Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-792/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: Səbuhi Sabir oğlu Hüseynov və Əli İrfan oğlu Məmmədovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1964-cü ildə Xocavənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xocalı veteranlar şurasının sədri vəzifəsində işləmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, yataqxana 8-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xalq Təsərrüfatının yataqxanasında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vuraraq dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, özbaşına özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatda olan generalı kimi təqdim edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin avqust ayının əvvəllərində işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət edən Şahid1 onu müsabiqədən kənar qaydada Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qəbul edilməsində köməklik göstərmək imkanına malik olmasını yalandan bildirib aldadaraq özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün Dövlət Təhlükəsizliyi Xidmətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul qanuni prosedurlar üzrə aşkarlıq şəraitində müsabiqə əsasında həyata keçirildiyi halda, onu müsabiqədən kənar qaydada dövlət təhlükəsizliyi xidmətinə işə qəbul etdirməyə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 20.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək, Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin adla qeyd edilən məbləğdə istədiyi pul vəsaitinin başlanğıc üçün razılaşdıqları 3.000 manat hissəsindən 1.500 manatını 22 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında Şahid1 almaqla dələduzluq yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf etmiş, Şahid1 aldadıldığını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid1 məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, həmin hərəkətləri ilə xüsusi xidmət orqanı qismində Dövlət Təhlükəsizliyi Xidmətini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15.03.1990-cı il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, 01.10.1993-cü il tarixdə öz xahişi ilə daxili işlər orqanlarından xaric edilmişdir. Bakı şəhəri, Yasamal rayon Daxili işlər İdarəsinin nəzdində olan Mühafizə şöbəsinin əmri ilə 1993-cü ildə hərbi əməliyyatlarda iştirak etmək üçün Ağdam şəhərinə ezam olunmuş, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən ona «Müharibə veteranı» adı və vəsiqəsi verilmişdir. 2007-ci ildən 2019-cu il tarixədək Xocalı Veteranlar şurasının sədri və «Veteran» qazetinin baş redaktoru işləmişdir. Ağır dərəcəli şəkərli diabet və qan təzyiqindən əziyyət çəkir, qara ciyərin serrozu diaqnozu ilə hazırda müalicə alır. O, Nübarı 2018-ci ilin axırlarından «xxxx» MTK-nın rəhbəri, atası ilə sağlığında dostluq etmiş Turalın katibəsi işlədiyi vaxtdan tanımış, o, ağıllı, savadlı, tərbiyəli bir qız kimi təsir bağışlamışdır. O, işlə bağlı tez-tez Turalın yanında olmuş, sonuncunun tikdiyi binalardakı mənzillərə müştərilər tapmışdır. Turalın rəhbəri olduğu şirkətin mühasibi Şahid3 də uzun müddətdir ki, tanıyır, aralarında dostluq münasibəti var. Nübarla hərdən şirkətdə aralarında baş tutan söhbətlər zamanı onun kollec qurtardığını, hazırda isə Naxçıvan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə ali təhsil aldığını öyrənmişdi. 2020-ci ilin mart ayında şirkətdə olarkən ərk edib Nübardan ona məxsus olan üzü laminasiya ilə örtülü veteran vəsiqəsini yapışdırıcı ilə vəsiqənin kleydən qopmuş olan hissələrini yapışdırmağı xahiş etmişdir. Sözü gedən vəsiqədə Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general mayor Dadaş Rzayevin adının, atasının adının baş hərfləri, soyadı, vəzifəsi, rütbəsi və imzası qeyd olunduğundan Nübar elə zənn etmişdir ki, guya o, general mayor rütbəsindədir, buna görə də o, vəsiqəsini görən kimi təəccüblü halda onun ehtiyatda olan general mayor rütbəsində zabit olduğunu soruşmuş, o isə Nübarın səhvinə düzəliş verməyib ona səssiz qalmasını xahiş edib asta səslə həqiqətən də özünü Dövlət Təhlükəsizlik Xidmətinin ehtiyatda olan generalı kimi təqdim etmiş və onun özünü də istəyindən asılı olaraq həmin orqana işə düzəldə biləcəyini demişdir. O bundan başqa Dövlət Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli əməkdaşları ilə yaxın əlaqələrinin olduğunu nəzərinə çatdırmışdır. O, Nübara söylədiklərinin öz aralarında qalmasını xahiş etmişdir. Nübar onun təklifinə sevinib böyük məmnuniyyətlə Dövlət Təhlükəsizlik xidmətində işləmək istədiyini bildirmişdir. Paytaxtda COVİD-19 virusu ilə bağlı təyin edilmiş karantin günlərində bir müddət şirkətə gedə bilməmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində karantin rejiminin şərtləri nisbətən yüngülləşdikdən sonra yenidən şirkətə baş çəkmişdir. Həmin ərəfədə şirkətdə olarkən ikilikdə olduqları zaman yenidən əvvəlki söhbətə qayıdaraq X1 Xidmətinə əməliyyat işinə işə düzəldə biləcəyini bildirmişdir. Nübar onun təklifi ilə bağlı ailəsində məsləhətləşmə elədikdən sonra yaxın qohumlarından biri ilə görüşdürəcəyini demişdir. 2020-ci ilin iyul ayının ortalarında Nübarla iş məsələsini danışmaq üçün Nərimanov rayon ərazisində yerləşən «Atatürk» parkında görüşmüşdür. İşə düzəltmək üçün Nübardan ilkin olaraq 3000 manat pul istəmiş, yekunda işə qəbul olunan zaman isə 15000-20000 manat civarında pul verməli olacağını demişdir. O, pulun kimə çatacağını soruşanda cavabında həmin pul vəsaitinin Dövlət Təhlükəsizlik Xidmətində rəhbər vəzifədə işləyən tanışlarına çatacağını demişdir. Nübar dediklərinə razılaşdığını bildirib dediyi kimi pulu hazırladıqdan sonra ona çatdırmaq üçün növbəti dəfə görüşə dayısı ilə gələcəyini demiş, sonradan ona dayısı kimi təqdim etdiyi şəxsin adının Seymur olduğu bəlli olmuşdur. 18.08.2020-ci il tarixdə Nərimanov rayon ərazisində yerləşən «Atatürk» parkında Seymur və Nübarla görüşmüş, həmin görüşdə işə düzəltmək üçün ilkin olaraq 3000 manat pul istəmişdir. Nübar başlanğıc üçün 1500 manat verəcəyini və işə düzəlmək üçün tələb etdiyi onun özünə dair sənədləri yaxın günlərdə çatdıracağını demişdi. 22.08.2020-ci il tarixdə yenidən Seymur və Nübarla Nərimanov rayon ərazisində yerləşən «Atatürk» parkında görüşmüş, parkda yerləşən kafelərin birində oturub söhbət edərkən X4 Xidmətinə əməliyyat işinə işə düzəlmək üçün çantasından içi sənədlərlə dolu olan qovluğu və 1500 manat pulu ona vermişdir. O, 3 ay yoxlanışdan sonra şəxsi həyatında hər hansı bir problem olmayacağı təqdirdə onu Dövlət Təhlükəsizlik Xidmətinə işə götürəcəklərini bildirmişdir. İfadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, reallıqda Nübarı hansısa özəl şirkətlərin birinə işə düzəltməyi planlaşdırmış, lakin söhbətlərdə onu Dövlət Təhlükəsizlik Xidmətinə əməliyyat işinə düzəldəcəyini demiş, Nübardan aldığı 1500 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, onu işə düzəltmək üçün hər hansı bir orqana və ya özəl qurumların heç birinə istər şifahi, istərsə də rəsmi müraciət etməmişdir. Məhkəmədə Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2016-2019-cu illərdə Quba Dövlət Sosial İqtisadi Kollecinin «vergi və vergi tutma» fakültəsinin əyani şöbəsini bitirmiş, 2019-cu ildə Naxçıvan Universitetinin «İqtisadiyyat» fakültəsininin qiyabi şöbəsinə daxil olmuş və hazırda həmin universitetdə təhsilini davam etdirir. 18 may 2018-ci il tarixdən yaşayış binalarının tikintisi ilə məşğul olan «xxxx» MTK-da şirkətin müdiri Şahid2 katibəsi işləyir. Təqsirləndirilən şəxs də məhz işlədiyi şirkətdən tanıyır. Belə ki, Qafarı 2018-ci ilin dekabr ayından tanıyır. Qafar həmin ərəfələrdə şirkətə gəlib-getmiş, əsasən şirkətin direktorunun yanında olmuş, konkret olaraq hansı işlə bağlı Tural müəllimin yanına gəlib-getdiyini bilməmişdir. Tural müəllimlə təsadüfən bir dəfə Qafar haqqında söhbət edərkən sonuncudan Qafarla şirkətin mühasibi Rafiq Razıyevin vasitəsi ilə tanış olduğunu eşitmişdir. O ilk vaxtlarda Qafarın şəxsən özündən Milli Qəhrəman olduğunu eşitmiş, lakin onun həmin vaxt və yaxud əvvəllər hardasa işləyibişləmədiyini maraqlanmamışdır. 2020-ci ilin mart ayında Qafar növbəti dəfə şirkətə gələndə onunla arasında təsadüfən yaranmış söhbət zamanı sonuncu onun həmin vaxt orta ixtisas təhsilinin olduğunu və ali təhsilini davam etdirdiyini öyrənmişdir. Qafar söhbət əsnasında cibindən laminasıyalı vəsiqəni çıxardıb ona uzadaraq yapışdırıcı ilə vəsiqənin kleydən qopmuş olan hissələrini yapışdırmağı xahiş etmişdir. O, vəsiqəni nəzərdən keçirərkən Qafarın şəkli həkk olunmuş qeyd olunan vəsiqədə «Xocalı Veteranlar şurasının sədri» və «general mayor» yazılarını görərkən həmin anda təəccüblü halda Qafardan onun general mayor rütbəsində olduğunu soruşmuş, o isə əli ilə səssiz qalmasını işarə etmişdir. Bir neçə gün sonra Qafar yenidən şirkətdə olarkən ona yaxınlaşaraq sakit səslə onu Dövlət Təhlükəsizlik Xidmətinə əməliyyat işinə işə düzəldə biləcəyini, özünün də vaxtı ilə həmin xidmətin əməkdaşı olduğunu, hazırda isə xidmətin ehtiyatda olan general-mayoru kimi təqdim etmişdir. Qafar bundan başqa Dövlət Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli əməkdaşları ilə yaxın əlaqələrinin olduğunu bildirmişdir. Qafar sonda işlə bağlı ona söylədiklərini heç kimə deməməyi tapşırmışdır. Qafarın onu işə düzəltməklə bağlı təklifi gözlənilməz olmuş, çünki həmin vaxta kimi işlə bağlı kiməsə müraciət etməmişdi. Qafara ona diqqət göstərdiyinə görə öz təşəkkürünü bildirib böyük məmnuniyyətlə qeyd olunan xidmətdə işləmək istədiyini demişdir. O, Qafarın xahişini nəzərə alıb aralarında olan işlə bağlı danışığı işdə heç kimə deməmişdir. Qafar ona Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltməkdə köməklik göstərə biləcəyini qeyd etsə də həmin vaxt həmin məsələ ilə bağlı tam təfərrüatı ilə söhbət edə bilməmişlər. Şəhərdə COVİD-19 virusu ilə bağlı təyin edilmiş karantin günlərində Qafar bir müddət şirkətə gəlməmişdir. O, Qafar barəsində Rafiqdən maraqlananda sonuncu Qafarla 30 ildir ki, dostluq etdiyini, onun əvvəllər polis əməkdaşı olduğunu, lakin hazırda təqaüddə olduğunu söyləmişdir. O, istər Turala, istərsə də Rafiqə Qafarın ona Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltməklə bağlı təklif etdiyini deməmişdir. Rafiqin sözlərindən sonra Qafarın əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində işləməsi, general mayor rütbəsində olması kimi sözləri onda şübhə yaratmışdır. 2020-ci ilin iyul ayının əvvəllərində karantin rejiminin şərtləri nisbətən yüngülləşdikdən sonra Qafar yenidən şirkətə ara-sıra gəlməyə başlamışdır. Həmin ərəfələrdə Qafar şirkətdə olarkən ikilikdə olduqları zaman yenidən əvvəlki söhbətə qayıdaraq onu Dövlət Təhlükəsizlik Xidmətinə əməliyyat işinə işə düzəldə biləcəyini bildirmişdir. O, Qafarın ona işlə bağlı etdiyi təkliflə əlaqədar ailəvi dostu olan Seymurla bölüşərkən sonuncu özünün Qafarla görüşüb bu barədə ətraflı söhbət etmək istədiyini bildirmişdir. 13 iyul 2020-ci il tarixdə Qafarla iş məsələsini danışmaq üçün Nərimanov rayon ərazisində yerləşən «Atatürk» parkında görüşmüş, söhbət zamanı Qafar işə düzəltmək üçün ondan ilkin olaraq 3000 manat pul istəmiş, yekunda işə qəbul olunan zaman isə 20000 manat civarında pul verməli olacağını demişdir. O, pulun kimə çatacağını soruşanda Qafar cavabında həmin pulun Dövlət Təhlükəsizlik Xidmətində rəhbər vəzifədə işləyən tanışlarına çatacağını bildirmişdir. O, deyilən şərtlərlə razı olduğu bildirib pulu hazırladıqdan sonra pulu ona çatdırmaq üçün növbəti dəfə görüşə doğma dayısı kimi təqdim etdiyi, əslində isə ailəvi dostu olan Seymurla gələcəyini demişdir. O, Qafarla görüşdən qayıtdıqdan sonra Seymura Qafarın ondan işə düzəltmək üçün pul istədiyini dedikdə onun söhbətlərini təhlil edərkən Qafarın düzgün adam olmadığını, pulu da ondan qanunsuz olaraq istədiyini anlamış, bu səbəbdən Qafarın qanunsuz hərəkətləri ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmək qərarına gəlmişlər. Onun müracətindən sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Qafarın əməllərini ifşa etməkdən ötrü Seymurun paltarına gizli kamera quraşdırılmış və əvvəlcədən təyin etdikləri kimi 18.08.2020-ci il tarixdə Bakı şəhəri, N.Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında Seymurla Qafarın görüşünə getmiş, görüş zamanı Qafar yenə də özünü Dövlət Təhlükəsizlik Xidmətinin ehtiyatda olan general mayoru kimi təqdim edərək ondan işə düzəltmək üçün ilkin olaraq 3000 manat pul istəmiş, yekunda isə işə qəbul olunan zaman 20000 manat civarında pul verməli olacağını demişdir. O, başlanğıc üçün 1500 manat verəcəyini və tələb etdiyi bir sıra sənədləri yaxın günlərdə ona çatdıracağını bildirmişdir. 22.08.2020-ci il tarixdə yenidən o, Seymur və Qafar Nərimanov rayon ərazisində yerləşən «Atatürk» adına parkda görüşmüşlər, parkda yerləşən kafelərin birində oturub söhbətlərini davam etdirmişlər, həmin günü ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çantasına gizli kamera quraşdırılmışdır, Qafarla çayxanada oturub söhbət edərkən bütün baş verənlər gizli çəkiliş zamanı qeydə alınmışdır. Söhbət zamanı o, Dövlət Təhlükəsizlik Xidmətinə əməliyyat işinə işə düzəltmək üçün 1500 manat pulu, kolleci bitirməsinə dair diplomun, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərini, universitetdə təhsil alması ilə bağlı arayışı, tələbə biletinin surətini, 6 ədəd 4 x 6 ölçüdə şəkli Qafara vermişdir. Qafar 3 ay yoxlanışdan sonra şəxsi həyatında hər hansı bir problem olmayacağı təqdirdə onu işə götürəcəklərini bildirmiş, sənədləşdirmə işləri gedən ərəfədə 1500 manat pulu ondan alacağını, bir müddət sonra isə 20000 manat puldan qalan məbləği verməli olacağını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, 2016-cı ildən «xxxx» MTK-nın direktorudur. Rəhbərlik etdiyi şirkət Bakı şəhəri ərazisində atası mərhum xxxx Hüseynov tərəfindən uzun müddətdir ki inşa olunmuş, lakin sakinlərə təhvil verilməmiş binaların təhvil-təslim edilməsi ilə məşğul olur. Şahid1 2018-ci ilin may ayından katibəsi işləyir, Nübar həddindən artıq ağıllı, savadlı, tərbiyəli və mədəni qız kimi tanımış, işə olan münasibəti onu qane etdiyindən bu günə kimi də onun yanında işləyir. Təqsirləndirilən şəxs isə elə həmin ilin axırlarından tanıyır, onunla dostluq münasibəti olmasa da münasibəti normal olmuşdur. Qafar 2018-ci ilin sonlarında şirkətə gəlib özünü mərhum atasının dostu kimi təqdim etmiş, eyni zamanda müharibə veteranı, Xocalı Veteranlar şurasının sədri və «Veteran» qazetinin baş redaktoru olduğunu bildirmişdir. Qafar barədə sadaladıqlarından başqa heç bir məlumatı olmamış, sonuncunun əvvəllər rəsmi olaraq dövlət strukturlarında işləyib-işləmədiyini maraqlanmamış, konkret olaraq kimlərlə dostluq münasibətində olduğunu da bilməmişdir. Qafarla heç bir iş birliyi olmamış, ondan hər hansı bir işi görmək üçün xahiş etməmiş, sadəcə həm atasının dostu olduğunu bildirdiyinə görə, eyni zamanda müharibə iştirakçısı olduğunu nəzərə alaraq maddi imkanının zəif olduğunu görüb əsasən bayramlarda yanına gələndə cibinə xərclik pul qoymuş, onu hörmətlə qarşılayıb hörmətlə yola salmışdır. 1-2 dəfə olub ki, Qafar boş mənzillər üçün müştərilər tapmışdır. Bundan əlavə Qafar şirkətin mühasibi Rafiqlə də yaxın münasibəti olmuşdur. Bundan əlavə Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayında özünü X2 Xidmətinin ehtiyatda olan generalı kimi təqdim edərək sonuncunu adı çəkilən xidmətə işə düzəldə biləcəyini, bunun müqabilində ilkin olaraq Nübardan 3000 manat, işə qəbul olunduqdan sonra isə 20000 manat civarında pul verməli olduğunu bildirməsindən, 22.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında ilkin olaraq işə qəbul olunmağa görə tələb etdiyi 3000 manat puldan 1500 manatı Nübardan almasından heç bir məlumatı olmamışdır. Qafarın dələduz olmasını bilməmiş, onun kimisə aldadıb pul almasını, kiməsə qarşı dələduzluq etməsini eşitməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, 2016-cı ildən «xxxx» MTK-nın mühasibidir. Şahid1 2018-ci ilin may ayından şirkətin direktoru Turalın katibəsi işləyir, Nübar həddindən artıq ağıllı, savadlı, tərbiyəli və mədəni qızdır, onu övladı qədər çox istəyir. Təqsirləndirilən şəxs isə 6 ildir ki, tanıyır, belə ki, Qafarın adına dostu tərəfindən istifadədə olan dükana dair VÖEN olmuş, həmin dükanın mühasibat hesabatlarını verməkdə o köməklik etmiş, Qafarla da tanışlığı məhz həmin dövrə təsadüf etmişdir. Qafar həmçinin müharibə veteranı, bundan əlavə Xocalı Veteranlar şurasının sədri və «Veteran» qazetinin baş redaktoru olmuşdur. Qafar 2018ci ilin sonlarında şirkətə gəlib Turala özünü sonuncunun mərhum atasının dostu kimi təqdim etməklə Turalla münasibət yaratmışdı. Qafarla onun, eyni zamanda şirkətin heç bir iş birliyi olmamış, ondan hər hansı bir işi görmək üçün xahiş etməmiş, sadəcə Tural həm atasının dostu olduğuna görə, eyni zamanda müharibə iştirakçısı olduğunu nəzərə alaraq Qafarın maddi imkanının zəif olduğunu görüb əsasən bayramlarda Qafar onun yanına gələndə cibinə pul qoymuş, onu hörmətlə qarşılayıb hörmətlə yola salmışdır. Şahid3 də Şahid2 ifadəsində qeyd etdiyi kimi Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayında özünü X2 Xidmətinin ehtiyatda olan generalı kimi təqdim edərək sonuncunu adı çəkilən xidmətə işə düzəldə biləcəyini, bunun müqabilində ilkin olaraq Nübardan 3000 manat, işə qəbul olunduqdan sonra isə 20000 manat civarında pul verməli olduğunu bildirməsindən, 22.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» parkında ilkin olaraq işə qəbul olunmağa görə tələb etdiyi 3000 manat puldan 1500 manatı Nübardan almasından heç bir məlumatı olmamışdır. Qafarın dələduz olmasını bilməmiş, onun kimisə aldadıb pul almasını, kiməsə qarşı dələduzluq etməsini eşitməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı aşağıdakı sübutlar da tədqiq olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 25 yanvar 2021-ci il tarixli qərardan məlum olur ki, X3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2021-ci il tarixli 1(101)-792/2021 saylı qərarı ilə X3 barəsində seçilmiş“polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasından daxil olmuş 01 may 2021-ci il tarixli 17\38-2832 saylı məktubdan məlum olur ki, X6 27 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq 28 aprel 2021-ci il tarixdə Bakı İstinaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13.01.2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hazırda məhkumluğu yoxdur. Cinayət işinin sənədlərinə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 28.07.2020-ci il tarixli və Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 21.08.2020-ci il tarixli qərarları əsasında əməliyya-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş gizli çəkilişin video görüntülərini özündə əks etdirən iki ədəd “CD” disk əlavə olunmuşdur. Təqdim edilmiş disklərə baxış keçirdilən zaman diktorlar arasında danışıqların aparıldığı müəyyən edilmişdir. 12.08.2020-ci il tarixdə çəkilişin aparıldığı görüntülərin əks olunduğu diskdə aşağdakı məzmundan məlum olur ki, X8 İbrahimovu işə düzəltmək üçün Seymur adlı şəxslə və Nübar İbrahimovla danışıqlır aparır. Həmin danışıqların məzmunu aşağıdakılar kimidir.(danışan diktorların səsləri şərti olaraq iş materiallarına uyğun olaraq N (Nübar), S (Seymur) və Q (Qafar) kimi işarələnmişdir. S: salam müəllim, necəsiz?, nə var nə yox?canınız, başınız? Q: salam, nətərsən qızım? S.Neynirsiz? Sizi də narahat elədik. Q: Yo, yo S: Necədi vəziyyət? Nolub? olmasın azar, eşitdim xəstələnmisən, şəkərin? Q: Şəkər məndə var, ay yarımdı müalicədəyəm, pandemiyaya görə də bu şəkər xəstələrini tez tutur, ona görə özümü qoruyuram. Məndə şəkər qalxır, yenir, bir təhər dərmanla idarə edirəm. S: Qospitala müraciət etməmisiniz? Q: yoo, etmişəm, müalicə olunmuşam, indi yaxşıyam S: Neçə olur şəkəriniz? Q: o vaxtı 150-yə qalxmışdı S: İndi bəs? Q: İndi dərmanım var, təzyiq dərmanım var, həm də şəkər dərmanı, normalda saxlayıram S: çox olur təzyiqiniz? Q: 180 zad S: Müəllim ora yəqin açıq olar, oturaq bir stəkan da çay içərdik Q: gedək S: rayonlara yollar açılsaydı gedib bir az da istirəhət edərdiz, hava da təmizdi. Q: hamısını idarə eləmək, yasdardı, zaddardı, ona görə vaxt yoxdu S: Üzr istəyirəm siz əkş kəşfiyyatın generalısınız, yoxsa kəşfiyyatın? Q: Nə isə onu qoyduq bir qırağa S: Mən Nübara görə deyirəm, İnşallah onu hara şey eliyəcik? Q: İndi baxaq da, mən Nübarı danışmışam S: Nübar mənə demişdi ki, Qafar müəllim demişdi ki, görüşək, yəni ilkin olaraq nə qədər ödəniləcək? Q: Mən Nübara bir dəfə demişdim ki, 1500 gətirsin S: 1500 gətirsin, manatla? Q: Hə, manatla, özün bilirsən bir dənə süpürgəçi götürməyə üç min-dörd mindi S: aydın məsələdi Q: Mən çalışaram Nübarı 3000-ə yerləşdirərəm, xətir hörmətinə görə, demişəm arayış gətirsin, demişəm qızım sənə? S: Hə, universitetdən alacaq arayışı Q: Hə, mənə əsas odu S: Birinci gizir kimi gedəcək də yəqin ki? Q: Allah qoysa, kursa gedəjəy, 6 ay oxuyajax S: gizir, Allah qoysa diplomunu da alandan sonra, leytenant? Q: avtomatik hə, Allahın adıyla işə girəndən sonra ona göndəriş verəjəylər ki, bu gediv məktəbə getməlidir, Naxçıvana, ona ordan arayış verədəylər, icazə verəcəylər ki, işdən buraxılması üçün, yəni, belədi quruluş. S: Sənədlərin notarius təsdiqini vermisən əmiyə? N: vermişəm Q: mənə demişdi, dedim saxla özündə, şəkilləri çəkib götürdüm özümə ki, orda göstərim, yo, normaldı sənədləri S: Müəllim, baxma da qız uşağıdı, rayonda işləyəcək? Q: Bakıda işləyəcək S: Bakıda olacaq da? Q: Hə, Bakıda olacaq. S: Hansı rayon olacaq, bilinmir də? Q: Mən yalandan durum nə deyim, o qalır onu bölüşdürməyə, bəlkə Nizamiyə, bəlkə Nərimanova S: Ola bilsin rayona verilsin?, Q: Yo, rayona qoymaram axı getsin. Əgər burda danışıramsa idarə rəhbəri ilə Bakıda saxlatdıracam. S: Mülki formada olacaq, müəllim? Q: Qrajdannı, sonra oxuyandan sonra, 6 ay kursdan sonra, hələ yoxlatdırajam onu, mən yoxe, dövlət, xeylağ çəkəjəy, 1-2 günlük deyil. pulunu verəndən sonra 3 ay çəkəjəy. Yoxlaması gül kimi olmalıdır.. əgər oranı istəyirsinizsə. S: Qafar müəllim bunun elə əvvəldən fikri o olub ki Dövlət Təhlükəsizlik Xidmətində işləsin. Özü elə dedi ki, əmi orda işləyir, filan, mən də dedim hə, lap yaxşı… mən özümə də rahatdı ki, siz ordasız, adıvız var, nüfuzunuz var. Q: o mənim qızımdır, mən ona qızım demişəm..hər adama mən qızım demirəm. O hörməti özü qazanıb S: Təhlükəsizlik Xidməti belədi ki, perspektiv baxımından, özünüz də ordasız, general adamsız, öz yanıvıza lazım olar gətirmək, gətizdirərsiz Q: hələ bir araşdıraq….. lazımdı bunun prestijini quraq, MTN-də işləyən gəlib deməz ki, mən MTNdə işləyirəm, elə deyilmi? S: Düzdü müəllim. Q: Mən məsləhət görürəm ki, orda-burda deməsin. S: bir də müəllim, hansı şöbəsi olacaq? Q: Deyəcəm onu, məni tələsdirmə S: iqtisadiyyat yönümlü, yəqin mühasibatlıqnan bağlı verəcəklər də bunu? Q: Bunun təhsili, oxuduğu məktəb, yəni təhsillə əlaqədar götürürlər, əlbəttə ki ona uyğun olan formasını eliyəjəylər…daha atkaz söhbəti bunda yoxdu, atkaz eləsə get başqa yerdə özünə iş tap. S: Buna nə minus şey eliyə bilərlər, müəllim, lap siz orda tapşırsazda ona nə priçina edə bilərlər atkaza? Q: yo, bunun minusu yoxdu. Tutulanı varsa? S: Yo, həbsdə olanı yoxdu. Q: Tutulanı yoxdusa, hər şeyi normaldısa, təmizdirsə, vsyo da, qurtardı getdi. Orda boy fərqi yoxdu….Tural müəllim, xanım onun yanında işləyir, dostumdu, mən Turala da onun işə düzəlməsi haqqında demişəm, bilgi vermişəm, mən onsuz da soruşuram, tural da dedi ki, yaxşı kadrdı. Müəllim, pul qazanmaq asandı, insaniyyətiyi qazanmaq çox çətindi. S: Dil biliyini soruşacaqlar bunun, müəllim? Q: Hə, mütləq, sən hansı dilləri bilirsən? N: Təzə başlayıram öyrənməyə ingilis dilini Q: İngilis dilini öyrən, qabaqda sənin müddətin var, başla öyrənməyə, səni yoxluyajaxlar…. S: Bir də Qafar müəllim, gözündən bir dəfə əməliyyat olub, onu əvvəlcədən deyim Q: Poliklinikadan keçəjəy, aydın məsələdi, düşərsən qabağa, bir arayış alıb gələrsən S: Arayışı alacam, xidmətin özündə yoxlansa? Q: Xidmət əsasən poliklinikaya göndərir, ordan arayış alır…… S: Müəllim, proverkanın vaxtı nə qədər olur təxminən, nə qədər çəkir ? Q: 3 ay S: Yəni, novıy qoda kimi İnşallah əmri verilər də yəqin? Q: İnşallah, hə novıy qoda kimi işləyəjəy. Amma bunu da biraz skrıtnı saxla….. S: İndi cənab general, 1500ü sənədlə bir yerdə verildi, qalanını da yəqin bir 10 günə düz qoş edib verərik də, bir də onnan sonra nə qədər olacaq təxminən? Q: Netək? S: Bax keçən dəfə dediz ki, 3000-3500 civarında olacaq da? Q: Hə olacaq, o yüngül xərclər üçün olacaq S: Əlavə nə sənədlər lazım oacaq, müəllim, dediyiniz sənədlərdən başqa? Q: elə onları versin mənə, Allahın adıyla proverkadan keçsin, nə olsa, əlavə nə sənəd lazım olsa, çağırıb, telefonu var məndə, zəng eliib deyəjəm ki, qızım bu sənəd lazımdı, gücün çatmır, mən gedib tapıb gətirəjəm. S: Bir də müəllim, CV-də bunun əlaqə nömrələri var, ola bilər buna zəng olunsun? Q: Ola bilər. S: Zəng edib nə soruşa bilərlər? çaşıb qalmasın.. Q: yo, niyə çaşıb qalsın ki, kadrdı, yoxlama gedir, dövlətdə 100 dənə sual ola bilər. S: Siz indi o işin içindəsiz, məsələn, təxminən nə suallar verilə bilər? Q: Atan kimdi? harda işləyir? Dövlətdə qulluğ eliyənin var, yoxsa yox? Xəstən var, yoxsa yox? S: O məlumatları dəqiqləşdirə bilərlər də? Q: Hə, mütləq, hamısı çotku olmalıdır… hamısını səndən bir-bir soruşa bilərlər. Dövlətdə var işləyənin? N: Qohumlardan, mamanın bibisioğlu MAXE işləyir hərbidə Q: Mama harda işləyir N:Mama indi oteldə işləyir, menecerdi, yəni, dövlət işi deyil. Q: Dövlət işində sizdə kim var? N: Dövlət işində mamanın bibisi qızı var idi, Fövqəladədə işləyir, elə onlar bacı-qardaşdılar, qardaşı MAXE işləyir, bacısı da Fövqəladədə işləyir. Digər, indi yadıma düşdükcə deyərəm. Q: Atan bəs? N: Ata indi işləmir, günəmuzd fəhlə işləyir. Q: Olsun, nə dəxli var. N: yəni, rəsmi iş yeri yoxdu. Q: Qardışn, bacın? N: Bacım indi traveldədi, turizm şirkətində, travelnən məşğuldurlar, İstanbul universitetində 4-cü kursdu. Qardaşım da 8-ci sinif tələbəsidi, onların hamısını tərcümeyi halda qeyd eləmişəm Q: Bunların hamısını səndən yenidən soruşa bilərlər. S: Əsas odur həbsdə olanı yoxdu, əsirlikdə olanı yoxdu, itkin düşən yoxdu. Mənim üçün əsas öz ixtisasına uyğun, mühasibatlığa, iqtisadi şöbəsinə düzəlsə yaxşı olardı. Müəllim orda da Sizin adınız yazılandan sonra da hər yerdə yaşıl işıq olar Q: Müəllim artıq söhbət eləmə S: Hə, baş üstə, müəllim, sənədlə biryerdə o əmanəti nə vaxt çatdıraq Q: Nə vaxt vaxtınız olsa onda S: Bu gün neçənci gündü? Təxminən 1 həftəyə görüşərik Q: Konkret olsun ki, mən işimi bilim S: Müəllim, imtahana gedəndə necədi? bunun sessiyaları olacaq Q: Sessiyaya gedəndə arayış verəcəklər….. S: Müəllim orda əmək haqqı nə qədər olur Q: Müəllim, 600-650, bax belə dövlət maaşı.. S: 600-650 manatı gizir alır da orda? Q: Hə, alır. 500-400 baxır da işin funksiyasına S: İş vaxtı yəqin 9-dan 6-ya kimidir də Q: Bəli, ola bilsin simennən oldu. S: Naryad saxlayırlar? Q: ola bilər, biz deyəmmərik, ola bilər, amma bunu saxlaya bilməzlər, çünki bunun diplomu iqtisadiyyatla bağlıdır, bunu yəqin mülki qaydada qoyacaqlar işə S: Diplomun təsdiqidi notarial, şəxsiyyət vəsiqəsinin təsdiqidi notarial Q: Bəli S: Şəkildi, müəllim demişdi Q: Yaşayış yerindən arayış, 3 X 4 və 4 x 8 şəkil, hərəsindən 3 ədəd, özünə dela düzəltsin. Sessiyandan qalma, yoxlaya bilərlər. N: Sessiyaya gedəndə müəllimə xəbər verərsən… S: oldu müəllim, yəqin ki, 1 həftəyə görüşərik, yaxşı cənab general, görüşərik, sağolun Q: Sağolun 22.08.2020-ci il tarixdə çəkilişin aparıldığı görüntülərin əks olunduğu diskdə aşağdakı məzmunda danışıqların olması müəyyən edildi. (danışan diktorların səsləri şərti olaraq iş materiallarına uyğun olaraq N (Nübar), S (Seymur) və Q (Qafar) kimi işarələnmişdir) “2020-08-22_13-46-37_part02» 22.08.2020-ci il, 15:34, 1048776kb S: salam, necəsiniz? Q: Saalam yaxşıyam. Burda bir yerdə oturaq da S: Hə, oturaq çay içək N: Neynirsiz əmi, başqa nə var nə yox? Q: Sağlıqdı , görmürsən? Rəngim, ruhum nə gündədi? Sən necəsən? Kukla balam, gözəlləşmisən, səni mən çox istəyirəm. N: Allah canıvızı sağ eləsin, sağ olun, var olun Q: Xəstəlik imkan verir ki, başımız açılsın. Özümün də böyük işlərim var hamısı qalıb ortada. N: Başqa nə var nə yox əmi? Q: Hər şey əladı. Siz nətərsiz məllim? S: Sağolun məllim. Səhhətiniz necədi Q: Biraz babatam, dərmanla yaşayıram. S: Allah kömək olsun Q: Bəlkə səni sosiala düzəldim, nə görmüsəne bu KQB-də, ay sənə qurban olum? Səni çörəkli yerlərə buraxım da get işlə orda, biraz da pul qazanan da denə ay dədə hardasan…Səni bir yaxşı yerə qoyum, çörəkli yer olsun, sabah ev alacaqsan, eşik alacaqsan, qız uşağısan, gələcəyini elə qurmusan ki, sabah yoldaşın getdi qıçı sındı, Allah uzaq eləsin, yanı bunu da düşünmək lazımdı. Mən sənə pis yol görsətmərəm. Səni elə yerə ilişdirəjəm ki, deyəjəm mənim də arxam var. N: Görək də İnşallah yaxşı olar. İstəyirəm ki, əsas ixtisasıma uyğun iş olsun. Q: Səni qoyajam buxalteriyaya, ya da kadrlara, bəsindi? N: Həmən yerdə? Q: İndi baxajam, ya buxalteriyaya, həmən yerdə, ya da ki, kadrlara, sən kadrlara yarıyırsan. Özüm seçim eliyəjəm, narahat olma, o mənim əlimdədi. Görüm sənə hansı uyğundursa gələcəyin üçün….. S: O sənədləri düzəldibdir, baxdı əmi? N: yo göstərim..(içində sənədlər olan qovluğu Qafara uzadır) baxın sənədlər hazırdı (Qafar sənədləri götürüb tanış olur) S: Notarius təsdiqinnəndi hamısı Q: Baxacam, mən dokument götürəndə hamısını bir-bir yoxlayıram, çünki onu mən təqdim edirəm. Sənədlərə baxa-baxa «fəxri Fərmanın durur qızım sənin?» sualını verir N: Var, kopyasını gətirərəm Q: Gətir. Hər bir sözdə bir detal var, yazmısansa onu gətir. İxtisasın qəşəngdi. Sənədlərə baxa-baxa növbəti dəfə «yaşayış yerindən arayış gətirə bilərsən qızım?» sulanı verir. N: yaxşı Q: Bu sənədlərə kimsə baxacaq, amma mənim özüm də baxmalıyam. N: Bir də əmi 1500-ü hazır elədim Qeyd: Çəkilişin 21:02-ci dəqiqəsində Nübar çantasında pul çıxardıb «bir də əmi 1500-ü hazır elədim» deyib stolun üstündə olan qovluğun arasına qoyur, Qafar da 100 və 50 manatlıq əskinaslardan ibarət olan pulu qovluğun arasından götürüb saymağa başlayır, sayıb qurtarandan sonra «düzdü» deyib pulu cibinə qoyur. N: İndiə əmi, elə bil ki, mənim yoxlamam oldu, özünüz də gördüz də sənədlərim hamısı yaxşıdır Q: Mən bildim yaxşıdır, o birsi də bilsin yaxşıdır N: Siz keçən dəfə dediz ki, ola bilsin 15000-20000ə qədər gəlib çıxacaq, siz bizə dəqiq summanı deyin mümkünsə, biz əlimizdə olanı dağıtmayaq Q: Səbr ol da S: Müəllim, məsələn 50000-80000 olsa bizim gücümüz çatmayacaq Q: Elə qiymət, yo, icra başçısı getmirki S: Keçən dəfə də dediz ki, 20000 civarında olacaq, nə qədər olar təxminən Q: İcazə ver bu delonu çatdırım o yoldaşa, məsləhətləşim, sonra deyim S: Biz gücümüzü bilək də, müəllim N: atam da dedi ki, müəllim konkret desin, işimizi bilək S: Siz keçən dəfə dediz ki, şəhərin rayonlarından asılı olaraq 15000-20000 manat arası dəyişir. Q: ola bilər demişəm, bu delonu aparım göstərim, sonra dəqiq deyərəm S: Təhlükəsizlik Nazirliyində o qədər qurumlar var ki, elə idarə olsun ki, ixtisasına uyğun olsun, iqtisadiyyat Q: Dedim də mən də özünə, kadrlardı, ya da buxalteriya, bəsidi S: Müəllim pul məsələsini necə edəcik Q: 6 ay tamam olandan sonra onu birbaşa göndərəcəklər kursa, təlim keçməyə, ondan sonra onun zvaniya məsələsini danışacam. S: Yəqin ki, hələ gizir verərlər? Q: Ay ölənlərinə rəhmət, bəli, 2-ci kursdan sonra leytenant məsələsini danışacam. Qalan əmanəti də dəqiq deyəcəm. İngilis dilini nətəri bilirsən, səni aparacam qəbula N: Kursların açılmağını gözləyirəm, kurslar bağlıdı Q: Sənə ev adamı kimi baxıram, ona görə narahat olma, yəqin ki, mənim haqqımda da məlumatın çox yüksəkdi, izləyirsən, kimlər var ətrafımda onları da görürsən, statusumda da görürsən, hamısı mənim arxam, hamısı mənim ürəyim, hamısına da köməklik eləmişəm. Əsas odur ki, sən biraz xarici dilnən məşğul ol. N: Birinci İngilisnən başlayacam Q: Hə başla, ingilis və rus dilini ver mənə bəsdi, aparıb bu delonu qoyajam 1-2 adamın qabağına baxajaxlar, sual-cavab birinci mənimlədi, soruşacaqlar, nəyi bilir, hansı dili bilir, mən onda susmayım. Get maraqlan evdə hazırlayırlar, elə çətin də deyil, onları sən bülbül kimi öt, dövlətdən qəbul şeyləri var, əmindən məsləhət al, adam gəlir onu necə qəbul etməlisən, adam xaricdən gəlib, onu necə qarşılamalısan, yola vermlisən, sən o dili öyrən S: Müəllim təxminən nə qədər müddət çəkər Q: 3 ay proverka, proverkadan sonra S: Müəllim ola bilər rayonlara verərlərn Q: Mən qoymaram, mənə burda lazımdı. S: Birinci gizir verəcək, 2-ci kursdan sonra da leytenant Q: Allahın adıyla S: Müəllim qalan summanı da nə vaxt desəz həll edərik. “2020-08-22_13-46-37_part03» 22.08.2020-ci il, 15:35, 866842 kb Q: Tural mənim yaxın dostumdur, onun rəhmətlik atası mənim yaxın dostum olub, pulum qurtaranda gəlib ondan pul götürürəm, hər ev satılanda mənim orda payım var. Səni soruşmuşam Turaldan, səi mən özüm praverka eliyirəm, səni o boyda idarəyə aparıram…… Sizə də nə lazım olsa köməklik edə bilərəm. Bu uşaqdan da narahatlığa əsas yoxduəsas dediklərimi mənə gətirsin, bəsdi. Oxusun, kompyuteri də qabağınqa qoysun maraqlansın……. S: Çalışacaq narahat olmayın. Q: Qabaqda hələ vaxt var, işini çox adama demə, səndən elə danos yazarlar ki, vaxtın çatmamış işini atarlar zibilliyə, onu da deyim sənə, bəri başdan deyirəm sənə qızım, elə adam var ki, gözü götürmür, heç kimə demə. Başqa nə sualınız varsa? S: heçnə əsas odur ki, əlavə nə olacaqsa deyin? Q: Deyəcəm, Ağsaqqalın odursa o qardaşa deyəcəm……İşini bizdən başqa 3-4 nəfər bilsə işin alınmayacaq, bəri başdan deyirəm. N: Narahat olmayın əmi, elə ilk gündən məni sən təlimatlandırmısan. Q: Sən öyrən gör Qafar Nuriyev kimdi, ortada olan adamam mən N: Allah köməyiniz olsun.. Q: Allah can sağlığı versin, yaxşı olacaq hər şey, vecinə də alma, sənin mənim kimi əmin var, belə ziyalı əmin var, nə lazımdırsa köməklik edəcəm. S: Onda əmiylə əlaqələriniz var da Q: var hamısı, mənim nömrə də var da sizdə, «211» də var, bir də ***-***-**-** mənim votsapımdı, vermişəm sizə? S: Var, əmiylə əlaqə saxlayarsan Q: O «211» məndə 7-8 ilin nömrəsidi, o nömrəni mənə dövlətdən veriblər S: Xidməti nömrədi də? Q: Hə də ay sağol, mənə icazə verirsiz mən yavaş-yavaş gedim? N: buyurun S: buyurun Q: Sağolun, kursa gedən kimi mənə de, çünki sən hazır ol ki, qəbula mən səni salım 22.01.2021-ci il tarixli qərarla gizli çəkilişin video görüntülərini özündə əks etdirən iki ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. X3 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, X5 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,178.2.4-cü maddəsi ilə cəzasının həddi CM-nin 178.2.4-cü maddəsinin sanksiyasının yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələrinə əsasən X3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin ümumi rejimi cəzaçəkmə müəssisələrində cəzaçəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 29,178.2.4-cü maddəsinin sanksiyasında əlavə cəza kimi müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-nin 46-cı maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə X3 törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəliliyini, şəxsiyyətini nəzərə alıb, onun dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərək barəsində dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrumetmə növündə əlavə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 əmlak müsadirəsi tətbiq oluna bilməz. İş üzrə ekspertiza xərci, üzərinə həbs qoyulmuş əmlak yoxdur. X3 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. X3 cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan – 27 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan əməliyya-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş gizli çəkilişin video görüntülərini özündə əks etdirən iki ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən X5 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi isə 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: X6 Azərbaycan Respublikası CM-nin 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 29, 178.2.4-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı birləşdirmək yolu ilə X5 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X3 cəzanın əvvəli 27 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Məhkəmədə təqsirləndirilən X5 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi isə 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan əməliyya-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş gizli çəkilişin video görüntülərini özündə əks etdirən iki ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-792/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-792/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver