Məhkəmə qərarları › İş №1(101)-794/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-794/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-794/2022 01.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1983-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, məhkumluğu olmayan, Şabran şəhəri, X6 küçəsi, ev 15, mənzil 3-də qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdə saat 01 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən Bakı Hovsan Beynəlxalq Dəniz Ticarəti limanında yan almış “Amur 2528” adlı yük gəmisində motorçu kimi işləyən Zərərçəkmiş şəxs ilə sonuncunun otağında bir qədər spirtli içki qəbul etdikdən sonra, söhbət zamanı Zərərçəkmiş şəxs “Şabran rayonuna xanımla görüşmək üçün getmişdim” ifadəsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisədən sonra Soltan Ələkbərov öz otağına qayıtmış, az sonra Zərərçəkmiş şəxs Soltan Ələkbərovun otağının qapısını döyərək, təkidlə aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün onu söhbətə dəvət etmiş, S.Ələkbərov gəmi heyətinin onların mübahisəsindən narahat olacağını əsas gətirsə də Zərərçəkmiş şəxs təkidindən sonra söhbət etmək üçün mübahisənin davamında aralarında yaranmış münaqişə zamanı gəminin burun hissəsinə getmiş və öncədən üzərində götürdüyü mətbəx bıçağı ilə üç dəfə Zərərçəkmiş şəxs bədəninin bel və kürək nahiyyəsinə qəsdən vurmaqla sonuncunu yerə yıxmış, nəticədə ona boyun nahiyyəsinin cızığı, boyun nahiyyəsinin, sol dirsək oynağı nahiyyəsinin, sağ və sol baldır nahiyyələrinin sıyrıqları dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan xəsarətlər, döş qəfəsinin sol yarısının arxa səthinin (Vİİİ qabırğaarası sahə səviyyəsində olan) daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya və döş qəfəsinin sol yarısının arxa səthinin (Vİİ qabırğaarası sahə səviyyəsində olan) sol plevra boşluğuna nüfuz edərək hemopnevmatoraksla müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyyəsinin sol yarısının qarın boşluğuna nüfuz edərək arxa parietal peritonun və sol qalça-bel əzələsinin zədələnməsi ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o “Amur 2528” adlı gəmidə matros vəzifəsində işləyirdi. Elçin də həmin gəmidə işləyirdi. 18 noyabr 2021-ci il tarixdə Elçinlə onun otağında yeyib-içirdilər. Söhbət zamanı Elçin ona Şabran şəhərinə qızla görüşməyə getdiyini bildirəndə, o Elçinin ciddi niyyət ilə Şabrana getmədiyini başa düşüb ona məsləhət gördü ki, Şabrana gedəndə nəsə problemi olarsa, onunla əlaqə saxlasın və ümumiyyətlə getməməyini məsləhət görəndə, Elçin ona dedi ki, istədiyi yerə girib çıxar, ona heç kim heçnə edə bilməz. O da Elçinə Şabranda onun məhəlləsinə bu məqsədlə gəlsə, onu vuracağını dedi və öz otağına getdi. Gecə saat 01 radələrində Elçin otağına gələrək, ona dediyi cümlənin xoşuna gəlmədiyini bildirdi. Bundan sonra o Elçinə dəfələrlə otağına getməsini və sabah danışa biləcəyini desə də, Elçin onu çağırıb aşağı apardı. Onlar birinci mərtəbəyə endilər, gəminin burun hissəsinə çatan kimi Elçin ona bıçaq uzadaraq onu vurmayan peysərdi dedi və vurmasa onu hamının yanında peysər kimi çağıracağını və vurmadığı təqdirdə şəxsi heyyət arasında nüfuzdan salacağını da bildirdi. Bundan sonra o əsəbiləşərək Elçini bıçaqladı. Hadisəni törədərkən içkili idi, içkili olmasaydı Elçini bıçaqlamazdı. Hadisənin baş verdiyi gün Elçinlə birgə yeyib-içərkən və bundan sonra mübahisə edən zaman, habelə o Elçini bıçaqlayarkən yanlarında başqa şəxslər olmayıb və heç kəs hadisəni görməyib. O bıçağı sonra dənizə atdı. Törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o “Amur 2528” adlı gəmidə matorist vəzifəsində işləyirdi. Soltan da həmin gəmidə işləyirdi. 18 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Soltan ilə onun otağında yeyib-içirdilər. Söhbət əsasında Soltan onun “Whatsapp” nömrəsində Şabran rayonunda olmağına dair “Şabran” lövhəsi ilə olan şəklini gördüyünü bildirib, nə üçün oraya getdiyini soruşdqda, ona Şabrana qızla görüşə getdiyini bildirdi. Soltan cavabını xoş qarşılamadı və ondan hansı məhəlləyə getdiyini soruşduqda, o Soltana getdiyi məhəlləni deyəndə o həmin məhəllədə onun dostları olduğundan həmin məhəlləyə istədiyi kimi gedib gələ bilməyəcəyini bildirdi. O da Soltana həmin məhəlləyə nə vaxt istəsə gedib gələcəyini dedi. Bu zaman gəminin aşbazı Hacıqulu otağının qapısını açdı və səslərinin ucadan gəldiyini bildirdi. Soltan da öz otağına getdi. Təxminən 5-10 dəqiqə sonra Soltanın otağına getdi və ondan onunla nəyə görə kobud danışdığını soruşdu. Soltan isə otaqda söhbət etməməli olduqlarını, ətrafdakıların eşidəcəyini bildirdi və onlar gəminin burun hissəsinə çıxdı və orada Soltan onu bıçaqladı. Hadisə baş verən vaxt içkili idi. İçkili olduğu üçün Soltanı söyüb-söymədiyini xatırlamır. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o “Amur 2528” adlı yük gəmisində kapitan vəzifəsində işləyir. Soltan və Elçin də həmin gəmidə işləyirdi. Gəminin heyət üzvləri ilə birlikdə Ələt Beynəlxalq Ticarət Limanından çıxıb Hövsan limanına yan almışdılar. 19 noyabr 2021-ci il tarixdə gəmi Hövsan limanında olarkən gəmidə öz otağında istirahət edən vaxt, gəminin baş mexaniki Müslüm otağına gəlib onu təcili gəminin baş mexaniki Muxtarın otağına çağırdı. Orada Elçini üzü üstə divanda uzanmış vəziyyətdə gördü və təcili tibbi yardıma zəng etdi. Təcili tibbi yardım gələnədək, Elçinə tibbi yardım göstərdilər, ondan hadisənin necə baş verdiyini soruşduqda. Elçin dəfələrlə bildirdi ki, gəminin yanında olan körpüdə yıxılaraq xəsarət alıb. Sonra təcili tibbi yardım maşını gəldi və Elçini xəstəxanaya apardı. Təcili tibbi yardım maşını getdikdən sonra şəxsi heyəti yığıb hadisənin hansı şəraitdə baş verməsi və hadisənin şahidi olub-olmaması barədə sorğu-sual etdi. Bütün heyət bildirdi ki, hadisədən heç kimin xəbəri yoxdur və hansı şəraitdə baş verməsini görməyiblər. Sonra hamı öz otağına getdi. 19 noyabr 2021-ci il tarixdə səhər saat 10:00-da Soltan otağıma girib hadisənin onun tərəfindən törədilməsini etiraf etdi. O Müslüm və Muxtarı otağına çağırdı və onlara Soltanın iştirakı ilə Soltanın Elçini bıçaqlaması barədə etirafını dedi. Sonra Hövsan limanının rəhbəri Zaur müəllimə də məlumat verdi və gəmiyə çağırdı, Zaur müəllim gəldikdən sonra Soltanı birlikdə danladılar və hansı səbəbdən Elçinə xəsarət yetirməsini ondan soruşduqda, Soltan bildirdi ki, Elçini gəminin burun hissəsində ona söyüş söydüyü üçün Elçinin boğaz hissəsindən tutub özünə dartmış və bıçaqla onun bel və kürək nahiyyəsinə xəsarətlər yetirmişdir. Soltan və Elçin arasında münasibətlər həmişə normal olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Amur 2528” adlı yük gəmisində kapitan vəzifəsində işləyir. Soltan və Elçin də həmin gəmidə işləyirdi. Gəminin heyət üzvləri ilə birlikdə Ələt Beynəlxalq Ticarət Limanından çıxıb Hövsan limanına yan almışdılar 19 noyabr 2021-ci il tarixdə gəmi Hövsan limanında olarkən gəmidə öz otağında yatan zaman, Elçin otağına gələrək, körpüdən yıxıldığını bildirənda, o gəminin bosmanı Səbuhini köməyə çağırdı, birgə Elçinin kürəyini təmizlədilər, onun kürəyi qan içində idi. Daha sonra gəminin kapitanı Şahid1 təcili yardıma zəng etdi. 15-20 dəqiqə sonra təcili yardım gəldi və Elçini xəstəxanaya apardılar. Soltanla Elçin arasında münasibətlər həmişə normal idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6 və Şahid7 Şahid3 ifadəsinə uyğun ifadə vermişdilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 21 noyabr 2021-ci il tarixli tutma haqqında protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan ambulator məhkəmə psixiatrik ekspertizasının 06 dekabr 2021-ci il tarixli 2897 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliüyini dərk etmək və özünü idarə etmək iqtidarında olmuş və buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir, hadisə baş verən zaman hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və ya 22-ci maddələrinin təsiri altına düşməmiş, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 15 dekabr 2021-ci il tarixli 1905 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sol yarısının arxa səthinin (Vİİ qabırğaarası sahə səviyyəsində olan) sol plevra boşluğuna nüfuz edərək hemopnevmatoraksla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyyəsinin sol yarısının qarın boşluğuna nüfuz edərək arxa parietal peritonun və sol qalça-bel əzələsinin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının arxa səthinin (Vİİİ qabırğaarası sahə səviyyəsində olan) daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın), boyun nahiyyəsinin cızığı iti uca və kənara malik əşyanın, boyun nahiyyəsinin, sol dirsək oynağı nahiyyəsinin, sağ və sol baldır nahiyyələrinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən onun yardım üçün “X7” PHŞ- nə müraciət etdiyi 19.11.2021-ci il saat 02:50-dən bir qədər əvvəl əmələ gəlmiş, qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarısının arxa səthinin (Vİİ qabırğaarası sahə səviyyəsində olan) sol plevra boşluğuna nüfuz edərək hemopnevmatoraksla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyyəsinin sol yarısının qarın boşluğuna nüfuz edərək arxa parietal peritonun və sol qalça-bel əzələsinin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sol yarısının arxa səthinin (Vİİİ qabırğaarası sahə səviyyəsində olan) daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasıdərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya, boyun nahiyyəsinin cızığı, boyun nahiyyəsinin, sol dirsək oynağı nahiyyəsinin, sağ və sol baldır nahiyyələrinin sıyrıqları isə dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur, həmin xəsarətlərdən döş qəfəsinin sol yarısının arxa səthinin, bel nahiyyəsinin sol yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralan və döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, boyun nahiyyəsinin cızığı qərarda göstərilən tarixdə və şəraitdə, yəni 19.11.2021-ci il tarixdə bıçaqla endirilmiş zərbələr nəticəsində, boyun nahiyyəsinin, sol dirsək oynağı nahiyyəsinin, sağ və sol baldır nahiyyələrinin sıyrıqları isə insan bədəninin hissələri (əl barmaqlarının dırnaqları, yumruq, təpik vəs.) ilə endirilmiş zərbələrlə yetirilə bilərdilər, həmçinin sağ və sol baldır nahiyyələrinin sıyrıqlarmın digər şəxs tərəfindən itələnməsi zamanı onun üzü üstə yıxılaraq yerin bərk səthinə və eləcə də bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna olunmur və Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlərin bədənin əl çatan nahiyyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirməsi inandırıcı deyildir. Cinayət işində olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 21.09.2015-ci ildə anadan olmuş X3 ata qrafasında atası Təqsirləndirilən şəxs qeyd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 21 noyabr 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 21 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar