Məhkəmə qərarları › İş №1(101)-794/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-794/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-794/2023 07.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 avqust 1981-ci ildə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 2,348 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xətai rayon Polis İdarəsininin 36-cı Polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbiri zamanı 05 oktyabr 2022-ci il tarixdə saat 23:15 dəqiqədə ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2a yerləşən Xətai rayon Polis İdarəsininin 36-cı Polis bölməsinin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvanın sağ yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 2,348 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Cavanşir küçəsi, qaçqınlar bazarının yanında, metalalom zavodunda fəhlə işləmiş, polis əməkdaşları onu iş yerindən götürüb polis idarəsinə aparmışlar. Polislər ondan başqa üç nəfəri də tutmuşlar. Polislər onu günorta saat 1 radələrində tutub təzyiq göstərərək polis idarəsinə, daha sonra oradan axşam saat 11 radələrində 36-cı Polis bölməsinə aparmışlar. Polislər tərəfindən tutulan zaman onun üzərində heç narkotik vasitə olmamışdır. Polis bölməsində ona təzyiq göstərildiyi üçün o, məcbur olub ittiham aktında yazılanları boynuna almış və protokolları imzalamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, 2-3 ildir narkotik vasitə heroin istifadəçisidir, lakin mütəmadi istifadə edən olmamış, narkotikdən hərdənbir, həftədə 2-3 dəfə istifadə etmişdir. Yaxalanan zaman polislər onu döymüş, başından, qolundan, bədəninin müxtəlif nahiyələrindən vurmuşlar. Onların döymələri nəticəsində qulağından qan gəlmişdir. Lakin polislərin onu döymələri ilə bağlı heç yerə şikayət etməmişdir. Polislər onu döydükdən sonra bədənində xəsarət izləri qalmamış, lakin ağrılar hələ də var, sol qolunu hələ də qaldıra bilmir. Polislər onu ittiham aktında qeyd olunanları boynuna alsın deyə döymüş, əvvəl 1 qram narkotiki boynuna almasını istəmişlər, o da bu çəkiyə razı olmuş, lakin çəkiliş zamanı narkotikin 2 qramdan çox olmasını görəndə polislərin əvvəl dediklərinin yalan söhbət olduğunu başa düşmüş, o da videoçəkiliş zamanı təzyiq altında cibindən çıxardığı narkotikin ona aid olmasını etiraf etmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilmiş ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddət Rusiya Federasiyası, Həştərxan şəhərində tikinti işi ilə məşğul olsa da, 2014-cü ildən ünvan 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evlərinin birində kirayəşin kimi yaşamış və bəzi vaxtlarda metal yığıb satmaqla dolanmışdır. Lakin son vaxtlar işsiz olmuşdur. Təxminən 4 ildir ki, narkotik vasitə sayılan heroin istifadəçisidir. Əvvəllər buruna ötürməklə qəbul etsə də, son vaxtlar inyeksiya yolu ilə istifadə edir. İstifadə etmək istəyərkən çox vaxt Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Qaçqınlar bazarı” adlanan yerdə tanımadığı, lakin İsa adlı biri olduğunu bildiyi şəxsi tapmaqla əldə etmişdir. Sonuncu dəfə 05 oktyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində narkotik vasitə heroin almaq üçün qeyd olunan “Qaçqınlar bazarı” adlanan yerin qarşısına getmiş, orada bir müddət gözlədikdən sonra İsa adlı şəxslə rastlaşmış, sonuncudan bir müddət istifadə etmək üçün bir büküm narkotik vasitə heroin istəmişdir. Həmin şəxs ona öz cibindən bir ədəd heroin bükümünü çıxarıb göstərmiş və 50 manata olduğunu bildirmişdir. O həmin şəxsə 50 manat verməklə həmin bükümü almış və münasib vaxtda istifadə etmək məqsədi ilə şalvarının sağ cibinə qoyub saxlamışdır. Həmin tarixdə axşam saat 23:15 dəqiqədə isə yaşadığı evə getmək üçün Xətai rayonu, Məhəmməd Hadi küçəsi 95 ünvanının qarşısı ilə piyada hərəkət edərkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə ona sual vermişlər. Ardınca narkotik vasitə qəbul etdiyini bildirdikdə onu Xətai rayon Polis İdarəsininin 36-cı Polis bölməsinin inzibati binasına dəvət etmişlər. İnzibati binada hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil dəvət olunduqdan sonra səmimi etiraf edərək narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmiş və inzibati binada ona hüquqları izah olunduqdan sonra üzərinə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Üzərində olan qanunsuz əşyaları təqdim etməyi təklifindən sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli sellofon kəsiyinə bükülmüş formada olan bükümü çıxarıb təqdim etmişdir. Bundan əlavə üzərində hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi içərisində narkotik vasitə heroin olan büküm elektron tərəzidə çəkilmiş və 3,22 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə möhürlənərək qablaşdırılmışdır. Etmiş olduğu cinayət əməlinə görə özünü tam təqsirli bilir (cild 1, iş vərəqi 66-69). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, onlar 36-cı Polis bölməsinin inzibati ərazisində xidmətdə olarkən Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, təşkil olunmuş əməliyyat qrupu Məmməd Araz küçəsi 95 ünvanına yaxınlaşıb, şəxsin özünə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər. Onlar vətəndaşdan özünü təqdim etməsini istədikdə, vətəndaş tabeçilik göstərmərəyək özünü təqdim etməmişdir. Vətəndaşdan narkotik vasitələrdən istifadə etməsini soruşduqda, həmin şəxs narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Onlar həmin şəxsi polis bölməsinə dəvət etmiş, şəxs etiraz etməyərək onlarla bölməyə gəlmiş, üzərinə baxış zamanı Zamik qara rəngli şalvarının sağ yan cibindən heroini təqdim etmiş və özü könüllü etiraf edərək narkotiki “Qaçqın bazarı” adlanan yerdən İsa adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Müvafiq sənədləşdirilmə aparıldıqdan sonra narkotik ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, onun və ya başqa polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 15 avqust 1981-ci ildə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 15 avqust 1981-ci ildə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 23:15-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Xətai Rayon Polis İdarəsininin 36-cı Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxs axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuş, onun içərisindəki maddənin heroin olduğunu, həmin maddəni “Qaçqınlar bazarı” adlanan ərazidə İsa adlı şəxsdən 50 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 32-34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5728 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün N151”-li dairəvi möhür əksi olan, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,348 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində döyriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 40-44). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü təqdim etmiş və həmin bükülüdə olan maddənin heroin olduğunu bildirmişdir (cild 1, iş vərəqi 119-120). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikin özünə aid olduğunu, onu xx.xx.2022-ci il tarixdə “Qaçqınlar bazarı” deyilən yerdə İsa adlı şəxsdən əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 121-123). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikin özünə aid olduğunu, onu xx.xx.2022-ci il tarixdə “Qaçqınlar bazarı” deyilən yerdə İsa adlı şəxsdən əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 124-126). İşdə olan Xətai rayon Polis İdarəsinin 36-cı Polis bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etiyi mənbəni müəyyən etmək mümkün olmamışdir. Həmçinin keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir (cild 1, iş vərəqi 85). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6623 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 111-112). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 2,348 qram olan narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götümə aparılması zamanı aparılmış videçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,298 qram olan narkotik vasitə heroinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılması qərara alınmışdır (cild 1, iş vərəqi 127-135, 144). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 113). İşdə olan cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin və İsa adlı şəxsin müəyyən edilməsi məqsədilə həmin cinayət işinin materiallarından başqa cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 138-139). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin, saxlanılarkən onun üzərində narkotik vasitə olmaması, narkotikin polislər tərəfindən ona verilməsi, polislərin onu döyməsi və buna dözməyərək narkotiki boynuna alması barədə verdiyi ifadələrini məhkəmə inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı o, tutulmuş və ifadələri alınmışdır. Habelə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofona bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş maddəninin heroin olduğunu, həmin maddəni “Qaçqınlar bazarı” adlanan ərazidə İsa adlı şəxsdən 50 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs polislər tərəfindən ona fiziki təzyiqlər göstərilməsi bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, belə təzyiqə məruz qalmasını təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən o, törətdiyi əməli səmimi olaraq etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə nə onun özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə heç nə bildirilməmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs tibbi kitabçasını onun saxlanıldığı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, onun təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman onun sol kürək nahiyəsində qərtməkli yaranın qeyd edildiyi müəyyən edilmişdir. Məhkəmənin müvafiq müraciətinə əsasən Bakı şəhəri Xətai rayon prokurorluğunda faktla bağlı araşdırma aparılmışdır. Həmin prokurorluqdan daxil olmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı polis əməkdaşları ilə yanaşı, Təqsirləndirilən şəxs, izahatı alınmışdır. Verdiyi izahatda o, aşkar edilmiş xəsarətlə bağlı şikayətinin olmadığını, belində əvvəldən yara olduğunu bildirmiş, ekspertizadan imtina etmişdir. Araşdırma nəticəsində prokurorluq o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmamış, bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə və fiziki təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 07 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 81-84). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 05 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,298 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,298 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar