Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-796/2025 07.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X7 və X ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 3 may 2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu Hal kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri “Mirvari city” yaşayış kompleksi mənzil 16-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 7 may 2025-ci il tarixdə, saat 10:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Ali” adlı şəxsin istifadəsindəki +**********28 mobil telefon nömrəsi ilə özünə məxsus +**********06 nömrəli “İphone 11” markalı mobil telefonla qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma mübadiləsi tətbiqi üzərindən əlaqə yaradıb “Ali” adlı şəxs tərəfindən göndərilən koordinat üzrə 27 avqust 2024-cü il tarixdə, axşam saatlarında ünvan 1 ünvanın yaxınlığında məişət tullantıları atılmış yerdə ağacın altında gizlədilmiş külli miqdarda təmiz çəkisi 5730 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin (bundan sonra mətndə - Xətai RPİnin NBM) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 avqust 2024-cü il tarixdə, saat 00:15-də ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 2əşən Xətai RPİ-nin 35-ci Polis Bölməsinə (bundan sonra mətndə - 35-ci PB) gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əlindəki ağ rəngli polietilen bağlamada olan bir ədəd qara rəngli sellofanda təmiz çəkisi 5730 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 28 avqust 2024-cü il tarixdə “Whatsapp” tətbiqi vasitəsilə tanımadığı, sadəcə adını bildiyi şəxsdən 1 qram marixuana əldə etmək istəmiş və buna görə də həmin şəxsə 40 manat məbləğində pul göndərmişdir. 1 qram marixuananı götürmək üçün ona göndərilmiş koordinata, yəni Bakı şəhəri Xətai rayonu ərazisinə getmişdir. Həmin yerə çatdıqda orada ona aid olmayan bir bağlama olduğunu görüb həmin bağlamaya toxunmamış, sadəcə vizual şəkildə müşahidə etmişdir. Bu barədə o, dərhal narkotik vasitəni aldığı iranlı şəxslə əlaqə saxlayaraq “Bu nədir?!” deyib irad bildirmiş, o isə öz növbəsində üzrxahlıq edərək koordinatları səhv göndərdiyini və həmin bağlamanın ona aidiyyəti olmadığını bildirmişdir. Qeyd olunanları təsdiq edən “whatsapp” yazışmaları cinayət işinə əlavə olunmuşdur. Bundan sonra o həmin yerdən uzaqlaşmış və ümumiyyətlə sifariş etdiyi 1 qram marixuananı da əldə etməkdən imtina etmişdir. Təxminən 20-30 metr getdikdən sonra tanımadığı şəxs ona hücum etmişdir. Hücum edən şəxs onun qolundan tutduğuna görə mobil telefonunu oğurlamaq istədiyini düşünmüşdür. Polis olduğunu bilmədiyi həmin şəxsi itələyərək işıqlı bir yerə qaçmaq istəmiş, lakin bu zaman 5-6 nəfər hücum edərək onu döymüş və avtomobilə mindirmişdir. Sonradan ona hücum edən şəxslərin polis əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları onu polis bölməsinə aparmış, ora çatdıqdan sonra isə bir otağa aparılmış, sonradan həmin otağın rəisin otağı olduğunu bilmişdir. Otaqda olan zaman onu gətirən polis əməkdaşı rəisə onun həmin şəxs olmadığını bildirsə də, rəis artıq məruzə etdiyini və onu aparıb qeydiyyata salmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona hansısa bir bağlamanı göstərərək guya həmin bağlamanın ona məxsus olduğunu bildirməsini tələb etmişlər. O, polis əməkdaşlarının göstərişindən imtina edərək “Xeyr, bu bağlamanın mənə aidiyyəti yoxdur” demişdir. Həmin vaxt polislərin ona təqdim etdikləri Şahid4 adlı vəkil də yanında olmuşdur. Polislərin dediklərini etmədiyi zaman isə həmin vəkil otaqdan çıxarılmış, bundan sonra isə ona qarşı fiziki və psixoloji təzyiq göstərilmiş, onu döyərək bağlamanın ona məxsus olması ilə bağlı yalan ifadə verməyə məcbur edilmişdir. Bundan sonra polis əməkdaşları onu videoçəkilişlə bağlamanı hadisə yerindən götürməsi üçün hadisənin baş verdiyi yerə aparmışlar. Həmin əraziyə getdikdən sonra isə o əgər bağlamanı götürərsə, bu damğanın ömürboyu onun və ailəsinin üzərindən götürülməyəcəyini, ağrıların və döyülmələrin isə keçib gedəcəyini fikirləşib orada da bağlamanı götürməkdən qəti şəkildə imtina etmişdir. Bundan sonra o, yenidən polis bölməsinə gətirilmiş, orada barəsində qanunsuz olaraq cinayət işi başlanılması məlum olmuşdur. O, bağlamanı götürməmiş, bağlamanın onun əlində olması ilə bağlı hər hansı videogörüntü yoxdur. İstintaq orqanı həmin bağlamanı guya onun iranlıdan alması ilə bağlı yalan məlumat vermişdir. O, iranlıya yalnız 40 manat pul göndərmiş, həmin məbləğə isə 6 kiloqrama yaxın narkotik vasitə əldə etmək mümkün deyildir. O, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, hazırda verdiyi ifadə həqiqətə uyğundur.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, ibtidai istintaq zamanı fiziki və psixi təzyiqlərə məruz qalaraq döyülməsi, eləcə də bədəni üzərində yaranmış xəsarətlərlə bağlı hər hansı şəxsə və ya hüquqmühafizə orqanına məlumat verməmiş, o cümlədən barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra da bu barədə heç bir orqana şikayət etməmişdir. O, hazırda məhkəmə iclasında sərbəst və rahat olduğundan ibtidai istintaq zamanı təzyiqə məruz qalması barədə bildirir. O, mütəmadi olaraq narkotik vasitə qəbul etməmişdir. O, narkotik vasitəni sosial şəbəkədə tanış olduğu özünü Əli kimi təqdim etmiş şəxsdən özünə məxsus pulla almışdır. O, ittihamda göstərilən içərisində narkotik vasitə olan bağlamanı ümumiyyətlə əlinə götürməmişdir. O, narkotik vasitələrin istifadəsinə Türkiyədə təhsil almağa getdikdən sonra başlamış, orada olarkən narkotik vasitələrdən istifadə etmiş, lakin əvvəllər narkotik vasitələrdən istifadə etməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldığı yerdən şöbəyə aparılarkən, habelə şöbədən çıxıb yenidən saxlanıldığı yerə aparılarkən mobil telefonu üzərində olmuşdur. O, saxlanıldıqdan təxminən 1-1.5 saat sonra müdafiəçi gəlmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti isə saxlanıldıqdan 4-5 saat sonra aparılmışdır. O, saxlanılarkən polis əməkdaşlarına etiraz edərək şöbəyə getmək istəmədiyini bildirmişdir. Müdafiəçisinin internetdən əldə edərək təqdim etdiyi videogörüntülər polis əməkdaşlarının ona ilk dəfə yaxınlaşmasını əks etdirən kadrlardır. İş materiallarında olan ifadələrindəki imzalar onun özü tərəfindən icra edilmişdir. Müvəqqəti saxlama yerinə daxil olarkən üzərindəki xəsarətlər polislərin özləri tərəfindən qeydiyyata alınmış, lakin istintaq təcridxanasına daxil olarkən orada xəsarətləri barədə hər hansı məlumat verməmişdir. O, narkotik vasitə qurudulmuş marixuananın adını “patı” kimi bildiyindən narkotik vasitəni satan şəxsdən “patı” istəmiş, sonuncu ona həqiqətən “patı” göndərdiyi halda, həmin maddəni götürməkdən imtina edəcəkdi. İfadəsinin sonunda Təqsirləndirilən şəxs 23 yaşında olmaqla gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, xaricdə təhsil almaqla tutulması ilə əlaqədar təhsilinin yarımçıq qalmasını, özünü təqsirli bildiyi əmələ münasibətdə, yəni bir qram marixuana üçün hadisə yerinə getməsi ilə əlaqədar səmimi peşman olmasını və həbsdə olduğu müddətdə islah olunmasını bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi Şahid4 iştirakı ilə 29 avqust 2024-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, hər hansı psixi pozuntusu və xəstəliyi yoxdur, rəsmi olaraq heç yerdə işləmir, Almaniyada ali təhsil alır. İyul ayının sonlarında yay tətili ilə bağlı Azərbaycan Respublikasına gəlmişdir. 27 avqust 2024-cü il tarixdə yaşadığı Sumqayıt şəhərində olarkən qohumunun xaricə təhsil almağa getməsi ilə bağlı narkotik vasitə əldə edib əylənmək qərarına gəlmiş, bu məqsədlə sosial şəbəkədə tanış olduğu adını “Ali” kimi təqdim edən şəxslə əlaqə yaratmışdır. “Ali” adlı şəxs ona +**********28 saylı mobil nömrə altında “Whatsapp” sosial sms mübadiləsi tətbiqi vasitəsi ilə yazışmağı təklif etmiş və istifadəsindəki +**********06 mobil nömrə ilə həmin tətbiqdə qeydiyyatdan keçdiyi “İphone 11” markalı mobil telefonla “Ali”yə saat 20:42-də sms yazıb öz istifadəsi üçün adını “patı” kimi bildiyi narkotikdən bir qram çəkidə almaq istədiyini, mümkünsə yaşadığı Sumqayıt şəhərindən əldə etmək istədiyini bildirmişdir. “Ali” adlı iranlı istədiyi çəkidə narkotik vasitə marixuana təşkil edə biləcəyini deyib ***-***-**-** saylı mobil nömrənin M10 hesabına 40 manat pul göndərməsini tələb etmişdir. Sumqayıt şəhəri 6-cı Mikrorayon C.Məmmədquluzadə küçəsində quraşdırılmış “MilliÖn” ödəmə terminalından həmin tarixdə, saat 21:44-də 40 manat pulu həmin “M10” hesaba köçürüb “Ali” adlı şəxsə ödəniş çekinin fotosunu göndərmişdir. “Ali” ona “Narkotik vasitəni ünvanlara qoyan kuryerinin avtomobili xarab olduğu üçün Bakı şəhəri Xətai rayonu Xəzərin dairəsi adlanan yerdə qalıb, həmin ərazidə atılmış narkotikin koordinatını göndərəcək, gedib oradan götürməli olacaqsan” demişdir. Bundan sonra narkotikin olduğu yerin koordinatını saat 22:39-da göndərmiş və o, dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsinə getmişdir. Orada olarkən “Ali” adlı iranlı saat 23:57-də ona narkotikin olduğu yerin fotosunu göndərmişdir. O həmin foto ilə narkotik vasitənin işarə edildiyi sellofan bağlamanı məişət tullantıları atılmış yerdə ağacın altında müəyyən edib götürmüş, lakin çəkisinin ağır olduğunu müəyyən edib yerinə qaytarıb qoymuşdur. İranlı ilə danışdıqda iranlı ona həmin bağlamaya əl vurmamağını, səhv şəkil atdığını, ona satılacaq narkotikin ünvanını göndərəcəyini demişdir. Sonra qohumu Azərə zəng edib bildirmişdir ki, iranlının dediyi yerdədir, lakin göstərilən bağlamanın çəkisi ağırdır. Azər isə ona “içərisinə bax gör nə var bizə lazım olan bir şey deyilsə at yerində qalsın götürmə” demişdir. O həmin bağlamanı götürmüş və bu zaman “Ali” adlı iranlı sms göndərib bağlamanı götürməməsini, sahibinin başqa adam olduğunu, həmin bağlamanın çəkisinin çox olmasını bildirsə də, buna əhəmiyyət verməmiş və bağlamanı əlinə götürüb içərisində nə olmasına baxmaq üçün oradan uzaqlaşmışdır. Bir qədər piyada hərəkət edib avtomobil yoluna doğru gedərkən qarşı tərəfdən bir nəfər şəxsin gəlməsini görmüşdür. Həmin şəxsin səliqəli saç düzümündən polis olmasını ehtimal edib əlində olan bağlamanı kənara atıb qaçmaq istəsə də, buna nail ola bilməmişdir. Həmin şəxs onu saxlamış və bir nəfər əlavə mülki geyimdə olan şəxs də yanlarına gəlmişdir. Özlərini təqdim edib polis əməkdaşı olduqlarını, narkotik vasitə daşımaqda şübhə edildiyi üçün saxlanıldığı yerdə hava şəraitinin əlverişli olmaması səbəbindən onu polis bölməsinə dəvət etmişlər. Bölmədə olarkən vəkil dəvət edilmiş və üzərinə videoçəkilişlə axtarış keçirilən zaman əlindəki bağlamanı təqdim etmişdir. Bundan başqa üzərindəki iki ədəd mobil telefonu və bir ədəd plastik kartı polislərə təqdim etmişdir. Sorğu zamanı bağlamada narkotik olmasını, öz istifadəsi üçün əldə etdiyini və 40 manat pul müqabilində aldığını bildirmişdir. Bağlamada külli miqdarda narkotik olmasından xəbərdar olmamışdır. Sadəcə öz istifadəsi üçün bir qram narkotik əldə etmək məqsədi ilə 40 manat pul ödəyib iranlı tərəfindən bildirilən ünvandan narkotiki götürmək istəmişdir. Lakin iranlı həmin bağlamada narkotikin miqdarının çox olmasını, ona satmaq istədiyi narkotik olmadığını bildirsə də, buna əhəmiyyət verməyib bağlamada nə olmasına baxmaq üçün həmin ağ rəngli polietilen bağlamanı götürmüşdür. Əvvəllər bir neçə dəfə adını “nəşə” kimi bildiyi narkotikdən istifadə etmişdir. Bu məqsədlə sadəcə az miqdarda narkotik alıb istifadə etmək məqsədi olmuşdur. Narkotik vasitələri satmır. İfadəsində qeyd etdiyi hallara dair yazışmalar mobil telefonunda mövcuddur (İş vərəqi (bundan sonra mətndə-i.v.) 49-51; 83-85;).
5. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs sonradan məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 iştirakı ilə 15 noyabr 2024-cü il tarixdə verdiyi ifadəsində əvvəlki ifadələrinə əlavə olaraq göstərmişdir ki, 28 avqust 2024-cü il tarixdə polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmış, daha sonra yenidən onu saxladıqları əraziyə geri qaytarmış, üzərində saxlanıldıqdan 4 saat keçdikdən sonra şəxsi axtarış keçirilmiş, nə əvvəl, nə də tutulan zaman əlində narkotik vasitə olmamışdır (Cild 1, i.v. 174-175;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 28 avqust 2024-cü il tarixdə 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat tədbiri keçirilməsi üçün rəhbərlik tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvü Xətai RPİ-nin əməkdaşı Şahid2 olmuşdur. Dərhal həmin tarixdə, saat 00:15 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək üçün olduğu yeri müəyyən edib, Xətai rayonu N.Tusi küçəsinə gedərək əməliyyat mövqeyi seçmişlər. Təqsirləndirilən şəxs N.Tusi küçəsi 14 saylı ünvanda piyada hərəkətdə olmasını görüb saxlamışlar. Xidməti vəsiqələri göstərərək özlərini təqdim etmiş və narkotik vasitə daşımaqda şübhəli olduğunu deyib 35-ci PB-yə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı və videoçəkilişlə X10 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki ağ rəngli polietilen bağlamanı təqdim etmişdir. Həmin bağlamanın içərisindən bir ədəd qara rəngli sellofan büküm, həmin bükümün içərisindən isə yaşıl rəngli bitki tərkibli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şalvarın sol yan cibindən 2 ədəd “İphone” markalı mobil telefonlar və bir ədəd plastik bank kartı aşkar edilmişdir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu, harada, kimdən və nə məqsədlə almasını soruşduqda Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində adını “nəşə” olaraq bildiyi narkotik vasitə olduğunu, həmin bükümü internetdən tanış olduğu tanımadığı “Ali” adlı İran vətəndaşından 40 manat pul qarşılığında öz istifadəsi üçün aldığını, bağlamanı götürüb gedərkən qarşısına bir nəfər şəxsin çıxmasını gördükdə bağlamanı ataraq qaçmaq istəsə də, buna nail ola bilməyib polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. X10 təqdim edilən bükümü elektron tərəzinin üzərinə qoyaraq çəkisinin 6175 qram olmasını müəyyən etmiş və yekunda protokol tərtib edilmişdir.
9. Verilən suallara cavab olaraq şahid qismində dindirilmiş M.N.Mehdiyev ifadəsinə əlavə edərək göstərdi ki, 28 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması və daşınması ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq sonuncu ilə birlikdə ünvan 5 ünvanının qarşısına getmiş, xarici əlamətlərinə görə Mətinə oxşar şəxsin əlində maddə ilə getdiyini görüb sonuncuya yaxınlaşmış, həmin şəxs onları görüb həyəcanlanaraq əlindəki predmeti kənara atmışdır. Beləliklə, şübhəli şəxs tərəflərindən saxlanılaraq özlərini ona təqdim edib onu 35-ci PB-yə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə müdafiəçi çağırılmış, videoçəkiliş vasitəsilə gecə vaxtı üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, bu zaman özü könüllü olaraq narkotik vasitəni təqdim edib sosial şəbəkə vasitəsilə Əli adlı iran vətəndaşı ilə əlaqə saxlayaraq şəxsi istifadəsi üçün narkotik vasitəni götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən yanında heç kim olmamış, o, tək halda saxlanılmışdır. Daxil olmuş əməliyyat məlumatında narkotik vasitənin çəkisi barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı yerlə Xətai RPİ-nin 35-ci PB-yə qədər olan məsafə təxminən 5-10 dəqiqə olmuş, şəxsi axtarış aparılması üçün vaxt itkisinə yol verilməmişdir. C.Qubadov adlı əməliyyat müvəkkili keçirilmiş əməliyyat tədbirində iştirak etməmiş, ola bilsin ki, həmin şəxsin adı texniki səhv olaraq əməliyyat tədbirinin keçirilməsi haqqında qərarda qeyd olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi İran vətəndaşının şəxsiyyəti müəyyən edilməmişdir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru polis kiçik serjantı Şahid2 Müşfiq oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də şöbəyə gətirilərkən onlara etirazını bildirərək şəxsi istifadəsi məqsədilə narkotik vasitə almağa getdiyini bildirmiş, lakin onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək onun sonuncu ilə konfidensial söhbət aparması təmin edilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə aparıldıqdan sonra yenidən saxlanıldığı yerə qaytarılması kimi hal olmamışdır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bibisinin nəvəsidir. O, Təqsirləndirilən şəxs tutulmasının birbaşa şahidi olmamış, lakin hadisədən əvvəl onunla birlikdə olmuşdur. Belə ki, o həmin gün qardaşını təhsili ilə əlaqədar Türkiyəyə yola salmağa hazırlaşmış, Mətin də onları axşam saat 10-da maşınla hava limanına aparacağına dair söz vermişdir. Həmin gün təxminən axşam saat 7 radələrində qardaşı ilə birlikdə bərbərə getdikdən sonra Mətin də onların yanına gəlmiş, axşam saat 8 radələrində qohumları ilə vidalaşmaq üçün bərbərdən çıxmış, lakin Mətin onlarla gəlməyərək müəyyən işlərinin olduğunu, həmin işlərini bitirdikdən sonra onların yanına gələcəyini bildirmişdir. Bir müddət sonra o, Mətinə zəng edərək onunla maraqlandıqda sonuncu gələcəyini bildirmiş, lakin az sonra zənglərinə cavab verməmiş, onu gözlədiklərinə dair mesajlarına da geri dönüş etməmişdir. O, Mətinə sonuncu dəfə saat 22:30 radələrində zəng etmişdir. O, bir neçə gün sonra Mətinin tutulduğunu eşitmişdir. O, Mətinin narkotik vasitə qəbul etməsi barədə eşitmiş, lakin sonuncu onun yanında hər hansı narkotik vasitə istifadə etməmiş, eləcə də buna görə ondan pul istəməmişdir. Hadisədən əvvəl Mətin ona hara gedəcəyi barədə məlumat verməmişdir. O, ilk dəfə polis orqanında ifadə verməsi ilə əlaqədar stressli olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsində yazılanlara diqqət yetirməmiş, həmin ifadələr həqiqəti əks etdirməmiş, hazırda verdiyi ifadəsi isə doğrudur. İş materiallarında olan ifadəsinin sonundakı imzalar onun tərəfindən icra olunmuşdur. Mətin narkotik vasitə almağa getdikdən sonra ona narkotik vasitə almağa getdiyini demiş, o da sonuncuya “nə edirsən et, sonra gəl gedək hava limanına” demişdir. Mətinin 40 manat pul axtarmasından onun məlumatı olmamış, habelə sonuncuya pul verməmişdir.
12. Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumluq əlaqələri vardır. Mətinin əvvəllər narkotik vasitə istifadə etməsi barədə məlumatı olmuşdur. Həmin vaxtdan Mətinlə vaxt keçirməməyə çalışır. Mətinin narkotik vasitə istifadə etməsi halları olduğundan ailəsi xaricə təhsil almağa göndərmişdir ki, orada bu kimi əməllərdən uzaq olsun. 27 avqust 2024-cü il tarixdə, saat 19 radələrində qardaşı Ramal Vəliyevlə birlikdə Sumqayıt şəhərində bərbərə getmişdir. Qardaşı Ramal həmin gün axşam saatlarında Türkiyə Respublikasına təhsillə bağlı getməli olmuşdur. Ramal Mətinlə əlaqə saxlayıb bərbərdə olduğunu bildirmişdir. Həmin vaxt qardaşına Mətinin gəlməsinə razı olmadığını bildirsə də, Ramal xaricə getməli olduğundan “Mətin axşam hava limanına aparacağına söz verib, buna görə də Mətinə kobudluq etmə” bildirmişdir. Həmin gün təxminən saat 20 radələrində Mətin yanlarına gəlmişdir. Bir qədər sonra Mətin mobil telefonda “Whatsapp” sosial tətbiqi ilə danışmağa başlamışdır. Ümumiyyətlə Mətin bərbərə gəldiyi vaxtdan mobil telefonda yazışmağa və danışıq aparmağa başlamışdır. Telefonla danışıb bitirdikdən sonra Mətin onun yanına gəlib demişdir ki, “Mən gedirəm bir baş nəşə götürməyə, varındırsa mənə 40 manat borc pul ver, narkotiki alacağım şəxsin kartına göndərməliyəm”. Mətinə bildirmişdir ki, “üzərində pulu var, lakin özünə lazımdır, pulu yoxdursa nə üçün gedib narkotik alır”. Bundan sonra Mətin bərbər işləyən tanışından 40 manat borc pul almış və bildirmişdir ki, bir yerə gedib gələcəkdir. Sonradan Mətin yanlarına qayıtmadığından qardaşı ilə evə gedib çamadanları götürmüş və hava limanına getmişlər. Hətta saat 11-12 radələrində qardaşı Ramal Mətinə söz verməsini, hava limanına aparacağını, lakin gəlməməsini demək məqsədi ilə zəng etsə də, Mətin zənglərə cavab verməmişdir. Bundan 2 gün sonra məlum olmuşdur ki, Mətin polislər tərəfindən tutulmuşdur. Mətinin narkotik əldə etməyə getməsini bilmişdir. Mətin onunla əlaqə saxlayanda Mətinə əsəbi formada demişdir ki, “nə qələt edirsən özün bilərsən amma tez gəl qardaşımı hava limanına aparmalıyıq”. (Cild 1, i.v. 136-138;).
13. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisi olmuş Şahid4 məhkəmə iclasına dəvət edilərək izahatı alınmış və verdiyi izahatında göstərmişdir ki, hadisə günü təxminən saat 00:30 radələrində Xətai RPİ-nin 35ci PB-nin təhqiqatçısı Seymur Məmmədli ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək növbətçi olması ilə əlaqədar olaraq ona bölməyə yaxınlaşmalı olmasını, habelə təxminən neçə dəqiqəyə bölmədə ola biləcəyini soruşduqda o, evinin həmin polis bölməsinə yaxın olduğundan təxminən 10 dəqiqəyə orada olacağını bildirmişdir. Bundan sonra hazırlaşıb polis bölməsinə getmiş, təxminən saat 00:50 radələrində onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Polis bölməsində polis əməkdaşları onun yanında Təqsirləndirilən şəxslə nəzakətli davranmışdır. Təqsirləndirilən şəxslə söhbət zamanı onun xaricdə ali təhsil alan gənc olmasını öyrənmişdir. Təqsirləndirilən şəxs söhbət zamanı ona narkotik vasitə götürmək istəmədiyini, lakin parıltılı böyük kütlə onun marağına səbəb olduğundan içərisində nə olmasını bilmək istədiyini, həmin vaxt iki nəfər polis əməkdaşının ona yaxınlaşaraq həmin kütlə barədə soruşduqlarını, onun isə cavabında 2 qram narkotik vasitə üçün gəldiyini, həmin narkotik vasitənin isə ona məxsus olmadığını bildirmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının sualına cavab olaraq narkotik vasitəni götürdüyünü göstərmişdir. Təhqiqatçının ona zəng etməsi ilə onun polis bölməsinə gedib çatması təxminən 10 dəqiqə çəkmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti isə 5-10 dəqiqə ərzində davam etmişdir. O, Xətai RPİ-nin 35-ci PB-yə saat 04:00-da getməmişdir. Təqsirləndirilən şəxs onun iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra həyata keçirilmiş istintaq və prosessual hərəkətlər zamanı ona qarşı hər hansı fiziki və psixi təsirə məruz qalmasını bildirməmişdir. Hətta o, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinə şikayət də vermiş, lakin Təqsirləndirilən şəxs müraciəti əsasında həmin şikayətə baxılmasına xitam verilmişdir.
14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, müdafiəçinin izahatı ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 28 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əlindəki polietilen bağlamada olan bir ədəd qara rəngli sellofanda təmiz çəkisi 5730 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X11 tərəfindən həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq sonuncunun icraatına qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
16. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 28 avqust 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Xətai RPİ-nin NBM-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması, daşıması və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Xətai RPİ-nin rəisi polis polkovniki Vaqif Müslümov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin CAŞ-nin kiçik inspektoru polis kiçik serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.4-6; 9-10;).
17. Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 28 avqust 2024-cü il tarixli raportundan görünür ki, məlumat əsasında Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə, saat 00:15 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların intensiv olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilmişdir (Cild 1, i.v. 11;).
18. “Şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 00:15 radələrində Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində bilavasitə şübhəli bilinərək saxlanılmaqla Xətai RPİ-nin 35-ci PB-yə gətirilmiş, həmin bölmənin inzibati binasında xidməti otaqların birində Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı polis mayoru X8 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş hesab edilməsinə dair həmin tarixdə, saat 00:35-də protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 avqust 2024-cü il tarixdə, saat 00:15-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v.22;).
19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Şahid4 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 00:50-dən 01:02-dək Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı polis mayoru X8 tərəfindən həmin idarənin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və CAŞ-nin kiçik inspektoru polis kiçik serjantı Şahid2, eləcə də X1 inspektor kriminalisti polis baş leytenantı X12 və müdafiəçi Şahid4 iştirakı ilə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs saxlanılarkən əlində olan ağ rəngli sellofanın içərisində olan, qara rəngli sellofana bükülmüş içərisində yaşıl rəngli, bitki tərkibli narkotik vasitə hesab olunan marixuanaya bənzər maddələri təqdim edərək həmin maddələrin marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş kütlə təhqiqatçı tərəfindən elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin 6175 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni nə zaman və haradan alması soruşulduqda, o, təxminən dörd ildir narkotik vasitədən istifadə etdiyini, sosial şəbəkədə tanıdığı, özünü “Ali” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşından narkotik maddə almaq istədiyini bildirmişdir. Həmin şəxs ona narkotiki Xətai rayonu ərazisində bir məhəllədə ağacın dibinə qoyduğunu bildirərək ona həmin yerin məkanını və şəklini atmışdır. 28 avqust 2024-cü il tarixdə qaranlıq vaxtı ona atılmış məkana gəlmiş, həmin yeri axtarmış, narkotiki tapa bilmədikdə “Ali” adlı şəxsə “whatsapp” vasitəsilə zəng etmiş, həmin şəxs isə ona yenidən narkotik vasitənin gizlədildiyi yerin şəklini atacağını bildirmişdir. Bu zaman ağacın dibində olan ağ rəngli sellofanı görmüş və içərisində qara rəngli skoçlanmış sellofan bükülünü aşkar etmişdir. İçərisində qara rəngli sellofan bükülü olan ağ rəngli sellofan torbanı götürüb gedərkən qarşı tərəfdən bir nəfər şəxsin gəldiyini görüb əlində olan torbanı ataraq qaçmış, bu zaman mülki geyimli iki nəfər şəxs onu tutmuş və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdir. Narkotik maddəni özü qəbul etmək üçün 40 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan xalis çəkisini müəyyən etmək üçün qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sol yan cibindən 2 (iki) ədəd “İphone” markalı mobil telefon və 1 (bir) ədəd plastik bank kartı aşkar edilmişdir. İstintaq hərəkəti zamanı Xətai RPİ-nin KTQ-nin inspektor kriminalisti polis baş leytenantı X12 tərəfindən “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd edilmişdir. Bu barədə saat 01:08-dən saat 01:18-dək protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 31; 33-35;).
20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 avqust 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı 1 (bir) ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 10 dəqiqə 45 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq Nicat İbrahimov tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə dair 29 avqust 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavablar verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması, habelə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ilə bağlı hər hansı etiraz etməsi müəyyən edilməmişdir. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçinin saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki güc və ya digər zorakı hərəkətlərin olub-olmamasına dair verdiyi suala “xeyr” cavabı verməsi müəyyən olunmuşdur (Cild 1, i.v.52-53;).
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” 28 avqust 2024-cü il tarixli, 7/1437 nömrəli rəyindən görünür ki, üzərində “.....Təqsirləndirilən şəxs imza......” yazı və imzalar olan 1 (bir) ədəd ağ rəngli polietilen bağlamada olan 1(bir) ədəd qara rəngli sellofanda təmiz çəkisi 5730 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5730 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 5729,95 qram. Aparılmış tədqiqatın dəyərinin 70 (yetmiş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 39-43;).
22. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Xətai RPİ-nin İŞ-yə göndərilmişdir (Cild 1, i.v. 45;).
23. “Mobil telefona baxış keçirilməsi haqqında” 29 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şahid4 iştirakı ilə “İphone 11” markalı mobil telefona baxış zamanı telefondakı “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs +**********28 mobil telefon nömrəli şəxslə 27 avqust 2024-cü il tarixdə, saat 20:42-də sms vasitəsi ilə əlaqə yaratması, həmin şəxsdən “patı” kimi bildiyi narkotikdən minimum çəkidə istəməsi, həmin şəxsin həm yazılı, həm də səsli smslər vasitəsi ilə ona cavab verib istədiyi miqdarda istənilən şəhərdə narkotik təşkil edə bilməsini qeyd etməsi, bundan sonra Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “M10” hesabına 40 manat pul köçürməsini tələb etməsi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:44-də Sumqayıt şəhəri 6-cı Mikrorayon C.Məmmədquluzadə küçəsində quraşdırılmış “Million” ödəmə terminalı vasitəsi ilə həmin hesaba 40 manat məbləğdə pul köçürərək çekinin şəklini göndərməsi, həmin şəxsin Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsinin koordinatını göndərməsinin fotosu, həmçinin həmin yerdə narkotik vasitənin gizlədildiyi yerin fotosunu göndərməsi müəyyən edilmişdir. Bundan başqa, həmin mobil telefonun sms mətnlərində iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Həmçinin “İphone 15” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin nömrə ilə ona mesaj göndərən şəxsin “Ali” adı ilə bildiyi iranlı şəxs olduğunu, ondan 1 qram narkotik vasitə almaq istədiyini, göndərdiyi koordinat üzrə Bakı şəhəri Xətai rayonu ərazisinə gələrək şəkildə işarələnmiş yerdəki ağacın altında gizlədilmiş ağ rəngli polietilen bağlamanı aşkar etməsini, sonradan iranlının ona həmin bağlamanı götürməməsini, həmin bağlamanın başqa şəxsə məxsus olmasını bildirməsinə baxmayaraq, bağlamanı götürüb içərisində nə olmasına baxmaq üçün oradan uzaqlaşıb bir qədər piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılmasını bildirdi(Cild 1, i.v.54-69;).
24. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə ona izah edilmişdir (Cild 1, i.v. 71-72;).
25. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 4(011)- 576/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək qeyd olunan çəkidə narkotik vasitəni götürmək üçün getmədiyini, özü almaq istədiyi çəkiyə, yəni 1 qrama uyğun olaraq “M10” ödəniş sistemi vasitəsilə Ali adlı şəxsə 40 manat pul göndərdiyini, Alinin telefonla ona göndərdiyi ünvana gələndə paketin böyük olduğunu görüb bu barədə Aliyə xəbər verdiyini, Alinin isə cavabında ona koordinatları səhv atdığını deyərək paketin digər şəxs üçün nəzərdə tutulduğunu bildirdiyini, həmin paketə işığın altında baxmaq istəyəndə polisin onu tutduğunu göstərmişdir (Cild 1, i.v. 97-101;).
26. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 sentyabr 2024-cü il tarixli 4(103)-953/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Şahid4 tərəfindən verilmiş apellyasiya şikayətinə Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmadan saxlanılması haqqında qərar qəbul edilməsinə dair müraciəti əsasında xitam verilmişdir (Cild 1, i.v.118-119).
27. Xətai RPİ-nin 35-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Rəşad Həsənovun 4 oktyabr 2024-cü tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi, kimdən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə edilməmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmasına dair hər hansı sübut müəyyən edilməmişdir (Cild 1, i.v. 128;).
28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 7 noyabr 2024-cü il tarixli, 13613 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.141;).
29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 13 noyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (Cild 1, i.v.142-143;).
30. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 30 avqust 2024cü il tarixli, 5968 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir (Cild 1, i.v. 144-145;).
31. “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması, videogörüntülərin köçürüldüyü 1(bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5730 qram olan narkotik vasitə qurudulmuş marixuananın 5729,95 qram qalığının saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi və ekspert rəyində qeyd edilən miqdarın əsas götürülməsi, 1 (bir) ədəd “İphone 11” markalı mobil telefonun maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi, 1 (bir) ədəd “İphone 15” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən məlumatın olmamasının nəzərə alınması qərara alınmışdır (Cild 1, i.v. 146-154;).
32. “Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etdiyi mənbənin müəyyən edilməsi üçün ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış və ona ********* nömrəsi verilməklə icraata qəbul edilərək istintaqı aparılır (Cild 1, i.v. 155-156;).
33. "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmasını təsdiqləyən hər hansı məlumat müəyyən edilməmişdir (Cild 1, i.v.171;).
34. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.Ə.İbrahimov tərəfindən 18 noyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 22 noyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.182-192;).
35. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 4(011)- 701/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək tutulmamışdan əvvəl Almaniya Federativ Respublikasında təhsil aldığını, tutulduğu üçün təhsilini dondura bilmədiyini, təhsildə probleminin yaranmaması və universiteti dondura bilməsi üçün barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir (Cild 1, i.v.198-204;).
36. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 1(101)-2525/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır (Cild 2;).
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 9732/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almasını inkar etmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs yeni zədə və xəsarət izi aşkar olunmamışdır (Cild 2;).
38. Müdafiəçi tərəfindən “Youtube” sosial şəbəkəsindən (kanal: Baş Narkotiklərlə Mübarizə İdarəsi,@bnmipolisazerbaijan) əldə olunmaqla təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı müddəti 1 dəqiqə 1 saniyə olan videogörüntüdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4(dörd) nəfər “narkokuryerin”, həmçinin Təqsirləndirilən şəxs (fotoşəkili göstərilməklə) saxlanılması barədə məlumat səsləndirilərək həmin əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə xəbərdaredici məzmunda məlumat verilmişdir. Qeyd edilən videogörüntülərlə bağlı aidiyyəti üzrə sorğular verilmiş, həmin sorğulara müvafiq olaraq Xətai RPİ-nin rəisi polis polkovniki Vaqif Müslümovun 11 aprel 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Xətai RPİ-nin İstintaq şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı tamamlanmış cinayət işi üzrə keçirilmiş müvafiq əməliyyat tədbirlərinə dair sənədləşmə, eyni zamanda, istintaqa təqdim edilmiş videoçəkiliş aparılmasına dair disk cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə baxışına göndərilmişdir. Eyni zamanda, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətovun 2 aprel 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində həmin idarədə heç bir araşdırma aparılmamış, sonuncu Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq barəsində toplanmış material Xətai RPİ-nin İŞ-yə göndərilmişdir (Cild 2;).
39. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** və ***-***-**-** mobil telefon nömrələrinin anten dairələri ilə bağlı məlumatlar götürülərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi sonuncu dəfə 28 avqust 2024-cü il tarixdə, saat 00:05:51 radələrində “Darya_Chay_Evi/Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Nəsrəddin Tusi küçəsi, 43 A, Dərya çay evi/Khatai/ (40.36xx/xx.9632)” anten dairəsində, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi isə sonuncu dəfə 27 avqust 2024-cü il tarixdə, saat 23:33:08 radələrində “Ziya Bunyadov pr.Hyundai otoplaza” anten dairəsində aktiv olmuşdur (Cild 2;).
40. Müdafiə tərəfindən təqdim edilmiş tibbi sənədlərdən və “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs anası X5 onkoloji xəstəlikdən əziyyət çəkir(Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
43. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
45. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.
46. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
47. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.
48. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamda göstərilən yerə 1 qram narkotik vasitə almaq üçün getməsi, polis əməkdaşları tərəfindən ondan aşkar olunaraq götürülmüş 5730 qram narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmaması, ümumiyyətlə həmin narkotik vasitə qurudulmuş marixuananı götürməməsi (əl vurmaması), 4-5 nəfər polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalaraq saxlanılıb polis bölməsinə gətirildikdən sonra yenidən saxlanıldığı yerə geri qaytarılaraq orada çəkiliş edilməyə cəhd edilməsi, habelə üzərində saxlanıldıqdan 4-5 saat sonra şəxsi axtarış və götürmə aparılması, müdafiəçi Şahid4 yanında fiziki və psixi təzyiqlərə məruz qalması, sonuncunun ona keyfiyyətli hüquqi yardım göstərməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar və gətirdiyi dəlillər özünün ifadəsindən başqa hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi və törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
49. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
51. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
52. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı fiziki və psixi zorakılıq tətbiq edilməklə hədə-qorxu gəlinməsi barədə məhkəmədə ifadəsində göstərdikləri xüsusatlar şahid ifadələri və digər iş materialları ilə tam təkzib olunmuş, ona qarşı hər hansı psixi, fiziki və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, barəsində qapalı məhkəmə iclasında qətimkan tədbiri seçilməsi məsələsinin həlli zamanı aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmamasını bildirməsinə və fəal şəkildə özünü müdafiə etməsinə baxmayaraq, məhkəmə nəzarəti qaydasında məhkəmə qarşısında olarkən, habelə ibtidai istintaqın sonrakı mərhələsində müqavilə əsasında hüquqlarını müdafiə edən müdafiəçisinin iştirakı ilə əlavə dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı sonradan barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini, onun sərbəst olaraq barəsində hər hansı qanunsuzluq baş verdiyi halda müvafiq dövlət orqanlarına və sair qurumlara müraciət etmək imkanının olmasına baxmayaraq, belə halların olması müəyyən edilməmişdir. Hökmün 19-20, 25, 35 və 37-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
53. Məhkəmə, Təqsirləndirilən şəxs (bütövlükdə müdafiə tərəfinin) polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparıldıqdan sonra yenidən saxlanıldığı yerə geri qaytarılması ilə bağlı ifadəsində bildirdiklərinə tənqidi yanaşaraq hesab edir ki, sonuncunun ifadəsində göstərdiyi xüsusatlar məhkəmə qərarı əsasında əldə edilərək məhkəmə iclasında tərəflərin iştirakı tədqiq edilmiş mötəbərliyi şübhə altına alına bilinməyən anten əhatə dairəsi məlumatları ilə (bax hökmün 39-cu bəndinə) tam təkzib olunduğundan məhkəmə tərəfindən həmin hal müdafiə tərəfinin Təqsirləndirilən şəxs törətdiyi ağır cinayət əməlini yüngülləşdirməyə yönəldilmiş cəhdi kimi qəbul edilərək rədd edilir.
54. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfindən “Youtube” sosial şəbəkəsindən əldə olunmaqla məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş müddəti 1 dəqiqə 1 saniyə olan həmin videogörüntüyə baxış zamanı qeyd edilən videogörüntülərdə hər hansı qanun pozuntusunun olması halı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayətkarlığa, o cümlədən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ilə əlaqədar maarifləndirici və məlumat verici xarakterli video və fotoşəkillərin çəkilərək sosial şəbəkələrdə nümayiş etdirilməsi cəmiyyətin hüquq-mühafizə orqanlarına olan inamının artırılması və cinayətlərin törədilməsinin qarşısının alınmasına yönəlmiş profilaktik tədbir xarakteri daşıyır. Bu baxımdan müdafiə tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkə hesabından əldə edilmiş video görüntüdə hazırkı iş üzrə hər hansı halın müəyyən edilməməsi nəzərə alınmalıdır.
55. Bundan başqa, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı onun hüquqlarını müdafiə etmiş müdafiəçi Şahid4 ona keyfiyyətli hüquqi yardım göstərməməsi, hətta onun yanında polis əməkdaşları tərəfindən psixi təsirə məruz qalması, törətmədiyi əməli boynuna götürmədiyi üçün vəkil Şahid4 otaqdan çıxarılaraq ona qarşı fiziki və psixi təzyiq və təsir edilərək döyülməsi, sonuncunun o tutulduqdan yalnız dörd saatdan sonra ilk dəfə onunla görüşməsi və sair xüsusatlar iş materialları ilə öz təsdiqini tapmadığından tam inkar edilir. Belə ki, təqsirləndirilən şəxsin iddia etməsinin əksinə olaraq iş materialları ilə müdafiəçi Şahid4 hüquqlarını müdafiə etdiyi şəxsə keyfiyyətli hüquqi yardım göstərməsi, hətta barəsində seçilmiş qətimkan tədbirini apellyasiya qaydasında mübahisələndirməsi, lakin məhz təqsirləndirilən şəxsin müdafiəçinin apellyasiya şikayətinə baxılmadan qaytarılmasını xahiş etməsi ilə əlaqədar həmin şikayətin baxılmasına xitam verilməsi (bax hökmün 26-cı bəndinə), Şahid4 iştirakı ilə dindirildiyi və istintaq hərəkətləri keçirildiyi dövrdə təqsirləndirilən şəxsin məhz məhkəmə istintaqı zamanı da bildirdiyi kimi guya 1 qram narkotik vasitə üçün həmin yerə getməsini qeyd etməsi, eləcə də, məhkəməyədək icraatın sonrakı mərhələsində müqavilə əsasında hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 iştirakı ilə dindirilərkən əvvəlki ifadələrinə yalnız sonradan hadisə yerinə təkrar aparılaraq çəkiliş aparılmasına cəhd edilməsini bildirməsinə baxmayaraq, nə müdafiəçi Şahid4la birinci dəfə tutulduqdan dörd saat sonra görüşməsi, nə də sonuncunun yanında təzyiqlərə məruz qalması və sair xüsusatları bildirməmişdir.
56. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
57. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
59. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
60. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
61. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
62. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
63. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
64. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
65. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
66. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
67. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cinayət hadisəsi törədilərkən 22 yaşında olmaqla gənc olmasını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşmanlıq çəkməsini, əvvəllər məhkum olunmamaqla cinayət məsuliyyətinə cəlb olunmamasını, anasının onkoloji xəstəlikdən əziyyət çəkməsini, ali təhsil almaq istəməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamasını və məhkəmə icraatı dövründəki davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
68. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
69. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə yaxın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
70. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
71. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
72. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
73. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
74. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 28 avqust 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 22 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır.
75. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli isə 28 avqust 2024-cü il tarixdən hesablanmalıdır.
76. Məhkəmə hökmün 30-cu bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, CM-in 92.1.2 və 93-1-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
77. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
78. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xətai RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 5729,95 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş materiallarında olan “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkiliş zamanı videogörüntünün köçürüldüyü 1 (bir) ədəd disk, "xxxx" və "xxxx" MMC-dən götürülmüş 3 (üç) ədəd disk, cəmi 4(dörd) ədəd disk və müdafiəçinin təqdim etdiyi 1(bir) ədəd yaddaş qurğusu hazırkı cinayət işinin materiallarında saxlanılmalı, 1 (bir) ədəd “İphone 11” və 1 (bir) ədəd “İphone 15” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalıdır,
79. CPM-yə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
80. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
81. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
82. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
83. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
84. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 28 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 5729,95 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 4 (dörd) ədəd disk və 1(bir) ədəd yaddaş qurğusu hazırkı cinayət işinin materiallarında saxlanılsın, 1 (bir) ədəd “İphone 11” və 1 (bir) ədəd “İphone 15” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.