Məhkəmə qərarları › İş №1(101)-798/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-798/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-798/2025 14.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, müdafiəçilər Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «Praym Leqal » Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1988-ci ildə Bakı Şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli , himayəsində 2011-ci il və 2019-cu il təvəllüdlü övladları olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,245 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 iyul 2024-cü il tarixdə saat 15:20-də Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən «Yeni» marketin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,245 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 2,914 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 iyul 2024-cü il tarixdə saat 13:45-də Sabunçu rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi fərdi nömrəsiz evin yaxınlığında özünü şübhəli aparması səbəbindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümündə təmiz çəkisi 2,914 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilirək göstərmişdir ki, o vərəm xəstəsi və ruhi xəstə olduğu üçün bədənində olan ağrıları sakitləşdirmək üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edərək qəbul etmişdir. Evlidir, himayəsində 2 azyaşlı uşaqları vardır, «Binə» ticarət mərkəzində satıcı işləmiş, pulu olmuşdur. Halhazırda isə 5 aydır həbsdə saxlanılır. Ruhi xəstəliyi ilə əlaqədar 2006-2013-cü illərdə Bakı şəhəri, Nərimanov rayonu ruhi dispanserində müalicə almış, Bakı şəhəri, Binəqədi rayonu 9 saylı şəhər poliklinikasında qeydiyyatdadır, həmçinin iki il bundan əvvəl Maştağada yerləşən psixiatrik xəstəxanada 21 gün stasionar müalicə almışdır. Bundan başqa narkotikdən asılılığı ilə əlaqədar Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən «Relevium» adlı reabilitasiya mərkəzində müalicə almışdır. Həqiqətən o 2024-cü ilin iyul ayında şəxsi istifadəsi üçün Papanindən tanımadığı şəxsdən 0,245 qram heroin əldə etmiş, əldə etdikdən sonra Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən həmin rayonun ərazisində yerləşən yeni marketin yaxınlığında saxlanılaraq bölməyə aparılmış, orada üzərinə keçirilən baxış zamanı idman şalvarının sağ yan cibində saxladığı həmin heroin olan bükümü təqdim etmişdir. Həmin epizodla bağlı barəsində həbs qətimkan tədbiri seçilməmiş, azadlığa buraxılmışdır. Lakin bədənində və başında ağrılar kəsmədiyi üçün birinci epizoddan 10 gün sonra Kubinkadan şəxsi istifadəsi üçün metamfetamin əldə etmiş və bu dəfə Bakı şəhəri, Sabunçu RPİ-nin PPXB-nin əməkdaşı tərəfindən Qala-Ramana qəsəbəsində saxlanılaraq 12-ci PŞ-nə aparılmış və orada üzərinə keçirilmiş baxış zamanı həmin metamfetamini təqdim etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, onu əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 27 iyul 2024-cü il tarixdə saat 14 radələrində həmkarı polis kiçik serjantı Şahid2 ilə birlikdə təhkim olunduğu inzibati ərazi üzrə xidməti maşınla xidmətdə olan zaman Sabunçu rayonu, Qala Ramana qəsəbəsindəki Tağı obyektin yanında hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs yolun kənarında otluqda nə isə axtardığını, sonra nə isə tapıb «tapdım» deyərək əlini göyə qaldıraraq qışqırdığını və tapdığı əşyanı cibinə qoyduğunu görüb onun narkotik vasitə əldə etməsindən şübhələnərək ona yaxınlaşmışlar. Şahin onları gördükdə qaçmağa cəhd etdi, lakin onlar buna imkan verməyib saxlayaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirib təhqiqatçıya təqdim etdilər. Təhqiqatçı tərəfindən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə onun və həmkarının Şahid2 iştirakı ilə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən üzərində 3D yazısı olan bir ədəd bükümü çıxarıb təqdim etdi və həmin bükümdə patı olduğunu, onu tanımadığı şəxsdən əldə etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, xx.xx.2024-cü il tarixdə ona Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, döngə 3, ev 30-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və ya narkotik vasitələrin xeyli miqdarda əldə edərək üzərində gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Məlumatla bağlı əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilməklə, ondan və həmkarı Şahid4 ibarət əməliyyat qrupu yaradıldı. Elə həmin gün saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən «Yeni» Marketin yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış, özülərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 43-cı polis bölməsinə gətirib təhqiqatçıya təqdim etmişlər. Bundan sonra onun və həmkarı Şahid4 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi . Baxışı şöbənin ekspert-kriminalisti videogörüntüyə almışdır. Baxış zamanı Təqsirləndirilən şəxs idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içində «kakos», yəni heroin olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 17 iyul 2024cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata aldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır. Belə ki, xx.xx.2024-cü il tarixdə gecə vaxtı həmkarı Şahid1lə birlikdə xidməti maşınla Bakı şəhəri, Sabunçu rayonu Qala-Ramana ərazisində xidmətdə olduğu zaman yolun kənarında hal-hazırda məhkəmə zalında gördüyü qara geyimdə olan Təqsirləndirilən şəxs ağacların arasında otluqda nə isə axtardığını, sonra nə isə tapıb şalvarının cibinə qoyduğunu görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onları gördükdə uzaqlaşmağa cəhd etdi, lakin onlar buna imkan verməyərək onu saxlayıb onun narkotik vasitə əldə etməsində şübhələndiklərini bildirərək xidməti maşına mindirib Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. Maşını həmkarı Şahid1 idarə etmiş, o isə arxa oturacaqda Təqsirləndirilən şəxs yanında əyləşdi ki, sonuncu üzərində olan hər hansı bir əşyanı kənarlaşdırmasın. Təqsirləndirilən şəxs şöbəyə aparan zaman sonuncu onu buraxmaq üçün pul təklif etdi, lakin onlar onun bu təklifini rədd etdik. Şöbədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində o və həmkarı Şahid1 iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan idman şalvarının yan cibindən bir ədəd büküm çıxarıb təqdim etdi və bildirdi ki, bükümdəki şüşədir, şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbirilə əlaqədar tanıyır. Belə ki, xx.xx.2024-cü il tarixdə həmkarı Şahid3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, döngə 3, ev 30-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və ya narkotik vasitələrin xeyli miqdarda əldə edərək üzərində gəzdirməsi, istifadə etməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Məlumatla bağlı əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edildi, o və həmkarı Şahid3 ibarət əməliyyat qrupu yaradıldı. Elə həmin gün saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən «Yeni» Marketin yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 43-cü polis bölməsinə gətirib təhqiqatçıya təqdim etmişlər. Bundan sonra onun və həmkarı Şahid3 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içində «kakos», yəni heroin olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 17 iyul 2024-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata aldığını bildirdi. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki zor və ya təzyiq olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi özünün və şahidlərin istər ibtidai istintaq, istərsədə məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulmasına dair” 17 iyul 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 17 iyul 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə nə olduğu soruşulduqda o, həmin bükülüdə “kakos”-u olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin “kakos” 17 iyul 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün maddəsinin, çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü elektron tərəzinin üstünə qoyulmuş və onun çəkisi “0,40” qr. olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində psixotrop maddə metafetaminə bənzər maddə olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış 19 iyul 2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən təmin edilmədiyindən həmin tarixdə sonuncunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 22 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesini əks etdirən 1 ədəd DVD diskinə baxış keçirilərək tərtib edilmiş protokoldan müəyyən olunur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 17 iyul 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Rövşən Xanbabayevin qarşısında sol tərəfində oturmuş şəxs Təqsirləndirilən şəxs, təhqiqatçının qarşı sağ tərəfində oturmuş şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis kapitanı Şahid4 və təhqiqatçının qarşısında masadan kənar sol tərəfdə oturmuş şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3dur. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Şahin Baoğlanov əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellefona bükülmüş bükümü çıxardıb masanın üzərinə qoyur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində «Kakos» olduğunu, həmin bükümü 17 iyul 2024cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirir. Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır. Videoçəkilişə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin çəkilişdə əksini tapmış xüsusatlar təhqiqatçı Rövşən Xanbabayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda öz əksini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 iyul 2024-cü il tarixli, 6/3688 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 234” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,245 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,245 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,195 qram. Məhkəmədə elan edilib araşdırılmış ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4933 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı X3 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulmasına dair” 27 iyul 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 27 iyul 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs X5 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristal formalı maddə təqdim etmişdir. X6 verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “Patı” olduğunu, adını Bəhram kimi təqdim etdiyi şəxsə 120 manat hesabına pul köçürərək aldığını, Qala Ramana qəsəbəsindən daşın altından götürdüyünü və istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 3-4 aya yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 28 iyul 2024-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesini əks etdirən və iş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskinə baxış keçirilərək tərtib edilmiş protokoldan müəyyən olunur ki, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqda Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X14, Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid1 və polis kiçik serjantı Şahid2 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Şəxsi axtarışda iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanuna zidd əşya varsa təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş maddəni təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, əlavə əşya və predmet aşkar edilmir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açılaraq baxış keçirilərkən içərisində ağ rəngli kristal formalı maddə olması müəyyən edilir. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq o, 3-4 ay müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, üzərindən götürülmüş həmin kütlənin psixotrop maddə “patı” olduğunu, özünü Bəhram kimi təqdim etmiş şəxsin hesabına 120 manat pul köçürməklə aldığını, Qara Ramana qəsəbəsində daşın altından götürdüyünü və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd zərfdə qablaşdırılır və üzəri möhürləndikdən sonra şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanır. Məhkəmədə elan edilib araşdırılmış ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2024-cü il tarixli 6/3853 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün № 159” möhür əksi, “X4 üzərindən aşkar edilərək götürülmüş maddə; İştirakçılar /imza/ Şahid1; /imza/ Şahid2; Saxlanılan şəxs /imza/ Balaoğlanov Şahin; Tərtib etdi və qablaşdırdı təhqiqatçı /imza/ A.Səfərov” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 2,914 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 2,914 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 2,814 qram. Məhkəmədə elan edilib araşdırılmış 29 iyul 2024-cü il tarixli Sabunçu rayon Məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsdə olma müddətinin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək istifadə etmək məqsədilə narkotik vasitəni əldə etdiyini etiraf etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 07 oktyabr 2024-cü il tarixdə "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, 21513 saylı məktub vasitəsilə daxil olmuş CD diskə baxış keçirilərək tərtib edilmiş protokoldan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsinin anten məlumatları, daxil olan və çıxan zənglər, mesaj mətnləri, həmin nömrələrin sahiblərinə dair məlumatlar əks edilmişdir. Həmin məlumatlara baxış keçirildikdə müəyyən olunur ki, diskin yaddaşında «13593-xx.xx.2024» adlı 01 ədəd “ZİP” faylı vardır. Həmin fayl açıldıqda içərisində «513954476_SMS» və «**********76» adlı 02 ədəd “txt” faylı, «513954476-ant internet», «513954476-ant zəng» və «513954476k.m.» adlı 03 ədəd “xlsx” faylı olması müəyyən edilmişdir. Həmin fayllar ardıcıllıqla açılaraq baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində aparılmış danışıqlara dair məlumatlar, sms mətnləri və abunəçilərə dair məlumatlar, habelə anten məlumatları aşkar edilmişdir. Qeyd olunan məlumatlara baxış keçirilərkən cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X17 xx.xx.2024-cü il tarixli, 13813 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi”-nin xx.xx.2025-ci il tarixli 2783 saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Onda xasiyyətin psixopatik tipli cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etməl iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış ********* saylı cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavabdan müəyyən olunur ki, vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddəni hansı yolla və hansı mənbədən əldə etməsini, satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Tədbirlər zamanı Təqsirləndirilən şəxs metamfetamini əldə etdiyi “Bəhram” adlı şəxs və sonuncunun narkotik vasitələri satdığı digər şəxslər müəyyən edilməmiş, Təqsirləndirilən şəxs “Bəhram” adlı şəxslə və qeyri şəxslərlə narkotik vasitələrin dövriyyəsi ilə bağlı sövdələşməsinin olması barədə hər hansı məlumat əldə edilməmişdir. 24 sentyabr 2024-cü il tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsindən ötrü Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş, həmin tarixdə ********* saylı cinayət işi icraata qəbul edilərək ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ibtidai istintaq ********* statsitik nömrə altında davam etdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 14 noyabr və 15 noyabr tarixli “cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi haqqında” və “təqsirləndirilən şəxs barəsində yenidən ittiham edilməsi barədə” 2024-cü il tarixli qərarlardan müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilməklə, ona CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsüf edilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,814 qram psixotrop maddə metamfetamin və 0,195 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, üzərinə şəxsi axtarış və götürmə videogörüntüsünü əks etdirən 01 CD disk və "xxxx" MMC-dən əldə edilmiş 01 CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, X11 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlləri törətməsi özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri həqiqəti əks etdirməklə cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən mötəbər ifadələr kimi qiymətləndirilir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə uyğun olaraq himayəsində iki az yaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdən biri, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 27 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ilk epizodu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə qaldığı 02 (iki) gün müddəti Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatdan sonra qalıq qalan 2,814 qram psixotrop maddə metamfetamin və 0,195 qram narkotik vasitə heroin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 125 (yüz iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnnun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə mərhələsində göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri “Alyans” Vəkil Bürosunun hesabına 584 (beş yüz səksən dörd) (144+440) manat məbləğində pul köçürülməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 (iki) gün müddətində həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ -nin maddi sübutları saxlama kamerasında saxlanılan maddi sübutlar – ekspertiza tədqiqatdan sonra qalıq qalmış 2,814 qram psixotrop maddə metamfetamin və 0,195 qram narkotik vasitə heroin məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilməklə cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitə və psixotrop maddənin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 584 (beş yüz səksən dörd) manat pul Bakı şəhəri “Alyans” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Rasim Sadıxov Hakimlər Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar