Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-777/2022 01.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Cəlilabad rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmamış, Cəlilabad rayonu, Boyxanlı qəsəbəsi, Sülh küçəsi, ev 8-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Xətai rayonu metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında yerləşdirdiyi 01 (bir) ədəd sellofan torbanın içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 700,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 300,0 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini 25 avqust 2021-ci il tarixdə axşam saatlarında həmin yerdən götürüb sonradan «Əli» adlı şəxsin tapşırığına əsasən əvəzində həmin narkotik vasitə və psixotrop maddənin hər qramına görə ona bir manat ödəniləcəyi şərti ilə «Əli» adlı şəxsin deyəcəyi yerdə gizlətmək üçün satış məqsədilə əlində daşımaqla saxlamış, 26 avqust 2021-ci il tarixdə saat 01:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirilmiş, Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı sellofan torbanın içərisindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 700,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 300,0 qram kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Baxçasaray” şadlıq sarayında xidmətçi vəzifəsində işləmişdir. İş qrafiki saat 10:00-00:00 radələri olmuşdur. Xəstə anası və ailəli qardaşı ilə birgə kirayədə yaşamışdır. O, psixotrop maddə metamfetamin istifadəçisidir. 25 avqust 2021-ci il tarixdə şəxsi işləri ilə bağlı metronun «Həzi Aslanov» stansiyası yaxınlığında taksidən düşən zaman 6 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 2 saylı tibbi kollecinin yaxınlığına gətirilərək orada gecə saat 05 radələrinə kimi saxlanılmışdır. Daha sonra onu Baş İdarəyə, oradan da Yasamal Rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinə aparmışlar. Onun üzərində narkotik vasitə olmamış, ona bir kiloqram narkotik vasitə boynuna götürməsini, əks halda isə onlara 5.000 manat məbləğində pul verməsini istəmişlər. İlk videoçəkiliş zaman ondan narkotik vasitəni haradan götürdüyünü soruşanda, Yasamal rayonu, Şərifzadə küçəsindən götürdüyünü bildirmişdir. Ancaq telefon siqnalları metronun «Həzi Aslanov» metro-stansiyasını göstərmişdir. İttham aktında videoçəkilişin gecə saat 02 radələrində olduğu göstərilsə də, günorta saat 11-12 radələrində olmuşdur. O heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Düzdür o bir neçə ay əvvəl narkotikanın istifadəsinə balamışdır, yalnız özü istifadəsi üçün tanımadığı iran vətəndaşından amışdır, lakin, onun üzərində narkotik vasitə aşkar olunmamıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən mütəmadi istifadə edir. Təxminən 4 ay bundan əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Əli » adlı şəxslə tanış olmuşdur. 25 avqust 2021-ci il tarixdə Əli adlı şəxsin əvvəlcədən təyin etdiyi yerə yəni Bakı şəhəri Yasamal rayonu ərazisindən narkotik vasitə və psixotrop maddəni götürərək onun təyin etdiyi ünvanlara qoyduqdan sonra şəklini çəkib ona göndərməli olmuşdur. Gördüyü işin müqabilində «Əli» adlı şəxs ona narkotik vasitələrin hər bir qramına görə 1 manat pul göndərəcəyinə söz vermişdir. O, Əlinin dediyi qaydada narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri Yasamal rayonu ərazisindən götürmüşdür.Həmin vasitələri göstərilən ünvanlara çatdırmaq üçün axşam saatlarının olmasını gözləmişdir. 26 avqust 2021-ci il tarixdə saat 01:40-da ünvan 4 ünvanının yaxınlığında hərəkət etdiyi zaman üç nəfər mülki geyimli şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət etmişdirlər. Polis Şöbəsində ona müdafiəçi təqdim edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş və o, sağ əlində saxladığı həmin torbam polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbanın içərisində bir bükümdə narkotik vasitə heroin digər bir ədəd bükümdə psixotrop maddə metamfetamin olmuşdur. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən ona məxsus «Samsung» markalı mobil telefon və 2 manat pul aşkar edilmişdir. Göstərilən əşyalardan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Torbada olan narkotik vasitə və psixotrop maddə tərəzi ilə çəkildikdən sonra qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, narkotik vasitə aldığı şəxsi tanımır, onunla görüşməmişdir, sonradan yalnız telefon vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitə və psixotrop maddələri dediyi yerdən götürərək daşımış, həmin şəxsin anket məlumatlarını harada yaşadığını bilmir, yalnız onun İran İslam Respublikasının vətəndaşı olmasını və adının «Əli» olmasını bilir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində polis kapitanı xüsusi rütbəsi ilə xidmət edir. 25 avqust 2021-ci il tarixdə ona ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı verilmişdir. Həmin məlumat Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun və X2 Şöbəsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri o özü, üzvləri isə Şahid2 və Şahid3 təyin edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 26 avqust 2021-ci il tarixdə saat 01:30-da ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Bundan sonra müvafiq araşdırmanın aparılması təhqiqatçı polis kapitanı Nizami Omarova həvalə edilmişdir. Üzərində şəxsi axtarış və götürmə aparılmış, həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşayiət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı içərisində 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və 1 bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olan sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs Daşqm oğlu təqdim etdiyi heroin və metamfetaminin özünə məxsus olduğunu, həmin maddələri İran vətəndaşı «Əli» adlı şəxin vasitəsi ilə 25 avqust 2021-ci il tarixdə əvvəlcədən təyin edilmiş yerdən yəni Bakı şəhəri Yasamal rayonu ərazisindən götürdüyünü sonradan isə həmin narkotik və psixotrop maddələri müəyyən ünvanlara qoyaraq şəklini İran vətəndaşı «Əli» adlı şəxsə göndərəcəyini və gördüyü işin müqabilində ona müxtəlif məbləğlərdə pul göndərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və ibidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid3 da öz ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, anası, qardaşı və öz ailəsi ilə birlikdə kirayədə yaşayırlar. “Baxçasaray” şadlıq sarayında xidmətçi işləmişlər. Təqsirləndirilən şəxsnun narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatı olsada həmin maddələrin satışı ilə məşğul olması barədə onun və ailə üzvlərinin heç bir məlumatları olmamışdır. Təqsirləndirilən şəxs heç vaxt yaşadıqları evə narkotik vasitə və psixotorp maddə gətirərək saxlamamışdır. Qardaşı Şamil ona metronun «Həzi Aslanov» stansiyası yaxınlığında saxlanıldığını bildirmişdir, lakin polis əməkdaşları qardaşını Yasamal rayonunda saxlamılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində oğlu Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 avqust 2021-ci il tarixli, 6/3713 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7» dairəvi möhür əksi olan « Təqsirləndirilən şəxs təqdim etdiyi» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 300,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 700,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-700,0 qram, tədqiqata sərf edilən miqdar 0,05 qram, qalıq- 699,95 qram. Metamfetaminin təmiz çəkisi -300,0 qram,tədqiqata sərf edilən miqdar 0,05 qram, qalıq 299,95 qram. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ambulator-psixiatrik ekspertizasının 06.12.2021-ci il tarixli, 2899 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxsxasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 10.11.2021-ci il tarixli, 4386 nömrəli rəynə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 avqust 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin gün saat 02:20-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən o, sağ əlində saxladığı içərisində bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və bir bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olan sellofan torbanı təqdim etmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən şalvarının sağ yan gibindən bir ədəd Samsug markalı mobil telefon və 2 manat pul aşkar edilmişdir. Əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində aparılan videogörüntüləri özündə əks etdirən «DVD» diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra sağ əlində saxladığı içərisində bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və bir bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olan sellofan torbanı təqdim etmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon və 2 manat pul aşkar edilmişdir. Əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin çəkiləri ölçüldükdən sonra zərfin içərisinə qoyularaq üzərində müvafiq qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən «Samsung» markalı mobil telefon götürülmüş, 2 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroin və metamfetaminin özünə məxsus olduğunu, həmin maddələri 4 ay bundan qabaq tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə 25 avqust 2021ci il tarixdə əvvəlcədən təyin edilmiş yerdən yəni Bakı şəhəri Yasamal rayonu ərazisindən götürdüyünü sonradan isə həmin narkotik və psixotrop maddələri müəyyən ünvanlara qoyaraq şəklini İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxsə göndərəcəyini və gördüyü işin müqabilində sonuncunun ona müxtəlif məbləğlərdə pul göndərdiyini bildirmişdir. 26 avqust 2021-ci il tarixli Təqsirləndirilən şəxs məxsus mobil telefon aparatına baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs +**********22 saylı nömrədən istifadə edən adı «Əli» olaraq qeyd edilmiş şəxslə 24 avqust 2021-ci il saat 21:30-dan başlayaraq qarşılıqlı olaraq bir-birilərinə səsli mesaj vasitəsi ilə danışıq aparmışlar. Səsli mesajlardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cənubi azərbaycanlılara məxsus ləhcə ilə danışaraq ona müəyyən yerlərə gedərək adı qeyd olunmayan əşyanı götürmək və ya başqa bir yerə qoyduqdan sonra ona xəbər etmək və əşyanın qoyulduğu yerin şəklini ona atmaq tələb edilmşdir. Əli adlı şəxsin göstərişi ilə Təqsirləndirilən şəxs onun göstərdiyi yerlərə gedərək adı çəkilməyən əşyanı gizlətdikdən sonra yerini Əli adlı şəxsə göndərir və sonuncu sifariş edən şəxslərə həmin yeri ataraq oradan həmin əşyanın götürülməsini təmin edir. Həmçinin «Əli» adlı şəxsin göstərişi ilə qoyulacaq əşyanın miqdarı qısa olaraq «5k,6 k,5 k» olaraq yazılır. Təqsirləndirilən şəxs «Əli» adlı şəxsin göstərişi ilə göstərilən miqdarda «daş» adlanan əşyanı düzəldərək gizlətdikdən sonra həmin yerin şəklini çəkərək «Əli» adlı şəxsə göndərir. İlkin olaraq atılan səs yazısında əşyanın götürüləcəyi ünvan «Həzi Aslanov məktəbin yanında olan stolbanm dibi» olaraq qeyd edilir. Təqsirləndirilən şəxs səs yazısında «Əli» adlı şəxsə həmin əşyanı tapıb əziyyətlə götürməsini bildirir. Sonuncu atılan səsdə isə Bakı şəhəri Yasamal rayonu ərazisində «20 Yanvar» istiqamətində yerləşən avtobus dayanacağının kənarında olan yer əşyanın qoyulduğu yer kimi şəkili çəkilərək «Əli» adlı şəxsə göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, məhkəmə iclasında istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək üzərində narkotik vasitələrin olmadığını, heç vaxt narkotik vasitənin satışı, çatdırılması ilə məşqul olmamasını, ona təzyiqlər göstərməklə ifadə almalarını bildirməkdə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, video görüntülərin keçirilməsi barədə protokol, özünün istintaq zamanı vermiş olduğu etirafedici ifadələri, telefon danışıqları və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61 və 59-cu maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Yasamal Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq çəkisi 699,95 qram heroin və 299,95 qram metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefon anası Şahid5 qaytarılmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» markalı diskə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Yasamal Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 699,95 qram heroin və 299,95 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məxsus mobil telefon anası Şahid5 qaytarılsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» markalı diskə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-777/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-777/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver