Məhkəmə qərarları › İş №1(101)-788/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-788/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-788/2022 10.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, Elçin Əliyev küçəsi ev 4-də qeydiyyatda olmaqla, barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs Şəki şəhərində tikiləcək, smeta dəyəri 6.200.000 manat təşkil edən 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı keçiriləcək tender müsabiqəsində sonuncunun yaradacağı şirkəti Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxsiyyəti istintaqa bəlli olmayan tanışının vasitəsi ilə qalib etdirəcəyi barədə yalandan vəd verib aldadaraq 01 dekabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanda yerləşən «Təməl» yaşayış kompleksinin zirzəmi qarajında həmin dövrün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 X5 dollarını və 70.000 AZN pulunu alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs 240.000 (iki yüz qırx min) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla uzun müddətdir ki, dostdurlar. Anası 2020-ci ilin 11 yanvar tarixində vəfat etmiş və onun üçün təşkil etdiyi hüzr mərasimində Nabildə iştirak etmişdir. Nabil hüzr mərasimində həmin zaman Təhsil Nazirliyində yüksək vəzifədə işləyən onun orta məktəb sinif yoldaşı ilə bir masada əyləşmişdir. Sonradan Nabil onun Təhsil Nazirliyində yüksək vəzifədə işləyən sinif yoldaşı ilə yaxın münasibətinin olduğunu bildikdən sonra mütəmadi olaraq ondan dostundan onun üçün orta məktəb tikintisi işi götürməsini xahiş etmiş, lakin o, razılıq verməmişdir. 2020-ci ilin təxminən oktyabr ayının əvvəllərində Nabil ondan uşağının təhsil məsələsi ilə əlaqədar 10 000 manat borc almış və təxminən 10 gün ərzində pulu qaytararkən ona Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostu ilə orta məktəb tikintisi ilə bağlı danışmasını müsbət cavab olacağı təqdirdə pul tapa biləcəyini bildirmişdir. Bundan bir müddət keçəndən sonra o, Nabilə zəng edərək Təhsil Nazirliyində işləyən dostu ilə danışıb razılıq aldığını 150 000 ABŞ dolları gətirməsini bildirmişdir. Bundan sonra təxminən 1 ay yarım ərzində Nabillə o, bir neçə dəfə görüşüb işlə bağlı söhbətlər aparmış və sonda 01 dekabr 2020-ci il tarixdə təxminən saat 15 radələrində o, Bakı şəhəri Babək prospektində yerləşən restoranların birində Nabillə görüşüb nahar etdikdən sonra birlikdə Bakı şəhəri Xətai rayonu Ağ şəhər ərazisində dostu Paşanın yaşadığı binaya gələrək həmin binanın zirzəmi qarajına daxil olmuşlar. Həmin vaxt Nabilin oğlu da onların arxasınca gəlmişlər. Orada Nabil ona paketin içərisində 100 000 ABŞ dolları və 70 000 manat pul vermişdir. Həmin vaxtlar o, mobil telefon vasitəsilə kazino oyunu oynadığından Nabildən götürdüyü puldan təxminən 10 000 min manatını həmin gün uduzmuşdur. Sonrakı günlərdə yenədə kazino oynamağa davam etmişdir ki, uduzduğu pulu udub yerinə qaytarsın, ancaq o, demək olar ki, pulların hamısını uduzmuş təxminən 43-44 min ABŞ dolları pulu qalmışdır. Bundan sonra o, Ukraynaya getmişdir. Ukraynaya getdikdən sonra qərara gəlmişdir ki, əlində qalan pulla iş qurub pul qazanıb Nabilin pulunu qaytarsın.O, əvvəllər ABŞ-ın Nyu-York ştatında uzun illər yaşadığından orada yaşayan tanışı İlqara 28 000 ABŞ dolları pul göndərmişdir ki, oradan xeyriyyə fondları tərəfindən yığılmış və istifadə olunmuş geyimlərdən Ukraynaya göndərsin və o, orada «Sekond Hand» mağazalarına paylamaqla satıb gəlir əldə etsin. İlqar ABŞ-da xeyriyyə fondlarından paltarları yığmaqla məşğul olmağa başlamışdır. 28 may 2021-ci il tarixdə Ukraynanın Rovno vilayət polis idarəsinə imiqrasiya məsələsi ilə bağlı yaxınlaşarkən saxlanılmış və ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat İdarəsi tərəfindən barəsində axtarış elan edilmişdir. Təxminən 6 ay Ukraynanın Rovno vilayətində İstintaq Təcrİdxanasında saxlanıldıqdan sonra onu Bakı şəhərinə köçürmüşlər. Zərərçəkmiş şəxs Şəki şəhərində tikiləcək 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı keçiriləcək tenderdə sonuncunun yaradacağı şirkəti qalib etdirəcəyi təqdirdə ondan 400.000 manat yox, 150.000 ABŞ dolları istədiyini, eləcədə Zərərçəkmiş şəxs yaradacağı şirkəti qalib etdirəcəyi ilə bağlı Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostundan razılıq almadığını bildirmişdir, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi sonrakı ifadəsində göstərdi ki, Ukraynada olarkən Zərərçəkmiş şəxs tanışları tərəfindən döyülmüş, həmin ərəfədə aldığı pulun 120.000 ABŞ dollarını Zərərçəkmiş şəxs qaytarmaq məqsədi ilə tanımadığı həmin şəxslərdən birinə vermiş və tanışı Milana adlı xanım bu olanlara şahid olmuşdur. Onu döyən adamların və pulu verdiyi həmin adamın anket məlumatlarını bilmir. Həmçinin, ona verilmiş ittihamın tamamilə əsassız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Həmçinin o, heç kimə pul qaytarılmadığını, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi şəxslərlə əlaqəsinin olmadığını, ona vurulmuş maddi ziyanı tələb etdiyini və təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını məhkəmədan xahiş etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, təxminən 1 il bundan əvvəl uzun zaman görüşmədiyi tələbə yoldaşı Təqsirləndirilən şəxs ona zəng edərək anasının vəfat etdiyi barədə məlumat vermiş və o, da ona başsağlığı verərək mərasimin yeri və vaxtı barədə məlumat alıb həmin mərasimdə iştirak etmişdir. Bundan sonra onlar Mövsümlə mütəmadi əlaqə saxlamağa başlamışlar. Mövsümün anası vəfat etdikdən təxminən 1-2 ay sonra Mövsüm ona zəng edərək Təhsil Nazirliyi ilə əlaqəli olan bir şirkətə işə düzəldiyini və bu gün həmin şirkətin rəhbərliyilə iş görüşməsində olmalı olduğunu bildirərək onu avtomaşını ilə həmin şirkətə aparmasını xahiş etmişdir. O, Mövsümü avtomaşını ilə Xətai metrostansiyası yaxınlığında yerləşən «Ağa Plaza»nm qarşısına gətirmişdir. Mövsüm həmin şirkətə işə düzəldikdən sonra mütəmadi olaraq onunla əlaqə saxlamışdır. Onun yeni işlədiyi şirkət Təhsil Nazirliyinin təchizatı ilə məşğul olmuşdur. Hətta bir neçə dəfə Mövsüm ona görüntülü zəng edərək orta məktəblər üçün partaların anbara boşaldılmasımda göstərmişdir. Mövsüm Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olması barədə ona məlumat vermişdir. Mövsüm ona təchizat işi ilə bağlı birlikdə iş görməklərini təklif etsədə o, Mövsümə təchizat işindən anlayışının olmadığını, ancaq orta məktəb tikintisi ilə bağlı təklif olacağı təqdirdə qəbul edəcəyini bildirmişdir. Təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində Mövsüm ona Şəki şəhərində smetası 6 200 000 manat təşkil ehdən 960 şagirdlik orta məktəbin tikintisi olduğunu və həmin tenderin onun qazanmağı üçün 400 000 manat pul verməli olduğunu bildirmişdir. O, Mövsümə bu barədə fikirləşib ona cavab verəcəyini bildirmişdir.Bundan sonra o, bir neçə dəfə Mövsümlə görüşüb həmin işlə bağlı bəzi müzakirələr apararaq həmin təklifi fikirləşib ölçüb biçdikdən sonra həmin işin sərfəli olduğu qənaətinə gəlib Mövsümə razılığını bildirmişdir. Mövsümlə belə razılaşmışlar ki, Şəki şəhərində tikiləcək 960 şagirdlik orta məktəbin tikintisinin tenderini qazanmağı müqabilində ondan tələb olunan 400 000 manat pulun 240 000 manatını əvvəlcə verəcək, yerdə qalan hissəsini isə tenderi qazandıqdan sonra müqavilə bağlandıqdan sonra verəcəkdir. 30 noyabr 2020-ci il tarixdə Mövsüm ona zəng edərək ondan pulu istədikdə o, Mövsümə bu gün alınmayacağını, ailəsi ilə birlikdə işlərinin olduğundan sabah görüşmələrini bildirmişdir. Sabahısı gün saat təxminən 15 radələrində oğlu İlkinə zəng edib qabaqcadan sayıb paketə yığıb evdə saxladığı 100.000 X5 (ABŞ) dolları və 70.000 manat ümumilikdə 240.000 manat olan pulu evdən götürüb Babək prospektində yerləşən «X10» avtosalonuna gətirməsini bildirmişdir. Həmin vaxt o, dostu Zöhrabla həmin avtosalonda avtomaşınlara baxmışlar. O, Zöhrabla həmin avtosalondakı avtomaşınlara baxdıqdan sonra qərara gəlmişlər ki, birlikdə nahar etməyə getsinlər. Oğlu İlkinə zəng edib avtosalondan çıxıb Babək prospektində yerləşən «Qəbələ» restoranına nahar etməyə getdiklərini onunda oraya gəlməsini bildirmişdir. Onlar restorana elə oğlu İlkinlə demək olar ki, eyni vaxtda çatmışlar. O, həmçinin həmin vaxtı Mövsümədə zəng edib onu restorana dəvət etmişdir. Onlar restoranda təxminən 5-10 dəqiqə oturduqdan sonra Mövsümdə gəlmişdir.Onlar birlikdə nahar etdikdən sonra o, Mövsümün idarə etdiyi Honda Pilot markalı avtomaşına əyləşərək oğlu İlkinə bildirmişdir ki, arxalarınca gəlsin. Mövsüm ona idarə etdiyi avtomobilin dostu Paşanın avtomobili olduğunu və onunla birlikdə onun evində qalacağını bildirmişdir. Onlar təxminən saat 16 radələrində birlikdə Mövsümün dostu Paşanın yaşadığı Bakı şəhəri Xətai rayonu Ağşəhər ərazisində ünvanını bilmədiyi binanın qarajına daxil olmuşlar. Qarajın qapısını Mövsüm avtomaşında olan pultla açmışdır. Qarajda oğlu İlkin avtomaşının baqajından pulu götürüb ona yaxınlaşanda sonuncuya paketi avtomaşının arxa oturacağına qoymasını bildirmişdir. Sonra Mövsümü çağırıb paketin içərisində olan Şəki şəhərində tikiləcək 960 şagirdlik orta məktəbin tikintisinin tenderini qazanmağı müqabilində ondan istədiyi 400 000 manat pulun 240 000 manatını sayıb ona vermişdir. Mövsüm pulu ondan aldıqdan sonra 10 iş günü ərzində müqaviləni alacağını bildirmiş və sonra qarajın içərisindən binanın blokuna olan giriş qapısının qarşısında dayanıb gözləmişdir ki, onlar çıxdıqdan sonra qarajın qapısını bağlasın. Bundan sonra onlar demək olar ki, hər gün zəngləşmişlər. Lakin 08 dekabr 2020-ci il tarixdə o, Mövsümə zəng etdikdə o, telefona cavab verməməyə başlamışdır. O, Mövsümə bir neçə dəfə zəng etdikdən sonra sonuncu ona mənə cavab verərək iclasda olduğunu, danışa bilmədiyini və özünün ona zəng edəcəyini bildirdiyindən həmin gün axşama kimi onun zəngini gözləmiş, lakin ona zəng etməmişdir. Səhərisi gün o, Mövsümün yaşadığı evə getmiş, lakin evdə olmamışdır. Yaşadığı binanın komendantındanda onu soruşduqda, Mövsümü bir neçə gündür ki, görmədiyini bildirmişdir. Sonradan ona zəng etdikdə zəngdən başa düşmüşdür ki, telefon rouminqdədir, yəni Mövsüm ölkə xaricindədir. Sonradan Mövsümün dostu Paşa adlı şəxsdən öyrənmişdir ki, Mövsüm Ukrayna Respublikasının Kiyev şəhərindədir. Mövsüm ona Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostunun onun pul qazanması üçün təmənnasız olaraq orta məktəb tikintisi işini verdiyini bildirərək təklif etmişdir ki, həmin işi birlikdə görsünlər, lakin sonradan Mövsüm qazancdan öz payına düşən 400.000 manatı istədiyindən onlar razılaşmışlar ki, 240.000 manatı pulu əvvəlcədən, yerdə qalan digər məbləği isə tenderdə qalib olduqdan sonra verəcəkdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində Mövsümün Şəki şəhərində tikiləcək 960 şagirdlik orta məktəbin binasının eskiz lahiyəsini və ya smetasını vermədiyini, ancaq şifahi sözlə həmin orta məktəbin smeta dəyərinin ******* manat nəzərdə tutulduğunu, eskiz lahiyəni ona müqavilə ilə birlikdə verəcəyini bildirdiyini və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışının kim olması haqda ona heç bir məlumat vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 dekabr 2020-ci il tarixdə saat təxminən 15 radələrində evdə olarkən atası onun mobil telefonuna zəng edərək, evdə sayıb paketin içərisinə qoyduğu pulu götürüb Babək prospektində yerləşən «X10» avtosalonuna gəlməsini demişdir. O, evdən atasının dediyi içərisində pul olan paketi götürüb Babək prospekti istiqamətində gəlmişdir. O, artıq Babək prospektinə çatanda atası yenidən zəng edib bildirmişdir ki, biz Zöhrab əmi ilə avtosalondan çıxıb Babək prospektində yerləşən «Qəbələ» restoranına gedirik, gəl oraya. O, atasının dediyi kimi həmin restorana getmişdir. O, demək olar ki, atası gillə birlikdə restorana çatmışdır. Restoranın kabinetlərindən birində əyləşib sifariş vermişlər. Masaya soyuq qəlyanaltılar yeni düzülmişdür ki, içəriyə atasının tələbə yoldaşı Mövsüm əmi daxil olmuşdur. Onlar dördü yəni o, atası, Zöhrab və Mövsüm birlikdə nahar etdikdən sonra Zöhrab onlarla sağollaşıb getmiş, atası Mövsümün idarə etdiyi Honda Pilot markalı avtomaşına əyləşib ona arxalarınca gəlməsini bildirmişdir. O, onların arxasınca gəlmişdir. Onlar Bakı şəhəri Xətai rayonu Ağşəhər ərazisində ünvanını bilmədiyi yaşayış binasının qarajına daxil olmuşlar, o, da onların arxasınca həmin qaraja daxil olmuşdur. Qarajda atası ondan pulu istədikdə o, avtomaşının baqajından içərisində pul olan paketi götürüb atasına yaxınlaşanda atası bildirmişdir ki, avtomaşının arxa oturacağına qoysun. Sonra atası Mövsümü yaxma çağırıb oturacağın üstündəki paketin içərisində olan 240 000 manat pulu sayıb Mövsümə vermişdir. Mövsümdə bildirmişdir ki, təxminən 10 günə məsələ həll olunacaq. Sonra atası onun avtomaşınına əyləşmiş və onlar birlikdə oranı tərk edib getmişlər. Həmçinin 1.Zeynallı ifadəsində atasının Təqsirləndirilən şəxs verdiyi paketin içərisində 10 paçka 100-lük ABŞ dollar əskinası və 100-lük, 200-lük manat əskin asları olan 7 paçka pul olduğunu və həmin pulu atasının Təqsirləndirilən şəxs Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışının vasitəsilə atası üçün məktəb tikintisi tenderini qazandıracağının qarşılığında verdiyini bildiyini, belə ki, əvvəllər atası ilə birlikdə olan zaman atası Təqsirləndirilən şəxsla onun yanında görüşüb məktəb tikintisi ilə bağlı söhbətlər apardıqlarının şahidi olduğunu bildirmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 30 ilə yaxındır ki, Mövsümü tanıyır. Mövsüm uzun illər Bakı şəhərində olmamış, eşitmişdir ki, xarici ölkəyə köçüb orada yaşayır. Təxminən 2019-cu ilin sonlarında «Facebook» sosial şəbəkəsi vasitəsilə Mövsüm onu tapmış və onlar yazışmağa başlamışlar. Həmin vaxtlar o, işlərilə əlaqədar Rusiya Federasiyasının Moskva şəhərində olmuşdur. Eyni zamanda onlar telefon vasitəsilə də bir-birilə əlaqə yaratmışlar. 2020-ci ilin mart ayında o, Bakı şəhərinə qayıtmış və Mövsümlə görüşməyə başlamışdır.Ona məlum olmuşdur ki, Mövsüm ailəsilə birlikdə Bakı şəhərindən X3 köçüb uzun illər orada yaşamış və orada həyat yoldaşı ilə nigahları pozulduqdan sonra təxminən 1-2 ildir ki, Bakı şəhərinə gəlmişdir. Eyni zamanda Mövsüm ona bildirmişdir ki, Təhsil Nazirliyində işləyən yüksək vəzifəli tanışının vasitəsilə işə düzəlmişdir. O, Bakı şəhərinə yeni gələn vaxtlar Mövsüm Bakı şəhəri Nizami rayonu Babək prospektində ünvanını bilmədiyi həyət evində kirayə yaşamış və həmin vaxtlar Bakı şəhərində mövcud pandemiya ilə bağlı karantin rejimi tətbiq edildiyindən heç bir kafe restoran işləmədiyindən ara-sıra onun yaşadığı evin həyətində görüşüb dərdləşmişlər. Mövsüm ona təklif edirmiş ki, Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışının vasitəsilə bir iş görsünlər. O, isə Mövsümə bildirmişdir ki, hazırda işsiz olsada hər-hansı bir iş görmək üçün əlində pulu yoxdur. Təxminən 3-4 ay əvvəl Mövsümlə görüşlərinin birində sonuncu ona bildirmişdir ki, «bir neçə məktəbin tikintisi üçün Təhsil Nazirliyi tərəfindən tender keçiriləcək və yüksək vəzifəli tanışı həmin tikintilərdən birinin tikintisini ona verəcəkdir, əgər orta məktəb tikintisi işini götürmək istəyirsənsə 140 000 ABŞ dolları pul tap ver, həmin işi sənə verim». O. da Mövsümə hazırda həmin məbləğdə pulunun olmadığını, ancaq Moskva şəhərində daşınmaz əmlakının olduğunu, yaxm zamanlarda işi ilə əlaqədar Moskva şəhərinə gedəcəyini, həmin əmlakı Moskva şəhərində olarkən satıb pul əldə edə biləcəyi təqdirdə onun təklifini dəyərləndirəcəyini bildirmişdir. Onun tikinti işlərindən anlayışı olmadığından ortaq tanışları olan Nabilə zəng edib onunlada məsləhətləşmiş və Nabildə ona Mövsümün ona da orta məktəb tikintisi işini təklif etdiyini, həmin işin sərfəli iş olduğunu, ancaq bu işə başlamaq üçün özünün də pul axtardığını bildirmişdir. Həmin vaxtlar, Mövsümün Nabillə tez-tez görüşdüyünü bildiyindən sonuncudan Mövsümün sağlam, dürüst insan olubolmadığım, həqiqətən də Mövsümün Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışının olub-olmamasını soruşmuş, Nabil də cavabında Mövsümün anasının hüzr mərasimində Təhsil Nazirliyində işləyən yüksək vəzifəli şəxsin iştirak etdiyini öz gözləri ilə gördüyünü, Mövsümün düz dediyini bildirmişdir. Bundan bir müddət sonra o, Moskva şəhərinə getmiş, lakin orada olduğum müddətdə daşınmaz əmlakını sata bilməmişdir. O, Moskva şəhərindən qayıtdıqdan sonra Mövsümlə görüşündə əmlakını sata bilmədiyini, pulunun olmadığını bildirmişdir. Bundan sonra təxminən 25 noyabr 2020-ci il tarixdə Mövsümlə yenidən görüşdükdə sonuncu ondan Nabilin pul tapacağı və cüzi çatışmamazlığı olacağı təqdirdə bir yerdən borc tapa biləcəyini soruşduqda o, cavabında az məbləğdə olacağı təqdirdə bir yerdən borc tapa biləcəyini bildirmişdir. Bundan sonra isə təxminən 04-05 dekabr 2020-ci il tarixdə Mövsüm onu yeni ünvanda, «Leyla Şıxlinskaya» klinikasının yaxınlığında yerləşən kirayə yaşadığı evə çağırmış o, həmin ünvana gedərək Mövsümlə görüşmüşdür. Mövsüm evində olan paketin içərisindən 3-4 paçka 100 ABŞ dolları əskinasnı çıxarıb ona göstərərək bildirmişdir ki, Nabil 90.000 ABŞ dolları verib, cəmisi 50 000 ABŞ dolları pulumuz çatmır. O, da Mövsümə fikirləşib bir yerdən tapa biləcəyi təqdirdə ona xəbər edəcəyini bildirmişdir. Bunun sabahısı gün Mövsüm ona zəng edərək pul tapıbtapmadığımı soruşmuş, o, isə cavabında səbrli olmasını, bunun bir günün işi olmadığım bildirdikdə Mövsüm isə işin əldən çıxa biləcəyini, pulu tez həll etmək lazım olduğunu bildirmişdir. Mövsümlə bu danışıqdan sonra sonuncu bir daha ona zəng etməmiş və əlaqələri olmamışdır. Bundan təxminən 10 gün keçəndən sonra o, Nabillə zəngləşib ondan Mövsümü soruşduqda Nabil cavabında Mövsümün ondan 240 000 manat pulunu alıb ölkədən qaçıb getdiyini bildirmişdir. Şahid X7 ibtidiai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri 8 saylı orta məktəbdə bir sinifdə oxumuşdur. Orta məktəbi bitirdikdən sonra Mövsümü uzun müddət görməmişdir, belə ki, Mövsüm ABŞ-na köçüb orada yaşamışdır. Orada cinayət etdiyinə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra onu Azərbaycan Respublikasına deportasiya etmişdirlər. Təxminən 1 il yarım bundan əvvəl Bakı şəhəri H.Əliyev prospektində yerləşən «Bravo» hipermarketində təsadüfən Mövsümlə rastlaşmış və onlar uzun müddətdən sonra görüşmüşlər. Bir-birilərinin telefon nömrələrini götürmüşlər və biz bundan sonra bir-biri ilə əlaqə saxlamağa başlamışlar. Daha doğrusu Mövsüm mütəmadi ona zəng edib görüşə çağırmışdır. O, çalışmışdır ondan uzaq olsun, onunla ünsiyyətdən qaçmışdır. Bir müddət keçdikdən sonra Mövsüm ona anasının xəstələndiyini, təcili əməliyyat olunmalı olduğunu deyərək ona köməklik etməsini xahiş etmişdir. O, həmin vaxtı ona 1500 manat pul köməklik etmişdir. Təxminən 2020-ci ilin yanvar ayında Mövsüm ona zəng edib anasının vəfat etməsi barədə məlumat vermiş və o, onlarla bir sinifdə oxuyan Təhsil Nazirliyində yüksək vəzifədə işləyən sinif yoldaşı ilə birlikdə onun anasının hüzr mərasimində iştirak etmişdir. Bundan bir neçə ay keçəndən sonra Mövsüm ona Təhsil Nazirliyində yüksək vəzifədə işləyən sinif yoldaşının yüksək əmək haqqı olan işə düzəlməsində köməklik göstərməsi barədə bildirmişdir. Təxminən 2020-ci ilin avqust ayının sonlarından o, depressiyaya düşmüş və evdən bayıra çıxmayaraq evdə spirtli içkilər içməyə başlamışdır. Həmin vaxtlar Mövsüm tez-tez onun yaşadığı evə gəlməyə başlamış və onu birlikdə gəzməyə çıxmasına məcbur etmiş, lakin o, depressiyada olduğu üçün onunla evdən çıxmamışdır. İlk vaxtlar Mövsüm ondan nə üçün Təhsil Nazirliyində yüksək vəzifədə işləyən sinif yoldaşından məktəb tikintisi götürüb işləməməsi barədə soruşmuş, o, da cavabında bildirmişdir ki, «sinif yoldaşım məsləhət bilsə məktəb tikintisi işi verər». Təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında Mövsüm mobil telefonunda votsap yazışmasını ona göstərərək bildirmişdir ki, «bax sinif yoldaşımız mənə inanır, mənə məktəb tikintisi işi verir, 250 000 manat pul lazımdır ki, həmin məktəbin tikintisini bizə həvalə etsin». O, Mövsümə həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Mövsüm bir neçə dəfə ona bu təklifi etsədə o, imtina etmiş, Mövsüm isə bildirmişdir ki, «sən imtina etsəndə mən onsuzda kimisə tapacam ki, bu iş üçün tələb olunan məbləği versin». Ondan sonra Mövsüm onlarda olarkən onun yanında ona məlum olmayan şəxslə tez-tez məktəb tikintisi mövzusunda söhbətlər edərək həmin şəxsdən pulu verməsini tələsdirmişdir. Təxminən 2020-ci ilin dekabr ayın əvvəllərində onun mobil telefonuna Nabil adlı şəxs zəng edərək Mövsümün onu məktəb tikintisi adı ilə aldadıb 250 000 manat pulunu ələ keçirib ölkədən qaçmasını bildirdikdə o, Nabil adlı şəxsə Mövsümün ona da həmin təklifi etdiyini, lakin ona inanmadığı üçün imtina etdiyini bildirmişdir. Nabil adlı şəxs Mövsümə yüksək vəzifədə işləyən sinif yoldaşının adından istifadə etdiyinə görə inandığını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 69-cu vərəqində olan Azərbaycan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 2-ci cildinin 58-68, 103-132, 235-238-ci vərəqlərində olan qərarlardan görünür ki, 28 may 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs və barəsində axtarış elan edilmiş şəxs Mövsümov X2 Rovno vilayətində saxlanıldığından sonuncunun Azərbaycan Respublikasına ekstradisiya olunması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Baş X1 Əməkdaşlıq İdarəsinə təqdim olunmuş, 30 may 2021-ci il tarixdə Ukrayna Respublikası Rovno vilayəti Rovno şəhər məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2021-ci ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. 05 iyul 2021-ci il tarixdə Ukrayna Respublikası Rovno vilayəti Rovno şəhər məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2021-ci il tarixədək, 30 sentyabr 2021-ci il tarixdə Ukrayna Respublikası Rovno vilayəti Rovno şəhər məhkəməsi tərəfindən həbsdə saxlama müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. 26 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərinə gətirilməsi təmin olunduğundan 27 noyabr 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək sonuncuya Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən barəsində həbsdə saxlama müddəti 3 ay olmaqla 9 ayadək, yəni 28 fevral 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2.4-cü maddsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinə daxildir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 28 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 28 may 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar