Məhkəmə qərarları › İş №1(101)-772/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-772/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-772/2022 17.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1974-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində nömrəsini bilmədiyi fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq təmiz çəkisi 14,282 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 10 oktyabr 2021-ci il tarixdə saat 01:10-da Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi nömrəsiz fərdi yaşayış evin qarşısında Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılmış, orada üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 14, 282 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü ona görə qismən təqsirli sayır ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində cəmi bir qrama yaxın heroin olmuşdur. Həmin heroini də 70 manata Bakı şəhərindən onlayn vasitəsi ilə əldə etmişdir. Belə ki, 09 oktyabr 2021-ci il tarixdə internetdə narkotik vasitə təklif edən şəxsin kartına 70 manat köçürərək Sabunçu qəsəbəsində şəxsin telefonuna vatçap vasitəsilə narkotikin qoyulduğu yerin şəkli əsasında gedib həmin yerdən bir büküm kakos, yəni heroin götürmüşdür. Həmin ərazinin Sabunçu rayon ərazisi olmasını bilir, lakin dəqiq ünvanı bilmir. Qeyd etmək istəyir ki, 15 ilə yaxın olar ki, heroin və marixuanadan istifadə etmişdir. Əvvəllər Bakıda konkret şəxslərdən narkotik vasitəni nağd pul ödəməklə alırdısa, son dövrdə dəbdə olan onlayn üsulu ilə narkotik vasitələri əldə edir. Belə olan halda nə o, satanı, nə də ki, satan onu görmür və tanımır. Əvvəllər dörd dəfə məhkum olunmuş, ilk dəfə 1996-cı ildə Qazax Qarnizon Hərbi Tribunalın hökmü ilə fərarilik və digər maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmiş, sonra Nizami rayon məhkəməsinin 29 may 2001-ci il tarixli qərarı ilə cəzası 9 ilə endirilmiş, 04 iyul 2003-cü il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 66.3, 304.1, 93.1.4, 67.1-ci maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 31 iyul 2007-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3 və 67.1-ci maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum edilmiş, 02 aprel 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 10 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində bir gün əvvəl şəxsi istifadəsi üçün əldə etdiyi heroinlə birlikdə Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əvvəl ona bir nəfər polis əməkdaşı yaxınlaşmış, daha sonra isə əlavə olaraq 4 nəfər mülki geyimli şəxslər də ona yaxınlaşaraq vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmiş və ona üzərində narkotik vasitə olmasından şübhələndiklərini demişlər. O, etiraf etmişdir ki, üzərində bir qrama yaxın kakos vardır. Bundan sonra polis əməkdaşlarının maşını ilə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə getmiş, orada təhqiqatçı videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişdir. Orada üzərində olan bir büküm kakosu təhqiqatçıya təqdim etmişdir. Ondan aşkar etdikləri 14 qramdan bir az çox olan heroini polislər özləri onun cibinə axtarışdan əvvəl qoymuşlar. Üzərinə baxış protokolunda qeyd olunub ki, o, heroini 200 manat ödəməklə əldə etmişdir. Dəqiqləşdirmək istəyir ki, heroinə görə cəmi 70 manat pul ödəmişdir. Heroinin satışı ilə məşğul olmamış, aldığı heroindən hər hansı bir şəxsə satmamış və ya hədiyyə verməmişdir. Xeyli müddət keçdiyindən 02 oktyabr 2021-ci il saat 14:56:09-da ***-***-**-** nömrəsi istifadəsində olmuşTel:051-358-58-18 ***-***-**-** nömrə arasında «Ey ay Yalcin. Niye bele eledin bilmirem. Mal cehennem o birisine de hesret qalmisham. Sen meni mehv etdin. Saq ol.» məzmununda SMS yazışmanın məzmununu və mahiyyətini, eyni zamandaTel:051-358-58-18 ***-***-**-** nömrənin kimə məxsus olmasını və ya kim tərəfindən istifadə olunduğunu xatırlamır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Tədbirdən əvvəl onu tanımamış, lakin ona məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində narkotik vasitələrn satışı ilə məşğul olur. Məlumat əsasında tədbirin keçirilməsinə dair qərara əsasən o və əməliyyat qrupuna daxil edilmiş həmkarı Şahid2lə birlikdə 10 oktyabr 2021-ci il tarixdə saat 01:10-da Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi nömrəsiz fərdi yaşayış evin qarşısında Təqsirləndirilən şəxs gördükdə ona yaxınlaşıb, xidməti vəsiqələrini təqdim etmişlər. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər, Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirib, həyacanlı şəkildə onlardan aralanıb qaçmaq istədikdə onlar onu saxlayıb şəxsiyyətini müəyyən etmək üçün Bakı şəhəri, Sаbunçu RPİ-nin 12-ci PŞ-nə gətirib raportla təhqiqatçı Fərid Sofuyevə təhvil vermişlər. Ondan sonra o və həmkarı Şahid2 Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir salafan bükümdə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Orada bir qram deyil, ondan xeyli artıq çəkidə vasitə olmuşdur. Nə o, nə də həmkarı Şahid2 Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamışlar. Belə ki, saxlanılan zaman üzərində qanunsuz hər hansı bir əşya olması sualına Təqsirləndirilən şəxs könüllü olaraq kakos olması, kakosun istifadəçisi olmasını bildirmişdir. Lakin üzərinə baxış keçirilən zaman Yalçının təqdim etdiyi telefonda İran vətəndaşı ilə yazışmaları aşkar edilmişdir. Hətta baxış zamanı Təqsirləndirilən şəxs telefonuna narkotik vasitələrin satışı ilə bağlı messajlar gəlməkdə davam edirdi. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılarkən və polis şöbəsində olduğu müddət ərzində heç kəs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə 10 oktyabr 2021-ci il tarixdə saat 01:10-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi nömrəsiz fərdi yaşayış evin qarşısında inzibati ərazidə xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı, polis şöbəsinə aparıldıqdan sonra şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs davranışlarından şübhələnib ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini ona göstərdikdən sonra, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirib, həyacanlı şəkildə onlardan tez bir zamanda yayınmağa çalışdığını hiss edib, şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə birlikdə 12-ci PŞ-nə getməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs 12-ci PŞ-nə gətirib təhvil vermələri ilə bağlı raport tərtib olunmuşdur. Bundan sonra polis şöbəsinin təhqiqatçısı Fərid Sofuyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün vəkil seçmək məqsədi ilə vəkillərin siyahısı təqdim olunmuş, Təqsirləndirilən şəxs siyahıdan vəkil seçmişdir. Polis şöbəsinə gəlmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı təhqiqatçı tərəfindən izah olunmuş, Yalçın vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasına razılıq vermişdir. Bundan sonra onun və Şahid2 iştirakı ilə təhqiqatçı X10 Qocayevdən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olmuş qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən büküm açıldıqda içərisində qəhvəyi rəngli maddəni olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin olduğunu, 09 oktyabr 2021-ci il tarixdə Sabunçu qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 200 manata alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən təqdim etdiyi əşyadan başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş o, Şahid2 və Təqsirləndirilən şəxs protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə ünvanlanan 10.10.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 10.10.2021-ci il tarixdə, saat 01.10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi nömrəsiz fərdi yaşayış evin qarşısında inzibati ərazidə xidmət apararkən davranışları şübhə yaratdığından Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10.10.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm açıldıqda içərisindən qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin olduğunu, 09 oktyabr 2021-ci il tarixdə Sabunçu qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 200 manata alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 10.10.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11.10.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 10 oktyabr 2021-ci il tarixli, 6/4500 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində «…Vət. Təqsirləndirilən şəxs üzərindən …» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 14,282 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 dekabr 2021-ci il tarixli, 5335 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 2816 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 16 oktyabr 2021-ci il tarixli, 1/1874 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X11 18 oktyabr 2021-ci il tarixli, 8842 saylı məktubundan müyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan tibb müəssisəsində müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X11 27 oktyabr 2021-ci il tarixli, 19/51-12175 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” 25.11.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş CD diksə baxış zamanı 02 oktyabr 2021-ci il saat 14:56:09-da Təqsirləndirilən şəxs tərəfindən istifadə olunmuş ***- ***-**-** nömrəsi ilə ***-***-**-** nömrə arasında “Ey ay Yalçın. Niye bele eledin bilmirem. Mal cehennem o birisine de hesret qalmisham. Sen meni mehv etdin. Sağ ol.” məzmumunda SMS yazışma aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 1916 saylı, 04.12.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində 29.10.2021-ci il tarixdi sağ xarici qalça arteriyasının bağlanması və anevrizmanın ləğvi cərrahi əməliyyat aparılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 4(008)-1006/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz olunaraq, «ev dustaqlığı» qətimkan tədbirinin müddəti barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddətinə uyğun olaraq 10 fevral 2022-ci il tarixədək müəyyən edilməklə Təqsirləndirilən şəxs məhkəmə zalında həbsdən azad edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının «Qətimkan tədbirin seçilmsi haqqında» 10 fevral 2022-ci il tarixli qərardan müəyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin müddətinin uzadılmasına zərurət olmadığından barəsində «polisin nəzarəti altına vermə haqqında» qətimkan tədbiri seçilmişdir. Beləliklə, təqsirləndirilən şəxs 10.10.2021-ci il tarixdən-10.12.2021-ci il tarixədək həbsdə, 10.12.2021-ci il tarixdən-10.02.2022-ci il tarixədək ev dustaqlığında olduğu- 04 ay müddəti ona təyin olunmuş cəzadan çıxılmalıdır Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 31.01.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 14,232 qram narkotik vasitə heroin Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videgörüntülər əks edilmiş 01 ədəd DVD və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD cinayət işinin materiallarına əlavə ed ilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Qazax Qarnizon Hərbi Tribunalının 02.08.1996-ci il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-in 243, 226-cı maddəsinin 2-ci hissəsi və 150-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami rayon məhkəməsinin 29.05.2001-c il tarixli qərarı ilə əməli CM-nin 336.6, 234.4.3 və 131-ci maddələrinə tövsif edilərək cəzası 09 ilə endirilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 04.07.2003-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1 və 304.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 31 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 6(altı) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsi tərəfindən 04 iyul 2003-cü il tarixdə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə birləşdirilərək, ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 02 aprel 2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluqları ödənilmiş və həmin məhkumluqlar ödənildiyi üçün CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticəni ləğv edir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı heroinin satışı ilə məşğul olmaması, aldığı heroindən hər hansı bir şəxsə satmaması və ya hədiyyə verməməsi barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, SMS yazışması, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Həmçinin məhkəmə baxışı zamanı 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən narkotik vasitənin dövriyyəsi ilə əlaqədar saxlanılmış, 30 aprel 2022-ci il tarixdə barəsində DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq təcridxanasına yerləşdirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitənin miqdarı külli miqdar əlamətindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 17 may 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 ay ərzində, yəni 10.10.2021-ci il tarixdən- 10.12.2021-ci il tarixədək həbsdə, 10.12.2021-ci il tarixdən-10.02.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 14,232 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disklər cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81,82 (səkkiz bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X8 (hesabat arayış i/v 177), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə müdafiəçi X8 üçün 300 AZN (üç yüz manat), müdafəçi Müdafiəçi üçün isə 180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 10.10.2021-ci il tarixdən-10.12.2021-ci il tarixədək həbsdə, 10.12.2021-ci il tarixdən-10.02.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı-04 ay müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 14,232 qram narkotik maddə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81,82 (səkkiz bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiçi X8 üçün 300 AZE (üç yüz manat) pul Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar