Məhkəmə qərarları › İş №1(101)-79/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-79/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-79/2021 17.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X4 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1982-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində üç nəfər azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, ev 12, mənzil 46 ünvanında yaşayan, barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu il iyulun 27-də saat 0030 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu, Südçülük qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələr işlətməsinə görə öz iradını bildirdiyi üçün sonuncunun onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında yaranan mübahisə zamanı yaşadığı evin həyətindəki masanın üzərindən götürdüyü, zavod üsulu ilə hazırlanmaqla deşici-kəsici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs vurub yerə yıxaraq həmin şəxsə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sağ göz yuvasıətrafı nahiyəsinin qançırı, sol əlin və sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları, habelə döş qəfəsinin sağ yarısının arxa səthindən qarın boşluğuna keçməklə qaraciyərin yaralanmasına səbəb olub bir ədəd kəsilmişdeşilmiş yarasından ibarət insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməklə ifadəsində göstərdi ki, 2019-cu il iyulun 27-də saat 0030 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu, Südçülük qəsəbəsindəki fərdi yaşayış evinin həyətində arvadı Samirə Möhlə qızı Abasova ilə oturub çay içdikləri zaman darvazanın qarşısında nalayiq ifadələr işlədildiyini eşidərək çölə çıxdıqda adını sonradan bildiyi Zərərçəkmiş şəxs kiminləsə telefonda danışmaqla getdiyini görmüş, yaxınlaşıb belə ifadələr işlətməməsini xahiş etsə də sonuncu ona «telefon mənimdir, özüm bilərəm» demiş, tələbini təkrarlayanda oğlanın onun üzərinə gələrək nalayiq sözlər işlətdiyinə görə həddindən çox əsəbiləşməklə yaşadığı evin həyətindəki stolun üstündən bıçağı qorxutmaq məqsədi ilə götürmüş, sonuncu ondan bədəncə iri olduğundan və o, oğlanı yumruqla vurduqdan sonra ailəsinin gözü qarşısında döyüləcəyəni fikirləşdiyi üçün göstərilən şəxsin kürək nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Qonşuluqda yaşayan X2 bayıra çıxdığını görüb yaşadığı evin həyətinə daxil olaraq darvazanı bağlamışdır. Hadisə yerində onlardan başqa heç kim olmamışdır. Əməlindən həddindən artıq peşmandır, zərər çəkmiş şəxsdən üzr istəyir, iş üzrə dəyən maddi və mənəvi ziyanı ödəmiş, sonuncu ilə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, işi ilə əlaqədar bir müddət əmisi oğlu X2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu, Südçülük qəsəbəsində yerləşən evində yaşamışdır. 2019-cu il iyulun 27-də saat 0030 radələrində evə qayıdarkən tanımadığı bir şəxs ona gizli nömrədən zəng vurmaqla ələ salmağa və xoşagəlməz zarafatlar etməyə başlamış, o da əsəblərini cilovlaya bilməyib həmin şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu vaxt qonşuluqda yaşayan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq belə ifadələr işlətməməyini bildirdikdə fikirləri gərgin halda olduğundan sonuncu ilə aralarında yaranan mübahisə zamanı bir-birinin ünvanına nalayiq sözlər işlətmişlər. Göstərilən şəxs öz evinə getdiyi üçün o, yolu ilə davam etməyə başlayanda qəflətən kürək nahiyəsində ağrı hiss etmiş, Asimi çağırandan sonra sonuncu çölə çıxmaqla onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Hadisəni heç kim görməmişdir. Elçin onu bıçaqla bir dəfə vurmuş, imkanı olsa da başqa xəsərətlər yetirməmiş, qançırla sıyrıqlar onda yerə yıxılarkən yaranmışdır. Ona dəyən maddi ziyan ödənildiyindən hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, 2019-cu il iyulun 27-də saat 0035 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu, Südçülük qəsəbəsindəki fərdi yaşayış evində olarkən ucadan səslər eşitmiş, nə baş verdiyini öyrənmək üçün bayıra çıxandan sonra əmisi oğlu Zərərçəkmiş şəxs yerə uzanıqlı vəziyyətdə olduğunu, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin isə bir qədər kənarda dayandığını görmüş, nə baş verdiyini soruşduqda Elçin «məni təhqir etdi, mən də onu vurdum» bildirib darvazadan evin həyətinə girmiş, o isə Fəqanı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, övladı Təqsirləndirilən şəxs aralarında yaranan mübahisə vaxtı Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir. Belə ki, 2019-cu il iyulun 27-də o, Elçinin yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu, Südçülük qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedərkən gəlini Samirə Möylə qızı Abasovadan nə baş verdiyi ilə maraqlananda sonuncu Elçinin nalayiq ifadələr işlətməsi səbəbindən tanımadığı şəxsi bıçaqla vurduğunu və bıçağı yaşadığı evin qarşısında yerə tulladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilən Samirə Möylə qızı Abasova ifadəsində göstərdi ki, 2019-cu il iyulun 27-də saat 0030 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu, Südçülük qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində oturmaqla əri Təqsirləndirilən şəxs ilə çay içdikləri zaman darvazanın qarşısında adını sonradan bildiyi Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələrlə qışqırdığını eşitmişlər, Elçin çölə çıxıb həmin şəxsdən belə ifadələr işlətməməyi xahiş etsə də oğlan «telefon mənimdir, özüm bilərəm» demişdir. Əri tələbini təkrarladıqda oğlan Elçinin üzərinə gələrək ünvanına nalayiq ifadələr işlətmiş, həddindən artıq əsəbiləşən əri stolun üstündən bıçağı götürməklə sonuncunu kürək nahiyəsindən bir dəfə vurmuş, qonşuluqda yaşayan X2 bayıra çıxdığını görüb Elçin onunla birlikdə evin həyətinə daxil olaraq darvazanı bağlamışdır. Hadisədən əvvəl ailələrində maddi problemlər yarandığından əri həmişə evə gərgin vəziyyətdə gəlirmiş, işsiz olduğundan üç azyaşlı uşağını necə saxlayacağını düşünürmüş, ona haqq qazandırmasa da əsəbi olurmuş, əməlindən dərhal çox peşman olmuşdur. İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 27 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 1530-da Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 9). İş materiallarında olan AZ-İİ seriyalı 318252 №-li, AZ-İİ seriyalı 490262 №-li və AZ-İİİ seriyalı 127602 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il 01 iyul təvəllüdlü Ayla Elçin qızı Gözəlova, 2010-cu il 12 iyul təvəllüdlü Ləman Elçin qızı Gözəlova və 2013-cü il 14 iyul təvəllüdlü Rahib Elçin oğlu Gözəlov adlı azyaşlı övladları vardır (iş vərəqi 30-32). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 28 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası Şahid1 təqdim etdiyi bir ədəd dəstəyi ağ və qırmızı rəngdən ibarət bıçaq götürülmüş, fotoşəklin kserosurəti protokola əlavə edilmişdir (iş vərəqi 47-48). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 29 iyul tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı Şəhər Klinik Xəstəxananın Cərrahi profilli qəbul şöbəsi tərəfindən təqdim edilən Zərərçəkmiş şəxs əynindəki qana bulaşan ağ rəngli qısaqol mayka götürülmüş, fotoşəklin kserosurəti protokola əlavə edilmişdir (iş vərəqi 52-53). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 29 iyul tarixli qərarından görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsindən həmin Məcəllənin 126.1.-ci maddəsinə tövsif edilmişdir (iş vərəqi 55). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 29 iyul tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilib ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 58-59). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2019-cu il 29 iyul tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il iyulun 27dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 85-87). İş materiallarındakı zərər çəkmiş şəxs 2019-cu il avqustun 21-də və 2019-cu il avqustun 22-də notariat qaydasında təsdiq edilən Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, ona dəymiş maddi və mənəvi ziyan tam ödəndiyindən Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də bu barədə hər hansı tələbi olmayacaqdır, həbsin dəyişdirilməsinə etiraz etmir (iş vərəqi 99 «a» və «b»). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 2019-cu il sentyabrın 14-də tərtib etdiyi tələbnamədən və məhkəməyə təqdim olunan Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 2020-ci il 21 fevral tarixli 333/C nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2016-cı il 05 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 177.2.1.-ci maddəsi ilə təqsirli bilinib 3.000 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, cəriməni tamamilə 2018-ci il avqustun 21-də ödədiyindən qeydiyyatdan çıxarılmış, hazırda məhkumluğu ödənilmişdir (iş vərəqi 105-107 və sair). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2019-cu il 28 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri ev dustaqlığı qismində qətimkan tədbiri ilə əvəz edilmişdir (iş vərəqi 108-117). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 29 sentyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs cinayətin törədildiyi yeri göstərməklə hadisəni təfsilatı ilə izah etmiş, fotocədvəlin kserosurətləri protokola əlavə edilmişdir (iş vərəqi 118-120). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 08 avqust tarixli 1063 nömrəli ekspert rəyindən görünür ki, 1992-ci il 03 fevral təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sağ yarısının arxa səthindən qarın boşluğuna keçərək qaraciyərin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yara, sağ göz yuvasıətrafı nahiyəsinin qançırı, sol əlin, sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi xəsarətlərdən döş qəfəsinin sağ yarısının arxa səthindən qarın boşluğuna keçərək qaraciyərin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yara kəsici-deşici alət təsirindən törənməklə bıçaqla yetirilə bilərdi, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; sağ göz yuvasıətrafı nahiyənin qançırı, sol əlin, sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşya təsirindən törənməklə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir, müddəti 2019-cu il iyulun 27-nə uyğundur (iş vərəqi 121-123). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji və məhkəmə-ballistik ekspertizasına dair 2019-cu il 26 sentyabr tarixli 21597/21598 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağı olmaqla soyuq silah hesab edilmir; maykanın üzərindəki zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin, o cümlədən təqdim edilən bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsirindən onun tiyəsinin iri tərəfinin sağ istiqamətdə olmaqla yaranmağa xarakterikdir; maykanın üzərindəki zədələr ümumi əlamətlərinə əsasən təqdim edilən bıçağın da təsirindən yarana bilərdi; ekspertiza tədqiqatının dəyəri 65 manatdır (iş vərəqi 125-127). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 01 oktyabr tarixli qərarından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan bir ədəd ağ rəngli mayka və bir ədəd dəstəyi ağ və qırmızı rəngdən ibarət zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan təsərrüfatməişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 128). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2019-cu il 31 oktyabr tarixli 2201 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmiş, onda xasiyyətin psixopatik cizgiləri müəyyən olunmuşdur; ittiham olunduğu əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır, təqsirləndirilən şəxs həmin müddətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 146-147). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 2019-cu il 01 noyabr tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yeni ittiham elan edilməklə barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü, 221.3.-cü, 228.4.-cü və 29, 120-ci maddələri ilə, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221.1.-ci, Samirə Möylə qızı Abasova barəsində Azərbaycan Respublikasının CM-nin 143-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bir ədəd zavod üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır (iş vərəqi 149-154). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 02 noyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs həmin maddə ilə yenidən ittiham elan edilmişdir (iş vərəqi 157-158). Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq edilmiş 2019-cu il 02 dekabr tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş maddi və mənəvi ziyan tam ödəndiyindən Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün tam etirafedici, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasının, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla səmimi peşmanlığını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2016-cı il 05 iyul tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum olunduğundan və 2018-ci il avqustun 21-də cəriməni tam olaraq ödədiyi üçün qeydiyyatdan çıxarıldığından hazırki cinayət işi üzrə əməli cinayətin residivi kimi nəzərə alına bilməz. Azərbaycan Respublikasının CM-nin 18.4.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs həmin Məcəllənin 126.1.-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onların islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan bir ədəd ağ rəngli mayka və deşici-kəsici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. İş üzrə 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 92 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 552 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il iyulun 27-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbsə alınsın, saxlanmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2019-cu il iyulun 27-dən hesablansın. 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 552 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan bir ədəd ağ rəngli mayka və deşici-kəsici xassəyə malik olan təsərrüfatməişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar