Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-789/2020 02.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Azərbaycan-türk dillərinin tərcüməçisi X2 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Türkiyə Respublikasının Bursa şəhərinin İnegöl qəsəbəsində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum edilməmiş, Türkiyə Respublikası, Bursa şəhəri, İnegöl qəsəbəsi, İclaile kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində ünvan 1 mənzil 19 ünvanında sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs onunla rəsmi qaydada nigaha daxil olaraq ailə qurmağını tələb etməsi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə qarın nahiyəsindən bir dəfə vuraraq, ona qarın nahiyəsinin ön səthindən qarın boşluğuna nüfuz edib, qaraciyərin və mədənin yaralanmasından ibarət bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnməklə yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki, o, Türkiyə Respublikasının vətəndaşıdır və orada yaşayır. Türkiyədə öz arvadından faktiki olaraq ayrılmış, lakin boşanma prosesi tam başa çatmamışdır. 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Türkiyə Respublikasında tanış olmuş, həmin vaxtdan Sehranə ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. O, keçmiş arvadından boşanma prosesi tam başa çatmadığı üçün Sehranə ilə rəsmi nigaha daxil olmamışdır. Sehranə ilə üç ilə yaxın Türkiyədə bir evdə yaşamışdır. Eynullayev X3 oğludur. Tural isə müəyyən vaxtlarda Türkiyəyə gəlib-getmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Türkiyə Respublikasından Bakı şəhərinə gəlmiş və Sehranə ilə əlaqə saxladıqdan sonra Sehranənin yaşadığı ünvan 1 mənzil 19 ünvanına getmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 23:00 radələrində o, Sehranənin yaşadığı mənzildə Sehranə ilə əyləşib bir qədər spirtli içki olan araq içmişlər. Həmin vaxtı Sehranənin oğlu Tural digər otaqda olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 01 radələrində o, Sehranə ilə birlikdə yataq otağında olan zaman Sehranə ona nə isə bir söz demişdir. Həmin sözdən sonra onların arasında sözlə mübahisə yaranmış və mübahisə zamanı o, həmin otaqda olan masanın üzərindəki mətbəx bıçağını götürüb bir dəfə öz qarın boşluğuna, bir dəfə də Sehranənin qarın nahiyəsinə zərbə endirmişdir. Zərbədən sonra bıçaq tutacaq hissəsindən qırılmışdır. Bundan sonra həmin otağa Sehranənin oğlu Tural gəlmişdir. Tural Sehranənin mobil telefonu ilə təcili tibbi yardıma zəng edib hadisə barədə məlumat verib mənzilə həkim çağırışı etmişdir. Həmin vaxt Sehranə onun oradan çıxıb getməsini, əks halda polis əməkdaşlarının mənzilə gəlib onu tutacaqlarını təkrarən bir neçə dəfə bildirmişdir. Buna görə də o, mənzildən çıxıb yaxınlıqda yerləşən “Al market” adlı mağazanın qarşısına gedib orada əyləşmişdir. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşıb onu Polis bölməsinə dəvət etmişlər. O, Polis bölməsinə gedərək törətmiş olduğu cinayət hadisəsini səmimi olaraq etiraf etmişdir. Sehranəni bıçaqla vursa da onu öldürmək niyyəti olmamış, sadəcə olaraq Sehranə onunla mübahisə etdiyinə görə Sehranəni qorxutmaq istəmişdir. Etdiyi əmələ görə çox peşmandır. O, hazırda Sehranə ilə barışmışdır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, o, ünvan 1 mənzil 19 ünvanında oğlu Şahid Cəlal oğlu ilə birlikdə yaşayır. 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Türkiyə Respublikasında tanış olmuş və həmin vaxtdan İsmail ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. O, İsmail ilə üç ilə yaxın Türkiyədə bir evdə yaşamışdır. Türkiyə Respublikasında yaşadığı müddətdə qeyri qanuni nikah münasibətində yaşadığı X4 ilə aralarında söz-söhbət və mübahisə olmuşdur. Hətta buna görə Aslane İsmayıl onu döymüşdür. Buna görə o, Türkiyə Respublikasında polisə də müraciət etmişdir. Türkiyə hüquq-mühafizə orqanları hətta Aslane İsmayılın ondan uzaqlaşdırılması haqqında qərar da qəbul etmişdir. Bundan sonra o, yenə də Aslane İsmayılla bir yerdə yaşamağa davam etmiş, aralarında baş vermiş münaqişəni hər ailədə olduğu kimi söz-söhbət kimi qəbul edərək İsmayılla barışmışdır. Onların arasında baş verən mübahisələrin səbəbi İsmayılın birinci arvadı ilə qanuni nikahına xitam verməməsi, onunla qanuni nikaha girə bilməməsi olmuşdur. Amma o, heç vaxt İsmayılı onunla qanuni nikaha girməyə məcbur etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə İsmail Türkiyə Respublikasından Bakı şəhərinə gələrək onunla əlaqə saxladıqdan sonra yaşadığı mənzilə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 23:00 radələrində İsmail ilə birlikdə yaşadığı mənzildə əyləşib bir qədər spirtli içki olan araq içmişlər. Həmin vaxtı oğlu Tural digər otaqda olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 01 radələrində o, İsmail ilə birlikdə yataq otağında olan zaman onların arasında sözlə mübahisə baş vermişdir. Həmin mübahisə zamanı İsmail əsəbləşərək yataq otağında olan masanın üzərindəki mətbəx bıçağını götürüb ilk öncə bir dəfə öz qarın boşluğuna, daha sonra isə bir dəfə də onun qarın nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən bıçaq tutacaq hissəsindən qırılmışdır. Yaranmış səsə oğlu Tural digər otaqdan onların olduqları yataq otağına gəlmişdir. Həmin vax Tural onun və İsmailin qan içində olduğunu görüb onun mobil telefonunu götürüb təcili tibbi yardıma zəng vurub hadisə barədə məlumat vermiş və yaşadıqları mənzilə həkim çağırışı etmişdir. Həmin vaxtı o, İsmailə çıxıb getməyini, əks halda polis əməkdaşlarının mənzilə gəlib onu tutacaqlarını bildirmişdir. Onun təkidi ilə İsmail mənzildən çıxıb getmişdir. Bundan sonra onun yaşadığı mənzilə təcili tibbi yardım briqadası gələrək onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. İsmail ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Hazırda İsmail ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Şahid Cəlal oğlu məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. 2017-ci il tarixdə anası Sehranə Türkiyə Respublikasında Təqsirləndirilən şəxs ilə tanış olmuş və həmin tarixdən qeyri-rəsmi ər-arvad münasibətində olmuşlar. xx xxxxxx 2020-ci il tarixdə İsmail Türkiyə Respublikasından Bakı şəhərinə onların yaşadığı mənzilə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 23:00 radələrində İsmail onun yaşadığı mənzildə Sehranə ilə əyləşib bir qədər spirtli içki olan araq içmişdir. Həmin vaxtı o, digər otaqda olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 01 radələrində Sehranə ilə İsmail birlikdə yataq otağında olan zaman səs-küy gəldiyini eşidib dərhal həmin otağa getmişdir. O, otağa daxil olan zaman İsmayıl və anası Sehranənin qarın nahiyəsinin qanlı vəziyyətdə olduğunu görmüşdür. Buna görə o, dərhal anasına məxsus mobil telefon ilə təcili tibbi yardıma zəng edib hadisə barədə məlumat verib mənzilə həkim çağırışı etmişdir. Həmin vaxt anası İsmailə çıxıb getməyini, əks halda polis əməkdaşlarının mənzilə gəlib İsamili tutacaqlarını bildirmişdir. Anasının təkidi ilə İsmail mənzildən çıxıb getmişdir. Bundan sonra onun yaşadığı mənzilə təcili tibbi yardım briqadası gəlmiş və anasını təcili tibbi yardım avtomobili ilə xəstəxanya aparmışlar. O, hadisənin bilavasitə şahidi olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə baş verən ünvan ünvan 2 mənzil 19-dur. Mənzil 3 otaq, mətbəx və hamam otağından ibarətdir. Mənzilin qonaq otağında yerdə olan yataq dəsti və xalça üzərində tiyəsi sınmış vəziyyətdə bıçaq aşkar olunmuş və bıçaq müstəntiq tərəfindən götürülmüşdür (cild 1, iş vərəqi 9-13). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli 18/283 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - qarın nahiyəsinin ön səthindən daxilə - qarın boşluğuna nüfuz edib, qaraciyərin və mədənin yaralanması ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara, deşici-kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsinə xarakterik deyildir (cild 1, iş vərəqi 126-128). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 17/256 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərdən qarın nahiyəsinin ön səthindən daxilə - qarın boşluğuna nüfuz edən və böyük piyliyin yaralanması ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara, deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın, qarın nahiyəsinin ön səthinin sol yarısındakı qançır isə küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, deşilmişkəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, qançır isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər öz əli çatan nahiyədə yerləşir. Bu səbəbdən xəsarətlərin özü və kənar şəxs tərəfindən yetirilməsi mümkündür, lakin xəsarətlərin daha dəqiq hansı şəraitdə yetirilməsinin təyini istintaq yolu ilə müəyyən edilməsi daha məqsədəmüvafiqdir (cild 1, iş vərəqi 123-125). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın xx.xx.2020-ci il tarixli, 155 saylı məhkəmə-trasoloji rəyindən görünür ki, təqdim edilmiş predmetlər zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağının hissələridir, eyni bıçağa aid tiyə və dəstəkdir, soyuq silah hesab edilmirlər. Predmetdə hər hansı bir dəyişikliklər edilməyib və fiziki təsir nəticəsində tiyə dəstəkdən qırılmışdır. Aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil edir (cild 1, iş vərəqi 147-150). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Səhiyyə Nazirliyinin 2 saylı Kliniki Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli, 1/728 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 121). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli, 3635 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 133). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 15). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 40). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 01 ədəd mətbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 151-157, 183). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs öz-özünə xəsarət yetirməsi barədə cinayət təqibinin başlanmasının rədd edilməsi materialları bu işdən ayrılaraq araşdırma aparılması üçün Xətai rayon prokurorluğuna göndərilmişdir (cild 1, iş vərəqi 151-158). Zərərçəkmiş şəxs iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (cild 1, iş vərəqi 100). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli həmin tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanlmışdır (cild 1, iş vərəqi 75-78). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən müddəlarını əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun həbsə alındığı xx xxxxxx 2020-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmə qanunun həmin müddəalarını, habelə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına mane ola biləcək halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Xətai Rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı məhv olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-trasoloji ekspertizası ilə əlaqədar 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə (Kapital Bank ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************) ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəzanı çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis idarəsində saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizasının aparılması ilə əlaqədar 150 (yüz əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə (Kapital Bank ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************) ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə B Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-789/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-789/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver