Məhkəmə qərarları › İş №1(101)-794/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-794/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-794/2024 15.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1993-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(059)-52/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 18 günü Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 01 il 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, 18 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində ictimai yer hesab edilən ünvan 2 ünvanın qarşısında insanların sıx toplaşdığı küçədə idarə etdiyi avtomobillə müştəri gözləyərkən həmin yerdə dayanmış tanışı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə Siyəzən şəhərinə gedən müştəriləri növbəsiz götürməsini cüzi səbəb kimi bəhanə gətirib sonuncuya yaxınlaşaraq ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən, uca səslə Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında xuliqanlıq niyyəti ilə idarə etdiyi avtomobilin salonundan götürdüyü silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla sonuncuya zor tətbiq edib qəsdən bədən nahiyələrindən zərbələr vuraraq ona sağ said nahiyəsinin 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlğın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və döş qəfəsinin sağ yarısının yan divarının plevra boşluğuna nüfuz edən pnevmotoraksla (döş boşluğuna qanın və havanın toplanması) müşayiət olunan 01(bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, ittihamla razı deyildir ona görə ki, 16 dekabr 2023-cü il tarixdə «Şamaxinka» adlanan ərazidə zərərçəkmiş şəxslə aralarında yüngülvari anlaşılmazlıq olmuşdur. O, zərər çəkmiş şəxsi tanımış, münasibətləri olmuşdur. Həmin vaxt zərərçəkmiş şəxs ona qarşı artıq və ya xoşagəlməz söz deməmiş, o da zərər çəkmiş şəxsə qarşı söyüş söyməmişdir. O, əsəb dispandserində müalicə almışdır. Boksla məşğul olduğu vaxtlarda məşqdən travma almışdır. Əsəbi olduğundan zərər çəkmişlə aralarında anlaşılmazlıq baş vermişdir. Mübahisə maşın saxlama yerində bir-birinə yer verməmək üstündə baş vermişdir. Ortada yer olmamış, onun maşını zərər çəkmiş şəxsə öz maşınını saxlamağa mane olmuşdur. Belə ki, o, maşınını saxlayıb getmiş, maşınını saxlamağa başqa yer olmadığını zərər çəkmiş şəxsə demişdir. Ola bilər ki, o, aqressiv demiş və ya zərər çəkmiş bunu aqressiv qəbul etmişdir. Həmin vaxt mən orada olan bir nəfərin maşın düzəltdiyini gördüm və onun ehtiyyat hissələri saxlanılan yerində olan bir ədəd bıçağı görüb götürmüş və zərərçəkmiş şəxsi vurmuşdur. O, zərər çəkmiş şəxsə cəmi bir bıçaq vurmuşdur. Zərər çəkmişlə onun arasında müştəri söhbəti olmamış, onun maşınında bıçaq olmamış, o, belə bir ifadə verməmişdir. Lakin o, zərər çəkmiş şəxsi vurmağı əvvəlcədən planlamamışdır. Zərər çəkmiş şəxsin qolunun zədələnməsinin nədən olduğunu o, xatırlaya bilməmişdir. Hazırda zərər çəkmiş şəxslə aralarında mehribançılıqdır. Əməlindən peşiman olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə cinayət işinin ibtidai istintaqı mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, 17 dekabr 2022-ci il tarixdə Bakı şəhərində müştəri yığarkən əvvəllər yaşadığı Siyəzən şəhərindən tanıdığı Elnur adlı şəxs ilə müştəri ilə bağlı olaraq aralarında müəyyən söz-söhbət yaşanmışdır. Onlar sözlə mübahisə edərkən Elnur dəfələrlə onu təhqir etdiyi üçün o əsəbləşmişdir. Lakin həmin şəxsin ondan daha idman cüssəli olması səbəbindən o həmin şəxslə əlbəyaxa olacağı təqdirdə, həmin şəxsin onu vura biləcəyini düşündüyü üçün əvvəlcədən avtomobilində saxladığı meyvə bıçağını götürmək qərarına gəlmişdir. Mübahisə onların avtomobilləri saxladığları yerdə olduğu üçün o, avtomobilini açaraq salondan həmin bıçağı götürərək Elnura bir dəfə bıçaqla vurmuşdur. Daha sonra həmin şəxs oradan qaçaraq uzaqlaşdığı üçün onu təqib etməmişdir. Hadisədən sonra o, özünün avtomobilinə əyləşərək oradan Siyəzən şəhərinə getmişdir. Evə getdikdən sonra ona polis əməkdaşları zəng vuraraq törətdiyi hadisə barədə bildirdikdə o, yenidən Bakı şəhərinə qayıdaraq polis şöbəsinə yaxınlaşmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxsla əvvəllər mübahisəsi olmamış, onu sadəcə Siyəzən şəhərindən tanımış və salam-sağolları olmuşdur. Onun Zərərçəkmiş şəxs vurmaqda məqsədi sonuncunu söymüş olduğu söyüşə görə cəzalandırmaq olmuşdur. O, Elnuru öldürmək məqsədi ilə bıçaqlamamışdır. Onların arasında olan mübahisə təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Həmin vaxt, dəqiq xatırlamasa da, ətrafda Bakı ilə Siyəzən rayonu arasında taksi fəaliyyəti ilə məşğul olan digər şəxslər də olmuşdur. Həmin şəxslərin kim olmasını dəqiq xatırlamamışdır. Hadisəni törətdikdən sonra Siyəzən şəhərinə getməkdə məqsədi həmin hadisənin onun tərəfindən törədildiyinin bilinəcəyi və polis əməkdaşları tərəfindən saxlanılacağını düşündüyü üçün evə gedərək yaxın qohumları ilə görüşmək olmuşdur. O, hadisəni törətməkdə istifadə etmiş olduğu bıçağı Siyəzən şəhərinə gedərkən yolda xatırlamadığı yerdə pəncərədən yolun hərəkət hissəsinə atmışdır. Hadisə vaxtı Elnur onu vurmamış, bədəni üzərində heç bir xəsarət olmamışdır. Elnuru bıçaqla vuran vaxt sonuncu əlini qabağa vermiş, bıçaq Elnurun əlinə dəymişdir (iş vərəqə: 50-53; 144-147; 179-182). Məhkəmə baxışı zamanı tədqiq olunan «Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında» 20 dekabr 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, ifadə yerində, yəni ünvan 2 ünvanın qarşısında yoxlanılarkən Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha əyani olaraq təsdiq etmişdir (iş vərəqə: 63). Cinayət işinə məhkəmə baxışı zamanı işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, deklarasiya işi ilə məşğul olmuş, Bakı şəhərində işləmiş, Siyəzəndə yaşamışdır. O, taksiçilik fəaliyyəti ilə məşğul olmamış, lakin arada tək olarkən yoldan adam götürüb rayona getmişdir. Hadisə günü, yəni 17 dekabr 2022-ci il tarixdə də saat 17:00 radələrində rayona getmək üçün Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə dayanaraq maşını gözləmə mövqeyinə verib yolçu adam götürmək istəmişdir. O, maşını saxladığı həmin yerə baxılan iş üzrə təqsirləndirilən şəxs, onun həmyerlisi Təqsirləndirilən şəxs girmək istəmiş, o isə Arzudan qabaq girmək istəmişdir. Belə ki, həmin yerə onların hər ikisi eyni vaxtda çatmış, həmin yer qeyri-qanuni yer olmuş, həmin yerdə hər bir kəsin dayanmaq imkanı olmuşdur. Məhz buna görə Arzu ilə onun arasında mübahisə yaranmış, Arzu maşından bıçaq götürmüşdür. Mübahisə təxminən 10-15 dəqiqə müddətində davam etmiş, onlar itələşmiş, o, Arzuya “qələt eləmə” deyi çıxıb getmək istədikdə Arzu adlı şəxs qəflətən ona bıçaq zərbəsi vurmuşdur. Bıçaq balaca bıçaq olmuş, Arzu bıçaqla onun qoluna və sağ tərəfdən döşünün altına vurmuşdur. Arzu 3-cü dəfə onu vurmaq istəməmiş və vurmamışdır. Arzu onu qorxutmaq niyyətində olmuş, onu öldürmək niyyəti olmamışdır. Hadisə vaxtı onların yanında qohumlardan heç kim olmamışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisədən sonra həmin yerdən aralanıb dayanmış, sonra “Şamaxinka” adlanan ərazidə yerləşən restoranların birinə girib su içdim və daha sonra qardaşı oğluna zəng vuraraq vəziyyətinin pis olmasını demiş və onu xəstəxanaya aparmasını istəmişdir. O, elə də çox dərin yaralanmadığından çox qan itirməmişdir. Qardaşım oğlu təqribən 20 dəqiqə ərzində Sumqayıtdan gəlib onu Respublika Kliniki xəstəxanasına aparmış və onu orada əməliyyat etmişlər. Hazırda Təqsirləndirilən şəxs bağışlamış, bununla bağlı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 17 dekabr 2022-ci il tarixdə, saat 17:00 radələrində idarə etdiyi maşınla yaşadığı Siyəzən şəhərinə gedərkən Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə dayanaraq oradan müştəri götürmək istəmişdir. Orada olan zaman əvvəlcədən Siyəzən rayonundan qiyabi olaraq tanıdığı və həmin tarixdən bir həftə əvvəlcə aralarında söz mübahisəsi olmuş “Arzu” adlı şəxsi görmüşdür. Arzu ona yaxınlaşaraq növbənin onun olmasını və əvvəlcə müştərilərin öz maşınına oturmalı olduqlarını bildirmişdir. Bu zaman onların aralarında yenidən mübahisə yaranmış və qəfildən Arzu adlı şəxs ona bıçaqla zərbə vurmuşdur. O, Arzu adlı şəxsin bıçağı haradan götürməsini görməmiş, lakin sonuncunun ona bir dəfə bıçaqla sağ tərəfindən vurduqdan sonra ikinci dəfə zərbə endirmək istədiyini gördükdə sağ qolunu irəli verərək həmin zərbədən yayınmağa çalışsa da, bu dəfə bıçaq onun qolunu kəsmişdir. O, həmin vaxtı oradan qaçaraq uzaqlaşmış və insanların orada çox olmasından istifadə edərək Arzudan yayına bilmişdir. Bundan sonra “Şamaxinka” adlanan ərazidə yerləşən restoranların birinə girib su içmiş və sonra qardaşı oğluna zəng vuraraq vəziyyətinin pis olmasını deyib, onu xəstəxanaya aparmasını istəmişdir. Daha sonra qardaşı oğlu həmin yerə gələrək onu Respublika Kliniki xəstəxanasına aparmış və onu orada əməliyyat etmişlər. Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxsla bağlı heç bir şikayəti və tələbi yoxdur. Həmin hadisədən təxminən bir həftə əvvəl Təqsirləndirilən şəxsla aralarında söz mübahisəsi olmuş, lakin aralarında düşmənçilik və ədavət olmamışdır. O, Arzunu təhqir etdiyini xatırlaya bilməmişdir. Onlar arasındakı mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Həmin vaxt kənarda digər taksi sürücüləri olmuş və o, onları tanımasa da, onlar həmin hadisənin şahidi olmuşlar. Hadisədən sonra köynəyini çıxarıb xəsarət aldığı yerə sıxmış, qan axmanın qarşısını almaq istəmiş, qardaşı oğlu ilə xəstəxanaya gəldikdən sonra isə həmin köynəyini atmışdır (iş vərəqə:74-76). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanıiş üzrə şahid qismində dindirilən Zərərçəkmiş şəxs qardaşı oğlu Şahid1 ifadəsində göstərdi ki, 17 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhərində olarkən əmisi Zərərçəkmiş şəxs ona zəng vuraraq halının pis olduğunu bildirmiş, gəlib onu xəstəxanaya aparmasını istəmişdir. Lakin əmisi səhhətinin pisləşməsinin səbəbləri barədə ona heç nə deməmişdir. O, əmisindən harada olduğunu soruşduqda, sonuncu Bakı şəhərində «Şamaxinkada» olduğunu bildirmişdir. Təxminən 40 dəqiqəyə «Şamaxinka» ərazisinə çatmış, orada yanacaq doldurma məntəqəsinin yanından əmisini avtomobilə otuzdurmuşdur. Yolda olarkən əmisinin sağ tərəfindən bıçaqlanması ona aydın olsa da, lakin kim tərəfindən bıçaqlanmasını bilməmiş, əmisi bu barədə ona heç nə deməmişdir. O, əmisini Mirqasımov adına xəstəxananın X5 şöbəsinə çatdırmışdır. Yolda olarkən əmisi bıçaqlanması ilə bağlı ona heç nə danışmamış, o da əmisindən heç nə soruşmamış, buna görə hadisə barədə heç bir məlumatı olmamışdır. Daha sonra iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 məhdud ifadə verib, «Şamaxinka» deyilən ərazidə meyvə satdığını, hadisəni görmədiyini, ərazidə çoxlu taksi sürücüləri olduqlarını bildirməsi ilə əlaqədar şahidin ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, son 3-4 ay ərzində “Şamaxinka» adlanan ərazidə səyyar şəkildə meyvə alqı-satqısı ilə məşğul olmuşdur. 17 dekabr 2022-ci il tarixdə, günorta 17:00 radələrində yenə də həmin ünvanda meyvə satmaqla məşğul olarkən təxminən 100 metr aralı məsafədə iki nəfər şəxsin dalaşdığını və həmin şəxslərin ətrafına camaatın toplaşdığını görmüşdür. O, problemə qarışmaq istəmədiyindən həmin şəxslərə yaxınlaşmamışdır. Lakin o, orada mübahisə olduğunu və məhz camaatın da həmin mübahisə səbəbindən ətrafa toplaşdığını aşkar etmişdir (iş vərəqə:158-160). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında» 18 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi ünvan 2 ünvanın qarşısında baş vermişdir (iş vərəqə:09-11). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 09 fevral 2023-cü il tarixli, 147 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – döş qəfəsinin sağ yarısının yan divarının plevra boşluğuna nüfuz edən və pnevmotoraksla( döş boşluğuna qanın və havanın toplanması) müşayiət olunan 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətidir, həmin dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tibbi tədqiqat zamanı Zərərçəkmiş şəxs sağ said nahiyəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilmişdir ki, həmin yaralar həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, yuxarıda göstərilən xəsarətlər deşicikəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (iş vərəqə: 96- 99). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 aprel 2023-cü il tarixli, 1104 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “isterik tipli şəxsiyyət pozğuntu” (F60.4) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazlrki psixiatrik müayinənin nətiləri – yeniyetmə yaşlarında xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas olması, emosional gərginlik zamanı özünə yüngül xəsarətlər yetirməsi, hərbi xitmətə çağırış zamanı 2 nömrəli KPX-də müayinə olunduqdan sonra hərbi xitmətə yararsız hesab edilməsi, həmçinin hazırki müayinə zamanı təqdim etdiyi şikayətləri, emosional dayanıqsızlığı, davranışlarının nümayişkarlığı, əhval-ruhiyyəsinin dəyişkənliyi və s. təstiq edir. Lakin Təqsirləndirilən şəxs aşkar edilən “isterik tipli şəxsiyyət pozğuntu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda isterik tipli şəxsiyyət pozuntusu açkar olunur, lakin onda aşkar edilən isterik tipli şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür (iş vərəqə: 153-154). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyətilə qəsdən ağır zərər vurması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs üç dəfə dindirilmiş, hər üç ifadəsində özünü təqsirli bilərək işin hallarına uyğun ifadələr verib əməlini etiraf etmiş, özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qeyri-etirafedici ifadələrini müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ağır cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs özünün təşəbbüsü, yəni onun ümumi davranış, əxlaq və mənəviyyat normalarına qarşı zidd hərəkəti və zərərçəkmiş şəxsin üzərinə bıçaq çıxarması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanununlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə açıq-aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir. Buradan aydın olur ki, belə olan hallarda digər motivlər ya olmalıdır, yaxud da cinayətin törədilmə motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də, əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Eyni zamanda, şəxsin CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətin zəruri tövsifedici əlaməti kimi çıxış edən "xuliqanlıq niyyəti" (bu niyyəti aşkarlayan ümumqəbuledilmiş davranış və əxlaq qaydalarını pozması, onlara etinasızlıq göstərməsi, aşkar hörmətsizliyini ifadə edərək eqoizmini nümayiş etdirməsi və sair) iş üzrə mütləq qaydada sübüt edilməli hal kimi çıxış etməklə CPM-in 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə əsasən yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş, həmin əlamətin movcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, müvafiq məhkəmənin hökm və qərarından görünür ki, Orucov X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs həmin Məhkəmənin 26 iyul 2022-ci il tarixli, 1(059)-52/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 18 günü Azərbaycan Respublikası CM-nin 52-1.5ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 01 il 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəza çəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmışdır (iş vərəqə: 131-132). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aid demoqrafik məlumatlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə cinayət hadisəsini 17 dekabr 2022-ci il tarixdə, yəni Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin olunan 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə törətmiş və yalnız bundan sonra eyni məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən ilk iş üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 18 günü 01 il 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və hazırkı cinayət işi məhkəmə baxışı mərhələsində olduğu mərhələdə – 04 fevral 2024-cü il tarixdə onun azadlıqdan məhrum etmə növündə çəkdiyi cəza müddəti başa çatmışdır. Qeyd olunan bu hüquqi məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə baxılan cinayət işinə münasibətdə Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir və həmin Məcəllənin 83.3 və 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu, onun məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə ilə əvəz olunmasına baxmayaraq, cinayətlərin residivini yaratmır. Belə ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əsas cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddəsinin tələblərinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamış, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyədək icraat mərhələsində, eyni məzmunlu sərbəst yazdığı ərizəsini isə məhkəmə baxışı zamanı məhkəməyə təqdim etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallarla bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, cəza təyin edilərkən məhkumluğun nəzərə alınması qanunla müəyyən edilmiş olsa da, bu hal Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsində nəzərdə tutulmadığından, Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar qismində nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallarla gəldikdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi, sonuncunun onu bağışlaması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, məhkumluğunun ödənilməməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyası daxilində cinayətlərin məcmusu üzrə cəza təyin etmənin və yüngülləşdirici hallar olduqda cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş (burada: CM-nin 59.1.12-ci maddəsi) bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağını nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyasızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisələri ümumi rejim olaraq müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının qətiləşdirilməsi, həmin cəzanın çəkilməsinin əvvəli və qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 dekabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 20 dekabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan olunmuş və eyni tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarına əsasən iş üzrə hazırlıq iclasının keçirildiyi mərhələdə Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmış və Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, onun həbsdə saxlama müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmış və sonuncu məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə ilk növbədə belə nəticəyə gəlir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 20 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs baxılan iş üzrə cəza çəkməsinin əvvəli onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçildiyi eyni tarixdən - 25 sentyabr 2023-cü il tarixdən hesablanmalı, onun 25 sentyabr 2023-cü il tarixdən həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar və məhkəmə xərcləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə 7 (yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 20 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçildiyi 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar və məhkəmə xərcləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar