Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-781/2025 13.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Namazov Fərid Arif oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: 21 noyabr 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin hüquqlarını həmin tarixli, EO-640VK-12656/24 nömrəli vəkil orderi əsasında müdafiə edən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 əsaslarını göstərməklə məhkəməyə vəsatətlə müraciət edib bildirdi ki, o, həmin iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-944/2024 nömrəli qərarından apelyasiya şikayəti vermiş, onun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2024cü il tarixdə məhkəmə iclasında baxılıb müvafiq qərar qəbul edilmiş, həmin iclasda müstəntiq Mahmud Sarıvəlli də iştirak etmişdir. O, ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiəçisi olsa da, müstəntiq tərəfindən cinayət işinin materialları ilə tanış olmasına şərait yaradılmadan cinayət işinin ibtidai istintaqı tamamlanıb məhkəməyə göndərilmişdir. Bu səbəbdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin materiallarına baxılmasına xitam verilməsini və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş edir. Müdafiəçi3 qeyd etdi ki, o, xx.xx.2024-cü il tarixdə 1167 nömrəli müqavilə əsasında Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müqavilə bağlamışdır. Vəkil orderinin nömrəsi 000138-dir. O, xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə həmin iş üzrə müdafiəçi qismində işə buraxılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinə müraciət etmişdir. Habelə o, xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında keçirilmiş iclasda iştirak etməklə, onun tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirilmişdir. Məhkəmə müdafiəçinin vəsatətində göstərdiyi halları dəqiqləşdirmək üçün müvafiq qurumlara sorğu ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(103)-1132/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqları Müdafiəçi3 tərəfindən müdafiə edilmişdir. Bundan əlavə, Müdafiəçi3 birinci instansiya məhkəməsinin qərarından vermiş olduğu apellyasiya şikayətinə orderin surətini əlavə etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 53/2-578/24 nömrəli məktubundan görünür ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 həmin polis idarəsinə ərizə ilə rəsmi müraciət etməmiş, habelə həmin cinayət işi üzrə Müdafiəçi3 icraata buraxılmamış, Müdafiəçi3 Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına buraxılmasına dair hər hansı məktub göndərilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-3007/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə bağlı Müdafiəçi3 Bakı İstintaq Təcridxanasına buraxılmasına dair Yasamal Rayon Polis İdarəsi tərəfindən məktub təqdim edilməmişdir. Bundan başqa, digər Müdafiəçi2 məhkəməyə vəsatətlə müraciət edib təqsirləndirilən şəxsə fiziki və psixi zorakılıq edilməsi ilə bağlı aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X4 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayət üzrə müvafiq qərar qəbul edilənədək hazırki cinayət işinin icraatının dayandırılmasını məhkəmədən xahiş etdi. Bundan əlavə, Müdafiəçi2 digər yazılı vəsatətində əsasları göstərməklə, müdafiəçi X3 “+994-50-319-56-05” saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, həmin nömrəyə zəng edən abunəçilərin anket məlumatları, həmçinin göstərilən tarixlər üçün nömrədən daxil olan və çıxan zənglərin hansı antennalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların "xxxx" MMC-dən götürülməsini, cinayət işi üzrə xx.xx.2024-cü il tarixli “Şəxsin üzərində axtarış və götürmə aparılması haqqında” protokolunun, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrin sübut kimi yolverilməz materiallar olduğuna görə həmin sübutların sübutlar siyahısından çıxarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəmənin hazırlıq iclasında cinayət prosesinin iştirakçılarının fikirlərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirdikdə müəyyən etmişdir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan hazırki cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Belə ki, 2 cilddən ibarət olan cinayət işinin materiallarında Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 xx.xx.2024-cü il tarixli, EO-640VK-12656/24 nömrəli vəkil orderi əsasında müdafiəçi qismində işə buraxılmasına dair hər hansı məlumat mövcud deyil. Halbuki ibtidai istintaqı aparmış müstəntiq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və həmin məhkəmə iclasında həmçinin Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmışdır. Göründüyü kimi, müstəntiqin Müdafiəçi3 təqsirləndirilən şəxsin hüquqlarını qorumasından məlumatı olmuş, lakin hərəkətsizlik nümayiş etdirməklə, onu təqsirləndirilən şəxsə təqdim etməmiş və vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxs müdafiəçisi qismində iştirakına şərait yaratmamışdır. Təqsirləndirilən şəxsin Cinayət-Prosessual Məcəlləsinin 91.5.7-ci maddəsinə əsasən, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü-özünü müdafiə etmək, həmin Məcəllənin 91.5.8-ci maddəsinə əsasən, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququnun olması qeyd edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 284.1.1-ci maddəsinə əsasən, müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçisi ilə təmin edilməmiş, təqsirləndirilən şəxsin müqavilə əsasında onun hüquqlarını müdafiə etməsi nəzərdə tutulan vəkil Müdafiəçi3la söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan təklikdə görüşmək, konfidensial ünsiyyət saxlamaq və digər hüquqları pozulmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs digər müdafiəçisi Müdafiəçi2 ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixli, ******* nömrəli vəkil orderi əsasında müdafiəçi qismində işə buraxılmışdır. Cinayət işinin 1-ci cildinin 205-ci vərəqində olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının Müdafiəçi2 tərəfindən müdafiə edilməsini, digər müdafiəçi X3 isə fəaliyyətinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Ə.Ə.Əliyev həmin ərizəni imzalamışdır. Cinayət işinin 1-ci cildinin 206-207-ci vərəqlərində olan “Vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisi X3 cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilmişdir. Cinayət işinin 1-ci cildinin 211-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “Müdafiəçinin hüquqi yardımından imtina edilməsi haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi X3 hazırki cinayət işi üzrə müdafiəçi qismində iştirakına xitam verilməsi barədə məlumat verilmiş və yeni müdafiəçisi, yəni Müdafiəçi2 təqsirləndirilən şəxsə təqdim edilmişdir. Lakin Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbirinin uzadılmasına dair vəsatət və təqdimata baxılması ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-766/2024 nömrəli qərarından görünür ki, həmin məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi qismində müqavilə üzrə müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 yox, xx.xx.2024-cü il tarixli qərarla həmin iş üzrə iştirakına xitam verilmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 iştirak etmişdir. Göründüyü kimi, müstəntiq tərəfindən iştirakına xitam verilmiş vəkil təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəməyə təqdim edilmişdir. Bu hal təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuş, təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçi ilə müdafiə olunmaq hüququndan məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Yuxarıda qeyd edilən hallar onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinin tələbi, yəni təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Bundan başqa, cinayət işinin 1-ci cildinin 221-ci vərəqində olan “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X7 həmin cinayət işini icraatına qəbul etmişdir. Müstəntiq həmin cinayət işi icraatında olduğu 53 gün müddətində bir sıra istintaq hərəkətləri yerinə yetirmiş, yəni Təqsirləndirilən şəxs istintaq təcridxanasından ekspertiza mərkəzinə köçürülməsinə dair qərar qəbul etmiş, əməliyyat tapşırığı vermiş, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə “Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi” barədə vəsatət və təqdimatla müraciət etmiş, müxtəlif dövlət orqanlarına sorğular ünvanlamışdır. Müstəntiq sözügedən hərəkətləri etməsinə baxmayaraq, müstəntiqə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora etiraz məsələsi həll edilməmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 112-ci və 113-cü maddələrinə əsasən, prokurora, müstəntiqə və ya təhqiqatçıya etiraz həmin Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır. Bu hal isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 303.3.3-cü maddəsinin tələbini pozmuş, yəni məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması məsələsi aydınlaşdırılmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işinin 2-ci cildinin 127-ci vərəqində olan 16 noyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda göstərilmişdir ki, təqsirləndirilən şəxs maddi sübutlarla tanış olmaq istəmədiyini bildirmişdir. Eyni zamanda, həmin protokolun məzmunundan görünür ki, müstəntiq tərəfindən maddi sübutlar təqsirləndirilən şəxsə təqdim edilməmişdir. Halbuki, CPM-in 284.2-ci maddəsinin tələbinə görə müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə və müdafiəçiyə onların xahişindən asılı olmayaraq imkan yaradır. Cinayət işinin 2-ci cildinin 128-ci vərəqində olan 16 noyabr 2024-cü il tarixli “Zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış olması haqqında” protokoldan isə görünür ki, Zərərçəkmiş şəxs da cinayət işində olan maddi sübutlarla tanış edilməmiş, Zərərçəkmiş şəxs maddi sübutlarla tanış olmaq istəyib-istəməməsi müstəntiq tərəfindən aydınlaşdırılmamışdır. Tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs aşkarlanmış 01 ədəd bükümdəki ümumi çəkisi 4,095 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin müstəntiq tərəfindən xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra qalıq 3,995 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınması qeyd edilmişdir. Başqa sözlə, iş üzrə maddi sübut kimi tanınmış həmin predmet Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Növbətçi hissəsində olmuş, lakin müstəntiq təqsirləndirilən şəxs, müdafiəçi və zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış edərkən həmin maddi sübutları növbətçi hissədən tələb etməmiş, təqsirləndirilən şəxsi maddi sübutlarla tanış etmək məqsədilə zəruri hərəkətləri etməmişdir. Eyni zamanda, cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində aparılmış məhkəmə iclası zamanı üzərində hər hansı narkotik vasitənin olmadığını bildirdiyi halda, müstəntiq tərəfindən alınmış və təqsirləndirilən şəxs tərəfindən imzalanmış 25 oktyabr 2024-cü il tarixli yeganə ifadəsində narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini bildirmişdir. Başqa sözlə, iş materiallarına əsasən təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin mövcudluğunu bütövlükdə mübahisələndirmişdir. Belə olan halda ittihamın əsası və sübutetmə predmeti olan maddi sübutun təqsirləndirilən şəxsə təqdim olunmaması qanunsuz olaraq onun müdafiə hüququnu məhdudlaşdırır. Bu isə öz növbəsində CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinin pozuntusunu yaradır. Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), 3-cü bəndinə görə məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və 8-ci bəndinə görə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq həmin Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa, məhkəmə Müdafiəçi2 vəsatətlərini müzakirə edib belə nəticəyə gəlir ki, Cinayət-Prosessual Məcəlləsinin 53.1-ci maddəsinə əsasən hazırki cinayət təqibi üzrə icraatın dayandırılmasına əsas olan hallar mövcud olmadığından, cinayət işinin icraatının dayandırılmasına dair vəsatəti təmin edilməməlidir. Bundan əlavə, Müdafiəçi2 digər vəsatətində telefon və digər qurğularla aparılan danışıqların ələ keçirilməsini, bəzi istintaq hərəkəti protokolları və digər sənədlərin sübutlar siyahısından çıxarılmasını, habelə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə icraata xitam verilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə baxışı təyin edilmədiyindən, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verildiyindən və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldığından, həmin vəsatət təmin edilməməlidir. Bundan savayı, müdafiəçi N.Əİ.Əliyev digər vəsatətində səhhətini, daimi yaşayış yerinin mövcudluğunu və digər halları nəzərə alıb təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını xahiş etsə də, məhkəmə hesab edir ki, vəsatət əsassız olduğundan təmin edilməməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması üçün maddi və prosessual əsaslar olmalıdır. Maddi əsaslar dedikdə, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətini təsdiq edən sübutlar başa düşülür. Prosessual əsaslar isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş halların məcmusundan və həbs qətimkan tədbirinin seçilməsinin qanuniliyini və zəruriliyini təsdiq edən, məhkəmə tərəfindən müəyyən edilmiş əsaslardan ibarətdir. Müəyyən edilir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə maddi və prosessual əsas hesab edilə bilən sübutlar vardır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2009-cu il tarixli 2 saylı qərarında göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən, həbs qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olmaqda qalır. Bundan başqa, məhkəmə o halı da nəzərə alır ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə cinayət qanunvericiliyinə əsasən ağır kateqoriyaya aid olan cinayətə görə ittiham irəli sürülmüşdür. Həmin ittihama görə təqsirləndirilən şəxsə 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilər. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun uzadılmasına əsas olmuş hallar hal-hazıradək aradan qalxmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə həmin Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 4(004)- 1035/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 09 dekabr 2024-cü il tarixədək uzadılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, müdafiəçi- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 vəsatətləri hər biri ayrı-ayrılıqda təmin edilməməli, müdafiəçi- Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X5 barəsində xüsusi qərar çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.3, 303.3.8, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Müdafiəçi2 “Cinayət işi üzrə icraatın dayandırılması”, “Telefon və digər qurğularla aparılan danışıqların ələ keçirilməsi”, “Bəzi istintaq hərəkəti protokolları və digər sənədlərin sübutlar siyahısından çıxarılması”, “Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə icraata xitam verilməsi” və “Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması” barədə vəsatətləri təmin edilməsin. Müdafiəçi3 “Cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora qaytarılması” barədə vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətə, yəni 13 mart 2025-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X5 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-781/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-781/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver