Məhkəmə qərarları › İş №1(101)-779/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-779/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-779/2024 01.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, zərər çəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1996-cı il tarixdə Naxçıvan MR, Şərur rayonu, Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Yeni Havuş ə/d, Xətai kəndində qeydiyyatda olan və Bakı şəhəri, Abşeron rayonu, Məhəmmədli kəndində yaşamış, 05 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 aprel 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmiş, 22 noyabr 2023-cü il tarixdə tutulmuş və faktiki 22 noyabr 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs onun tərəfindən alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobil ilə yol hərəkət qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə, saat 02 radələrində alkoqollu içkilərin qəbulu nəticəsində orta dərəcədə sərxoş halda idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz - C180“ markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Balaxanı yolu ilə üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən, «X6» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməli, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli və bununla bağlı mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə əməl etməmiş, mövcud şəraitdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Balaxanı yolu ilə üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən, avtomobilin qabaq hissəsi ilə Balaxanı qəsəbəsinə dönən yolun sol zolağında işıqforun qırmızı işığında dayanmış MAZ markalı, 99JV846 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə ehtiyatsızlıqdan toqquşmuş, nəticədə idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs Fərhad oğlunun ikitərəfli hemopnevmotoraks (döş boşluğuna qan və havanın yığılması), ağciyərlərin və qaraciyərin əzilmiş-cırılmış yaraları, sağ tərəfli İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ, sol tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların yerini dəyişən qapalı-qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, sol bud sümüyünün qapalı qəlpəli sınığı, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölümünə səbəb olmuşdur, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan, alkoqol sərxoşluğu vəziyyətində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək yol nəqliyyat hadisəsi törədərkən içkili (sərxoş) olmadığını bildirib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində hadisənin törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, «Mercedes» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili keçən ilin noyabr ayından icarəyə götürüb etibarnamə ilə idarə etmişdir. Eyni zamanda həmin avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi də olmuşdur. 04 aprel 2023-cü il tarixdə, axşam saat 21:00-da Məhəmmədli qəsəbəsində yaşayan Roman adlı qohumunun evində qonaqlıqda olan zaman orada bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün saat təxminən 22:30-da yaxın qohumu olan Həsənov X4 mobil nömrəsinə zəng etmiş və işdən tez çıxdığını bildirmişdir. Roman da Mənafa “İsmayıl da bizdədir, yemək yeyirik” demişdir. Bundan sonra Roman mobil telefonu ona vermiş və o, Mənafla danışarkən sonuncu ona işdən tez çıxdığını, Romangilin evinə gəlmək istədiyini bildirmişdir. O, Mənafa etiraz etməmiş, bir müddət sonra Mənaf da gəlmiş və birlikdə yemək yeyib söhbət etmişlər. Həmin vaxt başqa bir tanışı ona zəng edərək onu Əhmədli qəsəbəsinə çay içməyə dəvət etmişdir. O, razılaşaraq getmək istəyərkən Mənaf onu da aparmağını xahiş etmiş və onlar ikisi birlikdə ona məxsus avtomaşınla Əhmədli qəsəbəsinə gəlmiş və o, orada da bir bokal pivə içmişdir. 05 aprel 2023-cü il tarixdə, saat təxminən 02:10 radələrində evə qayıtmaq üçün kafedən çıxmış, Mənaf avtomaşınının qabaq sağ oturacağında əyləşmişdir. Sabunçu rayonu Zabrat-Balaxanı yolunda üzü Zabrat istiqamətində idarə etdiyi «Mercedes» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanmış MAZ markalı, 99-JV- 846 qeydiyyat nişanlı avtomaşını arxadan vuraraq qəza törətmişdir. Həmin vaxt bərk spirtli içkinin təsirindən sükan arxasında anidən yuxuya getdiyindən qəzanın neçə baş verdiyini xatırlamamışdır. Möhkəm zərbədən sonra ayıldıqda yük maşınına cırpıldığını görmüşdür. Həmin vaxt orada tanımadığı insanlar və polis əməkdaşları olmuşlar. Həmin vaxtı bərk sərxoş olduğundan sonradan baş verənləri xatırlaya bilməmişdir. Mənafın avtoqəza zamanı aldığı xəsarətlərdən hadisə yerində ölməsini ertəsi gün bilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, o, hadisə zamanı avtomobilini təxminən 90-100 km/saat sürətlə hərəkət etdirmişdir. Hadisədən bir qədər əvvəl qəbul etdiyi spirtli içkinin təsirindən anidən yuxuya getdiyindən qəzanın neçə baş verdiyini görməmişdir. Hadisədən əvvəl avtomobili saz vəziyyətdə olmuşdur. Hadisə zamanı avtomobilində onun özündən və Mənafdan başqa heç kim olmamışdır. Hadisədən əvvəl spirtli içki qəbul etmiş, hadisə zamanı o özü xəsarət almamışdır (iş vərəqə: 123-125). İfadənin elan və tədqiqindən sonra suallar ətrafında dindirilən Təqsirləndirilən şəxs göstərdi ki, hadisədən sonra şok vəziyyətində olmuş, səhər saat 8-də Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində (MSY) ayılmışdır. O, hadisədən əvvəl spirtli içki istifadə etməmiş, sadəcə şokda olmuşdur. Elan olunan ifadəsini verərkən ağrıları olmuş və ifadəsini oxumadan qol çəkmişdir. Xəsarətləri yalnız əziklərdən ibarət olmuşdur. İbtidai istintaqda verdiyi ifadəni ümumilikdə təsdiq etsə də, hadisəni içkili olduğu vəziyyətdə törətdiyini qəbul etmir. Hadisədən əvvəl avtomaşını 60-70 km/saat sürətlə idarə etmiş, sürət həddini aşmamışdır. Sadəcə yuxlamış və hadisə baş vermişdir. Sükan arxasında yuxuya getdiyindən hadisənin təfərrüatı yadında qalmamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X5 ifadəsində göstərdi ki, mərhum oğlu Mənaf ailəli olmuş, iki uşaq atası olmuşdur. Hazırda Mənafın ailəsi onlarla birlikdə yaşamaqdadır. Mənaf idmançı olmuş, diplomlar qazanmış, qətiyyən spirtli içki içməmişdir. Hadisə günü işdən evə gələrkən usta işləyən mərhum oğlu Mənafa yoldaikən zəng edib danışmış, yolda olduğunu, gələcəyini bildirmişdir. Sonra isə yorğun olduğu üçün evə gedib yatmışdır. Bildiyi qədər oğlu Mənafla Təqsirləndirilən şəxs evlərinin yanında rastlaşıb birlikdə getmişlər. Yuxudan oyananda oğlunun evə gəlmədiyini görüb onun telefonuna zəng etmiş, lakin onun telefonu bağlı olmuşdur. Sonra polis idarəsindən ona zəng edib oğlunun qəzaya düşdüyünü bildirmişlər. Zərər çəkmiş şəxsin hüquqi varisi Fəhrad Həsənov ifadəsinin davamında göstərdi ki, onlar yaxın qohumdurlar, o, və İsmayılın atası əmioğludurlar. Təqsirləndirilən şəxs tərəfindən onlara heç bir maddi köməklik olmamış, onların maddi yardım etmələrini onlar özləri istəməmişlər. Şikayət etməsinin mənası olmadığını fikirləşib, qohumluq münasibətinə görə şikayət etmək istəməmiş və tələbi də yoxdur. Həmçinin aralarında barışıq olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs anası Şahid1 məhkəməyədək icraat mərhələsində vekrdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərdi ki, 05 aprel 2023-cü il tarixdə oğlunun ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs onlarla qohumdur, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 04 aprel 2023-cü il tarixdə saat təxminən 21 radələrində qonşuluqda yaşayan bacısının evinə getmiş, Təqsirləndirilən şəxs bacısıgildə sərxoş vəziyyətdə olduğunu görmüşdür. Bir az oturub sonra yaşadığı evə qayıtmışdır. Həmin gecə, 05 aprel 2023-cü il tarixdə, saat 00:30 radələrində həyat yoldaşı Fəhrad Həsənov evə gəlmiş, sonuncu İsmayılın idarə etdiyi avtomobilin bacısının yaşadığı evin darvazasının qarşısında olmasını gördüyünü bildirmişdir. O, Fərhada İsmayılı gördüyünü, onun sərxoş halda olduğunu demişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, həmin gecə oğlu Mənaf evə gəlmədikdə onun mobil telefonuna zəng etmiş və zəngə cavab verən polis əməkdaşı oğlu Mənafın yolnəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və Sabunçu 3 saylı xəstəxanasına yerləşdirildiyini bildirmişdir. Sonradan hadisənin təfərrüatları barədə maraqlandıqa 05 aprel 2023-cü il tarixdə, saat 02:50 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes C 200“ markalı **-DF-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat- Balaxanı yolu ilə üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətməsi, onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə qırmızı işıqda dayanmış MAZ markalı **-JV-*** qeydiyyat nişanlı avtomaşını arxadan vurması və nəticədə onun yanında qabaq sağ oturacaqda əyləşmiş oğlu Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərdən hadisə yerində ölməsi məlum olmuşdur. Cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə iştirakı təmin olunmadığından onun ibtidai istintaqda vermiş olduğu şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin məxsus avtomobil qarajında sürücü işləyir. Həmin qaraj Bakı şəhəri, Xətai rayonu, NZS qəzəsəsində yerləşir. 2008-ci il tarixdən Bakı şəhəri İcra Hakimiyyətinə məxsus olan “MAZ” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yol vərəqəsi əsasında özünə məxsus BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. İdarə etdiyi yük avtomobili ilə xidməti vəzifəsinin icrası ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində məişət tullantılarını yığır. 05 aprel 2023-cü il tarixdə saat 02:50 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində işini bitirib, yəni ərazisindəki məişət tullantılarını yığıb işini bitirdikdən sonra Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən zavoda getmişdir. Bu zaman, Balaxanı qəsəbəsinə dönən yolun sol tərəfində işıqforun qırmızı işığında dayanmışdır. Elə bu zaman arxadan avtomilinə nəsə dəydiyini hiss etmişdir. Dərhal avtomaşından düşüb arxaya baxdıqda görmüşdür ki, Mersedes markalı minik avtomobili qabaq hissəsi ilə onun idarə etdiyi MAZ markalı avtomobilin arxa hissəsinə zərblə toqquşaraq dayanmışdır. Həmin vaxt hadisə yerinə ətrafdan insanlar toplaşmış və bir neçə dəqiqə sonra Təcili Tibbi yardım briqadası hadisə yerinə gəlmişdir. Hadisə zamanı Mersedes markalı avtomobilin sürücüsü yüngül xəsarətlərlə avtomaşından çıxsa da yanında qabaq oturacaqda əyləşən tanımadığı şəxs hadisə yerində ölmüşdür (iş vərəqə: 63-64). Məhkəmə baxışı zamanı tədqiq olunan «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi 05 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Balaxanı yolu ilə üzü Zabrat qəsəbəsi istiqamətində Balaxanı qəsəbəsinə dönən yolun sol zolağında baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuş və hadisə yerinin müayinəsində iştirak etməklə hadisə yerindən yayınmamışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, baxış prosesində hadisə yerinin sxemi hazırlanmış, təyinata uyğun müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur (iş vərəqə: 05-15). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan 05 aprel 2023-cü il tarixli 1/1184 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxsn protokol tərtib olunan həmin gün saat 03:30-da müayinə olunmuş və onda hadisə zamanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. Həmin protokolun 10-cu bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs sorğulara cavab verərkən sonuncu dəfə araq içdiyini bildirmişdir (iş vərəqə: 60). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNnin səlahiyyətli orqanının verdiyi 04 may 2023-cü il tarixli, 82/1448 saylı məktubundan görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus BA421659 nömrəli sürücülük vəsiqəsi xx.xx.2022-ci ildən xx.xx.2032-ci il tarixədək aktivdir və informasiya bazasında onun sürücülük hüququnun məhdudlaşdırıması barədə məlumat aşkar edilməmişdir (iş vərəqə: 79). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 01 may 2023-cü il tarixli, 101 nömrəli rəyindən aşağıdakılar görünür:

1. Mərhum Zərərçəkmiş şəxs Fərhad oğlunun meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: ikitərəfli hemopnevmotoraks (döş boşluğuna qan və havanın yığılması). Ağciyərlərin və qaraciyərin əzilmiş-cırılmış yaraları. Sağ tərəfli İİ-İİİ-İV-V-Vİ-Vİİ- Vİİİ, sol tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların yerini dəyişən qapalı-qəlpəli sınıqları və həmin səviyyədə döv plevrasının cırılması. Sol bud sümüyünün qapalı-qəlpəli sınığı. Döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları. - Xəsarətlər həyati olub Zərərçəkmiş şəxs ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.

2. Mərhum Zərərçəkmiş şəxs Fərhad oğlunun ölümünə səbəb almış olduğu travma kompleksi nəticəsində inkişaf etmiş ağır travmatik-hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir.

3. Mərhum Zərərçəkmiş şəxs Fərhad oğlunun meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (iş vərəqə: 74-78). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 21 iyul 2023-cü il tarixli, 8/1910 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, «Mercedes Benz» C200 markalı, 90DF791 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X6» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90-100 km/sat sürətlə idarə etdiyindən onun hərkətlərində «X6» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (iş vərəqə: 99-102). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası DİN-nin X2 Xidmətinin Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-009 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerası tərəfindən qeydə alınmış videogörüntülərin olduğu bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 01 may 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı MAZ markalı, 99JV846 dövlət qeydiyyat nişanlı avtomobil hər biri 03 zolaqdan ibarət iki tərəfli yolun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Balaxanı yolu ilə üzü Zabrat qəsəbəsi istiqamətində sağdan üçüncü zolağı ilə hərəkət edərək yolayrıcında işıqforun qırmızı işığında dayanır. Həmin hərəkət zolağı nəqliyyat vasitələrinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə dönməsini təmin edən zolaqdır. MAZ markalı, 99JV846 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı hərəkət zolağı ilə, arxadan hərəkət edən yol-nəqliyyat hadisəsinin digər iştirakçısı “Mercedes Benz C200“ markalı 90DF791 dövlət qeydiyyat nişanlı avtomobil yüksək surətlə hərəkət edərək qabaq hissəsi ilə MAZ markalı avtomobilin arxa hissəsi ilə zərblə toqquşur. Toqquşma nəticəsində “Mercedes Benz C200“ markalı 90DF791 dövlət qeydiyyat nişanlı avtomobilin görünən hissəsinin deformasiyaya uğradığı müəyyən edilir. Toqquşmadan əvvəl “Mercedes Benz C200“ markalı avtomobilin hadisənin qarşısını almaq üçün əyləcdən istifadə etməsi, hərəkət sürətini azaltması və ya digər manevr etməsi müəyyən edilmir. Toqquşma nəticəsində “Mercedes Benz C200“ markalı 90DF791 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətsiz vəziyyətdə qalır. Hadisə baş verdikdən sonra həmin yolda hərəkət edən nəqliyyat vasitələri avtomobilləri saxlayaraq toqquşma yerinə axışıb hərəkətsiz vəziyyətdə qalan “Mercedes Benz C200“ markalı 90DF791 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında əyləşən sərnişinə kömək etmək üçün avtomobilin sağ qabaq qapısını açmağa cəhd edirlər (iş vərəqə: 72- 73). İbtidai istintaq orqanının tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 31 avqust 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN-nin X2 Xidmətinin Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-009 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerası tərəfindən qeydə alınmış videogörüntülərin olduğu bir ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 131- 138). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadələrində yolnəqliyyat hadisəsi törətməsinədək spirtli içkilər qəbul etməməsi və yol-nəqliyyat hadisəsi törədərkən sərxoş olmaması, sadəcə hadisə ərəfəsində yuxulaması nəticəsində hadisənin baş verməsi barədə göstərilənlər məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirilir. Belə ki, ilk növbədə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə baxılan iş üzrə yol-nəqliyyat hadisəsinin baş verməsindən az bir müddət sonra – həmin gün saat 03:30-da sərxoşluq hallarının təyini ilə bağlı tibbi müayinədən keçirilmiş və onun hadisə zamanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu aşkar edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində hadisənin mahiyyəti üzrə bir neçə dəfə ifadə vermiş, lakin özünün müdafiəsi üçün heç bir dəlil gətirməyərək özünü təqsirli bilmiş, o cümlədən yol-nəqliyyat hadisəsindən dərhal sonra ilk olaraq verdiyi, həmçinin ibtidai istintaqın sonunadək verdiyi bütün ifadələrində yol-nəqliyyat hadisəsinədək spirtli içkilər qəbul etdiyini və yol-nəqliyyat hadisəsi törədərkən bərk sərxoş olması səbəbəindən anidən yuxuya getdiyini səmimi etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinədək sərxoş vəziyyətdə olmasını iş üzrə dindirilmiş Şahid1 da təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 98). Cinayət işinin məhkəməyədək icraatı mərhələsində zərər çəkmiş şəxsin hüquqi varisi X5 istintaq orqanına ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsinin nəzərə alınmasını və onun qanuna müvafiq cəzalandırılmasını xahiş etmişdir (iş vərəqə: səh. 89). Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X5 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı maddi və mənəvi tələbinin olmadığını bildirmiş, lakin təqsirləndirilən şəxslə barışıq əldə olunmadığını qeyd etmişdir. Odur ki, məhkəmə qeyd olunan bu halı təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilməz. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 2017 və 2020-ci il təvəllüdlü iki nəfər azyaşlı uşağı vardır ki, qeyd olunan bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1 və 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, ehtiyatsızlıqdan da olmuş olsa belə, ağır cinayət törətməsi, alkoqol sərxoşluğu vəziyyətində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi onun islahının yalnız azadlıqdan məhrum etmə cəzası təyini yolu ilə mümkünlüyünə dəlalət edir. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri rəhbər tutulmalı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə ittiham olunduğu maddənin sanksiyası çərçivəsində, cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla 5 ildən yuxarı azadlıqdan məhrum etmə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulmasını nəzərə almalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 1 (bir) gün, yəni 06 aprel 2023-cü il tarixədək həbsdə saxlanılmış, 06 aprel 2023-cü il tarixədə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu məsələ ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 06 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növü ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi məhkəməyə verildikdən sonra hazırlıq iclası keçirilənədək o, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin şərtlərini pozub məhkəmə iclaslarına gəlmədiyindən və məhkəmədən gizləndiyindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2023-cü tarixli qərarına əsasən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan olunmuşdur. Təqsirləndirilən şəxs axtarış nəticəsində 22 noyabr 2023-cü il tarixdə tutulmuş, barəsində həbs qətimkan tədbiri tətbiq olunmaqla məhkəməyə təqdim edilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz həbsdə saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdən fasiləsiz həbsdə olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, təyin olunan qəti azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli Təqsirləndirilən şəxs axtarış nəticəsində tutulub həbsə alındığı 22 noyabr 2023-cü il tarixdən də hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 22 noyabr 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan azadlıqdan məhrum etmə ilə bağlı cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin X2 Xidmətinin Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-009 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerası tərəfindən qeydə alınmış videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 06 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunan 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli axtarış nəticəsində tutulduğu və barəsində həbs qətimkan tədbiri tətbiq olunduğu 22 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin X2 Xidmətinin Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-009 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerası tərəfindən qeydə alınmış videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə məhkəmə məsrəfləri - 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar