Məhkəmə qərarları › İş №1(101)-787/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-787/2022

26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-787/2022 26.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Xəzər Konsaltinq» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2003-cü il sentyabrın 24-də Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, istintaqla müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2021-ci il aprelin 18-də saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Biləcəri-Xocəsən yolunun kənarında yerləşən «Murad» şadlıq sarayının arxasında olan körpünün yanında görüşdüyü tanışı Zərərçəkmiş şəxs bundan bir müddət əvvəl hansı səbəbdən onun ünvanına nalayiq sözlər deməsini soruşduqda sonuncunun yenidən nalayiq sözlər işlətməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı bıçaqla qarın və sinə nahiyəsindən iki dəfə vurmaqla Zərərçəkmiş şəxs döş qəfəsinin plevra boşluğuna nüfuz edərək hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin daxilə nüfuz edərək nazik bağırsağın çoxsaylı yaraları və peritonarxası sahənin hematoması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun atası Ağcabədi rayonunda, özü isə xalasının evində yaşayırlar. Hadisədən təxminən iki il əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, Heydər Əliyev adına parka tanış olduğu Zərərçəkmiş şəxs ilə teztez olmasa da arada həmin parkda görüşüb söhbət etmişlər. Onun sonuncunun məktəb yoldaşı Şahid1 və şəhərdə tanış olduğu Şahid2 ilə yaxşı münasibətləri olmuşdur. Sonuncu ona Miraləmin onun və ətrafının ünvanına söyüş söydüyünü dedikdə o, zəng etməklə səbəbini soruşanda Miraləm telefonda ona söyüş söyərək lazım olarsa, üzünə də söyəcəyini bildirdiyindən 2021-ci il aprelin 18-də saat 19 radələrində Miraləmlə görüşməkdən ötrü Bakı şəhəri, Binəqədi rayonu, «Murad» şadlıq evinin arxasındakı körpünün ərazisinə getmiş, göstərilən vaxt Əlirza da onun yanında olmuş, o, Rəşada görüş barədə məlumat verdikdə sonuncu qatılacağını söyləmişdir. Əlirzaya kənarda dayanaraq söhbətə müdaxilə etməməsini tapşırmış, Rəşad isə hələ gəlib çatmamışdır. Miraləm tək yaxınlaşsa da onlardan xeyli aralıda dayanan bir neçə cavan oğlanın sonuncunu müşayiət etdiyini düşünmüşdür. O, Miraləmdən nə üçün onun haqqında söyüşlə danışmasını soruşanda sonuncu əvvəlcə həmin sözü pis mənada işlətmədiyi bildirsə də sonradan hirslənməklə onun ünvanına yenə söyüş söyərək üstünə gəlməyə başlamışdır. O, Miraləmin onu hansısa predmetlə vuracağından ehtiyat edib əynindəki şalvarın arxa cibindən çıxartdığı bıçaqla sonuncunun qarın nahiyəsindən bir dəfə vurmuşdur. Onlar yerdə güləşməyə başladıqlarından o, istəmədiyi halda Miraləmin sinə nahiyəsinə də xəsarət yetirməklə ayağa durmuşdur. Sonuncu qaçaraq hadisə yerindən uzaqlaşmış, o isə çox qorxub həyəcan hissi keçirmişdir. Rəşad ona çatdıqdan sonra o, sonuncu və Əlirza ilə birgə oradan getməklə yolda dəqiq xatırlamadığı yerdə bıçağı tullamışdır. Əməlindən həddindən artıq peşman olmuşdur. Zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, bir neçə il əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində parkda tanış olduğu Təqsirləndirilən şəxs və məktəb yoldaşı Şahid1 ilə münasibəti normal olmuşdur. 2021-ci ilin aprel ayında şəhərin mərkəzində olarkən söhbət əsnasında Şahid2 adlı oğlan Rəşadgil barəsində dediklərini səhv başa düşərək sonuncunun onun tərəfindən söyüldüyünü bildirdiyindən aralarında mübahisələri yaranmışdır, onlar bir-birlərini söymüş və görüşüb məsələni aydınlaşdırmağı qərarlaşdırmışlar. 2021-ci il aprelin 18-də saat 19 radələrində o, «Murad» şadlıq evinin arxasındakı körpünün yanında Rəşadla görüşmüşdür, orada onlar yenidən bir-birini söymüş, o, sonuncunun üstünə getdikdə tutaşmışlar. Dalaşan zaman qarın nahiyəsində ağrı hiss etmiş və Rəşadın əlində bıçaq olduğunu görəndə onu vurduğunu anlamış, yerə yıxıldıqda sinə nahiyəsindən də xəsarət almışdır. Daha sonra özünə gələndə xəstəxanada olduğunu bilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 Təqsirləndirilən şəxs ilə uyğun ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş yetkinlik yaşına çatmayan Şahid2 ibtidai araşdırmada şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 139-140). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 18 aprel tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Biləcəri-Xocəsən yolunun kənarında yerləşən «Murad» şadlıq sarayının arxasında olan körpünün yanındakı hadisə yerinə baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 7-10). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 20 aprel tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə ailə üzvlərinə xəbər vermək hüququ təmin edilmiş, ərizə, şikayət və vəsatət daxil olmamışdır (1-ci cild, iş vərəqi 24-25). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 22 aprel tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 46-48). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 22 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il aprelin 20-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 64-69). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 2021-ci il 08 iyun tarixli 13/575 saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin plevra boşluğuna nüfuz edərək hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin daxilə nüfuz edərək nazik bağırsağın çoxsaylı yaraları və peritonarxası sahənin hematoması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənməklə müddəti 2021-ci il aprelin 18-nə uyğundur, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 88-89). İş materiallarındakı Ağdam Rayonu İcra Hakimiyyəti başçısının Əfətli Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 06 iyul tarixli xasiyyətnamədən görünür ki, Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 132). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyulun 26-da tərtib etdiyi tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 147). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin 2021-ci il 06 iyul tarixli 448/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İV/ olub tədqiqata təqdim edilən sonuncuya məxsus maykanın və koftanın üzərindəki ləkələrdə aşkarlanan insan qanının qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda «A» və «B» antigenləri alınmaqla bu ləkələr AB0 sistemi üzrə B/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (1-ci cild, iş vərəqi 151-154). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Biləcəri-Xocəsən yolunun kənarında yerləşən «Murad» şadlıq sarayının arxasında olan körpünün yanını göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 168-171). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 05 avqust tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu deyilənlərin bir qismi ilə razılaşıb Zərərçəkmiş şəxs bıçaqla vuran şəxsin Şahid1 deyil, özü olduğunu bildirmişdir (1-ci cild, iş vərəqi 176-177). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin 2021-ci il 02 avqust tarixli 299/2021-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs məxsus maykanın ön hissəsinin orta-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir (1-ci cild, iş vərəqi 188-189). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2021-ci il 13 avqust tarixli 1779 saylı ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilməklə hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 268-269). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 01 fevral tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 27 yanvar tarixli BKC/LGL-1457/22 №-li və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 28 yanvar tarixli AZF/LGL-6326/22 №-li məktubları ilə daxil olan iki ədəd CD diskinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır (2-ci cild, iş vərəqi 53-57). İş materiallarında olan 2022-ci il 07 fevral tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır (2-ci cild, iş vərəqi 64). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin 2022-ci il 11 fevral tarixli 43/2022-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər yetirilən nahiyələrdə xəsarət yetirən alətin individual xüsusiyyətləri əks olunmadığından iki xəsarətin eyni və ya fərqli alətlər tərəfindən yetirilməsini dəqiq söyləmək mümkün deyildir, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs məxsus maykanın ön hissəsinin orta-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə sonuncunun bədəninin döş qəfəsinin sağ yarısının ön səthindəki eyni xarakterli xəsarətlə həm ölçülərinə, həm də yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşür (2-ci cild, iş vərəqi 66-68). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 13 fevral tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə, habelə eyni tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 130.1.-ci, 131.2.-ci, 29, 120-ci, 126.2.4.-cü, 221.3.-cü və 228.4.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd mayka və bir ədəd kofta saxlanılması üçün idarənin saxlanc anbarına təhvil verilmişdir (2ci cild, iş vərəqi 79-95 və 101-102). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il aprelin 23-də tərtib etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təcridxanada saxlandığı müddətdə daxili rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq olunmamış, nümunəvi davranışına görə sonuncuya iki dəfə təşəkkür elan edilmişdir. Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2022-ci il 13 iyun tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əməli yetkinlik yaşına çatmadığı dövrdə törətməsinin, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla əməlindən səmimi peşman olmasını, qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmamasını, saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən müsbət xarakterizə olunmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan məhkumlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 28 iyun tarixli 2 saylı Qərarının 12-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən, xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs həmin Məcəllənin 126.1.-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi ağır cinayətə görə hökm çıxarılan vaxt yetkinlik yaşına çatdığı üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd kofta məhv edilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 80 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Xəzər Konsaltinq» vəkil bürosunun nəfinə (VÖEN: **********) 480 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il aprelin 20-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2021-ci il aprelin 20-dən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Xəzər Konsaltinq» vəkil bürosunun nəfinə (VÖEN: **********) 480 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd kofta məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar