Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-791/2023 28.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X4 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1983-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,145 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 16 sentyabr 2022-ci il tarixdə saat 13:00-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qısa balaq şalvarının sol yan cibindən 3 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,230 qram, 0,645 qram, 0,270 qram olmaqla, ümumi təmiz çəkisi 3,145 qram təşkil edən xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponetlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu Nəsimi rayonu, 3-cü Alatava küçəsi ev 353 ünvanının qarşısında deyil, yaşadığı evdən götürüb bölməyə aparmışlar. Yaşadığı evə 15 nəfər polis əməkdaşı daxil olmuş, həmin vaxt valideynləri də evdə olmuşdur. O, evdə yatan vaxtı polis əməkdaşları evə daxil olub onu Bakı şəhəri, Nəsimi rayonu, 20-ci Polis Bölməsinə gətirmiş, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Bölmədə olarkən əgər 3 qram narkotik vasitəni boynuna almasa, onu 1-2 kiloqram narkotik vasitə ilə ittiham edəcəklərini ona bildirmişlər. Onun ibtidai istintaq zamanı irəli sürülən ittihamı qəbul etməkdən başqa şansı olmamış, ibtidai istintaq zamanı onu hədələdikləri üçün sənədlərə imza etmişdir. O, evdə cins şortik geyinmiş, lakin heç bir zaman küçəyə şortik geyinib çıxmamış, saxlanılan zaman üzərində açıq göy rəngdə qısaqol köynək və cins şortik olmuşdur. O, saxlanılan zaman üzərində yalnız mobil telefon olmuş, tutulana qədər istifadə etdiyi mobil nömrəni xatırlamamışdır. Kakos adlanan narkotik vasitəni falqada çəkmiş, narkotik vasitə istifadəçisi olsa da, tutulan vaxt üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları səhər 9-10 radələrində onu tutmaq üçün yaşadığı evə daxil olanda səs-küyə yuxudan ayılmış, polis əməkdaşları ailə üzvləri ilə kobud davranmışlar. O, narkotik vasitələrdən istifadə etdiyi üçün çox peşmandır. İbtidai istintaq zamanı ona qarşı fiziki deyil, psixoloji təsir göstərilmiş, ibtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təqribən 6 il müddətdir ki, fasilələrlə narkotik vasitə qəbul edir. 15 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən istifadə etmək üçün 30 manata 1 büküm heroini almış, aldığı narkotik vasitənin bir hissəsini istifadə etmiş, qalan hissəsini də səhəri günü istifadə etmək üçün özündə saxlamışdır. 16 sentyabr 2022-ci ildə saat 13 radələrində yaşadığı evin qarşısında olan zaman biri polis formasında, digəri isə mülki formada olan 2 nəfər yaxınlaşaraq polis olduqlarını bildirib onu Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə dəvət etmişlər. O da razılaşıb polis bölməsinə getmiş, orada hüquq və vəzifələri izah olunmuş, sonra üzərində axtarış keçirilmiş və o, əynində acıq göy rəngli qısa balaq cins şalvarının sol yan cibindən 1 büküm heroini çıxararaq təqdim etmiş, üzərində şəxsi axtarış videoçəklişlə aparılmış, həmin videogörüntüyə baxış keçirilmiş, sonra o, tərtib edilmiş protokola imza etmişdir (cild 1, iş vərəqə 65-68 və 81-82). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Nəsimi RPİ-nin 20ci PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1lə birlikdə xidmətdə olan zaman sonradan adını və soyadını öyrəndiyi Təqsirləndirilən şəxs şübhəli davranışları diqqətlərini cəlb etmişdir. Bu səbəbdən ona yaxınlaşaraq anket məlumatlarını maraqlandıqları zaman Rəşadın qeyri-səlis danışıq və davranışları onlarda şübhə yaratdığından onu 20-ci PB-nə dəvət etmiş və o da etiraz etmədiyini bildirmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, o, əynində olan açıq göy rəngli qısa balaq cins şalvarının sol yan cibindən 3 ədəd bükümü və sağ yan cibindən qara rəngli “Samsung A20” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofana bükülmüş bükümlər açıldıqda həmin bükümlərin içərisində qəhvəyi rəngli maddə aşkar edilmiş, sonra da həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs suallara qeyri-adekvat cavablar vermiş və narkotik vasitə istifadəçilərinə xas hərəkətlər etdiyi üçün ondan şübhələnmişlər. Təqsirləndirilən şəxs “Papanin” adlanan ərazidə saxlamışlar, lakin yaşadığı evə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hansı məqsədlə üzərində saxladığını xatırlamamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 83-84 və 95-96). Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 3 ədəd bükümdə təmiz çəkiləri 2,230 qram, 0,645 qram, 0,270 qram, ümumi təmiz çəkisi 3,145 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 41-47). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2022-ci il tarixli 6/5257 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N2İ88 dairəvi möhür əksi və “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs-imza, iştirakçılar-üç imza tərtib etdi: təhqiqatçı Bayramov Mikayıl-imza yazı əlavəsi qeyd edilmiş 3 ədəd kağız zərfdə 3 ədəd bükümdəki təmiz çəkiləri 2,230 qram, 0,645 qram, 0,270 qram, ümumi təmiz çəkisi 3,145 qram olan qəhvəyi rəngli tozşəkli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni kustar üsulla hazırlanmış narkotik maddə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 3,145 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 2,995 qram, cild 1, iş vərəqə 53-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 1 oktyabr 2022-ci il tarixli 5681 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorın birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 118- 119). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 26 dekabr 2022-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,995 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 135-141). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X6 rayon məhkəməsinin 2 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 107-108). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi əvvəlki cinayətə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edildikdən 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19-20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 91-94). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,995 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,995 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-791/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-791/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver