Məhkəmə qərarları › İş №1(101)-785/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-785/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-785/2025 07.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Biləsuvar rayonunda (4 saylı çadır şəhərciyi) anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 4,003 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqın şəhərciyində yerləşən “Oba” marketin yaxınlığına qədər daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psİxotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 17 aprel 2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqın şəhərciyində yerləşən “Oba” marketin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilib xidməti otaqların birində saat 17:30-dan etibarən müdafiəçinin iştirakı və video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 4,003 qram çəkidə külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, həmin günü stadionda olmamışdır, tutulma saatları da düzgün yazılmamışdır. Qeyd olunan narkotik vasitədən xəbəri yoxdur. Narkolojidən əziyyət çəkmir, narkotik satmamış, kiməsə verməmişdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, onu bölməyə apararkən ona demişlər ki, narkotiki boynuna alsa onu məhkəmədə buraxdıracaqlar. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, hər hansı narkoloji və ya psixatrik müəssisədə müalicədə və qeydiyyatda olmamışdır. ünvan 2 ünvanında yaşayır. 17 aprel 2024-cü il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri Qaradağ rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmişdir. Sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona, üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları vardırsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik heroini təqdim etmişdir. Sonra onun üzərində şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon, 6 ədəd açar, **********804154 nömrəli bank kartı, içində siqaret dənələri olan siqaret qutusu, həmin şalvarın sağ yan cibindən 1 AZN pul aşkar olunmuşdur. Sonra həmin heroin qablaşdırılmış, müdafiəçi və onun tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “İphone” markalı mobil telefon və bank kartı götürülmüş, digər əşyalar və 1 manat pul özünə geri qaytarılmışdır. Ona verilmiş suallara cavab olaraq üzərindən aşkar olunmuş heroini Bakı şəhəri Qaradağ rayonunda, yaşadığı küçədə olan stadionun yaxınlığında yerdən taparaq əldə etdiyini və maraqlı olduğu üçün üzərində gəzdirdiyini, başqa hardasa narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməmişdir, törətdiyi cinayəti səmimi olaraq etiraf edir və əməlindən çox peşiman olduğunu bildirir. Tapdığı həmin narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün üzərində gəzdirirmiş. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olmamışdır. Üzhərində narkotik vasitənin olmasından heç kəsin məlumatı yoximiş və heç kəsə də verməmişdir. Özü Baksell mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edir. Təqsirləndirilən şəxs əlavə ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində yaşadığı Müşfiqabad qəsəbəsində yerləşən dairədə tanımadığı 3 nəfər şəxs ona yaxınlaşıb qoluna qandal vuraraq gəldikləri boz metal rəngli Mersedes markalı avtomobilə məcburi mindirmişlər. Hansı istiqamətdə apardıqlarını demədən avtomobildə onun üzərinə baxış keçirmişlər. Oradan onu Qaradağ rayon Polis idarəsinə aparmışlar. Polis idarəsinin birinci mərtəbəsində tanımadığı şəxs bir ədəd kağızı və sellofana bükülmüş bir ədəd bükümü ona verərək vəkilin yanında və məhkəmədə onun verdiyi bükümün özünə məxsus olmasını deməli olmasına məcbur etmişdir. Həmin vaxt onlar onu döyəcəkləri ilə hədələmişlər və söz vermişlər ki, məhkəmədən onu buraxdıracaqlar. O da onlara inanıb vəkilin yanında elə həmin otaqda çəkiliş aparılmaqla yalandan bildirmiş ki, cibindəki bir ədəd büküm ona məxsusdur, halbuki həmin büküm onun deyilmiş. Bundan sonra o orada oxumadığı sənədlərə imza etmişdir. Qaradağ RPİ-də 2-3 saat qaldıqdan sonra onu ora gətirənpolis əməkdaşları ilə birlikdə Badamdar qəsəbəsində yerləşən Baş Narkotiklərlə Mübarizə idarəsinə aparılmışdır. Həmin inzibati binanın 1 və 2ci mərtəbələrində oxumadığı sənədlərə imza etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri keçirilərək şəxs saxlanılıb, idarəyə gətirilərək müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilib və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Saxlanılarkən təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, tədbirdə iki nəfər iştirak etmişlər. ik. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyir. 17 aprel 2024-cü il arixdə DİN- in Baş Narkotiklərlə Mübarizə idarəsinə xx.xx.1996-cı ildə Biləsuvar rayonu 4 saylı Çadır şəhərciyində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olub. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 17 aprel 2024 tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşları əməliyyat müvəkkili Şahid1 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır, əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilib. Əməliyyat qrupunun üzvləri olaraq sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Qaçqın şəhərciyində yerləşən “Oba market”in yaxınlığındakı ünvana yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin gün, saat 15:30-da Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqın şəhərciyində yerləşən “Oba market”in yaxınlığında olduğumuz zaman Təqsirləndirilən şəxs bənzər şəxsi saxlamışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər və həmin şəxsə anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilib. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Qaradağ RPİ-nin 10-cu PB-n in inzibati binasna dəvət edilmişdir. Bölməyə gətirildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısına baxdıqdan sonra siyahı üzrə hər hansı vəkilin onun hüquqlarının müdafiə etməsinə etiraz etmədiyini bildirib. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil X3 dəvət olunaraq ona təqdim edilib və Təqsirləndirilən şəxs həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onun müdafiəçisi ilə konfedensial ünsiyyət saxlaması üçün şərait yaradılıb. Təqsirləndirilən şəxs və müdafiəçisi konfedensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmişdir, həmçinin ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə etməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilib. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanılmasına razı olduğunu bildirib. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutumuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilib. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirib. Şəxsi axtarış və götürmə xx.xx.2024-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılıb. Şəxsi axtarış və götürmə aparılmasına başlamazdan əvvəl barəsində şəxsi axtarış və götürmə aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilib. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər kütləni təqdim edib. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon, 6 ədəd açar, 1 ədəd bank kartı, içində siqaret dənələri olan siqaret qutusu, həmin şalvarın sağ yan cibindən 1 manat pul aşkar edilmişdir. Sonra həmin heroinə bənzər kütlə qablaşdırılmış, şübhəli şəxs, müdafiəçisi və onlar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “İphone” markalı mobil telefon və bank kartı götürülmüş, 1 manat pul və açarlar özünə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən sualları cavablandıraraq üzərindən aşkar olunmuş heroini Bakı şəhəri Qaradağ rayonunda, yaşadığı küçədə olan stadionun yaxınlığında yerdən taparaq əldə etdiyini və ona maraqlı olduğu üçün üzərində gəzdirdiyini, başqa hardasa narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirib. Sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 17 aprel 2024-cü il tarixdə şəxs Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Qaçqın şəhərciyndə saxlanılıb, idarəyə gətirilərək müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilib və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Şahid1 ibtidai araşdırma zamanı Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “raport”dan və “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış (baxış-götürmə) aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər kütləni təqdim etmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd “İphone” markalı mobil telefon cihazı, 6 ədəd açar, **********804154 nömrəli bank kartı, içində siqaret dənələri olan siqaret qutusu, həmin şalvarın sağ yan cibindən 1 AZN pul aşkar edilib. Sonra həmin heroinə bənzər kütlə qablaşdırılmış, şübhəli şəxs, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür, bundan əlavə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün “İphone” markalı mobil telefon və bank kartı da götürülmüş, digər əşyalar isə şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılmışdır. Verilən suallara cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş heroini Bakı şəhəri Qaradağ rayonunda yaşadığı küçədə olan stadionun yaxınlığında yerdən taparaq əldə etmiş, ona maraqlı olduğu üçün üzərində gəzdirmişdir. Başqa haradasa narkotik vasitə saxlamır, ona verilən sualları tam başa düşür, doğru və səmimi cavablar verir, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməmişdir. Şəxsi axtarış və götürmənin video görüntüləri köçürülmüş 01 ədəd dvd formatlı disk protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittham elan edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/2080 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 4,003 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 3252 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən digər sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə narkotik vasitənin və ya elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün xırda bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan başqa, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Sadalananlardan da, göründüyü kimi, sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına dair ibtidai istintaq orqanının gəldiyi qənaət ehtimallara əsaslanmışdır. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin çəkisi (miqdarı) təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən dəlil (sübut) kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, üzərinə qoyulduğunu, narkotik vasitə (psixotrop maddə) istifadə etmədiyini, həmçinin saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bunundan başqa, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə etməsini və daşımasını (saxlamasını) ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmiş, həm də bu etirafı zamanı narkotik vasitəni əldə etməkdə məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq İstintaq Təcridxanasından və X4 tibbi kitabçasının surətlərini əldə edilmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun X9 daxil olarkən müayinəsi zamanı xəsarətinin aşkar edilmədiyi, həmçinin onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı yeni xəsarətinin aşkar edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqsiləndirilən şəxsin tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiqlərə məruz qalmasının müəyyən edilməsi barədə araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, polis əməkdaşları tərəfindən saxlanılarkən psixoloji və fiziki təzyiqlərə məruz qalması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillər işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üstüstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin gənc olmasını, əvvəllər məhkum olunmamasını və məcburi köçkün həyatı yaşamış olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və işin digər hallarını, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), habelə cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3,903 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv ediməli, şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mobil operatordan təqdim edilmiş 02 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3,903 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk və mobil operatordan təqdim edilmiş 02 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 55 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar