Məhkəmə qərarları › İş №1(101)-786/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-786/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-786/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 16 avqust 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, 20 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilmiş 3,237 qram çəkidə metamfetamin psixotrop maddəsini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş əməliyyat məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə, saat 16:00-da ünvan 2 ünvanın qarşısında saxlanılıb BMCMİ-yə aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol arxa cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 03 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,177 qram, 1,040 qram və 1,020 qram olmaqla ümumilikdə külli miqdar təşkil edən 3,237 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının qənaətinə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum mənbədən və naməlum şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilmiş 3,237 qram çəkidə metamfetamin psixotrop maddəsini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş əməliyyat məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə, saat 16:00-da ünvan 2 ünvanın qarşısında saxlanılıb BMCMİ-yə aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol arxa cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 03 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,177 qram, 1,040 qram və 1,020 qram olan, ümumilikdə isə külli miqdar təşkil edən 3,237 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla deyil, ondan aşkar edilib götürülmüş psixotrop maddəni özünün şəxsi istifadəsi üçün alıb əldə etməkdə və üzərində gəzdirməkdə özünü təqsirli bilərək məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsinə uyğun ifadə verib göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal, ev 73 ünvanında qeydiyyatda olmaqla yaşamış, “şüşə” adlandırılan psixotrop maddə metamfetamindən istifıadə etmiş və hətta buna görə 2011-ci il tarixdə Yasamal rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İstifadə etdiyi psixotrop maddəni əvvəllər müxtəlif ünvanlardan, müxtəlif şəxslərdən alıb əldə etsə də, son zamanlar onu “Kaktus” adlı restoranın yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən alıb əldə etmişdir. 20 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində də yenə də psixotrop maddə metamfetamin almaq məqsədi ilə Yasamal rayonu, “Kaktus” adlanan restoranın yaxınlığına getmiş, orada üzdən tanıdığı həmin şəxsə 50 manat pul ödəməklə 03 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və istifadə etmək məqsədi ilə şalvarının arxa cibinə qoymuşdur. Elə həmin gün, yəni 20 noyabr 2021-ci il tarixdə, saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 201A ünvanında yerləşən «Su Doldurma» məntəqəsinin qarşısında olarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmiş və onu BMCMİ-yə apanrmışlar. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o özü əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus 20 manatlıq pul əskinazını, bir ədəd özünə məxsus «Nokia» markalı mobil telefonu və əynində olan tünd göy rəngli şalvarın arxa sol cibindən isə 03 ədəd bükümdə saxladığı “şüşə” kimi tanınan metamfetamin psixotrop maddəsini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, hətta üzərindən çıxan əşyaların onun özünə məxsus olmasını da bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellefon bükümlər açılaraq baxış keçirilmiş, həmin vaxt bükümlərin hər birində ağ rəngli, kristal şəkilli və spesifik iyi malik psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, təhqiqatçının suallarına cavab olaraq üzərindən aşkar edilmiş metamfetamin psixotrop maddəsini tutulduğu gün, yəni 20 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisində yerləşən “Kaktus” restoranın yaxınlığında tanımadığı şəxsdən 50 manata alıb əldə etdiyini, üzərindən aşkar olunmuş maddələri yalnız şəxsi istifadəsi üçün alıb əldə etdiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd sellefon bükümdə olan metamfetaminə bənzər psixotrop maddələr 01 ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmiş, möhürlü zərfin üzrəi həm də şəxsi axtarışda iştirak edən şəxslərin hamısı tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd 20 manatlıq əskinaz iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, ona məxsus 01 ədəd «Nokia» markalı mobil telefonu isə yoxlanılması üçün götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Onun özü də istər qablaşdırmaya və istərsə də baxış və götürməyə dair tərtib olunan protokola imzalar etmiş. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 20 noyabr 2021-ci il tarixdə Baş İdarəyə Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal, ev 73 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmiş, o, əməliyyat qrupunun digər üzvlərini təlimatlandırmış, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətləri barədə onlara məlumat vermişdir. 20 noyabr 2021-ci il tarixdə günorta saatlarında əməliyyat qrupunun üzvləri birlikdə Baş İdarədən çıxıb Təqsirləndirilən şəxs ola bilməsi ehtimal olunan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsinə getmişlər. Qeyd olunan ünvanda bir qədər müşahidə apardıqdan sonra, saat 16:00-da Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 201A ünvanında yerləşən «Su Doldurma» məntəqəsinin qarşısında olan zaman xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görərək onu saxlamış, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməsi bildirildikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Onun şəxsiyyəti əldə olunan məlumatda göstərilən anket məlumatları ilə üst-üstə düşdüyündən onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş və BMCMİ-yə aparmışlar. BMCMİ-də Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunduqdan sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu və 20 manatlıq pul əskinazını, şalvarının sol arxa cibindən isə 03 ədəd şəffaf sellefon bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara və bükümlərə baxış keçirilmiş, 03 ədəd şəffaf sellefon bükümün içərisində ağ rəngli, kristall şəkilli, spesifik iyə malik metamfetamin psixotrop maddəsinə oxşar şübhəli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özü də həmin bükümlərin içərisində olan şübhəli maddənin psixotrop maddə metamfetamin olmasını təsdiq etmiş, həmçinin 03 ədəd bükümdə təqdim etdiyi maddələri həmin gün saat 12 radələrində Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Kaktus” adlı restoranın yaxınlığından anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata özünün şəxsi istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan metamfetamin psixotrop maddəsinə şübhəli maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Qablaşdırmanın üzəri, həmçinin şəxsi axtarışın nəticələrinə dair tərtib olunan protokl bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 20 manat pul onun özünə qaytarılmış, 01 ədəd mobil telefon isə araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Şahid qismində dindirilən Şahid1 ifadəsinin yekununda göstərdi ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi və daşıması barədə daxil olsa da, o, saxlanıldıqdan sonra ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə onun psixotrop maddələri əldə etdiyi mənbə, narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə əldə etməsi, onun satışı ilə məşğul olması və ya kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə konkret məlumat əldə olunmamış, eyni istiqamətdə keçirilmiş sonrakı tədbirlər də müsbət nəticə verməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 həmkarları – məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunda ifadələr verib, sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etdiyi mənbənin, narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə əldə etməsinin, onun satışı ilə məşğul olmasını və ya kiməsə satmasının, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsinin müəyyən olunmadığını, eyni istiqamətdə keçirilmiş sonrakı tədbirlərin də müsbət nəticə vermədiyini bir daha təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 20 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşaiyəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol arxa cibindən 03 ədəd şəffaf sellefon bükümlərdə içərisində metamfetamin psixotrop maddəsinə şübhəli maddələr, şalvarın sağ yan cibindən isə “Nokia” markalı bir ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş hər üç büküm götürülərək qablaşdırılmış və xidməti möhürlə möhürlənmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümdə olan maddələrin metamfetamin psixotrop maddəsi olduğunu, həmin psixotrop maddələri 20 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Kaktus” adlı restoranın yaxınlığından anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata özünün şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, yekunda tərtib olunan protokol və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 29-32). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir(cinayət işinin materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 21 noyabr 2021-ci il tarixli, 6/5143 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki üç ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop-maddə metamfetamindir. Həmin psixotrop maddələrin ayrı-ayrılıqda təmiz çəkiləri 1,177 qram, 1,040 qram və 1,020 qram olmaqla ümumi təmiz çəkisi 3,237 qram təşkil edir. Tədqiq olunan rəydən görünür ki, metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 42-47). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2022-ci il tarixli, 470 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı nəticəsində Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 119-120). Məhkəmə baxışı zamanı tədqiq olunan «mobil telefon aparatına baxış keçirilməsi haqqında» 11 dekabr 20021-ci il tarixli və Azercell MMC-dən daxil olmuş açıqlamalara dair məlumatların yerləşdiyi CD formatlı diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədəki mobil əlaqələr yoxlanılarkən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyəsi və ya bununla bağlılığı olan hər hansı başqa məlumatlar əldə olunmamışdır (iş vərəqə: 94, 122). İşdə olan və məhkəmə baxışı zamanı təqdim olunan ibtidai istintaq orqanı tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş 007-20380- 1222 nömrəli cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsini, o cümlədən ondan aşkar edilib götürülən psixotrop maddəni kimdən, hansı üsulla və hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: 101-102; 117). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili tərəfindən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qəbul edilmiş 20 noyabr 2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (iş vərəqə: 90-91). İbtidai istintaq orqanının işdə olan 22 noyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 3,237 qram təşkil edən metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3,147 qram hissəsi saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqə: 83-85). Həmçinin ibtidai istintaq orqanının işdə olan 02 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 123-132). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq metamfetamin psixotrop maddəsini külli miqdarda əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və CPM-nin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin baxılan cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən xidmət etdiyi Polis İdarəsinin rəhbərliyinə ünvanlanmış 20 noyabr 2021-ci il tarixli raportun, eyni şəxs tərəfindən qəbul edilmiş və Polis İdarəsinin rəhbəri tərəfindən təsdiq edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 noyabr 2021-ci il tarixli qərarın, həmçinin əməliyyat qrupunun təşkil edilməsi haqqında eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması barədə olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan digər əməliyyat xarakterli sənədlərlə müəyyən edilmişdir ki, BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar yazılmış 20 noyabr 2021-ci il tarixli raportun və “şəxsi axtarış və götürmə aparılması haqqında” eyni tarixli protokolda Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmada şübhəli şəxs qismində saxlanıldığı qeyd olunmuş, hətta Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Lakin məhkəmə araşdırması prosesində müəyyən olundu ki, məhkəməyədək iclaat mərhələsində nə ibtidai istintaq və nə də əməliyyat yolu ilə Təqsirləndirilən şəxs aşkar edilib götürülən psixotrop maddələri konkret olaraq hansı mənbədən, hansı şəraitdə və hansı üsulla əldə etməsini, sonuncunun konkret olaraq kiməsə narkotik vasitə satmasını və ya pay verməsini müəyyənləşdirmək mümkün olmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 22 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin 22 noyabr 2021-ci il tarixli həmin qərardan görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edərkən heç bir sübuta istinad etməmiş, əməlin tövsifini əsaslandırmamışdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 20 noyabr 2021-ci il tarixdə şəxsi axtarış və götürmə aparılarkən, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ondan aşkar edilib götürülmüş 03 ədəd bükümdə olan maddələri 20 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Kaktus” adlı restoranın yaxınlığından anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını və üzərində saxladığını, təqdim etdiyi maddələrin metamfetamin psixotrop maddəsi olduğunu, psixotrop maddələrdən istifadə etdiyi üçün özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmiş, istər psixotrop maddələrin və istərsə də narkotik vasitələrin hər hansı formada qanunsuz dövriyyəsi ilə, o cümlədən satışı ilə məşğul olmadığını göstərmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, sonuncu ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilmiş, aşkar olunub ondan götürülmüş psixotrop maddəni özünün istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. İbtidai istintaq orqanının şahid ifadəsi olaraq sübut növü kimi qiymətləndirdiyi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları məhkəmə baxışı zamanı ifadələrində göstərdilər ki, ibtidai istintaq mərhələsində keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyini, konkret olaraq onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasını və ya pay verməsini müəyyənləşdirmək mümkün olmamışdır. Lakin ibtidai istintaq orqanı tərəfindən sübutlar qiymətləndirilərkən və həm də iş üzrə tərtib olunan ittiham aktında BMCMİ-nin əməkdaşları tərəfindən verilmiş şahid ifadələrə qiymət verilərkən həmin ifadələri əsassız olaraq təqsirləndirilən şəxsi satış məqsədi ilə külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib daşımaqda və üzərində saxlamaqda ittihamedici sübutları kimi qiymət verilmişdir. Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan istintaq orqanı tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş 007-20380- 1222 nömrəli cavab məktubdan müəyyən edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsini, o cümlədən ondan aşkar edilib götürülən psixotrop maddəni kimdən, hansı üsulla və hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı tədqiq olunan və ibtidai istintaq orqanı tərəfindən sübut növü kimi ittiham aktına daxil edilmiş BMCMİ-nin əməkdaşı tərəfindən qəbul olunan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə 20 noyabr 2021-ci il tarixli qərarının qanunauyğun hesab olunması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərarı təqsirləndirilən şəxsin narkotik vasitələri və ya psixotrop maddələri hər hansı miqdarda qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqda, daşımaqda sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 21 noyabr 2021-ci il tarixli, 6/5143 saylı ekspert rəyinin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın sübut etmə predmetinə gəldikdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının həmin rəyi təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin növünün, tərkibinin və kütləsinin müəyyənləşdirilməsinə dair hissədə sübut əhəmiyyətinə malikdir və bu rəylər Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddələri əldə edib saxlamasını, daşımasını və s. təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı həm də məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının rəyini Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın təsdiqi üçün sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir ki, tədqiq olunan həmin rəy ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsini özündə ehtiva edir, yəni təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin olub-olmaması, belə bir xəstəlik müəyyən olunduğu təqdirdə isə şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli tədbirlərin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həmin rəyin nəticəsinə uyğun həll edilir. Odur ki, bu rəydən təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, daşımasını və s. təsdiq edən sübut kimi istifadə oluna bilməz. İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan 02 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işindən sonuncunun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə materiallar ayrıldığı müəyyən edilmişdir. Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılmamış, ünvana baxış keçirilməmiş, ünvandan hər hansı növdən olan narkotik vasitələr və ya psixotrop maddələr aşkar edilməmiş, o, narkotik vasitələri və ya psixotrop maddələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 02 fevral 2022-ci il tarixli, 470 saylı rəyindən də göründüyü kimi, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun aşkar edilb götürülmüş metamfetamin psixotrop maddəsini qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamasını və daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi 3,237 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil edir və bu miqdar qanunla müəyyən olunan külli miqdar həddini az bir miqdar fərqlə aşmışdır. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisinin 3,237 qram olmaqla külli miqdar təşkil etməsi, bu miqdar narkotik vasitənin üç ədəd bükümdə aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməlidir və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Qeyd olunan həmin qərardan da göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin tək kütləsinin külli miqdar təşkil etməsi və üç ədəd bükümdə olması onun psixotrop maddələri satmaq niyyətində olması qənaətinə gəlməyə əsas vermir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Araşdırmaya əsasən məhkəmə qeyd ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin kütləsinin 3,237 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilmiş psixotrop maddənin üç ədəd ayrı-ayrı bükümlərdə olması həmin psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması məhkəmə baxışı nəticəsində təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr və ya psixotrop maddələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin üç ədəd bükümdə olmaqla külli miqdar meyarına, istintaqçının özünün hüquq düşüncəsinə, fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər ilk və son dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 noyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il on ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli amnistiya barədə qərarına əsasən cəzadan azad edilmişdir (iş vərəqə: 92-93). Göründüyü kimi az ağır cinayətə görə məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və baxılan iş üzrə yeni cinayət törədilərkən onun məhkumluğu qalmamışdır. Azərbaycan Respublikası CM-nin 86.3-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmənarkoloji ekspertizasının nəticələrinə münasibət bildirib, təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorın birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ekspertlərin tövsiyəsinə uyğun olaraq yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 22 noyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət təqibinin bundan sonrakı müddətində məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhz buna görə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,147 qram metamfetamin psixotrop maddəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 81,82 (səksən bir manat, 82 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 20 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,147 qram metamfetamin psixotrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81,82 (səksən bir manat, 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar