Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-772/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 3də qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan, külli miqdarda olmaqla ümumi təmiz çəkisi 2,356 qram olan heroini əldə edib üzərində saxlamaqla daşımış və 13 may 2023-cü il tarixdə, saat 4:20 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq, ünvan 2a yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan axtarış və götürmə zamanı əynində olan tünd qara rəngli şalvarın sol yan cibində qanunsuz olaraq külli miqdarda əldə edib üstündə saxladığı bir ədəd gümüşü rəngli kağız bükümdə, ümumi təmiz çəkisi 2,356 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, iki ildir ki, narkotik vasitə heroini çəkmək yolu ilə qəbul edir. Hər gün «Kubinka» adlanan ərazidən 20 manatlıq narkotik vasitə heroin alıb istifadə etmişdir. Tutulana qədər metal qəbul etmə məntəqəsində işləmişdir. Həmin ərazidə söküntü işləri getdiyi üçün icra hakimiyyəti yalnız gecə saatlarında işləməyə icazə vermişdir. 13 may 2023-cü il tarixdə gecə saat 4 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PŞ-nə gətirilmişdir. Şöbədə üzərinə 5 kq narkotik vasitə qoyacaqları ilə hədələnmiş, etiraz etdikdə bölmənin Adil və Ruslan adlı polis əməkdaşları tərəfindən döyülmüşdür. Həmin polis əməkdaşları onun saxlanmasında da iştirak etmişdir. Ona edilən təzyiqlər nəticəsində üzərindən narkotik vasitə aşkar olunmasını etiraf etməyə məcbur olmuşdur. Narkotik vasitəni Emin adlı təhqiqatçı gətirmiş və barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılacağını bildirmişdir. Üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman narkotik vasitəni çıxarıb təqdim etmiş və özünə məxsus olduğunu bildirmişdir. Hüquqi savadı olmadığı üçün polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. İstintaq təcridxanasında müayinə edilərkən döyüldüyünü desə də, bədənində hər hansı xəsarət əlamətləri olmamışdır. ***-***-**-** mobil nömrə ona məxsus olmuşdur. Həmin nömrədə olan yazışmaları xatırlayır. Narkotik vasitə istifadəçisi olsa da, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının təzyiqləri nəticəsində həmin narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmək məcburiyyətində qalmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 may 2023-cü il tarixdə saat 4:20 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis kapitanı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən rayonun Ə.Ağaoğlu küçəsi 7 saylı ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini, şəxsiyyət vəsiqəsi üzərindədirsə, təqdim etməsini xahiş etmişlər. Sonuncu rabitəsiz danışmaqla özünü şübhəli aparmış, bu səbəbdən onu 18-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Orada onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılmazdan öncə ona üzərində qeyriqanuni maddə və ya əşya varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kağız bükümü, şalvarın sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu və qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd qırmızı rəngli alışqanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə təqdim etdiyi bir ədəd bükümün içərisinə baxıldıqda qəhvəyi rəngli, spesifik iyə malik, toz halında maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğu soruşulduqda, sonuncu bildirmişdir ki, təqdim etdiyi bir ədəd kağız bükümdə olan maddə narkotik vasitə heroindir. Onu 12 may 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə olarkən üzdən tanıdığı, anket məlumatları və əlaqə nömrəsini bilmədiyi şəxsdən 10 manata əldə edib, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən başqa hər hansı bir qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və iştirakçılara oxunmuşdur. Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin mənbəyi və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara hər hansı məlumat daxil olmamışdır. Sonuncu şifahi sorğu zamanı narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız şəxsi istifadəsi üçün əldə edib üzərində daşıyaraq saxladığını bildirmişdir. Ona qarşı fiziki və ya psixi təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. İşin 31-32-ci vərəqlərindəki 13 may 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanın qarşısında saat 4:20 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq 18-ci PŞ-nə gətirilmişdir. Şöbədə üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman sonuncu əynində olan tünd qara rəngli şalvarın sol yan cibindəki gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümü təqdim etmiş, bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu 12 may 2023-cü il tarixdə «Kubinka» adlanan ərazidə üzdən tanıdığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlə möhürlənərək götürülmüşdür. İşin 80-ci vərəqindəki «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, bir ədəd DVD diskin yaddaşında olan «********.mp4» adlı videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, fayldakı görüntülər 5 dəqiqə 52 saniyə davam edir. Görüntüdən Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi görünür. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibində olan bir ədəd kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim edir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə heroin olduğunu, 12 may 2023-cü il tarixdə Bakı şəhəri «Kubinka» adlanan ərazidən üzdən tanıdığı şəxsdən 10 manata öz istifadəsi üçün alıb üzərində saxladığını bildirir. Aşkar edilmiş büküm içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmir. Bu barədə protokol tərtib edilir. Tərtib edilmiş protokolun doğruluğu imzalarla təsdiq edilir. İşin 39-43-cü vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli, 6/2783 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən ...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi - 2,356 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). Heroinin təmiz çəkisi - 2,356 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq - 2,256 qram. İşin 146-147-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 avqust 2023-cü il tarixli 5161 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 125-127-ci vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 may 2023-cü il tarixli 1491 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədərkən və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. İşin 135-137-ci vərəqlərindəki «maddi sübut kimi tanıma haqqında» qərardan görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız bükümdə, təmiz çəkisi - 2,356 (tədqiqatdan sonra qalan - 2,256) qram heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşin 200-209-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması» haqqında 13 may 2023-cü il tarixli protokola əlavə edilmiş bir ədəd DVD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İşin 116-117-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. 8 fevral 2017-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İşin 149 və 151-ci vərəqlərindəki protokollardan görünür ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş məktubun qoşmasında olan CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı hal müəyyən edilməmişdir. İşin 148 və 152-ci vərəqlərindəki protokollardan görünür ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə dair Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş məktubların qoşmasında olan CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı hal müəyyən edilməmişdir. İşin 17-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 91-95-ci vərəqlərindəki qərardan görünür ki, Nərimanov rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdəki 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə istintaq təcridxanasının X1 daxil olarkən sorğu zamanı xəsarət aldığını bildirsə də, bədəninə baxış zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. İşin 199-cu vərəqindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 noyabr 2010-cu il təvəllüdlü Nuriyev Muiid adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, saxlanılarkən üzərində narkotik vasitə olmadığını, heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu və təzyiq altında həmin maddənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş çoxsaylı protokollar, 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktub və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə sübut hesab etmir, cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,356 (tədqiqatdan sonra qalan 2,256) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərinin olduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 55 (əlli beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,356 (tədqiqatdan sonra qalan 2,256) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərinin olduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 55 (əlli beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-772/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-772/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver