Məhkəmə qərarları › İş №1(101)-771/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-771/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-771/2025 30.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Şəki rayonu, Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şəki rayonu, Dəhnə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, A.Məlikov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. 2.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Saşa” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan "Saşa” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 14.465 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində qanunsuz saxlamaqla yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, A.Məlikov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 sentyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 00:30-da Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, A.Məlikov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılaraq üzərinə keçirilən baxış zamanı ondan satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxlağı altı ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 2025 qram, 1925 qram, 2365 qram, 1950 qram, 1760 qram, 4440 qram, ümumi təmiz çəkisi 14.465 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Facebook” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı “Saşa” adlı şəxs ona narkotik vasitəni bir yerdən götürüb başqa yerə qoymasını və bunun qarşılığında ona pul veriləcəyini yazmışdır. O da işsiz olduğundan və pula ehtiyacı olduğundan bu təkliflə razılaşmışdır. İranlı ona iki günə malın gələcəyi, onu götürməsi bildirilmişdir. Polislər tərəfindən tutulan gün narkotik gəlmiş, narkotiki tutulduğu yerdən iki məhəllə aşağıdan götürmüşdür. Narkotik vasitənin çəkisi ona deyilməmiş, getdiyi yerdə bir kisə narkotik tapmışdır. Görəcəyi işin müqabilində ona nə qədər pul veriləcəyi deyilməmişdir. Götürəcəyi narkotikdən isitfadə etmək məqsədi olmamış, niyyəti narkotiki pul qarşılığında bir yerdən götürüb başqa yerə qoymaq olmuşdur. Narkotiki satdıqdan sonra ona əlavə pul veriləcəyi barədə hansısa razılıqları olmamışdır. Polislər tərəfindən saxlanılan zaman narkotik vasitə üzərində olmuş, ona qarşı hansısa fiziki psixoloji güc tətbiq edilməmişdir. Etdiyi əməldən peşmandır. “Saşa” adlı şəxs iranlı yox, polislərin özü olmuş, çünki o narkotiki götürdükdən dərhal sonra onu saxlamışlar. Onu kimsə məcbur etməmiş, pula ehtiyyacı olduğundan həmin əməli törətmişdir. Uşağının ac olması, yağış yağdığından işləyə bilməməsi onu buna vadar etmişdir. Məbləğlə bağlı hansısa razılıq olmamış, götürəcəyi narkotikin çəkisinə uyğun ödəniş olacağı bildirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, o narkotik vasitə, yaxud psixotrop maddə istifadə etməmişdir. 10 sentyabr 2024-cü il tarixdə saat 00:30 dəqiqədə Bakı şəhəri, ünvan 1 ünvanının yaxınlığında 4 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək ona üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o İran İslam Respublikası vətəndaşının ona göndərdiyi 1 bir ədəd sarı torbadan 6 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Sonra əynində olan ağ rəngli şortikin sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Sonra üstü yoxlanılmış, yoxlama zamanı heç bir əşya, predmet aşkar edilməmişdir. Daha sonra qurudulmuş marixuanalar elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. O verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitənin qurudulmuş marixuana olmasını, həmin kütlələri “Saşa” adlı İran İslam Respublikası vətəndaşının göstərişi ilə Binəqədi rayonu ərazisindən gizlədilmiş yerdən müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Arif Məlikov küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinə daxil olmuşlar. Həmin evə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet, maddə aşkar edilməmişdir. Həmin vaxt evdə olan X4 və X12 verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik vasitələrdən xəbərsiz olduqlarını bildirmişlər. Daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Baş İdarədə o müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, bu barədə müvafiq sənədlər tərtib olunaraq imzalanmışdır. Əlavə olaraq “Saşa" adlı şəxslə 10 gündür "Facebook" sosial şəbəkəsi vasitəsilə tanış olduğunu bildirmişdir. Həmin şəxsin nömrəsinin üzərindən aşkar olunan mobil telefonda olduğunu demişdir. “Saşa” adlı şəxsin göstərişi ilə həmin gün Binəqədi rayonu ərazisindən narkotik vasitələri götürmüşdür. Narkotik vasitələrin qurudulmuş marixuana olacağı barədə həmin şəxs ona məlumat verilmişdir. Həmin kütlələri deyilən ünvana çatdıracağını, bunun müqabilində “Saşa”-nın ona pul verəcəyini demişdir. Pulun məbləği barədə razılaşmamışlar. Amma “Saşa” narkotikin miqdarı nə qədər çox olarsa ona o qədər çox pul verəcəyini demişdir. O həmin şəxsin göstərişi ilə bir dəfə narkotik vasitə götürmüşdür. Törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş narkotik vasitəni “Saşa” adlı İran İslam Respublikasının vətəndaşının göstərişi ilə müəyyən edilmiş yerlərə qoymaq məqsədilə əldə etmişdir. O narkotik vasitə istifadə etmədiyini bildirmişdir (İ cild, səh. 77-79, 159-161). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Şamil adlı şəxsin barəsində daxil olmuş əməliyyat məlumatı əsasında 09 sentyabr 2024cü il tarixində əməliyyat qrupu yaradılaraq rəhbərliyə məruzə edilmişdir. Daha sonra Binəqədi rayonu, “28 May” küçəsində əməliyyat tədbiri keçirilmiş və əməliyyat tədbiri zamanı şəxs saxlanılmışdır. Saxlanıldıqdan sonra onun əlində olan sarı torbaya baxış keçirilmiş, baxış zamanı altı ədəd böyük bağlama aşkar edilərək götürülmüş, həmin bağlamalarla bağlı özü İİR vətəndaşından götürdüyünü və dediyi yerlərə zakladka yolu ilə qoymalı olduğunu etiraf etmişdir. Həmin narkotik vasitə çəkildikdən sonra on beş kiloqram, dörd yüz iyirmi qrama yaxın marixuana olması müəyyən edilmişdir. Əməliyyat məlumatı ona daxil olmuş, məlumat İİR-dan külli miqdarda narkotik vasitələrin əldə olunub paylanması barəsində olmuşdur. Əməliyyat tədbirində dörd nəfər iştirak etmiş, şəxsi axtarış şəxsin evinin qarşısında, saxlanıldığı yerdə olmuşdur. Şəxs marağının pul olmasını bildirmişdir. Nə qədər məbləğ ona veriləcəyi barədə deyilsə də onu tam xatırlamır. Məlumat narkotik vasitələrin külli miqdarda olması barədə olmuş, lakin əvvəlki dövrlərdə olması barədə məlumat olsa da hansısa fakt olmamışdır. Əməliyyat məlumatı narkotikin “zakladka” yolu ilə qoyulması barədə olmuşdur. Şəxs saxlanılan zaman narktotik artıq onun özündə olmuşdur. Hazırki dövrədək narkotikin aşkar edildiyi mənbəni aşkar etmək mümkün olmamışdır. İranlılar başqa adlarla profillər açdıqlarından həmin kanalı aşkar edə bilməmişlər. Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 09 sentyabr 2024-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1998-ci il tarixdə Şəki rayonunda anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 09 sentyabr 2024-cü il tarixli qərar çıxarılmış və BNMİnin əməkdaşları - əməliyyat müvəkkili X3, əməliyyat müvəkkili X6, əməliyyat müvəkkili X7 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Arif Məlİkov küçəsinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 10 sentyabr 2024-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Arif Məlikov küçəsində Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narktoik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 1 bir ədəd sarı torbadan 6 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şortikİn sol yan cibindən 1 ədəd "Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir əşya, predmet aşkar edilmədi. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olumuş narkotik vasitəyə bənzər kütlənin qurudulmuş marixuana olmasını, həmin kütlələri “Saşa” adlı İran İslam Respublikası vətəndaşının göstərişi ilə Binəqədi rayonu ərazisindən gizlədilmiş yerdən müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Arif Məlikov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daxil olmuşlar. Baxış keçirilən zaman əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet, maddə aşkar edilməmişdir. Həmin vaxt evdə olan X4 və X12 verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələrdən xəbərsiz olduqlarını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmışdır. Orada baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, bu barədə müvafiq sənədlər tərtib olunaraq imzalanmışdır (İ cild, səh. 120-122). 7.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1510 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə..." yazı və imzalar olan 1 (bir) ədəd sarı rəngli sintetik torbada 6 (altı) ədəd üzəri skoçlu bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2025 qram, 1925 qram, 2365 qram, 1950 qram, 1760 qram, 4440 qram olmaqla, ümumi çəkisi 14465 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (İ cild, səh. 49-53). 8.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 30 sentyabr 2024-cü il tarixli 6561 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 134-135). 9.«Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında» 10 sentyabr 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüləri özündə əks etdirən diskdən görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan 1 (bir) ədəd sarı torbadan 6 (altı) ədəd bağlamada, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, əynində olan ağ rəngli qısa şalvarın sol yan cibindən 1 (bir) ədəd Samsung markalı mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama zamanı sonuncudan heç bir əşyapredmet aşkar edilməmişdir. Sonra qurudulmuş marixuanayabənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 15 (on beş) kq 420 (dörd yüz iyirmi) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılıb imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olumuş narkotik vasitənin qurudulmuş nanxuana olduğunu, həmin kütlələri “Saşa” adlı İİR-nın vətəndaşının vasitəsi ilə Binəqədi rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra Bakı şəhəri, ünvan 1 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş izrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs ünvanda olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Baxış zamanı evin otaqlarına və hissələrinə baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar edilməmişdir (İ cild, səh. 14-15). 10.«Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında» 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mobil telefonda olan “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə +**********77 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Saşa” adlı istifadəçi ilə və +**********73 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş "Hacı İran” adlı istifadəçi ilə danışıqlar aparmışdır (İ cild, səh. 94- 96). 11.«Maddi sübut hesab edilməsi haqqında» 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə aşkar edilərək götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 14.464,7 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 90-91). 12.«Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut hesab edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış aparılmasının videogörüntülərinin əks edildiyi 01 ədəd “CD” disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına tikilməsi nəzərə alınmışdır (İ cild, səh. 136-146). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində zədə və xəsarət izləri çapıq aşkar olunmamışdır. 14.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 30). 15.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 4(005)- 1146/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 sentyabr 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 85-89). 16.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (İ cild, səh. 101-102). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 17.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 18.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 20.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 21.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 22.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 23.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 24.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 25.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 26.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 27.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 29.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 30.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 31.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 32.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 34.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 35.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 36.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 37.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 38.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 39.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 40.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 41.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 42.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 43.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 44.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu - 10 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. 45.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 46.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 47.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 14.464,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 48.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 49.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 50.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 51.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 52.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 53.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına ödənilməlidir. 54.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 14.464,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar