Məhkəmə qərarları › İş №1(101)-789/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-789/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-789/2025 12.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi Fətulla qızının və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində qonşuluqda yaşayan tanışı Zərərçəkmiş şəxs ondan 15 (on beş) manat məbləğində borcunu tələb etməsi səbəbindən sonuncunun təşəbbüsü ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs yumruqla qəsdən vuraraq ona alın-təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməsindən sonra o, qisas almaq məqsədi ilə həmin küçədə yerləşən yaşadığı ünvana gedib istintaqa məlum olmayan bıçağı götürərək hadisə yerinə qayıtmış və üzərində olan həmin bıçaqla qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinin mədənin, dalağın və diafraqmanın yaralanması ilə müşayiət olunan daxilə nüfuz edən 1 ədəd torakoabdominal deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, habelə təpə nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə axşam saat 18:00 radələrində işdən evə qayıdan zaman yolda Zərərçəkmiş şəxslə rastlaşmışdır. Salamlaşdıqdan sonra Əhməd ondan 5 manat borcunu nə vaxt qaytaracağını soruşmuş, o isə ondan hansı 5 manatdan bəhs etdiyini soruşmuşdur. Bu zaman aralarnda mübahisə yaranmış və Zərərçəkmiş şəxs onu şillə ilə vurmuş, sonra onlar əlbəyaxa dalaşmışlar. O, qaşından xəsarət almış, daha sonra aralaşıb evə qayıtmışlar. Atası ondan hadisə barədə soruşmuş, o atasına Əhmədlə dava etdiklərini bildirmişdir. Atası daha sonra Əhmədin atası ilə danışmaq üçün evdən çıxmışdır. O isə özü ilə qatlanıb-açılan cib bıçağı götürərək atasının arxasınca Əhmədin evinə getmişdir. Atası Əhmədin atası ilə, o isə Əhmədlə danışmağa başlamış, danışıq zamanı o, Əhmədin qarnından bıçaqla bir dəfə vuraraq bıçağı zibil qutusuna atıb oradan uzaqlaşmışdır. Əhməd maşına minib xəstəxanaya getmişdir. Daha sonra ailə üzvləri ilə birlikdə Əhmədi xəstəxanada ziyarətə getmiş və bacardığı qədər xəstəxana xərclərini qarşılamışlar. Bir müddət sonra könüllü şəkildə 31-ci Polis Şöbəsinə gedərək təslim olmuşdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxsı uzun illərdir tanıyır, Əhmədlə eyni məhəllədə bir yerdə böyümüşlər. Zərərçəkmiş şəxslə yaxşı münasibətləri olmuş, onu vurduqdan sonra peşman olub xəstəxanaya getmiş və imkanı daxilində xəstəxana və müalicə xərclərini ödəmişdir. Törətdiyi əməldən peşman olub Əhməddən üzr istəmiş, sonuncu da onunla barışmışdır. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxsla aralarında normal dostluq münasibətəri olmuşdur. Fərid ondan 2-3 ay əvvəl 15 manat pul almış, lakin, hər dəfə borcu istədikdə Fərid ona imkanının olmadığını demişdir. Bir dəfə də aralarında olan söhbət zamanı borcunu istəyən zaman Fəridlə aralarında dava-dalaş yaranmış, Fərid də əsəbləşərək bıçaq gətirib onu bıçaqla sol qarın nahiyyəsindən vurmuşdur. Lakin sonradan Fərid əməlindən peşman olub ondan üzr istəmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxsla münasibətləri həmişə yaxşı olub, hazırda da çox yaxşı həm dostluq, həm qonşuluq münasibətləri vardır. Hadisədən sonra özü xəstəxanaya getmiş, xəstəxanada müalicə aldığı müddətdə Təqsirləndirilən şəxs və ailəsi imkanları çatdığı qədər xəstəxana xərclərinə kömək etmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayəti, tələbi yoxdur.Odur ki, onun bağışlanılmasını məhkəmə heyətindən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, o, Fərid onun ögey oğludur. Onlar bir evdə yaşayırlar. 17 oktyabr 2023-cü il tarixdə 18:00 radələrində evdə olan zaman Fərid işdən evə qayıtmış, onun başından qan axdığını görmüşdür. Fəriddən nə baş verdiyini soruşmuş, Fərid isə Əhmədin onu şillə ilə vurduğunu bildirmişdir. Nə baş verdiyini, Fəridlə Əhmədin niyə dava etdiklərini öyrənmək üçün Əhmədgilə getmiş, Fəridə isə evdə qalıb onu gözləməsini bildirmişdir. Əhmədin evinə çatıb atası Fikrəti çölə çağırmış, Fikrət çölə çıxmış, onunla danışmağa başlamışlar. Fikrətə hadisə barədə məlumat vermiş, bu zaman Əhməd də çölə çıxmış və atası onu çağırdıqdan sonra onların yanına gəlmişdir. Biraz sonra Fərid də onların yanına gəlmiş və Əhmədi çağırıb danışmaq istədiyini bildirmişdir. Əhməd Fəridin yanına getdikdən sonra kənara çəkilib danışmağa başlamışlar. Bir az sonra onlar mübahisə edib əlbəyaxa olmuşlar. Onlar dərhal Fəridlə Əhmədi ayırmağa çalışmış, Fəridə qışqırıb dərhal evə getməsini bildirmişdir. Fərid getdikdən bir az sonra Əhmədin anası gəlib Fəridin Əhmədi qarnından bıçaqla vurduğunu bildirmişdir. Evə gedib Fəriddən Əhmədi bıçaqla vurub-vurmadığını soruşmuş, Fərid Əhmədi bıçaqla vurduğunu, daha sonra bıçağı zibil qutusuna atdığını bildirmişdir. Əvvəlcə bıçağı tapmaq üçün gedib zibil qutusuna baxmış, lakib bıçağı tapa bilməmişdir. Daha sonra Əhmədin evinə getdikdə öyrənmişdir ki, Əhməd Sabunçu rayon xəstəxanasına aparılmışdır. O, dərhal xəstəxanaya getmiş, sonra evə qayıtmış, lakin Fərid evdə olmamışdır. Bir neçə gün Fəriddən xəbər ala bilməmiş, lakin sonradan Fəridin özünün Suraxanı RPİ-nin 31-ci PŞ-nə gedərək hadisə barədə məlumat verdiyini və təslim olduğunu öyrənmişdir. Daha sonra Fəridin Əhmədə 5 manat borcunun olmasını və buna görə dava etməsini öyrənmişdir. Əhməd və Fərid əlbəyəxa olarkən o, Əhmədin atası və anası orada olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur və onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs isə onların qonşuluğunda yaşayır. Əhməd ilə Fəridin arasında həmişə yaxşı münasibət olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində evdə olan zaman Əhməd evə gəlmiş, bundan təxminən bir neçə dəqiqə sonra qonşuları Fəridin ögey atası Nadir onların qapısını döymüşdür. Əri Novruz çölə çıxmış və sonra Əhmədi çölə çağırıb niyə Fəridi vurduğunu və Fəridin başından qan axdığını soruşmuşdur. Bu zaman Əhməd Fəridin ona olan borcunu istədiyini, Fəridin də borcu verməkdən imtina etməsi səbəbindən aralarında yüngül mübahisə olduğunu, özlərinin bu söhbəti qaydasına qoyacaqlarını bildirmişdir. Elə bu zaman Fərid yaxınlaşmış və Əhmədlə söhbət edərək biraz aralaşmışlar. Onlar üzrxahlıq etmək və barışmaq üçün danışdıqlarını düşünmüşlər. Lakin bir dəqiqə keçməmiş Fəridlə Əhməd əlbəyaxa olmuşlar. Novruz və Nadir tez yaxınlaşıb onları ayırmış, Novruz Əhmədin üzərinə qışqıraraq tez evə getməsini demişdir. Əhməd də evə getmişdir. Bundan sonra o, evə gəlmiş, bu zaman Əhmədin qarnından qan axdığını görüb nə olduğunu soruşmuşdur. Əhməd də Fəridin bıçaqla onun qarnından vurub xəsarət yetirdiyini bildirmişdir. O, dərhal çölə çıxıb, yoldaşı Novruza bu barədə məlumat vermişdir. Novruz evə gəlib Əhmədi tez X7 aparmışdır. Bir az sonra Nadir onlara gəlmiş və Əhmədin necə olduğunu soruşmuşdur. O da Novruzun oğlunu xəstəxanaya apardığını demiş, Nadir də xəstəxanaya getmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı hadisənin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısı olması məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Könüllü gəlmə barədə” protokoldan görünür ki, B Təqsirləndirilən şəxs özü könüllü olaraq xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində 31-ci Polis Şöbəsinə gələrək əməlini etiraf etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2023-cü il tarixli 972 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: ahn-təpə nahiyəsinin əzilmiş yarası. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın yerinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki apellyasiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2020-ci ildə isə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2024-cü il tarixli, 126 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü vətənaş X2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sol yan səthinin mədənin, dalağın və diafraqmanm yaralanması ilə müşayiət olunan daxilə nüfuz edən 1 ədəd torakoabdominal deşilmiş-kəsilmiş yarası, təpə nahiyəsinin kəsilmiş yarası. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə döş qəfəsinin daxilə nüfuz edən torakoabdominal deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan dağlamlığa ağır zərərvurmaya, təpə nahiyəsinin kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “İfadənin hadisə yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində işdən evə yorğun vəziyyətdə qayıtmışdır. Belə ki, idarə etdiyi avtomobil xarab olub yolda qalmışdır. O da piyada evə gəlmişdir. O, Əhmədlə yaşadıqları məhəllədə görüşmüşlər və hal-əhval tutduqdan sonra Əhməd ona olan 5 manat borcunu nə vaxt qaytaracağını soruşmuşdur. O, nə 5 manat deyə soruşduqda Əhməd qəfildən onun sol sifət nahiyəsindən bir sillə vurmuş və onlar tutaşmışlar. Həmin vaxt orada heç kim olmamışdır. Sonra isə ondan aralışıb evə getmişdir. Onun sağ qaşının üstündən qan axmışdır. Atası Nadir onun başından qan axdığını görüb nə baş verdiyini soruşduqda o, Əhmədin onu vurduğunu demişdir. Bundan sonra atası ona evdə qalmasını demiş, özü isə Əhmədgilə getmişdir. O isə atasına hiss etdirmədən qatlanan cib bıçağını həyətdən götürmüş və Əhmədi bıçaqlamaq üçün küçəyə çıxmışdır. Həmin vaxt atası Əhmədin atası Novruzla söhbət etmiş və nə üçün dalaşdıqları ilə maraqlanmışdır. Həmin vaxt o, Əhmədin anası ilə söhbət edərkən Əhməd onu kənara çəkmiş və söhbət etmək istədiyini bildirmişdir. O, Əhmədin onu vuracağını və onun Əhmədə gücünün çatmayacağını düşünmüş, ona görə də sağ əli ilə gödəkçəsinin içində gizlətdiyi bıçağı çıxararaq Əhmədin qarnının sol tərəfindən bir zərbə vurmuşdur. Daha sonra isə Əhməddən aralışıb bıçağı orada olan zibil qutusuna atmış və evə getmişdir. Bir neçə dəqiqədən sonra atası evə gəlmiş və ondan Əhmədi bıçaqla vurub bədbəxt etdiyini demişdir. Daha sonra isə atası xəstəxanaya Əhmədə baş çəkmək üçün getmişdir. O isə evdən çıxıb həmin gündən küçələrdə qalmaqla gizlənməyə başlamışdır. Bu gün isə özü könüllü olaraq 31-ci PŞ-nə gəlmişdir. Əhmədin ona 5 manat borclu olmağını deməsi və onun Əhmədə heç bir borcu olmadığını bildirməyi ilə əlaqədar aralarında yaranmış mübahisə olmuşdur. Hadisə birinci dəfə təxminən 2-3 dəqiqə ərzində, ikinci dəfə də 1-2 dəqiqə ərzində baş vermişdir. Hadisə zamanı orada Əhməd, onun atası, anası, qardaşı və ərzində Hadisə rada nəlayiq söyüşlər söyülməmişdir. Hadisə zamanı 0, sağ qaşının üstündən xəsarət almış və bir sillə də sifət nahiyəsindən vurmuşdur. Buna görə də, məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçmək istədiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadələrin yerində yoxlanılması protokolu və məhkəmə-tibbi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməli və o, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, həmin Məcəllənin 59.1.8-ci maddəsinə əsasən hadisənin zərər çəkmiş şəxsin qanunsuz hərəkəti səbəbindən baş verməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10, 59.1.8 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (könüllü gəlib təqsirini boynuna alması və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması, hadisənin zərər çəkmiş şəxsin qanunsuz hərəkəti səbəbindən baş verməsini) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hallar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsini rəhbər tutaraq, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cəzasını yüngülləşdirən digər halların olmasını və əməlində cəzsını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 25 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar