Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-776/2023 03.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 36 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının CPM-in 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, cinayət işinin materialları tərəfindən məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalı və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətində uzadılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1, 303.3.6 və 303.3.8-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularıdur və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bu baxımdan cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X5 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. Azərbaycan Respublikasının CPM-in 223.3.2-ci maddəsinə görə cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə görə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmçinin həmin Məcəllənin 289.4-cü maddəsinə görə cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri ittiham aktının nəticəvi hissəsində əks etdirilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1416 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: diafraqmanın və mədənin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin bir ədəd daxilə nüfuz edən torokoobdominal deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sağ yuxarı bayır şöbəsinin bir ədəd, boyunun bir ədəd, sol bazunun bir ədəd, sağ bazunun üç ədəd, sağ saidin iki ədəd, sağ qaşın bayır bucağı nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları, boyunda sağda bir ədəd, sağ əlin İ və İİ barmaqlarının səthi kəsilmiş yaraları, sağ bazununun cızığı. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (i.v səh.85-87) Lakin ittiham aktının nəticəvi hissəsində və iş materiallarında olan 15 sentyabr 2022ci il tarixli yeganə “Təqsirləndirilən şəxs qismində cəlb etmə” qərarında təqsirləndirilən şəxsə verilmiş ittihamın məzmununda cinayət əməlinin təsviri və nəticəsi (xəsarətlərin sayı, lokalizasiyası və sair) yuxarıda qeyd edilən ekspert rəyindən ciddi surətdə fərqlənir. (i.v 41-42, səh.122-27) Bundan başqa, ittiham aktının tərtibi qaydaları da pozularaq, ittiham aktında Azərbaycan Respublikasının CPM-in 289.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar öz əksini ümumiyyətlə tapmamışdır. Qeyd edilən hallar isə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 223.3.2, 289.3.1 və 289.4-cü maddələrinin tələblərinin kobud pozulmasıdır. Göründüyü kimi, istintaq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının, sübutların düzgün qiymətləndirilməməsinin nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmununda cinayətin törədilməsinin üsul, nəticə və digər mühüm halları qeyri-müəyyən olaraq qalmış və bunun nəticəsində istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə düzgün olmayan hüquqi qiymət vermişdir. Bu hal ittihamın mahiyyətinə toxunan hal olmaqla bərabər təqsirləndirilən şəxsin təqsirliliyi və əməlinin tövsifi məsələsinə də birbaşa təsir göstərir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-in 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Göründüyü kimi, istintaq orqanı tərəfindən yol verilmiş yuxarıda qeyd edilən pozuntuların, habelə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmunu aydın olmamaqla həmin hal onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının 284-cü maddəsinin tələbinə görə, ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir və cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Həmin Məcəllənin 287-ci maddəsinin tələbinə görə, cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Lakin iş materialları ilə tanışlıq zamanı Zərərçəkmiş şəxs ümumiyyətlə ibtidai istintaqın yekunlaşdırılması və işin məhkəməyə göndərilməsi barədə hər hansı məlumatın verilməməsi və onun cinayət işi materialları ilə tanış edilməməsi müəyyən edilmişdir. Belə bir məlumatın verilməsi barədə iş materiallarında hər hansı sənəd yoxdur. Həmçinin iş materiallarından görünür ki, “Təqsirləndirilən şəxs və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında” protokolda “xx.xx.2022-ci il” tarixi qeyd edilməklə həmin tarixdə saat 17:00-dan 17:50-dək tanış edilməsi göstərilmişdir. Eyni zamanda iş üzrə “İbtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi haqqında” protokolda təqsirləndirilən şəxs və müdafiəçisinə xx.xx.2023-cü il tarixdə məlumat verilərək “xx.xx.2022-ci” il tarixdə tanış ola biləcəkləri qeyd edilmişdir. Bu isə zərərçəkmiş şəxsin Azərbaycan Respublikasının CPM-in 87.6.1, 87.6.5, 87.6.6, 87.6.10, 87.6.16 və 87.6.23-cü maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən, dövlət ittihamçısı xahiş edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilsin. Həmçinin Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X4 barəsində xüsusi qərar çıxarılsın və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılsın. Müdafiəçi dövlət ittihamçısının vəsatətinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, habelə Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X4 barəsində xüsusi qərar çıxarılmasına dair hissələrdə təmin olunmasını bildirərək, əlavə olaraq yazılı vəsatətlə məhkəməyə müraciət etmişdir. Müdafiəçinin vəsatəti dövlət ittihamçısının vəsatətində qeyd edilənlərlə əsasən eyni məzmunlu olmaqla, əlavə olaraq vəsatətdə göstərilmişdir ki, işdəki “Vəkillərin siyahısının təqdim edilməsi haqqında” protokolda X1 9 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq siyahıdakı vəkillərdən hər hansı birinin vəkil kimi hüquqlarının müdafiə edilməsinə etirazı olmadığını bildirməsi qeyd edilmişdir. (i.v. səh 16). Halbuki, hazırki işdə belə bir şəxs yoxdur. Eyni zamanda, etiraz edilə bilən şəxslər haqqında məlumat verilməsinə dair protokollardan şübhəli şəxsə “Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov və Suraxanı rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Elgiz Qənizadə”yə etiraz edilə bilməsi qeyd edilmiş, cəmi iki gün sonra təqsirləndirilən şəxsə isə “Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov, Suraxanı rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Vüqar Hüseynov”a etiraz edilə bilməsi göstərilmişdir (i.v səh 29, 49). Başqa sözlə, həmin protokollardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun kim və neçə nəfər olması aydın deyildir. İş üzrə ən kobud pozuntu isə ibtidai istintaq orqanı tərəfindən 6 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs və müdafiəçinin ekspertiza təyin edilməsi haqqında qərarla tanış edilməsinə dair protokol tərtib edildikdən sonra 05 yanvar 2023-cü il tarixədək, yəni təxminən üç ayadək müddətdə cinayət işinin tam hərəkətsiz vəziyyətdə saxlanılmasıdır. Qeyd edilənlərə əsasən, Müdafiəçi xahiş edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilsin. Məhkəmə hesab edir ki, dövlət ittihamçısı və müdafiəçinin vəsatətləri əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş materiallarında Azərbaycan Respublikasının CPM-in normalarının digər pozulması hallarına da yol verilmişdir. Belə ki, işdə olan Zərərçəkmiş şəxs adından kompüterdə tərtib edilmiş və imzalanmış zərərçəkmiş şəxs qismində tanınmaya dair ərizədə “19 dekabr 2022-ci” il ifadəsi ağardıcı ilə düzəliş edilməklə yazılmış və həmin ərizə ümumiyyətlə qeydiyyata alınmamışdır. (i.v. səh 64) Həmçinin işdə olan Zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarda “xx.xx.2022-ci” rəqəmlərindən “09” rəqəmi ağardıcı ilə düzəliş edilməklə yazılmış, lakin həmin qərarla zərərçəkmiş şəxsin 19 dekabr 2022-ci il tarixdə tanış olması qeyd edilmişdir. Maraqlıdır ki, həmin qərar da, 64 rəqəmi ilə səhifələnmiş və ondan sonrakı səhifələr isə ardıcıllıqla nömrələnmişdir. (i.v. səh 64) Başqa sözlə, 19 dekabr 2022-ci il tarixli istintaq orqanına necə daxil olması məlum olmayan ərizə əsasında 3 ay əvvəl, yəni 19 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Eyni zamanda, işdə olan Zərərçəkmiş şəxs hüquq və vəzifələrinin izah edilməsinə dair bildirişdə həmin izahın edilməsi və bildirişlə 19 dekabr 2022-ci il tarixdə tanış olması qeyd edilmişdir. (i.v. səh 65-66) Həmçinin işdə olan, “Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarının surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında” protokolda “xx.xx.2022” rəqəmlərindən “09” rəqəmi ağardıcı ilə düzəliş edilməklə yazılmış, lakin protokolun məzmununda zərərçəkmiş şəxsə 19 dekabr 2022-ci il tarixli qərarın surətinin verilməsi qeyd edilmişdir. (i.v. səh 67) Bunlardan əlavə, “xx.xx.2022” rəqəmlərindən “09” rəqəminin ağardıcı ilə düzəliş edilməklə yazılması “Zərərçəkmiş şəxsə etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi” və zərərçəkmiş şəxsin dindirilməsi protokollarında da eyni qaydada olmuşdur. (i.v. səh 68,69) Bundan başqa, iş materiallarına kompüterdə tərtib edilmiş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, onu bağışlaması barədə ərizəsi əlavə edilsə də, həmin ərizənin istintaq orqanına necə təqdim edilməsi aydın deyil. Belə ki, ərizə qeydiyyata alınmamış və ərizədə hər hansı qeyd aparılmamışdır. (i.v. səh 96) Habelə, “Canlı şəxsin barəsində məhkəmə-tibbi ekspertizasının keçirilməsi haqqında” qərar xx.xx.2022-ci tarixli olsa da, həmin qərarla təqsirləndirilən şəxsin və müdafiəçinin tanış edilməsi edilməsi barədə protokolda onların 05 oktyabr 2022-ci il tarixli qərarla tanış edilməsi qeyd edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli 1416 saylı ekspertiza rəyində də, həmin rəyin “05 oktyabr 2022-ci il tarixli” qərar əsasında tərtib edildiyi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CPMin sübutların əldə edilməsinə dair normaları kobud və aradan qaldırıla bilməyən formada pozulmuşdur. Qeyd edilən hallar isə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 292.3-cü maddəsinin tələbinə görə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Lakin iş materialları ilə tanışlıq zamanı təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsinin təmin edilməsi barədə qəbz işdə müəyyən edilməmişdir. Məhkəmə həmin halı nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham aktının da surətini göndərmişdir. Bundan başqa, Azərbaycan Respublikasının CPM-in cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunmasına dair 48-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki: - sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun; - şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki: - haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana bilsin; - hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin; - məhkəməyə daxil olmuş hər hansı cinayət işinə, habelə çıxarılmış hökm və məhkəmənin digər qərarlarına dair şikayət və protestlərə bu Məcəllənin 298.2, 301.4, 391.1, 419.3, 426.2 və 427.1-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılmağa başlansın. Məhkəmə tərəfindən hazırlıq iclasından əvvəl iş materialları ilə tanışlıq zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən 6 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs və müdafiəçinin ekspertiza təyin edilməsi haqqında qərarla tanış edilməsinə dair protokol tərtib edildikdən sonra 05 yanvar 2023-cü il tarixədək, yəni təxminən üç ayadək müddətdə cinayət işi tam hərəkətsiz vəziyyətdə saxlanılmaqla hər hansı istintaq hərəkəti həyata keçirilməmişdir. Bundan başqa, “Canlı şəxsin barəsində məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair” 04 oktyabr 2022-ci il tarixli qərarın icra olunması üçün zərərçəkmiş şəxs yalnız 19 dekabr 2022-ci il tarixdə ekspertə təqdim edilmişdir ki, bu da cinayət təqibinin tezliyinin təmin olunmasının pozulmasına şərait yaratmışdır. Qeyd edilənlər cinayət təqibinin tezliyinin təmin olunmamasına və bütövlükdə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması və 8-ci bəndinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntu kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti Bakı Ağır Cinayətlər məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istitaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının və müdafiəçinin vəsatətləri təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X4 barəsində xüsusi qərar çıxarılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı şəhəri 36 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş arayış hesabatdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq, prosessual sənədləri hazırlamaq və məhkəmə hazırlıq iclasında cəmi 15 saat iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 90 AZN (doxsan) manat pul Bakı şəhəri 36 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Cinayət işinin materiallarından ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunda fəaliyyət göstərən X2 göstərdiyi hüquqi yardıma görə hansı məbləğdə pul ödənilməli olması müəyyən edilmədiyindən, həmin xüsusat da əlavə istintaq aparılması zamanı istintaq orqanı tərəfindən nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 298-300, 303.3.1, 303.3.6, 303.3.8, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısı və Müdafiəçi vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə, yəni 03 mart 2023-cü il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X4 barəsində xüsusi qərar çıxarılsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 90 AZN (doxsan) manat pul Bakı şəhər 36 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.
Məhkəmə qərarları › İş №1(101)-776/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-776/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver