Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-776/2022 19.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 24 avqust 1985-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, qəti olaraq 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin 10 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 evində kirayədə yaşamış, 04 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 06 dekabr 2021ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 dekabr 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Bakı şəhəri X7 idarəsinin yaxınlığında gizlədilmiş ümumi təmiz çəkisi 12,843 qram olan külli miqdarda narkotik vasitə heroini, ümumi miqdarı 0,07 qram olan narkotik vasitə metadon həblərini və ümumi təmiz çəkisi 9,949 qram olan psixotrop maddə metamfetamini tamah niyyətilə satmaq məqsədilə qanunsuz əldə edib üzərində saxlayaraq ünvan 5 ünvanına daşımış, 04 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən göstərilən ünvanda şübhəli şəxs qismində saxlanılaraq, həmin idarənin 18-ci polis şöbəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əlindəki qara rəngli pul kisəsinin içərisindən külli miqdarda - ayrı-ayrılıqda 6,592 qram və 6,251 qram çəkilərdə, ümumi təmiz çəkisi 12,843 qram olan 2 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ayrı-ayrılıqda 0,04 qram və 0,03 qram miqdarda, ümumi miqdarı 0,07 qram olan narkotik vasitə metadon həbləri və külli miqdarda - ayrı-ayrılıqda 4,620 qram, 1,886 qram və 3,443 qram çəkilərdə, ümumi təmiz çəkisi 9,949 qram olan 3 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü, yəni dekabr ayının 3-də evə gələn zaman üç nəfər mülki geyimdə olan şəxs maşından düşüb onu və yanında olan xanımı saxlamışlar. Həmin şəxslər polis işçiləri olmuş, iki nəfər onu, digər bir nəfər də qadının qolundan tutub maşına mindirmiş və polis idarəsinə gətirmişlər. İdarədə polis işçiləri ona nə qədər təsir və təzyiq göstərsələr də, onların dedikləri ilə razılaşmamışdır. Lakin sonda polis əməkdaşları onu qızla şantaj etmişlər. Yəni polislər qızı da həbs edəcəklərini bildirdikləri üçün o, məcbur olub qızın tutulmaması üçün onun ittihamında göstərilən narkotik vasitələri boynuna almışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə vermədiyini, yalnız dindirmə protokolunu imzaladığını, polis əməkdaşları tərəfindən dekabr ayının 3-də gecə saat 11- 12 radələrində A.Nemətulla küçəsində evinin qabağında tutulduğunu, həmin vaxt üzərində narkotik vasitə olmadığını, həmçinin yanında olan İlahə adlı qızın üzərində də narkotik vasitə olmadığını, videoçəkiliş zamanı onun təqdim etdiyi çantanı və içərisində olan narkotik vasitəni polis əməkdaşlarının ona əvvəlcədən verdiklərini, videoçəkiliş zamanı müdafiəçi orada olsa da, müdafiəçinin ona təqdim edilmədiyini, həbs qətimkan tədbiri ilə bağlı məsələyə baxılan zaman onun hakimə söz deməsinə imkan verilmədiyini, prokurorun qəbuluna aparılmadığını, ibtidai istintaq zamanı qızın adını çəkmədiyini, ona təzyiq göstərəcəklərindən qorxub qızın adını demədiyini, onu tutan polis əməkdaşları ilə heç bir düşmənçiliyi və ədavəti olmadığını, sonuncu dəfə tutulmamışdan 8-9 ay əvvəl narkotik vasitədən istifadə etdiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Şirvan şəhəri, Nizami küçəsi, döngə 1-də yerləşən 13 saylı evdə qeydiyyatda olsa da, faktiki Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsində yerləşən fərdi yaşayış evində anası X1 və bacısı İlhamə Qurbanova ilə bir yerdə kirayədə yaşamışdır. Tutulanadək istifadəsində 1 ədəd "Samsung Galaxy A12" markalı mobil telefon olmuş, həmin mobil telefona +**********72 saylı nömrə taxaraq ondan istifadə etsə də, telefonun kilid kodu yoxdur. Markasını qeyd etdiyi mobil telefon web proqramları dəstəklədiyindən, həmin telefona taxılmasa da, özünə məxsus digər +**********21 saylı nömrə vasitəsilə 1 "WhatsApp web" proqramı açaraq istifadə etmişdir. 10 ildən çoxdur ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən inyeksiya və çəkmə yolu ilə istifadə etmişdir. Narkotik vasitələri və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən, son 15-20 gündə isə tanımasa, soyadını və atasının adını bilməsə də, özünü İran İslam Respublikasının vətəndaşı "Hasan" adı ilə ona təqdim edən şəxsdən əldə etmişdir. Özünü "Hasan" adı ilə təqdim edən şəxsi Elxan adlı şəxsin vasitəsilə qiyabi tanısa da, heç vaxt onunla görüşməmiş və "Hasan"ın +**********93 və +**********10 saylı telefon nömrələrindən qoşulduğu "WhatsApp web" proqramı vasitəsilə sonuncu ilə əlaqə saxlamışdır. 2-3 dəfə müxtəlif məbləğdə pul müqabilində "Hasan" adlı şəxsdən narkotik vasitələr və psixotrop maddələr əldə etmişdir. Belə ki, ona narkotik vasitə və psixotrop maddə lazım olanda, o, qeyd etdiyi nömrədən qoşulduğu "WhatsApp web" proqramı vasitəsilə "Hasan"ın "WhatsApp web" proqramına qoşulduğu +**********93 və +**********10 saylı nömrələrlə əlaqə saxlamış, onunla danışıb narkotik vasitə və ya psixotrop maddə sifariş verəndən sonra ayrı-ayrı yerlərdə quraşdırılmış pul köçürmə aparatları vasitəsilə "Hasan"ın ona dediyi hazırda xatırlamadığı hesablara pul köçürmüş və bundan sonra onun göstərdiyi ayrı-ayrı yerlərə gedib narkotik vasitələri və psixotrop maddələri oradan götürmüşdür. "Hasan" ona narkotik vasitə hesab olunan heroinin 1 qramını 30 manata, psixotrop maddə sayılan metamfetamİnin 1 qramını isə 20 manata satmışdır. Narkotik vasitələri və psixotrop maddələri özünün istifadəsi üçün əldə etsə də, heç vaxt satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin və metadon həblərinin, eləcə də psixotrop maddə metamfetaminin aşkar olunması ilə əlaqədar bildirmişdir ki, 03 dekabr 2021-ci il tarixdə "WhatsApp web" proqramı vasitəsilə "Hasan"la əlaqə saxlayıb ona 15 qram çəkidə narkotik vasitə hesab olunan heroin və 10 qram çəkidə psixotrop maddə sayılan metamfetamin lazım olduğunu bildirəndə, "Hasan" ona həmin çəkilərdə heroin və metamfetamini göndərə biləcəyini demiş, aralarında razılaşma əldə olunduqdan sonra, ona göndərəcəyi heroinin və metamfetamİnin müqabilində göstərilən tarixdə pul köçürmə aparatlarının birindən "Hasan"ın ona dediyi hesaba 150 manat pul köçürərək pulun qalan hissəsini sonradan göndərəcəyini boynuna götürmüşdür. 03 dekabr 2021-ci il tarixdə saat 23 radələrində tanımadığı şəxsin taksi kimi idarə etdiyi minik avtomobili ilə "Hasan"ın ona dediyi yerə, yəni Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən Bakı şəhər X7 İdarəsinin yaxınlığına gedərək "WhatsApp web" proqramı vasitəsilə "Hasan"ın koordinatlarını izah etdiyi yerdən selofan paketdə olmaqla 2 ədəd selofan kəsiyi bükümündə narkotik vasitə heroini və 3 ədəd metadon həbini, eləcə də 3 ədəd selofan kəsiyi bükümündə psixotrop maddə metamfetamini götürmüş və onları götürməsi barədə "Hasan"ı məlumatlandıraraq geri qayıtmışdır. Bundan sonra, "Hasan"ın ona göndərdiyi heroinin az bir hissəsindən istifadə edəndən sonra 2 ədəd bükümdə olmaqla narkotik vasitə heroni və 3 ədəd bükümdə olmaqla psixotrop maddə metamfetamini ayrı-ayrılıqda siqaret qutularına, metadon həblərini isə kiçik ölçülü plastik qutusuna yerləşdirib onları qara rəngli pul kisəsinin içərisinə qoymuş və üzərində saxlayaraq gəzdirməyə başlamışdır. 04 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi ilə təkbaşına piyada hərəkət edən zaman tanımadığı 2 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra şəxsiyyəti haqqında maraqlanmış və onunla şifahi sorğu-sual apararaq onlarla birlikdə Nərimanov rayon Polis idarəsinin 18-ci Polis şöbəsinə getməsini bildirəndə, o, çıxış yolu olmadığını dərk etdiyindən polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşaiyəti ilə həmin şöbənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Aradan 10-15 dəqiqə keçəndən sonra otağa tanımadığı 1 mülki geyimli şəxs daxil olmuş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, o, artıq hər şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, sağ əlində saxladığı içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həbləri olan qara rəngli pul kisəsini, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli "Samsung Galaxy A12" markalı mobil telefonunu və qeydiyyat kitabçasını çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt bükümlərin və plastik qutunun içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq bükümlərin ikisinin içərisində narkotik vasitə heroin, digər üçünün içərisində psixotrop maddə metamfetamin, kiçik ölçülü plastik qutunun içərisində olan həblərin isə metadon həbləri olduğunu, onları özünü İran İslam Respublikası vətəndaşı kimi "Hasan" adı ilə təqdim edən şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Ondan sonra təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və metadon həblərini ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı, o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt üzərindən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon həblərinin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilməklə, pul kisəsi, qeydiyyat kitabçası və kiçik ölçülü plastik qutu onun özünə qaytarılmışdır (cild 1, iş vərəqi 49-53, 63-68). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs protokollardakı imzaların ona məxsus olduğunu, istintaqdakı ifadələri təsdiq etmədiyini, həmin ifadələri təzyiq altında verdiyini və protokolu imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi 18ci Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 bildirdi ki, 04 dekabr 2021-ci il tarixdə saat 16 radələrində əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ünvan 7 ünvanında xidmət aparan zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs onları görüb davranışı ilə özünü şübhəli aparmışdır. Buna görə də, ona yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyəti haqqında maraqlanmış, bu vaxt Təqsirləndirilən şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavablar verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratı yaratmış və sağ əlindəki qara rəngli pul kisəsini atmağa cəhd edib yayınaraq oradan uzaqlaşmaq istəmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu güman edib onun üzərində narkotik vasitə ola biləcəyindən şübhələndiklərindən, onun sağ əlindəki qara rəngli pul kisəsini atmağa və yayınaraq getməsinə imkan verməmiş, onu Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə qeyd olunan şöbəyə getmişdir. Şöbədə onu təhqiqatçı Mirsaleh Cavadovun xidməti otağına aparmışlar. 10-15 dəqiqə sonra şöbəyə vəkil dəvət olunmuş və təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağı təklif etmişdir. Sonuncu, sağ əlində saxladığı qara rəngli pul kisəsini, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli "Samsung Galaxy A12" markalı mobil telefonu və qeydiyyat kitabçasını çıxarıb könüllü təhvil vermişdir. Həmin vaxt pul kisəsinin içərisindən 1 ədəd kiçik ölçülü plastik qutu, üzərində «Kent» sözü yazılmış 1 ədəd siqaret qutusu, üzərində LD sözü yazılmış 1 ədəd siqaret qutusunun kəsiyi aşkar olunmuşdur. «Kent» sözü yazılmış siqaret qutusunun içərisindən selofan kəsiyində olmaqla 3 ədəd büküm, LD sözü yazılmış siqaret qutusunun kəsiyində isə selofan kəsiyində olmaqla 2 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlər açılıb içərisinə baxılanda 2 ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddələrin, digər 3 ədəd bükümün içərisində isə ağ rəngli kristal formalı maddələrin olması müəyyən edilmişdir. Kiçik ölçülü plastik qutu açılıb içərisinə baxılanda içərisindən siqaretin gümüşü rəngli kağız parçasında olmaqla üzərində metadon sözü yazılmış 1 ədəd bütöv və 2 ədəd yarıbütöv həb aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin ikisinin içərisində narkotik vasitə heroin, digər 3 ədəd bükümün içərisində psixotrop maddə metamfatemin, həblərin isə metadon həbləri olduğunu, heroinin, metamfetaminin və metadon həblərinin ona məxsus olduğunu, onları 03 dekabr 2021-ci il tarixdə saat 23 radələrində 150 manata Bakı şəhər X7 idarəsinin yaxınlığında "Hasan" kimi tanıdığı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Sonra təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, bükümlərdə olan maddələri və həbləri ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı, o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi videoçəkilişdən istifadə edilməklə aparılmış, pul kisəsi, qeydiyyat kitabçası və kiçik ölçülü plastik qutu şəxsin özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi 18ci Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə ünvan 7 ünvanında saxlanılıb Nərimanov RPİ 18-ci Polis şöbəsinə gətirilərək şəxsi axtarışının aparılmasında və narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin və metadona oxşar həblərin aşkar olunaraq götürülməsində əməliyyat qrupunun tərkibində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 04 dekabr 2021-ci il tarixli raporta əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 radələrində ünvan 7 ünvanında saxlanılıb Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci Pois şöbəsinə gətirilmiş, həmin raport şöbənin "cinayətlər haqqında ərizələr və məlumatların uçotu" kitabında 04 dekabr 2021-ci il tarixlə 3074 nömrə altında qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 2). İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli mobil telefonun baxışının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş "Samsung Galaxy A12" markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefona “Bakcell MMC-ə məxsus +**********72 saylı sim kart quraşdırması və +**********21 saylı nömrədən WhatsApp web" proqramı vasitəsilə qeydiyyatdan keçməsi, müxtəlif mobil telefon nömrələri ilə "WhatsApp web" proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslərlə, eləcə də, +**********93 və +**********10 saylı telefon nömrələri ilə "WhatsApp web" proqramından qeydiyyatdan keçmiş şəxslər arasında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparması, bununla bağlı bir-birilərinə səs yazıları göndərmələri aydın olur (cild 1, iş vərəqi 71-72). Cinayət işində olan 15 fevral 2022-ci il tarixli diskin baxışının aparılması haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən təqdim olunmaqla texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD formatlı diskin baxışı aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********72 və +**********21 saylı telefon nömrələri ilə ayrı-ayrı şəxslərlə cinayət təqibi üçün əhəmiyyət kəsb edən danışıqlar və yazışmalar aparması məlum olur. Diskin baxışı aparılan zamanı X3 istifadəsində olmuş +**********72 və +**********21 saylı telefon nömrələn ilə iş üçün əhəmiyyət kəsb edən aşağıdakı yazışmaların aparılması müəyyən edilmişdir: - xx-xx-2021 17:40:50 1.1.**********52 1.1.**********21 Adaw srocna svejis so mnoy iwim var - xx-xx-2021 12:20:59 1.1.**********52 1.1.**********21 Adaw neynisen haraladasan qaqa 2-gr kola 1-gr pt lazimdi alinir deim gelsin uwaq - xx-xx-2021 13:45:09 1.1.**********52 1.1.**********21 Adaw ne deirsen alinir he yox bir cavab ver gelsin gelmesin Kamran deirdim tutulub akazviyca anasi panika buraxib ki guya tutublar - xx-xx-2021 11:42:50 xx-xx-2021 11:42:50 1.1.**********52 1.1.**********21 Adaw salamaciliqdi - xx-xx-2021 11:44:31 1.1.**********52 1.1.**********21 Hardasan qaqaw qoruwe bilarik 1-kol nabo - xx-xx-2021 16:36:22 xx-xx-2021 16:36:22 1.1.**********70 1.1.**********21 Qaqa Paşadır qiramin pilivar 40 manat acda görək neynirik - xx-xx-2021 19:44:45 xx-xx-2021 19:44:45 1.1.**********19 1.1.**********21 Qaqa gelirsen men birda cox otura bilmirem - xx-xx-2021 23:36:25 xx-xx-2021 23:36:25 1.1.**********21 1.1.**********21 Deyersenki eline xina yaxsin istediylerine cox adamlari catdirdun noldu yolun bawlangicinda atdunki ex eybi yox men onsuzda atam gedennen tekem ele tekde qalacm - xx-xx-2021 05:24:57 1.1.**********82 1.1.**********21 Yigma zaryatqam azdi çatanda ozum yiqacam cixmiwam yoldayam - xx-xx-2021 14:02:59 xx-xx-2021 14:02:59 1.1.**********81 1.1.**********21 Mene tez kontur at apteke gir meni yig - xx-xx-2021 21:26:35 02-12-202 1 21:26:35 1.1.**********81 1.1.**********21 Yene yalan hevayete güya pul vermisen ilhamenin borcun vermisen ail (cild 1, iş vərəqi 174-176). Cinayət işinə əlavə edilmiş 06 dekabr 2021-ci il tarixli, 15 fevral 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd "Samsung Galaxy A12" markalı mobil telefon xüsusiyyət və əlamətlərinə, mənşəyinə, aşkar olunduğu yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən vasitə olduğu üçün maddi sübut qismində tanınmış və Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsində məsul saxlanışa verilmişdir. Həmçinin şübhəli şəxs qismində tutulandan sonra üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntülərin əks olunduğu və “şəxsi axtarış və götürmənin aparılması haqqında” protokola əlavə edildiyi 1 ədəd DVD-R formatlı disk, "xxxx" MMC-dən təqdim olunmaqla texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 73-76, 177-178). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2021-ci il tarixli 6/5379 saylı ekspert rəyindən görünür ki: - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə ayrı-ayrılıqda 6,592 qarm və 6,251 qram çəkilərdə, ümumi təmiz çəkisi 12,843 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - Təqdim edilmiş 3 ədəd bükümdə, ayrı-ayrılıqda 4,620 qram, 1,886 qram və 3,443 qram çəkilərdə, ümumi təmiz çəkisi 9,949 qram olan ağ rəngli kristallik formada maddə psixotrop maddə metamfetamindir; - Təqdim olunmuş 1 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həbdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir. Digər 1 ədəd 1/2 hissə və 1 ədəd 1/4 hissə olan həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,03 qramdır. Həblərdə ümumilikdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,07 qram təşkil edir; - Heroin və metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr" in İ və İİ siyahısına daxildir. - Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələr"in İ siyahısına daxildir (cild 1, iş vərəqi 37-39). Məhkəmə narkoloji ekspertizasının 06 yanvar 2022-ci il tarixli 40 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 160-161). Məhkəmə psixiatrik ekspertizasının 08 yanvar 2022-ci il tarixli 15 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmur, əməli törədən vaxt və hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab edilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 163-164). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 16 dekabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, qəti olaraq 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin 10 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 08 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 129-132, 144-151). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, polis əməkdaşları tərəfindən saxlanılarkən onda hər hansı narkotik və psixotrop maddə olmadığını, polis şöbəsində olarkən ona edilmiş təsir və təzyiqlər nəticəsində ittihamda qeyd olunan narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu etiraf etdiyini bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitə olan heroinin və psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Bundan başqa, cinayət işinə əlavə edilmiş və Təqsirləndirilən şəxs məxsus mobil telefonla aparılmış çoxsaylı yazışmaların mətnindən də görünür ki, sonuncu, istintaqa verdiyi ifadəsində qeyd etdiyi mobil nömrələrlə narkotik vasitələrin alqısatqısına dair yazışmalar aparmışdır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi, cinayətlərin residivi isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli residiv sayılır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, qəti olaraq 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin 10 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 08 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lakin o, qeyd olunan cəzadan azad olunduqdan sonra yuxarıda göstərilən əməllərə görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazıra qədər həbsdə saxlanılır. Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdən həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə daxil edilməli, hazırkı iş üzrə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 06 yanvar 2022-ci il tarixli 40 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmaqla ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi təmiz çəkisi 12,743 qram narkotik vasitə heroin, qalıq qalmış ümumi təmiz çəkisi 9,799 qram psixotrop maddə metamfetamin, qalıq qalmış 1/2 hissə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, 2 ədəd isə disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə müəyyən edildi ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 100 (yüz) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nərimanov rayon Polis idarəsində məsul saxlanışda olan qalıq qalmış ümumi təmiz çəkisi 12,743 qram narkotik vasitə heroin, qalıq qalmış ümumi təmiz çəkisi 9,799 qram psixotrop maddə metamfetamin, qalıq qalmış 1/2 hissə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Bakı şəhəri, Nərimanov rayon Polis idarəsində məsul saxlanışda olan Təqsirləndirilən şəxs məxsus 1 ədəd mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri, həmçinin "xxxx" MMC-dən daxil olmuş məlumatları özündə əks etdirən cəmi 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 100 (yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-776/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-776/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver