Məhkəmə qərarları › İş №1(101)-788/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-788/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-788/2021 24.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2014-cü il tarixli 1(101)- 833/2014 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 206.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, cəzanın əvvəli 20 fevral 2014-cü il tarixdən hesablanmaqla qəti olararq 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qərarına əsasən, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 5 ay 18 günündən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşamış, 09 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs lombarda girov qoyub 200 manat pul götürdüyü oğlu Şahid5 məxsus mobil telefonu lombarddan çıxarmaq üçün 08 noyabr 2020-ci il tarixdə saat 15 radələrində 50 manat borc pul istədiyi tanışı Zərərçəkmiş şəxs ilə idarə etdiyi «RAVON R3» markalı **-PE-*** nömrəli avtomobillə metronun «Xalqlar dostluğu» stansiyasının yaxınlığına gedib, özünə məxsus mobil telefonu satmaq məqsədilə telefon alqı-satqı dükanında olarkən, həmin vaxt avtomobildə olan arvadı Şahid1 Zərərçəkmiş şəxs əlavə 100 manat borc pul istəmiş və cavab olaraq Zərərçəkmiş şəxs işlətdiyi “Bunun qarşılığında nə verə bilərsən?” sözlərini ədəbsiz təklif kimi qəbul etdiyi üçün, həmin gün saat 18 radələrində kirayədə yaşadığı ünvan 2nda yerləşən mənzilin yataq otağında soyuq silah hesab olunmayan, dəstəyi sintetik kəndirlə toxunmuş, parlaq gümüşü metaldan hazırlanmış ümumi uzunluğu 228 mm, tiyəsinin uzunluğu 113 mm, orta hissəsindən eni 28 mm, qalınlığı 2 mm olan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı məşq-idman, idman yarışlarında tullamaq (atmaq) üçün nəzərdə tutulmuş bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə bir dəfə vuraraq, sonuncuya döş qəfəsinin sol yarısından daxilə-plevra və periton boşluqlarına keçən, diafraqmanın və sol ağ ciyərin aşağı payını dəlib-keçən kəsilmiş-deşilmiş yarası, dalağın səthi kəsilmiş yarası və sol tərəfli hemopnevmatoraks ilə nəticələn bir ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 08 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxsla görüşüb mobil telefonu lombarddan götürmək üçün 240 manat pulun lazım olduğunu bildirərək ona borc pul verməyini xahiş etmiş, İlkin 50 manat verə biləcəyini bildirmişdir. Bundan sonra o, İlkin, arvadı Elnarə və dostu Təyyarla birlikdə idarə etdiyi avtomobillə “Xalqlar dostluğu” metrostansiyasının yanına gedib özünə məxsus mobil telefonu satıb lazım olan məbləği düzəltmək istəmişdir. Həmin mağazanı işlədən şəxs Təyyarın dostu olmuş, mobil telefonu sataraq Təyyar ilə maşının yanına qayıtdıqda, orada İlkinin maşının yanında dayandığını və maşında oturan həyat yoldaşı Elnarənin əhvalının yaxşı olmadığını görmüşdür. Sonra o, İlkin, Təyyar, Elnarə və oğlu Zöhrabla birlikdə yaşadığı ünvana gəlmişlər. İlkin, Təyyar, Elnarə və oğlunu evin yanında düşürərək, özü maşında qalıb videoregistratoru qoşmaq istəmişdir. Orada olan görüntüdə “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı telefon dükanında olduğu zaman maşının yanında qalan İlkinin maşında əyləşmiş həyat yoldaşı Elnarə ilə söhbət etdiyini eşitmişdir. Həmin söhbətdə Elnarə İlkindən 100 manat borc pul istəmiş, İlkin isə ona “Bunun qarşılığında nə verə bilərsən?” sözlərini demişdir. Elnarə İlkinə heç nə verə biməyəcəyini, sadəcə olaraq İlkinin yaxşılıq etmiş olacağını bildirmiş, sonra isə ondan aralı dayanmasını istəmişdir. O, evə gəlib Elnarədən bu barədə soruşmuş, Elnarə baş verənləri təsdiq edərək, onun bir hadisə törətməməsi üçün bu barədə heç nə danışmadığını bildirmişdir. Sonra o, İlkinə zəng edib evə gəlməsini istəmişdir. Həmin gün saat 18 radələrində İlkin onların evinə gəlmiş, o, İlkini içəri dəvət etmiş və onlar yataq otağına keçmiş, Təyyar isə evin dəhlizində qalmışdır. O, İlkindən nəyə görə həyat yoldaşı ilə bu cür danışdığını və belə təkliflər etdiyini soruşmuş, İlkin isə onun hər şeyi səhv başa düşdüyünü və həmin sözləri pis mənada demədiyini bildirmişdir. Bu zaman o, yataq otağında televizorun yanında olan bıçağı götürüb İlkinlə bir az söhbət edib onun üzərinə gələrək, bir dəfə sol tərəfdən döş qəfəsi nahiyəsinə biçaqla vurmuş və İlkin çarpayının üstünə oturmuşdur. Sonra Təyyar da otağa daxil olmuşdur. Təxminən 2-3 dəqiqə sonra gözlənilmədən İlkinin Emin adlı qohumu mənzilə gəlib yataq otağına girərək nəyə görə onun belə etdiyini soruşmuş, o, Eminlə söhbət etdiyi zaman İlkin özü mənzildən çıxıb getmiş, ardınca Emin də mənzili tərk etmişdir. Bundan sonra o, Təyyar və oğlu Zöhrabla birlikdə avtomobillə Elnarəni işə düşürüb, “Xalqlar dostluğu” metrosunun yanında yerləşən Təyyarın yaşadığı mənzilə getmiş, daha sonra Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis şöbəsinə gedib hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkmiş şəxslə barışdığını və törətdiyi əməldən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs övladının lombarda qoyduğu mobil telefonunu oradan çıxarmaq üçün ondan 50 manat pul istəmişdir. 08 noyabr 2020-ci il tarixdə saat 15 radələrində o, ünvan 3 ünvanda Anarla görüşmüş, o, Anar, sonuncunun arvadı Elnarə və oğlu ilə birlikdə “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən telefon dükanına getmişlər. Həmin vaxt onların yanına Anarın Təyyar adlı dostu da gəlmişdir. Təyyar, Anar və sonuncunun oğlu dükana girmiş, o, çöldə dayanmış, Elnarə isə avtomobildə əyləşmişdir. Həmin vaxt Elnarə ondan 100 manat borc pul verməyi xahiş etmiş, o isə, bunun qarşılığında nə verə biləcəyini Elnarədən soruşmuşdur. Elnarə cavab vermədən onun olduğu avtomobildən aralı durmağı xahiş etmişdir. Sonra Anar, Təyyar və oğlu dükandan gəlmiş, onlar birlikdə Anargilin yaşadığı məhləyə getmişlər. Saat 18 radələrində onlar Anarın mənzilinə getmiş, mənzildə qonaq otağında olarkən Anar Elnarə ilə birlikdə yataq otağına keçmişdir. X4 üzərinə qışqıraraq döymüş, sonra isə onu otağa çağırmışdır. Həmin vaxt mənzildə olan Təyyar da onun dalınca həmin otağa daxil olmuşdur. Anar avtomobildə qurulan videoregistratora qulaq asıb onun Elnarəyə qarşı əxlaqsız təklif etdiyini demişdir. O, Anara hər şeyi səhv başa düşdüyünü bildirmiş, Anar onun üstünə qışqıraraq qəflətən bir dəfə sol döş qəfəsi nahiyəsindən bıçaq zərbəsi vurmuş və o, güclü ağrı hiss etdiyindən yatağın üzərinə oturmuşdur. Sonra onun qohumu Emin həmin mənzilə gəlmiş, Emin və Təyyar birlikdə Anarla söhbət etdikləri vaxt o, evdən çıxmış və taksi ilə «Azərsutikinti» xəstəxanasına gedib əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxsla barışdığını və ona qarşı heç bir şikayəti və iddia tələbi olmadığını bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, 08 noyabr 2020-ci il tarixdə saat 11 radələrində Anar İlkinə zəng edib oğlunun mobil telefonunu lombarddan götürmək üçün pul lazım olduğunu demiş və borc pul istəmişdir. Sonra İlkin evə gəlib 50 manat pulu olduğunu demiş, həmin pul kifayət etmədiyi üçün o, Anar, Zöhrab, İlkin və Təyyar adlı birlikdə «Xalqlar dostluğu» metrosunun yanında yerləşən telefon dükanına getmişlər. Anar, oğlu Zöhrab və Təyyar telefon dükanına getmişlər. Bu zaman İlkin də maşından düşmüş, ona yaxınlaşıb 50 manat köməklik göstərə biləcəyini söyləmiş, o isə, əmək haqqını aldıqdan sonra dərhal onun pulunu verəcəyini demişdir. İlkin pulu verdikdən sonra onun xeyri nə olacağını söyləmiş, o da, İlkinə onun xeyrinin etdiyi yaxşılıq olacağını söyləmişdir. Bu zaman İlkin əlində olan dırnaq tutanı görüb onu istəmiş, o isə, həmin dırnaq tutanın Anarın olduğunu bildirərək verə bilməyəcəyini demişdir. Sonra o, İlkindən qırağa çəkilib söhbəti yekunlaşdırmağı tələb etmişdir. Anar dükanda özünə məxsus mobil telefonu 70 manata satmış, qayıtdıqdan sonra onlar hamısı avtomobilə əyləşmişlər. Təyyar və İlkin onun yaşadığı evin yanında düşmüş, o isə, Anar və Zöhrabla birlikdə mənzilə qalxmışlar. Sonra Anar onun əhvalının pis olduğunu görüb, İlkinlə nə söhbət etdiyini soruşmuşdur. Sonra Anar avtomobildə olan videoregistratora baxıb onun İlkinlə söhbətini görmüşdür. Anar İlkini evə dəvət etmiş, təxminən saat 18 radələrində İlkin onların mənzilinə gəlmiş və onlar yataq otağına keçmişlər. Anar İlkindən onunla nə söhbət etməsi barədə soruşmuş, İlkin isə Anarın hər şeyi səhv başa düşdüyünü demişdir. Həmin zaman mənzildə Təyyar və oğlu Zöhrab da olmuşdur. Sonra İlkin kənara çəkilib kiminləsə telefonda danışmış və təxminən iki dəqiqə sonra mənzilə İlkinin qohumu Emin gəlmişdir. Sonra İlkin evdən çıxıb getmişdir. O, Anarın İlkini bıçaqla xəsarət yetirdiyini görməmiş, yalnız İlkin onların mənzilindən gedəndən sonra bilmişdir ki, əri Anar İlkinə bıçaqla xəsarət yetirmişdir. Məhkəmə iclasında dindirilən yetkinlik yaşına çatmayan Şahid5 anası Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən Şahid4 ifadəsində bildirdi ki, 08 noyabr 2020-ci il tarixdə saat 14 radələrində Anar onunla telefon əlaqəsi saxlayıb mobil telefonunu sataraq oğlu Zöhrabın telefonunu lombarddan çıxarmaq istədiyini bildirmişdir. O, telefon dükanını işlədən tanışı olduğunu bildirdiyindən, Anar telefonu həmin dükanda satmaq istədiyini demişdir. Həmin gün saat 15:30 radələrində onlar telefon dükanın yanında görüşmüş, Anarla birlikdə arvadı Elnarə, oğlu Zöhrab və Zərərçəkmiş şəxs gəlmişdir. O, Anar və oğlu Zöhrab ilə telefon dükanına getmiş, Anar telefonu 80 manata satmışdır. Onlar dükandan çıxdıqda Anarın həyat yoldaşı Elnarə avtomobildə əyləşmiş, İlkin isə avtomobilin yanında dayanaraq Elnarə ilə söhbət etmişdir. Sonra onlar birlikdə avtomobilə əyləşmiş, Anar onu yaşadığı evin yanına apararaq orada düşürmüşdür. Saat 18 radələrində Anar ona zəng edib həyəcanlı şəkildə təcili evinə gəlməsini istəmiş və o, piyada Anarın yaşadığı ünvana getmişdir. Evin yataq otağına daxil olduqda o, İlkinin yatağın küncündə, Elnarənin televizorun yanında əyləşdiklərini, Anarın isə qapının yanında əlində bıçaqla dayandığını görmüşdür. Həmin vaxt bıçağın uc hissəsinin qana bulaşdığını da görmüşdür. O, Anardan bıçaqla nə etdiyini soruşmuş, sonuncu, İlkini bıçaqla vurduğunu söyləmişdir. Sonra o, Anarın əlindən bıçağı almış və həmin vaxt mənzilə İlkinin qohumu Emin və dostu Saleh də gəlmişdir. İlkin həmin zaman ayağa qalxdıqda onun sol tərəf döş qəfəsindən qan gəldiyini görmüşdür. Sonra İlkin evi tərk etmiş və bir müddət sonra Eminə zəng edib xəstəxanaya getdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. 08 noyabr 2020-ci il tarixdə saat 18 radələrində İlkin ona zəng etmiş və danışıq zamanı İlkin qışqıraraq “Anar lazım deyil” sözlərini demişdir. O, İlkinin Anarın yaşadığı ünvanda olduğunu başa düşüb dərhal ora getmiş, yataq otağına keçdikdə orada Təyyarın Anarla söhbət etdiyini görmüşdür. Anarın əsəbi olduğunu görüb onu sakitləşdirməyə çalışmış, İlkin isə həmin zaman orada olan yatağın üzərində oturmuşdur. O, Anarla söhbət etdiyi vaxt İlkindən evdən getməyini istəmiş və İlkin evdən çıxmışdır. Sonra o, İlkinə zəng etmiş, danışıq zamanı İlkin Anarın bıçaqla ona xəsarət yetirdiyini və buna görə də xəstəxanaya getdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun oğludur. 08 noyabr 2020-ci il tarixdə saat 18:30 radələrində yaşadığı ünvanda olan vaxt İlkin zəng vurub yıxıldığını və bədəninə mismar batdığı üçün xəstəxanaya getdiyini demişdir. Sonra ona bacısı oğlu Emin zəng etmiş, sonuncu İlkinin yalan dediyini, Anarın İlkinə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. O, dərhal «Azərsutikinti» xəstəxanasına getmiş və İlkin döş qəfəsi nahiyəsinin sol tərəfindən əməliyyat olunmuşdur. 09 noyabr tarixdə İlkin özünə gəlmiş, lakin hadisə barədə danışmamışdır. Sonra Eminin dediklərindən, Anarın yoldaşı Elnarənin onlara zəng etməsindən və polis əməkdaşlarının xəstəxanaya gəlmərindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda İlkinə bıçaqla xəsarət yetirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 09 noyabr 2020-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı, sonuncu, istintaqa verdiyi sərbəst ifadəsini bir daha hadisə yerində əyani şəkildə təsdiq etmişdir (cild 1, iş vərəqi 22-25). Cinayət işinə əlavə edilmiş 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı Zərərçəkmiş şəxs yataq otağına daxil olan zaman Təqsirləndirilən şəxs əlində artıq biçaq olduğunu və Anarın ona xəsarət yetirdiyi vaxtda yataq otağında onların yanında Təyyarın olduğunu bildirsə də, Təqsirləndirilən şəxs biçaqı İlkinlə yataq otağında söhbət apardığı vaxt oradakı televizorun yanından götürdüyünü və İlkinə xəsarət yetirdiyi vaxt Təyyarın mənzilin dəhlizində olduğunu, sonradan yataq otağına daxil olduğunu bildirmişdir (cild 1, iş vərəqi 209-213). İş materiallarına əlavə edilmiş 09 noyabr 2020-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd zavod üsulu ilə hazırlanmış, dəstəyi sintetik kəndirlə toxunulmuş ümumi təyinatlı məşq-idman, idman yarışlarında atmaq üçün nəzərdə tutulmuş bıçağı istintaqa təqdim edərək, Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdiyini bildirmiş və bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqi 27-28). Cinayət işində olan 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı götürülmüş 1 ədəd bıçaq iş üzrə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu, təqdim edilmiş bıçaqlar arasında həmin bıçağı göstərərək, Təqsirləndirilən şəxs ona həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 206-208). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 dekabr 2020-ci il tarixli 2379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 202-204). Məhkəmə-tibbi ekspertizasının 04 yanvar 2021-ci il tarixli 1312 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət döş qəfəsinin sol yarısından daxilə-plevra və periton boşluqlarına keçən, diafraqmanın və sol ağ ciyərin aşağı payının dəlib-keçən kəsilmiş-deşilmiş yarası, dalağın səthi kəsilmiş yarası və sol tərəfli hemopnevmatoraks ilə nəticələnən bir ədəd deşilmişkəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan 08.11.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən biçaqla yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 198-200). Kompleks məhkəmə trasoloji və kriminalistik ekspertizasının 08 yanvar 2021-ci il tarixli 634 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş biçaq zavod üsulu ilə hazırlanmış, səthində hər hansı bir dəyişiklik və ya əlavə edilməmiş, öz konstruktiv quruluşuna, ölçülərinə görə hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı məşq-idman, idman yarışlarında tullamaq (atmaq) üçün nəzərdə tutulmuş biçaqdır və soyuq silah hesab edilmir. Zərərçəkmiş şəxs məxsus maykanın, köynəyin və gödəkçənin sol döş nahiyəsi tərəfində aşkar edilmiş zədələr hər iki tərəfi kəsici-deşici alətin təsiri (vurulması) nəticəsində və eləcə də, təqdim edilmiş biçaqla da qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması istisna edilmir (cild 1, iş vərəqi 191-196). İbtidai istintaq orqanının 21 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi 1 ədəd zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı məşq-idman, idman yarışlarında tullamaq (atmaq) üçün nəzərdə tutulmuş bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd açıq qəhvəyi rəngli gödəkçə, 1 ədəd qara rəngli üzərində qırmızı-ağ rəngli naxış olan uzunqol köynək və 1 ədəd ağ rəngli qolsuz mayka maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 214-225). İş materiallarına əlavə edilmiş 02 dekabr 2020-ci il tarixli 605 nömrəli arayışdan, həmin tarixli xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və qeydiyyatda olduğu ünvan üzrə müsbət xarakterizə olunur. Onun Şahid1 ilə nikahından 07.10.2005-ci il təvəllüdlü Taleh Əsədov və xx.xx.2008-ci il təvəllüdlü Şahid5 adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır (cild 1, iş vərəqi 148-151). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 noyabr 2020-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2014-cü il tarixli 1(101)-833/2014 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 206.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, cəzasının əvvəli 20 fevral 2014-cü il tarixdən hesablanmaqla qəti olararq 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 5 ay 18 günündən vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqi 126-140). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, həmin Məcəllənin 59.1.12-ci maddəsinin tələbinə görə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə görə, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarına əlavə olunmuş 16 noyabr 2020-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2014-cü il tarixli 1(101)-833/2014 nömrəli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 206.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, cəzasının əvvəli 20 fevral 2014-cü il tarixdən hesablanmaqla qəti olararq 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 5 ay 18 günündən vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət hesab edilən həmin cinayət əməli üzrə məhkum olunduqdan və cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra cəzanın çəkilməmiş hissəsi ərzində yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələbinə görə, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qərarı ilə təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə ləğv olunmalı, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2014-cü il tarixli 1(101)-833/2014 nömrəli hökmü üzrə təyin olunmuş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 12 (on iki) günü Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59.1.8 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən hallar mövcud olsa da, əməllərində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran hal olduğundan ona həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq edilə bilməz. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulub saxlandığı 09 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, adı çəkilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dəyəri olmayan əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Xətai rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı məşq-idman, idman yarışlarında tullamaq (atmaq) üçün nəzərdə tutulmuş bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd açıq qəhvəyi rəngli gödəkçə, 1 (bir) ədəd qara rəngli üzərində qırmızı-ağ rəngli naxış olan uzunqol köynək və 1 (bir) ədəd ağ rəngli qolsuz mayka məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qərarı ilə təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə ləğv olunsun. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırkı hökm üzrə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2014-cü il tarixli 1(101)-833/2014 nömrəli hökmü üzrə təyin olunmuş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 12 (on iki) günü qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Xətai rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı məşq-idman, idman yarışlarında tullamaq (atmaq) üçün nəzərdə tutulmuş bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd açıq qəhvəyi rəngli gödəkçə, 1 (bir) ədəd qara rəngli üzərində qırmızı-ağ rəngli naxış olan uzunqol köynək və 1 (bir) ədəd ağ rəngli qolsuz mayka məhv edilsin. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar