Məhkəmə qərarları › İş №1(101)-788/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-788/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-788/2023 27.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1998-ci il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndindən doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olan, 20 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 15 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qram, 0,621 qram, 0,670 qram, 0,523 qram, 0,023 qram, 0,597 qram, 0,575 qram, 0,420 qram, 0,221 qram, 0,231 qram, 0,192 qram, 0,216 qram, 0,163 qram, 0,229 qram 0,344 qram və bir ədəd polietilen paketin içərisində təmiz çəkisi 1002,743 qram olan, yəni ümumi təmiz çəkisi 1008,178 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinləri əldə edib üzərində saxlayaraq daşımış, 20 sentyabr 2022-ci il tarixdə saat 12:30 dəqiqədə Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində saxlanılıb Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 15 ədəd bükümdən 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qram, 0,621 qram, 0,670 qram, 0,523 qram, 0,023 qram, 0,597 qram, 0,575 qram, 0,420 qram olmaqla ümumi təmiz çəkisi 3,839 qram təşkil edən tünd-qəhvəyi rəngli maddələr olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,221 qram, 0,231 qram, 0,192 qram, 0,216 qram, 0,163 qram, 0,229 qram 0,344 qram ümumi təmiz çəkisi 1,596 qram təşkil edən açıqqəhvəyi rəngli maddələr olan eyni tərkibli narkotik vasitə heroin, sol əlində saxladığı bir ədəd polietilen paketin içərisində olan ümumi təmiz çəkisi 1002,743 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisənin baş verdiyi gün taksi ilə 15 qram narkotik vasitə əldə etməyə getmişdir. Bu zaman polis əməkdaşları onu saxlamış, həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. O, polis əməkdaşları tərəfindən döyülmüş, daha sonra isə onların dediyi kimi edərək polis işçilərinin ona verdikləri narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu döydükdən sonra çəkiliş apardığını, həbs qətimkan tədbiri ilə bağlı məsələyə baxılan zaman hakimə də döyülməsi barədə məlumat verdiyini, lakin bu barədə sonradan heç yerə şikayət etmədiyini, istintaq vaxtı ona verilmiş sənədləri təzyiq altında olduğu üçün imzaladığını, istintaq təcridxanasına aparılandan sonra qabırğalarında ağrıları olduğunu, müayinə zamanı bunları bildirdiyini, lakin ona baxılmadığını, narkotik vasitəni "İnstagram" sosial şəbəkəsində tanış olduğu iranlıdan aldığını, həmin şəxs "Whatsapp" tətbiqi ilə ona narkotik vasitənin olduğu yeri dedikdən sonra gedib həmin yerdən narkotik vasitəni götürdüyünü, barəsində ekspertiza keçirildiyini, polis əməkdaşları yanında olduğu üçün onlardan qorxaraq hakimə döyülməsi barədə məlumat vermədiyini, müstəntiqə narkotik vasitənin ona məxsus olmadığını dediyini, həmçinin prokurorun qəbulunda olan zaman polislər tərəfindən yükləndiyini ona da bildirdiyini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunduğunu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2 ay müddət olar ki, narkotik vasitə olan heroindən istifadə edir. O, istifadə etdiyi narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. 20 sentyabr 2022-ci il tarixdə saat təxminən 12:30 dəqiqədə yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində olan vaxtı mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirmiş üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə Suraxanı RPİ, 33-cü Polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış, onlarla birlikdə Polis bölməsinə gəlmişdir. Orada inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona üzərində qeyri-qanuni hər hansı əşya və ya predment varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O da, əynində olan cins şalvarın sağ yan cibində saxlayaraq daşıdığı 15 büküm narkotik vasitə heroini və 1 ədəd elektron tərəzini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi on beş ədəd bükümlərdəki kütlənin nə olduğunu ondan soruşmuş, o da, təqdim etdiyi on beş ədəd bükümlərdə narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı suallara cavab verən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri 20 sentyabr 2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində sosial şəbəkə vasitəsilə tanış olduğu adını bilmədiyi İran vətəndaşından bükümləri 15 manata, paketin içərisində olan heroini isə 1500 manata aldığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, xəstə olduğu üçün narkotik vasitələri əldə edib istifadə etdiyini, narkotik vasitələrin dəqiq çəkisini bilmək üçün üzərində elektron tərəzi saxladığını bildirmişdir (cild 1, iş vərəqi 32-33, 50-52, 67-69). Məhkəmədə elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs protokolda olan imzaların və qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadəni təzyiqlər altında olduğuna görə oxumadan imzaladığını, ona görə də ifadəni təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, 20 sentyabr 2022ci il tarixdə Rüslan adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə 33-cü Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və onun rəhbərliyi, həmçinin Suraxanı RPİ, 33-cu Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 20 sentyabr 2022-ci il tarixdə saat 12:30 radələrində onlar Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində həmin şəxsi əlamətlərinə görə tanıyıb xidməti vəsiqələrini göstərib saxlamışlar. Şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Suraxanı RPİ, 33-cü Polis bölməsinə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Ona edilən təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində saxladığı on beş ədəd bükümü və bir ədəd elektron tərəzini təqdim etmiş, 15 ədəd bükümlərdə, həmçinin 1 ədəd bağlamada narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri «instaqram»da tanış olduğu, lakin adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Suraxanı RPİ, 33-cü Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə saat 12:30 dəqiqədə Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində saxlanılıb Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 15 ədəd bükümdə və sol əlində saxladığı bir ədəd polietilen paketin içərisində narkotik vasitə heroinə bənzər kütlələr, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 29-30). Cinayət işində olan 23 sentyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin olduğu 1 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü 20 sentyabr 2022-ci il tarixə aiddir və 7 dəqiqə 32 saniyədən ibarətdir. Videogörüntülərdən müəyyən olunur ki, polis əməkdaşları tərəfindən Suraxanı RPİ, 33-cü Polis bölməsinin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 15 ədəd bükümlərdə olan kütləni, 1 ədəd elektron tərəzini və sol əlində saxladığı bir ədəd polietilen paketi təqdim edərək bildirir ki, təqdim etdiyi 15 ədəd bükümlərdəki kütlələr və bir ədəd polietilen paketdəki kütlələr narkotik vasitə olan heroindir və özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşıyır (cild 1, iş vərəqi 87). İş materiallarında olan 23 sentyabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı təqdim etdiyi bir ədəd “TECNO” markalı üzərində +994 77 500 60 42 saylı nömrənin olduğu mobil telefona baxış keçirilmiş və həmin nömrədə iş üçün əhəmiyyət kəsb edən heç bir SMS mətnləri və mobil nömrə zəngləri aşkar edilməmişdir (cild 1, iş vərəqi 88). Məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 6/5349 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd paketdəki 15 ədəd bükümdən 8 ədəd bükümlər ayrıayrılıqda təmiz çəkiləri 0,410 qram, 0,621 qram, 0,670 qram, 0,523 qram, 0,023 qram, 0,597 qram, 0,575 qram, 0,420 qram olmaqla, ümumi təmiz çəkisi 3,839 qram təşkil edən tünd-qəhvəyi rəngli maddələr olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,221 qram, 0,231 qram, 0,192 qram, 0,216 qram, 0,163 qram, 0,229 qram və 0,344 qram olmaqla, ümumi təmiz çəkisi 1,596 qram təşkil edən açıq-qəhvəyi rəngli maddələr olan eyni tərkibli narkotik vasitə heroindir, sol əlində saxladığı bir ədəd polietilen paketin içərisində ümumi təmiz çəkisi 1002,743 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd bükümlərdəki və bir ədəd polietilen paketdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, 8 ədəd bükümlərdəki narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər (cild 1, iş vərəqi 37-42). İbtidai istintaq orqanının 22 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1008,178 qram olan narkotik vasitə heroin və 1 ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 1008,078 qram narkotik vasitə heroin və elektron tərəzi məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Suraxanı rayon Polis idarəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 103-104). Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7451 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 145-146). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 oktyabr 2022-ci il tarixli 2671 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 142-144). İş materiallarına əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 20 iyul 2022-ci il tarixdən 20 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər cədvəlinin, zəng olunan nömrələrin abonentlərinin anket məlumatları barədə cədvəlin, həmin müddətdə SMS mətnləri və onların qeyd olunan müddətdə anten dairəsi barədə məlumatların yükləndiyi 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 050 ***-**-** saylı mobil nömrəyə «qabağımda 500 altıyuze yaxın sen ol mal varda nəsə patı kola 150», «5 qiram kolalı patılı bir şey verə bilmərəm mənə diyərsən ki birdən alınmaz telefonumu axır iki qramm zad payının quranın verər», 08 sentyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Demişdim ki elime maya tutum öz puluma mal alım qalsın sende qramla cetle verey getsin 40 manata 50 manata axırıncı defe qaldı sende 90 manat pul göndərdim dedin azaldı noldu indide borc elemişem gelirem 30 manata mal veririy 50 manatda rasxodumdur bunuda şerik getsey onda dünyada menden lox adam yoxdur» məzmununda və digər SMS mətnlərinin göndərildiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 147-158). Cinayət işində olan 30 sentyabr 2022-ci il tarixli tələbnamədən, həmçinin hökmün və qərarların surətlərindən görünür ki, Kərimli X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nə edilmiş dəyişikliklər tətbiq edilməklə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinə tövsif edilərək cəzası 3 il müddətinə endirilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan 6 ay 3 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 89-90, 115-139). Azərbaycan Respublikası CM-nin 83.3.3-ci maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, hadisənin baş verdiyi gün taksi ilə 15 qram narkotik vasitə əldə etmək üçün getdiyini, bu zaman polis əməkdaşlarının onu saxladığını, həmin vaxt üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, daha sonra isə onların dediyi kimi edərək polis işçilərinin ona verdikləri narkotik vasitələrin özünə məxsus olduğunu bildirdiyini, polis əməkdaşlarının onu döydükdən sonra çəkiliş apardığını, həbs qətimkan tədbiri ilə bağlı məsələyə baxılan zaman hakimə də döyülməsi barədə məlumat verdiyini, lakin bu barədə sonradan heç yerə şikayət etmədiyini, istintaq vaxtı ona verilmiş sənədləri təzyiq altında olduğu üçün imzaladığını, istintaq təcridxanasına aparılandan sonra qabırğalarında ağrıları olduğunu, müayinə zamanı bunları bildirdiyini, lakin ona baxılmadığını, narkotik vasitəni "İnstagram" sosial şəbəkəsində tanış olduğu iranlıdan aldığını, həmin şəxsin "Whatsapp" tətbiqi ilə ona narkotik vasitənin olduğu yeri dedikdən sonra gedib həmin yerdən narkotik vasitəni götürdüyünü, polis əməkdaşları yanında olduğu üçün onlardan qorxaraq hakimə döyülməsi barədə məlumat vermədiyini, müstəntiqə narkotik vasitənin ona məxsus olmadığını, həmçinin prokurorun qəbulunda olan zaman polislər tərəfindən yüklənilməsini dediyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitələri "İnstagram" sosial şəbəkəsində tanış olduğu iranlıdan aldığını, həmin şəxsin "Whatsapp" tətbiqi ilə ona narkotik vasitənin olduğu yeri dedikdən sonra gedib həmin yerdən narkotik vasitələri götürdüyünü, 20 sentyabr 2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində sosial şəbəkə vasitəsilə tanış olduğu adını bilmədiyi İran vətəndaşından bükümləri 15 manata, paketin içərisində olan heroini isə 1500 manata aldığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, xəstə olduğu üçün narkotik vasitələri əldə edib istifadə etdiyini, narkotik vasitələrin dəqiq çəkisini bilmək üçün üzərində elektron tərəzi saxladığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, «SMS» məlumatları götürülmüş və həmin məlumatların məhkəmədə tədqiqi zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə narkotik vasitələrin alqı-satqısına dair «SMS» yazışmaları apardığı da öz təsdiqini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, fiziki və psixi təzyiqlərə məruz qaldığına görə ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi barədə gətirdiyi dəlillər də məhkəmədə yoxlanılmışdır. Belə ki, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs saxlanıldığı Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının xx.xx.2023-cü il tarixli 20-12/433 saylı məktubu ilə tibbi kitabçanın surəti tələb olunmuş və məhkəmə iclasında həmin sənədlər tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq həkim baxışından keçirilmiş, sorğu zamanı xəsarət almadığını bildirmişdir. Baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir. Tibbi kitabçadakı qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs həbs olunmazdan əvvəl zədə almadığını bildirmiş, hər iki saidin ön səthində köhnə çapıq toxumaları aşkar olunmuş, müayinə zamanı heç bir şikayəti olmadığını qeyd etmişdir. Məhkəmədə sənədlərin tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, istintaq zamanı Təqsirləndirilən şəxs, eləcə də onun müdafiəçisi tərəfindən döyülmə və işgəncə verilməsi barədə müraciətlər daxil olmamış, həmçinin belə bir hal müəyyən edilmədiyinə görə onun saxlanıldığı 3 saylı İstintaq təcridxanası tərəfindən prokurorluğa müraciət edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, ondan aşkar olunmuş narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsini, həmçinin aşkar olunmuş narkotik vasitələrin kütləsinin külli miqdar kütləsindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7451 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab edilməklə Bakı şəhəri, Suraxanı RPİ-nin Maddi sübutları saxlama otağına təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1008,078 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi görüntülərinin qeydə alındığı 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən alınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 70 saat vaxt sərf etmişdir. Lakin iş materialları nəzərdən keçirilərkən həmin hesabatın həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protoklları, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxtı da nəzərə alıb məhkəmə belə hesab edir ki, müdafiəçi Təqsirləndirilən şəxs ümumlikdə sərf etdiyi vaxt 40 saat müəyyən edilməlidir. Ona görə də dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməklə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1008,078 qram çəkidə narkotik vasitə heroin və bir ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD formatlı disk və "xxxx" MMC-dən alınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 240 (iki yüz qırx) manat pul vəsaiti Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar