Məhkəmə qərarları › İş №1(101)-793/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-793/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-793/2021 18.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X6 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, x xxx 1988-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda 4,376 qram çəkidə narkotik vasitə olan heroini və 0,647 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxxx 2020-ci il tarixdə saat 22:15-də Respublika ərazisində elan olunmuş komendant saatı ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə Y.Səfərov küçələrinin kəsişməsində qurulmuş stasionar postda özünü şübhəli apardığı üçün saxlanılıb ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibində olan qara rəngli dəmir qutunun içərisindən 10 ədəd bükümdə (9 ədəd gümüşü və 1 ədəd ağ rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 0,406 qram, 0,448 qram, 0,416 qram, 0,435 qram, 0,605 qram, 0,49 qram, 0,766 qram, 0,28 qram, 0,46 qram, 0,07 qram, ümumi təmiz çəkisi 4,376 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 6 ədəd qəhvəyi rəngli bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,2 qram, 0,08 qram, 0,062 qram, 0,072 qram, 0,053 qram, 0,18 qram, ümumi təmiz çəkisi 0,647 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, x xxxxxxx 2020-ci il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında Mərhəmət adlı şəxsdən “Saipa” markalı **-PG-*** dövlət nömrə nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Əsasən Cəlilabad-Bakı şəhəri və əks istiqamətdə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitəni əsasən Biləsuvar rayonunda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxaraq Biləsuvar rayonuna getmiş və İran İslam Respublikası ilə sərhəd buraxılış məntəqəsinin yaxınlığında İran vətəndaşı Fərəməz adlı şəxsdən 5 qram narkotik vasitə olan heroin və 2 qram psixotrop maddə olan metamfetamini 150 manata alıb oradan uzaqlaşmışdır. Heroin 10 ədəd bükümdə, metamfetamin isə 6 ədəd bükümdə olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə tanımadığı şəxsləri Cəlilabad şəhərindən Bakı şəhərinə gətirmişdir. Cəlilabad şəhərinə qayıtmamağa qərar vermiş və Bakı şəhərində qalıb taksi fəaliyyətini davam etdirərək pul qazanmaq barədə düşünmüşdür. Gecələməyə yeri olmadığı üçün avtomobildə yatmağı planlaşdırmışdır. Həmin heroin və metamfetaminin bir hissəsindən istifadə etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 22:15-də ölkə ərazisində elan olunmuş komendant saatı ilə əlaqədar olaraq Nobel prospekti ilə Y.Səfərov küçələrinin kəsişməsində qurulmuş stasionar postda hər bir şəxsi olduğu kimi onu da saxlamışlar. Özünü şübhəli aparmağı polis əməkdaşlarının diqqətini çəkdiyi üçün polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. O, çıxış yolu olmadığını dərk edərək səs-küy salmadan polis əməkdaşları ilə birlikdə 37-ci PŞ-nə getmişdir. Təxminən bir neçə dəqiqədən sonra şöbəyə vəkil dəvət olunaraq otaqların birində videoçəkiliş ilə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. O da etiraz etməmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmadığını soruşub ona üzərindəki əşyaları çıxarıb masanın üstünə qoymaq təklif etmişlər. O da artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk edərək əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən qara rəngli dəmir qutunu çıxartmışdır. Həmin qutunun içərisini açdıqdan sonra siqaretin gümüşü kağızına bükülmüş bükümləri görən polis əməkdaşları həmin bükümlərin nə olduğunu soruşduqda həmin bükümlərdə heroin və metamfetamin olduğunu bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, həmin bükümlər qablaşdırılaraq möhürlənmiş, iştirakçılar və o, protokolun düzgünlüyünü imzalamışlar. Baxış zamanı üzərindən heroin və metamfetamin aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir. Üzərindən aşkar olunmuş heroin və metamfetamini yalnız öz istifadəsi üçün almışdır. Əvvəllər də heroin və metamfetamindən istifadə etmişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı olan Fərəməz adlı şəxsdən almışdır. Üzərinə baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Həmin bükümləri 2 ay istifadə etmək istəmişdir. Polis əməkdaşlarından qorxduğu üçün hər dəfə 2-3 ay istifadə etmək üçün bükümlər şəklində heroin və metamfetamin almış, həmin maddələri alarkən ucuz olduğundan çoxlu büküm almışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ölkə ərazisində komendant saatının elan olunması ilə bağlı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə Y.Səfərov küçələrinin kəsişməsində qurulmuş stasionar postda saxlanılıb idarə etdiyi avtomobillə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək barəsində araşdırma aparılması üçün təhqiqatçı Budaq Budaqlıya təhvil verilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onun, 37-ci PŞ-in əməliyyat müvəkkili Şahid3 və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə o, əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən çıxartdığı qara rəngli dəmir qabın içərisindən 9 ədəd gümüşü, 1 ədəd ağ rəngli və 6 ədəd qəhvəyi bükümləri çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğunu soruşduqda o, 9 ədəd gümüşü və 1 ədəd ağ rəngli kağızda olan bükümlərin içərisində narkotik vasitə olan heroin, 6 ədəd qəhvəyi rəngli bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri xx xxxxxxx 2020-ci il tarixdə Biləsuvar rayonunda tanımadığı şəxsdən 150 manat pul verib aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri satış məqsədilə üzərində saxlaması və daşıması barədə onlarda məlumat olmamışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxslə rəsmi nikahlarından 2 azyaşlı övladları olmuşdur. Elvinlə birlikdə Cəlilabad şəhərində yaşamışlar. Elvin taksi fəaliyyəti ilə məşğul olmuş və buna görə də teztez Bakı şəhərinə gedib gəlmişdir. Elvin bəzi vaxtlarda Bakı şəhərində müştəri gözlədiyindən Bakıda qalacağını demişdir. Elvinin narkotik maddə qəbul etdiyini tutulduqdan sonra bilmişdir. Lakin son bir həftə ərzində Elvinin hərəkətlərindən şübhələnmiş, Elvin kefsiz və əsəbi olmuşdur. Belə ki, Elvin ona canının ağrıdığını, əsəblərinin pozulduğunu demişdir. Elvin ayaqyoluna gedəndə çox gec çıxmışdır. Hətta uzun müddət ayaqyolunda qalması evdəkilərin də diqqətini cəlb etmişdir. Elvin ayaqyolundan çıxdıqdan sonra bədəni sakitləşərək kefi açılmışdır. Son zamanlar Elvinin gözlərində tez-tez qızartı görmüş, Elvin gecələr yatarkən ayaqlarını qucaqlayıb yatmışdır. Elvin Bakıda olarkən sonuncu dəfə onunla xx xxxxxxx 2020-ci il tarixdə telefonla əlaqə saxlamışdır. Bundan sonra dəfələrlə Elvinə zəng etsə də, onun telefonuna zəng çatmamışdır. Növbəti gün günorta saat 2 radələrində Elvin onunla əlaqə saxlayaraq polis əməkdaşları tərəfindən saxlanıldığını və üzərindən narkotik maddə aşkar olunduğunu deyərək atasına xəbər verməyini istəmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 və Şahid5 ibtidai araşdırma orqanına verdikləri ifadələrdən görünür ki, onlar Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 157-160). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 6/2291 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Piriyev...” sözləri olan zərfdəki 10 ədəd bükümdə (9 ədəd gümüşü və 1 ədəd ağ rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 0,406 qram, 0,448 qram, 0,416 qram, 0,435 qram, 0,605 qram, 0,49 qram, 0,766 qram, 0,28 qram, 0,46 qram, 0,07 qram, ümumi təmiz çəkisi 4,376 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 6 ədəd qəhvəyi rəngli bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,2 qram, 0,08 qram, 0,062 qram, 0,072 qram, 0,053 qram, 0,18 qram, ümumi təmiz çəkisi 0,647 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir (Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,647 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 0,527 qram. Heroinin ümumi təmiz çəkisi 4,376 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 4,276 qram, cild 1, iş vərəqə 40-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 x xxxxxx 2020-ci il tarixli 3142 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 162-163). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən təqsirləndirilən şəxsin üzərindən 9 ədəd gümüşü və 1 ağ rəngli kağız bükümdə ümumilikdə 4,376 qram çəkidə psixotrop maddə olan metamfetaminin və 6 ədəd qəhvəyi rəngli bükümdə ümumi təmiz çəkisi 0,647 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 74-76). İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs külli miqdarda 4,376 qram çəkidə narkotik vasitə olan heroini və 0,647 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibində olan qara rəngli dəmir qutunun içərisindən 10 ədəd bükümdə (9 ədəd gümüşü və 1 ədəd ağ rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 0,406 qram, 0,448 qram, 0,416 qram, 0,435 qram, 0,605 qram, 0,49 qram, 0,766 qram, 0,28 qram, 0,46 qram, 0,07 qram, ümumi təmiz çəkisi 4,376 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 6 ədəd qəhvəyi rəngli bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,2 qram, 0,08 qram, 0,062 qram, 0,072 qram, 0,053 qram, 0,18 qram ümumi təmiz çəkisi 0,647 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri və məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Cinayət işinin materiallarında olan “nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ağ rəngli “Saipa” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomaşının saxlanc yerində və salonunda qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 34-37). Cinayət işinin materiallarında olan “axtarış aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış zamanı qanunla qadağan edilmiş əşya və ya predmet əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 119-124). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə baxış keçirilərkən təqsirləndirilən şəxsin narkotik vasitə və ya psixotrop maddələrin satışını təsdiq edən hallar aşkar edilməmişdir (cild 1, iş vərəqə 145-150). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli, 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə bu halı da nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin onun şəxsi istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin 4,376 qram çəkidə və 10 ədəd bükümdə olması, psixotrop maddə olan metamfetaminin 0,647 qram çəkidə və 6 ədəd bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də, işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 103). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2 azyaşlı uşağı var (cild 1, iş vərəqə 135-138). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etməklə yanaşı onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 84-86). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,276 qram narkotik vasitə olan heroin və 0,527 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, 1 ədəd DVD və 2 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197,198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,276 qram narkotik vasitə olan heroin və 0,527 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, 1 ədəd DVD və 2 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar