Məhkəmə qərarları › İş №1(101)-780/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-780/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-780/2023 06.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1991-cı il tarixdə Ağdam şəhəri, Xındırıstan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli-himayəsində 2 nəfər azyaşlı uşaqları olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxoz, nömrəsiz fərdi yaşayış evində yaşamış, 22 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə, saat 20 radəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən 41 saylı “OBA” adı ilə fəaliyyət göstərən ərzaq mağazasının yan tərəfində Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etməklə sonuncudan arvdı X3 harada olmasını bəhanə kimi gətirib mübahisə edərək üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağından istifadə edib xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin qarın nahiyyəsindən bir dəfə vurub sonuncuya nazik bağırsaq zədələnmələri ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan ağır dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur, yəni qeyd olunan ictimai-təhlükəli hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxoz, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə - arvadı və iki azyaşlı uşağı ilə ğirgə yaşamışdır. O, arvadı Şahid3 ilə 2012-ci ildə ailə həyatı qurmuş, əvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar münasibətlərində soyuqluq yaranmışdır. Hətda arvadı bir neçə dəfə səbəbsiz evdən çıxıb getmiş, iş yoldaşlarının vasitəsi ilə onu tapıb evə qaytara bilmişdir. Mahirə əvvəllər «Binə Aqro» istixanasında, sonuncu dəfə isə Binə qəsəbəsində yerləşən «OBA» marketdə satıcı kimi işləmişdir. Arvadının soyuq davranışını hiss edəndən sonra ondan şübhələnməyə başlamışdır. 27 sentyabr 2022-ci il tarixdə o, arvadı Mahirənin cibində iki ədəd mobil telefon olmasını görmüş, Mahirədən ikinci telefonu işlətməsinin səbəbini soruşmuşdur. Mahirə isə telefonun ona deyil, rəfiqəsinə məxsus olduğunu bildirmişdir. Lakin buna baxmayaraq o, arvadı Mahirənin əlindən həmin ikinci mobil telefonu tutub almışdır. Həmin mobil telefon kodlaşdırılmış olduğu üçün aça bilmədiyindən Mahirədən kodu istəmiş, lakin Mahirə kodu ona deməmişdir. Bundan sonra o, həmin mobil telefonun üzərində olan sim nömrəsini çıxardaraq gələn zənglər barədə məlumatlı olması üçün özünə məxsus mobil telefona qoymuşdur. Həmin gün axşam zəng gəlmiş, o, zəngə cavab vermiş və zəng edən şəxsin kişi cinsində olan şəxs olduğunu öyrənmişdir. O, zəng edənə cavab verdikdə sonuncu mobil telefonu söndürmüşdür. O, bu barədə arvadı Mahirədən soruşduqda Mahirə onu yayındırmaq üçün rəfiqəsinin tanışı olduğunu desə də, o, Mahirənin bu cavabına inanmamışdır. Sonradan isə Mahirə özü ikinci mobil telefonu 8-9 ay qabaqdan işlətdiyini etiraf etmişdir. Bu sözdən sonra arvadı Mahirə evdən qaçıb getmiş və yalnız bir neçə gün sonra o, arvadını tapıb evə qaytara bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, arvadı Mahirə evdən qaçıb gedəndə oğlu Valeh ona anasının başqa kişilərlə mobil telefonla danışdığını demiş və anasını geri gətirməməsini xahiş etmişdir. Hətta oğlu Valehin deməsinə görə o, anasının mobil telefonunda lüt, açıq-saçıq qadın, kişi şəkillərini görmüş və buna görə Mahirnə gördükləri barədə danışmamaları üçün uşaqları qorxutmuşdur. Oğlu Valeh ona anasının Həsrət və Azad adlı şəxslərlə mobil telefonla danışdığını da demişdir. O, başqa Azad adlı şəxs tanımadığından, şübhələri yalnız Binə qəsəbəsində yerləşən «OBA» marketdə müdir vəzifəsində işləyən Azad adlı şəxsin üzərində dayanmışdır. Belə ki, Mahirə də «OBA» marketdə işləmiş və bildiyinə görə sonuncular bir-birini tanımışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Mahirə evdən çıxıb getdiyi üçün o, Mahirəni tapmaqdan ötrü 20 oktyabr 2022-ci il tarixdə, saat 19:40 radələrində Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən «OBA» marketə getmiş, gedərkən Azad adlı şəxslə mübahisəsi ola biləcəyini fikirləşib, belə bir vəziyyət yarana biləcəyi təqdirdə özünü müdafiə edə bilməsi üçün evdə olan bir ədəd mətbəx bıçağını özü ilə götürmüş, görünməməsi üçün ködəkçəsinin qolunda gizlətmişdir. O, marketdə Azad adlı müdiri tapmış və ondan arvadı Mahirəni necə bir qadın kimi tanımasını soruşmuş, Azad isə cavabında onun arvadı Mahirəni yalnız bir işçi kimi tanıdığını demişdir. O, Azadla marketin girəcəyində içəridə söhbət edərkən qolundakı bıçaq ehtiyyatsızlıqdan yerə düşmüş, o, yerdən həmin bıçağı götürüb təkrarən qoluna qoymuşdur. Bundan sonra o, ortaya kişi söyüşü qoymuş, arvadını necə tanıyırsa, ona düzünü deməsini, arvadı ilə yaxın münasibəti olduğu təqdirdə etiraf etməsini tələb etmişdir. Bundan sonra onlar bayıra çıxmış, bayırda Azadla söhbət edərkən həmin yerə ayrı-ayrılıqda 4 nəfər tanımadığı şəxslər gəlmiş və onu dairəyə almışlar. Həmin şəxsləri ora Azadın çağırdığını bilmişdir. Həmin vaxt sonra gələnlərdən biri, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona “sən kimsən, bura gəlib söhbət edirsə?” kimi bir ifadə işlətmiş, onunla əl-qol hərəkəti ilə danışmağa başlamışdır. O, həmin vaxt özünü qorumaq üçün sol qolunda gödəkçəsinin altında gizlətdiyi bıçağı çıxarmış və Əlinin qarın nahiyyəsindən 1 dəfə vurmuşdur. Həmin vaxt Azad Əlini tutmuş, digər şəxslərin isə onun üzərinə gəldiyini görüb oradan qaçıb getmişdir. Elə həmin gün hadisə barədə anası Aidə Əliyevaya məlumat vermiş və çıxıb Bərdə rayonuna getmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, hadisə yerində o, ilk olaraq Azadla söhbət etmiş, digərlərini isə tanımamışdır. Bildiyinə görə onlar «OBA» marketin işçiləri olmuşlar. O, arvadı ilə Azadın telefonla və ya üzbəüz danışdığını, görüşmələrini görməmişdir. Həsrət adlı şəxsin isə kimliyini ümumiyytlə müəyyənləşdirə bilməmişdir. Hadisə vaxtı onun niyyəti Zərərçəkmiş şəxs bıçaqla vurmaq olmamışdır. Hadisə yerində Əli onunla əl-qol hərəkətləri ilə kobud danışarkən Azadın ora çağırdığı həmin şəxslərin onu döyəcəklərini fikirləşmiş və özünü müdafiə etmək üçün bıçaqla Əlini vurmuşdur. Hadisədən sonra o, həmin bıçağı tullamış və sonra istintaqla bağlı bıçağı tulladığı yeri istintaq orqanına göstərmişdir. Bıçaq mətbəx bıçağı olmuş, dəstəyi qara, tiyəsi isə iti olmuşdur. Onun niyyəti özünü müdafiə etmək olmuş, Zərərçəkmiş şəxs öldürmək niyyətii olmamış. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi sərbəst ifadəsi hadisə yerində yoxlanılmış, sonuncu sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş, həmçinin qeyd olunan istintaq hərəkətinin gedişində hadisə yerinə baxış keçirilərkən cinayətin aləti olan bıçağın olduğu yer müəyyən edilməklə götürülmüş, istintaq hərəkətinə müvafiq fotoşəkillər çəkilmiş, bu barədə istintaq hərəkəti protokolu tərtib edilmiş, protokol və fotoşəkillər cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: 46-48). Cinayət işinə məhkəmə baxışı zamanı işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hadisə ərəfəsində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı «OBA» marketdə filial müdiri vəzifəsində işləmişdir. Baxılan iş üzrə Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı münasibətdə olmamışdır. Lakin onun həyat yoldaşı Şahid3 tanımış, sonuncu hadisədən əvvəl onun işlədiyi 29 saylı «OBA» marketdə satıcı kimi işləmiş, lakin sonra işdən çıxmışdır. Zərərçəkmiş şəxs ittihamın mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, 20 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən «OBA» marketin 41 saylı filialının müdiri Şahid4la mobil telefonla danışan zaman telefonda Azadın yanında olan, səsini tanımadığı başqa birinin yüksək səslə, eyni söyüşlə danışdığını eşitmişdir. Danışığını qurtardıqdan sonra o, Azadın həmin vəzifədə yeni işçi olmasını bildiyi üçün hər hansı problem ola biləcəyini düşünüb, hər ehtimala qarşı Azadın yanına getmişdir. Marketlər arasında məsafələr çox qısa olduğundan o, 41 saylı filialın yerləşdiyi yerə tez çatmış, orada baxılan iş üzrə təqsirdəndirilən şəxs Təqsirləndirilən şəxs narahatçılığını hiss etmiş, maraqlandıqda sonuncunun arvadı Mahirənin harda olması ilə maraqlandığını, onunla Azad mobil telefonla danışarkən yüksək səslə söyüş söyən şəxsin Taleh olduğunu öyrənmişdir. Azad və o, Talehə arvadının harada olmasından məlumatsız olduqlarını bildirmiş, o, həmçinin Mahirəni tanıdığını, lakin onunla hər hansı münasibətinin olmadığını demişdir. Həmin ərəfədə onun tanışları, eləcə də «OBA» marketin 41 saylı filialının işçiləri Şəhriyar Sadıxov və Şahid2 da ora gəlmiş, lakin heç nəyə müdaxilə etməmişlər. Bundan sonra Taleh onunla söyüşlə danışmaq istəyərkən o, Talehdən söyüş söyməməsini tələb etmiş, lakin buna baxmayaraq Taleh söyüş söyməkdə davam etmişdir. O, söyüşlərə görə Talehin üzərinə getmək istəyərkən Taleh əlində olan bıçaqla onun qarın nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. O, həmin momentdə Talehin bıçağı haradan çıxardığını görməmiş və buna imkanı olmamışdır. Taleh onu bıçaqla vurduqdan sonra hadisə yerindən qaçıb getmişdir. Sonra isə hadisə yerinə gələn qardaşı onu xəstəxanaya aparmış və o xəstəxanada əməliyyat olmuşdur. Onun əynində olan paltar qana bulaşdığından elə həmin gün o, həmin paltarı tullamışdır. Bundan başqa, iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 Vilqar oğlu ifadəsində göstərdi ki, o, «OBA» marketin Binə qəsəbəsində yerləşən 41 saylı filialının müdiri vəzifəsində işləmiş, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs «OBA» marketin 29 saylı müdiri kimi tanımış, iş yoldaşı kimi yaxın münasibətləri olmuşdur. Baxılan iş üzrə Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı münasibətdə olmamışdır. Lakin onun həyat yoldaşı Şahid3 qiyabi də olmuş olsa, tanımış, sonuncu «OBA» marketdə satıcı kassir vəzifəsində işləmiş, onunla da heç bir münasibəti olmamışdır. Şahid4 ittihamın mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, 20 oktyabr 2022ci il tarixdə, axşam saatlarında işlədiyi 41 saylı marketdə olan zaman sonradan adını öyrənib bildiyi, baxılan iş üzrə Təqsirləndirilən şəxs marketə gəlmişdir. O, həmin vaxt marketdə kassanın arxasında dayanmış və mobil telefonla zərər çəkmişq Zərərçəkmiş şəxslə danışırmış. Həmin vaxt Təqsirləndirilən şəxs onun telefonla danışmasına əhəmiyyət verməyib, ondan arvadı Mahirənin yerini soruşmuş, o isə Talehə Mahirənin orada olmadığını demişdir. Təqsirləndirilən şəxs həmin vaxt onunla yüksək səslə danışmağa və söyüş söyməyə başlamış, arvadının onunla hər hansı əlaqəsinin olmasını öyrəndiyi təqdirdə pis olacağını demişdir. Bundan sonra o, telefonu söndürmüş və Talehə Mahirənin onun işlədiyi marketdə işləmədiyini demişdir. Lakin buna baxmayaraq Taleh söyüşlər söyməyə davam eləmiş və elə həmin vaxt onun sol qolundan yerə nəsə düşdüyünü görmüşdür. Taleh əyilib yerə düşəni götürəndə o, yerə düşən əşyanın bıçaq olduğunu görmüşdür. Taleh həmin bıçağı yerdən götürüb sol qolunda paltarının arasında gizlətmişdir. Bundan sonra o, Talehlə küçəyə çıxmış və ona sakitləşməsini təklif etmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs onların yanına gəlmiş, telefonda səs-küy və söyüş eşitdiyi üçün gəldiyini bildirmiş və nə baş verməsi ilə maraqlanmışdır. Zərərçəkmiş şəxs gəldikdən az sonra 41 saylı marketin işçiləri Şahid1 və Şahid2 da onların yanına gəlmişdir. Bundan sonra Taleh onlardan da arvadı Mahirənin yerini soruşmuş və sonuncular da Talehə Mahirənin yerini bilmədiklərini demişlər. Buna baxmayaraq Taleh söyüş söymək istədikdə Zərərçəkmiş şəxs söyüş söyməməyi ondan tələb etmiş və o ikisi bar az kənara çəkilmişlər. Onlar mağazanın yan tərəfinə keçən vaxt o, və digərləri bir qədər aralıda dayanmış, onlara yaxınlaşmamışlar. Təqsirləndirilən şəxs Əlidən yenə də arvadı Mahirənin yerini soruşub söyüş söymüş və Əli ona söyüş söyməməsini bir daha tələb etmişdir. Elə həmin vaxt Təqsirləndirilən şəxs qolunda paltarlarının arasında gizlətdiyi bıçağı çıxardaraq Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə vurmuş və dərhal oradan qaçıb getmişdir. Onlar Talehin arxası ilə qaçıb onu tutmaq və polisə təhvil vermək istəmiş, lakin Taleh oradan qaçıb gedə bilşdir. Sonra isə Əlinin qardaşı Əlini xəstəxanaya aparmış, mağazanın işçisi Şəhriyar isə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 və Şahid2 məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Vilqar oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs həyat yoldaşıdır, onunla 2012-ci ildə ailə həyatı qurmuş və birgə nigahdan onların iki azyaşlı uşaqları vardır. Ailə həyatı qurduqları vaxtdan sonra əvvəlcə münasibətləri yaxşı olmuşdur. Baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanımış, sonuncu onun müdiri olmuşdur. Belə ki, o, bir il müddətində Əlinin müdir olduğu Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 29 saylı «OBA» marketdə satıcı kassir işləmişdir. Zərərçəkmiş şəxslə onun münasibəti yalnız müdir- işçi münasibəti olmuşdur. Şahid3 ifadəsinin davamında göstərdi ki, o, mağazada işlədiyi üçün əri Təqsirləndirilən şəxs onu qısqanmış, səbəb isə onun iş rejimi ilə əlaqədar evə gec gəlməsi olmuşdur. Talehin qısqanclığı səbəbindən o, evdən tez-tez küsüb çıxıb getmiş və rəfiqələrigildə qalmışdır. 08 oktyabr 2022-ci il tarixdə əri Təqsirləndirilən şəxs onu yenə də qısqandığı üçün ondan küsmüş, evdən gedib Binə qəsəbəsində başqa kirayə ev tutmuş və orada tək yaşamış, həmin evin yerini əri Talehə bildirməmişdir. Həmin müddətdə uşaqları əri Talehlə qalmışlar. 20 oktyabr 2022-ci il tarixdə ona belə məlum olmuşdur ki, əri Təqsirləndirilən şəxs onun müdiri Əli ilə yaxın münasibəti olmasından şübhələnib onu axtarmaq üçün onun əvvəllər işlədiyi «OBA» marketə getmiş, orda onlardan onu soruşanda mübahisə olmuş və əri Təqsirləndirilən şəxs Əlini bıçaqla vurmuşdur. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, onun Zərərçəkmiş şəxslə, eləcə də başqaları ilə yaxın, kişi-qadın əlaqəsi və ya münasibəti olmamış və o, ərinə xəyanət etməmişdir. Ərim Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qısqanclıq zəmnində bıçaqla vurmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış keçirilməsi haqqında» 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxılan iş üzrə cinayət hadisəsinin «OBA» marketlər şəbəkəsinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun ərazisində yerləşən yerləşən 41 saylı mağazasının yan tərəfində baş verməsi müəyyən edilmişdir (iş vərəqə: 46). Məhkəmə baxışı zamanı tədqiq olunan «CD diskə baxış keçirilməsi haqqında» 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilmiş həmin disk iş üzrə şahid qismində dindirilmiş Şahid4 Vilqar oğlu tərəfindən istintaq orqanına təqdim edilmişdir. Tədqiq olunan protokolun məzmunundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs «OBA» marketin içərisində kassanın qarşısında, Şahid4 Vilqar oğlu isə kassanın arxasında dayanmış, onlar söhbət edən zamanı Təqsirləndirilən şəxs qolunda gizlədilmiş bir ədəd bıçaq yerə düşür, sonuncu həmin bıçağı yerdən götürərək yenidən paltarı ilə qolunun arasında gizlədir. Tədqiq olunan həmin protokoldan görünür ki, baxış keçirilmiş CD formatlı disk götürülmüş və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 84, 85, 108). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2022-ci il tarixli, 1551 saylı rəyindən görünür ki, tibbi tədqiqat nəticəsində iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində nazik bağırsaqların zədələnmələri ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər müəyyən edilmişdir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, müəyyən olunan xəsarətlər deşici-kəsici təsirə malik əşyanın (alətin, ola bilsin bıçaq) təsirindən törənmişdir, törənmə müddəti onun “X6” X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddir (iş vərəqə: 97-100). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-ballistik – soyuq silahların ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 3/1720 saylı rəyindən görünür ki, hadisə yerindən götürülmüş və tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (iş vərəqə: 101-103). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə cinayətin aləti hesab olunan bir ədəd mətbəx bıçağı və hadisə yerinin videogörüntülərinin bir qismini özündə ehtiva edən 01 ədəd CD formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, CD disk cinayət işinin materiallarına əlavə edilmiş, bir ədəd bıçaq isə saxlanması üçün Xəzər RPİnin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (iş vərəqə: 109-115). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə, yəni heç bir əsas olmadan, zərər çəkmiş şəxsin hərəkətlərində qanunsuz və ya əxlaqa zidd hərəkətlər müəyyən edilmədən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs qeyri-etirafedici ifadələrini müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ağır cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs arvadının əxlaq qaydalarında ehtiva olunan hərəkətlərindən şübhələnməsi nəticəsində baş qapldıran şəxsi təşəbbüsü, yəni onun ümumi davranış, əxlaq və mənəviyyat normalarına qarşı zidd hərəkətləri, aqressiyası və zərər çəkmiş şəxsə emosional münasibəti nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanununlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə açıq-aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir. Buradan aydın olur ki, belə olan hallarda digər motivlər ya olmalıdır, yaxud da cinayətin törədilmə motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də, əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Eyni zamanda, şəxsin CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətin zəruri tövsifedici əlaməti kimi çıxış edən "xuliqanlıq niyyəti" (bu niyyəti aşkarlayan ümumqəbuledilmiş davranış və əxlaq qaydalarını pozması, onlara etinasızlıq göstərməsi, aşkar hörmətsizliyini ifadə edərək eqoizmini nümayiş etdirməsi və sair) iş üzrə mütləq qaydada sübüt edilməli hal kimi çıxış etməklə CPM-in 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə əsasən yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş, həmin əlamətin movcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin işdə olan əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İş vərəqə:80). Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında barışıq əldə olunmuş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərər çəkmiş Zərərçəkmiş şəxs bu barədə yazılı ərizəsini məhkəmə istintaqı mərhələsində məhkəməyə təqdim etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 2016-cı il təvəllüdlü olmaqla iki qəfər azyaşlı uşaqları vardır. Məhkəməyə təqdim olunan Bərdə MTİS-dən təqdim olunan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə olunmasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə olunması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası daxilində təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 22 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 22 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 oktyabr 2022-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra o, qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan cinayətin aləti olmuş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, CD formatlı bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 64 (altmış dörd) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 22 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan cinayətin aləti olmuş bir ədəd bıçaq məhv edilsin; - CD formatlı bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri - 64 (altmış dörd) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar