Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-777/2024 07.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 2003-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Hazırkı cinayət işi 08 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq iki ədəd bükümdə təmiz çəkisi 32,098 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlayaraq ünvan 4 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 22 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada 23 fevral 2023-cü il tarixdə saat 00:04-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümlərdə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 14,731 qr. və 17,367 qr. olmaqla, ümumi təmiz çəkisi 32,098 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə 12 iyun 2024-cü il tarixli məhkəmə iclasından sonra məhkəmə tərkibinin 24 iyun 2024-cü il tarixdən etibarən 1 ay müddətinə əmək məzuniyyətinə çıxması səbəbindən növbəti məhkəmə iclası 07 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərkibi əmək məzuniyyətindən qayıtdıqdan sonra keçirilən ilk məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının bəzi müddəaları müzakirəyə çıxarılmış və həmin müddəalar üzrə qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Ali Məhkəmə Plenumunun həmin qərarının 5-ci bəndinin dördüncü abzasına əsasən, narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qeyd olunan məsələyə münasibət bildirən Dövlət ittihamçısı2 Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məlum qərarında məhkəmə aidiyyəti haqqında müddəaya istinad edərək, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində saxlanıldığını, bununla da cinayət əməlinin həmin anda başa çatdığını, bu səbəbdən cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalı olduğunu bildirdi və işin məhkəmə aidiyyəti üzrə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 cinayət işinin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirdilər, Təqsirləndirilən şəxs onların mövqeyi ilə razı olduğunu qeyd etdi. Məhkəmə göstərilən məsələ ilə əlaqədar proses iştirakçılarının fikirlərini dinləyib və iş materiallarını nəzərdən keçirərək aşağıdakıları qeyd etməyi lazım bilir: Təqsirləndirilən şəxs verilmiş ittihama görə, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq iki ədəd bükümdə təmiz çəkisi 32,098 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlayaraq ünvan 4 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 22 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən yuxarıda qeyd olunan psixotrop maddə ondan aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 18 sentyabr 2020-ci il tarixli və «Azərbaycan Respublikası Konstitusiyasının 62ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 25 sentyabr 2023-cü il tarixli Qərarlarında uzanan cinayətin əlamətlərini və bütün elementlərini vurğulayaraq qeyd etmişdir ki, uzanan cinayət əməli (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində başa çatır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə uyğun olaraq, alternativ tərkibli uzanan cinayətlərə dair işə cinayətə son qoyulduğu yerin yurisdiksiyasına aid olan məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nın 8-1.9-cu bəndində Sumqayıt şəhəri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi göstərilmişdir. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında qeyd olunmuş müddəalara uyğun olaraq, Təqsirləndirilən şəxs törədilmiş əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində ünvan 4 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxanılmış və həmin andan cinayət başa çatmış hesab edilir. Bununla bağlı həmin əməl üzrə məhkəmə aidiyyəti məsələsi cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1, 74.2.1, 74.2.2, 75 və 321-ci maddərinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair 1(101)-777/2024 nömrəli cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Qərarın surəti cinayət prosesinin iştirakçılarına və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməsi üçün onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov