Məhkəmə qərarları › İş №1(101)-797/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-797/2022

06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-797/2022 06.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 12 oktyabr 1985-ci ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, üzərində ödənilməmiş məhkumluğu olan, Zəngilan rayonu, H.Hacıyev küçəsi, ev 4də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq 1 (bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi - 6,470 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 29.10.2021-ci il tarixdə, saat 17:00 radələrində Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 13-cü Polis şöbəsinə dəvət edilərək, orada onun üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd “Davidoff’ markalı siqaret qutusunun içərisində saxladığı 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, təmiz çəkisi - 6,470 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və ittiham aktında göstərilmiş külli miqdarda narkotik vasitə heroin ona məxsus olmamışdır. O, əvvəllər bir neçə dəfə narkotik vasitələrdən istifadə etdiyinə görə həbs olunsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məhkum olunmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə tutulmamışdır. Belə ki, o, ictimai nəqliyyat vasitəsində xırda oğurluğa, yəni cibgirliyə görə tutulmuşdur. Lakin polis əməkdaşları xırda oğurluqla bağlı onun uzun müddətə türməyə göndərilməsinin mümkün olmadığını görüb onu külli miqdarda narkotik vasitə ilə şərləmişlər. O, tutulduqdan sonra Polis şöbəsinə aparılmış və aparıldığı Polis şöbəsində polis əməkdaşları onu döyərək işgəncə vermişlər. Nəticədə isə o, polislərin dediyi ilə razılaşmış və polis əməkdaşlarının ona verdikləri narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Əslində isə ittiham aktında göstərilmiş külli miqdarda narkotik vasitə heroin ona məxsus olmamışdır. Polis əməkdaşları onu külli miqdarda narkotik vasitə heroinlə şərləmişlər. O, polis əməkdaşlarından qorxduğu üçün Polis şöbəsində döyülməsi və işgəncəyə məruz qalması barədə heç bir dövlət orqanına müraciət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, son sözlə çıxış edərkən özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, X4 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 29.10.2021-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 4-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Sonra onda və 13-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar yaşadığı ünvan 1 ünvanının qarşısında olması barədə təkrar məlumat almışlar. Daxil olmuş məlumat əsasında o, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ünvana getmişlər. Onlar saat 17:00 radələrində həmin üvnava çatmışlar və bu vaxt Təqsirləndirilən şəxs orada dayandığını görərək sonuncuya yaxınlaşmışlar. Onlar yaxınlaşdıqdan sonra özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxsi Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlar birlikdə Polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs saxlanılması barədə raport yazılmışdır. Raport üzrə araşdırmanın aparılması Polis şöbəsinin təhqiqatçısı, polis mayoru Rafiq Babayevə həvalə edilmişdir. Rafiq Babayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Həmçinin müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X1 şöbəsinə gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, eləcə də barəsində şəxsi axtarış aparılacağı izah edilmişdir. X7 şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs da barəsində şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparılmasına etirazının olmadığını bildirmişdir. Sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt üzərində qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, həmin gödəkçənin sol yan cibindən isə 1 (bir) ədəd “Davidoff” markalı siqaret qutusunu çıxararaq masanın üstünə qoymuşdur. X7 tərəfindən “Davidoff’ markalı siqaret qutusuna baxış keçirilən zaman qutunun içərisindən 1 (bir) ədəd büküm aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitənin olduğunu, həmin “kakosu” 29.10.2021-ci il tarixdə səhər vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra aparılmış prosessual hərəkətlə bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14.10.2021-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-6932/2021 saylı qərarından (cild 1, iş vərəqə 214-218) görünür ki, həmin gün Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.10.2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.10.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan onun ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.10.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 14) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.10.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.10.2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.10.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 34-35) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd “Davidoff’ markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30.10.2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4828 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 43-46) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,470 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31.10.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 54-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31.10.2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-853/2021 saylı qərarından (cild 1, iş vərəqə 80-83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbsdən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31.10.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 84-85) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02.11.2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 100) görünür ki, 6,470 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05.11.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 4(103)-665/2021 saylı qərarından (cild 1, iş vərəqə 114-119) görünür ki, apellyasiya protesti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31.10.2021-ci il tarixli, 4(008)-853/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10.11.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 108-111) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (7 dəfə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş və onun üzərində ödənilməmiş məhkumluğu var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28.12.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 5334 nömrəli rəyindən (cild 1, iş vərəqə 151-152) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01.02.2022-ci il tarixli Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin cavabından (cild 1, iş vərəqə 150) görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi, habelə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17.02.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 154-160) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittham elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,420 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc otağına verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28.03.2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməklə həbs qətimkan tədbirinin seçilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan (cild 1, iş vərəqə 194-195) görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmənin hazırlıq iclasına gəlmədiyindən onun barəsində həmin gün axtarış elan edilməklə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.04.2022-ci il tarixli Bakı İstintaq Təcridxanasının məktubundan (cild 1, iş vərəqə 198) görünür ki, Təqsirləndirilən şəxs 23.04.2022-ci il tarixdə həbs edilmiş və 26.04.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12.05.2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan (cild 1, iş vərəqə 201) görünür ki, cinayət işi üzrə icraatın dayandırılmasına əsas səbəb olmuş əsas aradan qalxdığından cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda, naməlum mənbədən, naməlum çəkidə və sayı məlum olmayan bükümdə qanunsuz olaraq narkotik vasitə heroin əldə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Habelə məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt əldə etməsini də müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında 29.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 13-cü Polis şöbəsinə aparılması, orada onun müdafiə hüququ təmin edilməklə üzərində şəxsi axtarış keçirilməsi və şəxsi axtarış zamanı onun əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd “Davidoff’ markalı siqaret qutusunun içərisində saxladığı 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, yəni təmiz çəkisi - 6,470 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi tam şəkildə təsdiq olunmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs tutularkən üzərində narkotik vasitə heroin olmadığını, onun üzərində şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə heroinin aşkar edilmədiyini, Polis şöbəsində polis əməkdaşlarının təzyiqinə məruz qaldığını, daha sonra polis əməkdaşlarının onun cibinə külli miqdarda narkotik vasitə heorini qoyduqlarını bildirsə də, məhkəmə bununla razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxs bu məsələdə səmimi olmamış, yalan ifadə verməklə öz məsuliyyətini yüngülləşdirmək istəmişdir. Belə ki, təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, eləcə də ibtidai araşdırmanın sonraki mərhələsində polis əməkdaşlarının təzyiqinə məruz qalması barədə heç bir səlahiyyətli orqana müraciət etməmiş, habelə şəxsi axtarış zamanı üzərindən aşkarlanmış narkotik vasitənin növünü, çəkisini və olduğu bükümün sayını mübahisələndirməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsini dəyişərək heç kimə narkotik vasitə satmaması məzmununda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Eyni zamanda məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14.10.2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad olunmasına baxmayaraq, 15 gündən sonra, yəni 29.10.2021-ci il tarixdə yenidən külli miqdarda, ümumi təmiz çəkisi - 6,470 qram təşkil edən narkotik vasitə heroini qanunsuz olaraq əldə etməklə saxlamış və daşımışdır. Yəni Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad olunduqdan sonra cinayət tərkibli əməllərindən vaz keçməmiş və azadlıqda olduğu müddət ərzində heç bir yerdə işləmədiyi halda külli miqdarda narkotik vasitə heroini əldə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən məqsədi məhz qazanc əldə etmək olmuşdur. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütüm tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Eyni zamanda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən sadə residivin mövcud olması müəyyən edilmişdir. Bu səbəbdən də sadə residiv onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli məhkəmə hökmünə əsasən Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 28 gün müddətindən şərti olaraq azad edilməsinə baxmayaraq, yəni cəzadan azad olunduqdan 15 gün sonra yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin sadə residivini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Həmçinin həmin qərarda göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Habelə, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından azad edilməsi ləğv edilməli, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli məhkəmə hökmü ilə təyin edilmiş, lakin çəkilməmiş 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən həbsə alındığı gündən, yəni 23.04.2022-ci il tarixdən hesablanmalı, eləcə də onun 29.10.2021-ci il tarixdən 31.10.2021-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,420 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından azad etmə ləğv edilsin, Təqsirləndirilən şəxs təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 28 gün müddətə cəza hissəsi ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il 6 (altı) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 aprel 2022-ci il tarixdən hesablansın, onun 29 oktyabr 2021-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində 6 (altı) il 6 (altı) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,420 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar