmir yığmaqla nisbətən baha qiymətə sataraq çörək pulu qazanır. Dərnəgül qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan bir neçə bina söküldüyündən o, həmin sökülmüş binalardan çıxan dəmirləri arabaya yığaraq Xutor qəsəbəsindəki əlvan metal qəbulu məntəqəsinə verir. Bu məqsədlə 2021-ci ilin oktyabr ayının əvvəllərindən Dərnəgül qəsəbəsinə tez-tez gedib gəlmişdir. 17 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində o, Dərnəgüldə, həmin ərazidə sökülmüş dəmirlərin yığıldığı yerə baxmışdır ki, səhərisi gün gəlib həmin dəmirləri yığıb aparar. Orada “Tayqa” marketin yaxınlığında kafelərin birində yemək yeyərkən bir az spirtli içki qəbul etmiş və marşrut avtobusu olmadığı üçün piyada evə getməyə başlamışdır. Səki ilə gedərkən tanımadığı bir nəfər şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs hündürdən danışmağını irad bildirərək küçədə səs-küy salmamağını demişdir. O, sərxoş olduğundan hündürdən danışmış və söyüş söymüşdür. Təqsirləndirilən şəxs həmin məhəllədə yaşayan olduğunu, söyüş söyməməyini bildirib, onun üstünə hücum çəkmişdir. O da təqsirləndirilən şəxsi özündən aralamaq üçün itələmişdir. Bu zaman arxadan gələn, sonradan adını bildiyi Vasif adlı şəxs onları aralaşdırmışdır. Onu çəkib yolun o biri üzünə aparmışdır. Yolun o biri tərəfi ilə gedərkən istər istəməz yolu digər tərəfə keçməli olmuşdur. Ona görə ki, evinə gedən yol oradan keçirmiş. Yolu keçəndən sonra görmüşdür ki, təqsirləndirilən şəxs yenə də orada dayanmışdır. O, təqsirləndirilən şəxsin yanından keçərkən onu söymüşdür. O, paltarını çıxarıb təqsirləndirilən şəxsin üstünə cumaraq yumruq zərbələri ilə onu vurmağa başlamışdır. Bu zaman təqsirləndirilən şəxs cibindən çıxardığı bıçaqla bir dəfə ayağına, bir dəfə də qarnına zərbə ilə vuraraq qaçmışdır. O, təqsirləndirilən şəxsin arxasınca qaçmaq istəsə də, ağrı hiss etdiyindən qaça bilməmişdir. Dərhal təcili yardıma zəng vuraraq orada gözləməyə başlamışdır. Təcili yardıma hadisənin olduğu ünvanı bildirmişdir. Təcili yardım avtomobili gələnə kimi o, 102 xidmətinə də zəng vuraraq bu barədə bildirmişdir. Çox keçmədən hadisə yerinə təcili yardım avtomobili gəlmiş və onu X7 aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsindəki Tayqa marketin yaxınlığında yerləşən köhnə trolleybus parkının həyətinə aradabir gedib gəlir. Belə ki, orada köhnə dəmir yığan bir neçə nəfər şəxs olur, vətəndaşlardan ucuz qiymətə köhnə dəmirlər qəbul edirlər. O da ora gedərək köhnə dəmir məmulatlarını alaraq nisbətən baha qiymətə satmaqla məşğul olur. İsmayıl və Ramin adlı şəxsləri tanısa da, heç biri ilə yaxın münasibəti olmamışdır. Belə ki, İsmayıl qonşu məhəllədə yaşayır, Ramini də həmin ərazidə dəmir yığarkən bir-iki dəfə görmüşdür. 17 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində köhnə trolleybus parkından çıxaraq evə gedərkən Raminlə İsmayılın mübahisə etdiyini görmüşdür. Ramin İsmayılı yumruqla vurduğuna görə o, qaçıb onları bir-birindən aralaşdırmışdır. Onlar nəyə görəsə mübahisə edirmişlər. Ramini çəkib yolun o biri tərəfinə keçirmişdir ki, dalaşmasınlar, özü də çıxıb getmişdir. Səhərisi gün eşitmişdir ki, onlar yenidən dalaşmış və İsmayıl bıçaqla Ramini vurmuşdur. O, hadisəni görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 5-ci PB-nin məsul növbətçisi, polis mayoru Heydər Əliyevin 17 oktyabr 2021-ci il tarixli raportundan görünür ki, 17.10.2021-ci il tarixdə, saat 01:41 radələrində vətəndaş Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək, Binəqədi rayonu, “Tayqa” marketin yaxınlığında tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Cinayət işinin 5-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi ilə A.Gəraybəyli küçəsinin kəsişməsidir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2021-ci il tarixli geyim əşyalarının götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar X5 götürülmüşdür. Cinayət işinin 13-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2021-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş gödəkcəyə baxış keçirilmiş, baxış zamanı gödəkçənin üzərində hər hansı zədə izləri aşkar edilməmişdir. Gödəkcə qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 14-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2021-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş şalvara baxış keçirilmiş, baxış zamanı həmin şalvarın üzərində hər hansı zədə izləri aşkar edilməmişdir. Şalvar qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2021-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş köynəyə baxış keçirilmiş, baxış zamanı köynəyin üzərində hər hansı zədə izləri aşkar edilməmişdir. Köynək qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 50-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 oktyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 52-57-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 oktyabr 2021-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı sonuncunun yaşadığı Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən 2 saylı yataqxanadan Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirdiyi bir ədəd bıçaq götürülmüşdür. Cinayət işinin 58-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 oktyabr 2021-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilmiş bir ədəd bıçağa baxış keçirilmiş, bıçaq tiyə və dəstək hissədən ibarət olmaqla, boz rəngli qatlanan bıçaqdır, bıçağın üzərində hər hansı qanabənzər ləkə aşkar edilməmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 22 oktyabr 2021-ci il tarixli, 1705 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsinin rəyindən görünür ki, 1968-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- alın nahiyəsinin sağ yarısında tüklü-tüksüz hissə sərhəddinin sıyrığı küt əşyanın (alətin) təsirindən törənmişdir, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. Cinayət işinin 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 noyabr 2021-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş disklərə baxış keçirilmiş, disklərə baxış zamanı havanın qaranlıq olması səbəbindən görüntülərdə hər hansı mübahisənin baş verməsi müşahidə olunmur və fiksə etmək mümkün deyildir. Görüntülərdə istintaq üçün əhəmiyyət kəsb edən hər hansı görüntü və məlumat aşkar olunmamışdır. Cinayət işinin 145-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 05 noyabr 2021-ci il tarixli, 36/1705 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət –alın nahiyəsinin sağ yarısında tüklü-tüksüz hissə sərhəddinin sıyrığı küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni, 17 oktyabr 2021-ci il tarixdə qeyd olunan nahiyəyə küt əşya ilə, ola bilsin yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 148-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 22 noyabr 2021-ci il tarixli, 1754 saylı canlı şəxsin ekspertizasının rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Vət.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarının ön divarının sol yarısının daxilə nüfuz edən, nazik bağırsağı zədələyən, daxili qanaxmaya (qarın boşluğunda təxminən 150 ml qan) və sol budun yuxarı 1\3-nin bayır səthinin yumşaq toxuma və əzələlərini zədələyən xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni, 17 oktyabr 2021-ci il tarixdə qeyd olunan nahiyələrə deşici-kəsici əşya ilə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər. -Dərəcəsinə görə qarının ön divarının sol yarısının periton boşluğuna nüfuz edən, nazik bağırsağı zədələyən, daxili və xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, sol budun yuxarı 1/3-nin bayır səthinin yumşaq toxuma və əzələlərini zədələyən deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. -Vət.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, ölçülərinə, eləcə də, təqdim olunmuş maddi sübutun – bıçağın müayinəsinə əsaslanıb qeyd olunan xəsarətlərin ekspertizaya təqdim olunmuş metallik dəstəkli bıçağın tiyəsinin təsirindən törənə bilmələri barədə fikir söyləmək mümkündür. Bununla belə, suala daha konkret cavab vermək üçün Zərərçəkmiş şəxs xəsarətlər yetirilən anda əynində olmuş paltarların və təqdim olunmuş bıçağın birgə tibbi-kriminalistik müayinəsi əhəmiyyət kəsb edə bilərdi. Cinayət işinin 152-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 06 dekabr 2021-ci il tarixli, 871/2021-MTBŞ saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) -( şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). -Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs şalvar, köynək üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız A antigeni alınmışdır. Həmin qan ləkələri A (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. -Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs gödəkçəsi üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin 157-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 06 dekabr 2021-ci il tarixli, 762-MTKŞ/2021 saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə və köynəkdə zədə və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində solda deşilmiş-kəsilmiş zədə ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Cinayət işinin 179-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2021-ci il tarixli 3/2051 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin 190-195-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2022-ci il tarixli tanınma protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs ona təqdim edilmiş şəxslər sırasından 4-cü dayanmış şəxsi –yəni, Təqsirləndirilən şəxs tanıyaraq, 17 oktyabr 2021-ci ildə onu bıçaqla vuran şəxs olduğunu bildirmişdir. Cinayət işinin 196-199-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs 17 oktyabr 2021-ci ildə qarşısında oturan şəxs Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyini bildirmiş, təqsirləndirilən şəxs də bunu təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 201-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 fevral 2022-ci il tarixli Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Anar Ağayarovun sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, sonucunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün cinayət işindən ayrılmış material Binəqədi RPİ-nin 5-ci PB-nə göndərilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Belə ki, cinayət işinin 97-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 161-163-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” X6 12 noyabr 2021-ci il tarixli, 2662 saylı kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk emək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçilik, səmimilik, təhqirə qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları nəzərə alınmaqla etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyəti dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Cinayət işinin 94-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs İsmayılov X1 Vilayət Məhkəməsinin 26 may 1989-cu il tarixli hökmü ilə CM-nin 248-ci maddənin A bəndi, 232-ci maddənin B bəndi, 231, 233-cü maddənin A bəndi, 40-cı maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06.02.1990-cı ildə Ağdam Rayon Xalq Məhkəməsinin 06.02.1990-cı il tarixli qərarı ilə CM-nin 50-ci maddəsinə əsasən 01 il 04 ay 15 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş; Ağdam Rayon Xalq Məhkəməsinin 26 mart 1991-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 97, 39-cu maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03.03.1992-ci ildə Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin 03.02.1992-ci il tarixli qərarı ilə xəstəliyə görə azad olunmuş; RF Vladivostok Ş.Sovetski Federal Məhkəməsinin 03 mart 2004-cü il tarixli hökmü ilə CM-nin 33.5, 228.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01.05.2006-cı ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin qərarı ilə 03.03.2004-cü il tarixli AR qanunvericiliyinə uyğunlaşdırılmaqla Azərbaycan Respublikası CM-nin 32.5, 234.4.3, 66.3-cü maddələrinə edilmiş və 10 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; cinayət işinin 126-130-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2013-cü il tarixli, 1(101)-673/2013 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 06 il 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 mart 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin xüsusilə təhlükəli residivini yaradır. Cinayət işinin 234-235-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayətçi deyil. Həmçinin, Zərərçəkmiş şəxs məhkəmə iclasında 09 mart 2022-ci il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin xüsusilə təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs əməlində cinayətin xüsusilə təhlükəli residivi olduğu üçün həmin maddədə göstərilən hallar ona şamil olunmur. Təqsirləndirilən şəxs əməli cinayətlərin xüsusilə təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 18 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 35-ci vərəqəsində olan 18 oktyabr 2021-ci il tarixli cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 91-93-cü vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 4(001)-1109/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək, bir ədəd gödəkcə, bir ədəd şalvar məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək, bir ədəd gödəkcə, bir ədəd şalvar məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar