Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-796/2023 14.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 07 avqust 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Xaçmaz rayonu, Rəcəd kəndində yaşamış, 17 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin avqust ayının ortalarında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış,qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və naməlum vaxtda əldə edərək qeyri-müəyyən qaydada Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi deyilən ərazidə yerləşdirdiyi sellofan torbanın içərisində 03 ədəd bükümdə təmiz çəkiləri 19,882 qram, 0,168 qram, 0,140 qram olmaqla ümumi çəkisi 20,19 qram - külli miqdarda olan xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 03 ədəd bükümdə təmiz çəkiləri 6,198 qram, 0,325 qram, 0,049 qram olmaqla ümumi təmiz çəkisi 6,572 qram - külli miqdarda olan ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 17 sentyabr 2022-ci il tarixdə saat 01:30 radələrində götürüb əldə etməklə sonradan «Baba» adlı şəxsin tapşırığına əsasən onun deyəcəyi şəxsiyyəti müəyyənləşdirilməmiş ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlamaqla daşımış, həmin gün, saat 06:20 dəqiqədə ünvan 3 ünvanında yerləşən “İzmir” parkında piyada hərəkət edən zaman Yasamal RPİ-nin Post- Patrul Xidməti Bölüyünün (bundan sonra: PPXB-nin) əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd bükümdə təmiz çəkiləri 19,882 qram, 0,168 qram, 0,140 qram olmaqla ümumi çəkisi 20,19 qram külli miqdarda olan xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 03 ədəd bükümdə təmiz çəkiləri 6,198 qram, 0,325 qram, 0,049 qram olmaqla ümumi təmiz çəkisi 6,572 qram külli miqdarda olan ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, o, 2003-cü ildən narkotik istifadə etmiş və 7 il onun əzabını çəkmişdir. Həmin müddətdə onun uşaqları olmamışdır. Hadisə günü hardasa gecə saat 1-də təsadüfi taksi ilə övladının işinə görə Xaçmazdan çıxmış, 3-də gəlib Bakıya çatmış və “Şamaxınka”da düşmüşdür. Piyada “İzmir” parkına gəlib problem yaşamaması üçün gecə vaxtı işıqlı yerdə oturub səhərin açılmasını gözləmişdir. Polislər onu Bakı şəhərində “Həyat Reycens” oteli ilə üzbəüz olan “İzmir” parkında gecə saat 3-4 radələrində saxlamışlar. O, narkotiklərdən arada istifadə etdiyini etiraf etmişdir. Həmin vaxt onun üstündə narkotik olmuş, lakin ittihamda yazılan miqdarda olmamışdır. O, həmin narkotiki rayondan gələndə üstündə gətirmişdir. O, saxlanılarkən onda bir kağızın içində iki büküm olmuş, onlardan biri 1 qrama yaxın heroin olmuş, digər birində isə limon duzu olmuşdur. Bundan başqa onda narkotik olmaiışdır. Polis bölməsində üzərində şəxsi axtarış keçirilərkən narkotikin təsiri altında olmuşdur. Saxlanılan gün onun üstündə mobil telefon olmamışdır. Orada sorğu-suallara nə nə cavab verdiyi yadında qalmamışdır. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Ona vəkil də verilmiş, lakin vəkinlin adını yadında saxlaya bilməmişdir. O, əvvəllər də narkotikə görə tutulmuş, hətta özü bundan bezmişdir. Ona görə də sonuncu dəfə tutularkən narkotikdən uzaqlaşmaq məqsədilə ona təqdim olunan sənədlərə imza etmişdir. Belə ki, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini və cəza çəkib narkotikin istifadəsindən uzaqlaşa biləcəyini fikirləşmişdir. Məhkəmədə dediklərini müstəntiqə də danışmış, lakin ifadə verərkən üzərində şəxsi axtarış aparılarkən dediklərini, yəni narkotiki Zabratdan Baba adlı şəxsdən aldığını demişdir. Amma tutlan gün Zabratda olmamış, narkotiki özü ilə Xaçmazdan gətirmişdir. Saxlanılarkən psixoloji təsirlərə məruz qalmışdır. Sanksiya üçün məhkəməyə çıxarılarkən öz ailə vəziyyətini bildirmiş, hakimdən ona kömək etməsini xahiş etmiş, lakin psixoloji təsirlərə məruz qaldığını bildirməmişdir. Polisin qanunsuz hərəkətləri barədə saxlanılarkən təcridxanaya, həmçinin prokurorluğa şikayət etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən edilən ziddiyyətlərlə bağlı sonuncunun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 ildən artıq bir müddətdə narkotik maddə hesab edilən heroin və psixotrop maddə olan şüşədən istifadə etmişdir. 17 sentyabr 2022-ci il tarixdə, saat təxminən 06:20 radələrində o, Yasamal rayonu, İzmir küçəsi 1 ünvanında yerləşən “İzmir” parkında olarkən dörd nəfər PPXB-nün polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək narkotik vasitələrin qəbulunda şübhələndiklərini deyib üzərində qanunsuz əşya olub-olmamasını soruşmuşlar. O, həmin polis əməkdaşlarına narkotik vasitələr qəbul etdiyini və üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Yasamal RPİ-nin 27-ci PB-nə aparmışlar. PB-də ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərində şəxsi axtarış təhqiqatçının rəzbərliyi ilə keçirilmişdir. Onu saxlayanların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı narkotik maddələri çıxarıb təqdim etmiş və həmin maddələr ondan götürülmüşdür. Üzərində olan maddələr - narkotik vasitə olan “heroin” və şüşə” ona məxsus olmuş, ozünün şəxsi istifadəsi üçün 17 sentyabr 2022ci il tarixində, gecə saat 01-02 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində tanımadığı şəxsdən 400 AZN manata nisyə olaraq alıb əldə etmişdir. Üzərindən aşkar edilmiş içərisində narkotik maddələr olan bükümlər müdafiəçinin iştiraki ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və müdafiəçinin iştirakı ilə zərf və protokol imzalanmışdır. Sənədlərə özü imza etmiş, ad və soyadının qarşısında olan imzalar onun özünə məxsus imzalar olmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, «Baba» adlı şəxs İİR-nın vətəndaşıdır, onunla təxminən 2022-ci ilin avqust ayının ortalarında təsadüf nəticəsində «WhatsApp» vasitəsi ilə tanış olmuş, lakin onun anket məlumatları barədə onda heç bir məlumat olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələri 17 sentyabr 2022-ci il tarixdə, gecə saat 01-02 radələrində 400 manata pulunu sonradan ödəmək şərti ilə Sabunçu rayonunun Zabrat qəsəbəsində üzdən tanıdığı, lakin harada yaşadığını bilmədiyi şəxsdən almış və sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Saxlanılarkən və PB-nə aparılarkən, eyni zamanda PB-də olarkən ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. O, narkotik vasitəni «WhatsApp» proqramı vasitəsilə yazışmaqla İran vətəndaşı Baba adlı şəxsdən almışdır. Baba adlı şəxs «WhatsApp» proqramı vasitəsilə narkotik vasitələrin qoyulduğu yeri göstərmiş, o həmin yerlərə gedib narkotikləri götürüb başqa yerlərə qoymuş, bunun müqabilində müxtəlif yerlərə qoyduğu narkotik vasitələrdən özü üçün götürüb təmənnasız istifadə etmişdir. Narkotik vasitələrdən əldə olunan pul vəsaitlərini o, Baba adlı şəxsin ona dediyi, lakin yadında qalmayan müxtəlif kart kodlarına göndərmişdir. O narkotiklərin satışı ilə məşğul olmamış, həmçinin narkotikin satışından heç bir gəlir əldə etməmişdir. Sadəcə olaraq Baba adlı şəxs ona istifadəsi üçün narkotik vasitələrin üzərindən götürüb istifadə etməyinə icazə vermişdir. Baba adlı şəxsə müxtəlif xatırlamadığı hesablara və xatırlamadığı məbləğdə pullar köçürmüşdür. Yalnız sonuncu dəfə 400 manata pulunu sonra ödəmək şərti ilə narkotik əldə etmiş və Baba həmin pulun 100 manatını ona verəcəyinə söz vermişdir. O, Baba ilə yazışdığı mobil telefonu bir neçə gün əvvəl itirmiş, harada olmasını bilməmişdir. Onun yaddaşı zəif olduğundan həmin mobil telefonun markasını, modelini, üzərində olan mobil telefon nömrələrini unutmuşdur. O, izahat verərkən, nə də ki, sənədlərə imza edərkən ona qarşı heç bir formada psixi, fiziki təsir göstərilməmişdir (iş vərəq: 164-169). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nün manqa komandiri Şahid1 ifadəsində göstərdi ki, 17 sentyabr 2022-ci il tarixdə, saat təxminən 06:20 radələrində o, Yasamal rayonu, İzmir küçəsi 1 ünvanda yerləşən “İZMİR” parkında xidmət yoldaşları, polis kiçik serjantı Şahid4, polis serjantı Şahid2 və polis serjantı Şahid3lə xidmətdə olarkən bir nəfər şəxsin narkotik vasitə istifadəçisi olmasından şübhələnərək ona yaxınlaşmışlar. Onlar özlərini həmin şəxsə təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra ona narkotik vasitələrin qəbulunda şübhələndiklərini deyib, üzərində qanunsuz əşya olub-olmamasını soruşmuşlar. Belə ki, şübhəli şəxs davranışından ən çox narkotmaniya sərxoşluğunda olan şəxsə bənzəmişdir. Saxlanılan həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmiş və narkotik vasitələr qəbul etdiyini və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onu Yasamal RPİ-nin 27-ci PB-nə aparmışlar. Orada həmin şəxsin 1983-cü il təvəllüdlü olduğu onlara məlum olmuşdur. Onlar bu barədə müvafiq raport tərtib etmişlər. Şahid1 həmin ifadəsində daha sonra göstərdi ki, 27-ci PB-də Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı narkotiki və psixotrop maddəni çıxarıb təqdim etmiş və həmin maddələr təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində olan maddələrin narkotik vasitə olan “heroin” və «şüşə» kimi tanıdığı psixotrop maddə olduğunu və ona məxsus olduğunu, ozü qəbul etməsi üçün 17 sentyabr 2022-ci il tarixdə, gecə saat 01-02 radələrində 400 manata nisyə olaraq, yəni pulunu sonradan ödəmək şərti ilə Sabunçu rayonunun Zabrat qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddəni kiməsə satmadığını, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmadığını, xəstə olduğu üçün həmin narkotik vasitəni özünün istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Şahid1 həmin ifadəsində daha sonra göstərdi ki, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini «WhatsApp» vasitəsi ilə yazışmaqla İran vətəndaşı kimi tanıdığı «Baba» adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə «Baba» adlı şəxs «WhatsApp» vasitəsi ilə narkotik vasitələrin qoyulduğu yeri göstərmiş, o həmin yerlərə gedib narkotikləri götürüb «Baba»nın sifarişi ilə başqa yerlərə qoyduğunu, bunun müqabilində «Baba»nın müxtəlif yerlərə qoyduğu narkotik vasitələrdən onun üçün təmənnasız olaraq vermiş, narkotik vasitələrdən əldə olunan pul vəsaitlərini «Baba» adlı şəxsin ona dediyi, lakin yadında saxlamadığı müxtəlif kart hesablarına göndərmişdir. Təqsirləndirilən şəxs, həmçinin göstərdmişdir ki, o, narkotiklərin satışı ilə məşğul olmamış, narkotikin satışından heç bir gəlir əldə etməmiş, «Baba» adlı şəxs ona istifadəsi üçün narkotik vasitələrin üzərindən götürüb istifadə etməsinə özü icazə vermişdir. Təqsirləndirilən şəxs deməsinə görə o, «Baba» adlı şəxsə müxtəlif xatırlamadığı hesablara və xatırlamadığı məbləğlərdə pullar köçürmüş, yalnız sonuncu dəfə 400 manata pulunu sonra ödəmək şərti ilə narkotiki əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik və psixotrop maddələr olan bükümlər müdafiəçinin və onların iştiraki ilə təhqiqatçı tərəfindən zərfə qoyulub möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunmuş və bütün iştirakçılar, o cümlədən müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Bu barədə protokol tərtib edildikdən sonra şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər “CD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Onlar Təqsirləndirilən şəxs tam təsadüfən xidmət zamanı saxlamış, onun narkotik vasitə və psixatrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və PB-nə aparılarkən və ya onun PB-də olduğu müddətdə ona qarşı heç bir qanunsuz hərəkət olmamış, o cümlədən onun cibinə və ya sumkasına onun iradəsinin əleyhinə hər hansı miqdarda narkotik vasitə və ya psixotrop maddə qoyulmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri Şahid4, Şahid2 və Şahid3 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları - Yasamal RPİ-nin PPXB-nün manqa komandiri Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək sonucunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə saat 07:25 radələrində Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında bölmənin baş təhqiqatçısı Tahir Əzizov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə könüllü surətdə təqdim olunması təklif edilmişdir. Təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən üzəri skoçla bağlanmış selofanın içərisində iki ədəd bükülünü və siqaretin gümüşü kağızına bükülmüş beş ədəd bükülüləri könüllü çıxardıb təqdim etmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükülülərin içərəisində olan kütlələrin narkotik vasitə heroin və psixitrop maddə şüşə olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülülər açılmış və içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab olunan heroinə oxşar maddə və kristal şəkilli, şəffaf rəngli psixotrop maddə metamfetaminə oxşar maddələr olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs izahat verərək üzərindən aşkar edilmiş maddənin heroin və şüşə olduğunu, həmin narkotik vasitələri 17 sentyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində tanımadığı və barəsində heç bir anket məlumatı olmayan kişi cinsli şəxsdən özünün istifadəsi üçün 400 manata nisyə olaraq alıb əynindəki göy rəngli cins şalvarının sol yan cibinə yerləşdirdiyini və xx.xx.2022-ci il tarixdə 06:20 radələrində Yasamal rayonu, İzmir küçəsi 1 ünvanında yerləşən “İzmir” parkında saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gətirildiyini bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində faktiki şəxsi axtarış aparılmış və özünün təqdim etdiyi kütlələrdən başqa onun üzərində hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 168 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən video yazan texniki vasitə olan “İphone” markalı mobil telefondan istifadə edilərək çəkilmiş video görüntü bir ədəd “CD” diskə yazılaraq materiala əlavə edilmişdir (iş vərəqə; 31-32). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində aparılmış “şəxsi axtarış və götürmənin” gedişatını özündə əks etdirən bir ədəd «CD» diskdəki videogörüntülər nümayiş olunmaqla protokollaşdırılmış və müəyyən edilmişdir ki, «CD» diskdəki videogörüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 sentyabr 2022-ci il tarixli protokolun məzmunu ilə üstüstə düşür və hər hansı qanun pozuntusuna və ya təhriflərə yol verilməmişdir(iş vərəqə; 59-60). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli, 6/5284 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 168 dairəvi möhür əksi və “….Təqsirləndirilən şəxs götürülmüş maddələr-Təqsirləndirilən şəxs imza ;dörd-imza,Tərtib etdi: T.Əzizov imza …” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 03 ədəd bükümlərdə təmiz çəkiləri -19,882 qram, 0,168 qram, 0,140 qram, ümumi təmiz çəkisi - 20,19 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə kustar üsulla hazırlanmış eyni narkotik vasitə heroindir, 03 (üç) ədəd bükümlərdəki təmiz çəkisi 6,198 qram, 0,325 qram, 0,049 qram, ümumi təmiz çəkisi 6,572 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə kustar üsulla hazırlanmış eyni psixatrop maddə – metamfetamindir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, ekspertiza tədqiqatına 01 ədəd bükümdə təqdim olunan, təmiz çəkisi 9,389 qram olan ağ rəngli xırda ölçülü toz şəkilli maddələrin tərkibində narkotik vasitələrə, psixatrop maddələrə və güclü təsir edən aid komponentlər yoxdur. Tədqiq olunan rəyin qeyd hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan heroin narkotik vasitəsinin təmiz çəkisinin 20,19 qram olduğu müəyyən edilmiş, bundan 0,1 qram tədqiqata sərf olunmuş və 20,09 qram qalıq qalmışdır, həmçinin müəyyən olunan metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 6,572 qram olduğu müəyyən edilmiş, bundan 0,1 qram tədqiqata sərf olunmuş və 6,472 qram qalıq qalmışdır (iş vərəqə; 39-44). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 7874 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan «Asılılıq Sindromu» (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə; 170-171). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-ambulator psixiatrik ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 3482 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda, yəni tədqiqat mərhələsində hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Tədqiqat mərhələsində Təqsirləndirilən şəxs öz hərəkəltərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə də öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin lərinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (iş vərəqə; 173-176). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilmiş sorğularla Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* saylı mobil nömrədən hər hansı cinayətin törədilməsində əlaqə vasitəsi kimi istifadə olunduğu müəyyən edilməmişdir (iş vərəqə; 180, 181). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının müvafiq qərarları ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 20,19 qram çəkidə narkotik vasitə heroin və 6,572 qram çəkidə kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertiza tədqiqatlarından sonra qalıq qalan 20,09 qram çəkidə narkotik vasitə olan heroin və 6,472 qram çəkidə psixatrop maddə olan metamfetamin Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, bir ədəd «CD» formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə; 192-204). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 20,19 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 6,572 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərindən dəfələrlə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin ümumilikdə 03 ədəd bükümlərdə olmaqla təmiz çəkisinin 20,19 qram, metamfetamin psixotrop maddəsinin ümumilikdə 03 ədəd bükümlərdə olmaqla təmiz çəkisinin 6,572 qram olmaqla külli miqdar təşkil etmələri, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını etiraf etməsi onun həm heroin narkotik vasitəsini, həm də metamfetamin psixotrop maddəsini qeyriləri ilə cinayət əlaqəsinə girməklə satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, saxlanılarkən onun üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə və ya psixotrop maddə olmaması, saxlanıldığı gün ümumiyyətlə Zabrat qəsəbəsində olmaması, təzyiqlər altında etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədəki ifadələrində göstərdiyi xüsusatlar, özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Suraxanı Rayon Məhkəməsinin 09 iyun 2010-cu il tarixli qərarına əsasən cəzadan altı ay iyirmi səkkiz gün vaxtından əvvəl şərti azad edilmişdir (iş vərəqə: 112-113). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cəzadan azad olunduğu 09 iyun 2010-cu il tarixdən sonra baxılan cinayət işi üzrə cinayət hadisəsinin törədilməsinədək təxminən on iki ildən artıq bir müddətdə başqa bir cinayət hadisəsi törətməmiş və Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından onun Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2009-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir və sonuncu baxılan iş üzrə məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər 12 noyabr 2012-ci il təvəllüdlü bir oğlu vardır, həmin uşaq anadangəlmə «uşaq serebral iflici – sağ tərəfli ventrikulo-peritoneal əməliyyatdan sonrakı vəziyyət» diaqnozu ilə xəstədir, ona 18 yaşadək əlillik təyin edilmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Ləcət kənd İƏD-nin nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, himaysindəki uşağın əlilliyini və onun özünün yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzəə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunub-olunmaması, onun narkomaniya xəstəliyindən dispanser qeydiyyatına götürülməsi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edir ki, məhkəmə-narkoloji ekspertizanın 28 dekabr 2022-ci il tarixli, 7874 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan «Asılılıq Sindromu» (narkomaniya xəstəliyi) aşkar olunduğundan onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmaqla onun barəsində tibbi-xarakterli məcburi tədbirlər təyin olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun məhkumluğu olmayan şəxs kimi ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 17 sentyabr 2022-ci il tarixdə saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 18 sentyabr 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 17 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 20,09 qram narkotik vasitə heroin və 6,472 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə hesablanmış 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 20,09 qram narkotik vasitə heroin və 6,472 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-796/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-796/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver