Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-772/2025 13.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X7, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Füzuli rayonunun Şəkərcik kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Füzuli rayonu, Şəkərcik kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 04 avqust 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış kompleksində yerləşən 37 nömrəli binanın arxa məhəlləsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqla zərbə endirərək döş qəfəsinin arxa səthinin sağ yarısının altıncı-yeddinci qabırğa proyeksiyasında 1.5x0.4 sm ölçüdə 01 ədəd daxilə nüfuz edərək sağ ağciyərin orta payının arxa səthinin zədələnməsi ilə nəticələnən uzunsov formalı kəsilmiş-deşilmiş yara xəsarəti yetirməklə sonuncunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 4 avqust 2024-cü il tarixdə, saat 21 radələrində +**********03 nömrə altında istifadə etdiyi mobil telefonda quraşdırılmış “WhatsApp” mobil tətbiqetməsi vasitəsilə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış kompleksində sakin kimi uzun müddət tanıyaraq yaxın münasibəti olmuş Zərərçəkmiş şəxs ilə sonuncunun yeznəsi Qanuni nümayəndə məxsus olmaqla +**********20 nömrə altında istifadə etdiyi mobil telefonda aralarında olan danışıq zamanı həmin gün bir neçə saat əvvəl Zərərçəkmiş şəxs bacısı oğlu Şahid2 ilə öz övladı Osman Həsənov arasında həmin kompleksin həyətində baş vermiş mübahisənin səbəbinin aydınlaşdırılması ilə əlaqədar danışdıqları zaman Zərərçəkmiş şəxs onun övladı Ayan Həsənovanın ünvanına nalayiq ifadələr işlətməsinə görə cəzalandırmaq və buna görə onu qəsdən öldürməklə qisas almaq qərarına gəlib bu məqsədlə həmin danışıq zamanı Zərərçəkmiş şəxs kompleksin həyətində görüşə dəvət edib cinayətkar niyyətini həyata keçirmək üçün özü ilə istintaqa məlum olmayan kəsici-deşici tipli bıçağı götürüb üzərində saxlamaqla həmin gün saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış kompleksində yerləşən 37 nömrəli binanın yan tərəfindəki yol ayırıcında Zərərçəkmiş şəxsla görüşüb şəxsi münasibətlər zəminində əlbəyaxa olan zaman sonuncunu qəsdən öldürmək məqsədilə əli və dizi ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmaqla həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən başın alın və sağ said nahiyələrinin sıyrıqları və üzərində olan kəsici-deşici tipli bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin sağ yarısının altıncı-yeddinci qabırğa proyeksiyasına 1.5x0.4 sm ölçüdə daxilə nüfuz edən bir ədəd zərbə endirib canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan sağ ağciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş kəsilmiş yarasından baş vermiş kəskin daxili qanitirmədən ölümünə səbəb olmaqla Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bəhruz onun uşaqlıqdan sinif yoldaşı olmuş, aralarında heç bir ədavət olmamış, onun Bəhruzu öldürmək niyyəti olmamışdır. Hadisədən bir gün əvvəl o, günorta saatlarında işdən evə gəldikdə, oğlu ilə həyat yoldaşının dayəlik etdiyi uşaq arasında mübahisə baş verdiyini görmüş, onun oğlunu döyən uşağa daha böyük olduğunu, bir daha oğlunu vurduğunu müşayiət edəcəyi təqdirdə sonuncunu cəzalandıracağı ilə hədələmişdir. Növbəti gün həmin uşağın dayısı Bəhruz ona zəng edərək söyüş söymüş, ertəsi gün görüşməklərini təklif etmişdir. O da evdə olduğunu bildirərək həmin gün görüşə biləcəyini qeyd etmiş, Bəhruz onu stadionun yanına dəvət etmişdir. Bəhruzla görüşdükdən sonra əvvəlcə aralarında əlbəyaxa dava başlamış, Bəhruz onu təpiklə vurmuş, ayağından tutub onu qaldırmaq istədikdə cibindəki bıçağı götürüb Bəhruzun kürəyinə sancmışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hadisə yerinə çatan kimi Bəhruz onun sinəsinə zərbə vurmuş,o, yerə yıxılmış, qalxdıqdan sonra əli ilə Bəhruza yumruq vurmuşdur. Mübahisə zamanı bıçaqdan istifadə etməkdə məqsədi ondan güclü olduğu üçün Bəhruzu qorxutmaq olmuşdur. Bıçağı Bəhruzu öldürmək məqsədilə üzərində daşımamışdır. Usta olduğundan hər zaman cibində bıçaq olmuşdur. Bəhruzu bıçaqla vurmamışdan əvvəl sonuncunu bıçaqla hədələmək fürsəti olmamışdır. Bəhruz onu ayaqlarından tutub qaldırdığı zaman sonuncuya yumruqla da xəsarət yetirmişdir. Onları kənar şəxslər ayırdıqdan sonra Bəhruz yenidən üzərinə hücum çəkmiş, bu zaman bıçağı çıxarmış, bıçaq belinə dəyən kimi qalxmış, bıçağın bir hissəsi sonuncunun bədəninə batmışdır. Bəhruza bir neçə bıçaq zərbəsi endirmək imkanına sahib olsa da onu öldürmək məqsədi olmadığından əməlini davam etdirməmişdir. Bıçaqla zərbə endirdikdən sonra hər ikisi hadisə yerindən uzaqlaşmışdır. O,hadisə yerindən tanımadığı adamın qırmızı rəngli “Prius” markalı avtomobilinə minərək uzaqlaşmış, məktəbin yanında maşından düşmüş, məhlələrindən tanıdığı bir şəxsə öz avtomobilinin açarını verərək, gətirilməsini təmin etmiş, avtomobilinə mindikdən sonra qardaşı ilə telefonda danışmış, ona uşaqları evə aparmağı tapşırmışdır. Adətən idarə etdiyi avtomobili yaşadığı evin birinci mərtəbəsinin pəncərəsinin altında saxlamasına baxmayaraq, hadisədən sonra evinə gedərkən Bəhruzu və üç nəfər adamı pəncərələrinin qarşısında gördüyündən yoldaşının təkidi ilə yenidən mübahisə olmaması üçün avtomobilini binanın arxa tərəfində saxlamışdır. Oradan çıxıb Binəqədi ərazisinə dayısıgilə getmiş, ailəsi dayısıgildə qalmışdır. Bəhruza zərbə endirdikdən iki saat sonra sonuncu dünyasını dəyişmişdir. Hadisə baş verdikdən sonra qardaşına məlumat vermiş, qardaşı da özünü Bəhruzgilə çatdırmışdır. Ətrafdakılar da Bəhruza görə təcili tibbi yardım çağırmışlar. Qardaşı zəng vurub ona Bəhruzun rəhmətə getdiyini bildirmişdir. Dayısıgildən çıxdıqdan sonra polis əməkdaşları zəng etmiş, onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, qardaşının bıçaqlandığını işdən evə gəldikdən sonra bilmişdir. Evə gələrkən evdə həyat yoldaşı, qardaşı Bəhruz və təqsirləndirilən şəxsin qardaşı Cahid olmuşdur. Cahid Bəhruz üçün təcili tibbi yardım çağırılmasını xahiş etmiş, lakin Bəhruz razılaşmamış, Nahidin tutulmağını istəməmişdir. Qardaşının pisləşdiyini gördükdən sonra Cahidin təkidi ilə təcili tibbi yardım çağırmışlar. Lakin Bəhruzun həyatını xilas etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, hadisə zamanı işdə olmuşdur. Əri saat 17:00 radələrində onu işdən götürüb evə aparmışdır. Nahid ona işinin olduğunu gələcəyini bildirmişdir. O, Nahidə zəng etsə də Nahid zənglərinə cavab verməmişdir. Qızı ona Nahidin telefonda kiminləsə mübahisə etdiyini bildirmişdir. O, Nahidin olduğu yerə getdikdə Nahid telefonda “sən mənə dedin mən gəlmişəm” cümləsini işlətmişdir. Uşaqları ağladığı üçün o, geri qayıtmışdır. Sonradan Bəhruz və Nahidin dalaşdığını eşitmişdir. O, işlərin bu yerə qədər gələcəyini bilməmişdir. Bəhruzun yeznəsi Fariz adlı şəxs onlara Bəhruzu xəstəxanaya aparmağa imkan verməmişdir. Nahid Bəhruzu bıçaqla vurduqdan sonra onları evə aparıb polisə təslim olmuşdur. Hadisədən sonra Bəhruzun yaxınları ilə əlaqə saxladıqda onlar Bəhruzun vəziyyətinin yaxşı olduğunu bildirmişlər. Bəhruz və Nahid arasında əvvəllər mübahisə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, hadisə günü qızı ona zəng edərək Nahidin kimisə bıçaqladığını bildirmişdir. O, bir neçə saat sonra evə gəlib Bəhruzun yanına getmişdir. Bəhruzun yaralı vəziyyətdə divanda uzandığını görüb təcili tibbi yardıma zəng etməli lazım olduğunu bildirmişdir. Bəhruz Nahidin tutulmağını istəmədiyi üçün təcili tibbi yardıma məlumat vermək istəmədiyini bildirmişdir. Bəhruzun bacısı onun təklifi ilə təcili tibbi yardıma zəng etmişdir. Sonradan Bəhruzun öldüyünü bilmişlər.Bəhruza xəsarət arxa sağ boşluqdan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, hadisə günü tanımadığı şəxslər Bəhruzu evə gətirmişlər. Bəhruzdan alnına nə olduğunu soruşduqda sonuncu divara dəydiyini bildirmişdir. Bəhruzun kürəyindən bıçaq zərbəsi aldığını sonradan görmüşdür. Bəhruz Nahidlə dalaşdığını demişdir. Daha sonra Nahidin qardaşı Cahid gəlmişdir. Bəhruz onlara təcili tibbi yardıma zəng etməyə icazə verməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, xx.xx.2024-cü il səhər saatlarında binanın həyətində oynamaq üçün həyətə düşmüşdür. Həmin vaxt anası evdə olmamış, işə getmişdir. Evdə dayısı Bəhruz, atası Fariz, qardaşı Muhammədəli olmuşdur. X13 ilə münasibəti yaxşı olmamış, belə ki, onlar həyətdə tez-tez dalaşmışlar. Onların dalaşmağına səbəb isə Osmanın gəlib onu söyməsi və heç bir səbəb olmadan ona sataşması olmuşdur. Həmin gün də o, həyətdə top oynamış və Osman yenə ona yaxınlaşaraq onu söymüş, daha sonra isə atasına, anasına, ölmüş nənəsinə söymüşdür. O, ilk əvvəl Osmana heç nə deməsə də, Osman onu söyməyə davam etdiyindən o, Osman onu söydüyü üçün Osmanı vurmuşdur. Osmanın atası Nahid gələn zaman Osman atasına bu barədə məlumat vermişdir. Nahid pilləkəndə dayanaraq bir də Osmanı vursa “onu sürüyəcəyini” demişdir. O, Nahidə Osmanın onu söydüyünü desə də, Nahid ona qulaq asmayaraq çıxıb getmişdir. O daha sonra evə gələrək bu barədə və Nahidin onu söyməsi barədə atasına və dayısına demişdir. Dayısı Nahidin telefon nömrəsini taparaq ona zəng vurmuşdur. Həmin vaxt dayısı ilə Nahid telefonda mübahisə etmişlər və bir-birilərinə qışqıraraq söymüşlər. Həmin vaxt atası Fariz də telefonu götürərək Nahidlə normal danışmış və ona “mənim oğlum nadincdirsə, sənin oğlun daha sonra nadinc və tərbiyəsizdir” demişdir. Daha sonra dayısı ilə Nahid yenidən telefon ilə danışmışlar, həmin vaxt ilk öncə dayısı X2, daha sonra isə Nahid nənəsini söymüşdür. Daha sonra o, evdə pişikləri ilə oynamışdır. Dayısı Nahidlə danışan zaman çöldə görüşüb danışacaqlarını desə də, bir müddət evdə qalmışdır. O və atası Fariz Bəhruz dayının evdən çıxdığını görməmişdir. Bir müddət sonra dayısı evə gəlmiş və su içib otağa keçərək divanda uzanmışdır. Həmin vaxt atası Fariz dəfələrlə dayısına həkim çağıraq desə də, dayısı ona həkimi çağırmamağı bildirmişdir. Bir müddət sonra anası, daha sonra isə həkimlər evə gəlmişlər(cild 1, iş vərəqə 190-193). Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 05 avqust 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış kompleksində yerləşən 37 nömrəli binadır. Həmin bina 9 mərtəbəlidir. Mərhum Zərərçəkmiş şəxs meyiti 37 nömrəli binada yaşadığı 52 nömrəli mənzildədir. Həmin mənzil binanın 2-ci blokunda yerləşir. Mənzilin yerləşdiyi mərtəbəyə lift vasitəsilə qalxılmışdır. 52 nömrəli mənzil liftdən çıxdıqda dəhlizin sonunda yerləşir. Mənzilin çöl qapısı içəriyə doğru açıq vəziyyətdədir. Mənzilə daxil olduqda ilk əvvəl dəhliz yerləşir. Dəhlizdə sağdan üçüncü otaq evin qonaq otağıdır. Həmin otağın giriş qapısı içəriyə doğru açıq vəziyyətdədir. Həmin otağın uzunluğu 5.35 metr, eni 3.25 metr, hündürlüyü isə 2.9 metrdir. Otaqda stol, stullar və qarşı tərəfdə dairəvi formalı divan vardır. Mərhum Zərərçəkmiş şəxs meyiti otağın qarşı tərəfində yerləşən divanın üzərində arxası üzərinə uzanılmış haldadır. Meyitin üzəri ağ-bənövşəyi rəngli mələfə ilə örtülmüş, baş nahiyəsi isə ağ rəngli mələfə ilə sarılmış haldadır. Zərərçəkmiş şəxs başın alın nahiyəsində xəsarət vardır. Zərərçəkmiş şəxs üzərindən mələfə götürülən zaman bədəninin qarşı nahiyəsində xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin kürək nahiyəsində bir ədəd kəsici-deşici formalı xəsarət vardır (cild 1, iş vərəqə 3-10). 05 avqust 2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qırmızı rəngli ədyala bükülmüş meyit təşrih masası üzərinə uzadılmışdır. Ədyalı açdıqda: meyitin əynində sarı mavi qırışıq naxışları olan tuman vardır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalıdır. Boyunun uzunluğu 173 sm-dir. Əllə toxunduqda meyit qismən soyumuşdur. Meyit qacıması çeynəmə əzələlərində yaxşı inkişaf etmişdir, digər yoxlanılan qrup əzələlərdə zəif inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində zəif intensivlikdə olub, qırmızımtıl - bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi itir və 30 saniyədən-1 dəqiqə müddətində bərpa olur. Başın tükləri qara rəngdə olub, uzunluğu 6 sm-ə qədərdir. Üz və bığ nahiyəsi qara rəngli, uzunluğu 2 sm-ə qədər olan tüklüdür. Gözləri yarımaçıqdır, buynuz qişa parlaqdır, bəbəklər bərabər genəlmişdir, dairəvi formalıdır, diametri 0,5 sm-dir. Ağzı qapalıdır. Dili dişlər axasında sərbəst yerləşmişdir. Dişləri tam və təbii olmaqla yerindədirlər. Kəllə tağı və üz skelet sümükləri əllədikdə sınıq hiss olunmur. Boyun bədənə mütənasibdir, orta uzunluqda və qalınlıqdadır, meyit qacımasına uyğundur. Döş qəfəsi simmetrikdir, sümükləri əllədikdə sınıq hiss olunmur. Ön qarın divarı qabırğa qövsü səviyyəsində yerləşir. Xarici cinsiyyət üzvləri kişi tipində düzgün inkişaf etmişdir. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisinin şüavari büküşləri nəzərə çarpandır. Fəqərə sütunu əllədikdə tamdır. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, sümükləri əllədikdə tamdır. Bədən səthində aşkar olunmuş xəsarət: Döş qəfəsinin arxa səthinin sağ yarısının Vİ-Vİİ qabırğa proyeksiyasında 1,5x0,4sm ölçüdə, uzunsov formalı, kənarları hamar və yaranı yaxınlaşdırdıqda bir ucu iti digər ucu küt olan bir ədəd yara vardır. Yaranın kənarlarını birləşdirdikdə yara qapanır. Başın alın nahiyəsinin sağ yarısında 2,5x2,4 sm ölçüdə, oval formalı, ətraf sağlam dəri səviyyəsindən aşağıda yerləşən, incə qırmızımtıl rəngli, üzəri nəmli sıyrıq vardır. Sağ said nahiyəsinin aşağı 1/3nin arxa səthində 1,5x0,4 sm ölçüdə eyni xarakterli və rəngli sıyrıq vardır. Meyitin bədən səthində digər xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 14-20). 05 avqust 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən əşyalar Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli gödəkçədir. Gödəkçə - ağ rənglidir, qarışıq materialdandır, uzunqoldur, kopüşonludur, öndə iki cib və zəncirbəndlə təsbit olunur. Uzunluğu 59 sm, çiyin nahiyəsində eni 43 sm, qolların uzunluğu 62 sm-dir. Üzərində geyinilmə izləri vardır.Şalvar - göy rənglidir, cins materialdandır. Uzunluğu 90 sm, beldə eni 47 sm-dir. Öndə və arxada iki ədəd cibləri vardır. Üzərində geyinilmə izləri vardır (cild 1, iş vərəqə 50-52). 06 avqust 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən əşyalar Təqsirləndirilən şəxs məxsus bir ədəd qəhvəyi rəngli şalvar, bir ədəd qəhvəyi rəngli köynəkdir.Köynək - tünd qəhvəyi rənglidir, qarışıq materialdandır, qısaqoldur, öndən 3 düymə ilə təsbit olunur. Uzunluğu 64 sm, çiyin nahiyəsində eni 45 sm, qolların uzunluğu 18 sm-dir. Üzərində geyinilmə izləri vardır.Şalvar - tünd qəhvəyi rənglidir, tipli materialdandır. Uzunluğu 106 sm, beldə eni 47 sm-dir. Öndə və arxada iki ədəd cibləri vardır. Üzərində geyinilmə izləri vardır (cild 1, iş vərəqə 55-57). 06 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan və ona əlavə olunmuş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir (cild 1, iş vərəqə 80-83). 06 avqust 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Parks’’ Yaşayış Kompleksində yerləşən 37 nömrəli binanın yan tərəfidir. Həmin yaşayış binası iki bloklu olmaqla doqquz mərtəbəlidir. Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı 4 avqust 2024-cü il tarixdə saat 21 radələrində tanışı Zərərçəkmiş şəxs öldürdüyü hadisə yerini göstərmişdir. Həmin hadisə yerinə baxış keçirilən zaman iş üçün əhəmiyyətli olan hal, eyni zamanda Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi kəsici-deşici alət hadisə yerində aşkar edilməmişdir. Hadisənin baş verdiyi yer “Qobu Park-3” Yaşayış Kompleksində 37 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən “Gİ11 Med” adlanan mağazanın qarşısındakı avtomobil yoludur. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyətli olan hər hansı iz, hal aşkar edilməmişdir (cild 1, iş vərəqə 89-96). 04 sentyabr 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən əşya mərhum Zərərçəkmiş şəxs bacısı Aytəkin Muradovanın əri Qanuni nümayəndə istifadəsində olmuş 01 ədəd “Redmi” markalı mobil telefondur. Mobil telefonun “WhatsApp” mobil tətbiqinə daxil olunaraq baxış keçirilən zaman 04 avqust 2024-cü il tarixdə “Nahid” adı ilə qeyd edilmiş “+**********03” saylı nömrə ilə saat 20:50-də 10 dəqiqə 03 saniyə gedən, 21:03-də 44 saniyə gələn zənglərin olması aşkar olunmuşdur (cild 1, iş vərəqə 174-177). 17 avqust 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır (cild 1, iş vərəqə 219-220). 02 sentyabr 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədən səthində aşkar olunmuş xəsarətlər - sağ ağciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş - kəsilmiş bir ədəd yarası, başın alın və sağ said nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub ölümündən əvvəl deşici-kəsici əşya (alət) təsirindən, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yarana bilərdilər və dərəcələrinə görə ölümü ilə birbaşa səbəbli əlaqəsi olan sağ ağciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin bir ədəd deşilmiş - kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, başın alın və sağ said nahiyələrinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ ağciyərin zədələnməsi nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, demək olur ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən (xx.xx.2024-cü il tarixdə, saat 01:40-də) 1-3 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş sağ ağciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin bir ədəd deşilmiş - kəsilmiş yaranın istiqaməti (yara kanalı) arxadan - önə bir qədər çəp sağdansola, aşağıdan - yuxarıya olmuşdur. Qeyd olunan yara kanalının istiqamətini eləcə də mərhumun bədən səthində aşkar olunmuş sıyrıqların bədəninin sağ səthində olmasını nəzərə alaraq demək olar ki, xəsarət yetirən alət onun bədəninin arxa sağ yarısına yönəlmiş olmuşdur. Odur ki, xəsarət yetirən şəxs zərbəni yetirən zaman ayaqüstə və mərhumla müxtəlif (üzbəüz, bir qədər sağa yönəlmiş, eləcə də gövdənin arxa səthində) vəziyyətdə olmasım güman etmək olar. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətin ağırlığını nəzərə alıb demək olar ki, o xəsarət aldıqdan sonra qısa vaxt çərçivəsində (ərzində) yaşaya bilərdi, eləcə də yeriyə və məqsədyönlü hərəkətlər edə bilməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs meyitin müayinəsi zamanı onun ölümünə səbəb olmuş döş qəfəsinin arxa səthinin sağ yarısının bir ədəd deşilmiş - kəsilmiş yarasından başqa yara kanalı olan və səhhəti üçün ciddi fəsadlar yaradacaq və bir neçə kəsici - deşici alət (əşya) təsirindən əmələ gələn xəsarət aşkar olunmadı. Mərhumun bədən səthində yuxarıda göstərilən sıyrıqlar dava - dalaş zamanı küt əşya (əl, dırnaq, ayaq, yumruq və s.) təsirindən törənə bilərdilər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqə 222-228). 16 avqust 2024-cü il tarixli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəlik əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosionallıq, təhqirə qarşı həssaslıq, inadkarlıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqə 230-233). 04 oktyabr 2024-cü il tarixli məhkəmə-lifli ekperztizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında qarşılıqlı keçmiş lif mikrohissəcikləri olmadığından geyim əşyalarının qarşılıqlı təmasda olma faktını müəyyən etmək mümkün deyildir (cild 1, iş vərəqə 235-239). 08 oktyabr 2024-cü il tarixli məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki,ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin arxa səthində 01 ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə küpü, kafi itilikdə olan ülgücün və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində zədə və zədə izləri aşkar edilməmişdir (cild 1, iş vərəqə 241-243). 17 oktyabr 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Balfa/H/(İİİ). Tədqiqata təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri, həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri B-alfa/H//İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (cild 1, iş vərəqə 245- 250). 07 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X22 xx/xx-10635 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 1, iş vərəqə 196). 07 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X22 xx/xx-10645 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 198). 19 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X22 11513 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə olmamışdır (cild 1, iş vərəqə 206). 21 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X22 11594 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs göstərilən xəstəxanada müalicə olmamışdır (cild 1, iş vərəqə 208). 01 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X23 “X20” X18 18-1-14/2-562/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tibb xidməti ərazisi üzrə qeydiyyatda olmadığı üçün ruhi-əsəb xəstələrinin siyahısında olub-olmaması haqqında məlumat yoxdur. X12 narkoloji kabinet mövcud deyil (cild 1, iş vərəqə 214). 01 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X23 “X20” X18 18-1-14/2-563/2024 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs tibb xidməti ərazisi üzrə qeydiyyatda olmadığı üçün ruhi-əsəb xəstələrinin siyahısında olub-olmaması haqqında məlumat yoxdur. X12 narkoloji kabinet mövcud deyil (cild 1, iş vərəqə 216). 06 avqust 2024-cü il tarixli X3 sisteminə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş X3 X1 görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 97-98). 01 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Lökbatan-2 Mənzil Kommunal İstismar Sahəsinin 1318 nömrəli məktubundan və xasiyyətnamədən görünür ki, Füzuli rayonu, Şəkərcik kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən 2024-cü ilin avqust ayının 2-nə qədər Qaradağ rayonu X24 kompleksi bina 35, mənzil 65 ünvanında məcburi köçkün kimi qeydiyyatda olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.1990-cı ildə Füzuli rayonu, Şəkərcik kəndində anadan olub. Füzuli rayonu, Şəkərcik kəndində qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdən Qaradağ rayonu X24 Kompleksində bina 35, mənzil 65 ünvanında öz ailəsi ilə birlikdə yaşamışdır. Qəsəbənin fəal və nümunəvi gənclərindən biri olmuşdur. Qəsəbədə yaşadığı müddətdən 2024-cü ilin avqust ayının 2-nə qədər qəsəbədə heç bir problem yaratmamışdır (cild 2, iş vərəqə 14-15). 01 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Lökbatan-2 Mənzil Kommunal İstismar Sahəsinin 1317 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Füzuli rayonu, Ağbasanlı kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdən 2024-cü ilin avqust ayının 2-nə qədər Qaradağ rayonu X24 kompleksi bina 28, mənzil 30 ünvanında məcburi köçkün kimi qeydiyyatda olmuşdur.Mərhum Zərərçəkmiş şəxs Füzuli rayonu, Ağbasanlı kəndində anadan olub. Füzuli rayonu, Ağbasanlı kəndində qeydiyyatdadır. xx.xx.2020- ci il tarixdən Qaradağ rayonu X24 Kompleksində bina 28, mənzil 30 ünvanında anası mərhum X8 ilə birlikdə yaşamışdır. Qəsəbənin fəal və nümunəvi gənclərindən biri olmuşdur. Qəsəbədə yaşadığı müddətdən 2024-cü ilin avqust ayının 2-nə qədər qəsəbədə heç bir problem yaratmamışdır (cild 2, iş vərəqə 17-18). 04 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qəhvəyi rəngli şalvar, bir ədəd qəhvəyi rəngli köynək və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli gödəkçə maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ rayon prokurorluğunun arxivinə verilmişdir (cild 2, iş vərəqə 35-58). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti olmaması, bıçağın əvvəldən üzərində olması barədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, 02 sentyabr 2024-cü il tarixli məhkəmə-tibbi eksperizası, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə, hadisənin baş vermə mexanizmi, vurulmuş xəsarətin lokalizasiyası (həyat üçün təhlükəli orqana yetirilməsi), təqsirləndirilən şəxsin hadisədən sonrakı hərəkətləri barədə işini hallarını, habelə iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekpertiza rəylərini nəzərə alaraq, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 31 may 2011-ci il, 28 mart 2015-ci il və 18 aprel 2017-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 136- 138). Cinayət işinin materiallarına əlavə edilmiş 10 may 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X10 Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 39), Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 05 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 85-87). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Qaradağ rayon prokurorluğunun arxivinə təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qəhvəyi rəngli şalvar, bir ədəd qəhvəyi rəngli köynək və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli gödəkçə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 236). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 176 (yüz yetmiş altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 05 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Qaradağ rayon prokurorluğunun arxivinə verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qəhvəyi rəngli şalvar, bir ədəd qəhvəyi rəngli köynək və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli gödəkçə məhv edilsin. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 176 (yüz yetmiş altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-772/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-772/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver