Məhkəmə qərarları › İş №1(101)-772/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-772/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-772/2023 18.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X10 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,560 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 15 sentyabr 2022-ci il tarixdə Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:05-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 3,560 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində kirayədə yaşayır. xx.xx.2022-ci il tarixdə yolda hərəkət edərkən polislərin 2 nəfəri saxlayıb yoxladığını görmüş, həmin şəxslərin yanından keçib getmiş, təxminən 3 dəqiqə keçdikdən sonra polis əməkdaşları ona da yaxınlaşıb şübhəli şəxs olduğunu demiş və üzərində axtarış aparmışlar. Axtarış zamanı üzərindən heç nə aşkar edilməmiş, lakin onu bölməyə aparmışlar. Qarşısına 2 kq narkotik vasitə qoyub ona məxsus olduğunu deməsini istəmişlər, lakin o, razılaşmamışdır. Polis əməkdaşları ona fiziki təsir göstərmiş, ayağına və üzünə vurmuşlar. Daha sonra əməliyyat rəisi içəri daxil olmuş, həmin şəxs də onu vurmuş, sonra çölə çıxmışdır. Polis əməkdaşı əlindəki bükümü gətirib onun üzərinə qoymuş və o da məcbur olub onların dedikləri ilə razılaşmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, Türkiyə Respublikasında yaşamış, orada tekstil fabrikində fəhlə işləmiş, 2020-ci ildə Azərbaycana gəlmişdir. Hadisə olan zaman işləməmişdir. Tutulan zaman narkotik vasitə qəbul etməmiş, evdən günorta saatlarında çıxmışdır. Onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamışdır. Tutulan zaman üzərində heç nə olmamışdır. Polis əməkdaşları əvvəlcə 2 kq narkotik vasitə gətirib qarşısına qoymuş, sonra onu götürüb bükümü onun cibinə qoymuş və bu bağlamalarla onu məsuliyyətə cəlb etməyəcəklərini demişlər. Həmin bağlamanın içində “kakos” olmuş, bükümü əməliyyat qrupunun rəhbəri gətirmiş və gətirib şalvarının cibinə qoymuşdur. Polis əməkdaşları məhkəmənin onu 3-4 ay müalicəyə göndərəcəyini, daha sonra onu buraxacaqlarını deyərək aldatmış, o da polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşı çəkiliş zamanı narkotik vasitəni Yasamalda Əli adlı şəxsdən aldığını deməyi tapşırmış, o da çəkiliş zamanı həmin bükümü çıxarıb Əli adlı şəxsdən aldığını demişdir. O, külli miqdarda narkotiki qəbul etmədikdə polis əməkdaşları onu döymüş, üzünə təpiklə vurmuşlar, bədəninə iz düşməmişdir. O, Bakı İT-da müayinə olunarkən bədənində cızıq aşkar olunmuş, o da orada həmin cızığın polislərin onu vurması nəticəsində yarandığını demiş, lakin xəsarətin Bakı İT-da qeydə alınıbalınmadığını xatırlamır, prokurorluqda bununla bağlı araşdırılma aparılmamışdır. İstintaq zamanı o, etirafedici ifadə verməmişdir. Məhkəmədə həbs qətimkan tədbiri seçilərkən polislərin onu döydüyünü demişdir. Polis əməkdaşları onun üzünə vurmuş, o, müvəqqəti saxlama yerində olarkən bədənindəki xəsarətin polislərin onu vurması nəticəsində yarandığını demiş, bununla əlaqədar prokurorluq əməkdaşı onu sorğu-sual etməmişdir. Onu döyən şəxsləri tanımır, lakin görsə tanıyar. Ona olan təzyiqlər barədə müxtəlif orqanlara şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, onda narkotik vasitələrdən asılılıq olmamış, o, narkotik vasitələrin istifadəsini dayandırmış, sonuncu dəfə 2003-cü ildə narkotik vasitədən istifadə etmiş, Türkiyədən Azərbaycana gələndən sonra narkotik vasitələrin istifadəsi ilə məşğul olmamışdır. Polis əməkdaşları ona 3-4 ay müalicə alacağını bildirdikləri üçün o da polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. O, ittihamla razı olmadığına görə cinayət işinin materiallarını imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinə Əflan adlı şəxsin narkotiklərin istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, onlar məlumatı dəqiqləşdirmək üçün Şahid2 ilə birlikdə həmin ünvana getmişlər. Salayev küçəsi 51 ünvanının qarşısında Əflanı görmüş, ona yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxsin üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün onu idarəyə dəvət etmişlər. İdarəyə gəldikdən sonra inzibati otaqların birində video çəkiliş vasitəsilə şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən bir büküm narkotikə bənzər maddə aşkar olunmuş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi Nəsimi rayonu, Salayev küçəsində saxlamışlar, ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsi idarəyə gətirdikdən sonra təhqiqatçı tərəfindən video çəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, video çəkiliş zamanı da təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını özü etiraf etmişdir. Təqsirləndirilən şəxsi bölməyə dəvət etdikdə o, yayınmağa çalışmamış, hətta saxlanılan zaman narkotik vasitənin təsiri altında olmuşdur. Əməliyyat qrupunda 2 nəfər olmuş, əməliyyat məlumatı daxil olduqdan sonra qeyd olunan əraziyə getmişlər, həmin ünvanda Əflanı görüb yaxınlaşmışlar. Təqsirləndirilən şəxsi xidməti maşında gətirmişlər. O, avtomobildə təqsirləndirilən şəxsin yanında oturmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakından imtina etdiyinə görə çəkiliş zamanı müdafiəçi iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin kiçik inspektoru Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 15 sentyabr 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan sellofan büküm aşkar olunaraq götürülmüşdür. (iş vərəqə: səh. 53-58). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyev şübhəli şəxs qismində polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 15 sentyabr 2022-ci il tarixdə saat 15.05-də şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və həmin bölmənin kiçik inspektoru polis kiçik serjantı X3, mütəxəssis qismində X2 iştirak edir. X5 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim edərək bildirir ki, həmin bükümün içərisində olan maddə “kakos” adı ilə tanınan narkotik vasitə heroindir, həmin maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu Təzə Bazarın yaxınlığında “Əli” kimi adını bildiyi və üzdən tanıdığı şəxslə görüşərək 30 manat pul verib öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlamaqla gəzdirdiyini, eyni zamanda bir neçə müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2022-ci il tarixli 6/5234 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,560 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə: səh.63-67). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh.129-130). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə xx.xx.2022-ci il tarixli 6674№-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh.131- 132) İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 06 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,560 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış, həmin narkotik vasitənin ekspertiza tədqiqatından sonra 3,510 qram qalıq qalmış hissəsi saxlanmasından ötrü Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (iş vərəqə: səh.140-147) Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinin çəkisi 3,560 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin külli miqdar həddində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması, polis əməkdaşlarının onu bir neçə ay müalicəyə göndərəcəkləri ilə aldatması ilə əlaqədar video çəkiliş zamanı polis əməkdaşlarının təklifi ilə razılaşaraq onların verdiyi narkotik vasitəni boynuna götürməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd edilən məzmundakı ifadələri məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, məhkəmənin sorğusuna əsasən əldə edilərək, məhkəmə iclasında tədqiq edilib cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxsin dəri səthində sol ayağın xroniki xorası, hər iki qasıq büküşündə post(oxunmur) döyənəklər, kürək nahiyəsində, sağ bazunun arxa səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. Bundan başqa tədqiq olunmuş həmin tibbi kitabça ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs müayinə zamanı 2016-cı ildə bıçaqla yaralanma ilə bağlı əməliyyat keçirdiyini bildirmişdir. Daha sonra məhkəmənin sorğusuna əsasən əldə edilərək məhkəmə iclasında tədqiq olunan məhkumun şəxsi işinə əlavə edilmiş 15 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-nə gətirilən zaman üzərinə baxış keçirilmiş və sol ayağında yara aşkar olunmuş, Təqsirləndirilən şəxs qeyd olunan yaraların narkotik vasitədən istifadə etməsi ilə əlaqədar yarandığını bildirmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs nə MSY-nə daxil olan zaman, nə də İstintaq Təcridxanasında tibbi müayinədən keçən zamanı üzərində yeni xəsarət aşkar olunmamış, təqsirləndirilən şəxs üzərində aşkar olunmuş yaralar və çapıqlarla bağlı əməliyyat olunması və narkotik vasitədən istifadə etməsi ilə əlaqədar əmələ gəldiyini bildirmiş, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı heç bir məlumat verməmiş, həmçinin ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə bağlı bəzi ziddiyyətli məqamlara da diqqət çəkməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının onun üzünə təpiklə vurduqlarını, buna görə də bədənində xəsarətlər olmadığını, daha sonra isə həm MSY-nə, həm də istintaq təcridxanasına daxil olan zaman üzərində xəsarətlər aşkar olunduğunu, həmin xəsarətləri polis əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar aldığını bildirdiyini qeyd etsə də, nə məhkəmə iclasında tədqiq olunmuş video görüntülərdə onun üzündə hər hansı bir xəsarətin olması, nə də məhkəmənin sorğusuna əsasən əldə edilib tədqiq edilmiş, yuxarıda qeyd olunan “məhkumun şəxsi işi” və “tibbi kitabça” ilə onun üzərində hər hansı bir xəsarətin aşkar olunması, habelə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməsi ilə bağlı hər hansı bir qeyd aşkar edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs bir tərəfdən sonuncu dəfə 2003-cü ildə narkotik vasitədən istifadə etdiyini, həmin vaxtdan sonra narkotik vasitədən heç vaxt istifadə etmədiyini, narkotik vasitədən asılılığının olmadığını bildirsə də, digər tərəfdən öz ifadəsində polis əməkdaşlarının onu bir neçə ay müalicəyə göndərəcəkləri ilə aldatdıqlarını, bu səbəbdən də video çəkiliş zamanı narkotik vasitəni boynuna götürməyə razılaşdığını qeyd etmişdir. Başqa sözlə, məhkəmə təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmədiyi, 2003-cü ildən sonra heç vaxt narkotik vasitədən istifadə etmədiyi halda, bir neçə ay narkomaniyadan müalicə olunmağa razılaşmasını, hətta buna görə “ona məxsus olmayan narkotik vasitəni boynuna götürməsini” ağlabatan hesab etmir. Həmçinin cinayət işinin materiallarında olan ekspert rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir. Bununla da təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması, habelə üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun hesab etmir, təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi daşıyır və öz ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğu, çəkisinin isə 3,560 qram təşkil etdiyi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuş, lakin onun məhkumluqları ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında himayəsində 3 azyaşlı övladının olduğunu bildirsə də, müdafiə tərəfi bununla bağlı nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı hər hansı bir sənəd təqdim etməmiş, həmçinin elektron məhkəmə informasiya sisteminə Təqsirləndirilən şəxs qohumluq əlaqələri ilə bağlı sorğu verildikdə onun himayəsində azyaşlı uşağının olması ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar həcminin minimum həddinə yaxın həcmdə olmasını nəzərə alır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6674 №-li nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs statusunda olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 15 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 sentyabr 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,510 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 81 (səksən bir) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 50 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,510 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar