Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-779/2025 12.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçiı oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:30-da baçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan “Əli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əvvəlcədən aralarındakı razılığa əsasən onun istifadəsində olan ***-***-**-** nömrəli “Samsung” markalı mobil telefonun “WhatsApp Business” ani mesajlaşma proqramı vasitəsi ilə “Əli” adlı şəxsin +98 905 997 93 28 nömrə ilə əlaqə saxlayıb istintaqa məlum olmayan şəxs tərəfindən fotoşəkilə uyğun olaraq ünvan 4 ünvanda yerləşən yaşayış binasının qarşısında olan ağacın altına qoyulmuş külli miqdarda təmiz çəkisi 2730,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Xətai RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat tədbirləri nəticəsində 04 avqust 2024-cü il tarixdə saat 00:20-də ünvan 4 ünvanın yaxınlığında saxlanılıb ünvan 5in inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə zamanı üzərində olan göy rəngli sellofan bağlamada olan külli miqdarda təmiz çəkisi 2730,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı ***-***-**-** nömrəli mobil telefon aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 2.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, tutulmazdan 4-5 gün əvvəl “instagram”da iran vətəndaşı ona yazaraq öz nömrəsini vermiş və bundan iki gün sonra o, özü marixuana üçün iran vətəndaşına yazmışdır. Onlar yüz qrama razılaşmışlar və razılıqlarına əsasən ona marixuana lazımdırsa yolladığı “konum”dan gedib götürməli olmuşdur. Bundan sonra, Qaraçuxur ərazisində Mahirlə görüşmüşlər və Mahirə Əhmədlidə işinin olduğunu, bir nəfər şəxslə görüşəcəyini bildirmişdir. Əhmədli ərazisində ünvana çatan vaxt iranlı ona yazaraq “konum”ları səhv saldığını və dəyişəcəyini bildirmişdir. Həmin vaxt Mahir ondan təxminən 10 metr uzaqlıqda olmuşdur. Sonra 11-12 nəfər polis əməkdaşları yaxınlaşaraq onları saxlamış və hər ikisini 34-cü polis bölməsinə aparmışlar. Bölmədə ona göy rəngli sellofanı verərək “sənindir” demişlər. Əvvəlcə 6.5 kiloqram, sonra iki kiloqram səkkiz yüz, daha sonra isə iki kiloqram yeddi yüz qram olduğunu demişlər. Bu zaman o, yüz qrama qol çəkəcəyini, ona razı olduğunu demiş, sonra ona ailəsi ilə hədəqorxu gələrək anasını və həyat yoldaşını da bu işə qoşacaqlarını bildirmişlər. Onda sümük xərçəngi olması və ağrıları olması səbəbindən marixuanadan istifadə etmişdir. O, heç kimə narkotik satmamışdır. Marixuananı məhəllələrindəkilərdən almış, sonra məhəllədə olan narkotik satanı tutmuşlar. İranlı ilə ilk dəfə danışmış və iranlı ona aşağı qiymət dediyindən razılıq vermişdir. İranlı ünvanı ona saat 9 radələrində göndərmiş, o da Mahirlə Qaraçuxurda görüşərək saat 10-dan sonra ünvana getmiş, yolları təxminən 15 dəqiqə olmuş və gecə saat 11-in yarısında ünvanda olmuşlar. İranlı narkotikin qiymətini səhv etmirsə 250 manat demiş və narkotiki 3-4 aylıq istifadə üçün almışdır. Razılıqlarına əsasən narkotiki götürəndən sonra pulunu ödəyəcəkdir. O, İranlının sosial şəbəkədə adının necə olduğunu xatırlamır, səhifənin adı narkotiklə bağlı olmamışdır. Başına gəlmədiyindən ona kiminsə sosial şəbəkədən marixuana satması barədə yazmasından şübhələnməmişdir. Mahirin onun nə üçün getdiyindən məlumatı olmamışdır. Saxlanılan zaman onun üzərində telefon olmuşdur. Hadisə yerində heç bir çəkiliş aparılmamışdır. O, getdiyi ünvanda göy yox, qara sellofan olmuşdur. O, videoçəkilişdə yüz qram üçün getdiyini, iranlı ilə əlaqə saxladığını və səhv narkotik verdiyini demiş, həmin videonu saxlayıb-saxlamadıqlarını bilmir. Videoçəkilişdə qol çəkdiyindən məcbur olaraq sellofan bağlamanın onun olduğunu demişdir. Çəkilişdə vəkil iştirak etmiş, vəkilə narkotikin onun olmadığını demiş, vəkil də müstəntiqin araşdıracağını və günahsızlığının üzə çıxacağını demişdir. Onu tutan zaman baseball taxtası ilə vurmuşlar. Vurulmağına səbəb polislərə diz çökməməsi olmuşdur. Ona olan zorakılıqla bağlı şikayət etməmişdir. Təcridxanaya daxil olarkən onu yoxlamadan keçirmişlər, xəarəti aşkar edilməmiş, amma “baseball” taxtası ilə onun belində olan yırtığa vurmuşlar. O, tutulmazdan əvvəl “Bayraq” Meydanında maşınlara nəzarətdə işləmiş, Mahirlə 2023-cü ildə altı ay birlikdə işləmiş və dostluqları da ondan sonra davam etmişdir. Narkotikdən 2023-cü ildən istifadə etmişdir. Mahirlə biri-biriləri ilə söhbət əsnasında hər ikisinin narkotik istifadə etdiklərini bilmişlər. 3.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, əvvəllər məhkum olunmamış, ailəsi ilə birlikdə yaşayır və parkinq nəzarətçisi işləyir. 1 ildir ki, narkotik vasitə hesab edilən qurudulmuş marixuananı özü üçün alıb istifadə edir. Təxminən 4-5 gün tutulmamışdan öncə “İnstagram” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Əli” adlı şəxslə tanış olmuş və həmin şəxs ona narkotik maddə olan “Marixuana” almağını təklif etmişdir. O, Əli adlı şəxslə razılaşaraq istifadəsində olan +99***-***-**-** saylı mobil nömrə ilə Əli adlı şəxsin istifadəsində olan +98***-***-**-** nömrə ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə danışaraq narkotik maddə olan “Marixuana” almaq üçün razılaşmışdır. Əli adlı şəxsə özü üçün təqribi olaraq 100 qram çəkidə narkotik maddə olan “Marixuana” almaq istədiyini bildirmiş, sonra Əli adlı şəxs “WhatsApp” vasitəsi ilə xx.xx.2024-cü il tarixdə yer bildirimi ataraq oradan qeyd olunan çəkidə narkotik vasitəni əldə edə biləcəyini bildirmişdir. O, yer bildirimi əsasında ünvan 6 ünvanın qarşısına taksi ilə gəlmiş, orada qeyd olunan yerə yaxınlaşan zaman narkotik maddənin çəkisinin çox olmasını görüb Əli adlı şəxslə “WhatsApp” vasitəsi ilə əlaqə saxlamış, Əli adlı şəxs ona qeyd olunan göy rəngli torbada olan narkotik maddəni götürməyini bildirib daha sonra əlaqə saxlamağını tələb etmişdir. O, Əli adlı şəxslə razılşaraq orada olan göy rəngli sellofanda narkotik maddə olan “Marixuana”-nı götürmüşdür. Oradan uzaqlaşan zaman 2 nəfər polis əməkdaşı yaxınlaşaraq, özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirərək, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etmədən həmin şəxslərlə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri elan olunduqdan, sonra ona dövlət hesabına dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə axtarış və götürmə aparılacağı bildirilmişdir. Bundan sonra polis əməkdaşları, dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə ona üzərində qanunla daşınması, dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, predmet və sairə təqdim olunması təklif olunduqdan, sonra o, əlində saxladığı bir ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin kütlə barədə ondan soruşduqda «nəşə» kimi bildiyi narkotik vasitə qurudulmuş marixuana olmasını və özü istifadə etmək məqsədi ilə alıb üzərində daşıyaraq, saxladığını bildirmişdir. Sonra üzərindən 01 ədəd özünə məxsus olan “Samsung” markalı mobil telefon, 01 ədəd bank kartı və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd göy rəngli sellofan torbaya bükülmüş büküm elektron tərəzidə çəkilmiş və 2 kq 880 qram olması müəyyən olunmuşdur. Sonra bu barədə protokol tərtib olunmuş, aşkar olunmuş kütlə qablaşdırılmış, sonra isə protokol tərtib edilərək iştirakçıların və onun tərəfindən imzalanmışdır. Narkotik vasitənin satışı ilə məşğul olmur, narkotik vasitəni əldə etdiyi şəxslə yalnız telefon vasitəsi ilə danışmış və həmin şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi Əli adı ilə təqdim etmişdir. Buna görə də Əli adlı şəxsin heç bir anket məlumatlarını bilmir, yaşadığı evdə və ya başqa yerdə narkotik vasitə saxlamır, ümumiyyətlə üzəridən aşkar olunmuş narkotik vasitədən başqa heç yerdə narkotik vasitə saxlamır. Saxlanılan vaxtı və polis şöbəsində ona qarşı heç bir zor və ya təzyiq olunmamışdır. xx.xx.2024-cü il tarixdə saat 00:20-də Xətai rayonu, Neapol küçəsi 41 saylı ünvanın qarşısında polis əməkdaşları onu saxlayan zaman yanında Şahid3 olmuşdur, lakin Şahid3 üzərindən narkotik vasitə aşkar edilmədiyindən onu narkoloji müayinədən keçirərək barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs tədbiri seçilmişdir. Əli adlı şəxslə o danışmış və təyin edilmiş yerdən narkotik vasitəni o, götürmüşdür, lakin polis əməkdaşları onu saxlayan zaman Mahir kənarda dayanıb onu gözləyirmiş. Həmçinin Mahiri özü ilə həmin yerə ona görə aparmışdır ki, aldığı narkotik vasitədən Mahirə də verəcəkmiş (İ cild, səh. 66-67; 93-94; 212-213). 4.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2024-cü ilin avqust ayında Əli adlı şəxsin narkotik vasitələri saxlaması və üzərində daşıması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunda onunla Emin iştirak etmişdir. Gecə saat 12-01 radələrində Neapol ünvanı yaxınlığında Əli adlı şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxs müdafiəçi ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən dindirilərək üzərində nə varsa təqdim etməsi təklif edilmiş, bundan sonra şəxs əlində olan sellofan bükümü təqdim edərək marixuana olduğunu bildirmiş, sonra vəkilin iştirakı ilə birlikdə sənədləşdirilmişdir. O, Təqsirləndirilən şəxs əlindəki torbanın hansı rəngdə olmasını xatırlamır. Əməliyyat tədbiri nəticəsində şəxsdən başqa kimsə saxlanılmamış, həmçinin şəxslə birlikdə Şahid3 adlı şəxs saxlanılmamış və Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Şəxsi axtarış keçirilənə kimi Təqsirləndirilən şəxs onların nəzarətlərindən kənarda qalması halı olmamışdır. Saxlanılan zaman, idarəyə gətirildikdən Təqsirləndirilən şəxs sonra hansısa formada zor, fiziki və psixi təzyiq olmamışdır. 5.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir polis baş leytenantı rütbəsini daşıyır. 03 avqust 2024-cü il tarixdə Xətai RPİ-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 Etibar oğlu ilə birlikdə əməliyyat qrupu yaradılıb Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, ev 50, mənzil 11-də qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu sosial bina ev 2, mənzil 37-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edib üzərində saxlayaraq istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 04 avqust 2024-cü il tarixdə saat 00:20-də ünvan 4 binanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gətirlmişdir. Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis mayoru X7 xidməti otağında onun, Xətai RPİ-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 Etibar oğlunun, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əlində saxladığı göy rəngli sellofan torbanı masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanadır. O, həmin narkotik vasitəni anket məlumatını bilmədiyi “İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Əli adlı şəxslə “WhatsApp” sosial şəbəkəsində əlaqə yaradaraq ona əvvəlcədən razılaşma yolu ilə narkotik vasitə verəcəyini vəd etmiş, Təqsirləndirilən şəxs qeyd olunan ünvana yaxınlaşdıqda narkotik vasitənin miqdarının çox olduğunu görüb yenidən Əli adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitənin çox olduğunu bildirmiş, Əli adlı şəxs də Təqsirləndirilən şəxs demişdir ki, sellofan torbanı götürsün sonra əlaqə saxlasın. Təqsirləndirilən şəxs da içərisində narkotik vasitə olan sellofan torbanı götürüb oradan uzaqlaşan zaman polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamışlar. Bundan sonra X4 üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartları aşkar olunaraq götürülmüş, lakin başqa qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana qabalşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişlər. Həmçinin baxış keçirilən zaman bütün hadisələr telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs tanımamış, sonuncunun ətrafında aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:20-də ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılan zaman yanında heç kəs olmamış, Təqsirləndirilən şəxs tək olmuşdur (İ cild, səh. 109-111). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əvvəlcədən Şahid1 daxil olmuş məlumat əsasında təqsirləndirilən şəxsi 2024-cü ilin avqust ayında gecə saat 12-dən sonra səhv etmirsə 41-ci binanın qarşısında əlində göy sellofanla saxlamışlar. Saxlanılan zaman şəxs piyada hərəkətdə olmuş və saxlanıldıqdan sonra 34-cü polis bölməsinə aparılmışdır. Bölmədə videoçəkilişlə təhqiqatçı və müdafiəçinin iştirakı ilə şəxsi axtarışı həyata keçirilmiş, göy bağlamada qurudulmuş marixuana aşkar edilmiş və təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı iran vətəndaşından öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Əməliyyat tədbirində onunla Şahid1 iştirak etmiş və saxlanılan zaman şəxsin yanında kimsə olmamışdır. Səhv etmirsə əlində torbada hərəkətdə olan zaman videoçəkilişi də olmuşdur. O, Mahir adlı şəxsin kim olduğunu bilmir və Mahirin saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Saxlanılan zaman, idarədə təqsirləndirilən şəxsə hansısa zor və təzyiq olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 7.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 113-115). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Əli ilə dost olmuş və əvəllər bir yerdə işləmişlər. Əli bir nəfərlə görüşəcəyini demiş və Əli ilə Qaraçuxurda görüşərək birlikdə Əhmədliyə getmişlər. Saat neçədə görüşdüklərini xatırlamır, amma axşam olmuşdur. Ünvana çatanda Əli gözləməsini demiş, Əli gedəndə mülki geyimdə iki polisin yaxınlaşdığını görmüş və polisi görəndə qorxduğu üçün oradan uzaqlaşmaq istəyəndə onu da iki nəfər saxlamışlar. Onu oradan şöbəyə aparmışlar, sonra narkotik vasitədən istifadə etməyində şübhələndikləri üçün oradan Narkoloji Dispanserə aparmışlar və oradan da 15 sutka həbsə göndərilmişdir. Onun üzərinə baxış keçirilmiş, amma narkotik aşkar edilməmişdir. O, saxlanıldığı gün narkotik istifadə etməmişdir. Əli onun yanında telefonla danışaraq yazışmış, lakin kiminlə danışdığını bilməmişdir. Əli ilə getdiyi zaman nə üçün getdiyini bilməmiş və Əli özü bir dostu ilə görüşəcəyini demişdir. Əli ona narkotik üçün getdiyini deməmişdir. Əhmədlidə “Neapol” deyilən ərazinin arxasında olan küçədə binanın əvvəlində Əli onu gözləməsini bildirmişdir. Əli bir qədər irəli gedəndən sonra artıq görməmişdir. Əli görüşməyə gedəndə ondan nəyə görə ayrıldığını bilməmişdir. Əli uzaqdan gəldiyindən əlində nə isə olduğunu görə bilməmişdir. Əli maşından düşəndən təxminən 5-6 dəqiqə sonra polislər yaxınlaşmış, Əli ilə onu birlikdə yox, ayrı-ayrı aparmışlar. Əməliyyatçılar çox deyil, dörd nəfər olmuş, polis əməkdaşlarından ikisi onu aparmış, digər ikisi də Əli ilə getmişdir. O, polislərin avtomobilinin olmasına fikir verməmişdir. Polislər onu bölməyə aparandan sonra Əlini görməmişdir. O, narkotik vasitədən istifadəyə təzəliklə başlamış, Əlinin narkotik istifadə etdiyini bilmiş və Əli ilə birlikdə də istifadə etmişlər. İstifadə etdiyi vaxt narkotik onda da, Əlidə də olmuşdur. O, Əlinin narkotiki haradan əldə etdiyini bilməmiş, narkotikin istifadəsi üçün Əliyə pul verməmişdir. Əli narkotiki hədiyyə etməmiş, amma istifadəçi kimi birlikdə istifadə etmişlər. Narkotikin pulunu onun da, Əlinin də verdiyi hallar olmuşdur. O, narkotik alması üçün Əliyə pul verməmiş, hansında narkotik olurmuşsa birlikdə istifadə etmişlər. Həm Əli, həm də o marixuanadan istifadə etmişdir. Narkotiki heç vaxt iranlıdan almamışlar, məhəllədə istifadə edən uşaqlardan tapıb istifadə etmişlər. O, Xətai Rayon Məhkəməsində verdiyi ifadəsində Əlinin üzərində narkotik olduğunu bildirməmişdir. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 9.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun tanışıdır və Əli ilə normal münasibəti var. 03 avqust 2024-cü il tarixdə gecə saatlarında Əli ilə birlikdə olan zaman Əli özünə məxsus olan mobil telefonla kiminləsə danışıb qurtarandan sonra ondan xahiş etmişdir ki, birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsinə getsin. Lakin Əlinin kiminlə mobil telefonla danışdığını və nə üçün Xətai rayonu, Əhmədli qəsəbəsinə getməyini bilməmişdir. O, Əlidən soruşmuşdur ki, gecə vaxtı nə üçün Əhmədli qəsəbəsinə gedir. Əli demişdir ki, bir nəfər tanışı var və həmin şəxslə görüşüb söhbət etməlidir, lakin tanışının kim olduğunu və nə üçün görüşüb söhbət edəcəyi barədə Əli heç bir söz deməmişdir. O da Əliyə etiraz etməyib birlikdə Xətai rayonu, Neapol küçəsi 41 saylı binanın qarşısına gəlmişlər. Binanın baş tərəfində Əli ona demişdir ki, gözləsin tanışı ilə görüşüb söhbət edib gələcək. O, da həmin yerdə dayanıb Əlini gözləmiş, Əli isə tək getmişdir. Bir neçə dəqiqə keçəndən sonra görmüşdür ki, Əliyə iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb tutmuşlar. Lakin Əlinin nə üçün tutulduğunu bilməmişdir. Bundan sonra o, Əlinin tutulduğunu görüb qorxmuş və oradan uzaqlaşıb getmək istəyəndə iki nəfər polis əməkdaşları ona yaxınlaşıb saxlamış və onun narkotik vasitələrdən istifadə etdiyindən şübhələnib Xətai RPİ-nin 34-cü PŞ-nə aparmışlar. Həmin gün onu Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserə aparıb müayinədən keçirmişlər. Müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi aşkar olunmuşdur. Ertəsi gün, yəni 05 avqust 2024-cü il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi Tural Həbibullayev tərəfindən barəsində inzibati protokol tərtib edilmiş və onu Xətai Rayon Məhkəməsinə aparmışlar. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 gün müddətinə inzibati həbs seçilmişdir. Ona sonra məlum olmuşdur ki, Əli həmin gün İran İslam Respublikasının vətəndaşı ilə “WhatsApp” vasitəsi ilə danışaraq narkotik vasitə qurudulmuş marixuana almış və İran İslam Respublikasının vətəndaşı narkotik vasitəni işarələnmiş yerə qoyduraraq həmin yerini şəklini Əliyə atmış və Əli də narkotik vasitəni götürən zaman polis əməkdaşları saxlanılmışdır. Əvvəllər bir neçə dəfə narkotik vasitə nəşəni çəkmək vasitəsi ilə istifadə etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:20-də birlikdə Xətai rayonu, Neapol küçəsi 41 saylı ünvana gələrək oradan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürmək üçün getdiyini bilməmiş və həmin narkotik vasitədən Əli ona verməyəcəkmiş (İ cild, səh. 143-145). 10.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 04 avqust 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanı təqdim etmişdir. Bundan əlavə şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung A32” markalı mobil telefon, öz adına olan şəxsiyyət vəsiqəsi, 01 ədəd “Kapital Bank”a aid plastik kart və 01 ədəd “Leo Bank”a aid plastik kart aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellofan torbanın içərisinə baxış keçirilmiş və oradan narkotik vasitə marixuyanaya bənzər tünd yaşıl rəngli maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin torbanın içərisindəki maddənin nə olması və haradan əldə etməsi barədə sual edildikdə təqdim etdiyi sellofan torbadakı maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni özü istifadə etmək üçün üzərində saxladığını, tanımadığı, “İnstagram” sosial şəbəkəsində tanış olduğu, “WhatsApp” sosial şəbəkəsində əlaqə yaratdığı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs əvvəlcədən razılaşma yolu ilə narkotik vasitə verəcəyini vəd etmiş, qeyd olunan ünvana yaxınlaşdıqda narkotik vasitənin miqdarının çox olmasını görərək həmin şəxslə yenidən əlaqə saxladıqda qeyd olunan torbanı götürməsini daha sonra yenidən əlaqə saxlamasını bildirmiş, qeyd olunan ünvandan torbanı götürərək uzaqlaşan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli torbanın içərisində olan marixuanaya bənzər olan tünd yaşıl rəngli maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qabalşdırılıb möhürlənərək götürülmüşdür. Daha sonra şəxsin üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A32” markalı mobil telefon, öz adına olan şəxsiyyət vəsiqəsi, 01 ədəd “Kapital Bank”a aid plastik kart və 01 ədəd “Leo Bank”a aid plastik kart qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 36-39). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2024-cü il tarixli, 3-16-16/2-7/1278 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 152” möhür əksi ilə möhürlənmiş olan bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi: 2730,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (İ cild, səh. 46-49). 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli, 5/962 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş obyektin sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Samsung Galaxy A32” markalı “SM-A325F/DS” modelli “**********29609, **********29606” İMEİ kodlu smartfonun yaddaşlarından toplanmış mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, foto, audio və video fayllar “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadiləsi və sairə) müəyyən olundu, həmin müyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-962” adlı qovluqda 4 (dörd) ədəd “DVD-R” tipli diskə köçürülərək rəyinə əlavə olundu (İ cild, səh. 160-164). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 26 avqust 2024-cü il tarixli 5866 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 158-159). 14.«Telefona baxış keçirilməsi haqqında» 05 avqust 2024-cü il tarixli protokoldan görünür ki, arxa tərəfinə «Samsung» yazıları yazılmışdır. Çində istehsal olunmuşdur. Həmin telefonda ***-***-**-** saylı sim-kart mobil nömrədən istifadə olunur. Mobil telefon açıldıqda telefona məxsus proqramlar yerləşir, iş üçün əhəmiyyət kəsb edən foto yazılmış proqrama, SMS və Whatsapp yazılarına daxil olduqda “WhatsApp” mesajları və səs yazıları aşkar edilmişdir. Həmin mesajlarda və səs yazılarında Təqsirləndirilən şəxs “Əli” adlı şəxslə yazışaraq narkotik vasitənin harada olması barədə şəkil qoyduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni götürdüyünü bildirmişdir. Digər səs yazıları isə Təqsirləndirilən şəxs “Əli” adlı şəxsdən narkotik vasitəni istəməsi və pulun göndərməsini təsdiq edir (İ cild, səh. 95). 15.«Maddi sübut kimi tanımaq haqqında» 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, 04 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2730,0 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq çəkisi 2729,8 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (İ cild, səh. 102-103). 16.«Cinayət iş üzrə sübutların qiymətləndirilməsi haqqında» 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon, iki ədəd bank kartı maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Cinayət işi üzrə 04 avqust 2024-cü il tarixli «şəxsi axtarış keçirilməsi və götürmə aparılması»nı özündə əks etdirən 1 ədəd CD disk, Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefonun “WhatsApp” proqramından götürülmüş Təqsirləndirilən şəxsla şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxs arasında olan səs yazılarını özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, səh. 166-178). 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol saidin ön səthində köhnə çapıq toxuması aşkar olunmuşdur. 18.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 24). 19.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 4(011)- 540/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 avqust 2024cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 88-92). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 130). 21.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü bir uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 26.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 27.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 31.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 32.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 33.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 34.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 35.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol saidin ön səthində köhnə çapıq toxuması aşkar olunmuşdur. 36.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 37.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 38.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» 04 avqust 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 39.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 40.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 41.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 44.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 45.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 46.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 47.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 48.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 49.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 50.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 51.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 52.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 53.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu - 04 avqust 2024-cü il tarixdən hesablanmalıdır. 54.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 55.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 57.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2729,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 06 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı və 02 ədəd plastik bank kartı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 58.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 60.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 61.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 62.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 63.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına ödənilməlidir. 64.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 04 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2729,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 06 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı mobil telefon aparatı və iki ədəd plastik bank kartı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev