Məhkəmə qərarları › İş №1(101)-784/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-784/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-784/2025 19.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin Məhkəmənin 31 may 2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 67.1 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 2 il 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasının 1 il 8 ay 27 günü çəkilməmiş qalan, 13 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli qərarına əsasən həbdə saxlanılma müddətinin uzadılması barədə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilərək məhkəmə iclas zalından həbsdən azad edilmiş, 18 oktyabr 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və naməlum mənbədən qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 3,634 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib hissələrə bölüb ayrı-ayrılıqda təmiz çəkiləri 1,166 qram, 1,181 qram və 1,127 qram olmaqla 3 ədəd şəffaf selofan paket bükümündə qablaşdıraraq əynindəki göy rəngli şalvarın sağ yan cibində gizlədərək üzərində saxlamaqla 13 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə yaşayış massivi, nömrəsiz fərdi yaşayış evlərinin yaxınlığına kimi daşımış, həmin gün orada saat 01:36 radələrində piyada hərəkətdə olarkən Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq saat 01:41:15 radələrində həmin polis şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 02:30 radələrində Bakı şəhəri, Xəzər RPİ, 3-cü Polis şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 3 (üç) ədəd şəffaf selofan paketə bükülmüş 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,166 qram, 1,181 qram və 1,287 qram olmaqla, ümumi təmiz çəkisi 3,634 qram təşkil edən satış məqsədilə gizlədib saxladığı xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış həmin külli miqdarda psixotrop maddə metamfetamin 3 (üç) ədəd şəffaf selofan paket bükümlərdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, polis əməkdaşları onun yaşadığı evə qanunsuz daxil olmuşlar. Onun üzərində olan probasiya şöbəsinin qandalı da sübut edir ki, polis işçiləri onu evdə tutublar. Gecə saat 01:09-da polislər onun yaşadığı evə girmiş, telefonu söndürmüş və evdə təxminən 15-20 dəqiqə axtarış aparmışlar. Sonra evdən çıxarıb onu 3-cü Polis bölməsinə aparmışlar. Orada ona təzyiqlər göstərilmiş, o da, həmin təzyiqlərə dözməyib metamfetamini boynuna götürmüşdür. Ona bölmədə narkotik verərək cibinə qoymuşlar və çəkiliş etmişlər. O da, çəkiliş zamanı aşkar olunmuş narkotikin özünə məxsus olduğunu demişdir. Sonra isə ona bütün sənədləri imzalatmışlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs onun yaşayış ünvanının Binə qəsəbəsi, Hövsan südçülük sovxozu olduğunu, Binə qəsəbəsində yeni yaşayış massivinin olmadığını, onu yaşadığı evindən təxminən 01:36-da 3-cü Polis bölməsinə apardıqlarını, bölməyə çatdıqdan sonra ona təzyiqlər göstərildiyini, polis işçiləri onu yüngül vursalar da, bədəni üzərində xəsarətləri olmadığını, istintaq təcridxanasında müayinə edildiyini və orada qeydiyyat aparıldığını, məhkəməyə sanksiya alınması üçün aparıldığını, ona təzyiqlər göstərildiyini, ona polis əməkdaşlarından İntiqamın və Fəridin təzyiqlər göstərdiklərini, əvvəlcədən ona nə öyrədilmişdirsə, çəkiliş zamanı da həmin sözləri dediyini, özünün narkotik vasitə heroini çəkmək yolu ilə istifadə etdiyini, lazım olanda narkotik vasitəni gedib Suraxanıdan aldığını, sosial şəbəkə vasitəsilə narkotik vasitə sifariş vermədiyini, tutulmamışdan iki ay əvvəl narkotik vasitədən istifadə etdiyini və tutulan ərəfədə narkotik asılılığından müalicə olunduğunu, hadisə günü onun yaşadığı evə təxminən 12-13 nəfərin girdiyini, onlardan üç nəfərin polis formasında olduğunu, evə girəndə ona yarım kiloqram narkotiki olduğunu dediklərini və onu verməyi tələb etdiklərini, özünün tanımadığı şəxsə video çəkib göndərdiyin və həmin videonu göndərəndən iki ay sonra onu saxlayanda həmin videonu ona göstərdiklərini, polislər evə girəndə özünün qorxduğundan evdəki döşəklərin arasında gizləndiyini, İntiqam, Fərid və Bəhruzun onunla danışdıqlarını, əvvəlcə yarım kiloqram narkotiki boynuna götürməli olduğunu, sonra isə qazi olduğu üçün üç bükümdə metamfetamini etiraf etməli olduğunu dediklərini, istintaq zamanı müstəntiqə hər şeyi dediyini və cinayəti etiraf etmədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə və narkotik vasitə qəbul etdiyinə görə məhkum olunmuşdur. Təxminən 3 (üç) ay olar ki, “şüşə” adı ilə tanıdığı, dediyi psixotrop maddə hesab olunan metamfetamindən istifadə etmişdir və öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən alıb istifadə etmişdir. Qeyd etmişdir ki, təxminən 3 (üç) ay bundan əvvəl sosial şəbəkə üzərindən, eləcə də “vatsap” ani mübadilə yazışma sistemi vasitəsilə özünü Rza adı ilə təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu demiş, o da, ondan psixotrop maddə almaq qərarına gəlmişdir. 08 iyun 2024-cü il tarixdə günorta saatlarında Rza adlı şəxs ilə “vatsap” ani mübadilə yazışma vasitəsi ilə danışan zaman ona göndərilmiş məkana, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedərək oradan öz istifadəsi üçün 3 büküm “şüşə” götürmüş və ödəmə terminalı vasitəsi ilə xatırlamadığı "M10" heabına 50 manat pul göndərmişdir. Həmin psixotrop maddəni öz istifadəsi üçün saxlayıb üzərində daşımışdır. Psixotrop maddəni bir az istifadə etdikdən sonra qalanını üzərində saxlamışdır. 13 iyun 2024-cü il tarixdə saat 01:45-də yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edən zaman 3 (üç) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 3-cü Polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və vəkil Vaqif Qədirovuıı iştirakı ilə videoçəkiliş vasitəsi ilə təhqiqatçı Elvin Hacıyev üzərində onun şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində qeyri-qanuni əsva varsa, təqdim etməsi bildirilmişdir. Bundan sonra o, əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyduğu 3 (üç) ədəd şəffaf selofan paketə bükülmüş 3 (üç) büküm psixotrop maddə olan metamfetamini cibindən çıxararaq masanın üzərinə qoyaraq təqdim edib həmin psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. Şəxsi axtarış və götürmə zamanı üzərindən özünə məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon və 1 (bir) ədəd Ədliyyə Nazirliyi Probasiya Xidmətinin elektron izləmə cihazı (qolbaq) aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş həmin 3 (üç) büküm psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Törətdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş 3 (üç) büküm psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Qeyd etmişdir ki, polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə aparanda və polis bölməsində olan zaman ona heç bir formada zor tətbiq etməmişlər. Bildirmişdir ki, psixotrop maddə metamfetaminin qəbulu ilə məşğul olsa da, heç vaxt satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqə 45-47, 56-58). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, 3-cü Polis şöbəsində ona necə deyilmişsə, o da, həmin sözləri dediyini, hadisələrin ifadədə yazıldığı kimi olmadığını və həmin ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ, 5-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, baş vermiş oğurluq hadisələri ilə bağlı 13 iyun 2024-cü il tarixdə inzibati ərazidə əməliyyat müvəkili Şahid2 və sahə inspektoru Şahid3la birlikdə xidmətdə olarkən əvvəldən tanıdığı Röyal adlı şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Röyal əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün, həmçinin inzibati ərazidə əvvəllər oğurluq hadisəsi törətdiyi üçün onlar tərəfindən saxlanıldığından onu tanımışlar. Röyal da onu polis işçisi kimi gözəl tanyımışdır. Onlar Röyala yaxınlaşanda, sonuncu özünü itirmiş və verilən suallara qeyri-adekvat cavablar vermişdir. Bu səbəbdən onu 3-cü Polis şöbəsinə gətirmiş və təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə videoçəkilişlə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun əynində olan cins şalvarının cibindən üç bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içində psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri özünün istifadəsi üçün təxminən bir həftə-on gün əvvəl İran vətəndaşı Rza adlı şəxsdən müəyyən məbləğ pul qarşılığında aldığını bildirmişdir. Verilən sualları cavablandıran Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı müqavimət göstərməmiş, həmçinin şər hansı narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən onu polis işçisi kimi tanımışdır. Onlar tərəfindən saxlanılan şəxsə qarşı hər hansı təsir və ya təzyiqlər göstərilməmişdir. Röyal gecə saat təxminən 1-2 radələrində saxlanılmışdır. Onu Binə qəsəbəsində «Dövran» inşaat mağazasının ətrafında saxlamışlar. Şəxsin saxlanılması barədə raportu kimin yazdığını xatırlamır. Hadisə günü onlar Röyalgilin yaşadığı evə girməmişlər. Şəxsin saxlanılmasında özü ilə birlikdə üç nəfər əməkdaş iştirak etmişlər. Həmin vaxt Röyalın əynində göy rəngli cins şalvar olmuşdar. Onlar həmçinin yaxınlıqda yaşayan qonşunun da evinə girməmişlər və heç vaxt təqsirləndirilən şəxsin evində olmamışlar. Məhkəmədə zərurət yarandığına görə Şahid1 istintaqa verdiyi əlavə ifadəsi tədqiq olunmuşdur. Həmin ifadəsində şahid göstərmişdir ki, ilkin sənədləşmələr aparılarkən bir qədər tələsikliyə yol vermişlər və Təqsirləndirilən şəxs saxlanıldığı saatı və dəqiqəni dəqiq göstərə bilməmişlər. Yuvarlaq rəqəm olaraq saat 01:45 radələrində onun 3-cü Polis şöbəsinə gətirildiyini qeyd etmişlər. Təqsirləndirilən şəxs ilkin baxış və götürmə zamanı, eyni zamanda ilkin izahat və ifadə verərkən külli miqdarda psixotrop vasitə metamfetamini qanunsuz olaraq əldə etdiyini, saxladığım, daşıdığını və onların onu evinin yaxınlığında saxlayaraq 3-cü PŞ-nə gətirmələrini, orada üzərinə baxış keçirərkən həmin psixotrop vasitəni üzərindən çıxarıb təqdim etməsini təsdiq etdiyindən, yəni törətdiyi cinayət əməlini etiraf etdiyi üçün sənədləşmə apararkən və şahid qismində ifadə verərkən onun saxlanıb gətirildiyi saatın və dəqiqənin dəqiqliyinə o qədər də əhəmiyyət verməmişlər. Onu əsas kimi qəbul etmişlər ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilib götürülmüşdür. Sonradan Röyalın məsuliyyətdən yayınmaq üçün onun piyada hərəkətdə olarkən deyil, evdən götürülüb aparmasını yazıb istintaqı başqa səmtə yönəltdiyini bildikdən sonra onlara məlum olmuşdur ki, onlar Royalı 3-cü PŞ-nə saat 01:45-də deyil, saat 01:36-da evlərini tərk etdikdən sonra küçədə saxlanılaraq 01:41:15 radələrində gətirmişlər. Onun polisə gətirilməsi dəqiqəsinin 6 dəqiqə fərqli göstərmələrinin səbəbini saatlarına onun saxlandığı vaxtda dəqiq baxmamaları ilə izah etmişdir. Ona görə də Təqsirləndirilən şəxs küçədə saxlanılaraq 3-cü PŞ-nə gətirdikləri saat və dəqiqəni düzgün göstərməmələrinin texniki səhv kimi qəbul edilməsini bildirmişdir. Onlar, yəni əməliyyatçılar üçün əsas odur ki, Təqsirləndirilən şəxs evinin yaxınlığında piyada hərəkətdə olarkən şübhəli şəxs kimi saxlayıb 3-cü PŞ-nə gətirmişlər və orada üzərindən əynindəki göy rəngli şalvarının sağ yan cibindən 3 ədəd ayrı-ayrı şəffaf selofan bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Hesab etmişdir ki, gecə saat 01-02 arasında küçələrdə avtomobillərin hərəkət sıxlığı olmur, Bu səbəbdən də Təqsirləndirilən şəxs tərəflərindən saxlandığı küçədən avtomobillə 3-cü PŞ-nə ən qısa müddət ərzində, yəni icra və probasiya şöbəsinin izləmə kamerasında göstərilən müddətdə gətirilməsi mümkün haldır. İstintaqda təqsirləndirilən şəxsin və onun müdafiəçisinin işdə olan qeyd etdiyi anlaşılmazlıqdan və texniki səhvdən sui-istifadə etməsi onun məsuliyyətdən yayınmağa nail olmasına yönəlmiş hal kimi nəzərə alınmalıdır (cild 2, iş vərəqi 48-50). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ, 3-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 və sahə inspektoru Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə saxlanılaraq 3-cü Polis şöbəsinə gətirilməsi və şöbədə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsi zamanı iştirak etdiklərini bildirərək, öz həmkarı Şahid1 məhkəmədə, həmçinin istintaq zamanı verdikləri ifadələrlə oxşar məzmunlu ifadələr verdilər. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları arasında keçirilmiş üzləşdirmələrə dair 22 oktyabr, 24 oktyabr və 26 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, həmin istintaq hərəkətləri zamanı şahidlər Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs evlərinin yaxınlığında piyada hərəkətdə olarkən onlar tərəfindən saat 01:36 radələrində saxlanıldığını, saat 01:41:15 radələrində 3-cü Polis şöbəsinə gətirildiyini, saat 02:30 radələrində üzərinə baxış keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən 3 ədəd bükümdə psixotrop maddə metamfetaminin aşkar edilib götürüldüyünü Təqsirləndirilən şəxs üzünə qarşı deyib təsdiq etmişlərr (cild 2, iş vərəqi 56-59, 60-63, 65-68). Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs anası Şahid5 məhkəmə iclasında əlavə şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, hadisə baş verən gün o, evdə olmuş, Suraxanıda yaşayan qızıgilə getmişdir. Sonra evə gəlmiş və gecə saat 12-yə qalmış Röyal taksi ilə evə gəlmişdir. Ayağında qandalı olduğu üçün Röyal saat 12-də həmişə evdə olmuşdur. Çünki hadisədən bir ay əvvəl də həbs olunmuş, lakin xəstə olduğu üçün sonra ona qandal vermişlər. Onların evinin girişində və çıxışında dəmir qapı olduğundan evə girmək mümkün olmamışdır. Bu vaxt qapı bərk döyülmüş, həmin vaxt Röyal pəncərədən baxanda polis əməkdaşlarının olduqlarını görmüşdür. Röyal ona qapını açmağı dediyi üçün o, düşüb qapını açmışdır. Polis əməkdaşı İntiqamı tanıdığından onu görmüş, digər tərəfdə polis formasında olan Fərid və daha 5 nəfər evə girib Röyalı axtarmağa başlamışlar. Həmin vaxt Röyal evdə olsa da, əvvəlcə onu tapa bilməmişlər. Sonda isə Röyalı döşəklərin arasından tapmışlar. Polis işçiləri Röyalı özləri ilə aparmaq istədikdə, İntiqamdan oğlunun niyə aparıldığını soruşmuş, İntiqam ona bir video göstərmişdir. O, bundan sonra mətbəxə girmiş və özünə xəsarət yetirmək üçün bıçaq götürmüşdür. Həmin vaxt İntiqam ona demişdir ki, ana narahat olma, sabah saat 10-a qədər oğlunu buraxacaqlar. Ona hətta gedib oğluna yemək gətirməyi də məsləhət görmüşdür. O, evə gələndə artıq saat 1 olmuşdur. Qayıdanda ona demişlər ki, oğulunu artıq Mərdəkana aparmışlar. İyun ayının 19-na qədər müstəntiq onu qəbula buraxmamışdır. Sonradan isə onu qəbul edəndə, ona yalan danışdığını, oğlunu başqa yerdən tutduqlarını demişdir. Müstəntiq ona bildirmişdir ki, polis işçiləri Röyalı Yeni yaşayış massivində tutmuşlar və onun üstündən narkotik vasitə aşkar olunmuşdur. Müstəntiq ondan şahidi olub-olmamasını soruşmuş, o da, qonşusunun bu hadisənin şahidi olduğunu, polis işçilərinin əvvəlcə onun evinə girdiklərini, oradan isə onların həyətinə düşdüklərini demişdir. Polis işçiləri Röyalı aparandan sonra post-patrul maşını gəlmiş, İntiqam orada qonşusu Gülü ilə söhbət etmişdir. Sonradan o, məlumat almışdır ki, Gülü artıq şahidlik eləmək istəmir. Gülü demişdir ki, polislər həyətə girməmişlər, guya həmin vaxt zəlzələ olmuşdur, ona görə də hamısı çölə çıxmışlar. Sonradan o, telefonu İntiqamdan almaq üçün müraciət edəndə, sonuncu ona telefonun müsadirə olunacağını demişdir. Əlində damarı partladığına görə rentgenə düşmüş, orada ona eksperizadan keçmək üçün 3-cü polis bölməsindən arayış almaq üçün göndərmişlər. O da, həmin şöbəyə gedəndə Fərid adlı polis işçisi onu görmüş və onu çölə çıxarmışlar. Bundan sonra o, DİN-nin “102” xidmətinə zəng etmişdir. Şahid5 ifadəsinə görə sonradan o, qonşusu Gülüyə səs atmış, ona Röyalı nə vaxt tutduqlarını demiş, Gülü də həmin vaxt həyəcanlı olduğunu bildirib qızından soruşacağını söyləmişdir. Sonradan eşitmişdir ki, qonşusu Gülnar məhkəməyə gəlib ifadə vermək istəmir. Onlar Binə südçülük sovxozunda yaşayırlar, polis işçiləri Röyalı otaqdan döşəklərin arasından çıxarıb aparmışlar. Evə baxış keçirilməsi ilə bağlı onun icazəsini almamışlar, həmçinin evdən heç nə aşkar olunmamışdır. Oğlu Röyal əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmuşdur. İntiqam telefonda ona videonu göstərmiş, Röyalı aparıb izahatını alıb buraxacaqlarını bildirmişdir. Məhkəmədə əlavə Şahid5 ifadəsində Gülü kimi adını çəkdiyi qonşusu Gülnar adlı qadının məhkəməyə gəlmək istəməməsinə dair səsləndirdiyi fikri ilə əlaqədar həmin şəxsin, yəni Şahid4 ifadəsi tədqiq olunarkən müəyyən edilmişdir ki, o, istintaqa verdiyi ifadəsində 13 iyun 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə yatılı vəziyyətdə olduğunu, həmin günün səhəri, yəni saat 10 radələrində ayılıb işinə getdiyini, 13 iyun 2024-cü il tarixdə ümumiyyətlə Şahid5 və onun oğlu Təqsirləndirilən şəxs görmədiyini, eyni zamanda həmin gün heç bir polis əməkdaşını görmədiyini və polis əməkdaşlarının yaşadığı evin həyətinə gəlmədiklərini, təqdim olunan səs yazısında o, 13 iyun 2024-cü il tarixdə olan hadisə barədə danışmadığını, təxminən bir neçə ay əvvəl Bakı şəhərində zəlzələ olduğuna görə qorxduğunu və həyətə çıxdığını, həmin vaxt Zəminənin də qonşu kimi küçəyə çıxdığını və ərazidə xidmət aparan polis əməkdaşlarının onları sakitləşdirdiyini, həmin səs yazısında da Şahid5 ilə zəlzələ barədə söhbət etdiyini bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 13 iyun 2024-cü il tarixli protokola əsasən, həmin tarixdə Xəzər RPİ, 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilmiş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən üç ədəd şəffaf selofanda olan bükümləri təqdim edərək, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşından məkan göstərilmə yolu ilə 50 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üç bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə cinayət təqibi üçün sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı həmçinin 1 ədəd «Samsung» markalı mobil telefon və 1 ədəd Ədliyyə Nazirliyi Probasiya xidmətinə aid izləmə cihazı aşkar olunaraq götürülmüşdür. Protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 22-23). Məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3259 nömrəli rəyindən görüynür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Arayışlar üçün № 244" dairəvi möhür əksi, "(imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,166 qram, 1,181 qram və 1,287 qram olmaqla, ümumi təmiz çəkisi 3,634 qram ağ rəngli kristalşəkilli maddələr psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd bükümdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir (cild 1, iş vərəqi 34-38). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2036 saylı rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinə əsasən, məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman öz hərəkətlərini ölçübbiçmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallannm təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, emosional dəyişkənlik müəyyən edilir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə öz hərəkətlərinin mahiyyətini dərk edə və hərəkətlərini idarə edə bilərdi. Təqsirləndirilən şəxs baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa patoloji meyillilik əlamətləri aşkar olunmadı (cild 1, iş vərəqi 193-195). Məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2024-cü il tarixli 4610 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 196-197). Cinayət işinə əlavə olunmuş mobil telefona baxış keçirilməsi haqqında 13 iyun 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən 34 saniyəlik videogörüntü aşkar edilmişdir. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs Rza adlı şəxsdən 500 qram «mal» aldığını, onun üçün kuryerlik etdiyini bildirmişdir. Videogörüntünün mobil telefonda saxlanılması zərurəti olmadığına görə həmin görüntü CD diskə köçürülmüş və mobil telefonun yaddaşından silinmişdir (cild 1, iş vərəqi 30). Cinayət işində olan 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə etdiyi müraciət əsasında araşdırma aparılmış, Xəzər RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyyən edildiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 167- 169). İbtidai istintaq orqanının 04 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,634 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi, şəxsin üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk isə sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,484 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 1 ədəd disk isə iş materiallarına əlavə olunmuşdur (cild 2, iş vərəqi 69-83). Cinayət işinə əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda anası ilə qeydiyyatsız yaşayır, qəsəbə nümayəndəliyinə onun barəsində xoşagəlməz hallar barədə məlumat daxil olmamışdır (cild 1, iş vərəqi 171-172). Cinayət işində olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Kəlbəcərin azad olunmasına görə» və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir (cild 1, iş vərəqi 173-174). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin Məhkəmənin 31 may 2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 67.1 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 2 il 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsinin xx.xx.2025-ci il tarixli 221392 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin günə qədər Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 3 ay 22 gününü çəkmiş, cəzanın 1 il 9 ay 4 günü çəkilməmiş qalmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib polis əməkdaşlarının gecə saat 01:09-da onun yaşadığı evə girdiklərini, telefonunu söndürüb evdə təxminən 15- 20 dəqiqə axtarış keçirdiklərini, sonra onu 3-cü Polis bölməsinə apardıqlarını, orada ona təzyiqlər göstərildiyini, onun da həmin təzyiqlərə dözməyib metamfetamini boynuna götürdüyünü, ona bölmədə narkotik verərək cibinə qoyduqlarını və çəkiliş etdiklərini, o da, çəkiliş zamanı aşkar olunmuş narkotikin özünə məxsus olduğunu dediyini, sonra isə ona bütün sənədləri imzalatdıqlarını, onun yaşayış ünvanının Binə qəsəbəsi, Hövsan südçülük sovxozu olduğunu, Binə qəsəbəsində yeni yaşayış massivinin olmadığını, onu yaşadığı evindən təxminən 01:36-da 3-cü Polis bölməsinə apardıqlarını, polis işçiləri onu yüngül vursalar da, bədəni üzərində xəsarətləri olmadığını bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ilkin ifadələrində üzərindən aşkar edilmiş psixotrop madələrin özünə məxsus olduğunu, həmin maddələri 08 iyun 2024-cü il tarixdə günorta saatlarında Rza adlı şəxs ilə “vatsap”la danışan zaman ona göndərilmiş məkana, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedərək oradan öz istifadəsi üçün 3 büküm “şüşə” götürdüyünü və ödəmə terminalı vasitəsi ilə xatırlamadığı "M10" heabına 50 manat pul göndərdiyini, həmin psixotrop maddəni öz istifadəsi üçün saxlayıb üzərində daşıdığını, psixotrop maddəni bir az istifadə etdikdən sonra qalanını üzərində saxladığını, 13 iyun 2024-cü il tarixdə saat 01:45-də yaşadığı Binə qəsəbəsi, Yeni sahə yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən psixotrop maddələrin aşkar edilərək götürüldüynü, polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə aparanda və polis şöbəəsində olan zaman ona qarşı hər hansı formada zor tətbiq edilmədiyini, psixotrop maddə metamfetaminin qəbulu ilə məşğul olsa da, heç vaxt satışı ilə məşğul olmadığını bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs istintaq zamanı müqavilə əsasında müdafiəçisi işə qoşulduqdan sonra verdiyi etirafedici ifadələrindən imtina etmiş, məhkəmədə gətirdiyi dəlilləri ibtidai istintaq zamanı həm özü, həm də müdafiəçisi tərəfindən vəsatətlər şəklində qaldırmış, həmin dəlillər istintaq orqanı tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Belə ki, müdafiə tərəfi həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin üzərində gəzdirdiyi elektron nəzarət vasitəsinin göstəricilərinə əsasən cinayətin törədildiyi yeri və vaxtı mübaşisələndirərək, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə küçədə yox, yaşadığı evdə polis əməkdaşları tərəfindən tutulub 3-cü Polis şöbəsinə aparıldığını iddia etmişlər. Lakin məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə saat 01:36da yaşadığı evin yaxınlığında küçədə piyada hərəkətdə olarkən saxlanılmış, saat 01:41:15-də həmin yerdən 3,8 km aralıda yerləşən Xəzər RPİ, 3-cü Polis şöbəsinin inzibati binasına gətirilmişdir. Cinayət işinə əlavə olunmuş diskdə olan görüntülərə baxış keçirilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs Rza adlı şəxsdən 500 qram «mal» aldığını və onun üçün kuryerlik etdiyini etiraf etmiş, eyni zamanda həmin videogörüntüdəki çıxışında ölkə rəhbərliyini təhqir etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi, fiziki və psixoloji təzyiqlərə məruz qalması ilə bağlı gətirdiyi dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həmin hal da ibtidai istintaq zamanı yoxlanılmış, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı təsdiq edilmədiyinə görə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş 3 bükümdə psixotrop maddəələrin özünə məxsus olmaması, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, yaşadığı ünvandan polis işçiləri tərəfindən tutulub aparılması və ona göstərilmiş fiziki təzyiqlər nəticəsində törətmədiyi cinayət əməlini etiraf etməsi barədə məhkəmə iclasında gətirdiyi dəlilləri təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla medallarla təltif edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin Məhkəmənin 31 may 2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 67.1 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 2 il 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsinin xx.xx.2025-ci il tarixli 221392 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı hökmün çıxarıldığı günə qədər Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 3 ay 29 gününü çəkmiş, cəzanın 1 il 8 ay 27 günü çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunan müddəaya əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədənə qədər məhkumluğu olsa da, həmin məhkumluq residiv yaratmır. Lakin ona təyin olunmuş və çəkilməmiş cəza cinayət qanunvericiliyinin müddəalarına əsasən azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, hazırkı hökmlə təyin olunacaq cəzaya həmin cəzanı qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və hazırkı hökmün çıxarıldığı günə qədər çəkilməmiş qalan 1 il 8 ay 27 gün azadlığın məhdudlaşdırılması cəzası 10 (on) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü üzrə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı işin ibtidai istintaqı zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ümumlikdə həbsdə saxlanıldığı 4 (dörd) ay 4 (dörd) gün ona təyin olunmuş qəti cəza müddətinə hesablanmaqla çıxılmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Həmçinin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 19 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2024-cü il tarixli 4610 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3 ədəd selofan bükümlərdə ümumi çəkisi 3,484 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd disk, həmçinin ona məxsus mobil telefondakı görüntülərin köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 2 il 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 8 ay 27 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 10 (on) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü üzrə müəyyən edilmiş 10 ay 13 gün azadlıqdan məhrum etmə cəzasını qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı işin ibtidai istintaqı zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ümumlikdə həbsdə saxlanıldığı 4 (dörd) ay 4 (dörd) gün ona təyin olunmuş qəti cəza müddətinə hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 5 (beş) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 19 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3 ədəd selofan bükümlərdə ümumi çəkisi 3,484 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd disk, həmçinin ona məxsus mobil telefondakı görüntülərin köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar