Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-792/2022 26.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncudan istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,839 qram, 2,292 qram, ümumi təmiz çəkisi 6,131 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda - 01 ədəd bükümdə təmiz çəkisi 19,472 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutu kəsiklərində 10 ədəd açıq-qəhvəyi rəngli «F/M 40» göstəricili, dərman həblərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,400 qram olan narkotik vasitə olan metadonu əldə edib, həmin heroinin bir bükümünü, metamfetamini və metadon həblərini sellofan torbada əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibində, heroinin digər bükümünü əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki pul qabının içində saxlamaqla daşımış, 25 oktyabr 2021-ci il tarixdə saat 08:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 17 ünvanın yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibindən sellofan torbanın içindən 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 3,839 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 19,472 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutu kəsiklərində 10 ədəd açıq-qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həblərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,400 qram olan narkotik vasitə olan metadon, əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki pul qabının içindən isə 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 2,292 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 25 oktyabr 2021-ci il tarixdə saat 08:20 radələrində ünvan 2 ünvanının qarşısında piyada gəzərkən mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları onu Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparmışlar. Polis Bölməsində otaqların birində həmin polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, o da üzərində hər hansı bir narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin polis əməkdaşları üzərindən heç bir qanunsuz əşya tapmamışlar. Daha sonra polis əməkdaşları özlərində olan narkotik vasitəni masanın üzərinə qoymuş və sözü gedən narkotik vasitələri götürüb cibinə qoymağını tələb etmişlər. İlkin olaraq onların tələbi ilə razılaşmamışdır. Bundan sonra adlarını bilmədiyi polis əməkdaşları ona psixoloji və fiziki təzyiq göstərməyə başlamışlar. Belə təsir və təzyiqlərdən sonra məcbur qalıb onların təkliflərini qəbul etmiş və masanın üzərində olan bükülüləri cibinə qoymuşdur. Sonra qabaqcadan danışılmış şəkildə çəkiliş aparılmış, guya məlum maddələrin onun üzərindən aşkar edilməsi barədə sənədləşmələr aparılmış, polis əməkdaşlarının dediyi kimi izahat tərtib olunaraq ona imzaladılmışdır. Halbuki, ittiham olunduğu cinayətə heç bir aidiyyəti yoxdur. Sonradan şübhəli şəxs qismində verdiyi ifadədən başlayaraq bütün sonrakı mərhələdə də narkotik vasitənin və üstündən aşkarlanmış kimi sənədləşdirilmiş digər maddələrin ona heç bir aidiyyəti olmaması, bu maddələrin polis tərəfindən ona təzyiq və təsir göstərilməklə üzərinə zorla qoyulmaqla sənədləşdirilməsi barədə ifadələr vermişdir. O, uzun müddət peşəkar idmanla məşğul olmuş, sərbəst güləş növündə dövləti müxtəlif yarışlarda təmsil etmiş, həm beynəlxalq səviyyəli, həm də respublikadaxili yarışlarda qələbələr qazanmışdır. Son dövrlərdə isə özü məşq zalı açıb peşəkar idmançı olaraq müəllim kimi uşaqlarla məşğul olmağa başlamışdır. Heç vaxt narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Başına gələn bu hadisənin isə yeganə səbəbi odur ki, onun şərlənməsi məsələsindən bir müddət əvvəl Biləcəri qəsəbəsi ərazisində yaxın dostunun tərəfindən bir dava-dalaşda iştirak etmişdir. Bununla da polis işçilərinin nəzər dairəsinə düşmüş və onun barəsində polisdə yanlış fikir formalaşdırılmışdır. O, heç vaxt cinayətkar aləmə maraq göstərməmiş, hansısa kriminal araşdırmalarda iştirak etməmişdir. Yalnız dostunu bir dəfə dava-dalaşda müdafiə etmişdir. Həmin davada olmuş dostunu da polis eyni qaydada üzərinə narkotik qoymaqla tutmuşdur və hazırda o da bildiyinə görə həbsdədir. Ona görə də bütün bu halların nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və polis baş leytenantı Şahid3 ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 25 oktyabr 2021-ci il tarixdə saat 08:00 radələrində ünvan 3 ünvanına gəlmişlər. 25 oktyabr 2021-ci il tarixdə saat 08:20 radələrində həmin ünvanın qarşısında olan zaman orada xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq onu saxlamışlar. Onu ərazi aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə dəvət etmişlər. Orada Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Nəcəf Aburşu ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmiş, daha sonra həmin vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuş, sonuncu da əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibindəki sellofan torbanın içindən 1 ədəd açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, 1 ədəd bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 10 ədəd metadon həbinə bənzər, əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki pul qabının içindən 1 ədəd açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlələri və həmin şalvarın sol yan cibindən 1 ədəd “Realme” markalı mobil telefonu təqdim etmişdir. Həmin pul qabının içindən 10 manat pul, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və bank kartı aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Aşkar olunmuş narkotik maddəyə bənzər kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmış və götürülmüşdü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və bank kartı götürülmüş, 10 manat pul, pul qabı və sellofan torba isə sonuncuya geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə şəxsi istifadəsi üçün əldə etdiyini səmimi etiraf etmiş, narkotik maddələrin satışını təşkil etmədiyini, polis əməkdaşları tərəfindən şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ətrafındakı şəxslərə, o cümlədən yeniyetmələrə narkotik vasitələr verməsi, üstündən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni də məhz satış məqsədi ilə əldə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibindəki sellofan torbanın içindən 1 ədəd açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, 1 ədəd bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 10 ədəd metadon həbinə bənzər, əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki pul qabının içindən 1 ədəd açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlələri və həmin şalvarın sol yan cibindən 1 ədəd “Realme” markalı mobil telefonu təqdim etmişdir. Həmin pul qabının içindən isə 10 manat pul, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və bank kartı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Daha sonra narkotik vasitəyə bənzər kütlələr qablaşdırılmış, şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və bank kartı götürülmüş, 10 manat pul, pul qabı və sellofan torba sonuncuya geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin vasitəsilə şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışını təşkil etmədiyini, polis əməkdaşları tərəfindən şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Həmin prosessual hərəkət zamanı videoçəkiliş aparılaraq protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 29-31 ) Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 79-81, 82-84 ). Məhkəmə-kimyəvi ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 6/4737 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,839 qr., 2,292 qr., ümumi təmiz çəkisi 6,131 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 19,472 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 10 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiklərində 10 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,400 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 6,031 qram, metamfetaminin qalıq çəkisi 19,422 qram, metadon həblərinin qalığı 9 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 37-45). Ambulator məhkəmə psixiatrik ekspertizasının 10 yanvar 2022-ci il tarixli 24 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 153-156). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 yanvar 2022-ci il tarixli 227 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 165-166) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 130-131). Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş 026 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs sərbəst güləş üzrə Azərbaycan Respublikasının idman ustası adı verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş çoxsaylı dipolom və fərmanların surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs uzun müddət ərzində idmanın sərbəst güləş növü ilə məşğul olmuş, müxtəlif beynəlxalq və yerli səviyyəli turnirlərdə birincilik qazanmış, habelə mükafata layiq digər yerlər tutmuşdur. Təqsirləndirilən şəxs ilə birlikdə cinayət törətmiş İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsi müəyyən etmək mümkün olmadığından ibtidai istintaq orqanının 15 fevral 2022-ci il tarixli qərarı ilə həmin şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 187-188). İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Təqsirləndirilən şəxs bildirdiyi hallar müstəntiqin 15 fevral 2022-ci il tarixli qərarı ilə özünü müdafiə xarakterli olması kimi qiymətləndirilərək rədd edilmişdir. Məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxsin bu barədə bildirdiklərinin qanunla nəzərdə tutulmuş qaydada araşdırılaraq hüquqi qiymət verilməsi üçün onun işgəncəyə məruz qalması ilə bağlı bildirilən hallar barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq araşdırma aparılması üçün məhkəmə tərəfindən müraciət edilmişdir. Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən bununla bağlı müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 may 2022-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X3 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, Azərbaycan Respublikasının idman ustası adını daşımasını, peşəkar idmanla məşğul olaraq sərbəst güləş növündə müxtəlif beynəlxalq və yerli səviyyəli turnirlərdə birincilik qazanmasını, habelə mükafata layiq digər yerlər tutmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 104-107). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,031 qram təşkil edən heroin, qalıq çəkisi 19,422 qram təşkil edən metamfetamin və 09 ədəd metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 141 (bir yüz qırx bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38, 150, 225). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,031 qram təşkil edən heroin, qalıq çəkisi 19,422 qram təşkil edən metamfetamin və qalıq 09 ədəd metadon həbləri məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 141 (bir yüz qırx bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-792/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-792/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver