Məhkəmə qərarları › İş №1(101)-795/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-795/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-795/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Həsənzadə İradə Xəlil qızı və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 7 noyabr 1989-cu ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, «ATEF» şirkətində operator işləmiş, məhkum olunmamış, Balakən rayonunun Qullar kəndində qeydiyyatda olmaqla Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir bükümdə təmiz çəkisi 0,985 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd bükümdə təmiz çəkisi 3,015 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 4 oktyabr 2022-ci il tarixdə saat 19:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən dəmiryol yol keçidinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və orada üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunun içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 0,985 qram olan qəhvəyi rəngli maddə kütləsi şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd kağız bükümdə təmiz çəkisi 3,015 qram külli miqdarda ağ rəngli, kristalşəkilli maddə şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Həm xəstəliyin yaratdığı ağrıları azaltmaq, həm maraq üçün tulmamışdan təxminən 6-7 ay qabaq narkotik vasitə olan heroin və psixortop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Gündə təxminən 0,1 qram narkotik vasitə qəbul etmişdir. Narkotik vasitələri Elşən kimi tanıdığı şəxsdən almışdır. Sonuncunun telefon nömrəsini hazırda xatırlamır. Tutulanadək istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. 4 oktyabr 2022-ci ildə günorta saatlarında yaşadığı Suraxanı rayonunda olarkən Elşəndən 20 manata bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin almışdır. Həmin iki bükümdə olan heroin və metamfetamini istifadə etmək üçün əynindəki şalvarın sol yan cibində saxlamışdır. Elə həmin gün saat 19:00-da Bakı şəhəri Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən dəmiryol keçidinin yaxınlığında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin satışında şübhəli olduğunu bildirib, onu polis idarəsinə dəvət etmiş, sonuncularla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Orada müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. O, üzərində heroin və metamfetamin olduğunu bildirib, əynindəki şalvarın sol yan cibindən birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olan iki ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlər açıldıqda içərisində heroin və metamfetamin olması müəyyən edilmişdir. Polis əməkdaşlarına həmin narkotik narkotik vasitə heroin və metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin bükümlər polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmaqla ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. İdarəyə gətirilərkən və idarədə polis əməkdaşları tərəfindən döyülmüşdür. Nəticədə damağı partlamış, sifəti əzilmiş və qabırğa nahiyyəsindən xəsarət almışdır. Onu döyən polis əməkdaşlarının adlarını bilmir. İbtidai istintaq zamanı müdafiəçinin məsləhəti ilə və həm də yenidən döyüləcəyindən ehtiyat edib müstəntiqə, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə fiziki təzyiqlərə məruz qalmadığını demişdir. Bakı İstintaq Təcridxanasına qəbul edilərkən müayinədən keçirilmiş və bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Döyüldüyü barədə isə bildirməmişdir. Ona verilən ittihamla razı deyildir. Özünü CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilir. Saxlanılarkən üzərində cəmi iki büküm, hər birində təxminən 0,5 qram olmaqla heroin və metamfetamin olmuşdur. Onları satmaq məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Həmin vaxt üzərində ittiham aktında qeyd edilən 4 qram narkotik vasitə olmamışdır. İşin ibtidai istintaqını aparan müstəntiqə üzərində 4 qram çəkidə narkotik vasitə olmadığını demiş, lakin, sonuncu ona narkotik vasitənin çəkisinin ekspertiza tədqiqatı ilə müəyyən edildiyini bildirmişdir. Narkotik vasitə əldə edərkən bir dəfə tanışının xahişi ilə öz puluna onun üçün də narkotik alıb vermiş və sonradan ondan pulunu almışdır. Narkotik istifadəçiləri arasında belə hallar tez-tez olur. Pulu olmayanda bir-birilərinə narkotik alıb verirlər. Bununla belə heç vaxt narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Üzərində təxminən 0,5 qram heroin və 0,5 qram metamfetamin olmuşdur. Həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edib, üzərində gəzdirmişdir. Əməlindən peşmandır. Xəstəliyini və himayəsində azyaşlı uşaqların olmasını nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 4 oktyabr 2022-ci ildə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idarəyə məlumat daxil olmuş və onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Baş İdarə rəisinin əmrinə əsasən onun rəhbərliyi ilə, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılması və cinayət başında yaxalanması istiqamətində əməliyyat tədbirinə başlanmışdır. Həmin gün saat 19:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən dəmiryol keçidinin yaxınlığında onlar tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və sonuncunun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarışda Təqsirləndirilən şəxs müdafiəçisi də iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan iki ədəd ayrı-ayrı kağız bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda, birinin içərisində qəhvəyi rəngli heroinə bənzər, digərinin içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin və heroini Suraxanı rayon ərazisində Elşən adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra iki ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyulub götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mehdi oğlu və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun üzvüdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi olmuşdur. Təqsirləndirilən şəxsə döyülməyi barədə müstəntiqə və məhkəməyə bildirməməsini təklif etməmişdir. Bu barədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini təsdiq etmir. İşin 28-29-cu vərəqlərindəki «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 4 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən çıxardığı siqaret qutusunun içərisindən bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüləri olan bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşin 40-43-cü vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 5 oktyabr 2022-ci il tarixli, 6/5715 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 6» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....» və s. yazılar, imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 3,015 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,985 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. İşin 116-117-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 noyabr 2022-ci il tarixli, 7031 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 128-129-cu vərəqlərindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan bir ədəd DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən çıxardığı siqaret qutusunun içərisindən bir ədəd bükümdə 0,985 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 3,015 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İşin 107-ci vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış bir ədəd «CD» diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 18:35:35-də ***-***-**-** saylı mobil nömrədən «QAQA RAUFDU YARİ KARTOF İSDYEN OLSA Dİ SUPER QUP QURU KARTOF VAR OZUMDE», xx.xx.2022-ci il tarixdə saat 16:35:09-da ***-***-**-** saylı mobil nömrədən «DASİ HAZİRLA GELİREM», xx.xx.2022-ci il tarixdə saat 20:09:04-da ***-***-**-** saylı mobil nömrədən «Senin gotn var qesebede sey sat seni polise verecem bilirem gelirsen», xx.xx.2022-ci il tarixdə saat 17:22:27-də ***- ***-**-** saylı mobil nömrədən «Ehtiyacım var on AZN var... Səni nə zaman görə biləcəm.... Gəlim götürüm hətta uyğunsa...» sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. İşin 94-cü vərəqindəki Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 131-140 və 167-ci vərəqlərindəki 11 yanvar 2023-cü il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərar və məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,985 (tədqiqatdan sonra qalıq 0,935) qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 3,015 (tədqiqatdan sonra qalıq 2,915) qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan bir ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk maddi sübut kimi tanınmış və narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlanılması üçün Nərimanov RPİ-yə təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 19-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 oktyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşin 111-ci vərəqindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 iyul 2013-cü il təvəllüdlü Kövrüyeva Tamella və 14 mart 2021-ci il təvəllüdlü Kövrüyev Ömər adlı iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri (i.v. 51-53; 61-62; 158-160. Həmin ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin çəkilərini mübahisələndirməmişdir), məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 4 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,985 (tədqiqatdan sonra qalıq 0,935) qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 3,015 (tədqiqatdan sonra qalıq 2,915) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan bir ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 4 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,985 (tədqiqatdan sonra qalıq 0,935) qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 3,015 (tədqiqatdan sonra qalıq 2,915) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan bir ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar