Məhkəmə qərarları › İş №1(101)-780/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-780/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-780/2025 03.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Abşeron rayonu, Xırdalan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, satıcı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdara 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,284 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd plastik qabda olan təmiz çəkisi 4,690 qram olam psixotrop maddə metamfetamini əldə edib əynində olan yaşıl rəngli şalvarın ciblərində saxlayaraq daşımış, Səbail RPİ-nin 8-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 may 2024-cü il tarixdə, saat 15:20 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılıb, Səbail RPİ-nin 8-ci PB-yə gətirilərək, həmin tarixdə saat 16:30 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,284 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin şalvarın sol yan cibində 1 ədəd sarı rəngli plastmas qabda olan külli miqdarda təmiz çəkisi 4,690 qram olam psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü günorta saat 14-15 radələrində evdə yatmışdır. Hadisə gününün tarixi yadında deyil. Yaşadığı evin qapısı döyülmüş, pəncərəni açmışdır. Ona qapını döyən şəxslər su idarəsindən gəldiklərini demişlər. O, isə sonunculara su sayğacının evin arxa tərəfində olduğunu, yaşadığı evin sahibinin olmadığını və ev sahibinin özü ilə əlaqə saxlamaqlarını demişdir. Qapını döyən şəxslər üstünə qışqıraraq qapını açmağını tələb etmişlər. O, gələn şəxslərə ev yiyəsi olmadan qapını aça bilməyəcəyini demişdir. Gələn şəxslərin sayı 5 nəfər olmuşdur. O, ev sahibinə zəng etmişdir. Polis əməkdaşları ev sahibi ilə danışdıqdan sonra ev sahibi ona qapını açmağını demişdir. Qapını açdıqdan sonra 5 nəfər şəxs içəri daxil olmuş, evin altın üstünə çevirmişlər, üzərinə də baxış keçirtmişlər. Polis əməkdaşları evin içərisində heç nə tapa bilməmişlər. Evdə limon duzu olmuşdur, videoçəkilişdə də həmin limon duzu var. Həmin limon duzunu narkotik vasitə kimi üzərinə qoymuşlar. Tərtib olunmuş sənədləri ona oxutdurmamışlar, sadəcə imza etdirmişlər. Əvvəllər birlikdə yaşadığı şəxs narkotik vasitə istifadəçisi, inyeksiya yolu ilə narkotik vasitə qəbul edən şəxs idi. Aşkar olunan limon duzu həmin şəxsdən evdə qalmışdır. Həmin limon duzunu onun üzərinə qoymuşlar, sonra onu polis bölməsinə gətirmişlər. Rəis dedikləri şəxs üstünə qışqırmış, başına kitabla vurmuşdur. İttiham aktında onu küçədə saxladıqları qeyd olunub, amma onu yaşadığı evdən gəlib aparmışlar. Rəis ona nalayiq sözlər demişdir, onu barmağı və kitabla vurmuşdur. Bundan sonra sənədləşdirmə aparmışlar. Üzərində heç nə olmamışdır. 1 dəfə rəisin otağında üzərinə narkotik vasitə qoymuşlar, 1 dəfə də videoçəkiliş vaxtı üzərindən içərisində limon duzu olan yumurta qabı çıxartmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, baş verən, yəni danışdığı hadisədən sonra narkotik vasitə istifadəçisi kimi barəsində hökm çıxarılmışdır. Baş verən hadisədən sonra narkotik vasitə istifadə etmişdir. Saxlanıldığı vaxt çəkilən videoçəkilişlə razı deyil. Narkotik vasitə istifadəçisi olmuş, amma gedib heç yerdən götürməmiş, qoymamışdır. Birlikdə yaşadığı şəxs limon duzunu narkotik vasitəni inyeksiya yolu ilə istifadə edərkən narkotik vasitəyə qatıb istifadə edir. 7-8 ay heç bir narkotik vasitədən istifadə etmir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ifadəsində qeyd olunanları polis əməkdaşları ona dedikləri üçün demişdir. Saxlanıldığı gün zibil atmaq üçün evdən çölə çıxmamışdır. Şahid3 tərəfindən ona qarşı heç bir təzyiq olmamışdır. Şahid3 tərəfindən ona qarşı heç bir təzyiq olmamışdır. Şahid2 üzərində keçirilən şəxsi axtarışda iştirak edib, üzərini yoxlayıb, amma üzərindən heç nə aşkar olunmamışdır. İbtidai istintaqdakı ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsindəki ziddiyyətlər polis əməkdaşlarının ona qarşı göstərdikləri hədə-qorxu və təzyiqlərlə bağlıdır. O, üzərində limon duzu gəzdirməmişdir. Şəxsi axtarış zamanı aşkar olunan evdə olan limon duzudur. Videoçəkiliş zamanı sarı qabın içərisində limon duzu var idi. Videoçəkiliş zamanı da sarı qabdan duz stola tökülür, gözlə belə görünür, amma sonradan sarı qabın içərisinindəkinə nə olduğunu bilmir. Limon duzunu saxlanıldığı evdən polis əməkdaşları evdən götürüblər. Limon duzu ona aid deyil. Onun səhvi, günahı olmuşdur. Məhkəmədən bağışlanmasını, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi ev 29-da Babaşov Emin Fizuli oğlu ilə bilrikdə yaşayır. Bir il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. Emin bir neçə ay bundan əvvəl narkotik vasitəsinin istifadəsinə görə həbs edilmişdir. 05 may 2024-cü il tarixdə əvvəllər tanıdığı və dəfələrlə narkotik vasitə aldığı Fəqan adlı şəxslə əlaqə saxlayıb Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi “Oazis” restoranın yaxınlığında görüşmüş və sonuncudan 20 manat müqabilində narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitənin bir qismini istifadə etmiş, bir qismini isə özündə saxlamışdır. 07 may 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində yaşadığı evdə 1 ədəd sarı plastmas qabda olan limon duzunu da götürüb yaşadığı evdən zibil atmaq üçün çıxmışdır. Həmin vaxt Fəqandan aldığı heroindən qalan qismini də əynində olan yaşıl rəngli şalvarın cibinə qoymuşdur. Yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib onu saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək onu 8-ci polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Səbail RPİ-nin 8-ci PB-nə getmişdir. Ona vəkillərini siyahısından müdafiəçi kimi Mehman Əliyev təqdim edilmiş, M.Əliyevin onun hüquqlarını müdafiə etməsini istəmiş və etiraz etməmişdir. Videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi izah olunduqda etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynindəki yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroini və şalvarının sol yan cibində olan bir ədəd sarı rəngli plastmas qabı çıxarıb polis işçilərinə təqdim etmiş və siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin, bir ədəd sarı rəngli plastmas qabda olan maddənin limon duzu olduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış zamanı diğər əşyalar aşkar olunmamışdır. Ondan narkotik vasitəni haradan əldə etməsi ilə bağlı polis əməkdaşları soruşduqda, 05 may 2024-cü il tarixdə Fəqan adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Bütün proseslər kameraya çəkilmiş, şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o da həmin protokola imza etmişdir. Həmçinin 1 ədəd büküm qablaşdırılmış və üzərinə o, müfadiəçisi və polis əməkdaşları qablaşdırılmış zərfin üzərinə imza etmişlər. Bir ədəd sarı qabda olan metamfetamini evdən götürmüşdür. Onun içərisində limon duzu var idi, onu zibilə atmaq istəyirdi. Həmin metamfetamini bir müddət əvvəl tanımadığı şəxsdən xatırlamadığı yerdən əldə etmişdir. Onu zibilə atmaq istəmişdir. Sarı qabda olan metamfetamin çox olduğuna görə üzərinə şəxsi axtarış keçirilən zaman limon duzu olduğunu bildirmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamış və hazırda da olmur. Yalnız özü istifadə edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Məmməd oğlu ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə bağlı 8-ci PB-ə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat icraata qəbul olunmuş və məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. O da həmin qrupun üzvü olmuşdur. Şahid1la birlikdə Təqsirləndirilən şəxs Səbail rayonu, Gülbala Əliyev küçəsinin qarşısında yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PB-yə dəvət etmişlər. 8-ci PB-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə saxladıqları şəxsə üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs siqaret falqasına bükülmüş 1 ədəd içərisində maddə olan büküm və 1 ədəd içərisində limon duzu olan “yumurta” qabı təqdim etmişdir. Saxladıqları şəxsdən təqdim etdiklərinin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs falqanın içərisində narkotik vasitə heroin, qabın içərisində limon duzu olduğunu bildirmişdir. Daha sonra 8-ci PB-in polis əməkdaşı Şahid2 saxlanılan şəxsin üzərində əl ilə axtarış keçirtmiş və qanunla qadağan olunan heç bir əşya əlavə olaraq aşkar olunmamışdır. Aşkar olunan şübhəli əşyalar isə tərkibinin müəyyən olunması üçün qablaşdırılıb ekspertizaya göndərilmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında o və Şahid1 iştirak etmişlər. Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında saxlamışlar. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, ilk dəfə saxlanılanda görmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Yaradılmış əməliyyat qrupunun üzvü olmuşdur və Təqsirləndirilən şəxs saxlanılmasında, videoçəkilişdə də iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə deyil, çöldə saxlamışlar. Təqsirləndirilən şəxs üzərində 8-ci PB-də şəxsi axtarış və götürmə həyata keçirərkən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə 2024-cü il tarixdə baş vermişdir. Belə hadisələr xidmət etdikləri ərazidə tez-tez baş verir. O, qadın polis əməkdaşı olduğundan saxlanılan qadınların üzərində baxış keçirtməyə ancaq hüququ var. Baxış zamanı nəyin nə qədər olduğu dəqiq yadında deyil. Təhqiqatçı və müstəntiq tərəfindən tərtib olunmuş izahatlarını təsdiq edir. Saxlanılan şəxsin məhkəmə iclasında görən kimi tanımışdır, sonuncu da onu tanımışdır. Təqsirləndirilən şəxs üzərində baxışı şəxsən özü əlcəksiz keçirtmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunanlar təhqiqatçı tərəfindən sənədləşdirilib, zərfə qoyulub tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunanlarla bağlı o, heç nə soruşmamışdır, bu barədə suallar təhqiqatçı və müdafiəçi tərəfindən verilir. Təqsirləndirilən şəxs üzərindən nə aşkar olunduğu yadında deyil. Xidmət etdikləri ərazidə belə hadisələr çox olduğundan hadisələr təfərrüatı ilə yadında qalmır. Şəxsi axtarış və götürmə zamanı baş verənlərin hamısı videoçəkilişlə aparılmışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 8-ci PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 may 2024-cü il tarixdə işlədiyi Səbail RPİ-nin 8-ci PB-nə xx.xx.2001-ci il təvəllüdlü, ünvan 5 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat icraata daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, o da həmin qrupa daxil edilmişdi. 07 may 2024-cü il tarixdə, saat 15:20 radələrində qrupun digər üzvü Şahid3la birlikdə izləyərək Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlamış, xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlandıqda, sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdi. Bundan sonra Nurlanəni Səbail RPİ-nin 8-ci PB-in inzibati binasına dəvət etmişlər. Sonuncu etiraz etmədən onlarla birlikdə Səbail RPİ-nin 8-ci PB-nə getmiş, bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, bundan sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən elan edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxsna təklif edilmişdi ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü və həmin şalvarının sol yan cibindən bir ədəd sarı rəngli plastmas qabı çıxarıb stolun üstünə qoymaqla təqdim etmişdi. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, digərinin içrəisində ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdi. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, üzərindən aşkar edilmiş siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan maddə narkotik vasitə olan heroindir, özünə məxsusdur, 1 ədəd sarı rəngli plastmas qabda olan maddə isə limon duzudur, həmin maddələri 05 may 2024-cü il tarixdə əvvəllər tanıdığı və dəfələrlə narkotik vasitə aldığı Fəqan adlı şəxslə əlaqə saxlayıb Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi “Oazis” restoranın yaxınlığında görüşmüş və Fəqan adlı şəxsdən 20 manata almışdır. Həmin içərisində narkotik vasitə və psixotrop maddələr olan 02 ədəd bükümlər cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən zərfin içində qablaşdırılıb götürülmüş, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdi. Bundan sonra polis əməkdaşı Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bütün geyim əşyaları bir-bir yoxlanılmış, lakin protokol tərtib edilmiş və protokola da o, bütün iştirakçılar kimi imza etmişdi. Sonra toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə Səbail RPİ-nin X4 göndərilmişdi. Hadisədən əvvəl o, Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “Nuranə” adlı xanımın narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 2) xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, X3 narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə Səbail RPİ-nin 8-ci PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 3-5) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:15-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 15:20-dən tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 24) xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və üzərində qanunla qadağan edilmiş maddə, qanunsuz əşyanı təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarının sağ yan cibindən bir ədəd siqartein gümüşü kağızına bükülmüş bükümü və həmin şalvarının sol yan cibindən bir ədəd sarı rəngli plastmas qabı çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, digərinin içrəisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan maddə narkotik vasitə olan heroindir, 1 ədəd sarı rəngli plastmas qabda olan maddə isə limon duzudur. 05 may 2024-cü il tarixdə əvvəllər tanıdığı və dəfələrlə narkotik vasiə aldığı Fəqan adlı şəxslə əlaqə saxlayıb Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi “Oazis” restoranın yaxınlığında görüşmüş və Fəqan adlı şəxsdən 20 manata almışdır. (İ cild, i.v. 26-28, 72) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/2567 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №52” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən çıxan əşyalar” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,284 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sarı rəngli plastik qabda təmiz çəkisi 4,690 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. (İ cild, i.v. 38-43) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə əməl CM-in 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 48) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 50-51) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 70-71) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(010)-89/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İ cild, i.v. 89-95) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X8 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5019 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 97-98) xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən lentə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 4,640 qram olan psixotrop maddə metamfetamin, 0,234 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (İ cild, i.v. 86, 101-108) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(010)-89/2025 saylı hökmü xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin MSYnə qəbul edilən zaman bədəni üzərində heç bir xəsarət izləri aşkar edilməmişdir. Xəsarət alması ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən heç bir ərizə və müraciət daxil olmamışdır. Məhkəmənin sorğusu əsasında Baş Prokurorluqdan məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində CM-in 293-cü maddəsinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün 2572-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəzasının heç bir hissəsini çəkməmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CMin 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu yaşadığı evdən gəlib aparmaları, limon duzunu narkotik vasitə kimi üzərinə qoymaları, ona təzyiqin olması və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, məhkəmə sorğusu əsasında Bakı şəhəri Səbail rayon Polis İdarəsindən, Baş Prokurorluqdan daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasına dair ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin üzərində narkotik maddə olmaması, polis əməkdaşları tərəfindən narkotik maddənin üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin gənc olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmin normaların tələblərini nəzərə alıb hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə CM-in 66.5-ci maddəsinin tələbinə əsasən ona qəti cəza təyin edilməli, ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2025-ci il tarixli hökm üzrə) və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (hazırkı iş üzrə) tutulduğu, həbsdə saxlanıldığı ümumilikdə 04 (dörd) gün müddət çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş, tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 4,640 qram olan psixotrop maddə metamfetamin, 0,234 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2025-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü üzrə) və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu, həbsdə saxlanıldığı (hazırkı iş üzrə), ümumilikdə 04 (dörd) gün müddət çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş, tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 4,640 qram olan psixotrop maddə metamfetamin, 0,234 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar