Məhkəmə qərarları › İş №1(101)-774/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-774/2024

29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-774/2024 29.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X4, X5 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, ədliyyə müşaviri X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Gülşirin oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 18 avqust 1981-ci ildə Şamaxı rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu, 4-cü Mədən, nömrəsiz fərdi evdə yaşamış, 05 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 may 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,197 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 05 may 2023-cü il tarixdə, saat 15:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolunda yerləşən İdman Kompleksinin yaxınlığında özünü şübhəli apardığına görə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 14-cü PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bağlamada altı ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,243 qram, 0,254 qram, 0,362 qram, 0,298 qram, 0,439 qram, 0,601 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 2,197 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zabrat qəsəbəsində yaşamış, elektrik işləmiş, həm də “Gənclər parkı”nda nəzarətçi işləmiş, narkotik istifadə etməmişdir. Saxlanıldığı gün işə getmək üçün dayanacaqda dayanarkən bir maşın yaxınlaşıb dayanacaqda saxlamış, o, həmin maşının 1 AZN-ə yolüstü aparan taksilərdən olduğunu zənn edib həmin maşına yaxınlaşmış, amma polis əməkdaşları olduqlarını sonradan öyrənib bilmişdir. Səhər saat 08:30-da onu maşına oturdub 14-cü polis bölməsinə aparmışlar. Lakin hansı səbəbdən saxlanıldığını və aparılmasını bilməmişdir. Bölmədə 3-4 nəfər onu gətirən əməkdaşlarla birlikdə podval (burada: zirzəmi) kimi yerdə saxlanılmış, orada polislər tərəfindən istənilən istiqamətdən şifahi sorğu-sual edilmişdir. Səhər 5-ə qədər podvalda saxlamışlar. Bölmədə ona təzyiqlər göstərilmiş, boynuna ya silah, ya oğurluq və ya da narkotik götürməsi təklif edilmiş, etmədiyi cinayəti üstümə götürməsi tələb edilmişdir. Yekunda döyüb boynuna narkotik götürməsi istənilmişdir. Onu döyüb dişinə qədər sındırmışlar. Onu “Metak” şlanklarla döymüş, zədələri hiss olunmuşdur. Sonra onun yerlisi, yəni Şamaxıdan olan bir əməliyyatçı yaxınlaşmış, ona “şorik, imza et, narahatçılıq yoxdur” demiş, o da yerlisinə inanıb təqdim olunan sənədləri imzalamışdır. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, video çəkilişdən öncə cibinə sellofan torbada şor kimi büküm qoyulmuş, həmin bükümün içində neçə kiçik büküm olduğunu o, görməmişdir. Ona verilmiş narkotikin onun özünə məxsus olduğunu demək tələb olunmuşdur. Çəkilişdə isə ona verilən narkotiki öz adından təqdim edib, özü istifadə etməsi məqsədilə tanımadığı şəxsdən aldığını bildirmişdir. Vəkil çəkilişdən sonra gəlmişdir. Onu döyən şəxsləri isə sonradan görməmişdir. Sonra ifadə vermiş, müstəntiq onu dindirərkən vəkili yanında olmamışdır. Müstəntiq tərəfindən ona qarşı zor, hədə, qorxu olmamışdır. Müstəntiq onu dindirəndən sonra ifadəsini oxumadan imzalamışdır. Onun işində iki nəfər müstəntiq olmuş, o, birinci müstəntiqə döyülməyi haqqında danışmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Sabunçu RPİ-nin Müvəqqəti saxlama yerinə verilərkən şikayəti və xəsarətləri olmadığını bildirmiş, onu müayinə etmək üçün MSY-nə həkim gəlməmişdir. Barəsində həbs seçilməsi üçün məhkəməyə sanksiyaya aparılarkən hakimə döyülməyi barədə heç nə deməmişdir. Onun barəsində 4 ay həbs seçildikdə o, 4 ay cəza çəkib çıxacağını başa düşmüş, bu səbəbdən döyülməyi barədə heç kimə heç nə deməmişdir. Kürdəxanıda (BİT) da şikayət etməmiş, döyülməyi barədə heç kimə deməmiş, utanmışdır. Kürdəxanıda işıq çəkərkən yıxıldığını demişdir. Döyülməyi barədə sonradan məlumat vermiş, prokurorluq əməkdaşı gəlib onu dindirmiş, nəticəsini, yəni şikayətinin rədd olunduğunu bilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 03 may 2023-cü il tarixdə, günorta saat təxminən 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində olan zaman əvvəllər bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə aldığı Nicat adlı şəxslə rastlaşmışdır. Onunla söhbət əsnasında şəxsi istifadəsi üçün onda narkotik və ya psixotrop maddə olubolmamasını soruşmuş, sonuncu üzərində psixotrop maddə olan metamfetamin, yəni patı olduğunu demişdir. Danışığı əsasında razılaşaraq Nicatdan 06 (altı) büküm psixotrop maddə metamfetamini, yəni patını ümumilikdə 60 manata almışdır. Bundan sonra aldığı patıları əynindəki gödəkçənin sağ yan cibinə qoymuş və evə getmiş, lakin həmin vaxtı aldığı patıları istifadə edə bilməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, o, psixotrop maddə metamfetamini ona satan “Nicat” adlı şəxsi çox da yaxından tanımamış, o, balacaboy, arıq bədən qurluşlu, başı keçəl, saqqallı, çənəsi uzun bir şəxs olmuşdur. Onun anket məlumatlarını, yaşadığı yeri dəqiq bilməmişdir, sonuncu ona Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşadığını demişdir. O, Sabunçu qəsəbəsi ərazisində yerləşən Dəmiryol vağzalının yaxınlığında özünün istifadəsi üçün bir neçə dəfə Nicatdan psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. “Nicat” adlı şəxslə tutulduğu gündən təxminən üç ay əvvəl Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən Sabunçu bazarı deyilən yerdə tanış olmuş, tanış olan vaxt onunla söhbət edərkən “Nicat” adlı şəxs onun narkoman olduğunu bilmiş, ona onun özüdə narkoman olduğunu deyib, eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmiş, ona nə vaxtsa narkotik vasitə və yaxud psixotrop maddə metamfetamin lazım olarsa verə biləcəyini demişdir. Əlaqə nömrəsi verməmişdir, bir neçə dəfə Sabunçu qəsəbəsi ərazisində yerləşən Dəmiryol vağzalının yaxınlığında onunla görüşüb ondan psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. Nicat heç vaxt konkret vaxt və yer demirmiş, onu təsadüfən görən zaman ondan metamfetamin almışdır. Bu günə kimi heç kimə narkotik vasitə və yaxud psixotrop maddə satmamış, həmçinin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən kiməsə satmaq niyyəti olmamış, o, həmin metamfetamini özünün istifadəsi üçün almışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin bükümlərini hissələrə o, bölməmiş, həmin maddələri olduğu vəziyyətdə almış və çəkilərini bilməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 05 may 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat yolunda yerləşən İdman Kompleksinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları olduqlarını bildirərək, ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmişlər. Həmin vaxt üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından və eyni zamanda üzərində psixotrop maddə metamfetamin olduğundan özünü şübhəli aparmaqla yanaşı polis əməkdaşlarının ona verdikləri suallara ətraflı cavab verməyərək və tez bir zamanda onlardan aralaşıb getməsi polis əməkdaşlarında daha da şübhə yaratmış və onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gedən vaxt o, özündə bir neçə dəfə cürət tapıb üzərində olan psixotrop madə metamfetamini tullamaq istəsə də, polis əməkdaşları onun yanında olduqları üçün buna imkan tapa bilməmişdir. Ona görə ki, polis bölməsinə gəldikdən sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiə edilməsi üçün ona dövlət hesabına vəkil təyin edilmişdir. Bundan sonra xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman o, könüllü olaraq ərizə ilə müraciət edərək üzərinə şəxsi axtarışın keçirilməsində vəkilinin iştirak etməməsini xahiş etmiş və vəkilin onun üzərindən çıxan psixotrop maddəni görməsini istəməmişdir. Bundan sonra polis əməkdaşlarının və onun iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olduğu halda könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 06 (altı) ədəd sellofan bükülünü çıxardaraq masanın üzərinə qoymuş və təhqiqatçı tərəfindən ona verilən suala əsasən həmin bükülülərin içərisində olan maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddələri şəxsi istifadəsi üçün 03 may 2023-cü il tarixdə Nicat adlı şəxsdən ümumilikdə 60 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş 06 (altı) ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilərək həmin protokol onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və eyni zamanda polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən hər hansı bir fiziki zorakılığa məruz qalmamışdır (iş vərəqə: 52-54, 85-87). Tədqiq olunan ifadəsinə münasibət bildirən Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsinin davamında göstərdi ki, elan olunan ifadəsində dediyi sözlərin əksəriyyəti onun demədiyi cümlələrlə yazılmışdır. Saxlanılarkən onun üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Polislər ona yaxınlaşarkən o, qaçmaq istəməmişdir. O, Nicat və ya Nəsib adlı şəxsləri tanımamış, video çəkilişdə tanımadığı şəxsdən aldığını demiş, konkret adlar çəkməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhər Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 may 2023-cü il tarixdə, saat 15:45 radələrində iş yoldaşı cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə mülki formada inzibati ərazidə xidmət apararkən, Sabunçu rayonu ərazisində Maştağa-Zabrat yolunda yerləşən İdman Kompleksinin yaxınlığında bir nəfər tanımadıqları şəxsin, yəni hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşarkən o, üzün çevirmişdir. Onlar şəxsə xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmiş, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmiş, lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Həmin şəxslə bir qədər söhbət etdikdə onun narkotik vasitənin təsiri altında olmasından şübhələnmiş, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən hə hansı əşya, o cümlədən narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Şəxsin şəxsiyyətini müəyyən etmək və üzərinə şəxsi axtarış aparılması üçün onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmiş və onu gətirib bölmənin Növbətçi Hissəsinə təhvil vermişlər. Saxlanılarkən şəxsin üzərinə yerində baxış keçirilməmişdir. Polis bölməsində şəxsin anket məlumatları dəqiqləşdirilmiş və hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Araşdırmanın aparılması 14-cü polis bölməsinin baş təhqiqatçısı Samir Allahverdiyevə həvalə edilmiş, sonuncu dövlət hesabına müdafiəçi dəvət edilmiş və onların özlərinin də iştirakları ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif etmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü və həmin gödəkçənin sol yan cibindən bir ədəd mobil telefon çıxardaraq masanın üzərinə qoymuşdur. Təqdim olunan büküm açıldıqda bükümün içərisindən altı ədəd şəffaf sellofan bükümlər və həmin bükümlərin içərisindən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində aşkar olunmuş maddələri Nəsib adlı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddələr olan bükümlər təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxs bədənində gözlə görünən xəsarət görməmiş və hiss etməmişdir. Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarətlə bağlı onun məlumatı olmamış, polis tərəfindən ona xəsarət yetirilməmişdir. Onun xəsarəti ilə bağlı onu prokurorluğa çağıran və ondan izahat alan olmamışdır. Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamini əldə etməsi istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilsə də, müsbət nəticə əldə olunmamışdır. Şahid - Sabunçu RPİ-nin 14-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid qismində dinidirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 may 2023-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən 14-cü polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən əynində əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və həmin gödəkçənin sol yan cibindən bi ədəd mobil telefonu çıxardaraq masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı Samir Allahverdiyev tərəfindən açıldıqda bükümün içərisində altı ədəd şəffaf sellofan bükümlər və həmin bükümlərin içərisində şübhəli maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindən aşkar olunmuş maddələri Nəsib adlı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir bükümdə aşkar edilmiş şübhəli maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «zərflər üçün № 100» möhürü ilə möhürlənmiş, qablaşdırmanın üzəri iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apaırması və götürmə prosesi «Samsung» markalı videokameradan istifadə olunmaqla video lentə alınmış və bir ədəd DVD formatlı diskə yüklənməklə iş materialarına əlavə edilmişdir (iş vərəqə:26-27). Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 03 iyul 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 may 2023-cü il tarixli protokolun məzmununu tam əhatə edir və hər hansı prosessual pozuntuya yol verilməmişdir (iş vərəqə:28, 88-89). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskdə olan videogörüntülər nümayiş olundu və müəyyən edildi ki, nümayiş olunan videogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 may 2023-cü il tarixli və şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 03 iyul 2023-cü il tarixli protokolların məzmununa tam uyğundur və hər hansı prosessual pozuntuya yol verilməmişdir (iş materialları). Məhkəmə-kimyəvi ekspertizasının tədqiq olunan 06 may 2023-cü il tarixli, 6/2622 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində mövcud olan 06 (altı) ədəd sellofan bükümdə olan ağ rəngli, kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, ayrı-ayrılıqda təmiz çəkisi 0,243 qram, 0,254 qram, 0,362 qram, 0,298 qram, 0,439 qram, 0,601 qram olmaqla ümumi təmiz çəkisi 2,197 qram təşkil edir. Rəydə metamfetaminin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxil olduğu qeyd edilmişdir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, tədqiqata təqdim edilmiş 2,197 qram metamfetaminin psixotrop maddəsinin 0,18 qram hissəsi tədqiqata sərf edilmiş, 2,017 qram isə qalıq qalmışdır (iş vərəqə:33-37). Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının tədqiq olunan 01 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/3658 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib 06 (altı) ədəd sellofan bükümdə götürülmüş, ayrı-ayrılıqda təmiz çəkisi 0,243 qram, 0,254 qram, 0,362 qram, 0,298 qram, 0,439 qram, 0,601 qram olmaqla ümumi təmiz çəkisi 2,197 qram təşkil etmiş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edir. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş 2,017 qram metamfetaminin psixotrop maddəsinin 0,18 qram hissəsi tədqiqata sərf edilmiş, 1,837 qram isə qalıq qalmışdır (iş vərəqə:120-121). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 31 avqust 2023-cü il qərarına əsaasən təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD disk və sonuncudan aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,243 qram, 0,254 qram, 0,362 qram, 0,298 qram, 0,439 qram, 0,601 qram - ümumi təmiz çəkisi 2,197 qram olmuş psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra 06 (altı) ədəd bükümdə qalıq qalan 1,837 qram metamfetamin psixotrop maddəsi vasitəsi isə saxlanmasından ötrü Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqə: 28, 124-126, 128-136). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5525 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin ərazi narkoloji dispanserində prafilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 122-123). Lakin Bakı şəhəri Sabunçu rayon prokurorluğunda Təqsirləndirilən şəxs saxlanılarkən Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən təzyiq, təsir, işgəncə və qeyri-insani rəftara məruz qalması barədə məlumatın araşdırması ilə əlaqədar keçirilmiş məhkəmə-tibb ekspertizanın 23 may 2023-cü il tarixli, 1111 saylı rəyinin məzmunundan görünür ki, həmin rəyin məzmununda Təqsirləndirilən şəxs aspirasion narkotik qəbul etdiyi və diaqnozunun narkomaniya olduğu qeyd olunmuşdur (iş materialları). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş təqdimata baxılması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 may 2023cü il tarixli qərarının məzmunundan görünür ki, təqdimata baxılarkən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək barəsində verilmiş təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə: 60-65). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əməliyyat orqanının xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını və aşkar edilmiş psixotrop maddənin əldə olunma mənbəyini, o cümlədən kimdən, haradan və hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: 152). Ən nəhayət, məhkəmə baxışı zamanı, həmiçinin müəyyən edildi ki, ibtidai istintaq orqanının 31 avqust 2023-cü il tarixli qərarına əsasən baxılan cinayət işinin materiallarından aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca material ayrılmışdır (iş vərəqə: 128-136). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 2,197 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab olunan külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən psixotrop maddənin polis tərəfindən məcburi qəbul etdirilməsi, onun fiziki təzyiqlərə məruz qalması, o cümlədən dişlərinin qırılması, ayağına xəsarət yetirilməsi nəticəsində psixotrop maddəni boynuna götürməsi və etirafedici ifadələr verməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı məhkəməyədək icraat mərhələsində polis əməkdaşları tərəfindən fiziki təsirlər göstərilməsi, ona bədən xəsarətləri yetirilməsi barədə müraciətləri məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim olunan Təqsirləndirilən şəxs müdafiəçisinin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının (BİT) Tibb-sanitar hissəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 17/38/2-6473/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BİT-ə gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sol göz altı nahiyədə 1-2 sm ölçüdə, sol bazu oynağının arxa səthində 3-4 sm ölçüdə yaşılımtıl-bənövşəyi rəngli qançırlar müşahidə edilmişdir. Arayışdan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Lakin qeyd olunan xüsusatın araşdırılması ilə əlaqədar məhkəmə sorğusu əsasında Bakı şəhəri Sabunçu rayon prokurorluğundan Təqsirləndirilən şəxs BİT-na daxil olan zaman bədəni üzərində xəsarət aşkar edilməsi ilə bağlı aparılan 291-C-23 saylı araşdırma materialı götürülmüş və tədqiq edilmişdir. Belə ki, 291-C-23 saylı araşdırma materialından görünür ki, həmin araşdırma Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının Bakı şəhər və Sabunçu rayon prokurorluğuna göndərdiyi xx.xx.2023-cü il tarixli məlumatına əsasən başlanılmışdır. Yoxlama materialında olan xx.xx.2023-cü il tarixli həmin məlumatın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2023-cü il tarixdə BİT-ə gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, ilkin tibbi müayinə zamanı onun sol göz altı nahiyədə 1-2 sm ölçüdə, sol bazu oynağının arxa səthində 3-4 sm ölçüdə yaşılımtıl-bənövşəyi rəngli qançırlar müşahidə edilmişdir. Lakin tədqiq olunan həmin məlumatdan görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman deyil, həbs olunmazdan əvvəl aldığını bildirmişdir. İşdə olan, Təqsirləndirilən şəxs adına açılmış xx.xx.2023-cü il tarixli, 4976/2023 saylı tibbi kitabçadan görünür ki, sonuncu həbs olunmazdan əvvəl xəsarətlər aldığını bildirmişdir ki, ilkin obyektiv müayinə zamanı da onun sol göz altı nahiyəsində 1-2 sm ölçüdə, sol bazu oynağının arxa səthində isə 3-4 sm ölçüdə yaşılımtıl-bənövşəyi rəngli qançırlar olduğu müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən aparılan araşdırma ilə bağlı BİT-ə daxil olduqdan 15 gün sonra, yəni 23 may 2023-cü il tarixdə izahatı alınmış Təqsirləndirilən şəxs həmin xəsarətlərin həbs olunan zaman Sabunçu RPİ-nin 14-cü PBnin əməkdaşları tərəfindən etmədiyi cinayəti üzərinə götürməsi üçün yetirildiyini və hətta dişlərinin sındırıldığını göstərmişdir. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun araşdırması ilə əlaqədar keçirilmiş məhkəmə-tibb ekspertizanın 23 may 2023-cü il tarixli, 1111 saylı rəyindən görünür ki, obyektiv müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində, eləcə də sifət nahiyyəsində xəsarətin hər hansı obyektiv əlamətləri (qançır, sıyrıq və s.) aşkar olunmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə BİT-ə daxil olarkən ilkin tibbi müayinə zamanı adına açılan tibbi kitabçada qeyd olunduğu kimi, sol göz altı nahiyədə 1-2 sm ölçüdə, sol bazu oynağının arxa səthində 3-4 sm ölçüdə yaşılımtıl-bənövşəyi rəngli qançırlar müəyyən edilmişdir. Rəydən göründüyü kimi, şəxs sorğu zamanı həmin xəsarətləri həbs olunduğu zamanı aldığını bildirmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2023-cü il tarixdə BİT-də tibbi müayinəsindən 3-4 gün əvvələ uyğun gəlməklə şəxsin özünün dediyi 05 may 2023-cü il tarixə yetirilə bilər, dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Məhkəmə-tibb ekspertizanın 23 may 2023-cü il tarixli, 1111 saylı rəyinin tədqiqi ilə əlaqədar məhkəməyə ekspert qismində dəvət edilmiş, tədqiq olunan rəyi imzalamış ekspert X2 ifadə verib göstərdi ki, ekspertiza tədqiqatı zamanı ona Təqsirləndirilən şəxsla bağlı ilkin tibbi müayinə sənədləri ona təqdim edilmiş və həmin sənədlərdə şəxsin göz yuvası ətrafda və sol və ya sağ bazu ətrafında xəsarətlər olması, həmin xəsarətlərin ölçüləri qeyd olunmuşdur. Tibbi sənədlərin daxil olmasına baxmayaraq o, Təqsirləndirilən şəxs obyektiv müayinə etmiş və onun bədəni üzərində xəsarət aşkar etməmişdir. Belə ki, o, sonuncunu onun saxlanılmasından 20 gün sonra BİT-də müayinə etmişdir. Şəxsin tibbi kitabçasında göstərilən xəsarətlərin öz boyu hündürlüyündə yıxılma və özü-özünə yetirməsi nəticəsində almasının rəydə inkar olunmasının müəyyən edilməsi üçün hər hansı tədqiqat üsülü mövcud deyildir. Şəxsin özünün öz gözünün altına yumruq vurması, şəxsin ətraflarında əlavə sıyrıqların müəyyən olunmaması isə yıxılma nəticəsində həmin xəsarətləri alması real görünmədiyindən o, iş təcrübəsinə əsasən bu müddəanı inkar etmişdir. Xəsarətin xarakterinə və xüsusiyyətinə görə, yəni qançır olduğuna görə xəsarətlərin törənmə mexanizminin bərk küt əşyanın təsirindən əmələ gəldiyini qeyd etmiş, forması göstərilmədiyindən hansı alətlə törədilməsini yazmamışdır. Xəsarətin törənmə müddətini isə həmin xəsarətin rənginə görə vermişdir. Belə ki, təqdim olunan tibbi sənədlərdə müəyyən olunan xəsarətlərin yaşımtıl-bənövşəyi rəngdə olduğu qeyd olunmuşdur ki, elmi əsaslara görə xəsarətlər ilk birinci gün qırmızımtıl, bir gün sonra göyümtül, sonra göyümtül-bənövşəyi, bənvşəyi, yaşılımtıl və s olur. Bu da qanda olan fermentlərin parçalanması nəticəsində əmələ gəlir. 20 gün müddətində isə qançır xəsarəti itə bilir. O, tədqiq olunan rəyi tibbi sənədlərdə göstərilən məlumatlara əsasən yazmış, müayinə zamanı xəsarət aşkar etməmişdir. Lakin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BİT-ə daxil olarkən ilkin tibbi müayinə zamanı adına açılan tibbi kitabçada aparılan qeydlərdən, BİT-dən prokurorluq orqanlarına verilən rəsmi məlumatlardan və Sabunçu rayon prokurorluğunun araşdırması ilə əlaqədar keçirilmiş məhkəmə-tibb ekspertizanın 23 may 2023-cü il tarixli, 1111 saylı rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs ağız boşluğunda hər hansı xəsarət və ya xəsarət izləri, o cümlədən dişlərinin sınması (sındırılması) ilə müşaiyət olunan xəsarətlər aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edilmişdir ki, vəkil sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının (BİT) Tibb-sanitar hissəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 17/38/2-6473/2023 saylı arayışın və məhkəmə-tibb ekspertizanın 23 may 2023-cü il tarixli, 1111 saylı rəyinin tərtibi zamanı təhrifə yol verilmiş, Təqsirləndirilən şəxs adına açılmış xx.xx.2023-cü il tarixli, 4976/2023 saylı tibbi kitabçanın 12-ci bəndində həbs olunmuş şəxsin həbs olunmazdan əvvəl zədələr almasını bildirməsi adı çəkilən sənədlərdə şəxsin xəsarətləri həbs olunan zaman aldığı kimi göstərilmişdir. Məhkəmə sorğusuna Bakı şəhəri Sabunçu RPİ-dən verilən xx.xx.2024-cü il tarixli, 49/2-2135/24 saylı arayışdan və həmin arayışa əlavə olunan şəxsi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin MSY-nə gətirilmiş, bədəninə və üzərinə tam baxış keçirilmiş, şikayəti və xəsarəti olmadığı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özü də təsdiq etmişdir ki, saxlanılıb Sabunçu RPİ-nin MSY-nə verilərkən şikayəti və xəsarəti olmadığını bildirmiş, müayinə olunmamış, onu müayinə etmək üçün MSY-nə həkim gəlməmişdir. Daha sonra Bakı İstintaq Təcridxanasına təhvil verilərkən şikayət etməmiş, döyülməyi barədə deməyə utanmış, BİT-də bədən səthində olan xəsarətləri ilə bağlı işıq çəkərkən yıxıldığını demiş, lakin bir neçə gün sonra şikayət etmişdir. Məhkəmə baxışı zamanı nümayiş olunan videogörüntülərlə müəyyən edilmişdir şəxsi axtarış və götürmə aparılması prosesi boyu Təqsirləndirilən şəxs hər hansı bədən xəsarəti müşahidə olunmur və ya sonuncu Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən təzyiq, təsir, işgəncə və qeyri-insani rəftara məruz qalması faktı ilə əlaqədar təhqiqat orqanına hər hansı məlumat verməmişdir. Eyni zamanda nümayiş olunan videogörüntülərə baxış prosesində Təqsirləndirilən şəxs təzyiq və ya təsir altında olmasına şübhə ilə yanaşmağa hər hansı əsas müəyyən edilməmişdir. İstər məhkəməyədək icraat mərhələsində, istər Təqsirləndirilən şəxs saxlanılarkən Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən təzyiq, təsir, işgəncə və qeyriinsani rəftara məruz qalması faktı ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılması zamanı və istərsə də məhkəmə baxışı zamanı dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları Təqsirləndirilən şəxs qarşı təzyiq, təsir, işgəncə və qeyri-insani rəftara məruz qalması faktını təkzib etmişlər. Ən nəhayət, məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş təqdimata baxılması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 may 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, təqdimata baxılarkən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək barəsində verilmiş təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmiş, istər o özü və istərsə də məhkəmə iclasında iştirak edən müdafiəçisi Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən işgəncəyə, qeyri-insani rəftara məruz qalması barədə məhkəməyə heç bir məlumat verməmiş, hər hansı vəsatət qaldırmamışlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ifadəsindən də göründüyü kimi, Təqsirləndirilən şəxs həmin ifadəsində əməlini səmimi etiraf edib ondan aşkar olunan psixotrop maddəni Nəsib adlı şəxsdən 60 manata şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmiş, həmçinin Polis əməkdaşları tərəfindən saxlanılan zaman və eyni zamanda polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən hər hansı bir fiziki zorakılığa məruz qalmadığını göstərmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğunun 16 iyun 2023cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs saxlanılarkən Sabunçu RPİ-nin 14-cü PBnin əməkdaşları tərəfindən təzyiq, təsir, işgəncə və qeyri-insani rəftara məruz qalması fakt təsdiqini tapmadığından toplanmış araşdırma materialları üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə görə rədd edilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 104-105). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 05 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 05 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 may 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 may 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlin onun şübhəli şəxs qismində tutulduğu 05 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 05 may 2023cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra 06 (altı) ədəd bükümdə qalıq qalan 1,837 qram metamfeamin psixotrop maddəsi məhv edilməli; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 160 (yüz altımış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra 06 (altı) ədəd bükümdə qalıq qalan 1,837 qram metamfeamin psixotrop maddəsi məhv edilsin; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 160 (yüz altımış) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar