Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-799/2023 17.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:05 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Kürdəmir rayonunun Şıxımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonunun Xırdapay kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilir onda ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – təmiz çəkisi 3,921 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsinə daşımış, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 18 sentyabr 2022-ci il tarixdə saat 18:00-da özünü şübhəli apardığı üçün həmin ərazidə saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən şalvarının sol yan cibindəki pul kisəsindən bir ədəd içərisində külli miqdarda - 3,921 qram psixotrop maddə metamfetamin olan şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, özü heç vaxt heç bir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, ömründə heç siqaret belə çəkməmişdir. İki azyaşlı uşağı vardır, özü də əsəbləri yerində olmayan bir insandır. İşigücü küçələrdən metal, plastik tullantıları yığıb təhvil verməkdən ibarət olub. Zəhmətlə qazandığı pulları da ailəsinə sərf edib. Uşaqlarını dolandırmaqda çox çətinlik çəkdiyindən Kürdəmir rayonunda yaşayan anası ona dəstək olmuşdur. Əvvəllər təxminən 4-5 il müddətində yaşadığı Kürdəmir rayonunda Polis İdarəsi ilə könüllü əməkdaşlıq etmiş, əsasən narkotik vasitələrlə mübarizə işində köməklik göstərmişdir. Sonralar Bakı şəhərinə gələndən sonra təxminən 2-3 il ərzində Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində könüllü kimi işləmiş, narkotiklərlə mübarizədə polisə xeyli kömək etmişdir. Narkotik vasitələrə, belə maddələri satan şəxslərə qarşı nifrət bəslədiyindən böyük həvəslə bu işdə polisə kömək etmişdir. Bu işinə görə ona bu və ya digər şəkildə pul da ödənilmişdir. Amma sonradan polislər tərəfindən uzaqlaşdırılmış, ona görə də fəhləliyə başlamışdır. İşdən uzaqlaşdırılmasının dəqiq səbəbini bilmir, amma ola bilsin ki, bu onun əsəblərinin bir qədər yerində olmaması ilə bağlı olmuşdur. Kürdəmir rayonunda polisdən uzaqlaşandan sonra onda olan məlumatlara görə rayonda narkotik ticarəti xeyli artmışdır. Hər dəfə rayona gedəndə vəziyyətin daha pis olduğunu görmüş, buna etirazını bildirmiş, amma belə etirazlarına görə polis işçiləri həmişə onu təqib etmişlər. Kürdəmir rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı şikayətlər yazmış, yerli icra orqanlarının qanunsuz hesab etdiyi hərəkətləri barədə yuxarı rəhbərliyə şikayətlər ünvanlamışdır. Bu şikayətlərə görə də Kürdəmir rayonunda polis əməkdaşları ilə münasibətləri çox pozulmuş, orada bir neçə dəfə saxlanmış, təzyiqlərə məruz qalmışdır. Hətta Kürdəmirdə saxlanarkən də bir neçə dəfə özünə xəsarətlər yetirmişdir. 2022-ci ilin fevral ayında «Kanal 13» internet televiziyasına polislər tərəfindən ona qarşı edilmiş təzyiqlər, narkotiklə bağlı baş verən özbaşınalıqlar barədə geniş müsahibə vermişdir. Həmin verilişdən sonra ona qarşı münasibət daha da pisləşmişdir. Bundan başqa, Daxili İşlər Nazirliyinin qarşısına gedib üstünə benzin tökərək yandırmaq istəmiş, bu prosesi videoya çəkib «Tiktok»da yaymışdır. Özünü həm də şeyxülislamın qohumu kimi təqdim etdiyindən «Tiktok»dakı videoları sonradan sildirilmişdir. Amma həqiqətən də onun şeyxlə qohumluğu çatır. 13-cü Polis Bölməsinin rəis müavini olmuş Əli Əsədullayevin də şeyxin qohumu – bacısı oğlu olduğunu bilir. X35 və başqaları onun qohumluqla bağlı yalan danışdığını deyib bu sözlərinə görə də ona təzyiq etmişlər. 18 sentyabr 2022-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində üzərindən aşkar olunmuş metamfetamin ona məxsus deyil, polislərin özləri tərəfindən onun üstündəki pul qabının içərisinə yerləşdirilib cibinə qoyulmuş, şərlənərək tutulmuşdur. Bunun da əsas səbəbi odur ki, şərlənərək tutulduğu gündən təxminən bir il əvvəl, yəni 2021-ci ilin sentyabr ayında onun Daxili İşlər Nazirliyinin 102 xidmətinə ünvanladığı bir şikayət ərizəsi üzrə 32-ci Polis Bölməsində araşdırma aparılmışdır. Həmin araşdırmanın nəticəsində onun mənafeyinə uyğun olmayan, qanunsuz hesab etdiyi və şikayətçi kimi ona məlumat verilmədən, surəti təqdim olunmadan qərar qəbul edilmişdir. Belə ki, o vaxtlar 2 azyaşlı uşağı olan Xalsayeva Tünzalə adlı qadınla tanış olmuş və Sabunçu rayonu ərazisində birlikdə kirayədə yaşamağa başlamışlar. Birlikdə yaşadıqları vaxtda o, hər gün qazandığı puldan saxlaması üçün Tünzaləyə vermiş, həm də evin tələbatını ödəmişdir. Təxminən iki aydan sonra Tünzalə daha ərinin yanına qayıtmaq istədiyini deyib ondan ayrılıb getmişdir. Amma az sonra dəqiqləşdirmişdir ki, Tünzalə əri ilə birlikdə Qaraçuxur qəsəbəsində yaşayır. Tünzalənin yanına gedib yenidən bir yerdə yaşamağı təklif etsə də sonuncu razılaşmamış, o da Tünzalədən saxlamaq üçün verdiyi pullarını istəmişdir. Onun hesablamasına görə Tünzalədə ən azı 800 manat pulu qalmışdır. Yəni, əslində o, həmin məbləği döşəyin altında gizlətmiş, Tünzalə də onu götürmüşdü. Amma Tünzalə ona cəmi 50 manat pul qaytarmış və həm də sonradan polisə onun barəsində şikayət edərək guya əsassız şəkildə ondan pul tələb etdiyini bildirmişdir. Bu şikayətlə bağlı ona 32-ci Polis Bölməsindən zəng edilmiş, zəng edən əməkdaşa rayonda olduğunu bildirmiş, sonra gələcəyini demişdir. 24 sentyabr 2021-ci il tarixdə isə Tünzalənin ona yalandan şər-böhtan atmasından əsəbləşərək bıçaqla özüözünə - qoluna və ayağına xəsarətlər yetirmişdir. Bu xəsarətlərlə bağlı 3 saylı şəhər klinikasında müalicə olunmuş, yaralarına tikişlər qoyulmuşdur. Tünzalə Xasayeva isə polisə belə izah etmişdir ki, guya yenidən bir yerdə yaşamaları tələbinə əməl etmədiyindən aralarında mübahisə yaranmış, ona təsir etmək üçün bu məqsədlə özünə xəsarət yetirmişdir. Araşdırma materialı 32-ci Polis Bölməsindən aidiyyəti üzrə davam etdirilməsi üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə göndərilmişdir. Amma 13-cü Polis Bölməsində onun şikayətinə ümumiyyətlə diqqətsiz yanaşılmış, onun qanuni tələbi bir kənara qoyularaq 800 manat pulunun Tünzalədən alınıb verilməsi üçün heç bir tədbir görülməmiş, onu heç insan yerinə qoyan olmamış, araşdırmanın yekunu ilə bağlı da ona heç bir yazılı sənəd verilməmişdir. Sonradan bununla bağlı dəfələrlə 13-cü Polis Bölməsinə müraciət etsə də həmin Bölmədə onu heç kim dinləməmiş, Bölmənin işçiləri aşkar şəkildə Tünzalənin tərəfini saxlamış, hər dəfə də çox kobud ifadələrlə Bölmədən qovulmuş, ona ağılsız biri kimi münasibət göstərilmişdir. Bütün bunlara etiraz əlaməti olaraq 10 mart 2022-ci il tarixdə 13-cü Polis Bölməsinin qarşısında özü-özünə bıçaqla xəsarətlər yetirmiş və «102» xidmətinə də zəng vuraraq 13-cü Polis Bölməsində ona qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq özünü bıçaqladığını bildirmişdir. Amma bu hadisə ilə bağlı da onun fikrincə hansısa alayarımçıq araşdırma aparılmış və günahkar müəyyən olunmamışdır. Ümumiyyətlə, bu məsələ ilə bağlı dəfələrlə «102» xidmətinə zəng vurmuş, Daxili İşlər Nazirliyində, Baş prokurorluqda, Bakı şəhər Baş Polis İdarəsində olmuşdur. Ona edilən bütün hədələrə baxmayaraq 800 manat pulunun Tünzalədən alınıb ona verilməsi üçün tədbir görülməsini 13-cü Polis Bölməsindən tələb etməkdə davam etmişdir. Bölmənin bütün əməkdaşları bu uzun müddət ərzində hamısı onu çox yaxşı tanımış, əksəriyyəti işlətdiyi mobil telefonun nömrəsini də bilmişdir. Hətta 13-cü Polis Bölməsinin rəis müavini Əli Əsədullayev onunla Bölmədə dəfələrlə görüşüb Tünzalə Xalsayevanın tərəfini saxlamış, ondan şikayətlərini dayandırmasını tələb edərək hədəqorxu gəlmiş, şikayət ərizələrindən imtina etməyə məcbur etməyə çalışmışdır. O da cavabında heç bir şikayətindən imtina etməyəcəyini, şikayətlərini davam etdirəcəyini, iki azyaşlı xəstə uşağı üçün həmin pulun lazım olduğunu bildirmişdir. Əli Əsədullayev də sonunda onu hədələyib başına oyun açacağını, özünü də həbs etdirəcəyini demişdir. Yəni, qanuni hesab etdiyi tələbi ilə həmin bölmənin əməkdaşlarını, xüsusən də rəis müavinini uzun müddət narahat etmişdir. Bu vəziyyətə görə 13-cü Polis Bölməsinin işçilərinin ona qarşı hansısa bir pislik edə biləcəklərindən qorxmuş, ona görə də hər yerdə bacardığı qədər ehtiyatlı olmağa çalışmışdır. 18 sentyabr 2022-ci il tarixdə səhər saat 10:00 radələrində Bakıxanov qəsəbəsində «Bakıxanov ticarət mərkəzi»nin yaxınlığında tanımadığı şəxsdən 30 manata sonradan nisbətən artıq qiymətə satmaq məqsədilə köhnə kondisioner mühərriki almış və onu satmaq üçün Nizami rayonundakı 8-ci km bazarına apardığı vaxt ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsindəki nömrəyə tanımadığı şəxsdən zəng gəlmişdir. Zəng edən şəxs özü barədə heç bir məlumat vermədən obyekt sökülməsinə kömək etməsi üçün fəhlə lazım olduğunu bildirmiş və pul müqabilində həmin işə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. O, həmin zəng edən şəxsə razılıq verməmiş, dəqiq fikir bildirməmişdir. Amma bu nömrədən bir neçə dəfə ona zəng edilərək sanki təkid edildiyindən vəziyyət onu çaşdırmış və ilk ağlına gələn o olmuşdur ki, tanımadığı şəxsdən aldığı köhnə kondisioner mühərriki oğurluq ola bilər və məsuliyyətə cəlb edilməsi üçün düşünülmüş şəkildə belə bir plan qurula bilər. Ona görə də özünü sığortalamaq, həqiqətən də aldığı köhnə kondisioner mühərrikinin oğurluq olmasından heç bir məlumatı olmadığını bildirmək üçün həmin naməlum şəxsin sonuncu zəngindən sonra bir qədər düşünüb qərara gəlmiş və 18 sentyabr 2022-ci il tarixdə saat təxminən 14:50 radələrində özünün istifadəsindəki ***-***-**-** saylı mobil telefonu vasitəsilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edib həmin gün Bakıxanov qəsəbəsində yerləşən “Tolkuçka” adlanan yerdən bir nəfərdən aldığı işlənmiş kondisioner mühərrikinin oğurluq olmasından şübhələndiyini bildirmiş və araşdırılma aparılmasını xahiş etmişdir. Bundan bir qədər sonra ona 13-cü Polis Bölməsindən təhqiqatçı Azər Əhmədov zəng vuraraq onu «102» xidmətinə müraciət ilə əlaqədar izahat vermək üçün Bölməyə çağırmışdır. Təhqiqatçı sonra da bir-iki dəfə zəng vurmuş, o da mütləq gələcəyini bildirmişdir. Həmin vaxt metronun «Xalqlar Dostluğu» stasiyasının yaxınlığında olmuş, orada telefonunu da həmişə yemək yediyi tanış bir kafedə enerji yığması üçün şəbəkəyə qoşmuş, təhqiqatçının zənglərindən sonra köhnə kondisioner mühərrikini də özü ilə götürüb taksiyə minərək 13-cü Polis Bölməsinə getmişdir. Yəni, telefonu elə kafedə şəbəkəyə qoşulu vəziyyətdə qalmış, bölməyə telefonsuz getmişdir. Əgər telefonla getsə idi, mütləq polis onu götürərdi, çəkilişə də düşərdi. Bölmədə itsə idi belə, bun gün onu polisdən tələb edərdi. Amma telefonu dediyi yerdə qoymuş, sonradan anasına verdiyi məlumat əsasında telefonu kafedən götürülmüşdür. Saat təxminən 17 radələrində gedib bölməyə çıxmış, təhqiqatçı Azər Əhmədov həmin şikayəti ilə bağlı onun adından ərizə tərtib edib imzalatmış, izahatını almış, onun izahatını ala-ala kabinetdə çay içmiş, yəni arxayın bir vəziyyət olmuşdur. Ərizəsi tərtib olunub izahatı alındıqdan sonra təhqiqatçı əgər lazım olarsa onunla əlaqə saxlayacağını demiş və təxminən saat 17:50 radələrində, ola bilsin ki, hətta 18:00 radələrində bölmədən çıxmışdır. Köhnə kondisioneri də bölmədə təhvil vermişdir. 13-cü Polis Bölməsindən çıxanda elə qapının qabağında dayanmış dörd nəfər polis əməkdaşı dərhal ona yaxınlaşmışdır. Onlardan adını Ricat kimi bildiyi şəxs ona müraciət edib «Tural, salam» demiş, onu saxlayıb elə yerindəcə üst-başını yoxlamış, üstündəki pulqabısını götürmüşlər. O, qardaşının qəbrinə and içib heç nəyi olmadığını bildirmişdir. Özü də fəhlə paltarında, üst-başı çirkli, ayağında isə köhnə tünd rəngli çəkələklər olmuşdur. Sonra da polislər onu bölmənin qarşısındakı yolun digər tərəfinə keçirmiş, dəqiq ad və soyadlarını sonradan bildiyi mülki geyimdə olan əməliyyat müvəkkilləri Şahid1, Şahid2, ad-soyadını bilmədiyi digər iki əməkdaş onu bir avtomobilə əyləşdirmiş, özləri ilə yaxın küçədə bir dövrə vurmaqla təxminən 10 dəqiqə avtomobildə gəzdirmiş və daha sonra yenidən 13-cü Polis Bölməsinə gətirmişlər. Yəni, onun «102»-yə zəngi ilə bağlı izahat verib çıxandan sonra bu şəkildə yenidən Bölməyə gətirilməsinin arası ən uzağı 15 dəqiqə çəkmişdir. Avtomobildə olarkən polis əməkdaşlarına metal qırıntıları toplamaqla uşaqlarına çörək pulu qazandığını bildirib içində pulu olan pulqabısını özünə qaytarmalarını xahiş etsə də qaytarmamışlar. Pulqabısının içərisində 100 manat pulu, açarı və «Ətağa»nın kiçik və köhnəlmiş şəkli olmuşdur. Onu Bölməyə gətirən kimi döyüb işgəncə verməyə başlamışlar. Nə qədər xahiş edib yalvarsa da fikir verən olmamış, ona görə də şeyxülislamla qohum olduğunu, bölmənin rəis müavini Əli Əsədullayevin də şeyxin qohumu olmasını bildirib belə götürəndə Əli Əsədullayevlə də qohumluğunun çatdığını demişdir. Polislər çox yəqin ki, bu barədə Əli Əsədullayevi məlumatlandırmışlar. Çünki az sonra gəlib ona yaxınlaşan Əli Əsədullayev daha artıq şiddətlə onu vurmağa başlamış, dedikləri qaydada hərəkət etməli olacağını, lazımi sənədləri də imzalayacağını tələb etmişdir. Onun pulqabısının içərisinə sellofan bükülü qoyub narkotik vasitə aşkar olunub kimi rəsmiləşdiriləcəyini demişlər. Bundan sonra Səyyad Bölmədən çıxarkən ondan götürdükləri pulqabısının içərisinə sellofan bükümdə narkotik qoyub pulqabısını cibinə qoymağa çalışmışdır. O, buna kəskin etirazını bildirib pulqabısını çıxardıb tullamış, özünü yerə çırpmış, müqavimət göstərmiş, qışqırmağa başlamışdır. Vəziyyəti belə görən polislər ona iki dönər və iki ədəd də «Coca-cola» içkisi gətirib yemək yeyib sakitləşməsini təklif etmiş, amma o, yeməyin tərkibinə narkotik vasitə qatılmasından və sonra da onu ekspertə göndərib yoxladanda qanından narkotik çıxacağından ehtiyatlanıb dönərləri yeməmiş, «Cola»nı içməmiş, bölmədəki su kranına yaxınlaşıb krandan su içmişdir. Ricat onun əllərini qandalla bağlamış, sonra Əli Əsədullayev onu yerdə sürümüş, ona tüpürmüş, bu vəziyyətdə də mobil telefonla videoya çəkmiş, həmin video ilə onu şantaj edərək bu videonu kimlərəsə göstərib biabır edəcəyini demişdir. Gözünün altı göyərib qaralmış, başqa xəsarətlər də almışdır. Ona deyilmişdir ki, onsuz də sənədləşmə aparılacaq, amma sonradan məhkəmədə olanda bu barədə heç nə deməməlisən. O da gözünün qaraltısını göstərib onsuz da hakimin xəsarətləri görəcəyini bildirmişdir. Ricat da bu məsələdə xüsusi aktiv olmuş, şəxsi axtarış kimi aparılacaq videoçəkiliş zamanı aşkar ediləcək metamfetaminin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün əldə etdiyini bildirməsi, sonra da bu barədə yalan izahat verməsi tələb olunmuşdur. Ona vəkil verilməsini xahiş və tələb etmiş, amma ona «vəkil yoxdur, indi heç vəkil də lazım deyil, özümüz sənədləşdirəcəyik, lazım olsa vəkil sonra verərik» deyə bildirilmişdir. Heç cür razılaşmaq istəməsə də təzyiqlərə və fiziki işgəncələrə dözməyərək sonda razılaşmışdır. Cəmi yarım saat əvvəl onun «102» xidmətinə müraciəti ilə əlaqədar izahat vermək üçün Bölməyə çağırmış və izahatını almış təhqiqatçı Azər Əhmədov bu dəfə onun üstündən psixotrop maddə olan metamfetamin tapılması ilə bağlı saxta sənədləşmələri tərtib etməyə başlamış və videoçəkiliş aparılmış, o da həmin psixotrop maddəni üzərinə götürmüşdür. Ona heç bir hüququ izah olunmamış, heç nə başa salınmamışdır. Təhqiqatçıya da özü müraciət edib demişdir ki, «ay Azər müəllim, bu necə ola bilər ki, yarım saat əvvəl məndən oğurluqdan şübhələnməyimlə bağlı özün bölməyə çağırıb izahat alırdın, indi də üstümə narkotik qoydurub izahat alırsan?» Əslində isə saxlanılarkən onun üzərində heç bir psixotrop maddə olmamışdır. Buna qədər ona hər hansı vəkil təqdim olunmamış, şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsi ilə bağlı heç bir müraciət etməmiş, vəkili bir gün sonra, yəni 19 sentyabr 2022-ci il tarixdə müstəntiqin yanında görmüşdür. Vəkillə bağlı bütün sənədlərə, eləcə də başqa digər bütün sənədlərə təzyiqlərə məruz qalaraq imzaladılmışdır. Ona işgəncə və təzyiq göstərmiş rəis müavini Əli Əsədullayevlə başqa heç bir ədavəti düşmənçiliyi olmamışdır. Şahid1 və Şahid2la da heç bir ədavəti olmamışdır. Dilsuz Məmmədov adlı vəkillə də hazırda xatırladığına görə o 19 sentyabr 2022-ci il tarixdə müstəntiqin yanında ilk görüşündə xəsarətlərini göstərib vəziyyəti izah etmişdir. Həmin polis əməkdaşlarının onun guya evlərin arasında gəzib dolaşmaqla nə isə axtarması, şübhə doğurması, diqqət cəlb etməsi, verdikləri sualları çətinliklə cavablandırması, saxlanarkən əvvəllər Rusiya Federasiyasında talama cinayətinə görə məhkum olunmasını deməsi və sair məsələlər barədə dedikləri hamısı tam yalan və həqiqətdən uzaqdır. Bu halların heç biri olmamış, onun saxlanması məhz təsvir etdiyi şəkildə baş vermişdir. Şəxsi axtarışda vəkilin iştirakını istəməməsi barədə ərizə yazması da tam yalandır. Əgər belə bir ərizə varsa, ona oxunmadan, mahiyyətini bilmədən imzalamışdır. O təzyiqlərin altında belə üstünə qoyulmuş maddəni öz istifadəsi üçün almasını da bildirməmişdir. Döyülmüş vəziyyətdə çəkilişdə ancaq polislərin diqtə etdiyi şəkildə özünü aparmağa məcbur olmuş, döyülmək və stresdən ayaq üstə güclə dayanmışdır. Köhnə kodisioner mühərrikinə görə belə qorxub “102” xidmətinə zəng edən adam kimi güclə şərləndiyini görə-görə heç bir halda vəkildən imtina edə bilməzdi. Rəis müavini Əli Əsədullayev videoçəkilişdə iştirak etməmişdir. Sonradan dəfələrlə müstəntiqə bu barədə bildirsə də ona qulaq asan tapılmamışdır. Anası də hər yerə bu haqsızlığa görə müraciət etmiş, amma yenə bir kömək olmamışdır. Məhkəmədə həbs qərarı verilərkən də başına gələnlər barədə bildirmiş, xəsarətlərini göstərmiş, amma orada ona fikir verən olmamış və heç nə olmayıbmış kimi həbsinə qərar verilmiş, hətta qərarda özünü təqsirli bilməsi yazılmışdır. Sabunçu prokurorluğunun işçisi sonralar xəsarətlərlə bağlı təcridxanada yanına gələrkən ondan dəfələrlə məhkəmə-tibbi ekspertizadan keçirilməsini tələb etmiş, şərlənərək həbs olunduğunu, üstünə maddəni polisin qoyduğunu, bu məsələdə tam günahsız olduğunu bildirsə də onu eşidən olmamışdır. Sonralar vəkili onun həbsinin ev dustaqlığına dəyişdirilməsi üçün iki dəfə məhkəməyə müraciət etmiş, onun ailə vəziyyəti və əsəb xəstəsi olması ilə bağlı sənədləri təqdim etmiş, hər dəfə də məhkəmədə günahsız olduğunu deyib heç olmazsa iki körpə uşağına görə ev dustaqlığına buraxılmasını xahiş etsə də heç kim qulaq asmamışdır, müstəntiq həmin sənədləri işə də tikməmişdir. Məcbur olub təcridxanada özünə xəsarətlər yetirmiş, ayağında qanqrena yaratmış, qollarını kəsmiş, amma nəticə olmamışdır. Hətta özünə qəsd edib öldürmək üçün xörək qaşığını udmuş, amma ölməmiş, müalicə müəssisəsində cərrahi əməliyyat edərək qaşığı çıxartmışlar. Həyat yoldaşından boşanandan sonra iki azyaşlı övladları - 2014-cü il təvəllüdlü oğlu və 2017-ci il təvəllüdlü qızı onun himayəsində qalmışdır. Hər iki uşağına hazırda Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan onkoloji xəstə olan anası baxır. Uşaqlarından biri də ağır xəstədir. Anasından başqa kimsəsi yoxdur, heç bir cinayət əməli törətməmişdir, bu vaxta qədər heç siqaret də çəkməmişdir, ona qarşı qanunsuz və haqsız hərəkətlər edilmiş, şərlənmişdir. Ona görə də məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ardıcıl olaraq oxşar məzmunlu ifadələr verərək ona istinad edilən cinayət əməlini törətmədiyini, psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyularaq döyülməklə videoçəkiliş aparılmasına nail olunduğunu və digər xüsusatları göstərmişdir (cild 1, iş vərəqə 41-43, 71-73). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, xidməti inzibati ərazidə oğurluqların sayının kəskin surətdə artması ilə əlaqədar 13-cü Polis Bölməsinin digər əməkdaşı Şahid2 ilə birlikdə 18 sentyabr 2022-ci il tarixdə iş gününün sonuna doğru, saat təxminən 17 radələrində Bakıxanov qəsəbəsinin Əfəndiyev küçəsi tərəfə çıxaraq ərazidə müşahidə aparmışlar. Bir qədər sonra, yəni saat 17-18 aralığında həmin ərazidə əvvəllər tanımadıqları, evlərin arasında gəzib dolaşmaqla onların fikrincə sanki nə isə axtaran bir nəfər şəxs görmüşlər. İlk dəfə gördüyü, üst-başı, geyimi pis vəziyyətdə olan bu şəxs həmin hərəkətləri ilə də onlarda oğurluq etmək istəyən birisi kimi çox böyük şübhələr doğurmuş, diqqətlərini cəlb etmişdir. Belə ki, həmin şəxs binalara tərəf boylanmış, müxtəlif tərəflərə baxmış, sanki nəsə axtarmışdır. Həmin şəxsdən şübhələnərək ona yaxınlaşmışlar və özlərini təqdim edərək həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması barədə suallar verməyə başlamışlar. Həmin şəxs onların polis əməkdaşları olduqlarını bildikdən sonra narahat olmağa başlamış, verdikləri sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyə fikirləşib çətinliklə cavablandırmış, adını və soyadını belə güclə demişdir. Təqsirləndirilən şəxs danışdırarkən danışdıqca onun sanki üzərində olan nəyisə gizlətməyə çalışdığını hiss etmişlər. Belə şübhələri artdığından Təqsirləndirilən şəxs 13-cü Polis Bölməsinə aparıb üzərində şəxsi axtarış keçirmək qərarına gəlmişlər. Onlar Təqsirləndirilən şəxs Polis Bölməsinə dəvət etmişlər, sonuncu da etiraz etməyib onlarla birlikdə getmişdir. Bölmədə təhqiqatçı Azər Əhmədov müvafiq sənədləşdirmə işlərinə başlamış, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək əynindəki şalvarının sol yan cibindən bir ədəd qara rəngli dəri parçadan olan pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin pul kisəsinin içərisini yoxladıqda, pul kisəsinin arxa cibindən içərisində kristal şəkilində kütlə olan şəffaf sellofan büküm aşkar etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin narkotik vasitə olduğunu, Əhmədli qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 30 manata aldığını bildirmiş, amma nə məqsədlə - istifadə etmək və ya satmaq üçün aldığını deməmiş, ümumiyyətlə almasının səbəbini izah etməmiş, çox səthi şəkildə "satırdılar, mən də aldım” demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, üzərindən aşkar olunmuş psixotrop maddəni əldə etdiyi mənbə barədə hər hansı bir məlumatları olmamış və hazırda da yoxdur. Çünki, onlar Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında deyil, təsadüfən saxlamışlar. Onlar Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun narkotik vasitə və ya psixotrop maddə aludəçisi olmasını bilməmişlər, barəsində bununla bağlı hər hansı bir məlumata malik olmamışlar. Sonradan da Təqsirləndirilən şəxs barəsində sonuncunun hər hansı qanunsuz əməlləri ilə bağlı heç bir əməliyyat məlumatı əldə edilməsi mümkün olmamışdır. Şahid1 məhkəmədə verilən suallara cavab olaraq xidməti ərazidə yaşayan bütün sakinləri tanımadığını, Təqsirləndirilən şəxs şikayətləri ilə bağlı 13-cü Polis Bölməsində əvvəllər dəfələrlə araşdırma aparılmasından məlumatsız olduğunu, saxlanılarkən Təqsirləndirilən şəxs Polis Bölməsində təzyiq və işgəncəyə məruz qalması barədə bildirdiklərinin həqiqət olmadığını, Təqsirləndirilən şəxs oğurluq məsələlərində şübhəli bilərək təsadüfən saxladıqlarını, şəxsi axtarış keçirilib həmin maddə aşkar olunanadək bu şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti olması ilə bağlı heç bir şübhə və məlumatın olmadığını, saxlanarkən Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərmədiyini, avtomobilə mindirib apararkən Təqsirləndirilən şəxs üzərindən hansısa əşyasını çıxardıb atmağa cəhd etmədiyini, şəxsi axtarış zamanı çəkilmiş videogörüntüdə Təqsirləndirilən şəxs psixotrop maddəni gizlətdiyi pul kisəsini özünün əynindəki şalvarının cibindən çıxarıb təqdim etdiyinin əks olunduğunu, videogörüntü kimi təkzibolunmaz sübutun qarşısında aciz qalan Təqsirləndirilən şəxs özünü başqa cür müdafiə edə bilmədiyindən öz cinayətini üzərindən atmaq və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə bu cür yalan ifadələr verdiyini, şəxsi axtarış vaxtı psixotrop maddə və ya metamfetamin adı çəkilməməsi və yalnız narkotik vasitədən bəhs olunduğunu göstərmiş, 13-cü Polis Bölməsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs barəsində Bölmənin rəis müavini Əli Əsədullayevə də məlumat verdiklərini, Əli Əsədullayevin də rəhbər kimi Təqsirləndirilən şəxs gördüyünü, amma X22 Əzizova qarşı hər hansı fiziki və ya psixi təsir göstərmədiyini, Təqsirləndirilən şəxs əvvəllər Rusiya Federasiyasında talama cinayətinə görə məhkum olunmasını onun özündən deyil, Bölməyə gəldikdən sonra sistemə adını vurub yoxlayarkən bu məlumatı əldə etdiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı X25 göstərdi ki, 18 sentyabr 2022-ci il tarixdə xidmət etdiyi bölmədə növbədə olmuşdur. Həmin gün günortadan bir qədər keçmiş Daxili İşlər Nazirliyinin «102» xidmətinə vətəndaşın şikayəti ilə bağlı aidiyyəti üzrə 13-cü Polis Bölməsinə yönləndirilmiş məlumat araşdırılması üçün ona həvalə edilmiş, o da Təqsirləndirilən şəxs adlı şəxsin Bakıxanov qəsəbəsi ərazisində aldığı işlənmiş kondisioner mühərrikinin oğurluq olmasından şübhələnməsi barədə müraciəti üzrə həmin materialı qəbul etmişdir. Özünün istifadəsindəki ***-***-**-** saylı mobil telefonu ilə Təqsirləndirilən şəxs materialda göstərilən ***-***-**-** saylı mobil telefonuna zəng edib özünü təqdim etmiş, Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciəti ilə əlaqədar izahat verməsi üçün 13-cü Polis Bölməsinə gəlməsini təklif etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməyib gələcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tələsdirmək üçün daha bir neçə dəfə ona zəng etmiş, sonuncu da yolda olduğunu, gəlib çatacağını bildirmişdir. Dəqiq saatını xatırlamır, amma sonuncu telefon danışıqlarından təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs Bölməyə gəlib çıxmışdır. O, şikayəti ilə bağlı Təqsirləndirilən şəxs adından ərizə tərtib edib ona imzalatmış, sonra da izahatını almışdır. Sənədləşmələri o özü xidməti otağında kompüterdə yazmış, Təqsirləndirilən şəxs yalnız imzalamışdır. Bütün bu prosesə təxminən bir saata yaxın vaxt sərf olunmuşdur. Bu sənədləşdirmə, izahat alma prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Bölmədən çıxıb getmişdir. Amma təxminən bir saat sonra əməliyyat işçiləri Təqsirləndirilən şəxs bölməyə gətirmiş, onun otağında şəxsi axtarışı keçirilmişdir. Onu gətirən polis əməkdaşlarının sözlərinə görə ərazidə oğurluq hadisələrinin artması ilə bağlı xidmət apararkən evlərin arasında şübhəli şəkildə gəzən Təqsirləndirilən şəxs təsadüfən görüb özünü şübhəli apardığına görə saxlayıb bölməyə, sonra da onun otağına gətirmişlər. Şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs üstündən şəffaf sellofanda büküm aşkar olunmuşdur. Aşkar edilmiş maddə ilə bağlı o anda Təqsirləndirilən şəxs nələrisə deməsini, ümumiyyətlə şəxsi axtarışın detallarını hazırda xatırlamır. Amma hər şey videoçəkilişdə əksini tapmışdır və bütün prosessual hərəkətlər qanuni olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə mobil telefon aşkar edilməmişdir. Şəxsi axtarış zamanı vəkil iştirak etməmişdir. Müdafiəçi ilə bağlı sənədlər tərtib olunmuşdur. Amma bütün detalları xatırlamır. Onun otağında Təqsirləndirilən şəxs qarşı hər hansı təsir-təzyiq göstərilməmişdir və şəxsi axtarışı keçirilərkən onun bədəninin görünən nahiyələrində xəsarət izləri görməsini də xatırlamır. Sonradan kondisionerin mühərrikinin oğurluq olması şübhəsinə dair material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs bundan əvvəl 13-cü Polis Bölməsində araşdırılmış hansısa ərizələrinin olmasından məlumatsızdır. Hər halda qeyd etdiyi hallardan başqa onun Təqsirləndirilən şəxs müraciətləri ilə bağlı icraatında material olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəis müavini vəzifəsində xidmət etmiş X10 göstərdi ki, 18 sentyabr 2022-ci il tarixdə əvvəllər xidmət etdiyi Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində rəis vəzifəsini icra etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs adlı şəxs əməkdaşlar tərəfindən şübhəli şəxs qismində gətirilərək qanuni şəkildə sənədləşmə aparılmaqla şəxsi axtarışı keçirilmiş, üzərindən metamfetamin aşkar olunmuşdur. Həmin prosesin gedişində ona bildirilmişdir ki, Təqsirləndirilən şəxs onunla qohumluq münasibətində olduğunu bildirir. Belə bir adda qohumu olmadığını demiş, amma hər ehtimala qarşı bu şəxslə görüşmək qərarına gəlmiş və bölmənin inzibati binasında Təqsirləndirilən şəxs yaxınlaşıb şəxsən söhbət etmiş və bir daha aydınlaşdırmışdır ki, onun belə bir qohumu yoxdur. Ona görə də Təqsirləndirilən şəxs bu məsələni bir daha bildirmişdir. Sonuncunun niyə belə bir iddia irəli sürməsinin səbəbi ona məlum deyildir. O, Təqsirləndirilən şəxs təhqir etməmiş, onu söyməmiş, vurmamış və heç bir təzyiq etməmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımasını da xatırlamır. Bu şəxsin hansısa ərizəsinə bölmədə baxılmasını, şəxsin həmin ərizəyə baxılması ilə bağlı narazılığının olması, əvvəllər 13-cü Polis Bölməsində dəfələrlə olması barədə də heç bir məlumatı yoxdur, hər halda bu şəxslə bağlı nəyisə xatırlamır. Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə kondisioner oğurluğu məsələsi ilə bağlı «102» xidmətinə müraciəti və bölmədə bununla bağlı araşdırma aparılması məsələsindən onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs pul tələbi ilə bağlı hansısa ərizəsi ona daxil olmamış və o da həmin şəxsdən ərizəsini geri götürməsini tələb etməmişdir. Təqsirləndirilən şəxs onun barəsində səsləndirdiyi ifadələr şərdir, böhtandır, yalandır. Təqsirləndirilən şəxs məhz onun barəsində hansısa təsir və təzyiqlər göstərməsi, habelə sair qanunazidd hərəkətlər etməsi barədə səsləndirdiyi fikirlərə görə təəccüb edir və təəssüflənir. Şəxsi axtarış və götürmə aparılması haqqında 18 sentyabr 2022-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindəki qara rəngli pul qabının içərsindən 01 ədəd şəffaf sellofan bükümdə olan kristal şəklində maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olduğunu, Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 24-25, 44). Şəxsi axtarış və götürmə prosesinin videoçəkilişinə baxış keçirilməsinə dair protokol da əsasən oxşar məzmunludur (cild 1, iş vərəqə 44). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs isə onların dediklərini tam təkzib edərək bildirdiklərinin hamısının yalan olduğunu, şərlənərək həbs edildiyini, üzərində heç bir metamfetamin aşkar olunmadığını, polis əməkdaşlarının öz hərəkətlərinə haqq qazındırmaq üçün belə ifadələr verdiklərini, əslində işgəncə verilməklə üzərinə qoyulmuş mtemfetaminin onun olduğunu etiraf etməyə məcbur edildiyini, təzyiqlərə və fiziki işgəncələrə dözməyib psixotrop maddəni üzərinə götürdüyünü bildirmiş, 13-cü Polis Bölməsində əvvəllər araşdırılmış şikayət ərizəsi ilə bağlı polislə aralarında yaranmış münaqişəli vəziyyətə görə belə aqibətlə üzləşdiyini qeyd edərək saxlanması halları ilə bağlı ibtidai istintaq orqanına, həm də sonradan məhkəmə istintaqında verdiyi ifadələrlə oxşar məzmunlu ifadələr vermişdir (cild 1, iş vərəqə 52-57). Məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 6/5310 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №160” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” sözləri və imzalar qeyd edilmiş 01 ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 3,921 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 3,871 qram təşkil etmişdir (cild 1, iş vərəqə 32-36). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 noyabr 2022-ci il tarixli 6622 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 139-140). Məhkəmə psixiatrik ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 2828 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, hal-hazırda və ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarındadır (cild 1, iş vərəqə 141-143). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Əzizov X21 Federasiyasının Kalininqrad şəhərinin Oktyabr Rayon Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsinin «Q» bəndi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 16 noyabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 98). İbtidai istintaq orqanının 23 sentyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin üç aydan artıq müddət keçəndən sonra - 05 yanvar 2023-cü il tarixdə verdiyi cavabda bildirilmişdir ki, keçirilmiş kompleks əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs qeyd etdiyi, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində psixotrop maddələrin satışı ilə məşğul olan naməlum şəxsin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 111). Cinayət işinin materiallarına əlavə edilmiş 28 sentyabr 2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə özünün istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Bakıxanov qəsəbəsindəki yarmarkanın yanında 9 mərtəbəli binadakı mənzillərin birində usta işləyən adını bilmədiyi şəxsdən aldığı 30 manat dəyərində kondisioner mühərrikinin oğurluq ola bilməsinə dair məlumatı üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində NL-1-2145 saylı material araşdırılmış və təhqiqatçı X25 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə istinad edilməklə - cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən iş gördürməklə bağlı təklifin olmasından, zəng edən şəxsin polis əməkdaşı olmasından şübhələnməsi ilə bağlı məqamlar əksini tapmış, istinad edilən mobil nömrənin sahibi ilə bağlı sorğu edilsə də “lakin təhqiqat müddəti ərzində müsbət nəticə əldə edilmədiyi” vurğulanmışdır (cild 1, iş vərəqə 114-115). Cinayət işinin materiallarına əlavə edilmiş müvafiq rapot, məktublar, ərizə və izahatların surətlərindən müəyyən olunur ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan X3 22 sentyabr 2021-ci il tarixdə 32-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib əvvəllər münasibətdə olduğu Təqsirləndirilən şəxs zəng edərək geri yanına qayıtmasını tələb edərək özünü öldürəcəyini, qardaşına xəsarət yetirəcəyini dediyini və digər halları bildirmiş, həm də izahat vermişdir. Kürdəmir rayonunun Xırdapay kənd sakini Təqsirləndirilən şəxs isə bundan iki gün sonra - 24 sentyabr 2021-ci il tarixdə özünün istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Xasayeva Tünzalə adlı qadının onun barəsində 32-ci Polis Bölməsinə yalan məlumat verib cinayət etməsi səbəbilə özünə xəsarət yetirdiyini və halhazırda 32-ci Polis Bölməsinə gəlməyə çalışdığını bildirmişdir. 6 saylı Təcili tibbi yardım stansiyası tərəfindən polisə həmin tarixdə verilmiş məlumata əsasən Təqsirləndirilən şəxs sol bud və sol saidin kəsilmiş yarasının olduğu göstərilmişdir. 04 oktyabr 2021-ci il tarixli qərarla bu təhqiqat materialı Təqsirləndirilən şəxs özü-özünə xəsarət yetirməsi yeri nəzərə alınmaqla aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs 800 manat pulunun Tünzalə Xalsayeva tərəfindən ödənilməsini tələb etməsinə dair həmin material üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı X18 tərəfindən 01 may 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə istinad edilməklə – əməldə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir (cild 1, iş vərəqə 116-138). "xxxx" MMC tərəfindən 22 dekabr 2022-ci il tarixli 27472 saylı məktubla təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla aparılmış danışıqların stastistik açıqlamaları, sms yazışmaları, antenn dairələri ilə bağlı məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aidiyyətinə dəlalət edə biləcək hər hansı məqam mövcud deyildir. Bununla belə, həmin məlumatlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həqiqətən 18 sentyabr 2022-ci il tarixdə özünün istifadəsindəki həmin mobil telefon nömrəsindən saat 14:57:03-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək 328 saniyə danışmışdır. Bundan başqa, həmin gün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı X25 özünün istifadəsindəki ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə saat 15:08:41-də zəng edərək 63 saniyə, saat 15:12:26-da zəng edərək 40 saniyə, saat 16:28:30-da zəng edərək 72 saniyə danışıq aparmışdır. Bu məlumatlara əsasən 18 sentyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə aparılmış son danışıq saat 16:45-ə təsadüf edir və bundan sonra heç bir danışıq qeydə alınmamışdır (cild 1, iş vərəqə 10-110). Bakı şəhəri Sabunçu rayon prokurorluğunun 01 mart 2023-cü il tarixli 580C/22 saylı təqdim etdiyi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanarkən xəsarət alması xüsusatı əsasında aparılmış araşdırmaya dair 580C/22 saylı yoxlama materiallarının surətindən müəyyən olunur ki, Bakı İstintaq Təcridxanası tərəfindən 21 sentyabr 2022-ci il tarixli xx/xx-6620 saylı məktubla Bakı şəhər prokuroruna və Sabunçu rayon prokuroruna məlumat verilərək bildirilmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə saat 11:50 radələrində Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən Bakı İstintaq Təcridxanasına gətirilmiş Təqsirləndirilən şəxs baxış zamanı onun sağ gözünün altında tünd-bənövşəyi rəngli qançır izləri, sol əlinin said nahiyəsinin və sağ budunun üst nahiyyəsində gərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, sol əlinin said nahiyəsinin və sağ budunun üst nahiyyəsində xəsarətləri həbs olunmamışdan əvvəl özü-özünə xəsarət yetirməsi nəticəsində, sağ gözünün altındakı xəsarəti isə polis əməkdaşları tərəfindən saxlanılan zaman almışdır. Həmin materiala əlavə edilmiş vəkil X11 Bakı şəhəri Sabunçu rayon prokuroruna ünvanladığı 03 oktyabr 2022-ci il tarixli vəsatətində də göstərmişdir ki, müvəkkili Təqsirləndirilən şəxs ona bildirməsinə görə tutulduğu 18 sentyabr 2022-ci il tarixdə üstündə narkotik vasitə olmamış, bölmədə ona fiziki təzyiqlər edilmiş, döyülmüş və narkotik vasitə boynuna qoyulmuşdur. O da döyülməyə və fiziki təzyiqlərə dözməyərək bölmədə məcbur qalıb narkotik vasitəni boynuna almış və etirafedici izahata qol çəkmişdir. Ona görə də fiziki təzyiqlərin araşdırılması, narkoloji ekspertizanın tezləşdirilməsi və Təqsirləndirilən şəxs saxlamış əməliyyatçılarla üzləşdirilməsi xahiş edilmişdir. Bu material üzrə Təqsirləndirilən şəxs Sabunçu rayon prokurorluğuna saxlanması və ona fiziki təzyiqlər göstərilməsi halları ilə bağlı ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində, habelə məhkəmə istintaqında verdiyi ifadələrinə uyğun izahat vermiş, pulqabısının içərisinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmasını etiraz etdiyinə görə rəis müavininin onu döyməsi və məcbur edilməsi nəticəsində narkotiki üstünə götürdüyünü və videogörüntüdə də bunu bildirdiyini vurğulamış, cinayət məsuliyyətindən azad olunmağına kömək göstərilməsini xahiş etmişdir. Qeyd olunan material üzrə prokurorluq orqanı tərəfindən yalnız Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları - Təqsirləndirilən şəxs saxlayaraq şəxsi axtarışının keçirilməsində iştirak etmiş X19 və Şahid2 izahatları alınmış, hər iki polis əməkdaşı Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə günorta radələrində üzərində narkotik olması və narkotik satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında saxlanılaraq bölməyə gətirildiyini, üzərinə baxış keçirilən zaman 4 qrama yaxın metamfetamin aşkar olunduğunu bildirmiş, Polis Bölməsində ona yumruq və təpik zərbələri ilə vurularaq döyülməsi ilə bağlı yalan danışdığını, tutularkən onun bədənində xəsarətlər olduğunu, ola bilsin ki həmin xəsarətləri tutulmamışdan öncə aldığını qeyd etmişlər. Materialda olan Bakı İstintaq Təcridxanasında tərtib edilmiş ilk tibbi baxış sənədində də yuxarıda qeyd olunan xəsarətlər əksini tapmışdır. Bu material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə istinad edilməklə – cinayət hadisəsi müəyyən edilmədiyindən 21 oktyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixli 20-04/226 saylı məktubla məhkəməyə məlumat verilərək bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından Müalicə Müəssisəsinə “Sol baldır nahiyyəsinin fleqmonası” diaqnozu ilə köçürülmüşdür. Bədən səthinin vizual müayinəsi ilə göndərilmə diaqnozu öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs deməsinə görə saxlandığı müəssisədə şəxsi məsələləri ilə əlaqədar ağız suyunu sol baldırına yeridərək özü-özünə xəsarət yetirmişdir. Xəstəyə “Fleqmonanın açılması” cərrahi əməliyyatı icra edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-17/36-2-523/2023 saylı məktubla məhkəməyə məlumat verilərək bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə təcili etapla Bakı İstintaq Təcridxanasından X1 şöbəsinə “Sol baldır nahiyyəsinin fleqmonası” diaqnozu ilə daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 07:30 radələrində Təqsirləndirilən şəxs saxlanıldığı Cərrahiyə şöbəsinin sanitar qovşağında ağız suyunu diyircəkli qələmin uc hissəsinə dolduraraq inyeksiya yol ilə sağ baldır nahiyəsinə yeritmiş və birdəfəlik üzqırxanın ülgücü ilə sağ baldır nahiyəsini bir neçə yerdən kəsərək özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs bununla bağlı yazılı izahatında göstərmişdir ki, barəsində aparılan cinayət işinin gedişatına etiraz əlaməti olaraq həmin xəsarətləri özünə yetirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixli 20-04-429 saylı məktubla məhkəməyə verilmiş məlumatda göstərilmişdir ki, həbsdə saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Bakı İstintaq Təcridxanasından “həzm traktının matel yad cismi” diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborotor, instrumental müayinələrdən keçirilmişdir. Qarın boşluğu orqanlarının rentgenoloji müayinəsi zamanı həzm traktında bir ədəd yad cisim – qaşıq izlənmişdir. Xəstə üzərində yad cismin xaric edilməsi cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyat və sonrakı dövr fəsadsız keçmişdir. Hazırda tibbi tədbirlər davam etdirilir. “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 1268 saylı, habelə xx.xx.2022-ci il tarixli 1322 saylı arayışlarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən Kürdəmir rayon Poliklinika şöbəsində psixiatr kabinetində “psixotabənzər davranış, yüngül əqli gerilik”, “psixopatabənzər davranışla müşaiyət olunan debillik” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 028653 saylı vəsiqənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müddətsiz üçüncü qrup əlillik dərəcəsi verilmişdir. Müdafiə tərəfinin təqdim etdiyi videodiskdəki məlumatdan müəyyən edilir ki, «YouTube» platformasında yayımlanan «Kanal 13» internet televiziyasının arxivinə aid 02 fevral 2022-ci il tarixli buraxılışda «Kürdəmirdə narkotik alveri baş alıb gedir, polislər işgəncə edir» sərlövhəli videoreportajda Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs müraciəti, müsahibəsi yayımlanmışdır. Həmin müsahibənin məzmunu onun ifadəsində göstərdikləri ilə oxşar məzmunludur. Reportajda onun Kürdəmir rayon ərazisində narkotik satışı ilə bağlı müvafiq qurumlara şikayətlər ünvanladığı və sair məqamlar əksini tapır. Reportajın sonunda Təqsirləndirilən şəxs göstərdikləri ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru təkzib vermiş, onun iddiaların həqiqəti əks etdirmədiyini, etdiyi müraciətlərin əsassız olduğu barədə ona məlumat verildikdən sonra ayaq və qol nahiyəsinə bıçaqla xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs əsəb-nevroloji xəstəlikdən əziyyət çəkdiyini və müvafiq səhiyyə orqanında rəsmi qeydiyyatda olduğunu bildirmişdir. Nikahın pozulması haqqında şahadətnamənin surətindən müəyyən olunur ki, X20 ilə X15 arasındakı nikah 25 avqust 2018-ci il tarixdə ləğv edilmişdir və nikah ləğv edildikdən sonra Tural Həsən oğluna «Əzizov» soyadı verilmişdir. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü oğlu və xx.xx.2017-ci il təvəllüdlü qızı vardır. “X41” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2014-cü il təvəllüdlü uşağı Yusif Səlimli daxili orqanlarla bağlı müvafiq müayinələrdən keçmişdir. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının X26 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 647 saylı, xx.xx.2023-cü il tarixli 231 saylı arayışlara əsasən Təqsirləndirilən şəxs heç yerdə işləmir və ailə tərkibi 1966-cı il təvəllüdlü anası X7, 2014-cü il təvəllüdlü oğlu Yusif Səlimli və 2017-ci il təvəllüdlü qızı Mehin Səlimlidən ibarətdir. Təqsirləndirilən şəxs anası X7 aztəinatlı ailədir, himayəsində iki azyaşlı nəvəsi vardır. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının X26 Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunaraq göstərilmişdir ki, Təqsirləndirilən şəxs subaydır, iki övladı var, savadsızdır, nümayəndəliyin keçirdiyi tədbirlərdə iştirak edir və qonşularla münasibətdə yaxşıdır, Xırdapay kəndində yaşadığı müddətdə onun haqqında nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən Xəstəlik tarixindən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs anası X7 həmin Mərkəzdə “D27-Yumurtalığın xoşxassəli yeni törəməsi” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müalicə olunmuşdur. İbtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs hüquqlarını təyinatla müdafiə etmiş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Dilsuz Məmmədov 27 yanvar 2023-cü il tarixli 22 saylı məktubla Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı müxtəlif dəlilləri şərh etməklə bərabər, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtda onun üzərində narkotik vasitə olmadığını, ona bölmədə fiziki təzyiqlər edildiyini, döyüldüyünü və narkotik vasitənin boynuna qoyulduğunu, döyülməyə və fiziki təzyiqlərə dözməyərək bölmədə məcbur qalıb narkotik vasitəni boynuna aldığını və etirafedici izahata qol çəkdiyini göstərmişdir. Məhkəmə, ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində ibtidai istintaq orqanının satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir və ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. İlkin təhqiqatın və bütövlükdə cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti olmasına dair polis orqanında heç bir məlumat olmamışdır. Onu saxlamış polis əməkdaşlarının ifadələri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilməsi barədə raportlar və digər ilkin sənədləşmələr də şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti barədə hər hansı məqamın ümumiyyətlə mövcud olmadığını mübahisəsiz edir. Sənədləşmələrə və polis əməkdaşlarının bildirməsinə əsasən Təqsirləndirilən şəxs yalnız oğurluq cinayətinə aidiyyəti ola bilməsindən şübhələnilmiş, təsadüfən saxlanılmışdır. Bununla belə təhqiqatçı tərəfindən şəxsin talama cinayəti ilə bağlı maddə ilə deyil, məhz Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli bilinərək tutulması barədə qərar qəbul edilmiş və bu şübhə ilə tutulmuş, digər prosessual sənədləşmələr də artıq bu cinayət əməli ilə bağlı aparılmışdır (cild 1, iş vərəqə 6-25). İbtidai istintaq orqanın sübut kimi istinad etdiyi şəxsi axtarış və götürmə aparılması barədə 18 sentyabr 2022-ci il tarixli protokol və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd diskə baxış keçirilməsi barədə protokolla bağlı məhkəmə qeyd edir ki, bu kateqoriyalı cinayət əməllərinin törədilməsini təsdiq edən dəlillər məcmusunun daha çox məlumat yüklü kimi qiymətləndirilməli olan həmin sübutlarla bağlı ciddi pozuntulara yol verilmişdir. Belə ki, sübut kimi istinad edilən tərtib olunmuş yazılı protokol əslində aparılmış videoçəkilişin sonradan yazılı mətnə çevrilməsindən ibarət olub yalnız çəkilişdəkiləri olduğu kimi əks etdirməli olduğu halda tam fərqli xarakter daşıyır. Yazılı protokola əsasən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl bütün proses iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «Samsung» markalı videokameradan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar olunmuş, şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi ilə bağlı 19-cu maddəsi habelə həmin Məcəllənin 20, 26, 90-cı maddələri izah edilmişdir. Kompüterdə tərtib edilmiş protokolda şübhəli şəxsin əynindəki şalvarın rəngi, içərisində psixotrop maddənin olduğu pul qabının çıxarıldığı ciblə, habelə şübhəli şəxsin sözünə əsasən «narkotik vasitənin» alındığı pul məbləği ilə bağlı rəqəm əllə qələmlə icra edilərək düzəldilmiş, bu düzəlişin səbəbləri barədə heç bir qeyd aparılmamışdır. Yazılı protokola əsasən şübhəli şəxsin üzərindən başqa ümumiyyətlə heç nə aşkar olunmamışdır. Şübhəli şəxsin aşkar olunmuş bükülü ilə bağlı mövqeyi isə belə ifadə olunmuşdur ki, «01 ədəd bükümdə olan maddənin narkotik vasitə olduğunu və öz istifadəsi üçün adının və ünvanın bilmədiyi şəxsdən Xətai rayonu, Əhmədli qəsəbəsindən 30 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirdi.» Protokola əsasən şəxsi axtarış saat 19:30 dəqiqədə, yəni şəxsin rəsmi tutulmasından 1 saat, faktiki tutulmasından isə 1 saat 30 dəqiqə sonra başlanmış və saat 20:00 dəqiqədə bitmişdir. Yəni şəxsi axtarış prosesi 30 dəqiqə ərzində davam etmişdir. Amma qeyd olunan yazılı protokolun mənbəyi olan videoçəkiliş tam fərqli məzmundadır və yazılı protokolla ziddiyyət təşkil edir. Elə videoçəkiliş və şəxsi axtarış prosesi bu təhrif olunmuş vəziyyətdə ittiham aktına daxil edilərək ona sübut kimi istinad edilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş həmin videoçəkilişə əsasən şəxsi axtarış və götürmə hərəkəti 30 dəqiqə deyil, cəmi 5 dəqiqə 36 saniyə davamiyyətindədir. Videoçəkilişi kimin aparması ümumiyyətlə nə yazılı protokoldan, nə də çəkilişin özündən məlum deyil. Videoçəkilişə əsasən təhqiqatçının xidməti otağında çəkilişi aparan naməlum şəxs tərəfindən videokamera qabaqcadan işlək vəziyyətə gətirilir və təhqiqatçı X25 ayaqüstə gözləmə vəziyyətində dayanır, otağın qapısı açılır və iki nəfər əməliyyat işçisinin müşaiyəti ilə Təqsirləndirilən şəxs otağı daxil olur. Kameraya baxaraq özünü təqdim edən təhqiqatçı əməliyyat işçilərinə müraciət edib özlərini təqdim etmələrini təklif edir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 özlərini təqdim edirlər. Saxlanılan şəxs – çirkli və nimdaş paltarlarda, o cümlədən əynindəki şalvarı çoxsaylı ləkəli vəziyyətdə olan Təqsirləndirilən şəxs hər hansı başqa anket məlumatı səsləndirmədən özünü təqdim edir. Təqsirləndirilən şəxs sağ gözətrafı nahiyəsinin qızartılı olması müşahidə edilir. Təhqiqatçı tərəfindən saxlanılan şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi, yəni qanunsuz olaraq “narkotik vasitələri üzərində gəzdirmək, istifadəsində” şübhəli bilinərək 13-cü Polis Bölməsinə gətirildiyi bildirilir. Halbuki, onu saxlamış polis əməkdaşları ifadələrində şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı heç bir məlumatlarının olmadığını, təsadüfən saxlanıldığını bildirmişlər. Şəxsin gətirilməsi ilə bağlı raportda da qeyd edilən məlumat yoxdur. Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi isə təhqiqatçının şübhəli şəxsə tələsik şəkildə bildirilən “hal-hazırda burda vəkil iştirak etməyəcək, buna hansısa bir narazıçılıq etirazınız var?” cümləsindən ibarətdir. Yəni, bu mənzərədən şübhəli şəxsə artıq buna qədər real olaraq vəkilin təqdim edilməsi, vəkilin iştirakı ilə hüquq və vəzifələrinin izah olunması, şübhəli şəxsin tutulması haqqında qərarın elan edilməsi, şübhəli şəxs qismində tutulma haqqında protokolun tərtibi prosesində vəkilin iştirak etməsi, nəhayət bütün bunlardan sonra şübhəli şəxsin rəsmi ərizə ilə müraciət edib şəxsi axtarış zamanı həmin vəkilin - X4 iştirakını tələb etməməsi və şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsi görünmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən şübhəli şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməli olan, şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək vəzifəsini daşıyan təhqiqatçının bilavasitə çəkilişdə əksini tapmış və mübahisələndirilməsi mümkünsüz olan bu mövqeyi müdafiə hüququnun kobud şəkildə pozulması ilə nəticələnən vəziyyət yaratmışdır. Təhqiqatçının şəxsən səsləndirdiyi və şəxsi axtarışda ifadə olunan davranışı bütünlüklə Təqsirləndirilən şəxs saxlandığı gün vəkillə təmin olunmamasına dair ifadələrinin həqiqəti daha çox əks etdirdiyi qənaətinə xidmət edir. Davam edən videoçəkilişdən müəyyən olunur ki, təhqiqatçının üzərində qanunsuz əşya varsa təqdim etməsinə dair təklifindən sonra Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən bir ədəd qara rəngli köhnə pulqabısını heç bir söz ifadə etmədən çıxardıb stolun üstünə qoyur. Bundan sonra təhqiqatçının tapşırığı ilə əməliyyat işçilərindən biri şəxsin üstünə “baxış” – axtarış deyil, məhz təhqiqatçının dilindən səslənən göstərişlə baxış keçirdir və həmin baxış Təqsirləndirilən şəxs şalvarının yuxarı hissəsinə əllə səthi toxunuşdan ibarətdir. Bundan sonra yazılı protokolda qeyd olunduğu kimi pulqabının içərisindən bir ədəd şəffaf sellofan bükümü Təqsirləndirilən şəxs çıxardıb təqdim etmir. Həmin bükümü təhqiqatçı özü çıxardır və bükümün bir tərəfini qayçı ilə kəsib açır. Yazılı protokolda əks olunmasa da şübhəli şəxsin qara rəngli dəri pulqabısının içərisindən 100 manat pul, bir ədəd açar və şübhəli şəxsin özünün də “Ətağa”nın şəkli kimi bildirdiyi köhnəlmiş şəkil aşkar olunur. Təhqiqatçı narkotik vasitə deyilən bükümdəki maddəni nə üçün – satmaq, yoxsa istifadə üçün aldığını soruşur, Təqsirləndirilən şəxs isə cavabında nə satmaq, nə də istifadə məqsədilə alması barədə heç nə bildirmir. Müəyyən fasilədən sonra əməliyyatçının kadr arxasından “Sual verildi, özünçün...” deməsi kimi eşidilən müdaxiləsindən sonra Təqsirləndirilən şəxs “elə-belə aldım, bilmədim də yəni nədi, dedi satıram, dedim alıram da yəni “ cavabını verir. Bundan sonra videoçəkiliş başqa hər hansı sorğu olmadan davam etdirilir və yalnız qablaşdırma aparılan zərf çəkilməkdə davam edir. Çəkilişin 04:34-cü saniyəsində kadr arxasında Təqsirləndirilən şəxs «qurtarmır? başım fırlanır» sözləri eşidilir və əməliyyat işçiləri “qoy gözlə qurtarsın...” kimi eşidilən və digər dəqiq eşidilməyən ifadələrlə Təqsirləndirilən şəxs müraciət edirlər. Çəkilişin davamı eyni qaydada kameranın zərfə istiqamətlənməsi şəklində, habelə imza edən əllər çəkilməklə davam edir və sonda təhqiqatçının “Qablaşdırıldı, mərkəzi ekspertizaya göndəriləcək, hər hansı bir etirazınız var? bununla da baxış sona çatmışdır” sözləri ilə bitir. Göründüyü kimi, yazılı protokolda qeyd olunmuş və ittiham aktında şərh olunan Təqsirləndirilən şəxs «01 ədəd bükümdə olan maddənin narkotik vasitə olduğunu və öz istifadəsi üçün adını və ünvanı bilmədiyi şəxsdən Xətai rayonu, Əhmədli qəsəbəsindən 30 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirməsi» ümumiyyətlə mövcud deyildir. Bundan sonra təhqiqatçı tərəfindən kompüterdə Təqsirləndirilən şəxs izahatı tərtib olunmuş və təhqiqatçının öz imzasından sonra, vərəqin sonunda vəkil X11 tərəfindən imzalanmışdır. Sənədin belə tərtibatının özü vəkilin onu sonradan tanış olması mənasında imzaladığını ifadə etməklə bərabər, bu qənaətin əsas təsdiqi də ondan ibarətdir ki, vəkil X11 rəsmi şəkildə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Polis Bölməsində döyülməyə və fiziki təzyiqlərə məruz qalaraq narkotik vasitəni boynuna aldığını və etirafedici izahatı imzaladığını bildirmişdir. Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında kompüterdə tərtib edilmiş protokolda yalnız orderin nömrəsinin sonradan əllə icra edilməsi məqamı də gəlinmiş məntiqi nəticənin düzgünlüyünü bir daha təsdiq edir. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanarkən xəsarət alması xüsusatı əsasında aparılmış araşdırma ilə bağlı gəlinmiş nəticəni məhkəmə nəzərdən keçirərkən qeyd edir ki, təqsirləndirilən şəxsin bədənində olmuş xəsarətlərin mövcudluğu mübahisələndirilməmişdir. Araşdırma aparılarkən həmin xəsarətlərin əmələ gəlmə vaxtı, mexanizmi, ağırlıq dərəcəsi, şəxsin özü tərəfindən yetirilib-yetirilməməsinin mümkünlüyü və digər suallar üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib keçirilməli olduğu halda bu edilməmişdir. Təqsirləndirilən şəxsin, onu döydüyünü və xəsarətlər yetirdiyini israr etdiyi digər polis əməkdaşının, başqa mümkün şahidlərin (X14 əməkdaşlarının, sonradan göndərilidiyi İstintaq Təcridxanasında eyni kamerada saxlandığı digər şəxslərin və qeyrilərinin) izahatları ümumiyyətlə alınmamış, yalnız şəxsi saxlamış iki polis əməkdaşının bəsit, səthi izahatları ilə kifayətlənilmişdir. Həmin izahatların baş vermiş mümkün hadisənin müəyyənləşdirilib sübuta yetirilməsi üçün ümumiyyətlə uğurlu araşdırma olmadığı həm də onunla təsdiq olunur ki, hətta izahatların özündə qeyri-dəqiqliyə yol verilmiş, Tural Həsən oğlunun soyadı Əzizov olduğu halda “Həsənov” soyadı ilə araşdırılmış, izahatların mətnində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsindən bəhs edilmək əvəzinə, hər iki izahatda “Ricatın üzərində narkotik vasitə olması və narkotik satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında saxlanılması” qeyd edilmişdir. Qeyd olunan cinayət işi üzrə “Ricat” adı ilə keçən yeganə şəxs isə Təqsirləndirilən şəxs saxlamış iki polis əməkdaşından biri olan 13-cü Polis Bölməsinin əməkdaşı Şahid2dur. Beləliklə, 21 sentyabr 2022-ci il tarixdə saat 11:50 radələrində Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən Bakı İstintaq Təcridxanasına gətirilmiş Təqsirləndirilən şəxs sağ gözünün altında olmuş tünd-bənövşəyi rəngli qançır izləri kimi xəsarətin saxlanılmazdan əvvəl almasını təsdiq edən heç bir sübut mövcud deyildir. Əksinə, saxlanılan şəxsin daha ciddi görünən sol əlinin said nahiyəsinin və sağ budunun üst nahiyyəsində gərtməkli yara xəsarətlərini həbs olunmamışdan əvvəl özü-özünə xəsarət yetirməsi nəticəsində almasına dair səmimi etirafının, fiziki güc tətbiq etmənin əsas sübutu qismində çıxış edən tibbi sənədlə bərabər saxlanılmış şəxsin təfərrüatlı ifadələrinin mövcudluğu şəraitində digər xəsarətlə bağlı heç bir sübut olmadan belə nəticəyə gəlinməsi əsaslı hesab edilə bilməz. Belə bir nəticəyə gəlinməsi üçün həm də tutma protokoluna, cinayət işinin başlanmasına və icraata qəbul edilməsi haqqında qərara istinad edilməsi isə tam yanlış əsaslandırmadır. Təqsirləndirilən şəxsin eyni məzmunlu ardıcıl detallı ifadələri, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X4 məhkəməyə müraciəti, həmin müdafiəçinin ibtidai istintaqın gedişində çoxsaylı detallı şikayət və vəsatətləri, Bakı İstintaq Təcridxanasının verdiyi məlumat, habelə, təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin səbəblərinə dair ağlabatan izahın olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, həmin xəsarətlər polis orqanlarının məsuliyyət daşıdığı pis rəftarın formasına aid edilməlidir. Pis rəftarın xarakterini nəzərə alaraq, məhkəmə hesab edir ki, bu, yalnız qəsdən törədilə bilərdi, çünki onun yerinə yetirilməsi üçün gücün tətbiqi tələb olunurdu. Müəyyən olunan mənzərədə o qənatə gəlmək üçün əsaslar yaradır ki, Təqsirləndirilən şəxs aşkar olunan xəsarətin onun saxlanmasından sonra üzərində şəxsi axtarış və götürmənin rəsmiləşdirilməsi, izahatının alınması prosesində psixotrop maddənin ona məxsus olmasının etirafı üçün yetirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayət təqibi gedişində şəxsə işgəncələr verməyi, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etməyi, aclığa, hipnoza məruz qoymağı, tibbi yardımdan məhrum etməyi, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etməyi; uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etməyi, habelə buna bənzər hər hansı digər sınaqlar keçirməyi; şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir. Şərh olunanlar şəxsi axtarış və götürmə aparılması barədə protokolu və ona əlavə edilmiş videoçəkilişi sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola istinad edilməklə təqdim etdiyi digər bütün sübutları, o cümlədən əməliyyat qrupunun üzvü olmuş polis əməkdaşlarının ifadələrini həm şəxsin saxlanılması, həm də onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hissələrini şübhə altına alır. Məhkəmə həmin sübutları mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən bu halları nəzərə alır və həm də polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxlanması halları ilə bağlı aşkar ziddiyyəti mövqelərinin mövcudluğunu qeyd edir. Belə ki, şəxsi saxlamış hər iki polis əməkdaşı ifadələrində xidməti inzibati ərazidə oğurluqların sayının kəskin surətdə artması ilə əlaqədar 18 sentyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində Bakıxanov qəsəbəsinin Əfəndiyev küçəsi tərəfə çıxaraq ərazidə müşahidə apararkən, saat 17-18 aralığında həmin ərazidə əvvəllər tanımadıqları, evlərin arasında gəzib dolaşmaqla onların fikrincə sanki nə isə axtaran bir nəfər şəxs görmüş, bu şəxs oğurluq etmək istəyən birisi kimi onlarda şübhələr doğurmuş, bu səbəbdən də yaxınlaşıb onu saxlamışlar. Amma Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərlə bağlı araşdırma aparılarkən hər iki polis əməkdaşı Sabunçu rayon prokurorluğuna verdikləri izahatlarda tam fərqli mövqe ifadə edərək Təqsirləndirilən şəxs üzərində narkotik olması və narkotik satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında onu saxladıqlarını və bölməyə apardıqlarını bildirmişlər. Ona görə də məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, iki polis əməkdaşının ifadələrini təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilib-yetirilməməsi ilə bağlı nəticəyə gəlmək üçün tədqiq edilən sübutların inandırıcılıq tələblərinə hansı ölçüdə uyğun gəlmələri ilə bağlı qənaətə gələrkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanmasına qədər baş vermiş proseslərə dair dəlilləri təhlil edir. Belə ki, cinayət işinin materialların əlavə edilmiş, məhkəmədə tədqiq olunmuş müvafiq sənədlərlə təsdiq olunur ki, hələ 2021-ci ilin oktyabr ayından etibarən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü X27 Əzizovun və sonuncunun tanışı Tünzalə Xalsayevanın qarşılıqlı şikayət ərizələri araşdırılmış, 800 manat pulunun qaytarılmasını istəyən Təqsirləndirilən şəxs araşdırmanın gedişində etiraz əlaməti olaraq özünə xəsarətlər yetirmiş, bütövlükdə araşdırmanın nəticəsindən narazı qalmışdır. Özünün bildirməsinə görə bununla bağlı dəfələrlə yuxarı instansiyalara 13-cü Polis Bölməsindəki araşdırmadan şikayətlər etmişdir. Onun saxlandığı 18 sentyabr 2023-cü il tarixdə isə ***-***-**-** saylı mobil nömrədən fəhlə işi ilə bağlı edilən zəng onda şübhə yaratmışdır. Məhkəmə qeyd edir ki, mobil operatordan alınmış məlumata əsasən həqiqətən qeyd olunan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı nömrəyə saat 14:05:15-də zəng edilərək 134 saniyə, saat 14:32:39-da zəng edilərək 125 saniyə, saat 14:40:41-də zəng edilərək 17 saniyə, saat 14:47:17-də zəng edilərək 29 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs şübhəli hesab etdiyi həmin nömrədən gələn sonuncu zəngdən 10 dəqiqə sonra – saat 14:57:03-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək 328 saniyə danışmaqla məlumat vermişdir. Bu məlumatdan cəmi 11 dəqiqə sonra isə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı X25 zəng etmişdir. Belə ki, Azər Əhmədov özünün istifadəsindəki ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə saat 15:08:41-də zəng edərək 63 saniyə, saat 15:12:26-da zəng edərək 40 saniyə, saat 16:28:30-da zəng edərək 72 saniyə danışıq aparmışdır. Bu məlumatlara əsasən 18 sentyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə aparılmış son danışıq saat 16:45-ə təsadüf edir və bundan sonra heç bir danışıq qeydə alınmamışdır. Sonuncu danışığı zamanı metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında olduğunu bildirən Təqsirləndirilən şəxs mobil telefonunu enerji dolması üçün tanış kafedə qoyaraq taksi ilə Bakıxanov qəsəbəsində yerləşən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə getmişdir. Yola sərf edilən vaxt, Bölmədə onun “102” xidmətinə müraciəti ilə bağlı ərizənin tərtib olunması, izahatının alınması, kondisioner mühərrikinin təhvil verilməsi və digər hərəkətlərə sərf olunan vaxt da nəzərə alınmaqla, bu vaxt sərfinin həcmi ilə bağlı təhqiqatçının özünün də ifadəsində bildirdikləri diqqətdə saxlanılmaqla Təqsirləndirilən şəxs 13-cü Polis Bölməsindən çıxması məhz saat 18 radələrində mümkün idi. Onun şübhəli şəxs qismində faktiki dəqiq saxlanılma vaxtı isə təhqiqat orqanı tərəfindən saat 18:00 kimi müəyyənləşdirilmişdir. Qanuni yolla əldə edilmiş sübutlarla, o cümlədən texniki kanallarla ötürülən təkzibedilməz məlumatlar da diqqətdə saxlanılmaqla ciddi, aydın və birbiri ilə uzlaşan nəticələr əsasında müəyyən edilmiş bu mənzərənin təkzib edilməsi faktiki mümkünsüzdür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhz “102” xidmətinə etdiyi şikayətlə bağlı araşdırma ilə əlaqədar 13-cü Polis Bölməsindən təxminən saat 18 radələrində çıxarkən polis əməkdaşları tərəfindən saxlanması barədə ardıcıl israrlı ifadələr vermişdir. Belə olan vəziyyətdə şəxsin saat təxminən 17 radələrində Bakıxanov qəsəbəsinin Əfəndiyev küçəsi istiqamətində evlərin arasında gəzib dolaşmaqla sanki nəsə axtarırmış kimi binalara tərəf boylanması səbəbindən şübhələnilərək saxlanılmasına dair polis əməkdaşlarının ifadələri və bu ifadələrə uğun tərtib edilmiş sənədləşmələr ziddiyyətli vəziyyət yaradır. Məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 6/5310 rəyi isə özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz (cild 1, iş vərəqə 32-36). İttiham aktında sübut kimi istinad olunan ambulator məcburi narkoloji yoxlamanın 05 noyabr 2022-ci il tarixli 6622 saylı rəyi mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma əməlini törətməsini təsdiq etmir. İttiham aktında sübut kimi istinad olunan məhkəmə psixiatrik ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 2828 nömrəli rəyi mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma əməlini törətməsini təsdiq etmir. Məhkəmə sübut olaraq bu rəylə bağlı mövqeyini ifadə edərkən daha bir vacib məqamı da diqqətə çatdırmağı zəruri hesab edir ki, ibtidai istintaq orqanının təqdim etdiyi cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixiatr kabinetində dispanser qeydiyyatında olması, habelə əlilliyi barədə hər hansı məlumat mövcud deyildir. Məhkəmə istintaqının gedişində isə müəyyən edilmişdir ki, Əzizov X13 rayon Poliklinika şöbəsində psixiatr kabinetində “psixotabənzər davranış, yüngül əqli gerilik”, “psixopatabənzər davranışla müşaiyət olunan debillik” diaqnozu ilə dispanser qeydiyyatındadır, habelə ona müddətsiz üçüncü qrup əlillik dərəcəsi verilmişdir. Belə ki, ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxsin hüquqlarını təyinatla müdafiə etmiş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Dilsuz Məmmədov 27 yanvar 2023-cü il tarixli 22 saylı məktubla Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək Təqsirləndirilən şəxs 13-cü Polis Bölməsində döyülməklə, fiziki təzyiqlər edilməklə narkotik vasitənin boynuna qoyulması və etirafedici izahata imza etdirilməsi və digər məqamlar üzrə müraciətindən müəyyən edilmişdir ki, ibtidai istintaq mərhələsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayəti verilmiş, amma şikayət təmin olunmamışdır. Bundan əlavə, daha sonra iki dəfə həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə də müraciət edilmiş, amma vəsatətlər təmin olunmamışdır. Cinayət işinin materiallarında bu hallarla bağlı heç bir məlumat olmadığından Sabunçu Rayon Məhkəməsinə müvafiq sorğu göndərilmişdir. Sabunçu Rayon Məhkəməsi tərəfindən müvafiq vəsatətlərin və onlara əlavə edilmiş əsaslandırıcı sənədlərin, habelə qəbul edilmiş qərarların surətləri təqdim olunmuşdur. Həmin sənədlərdən müəyyən edilir ki, müdafiəçi iki dəfə – 03 və 26 oktyabr 2022-ci il tarixlərdə Sabunçu Rayon Məhkəməsinə vəsatətlərlə müraciət edərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini xahiş etmiş, vəsatətlərə Təqsirləndirilən şəxs Kürdəmir rayon Poliklinika şöbəsində psixiatr kabinetində “psixotabənzər davranış, yüngül əqli gerilik”, “psixopatabənzər davranışla müşaiyət olunan debillik” diaqnozu ilə dispanser qeydiyyatında olması, müddətsiz üçüncü qrup əlil olması, habelə ailə vəziyyəti və digər hallarla bağlı sənədlər təqdim edilmişdir. Vəsatətlərdə şübhəli şəxs qismində tutulduğu 18 sentyabr 2022-ci il tarixdə 13-cü Polis Bölməsində Təqsirləndirilən şəxs fiziki təzyiqlər edildiyi, döyüldüyü və narkotik vasitənin boynuna qoyulduğu, döyülməyə və fiziki təzyiqlərə dözməyərək müvafiq izahatı imzaladığı, xəstə və 3-cü qrup əlil olması, Kürdəmir rayonu X9 Xəstəxanasında qeydiyyatda olması, habelə digər xüsusatlar göstərilmişdir. Sabunçu Rayon Məhkəməsində həmin vəsatətlərə həmçinin ibtidai istintaqı aparmış Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X12, Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi X8 və köməkçisi X5 iştirakı ilə baxılmış, məhkəmənin müvafiq olaraq 06 və 27 oktyabr 2022-ci il tarixli qərarları ilə vəsatətlər təmin edilməmişdir. Amma bununla belə ibtidai istintaq orqanı şəxsin psixiatr kabinetində “psixotabənzər davranış, yüngül əqli gerilik”, “psixopatabənzər davranışla müşayiət olunan debillik” diaqnozu ilə qeydiyyatda olması, üçüncü dərəcəli əlil olması, habelə digər hallarla bağlı nəinki əslində həmin situasiyada mütləq zəruri olan araşdırmanı aparmamış, ümumiyyətlə, bu ciddi xüsusatları cinayət işinin materiallarında əks etdirməmişdir. İttiham aktında sübut kimi istinad edilən, Təqsirləndirilən şəxs üstünə 13-cü Polis Bölməsində şəxsi axtarış və götürmə prosesinin videoçəkilişinə baxış keçirilməsinə dair protokolla bağlı məhkəmə qeyd edir ki, protokoldan müəyyən olunur ki, müstəntiq tərəfindən həmin videogörüntüyə şəxs saxlanıldıqdan bir gün sonra – 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxsin və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Müstəntiq həmin protokolda da hətta videogörüntünün özünü aşkar şəkildə təhrif edərək qeyd edir ki, “...təhqiqatçının Təqsirləndirilən şəxs saxlanılan şəxsə müraciət edərək ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur”. Halbuki, videoçəkilişdə ümumiyyətlə şühbəli şəxsə heç bir hüquq və vəzifəsi izah edilmir, heç bir halda videoçəkiliş aparılacağı belə elan edilmir. Müdafiəçi ilə bağlı hissədə təhqiqatçının bildirdiyi isə şübhəli şəxsə tələsik şəkildə ifadə etdiyi “halhazırda burda vəkil iştirak etməyəcək, buna hansısa bir narazıçılıq etirazınız var?” cümləsindən ibarətdir. Bu protokolda birbaşa həqiqəti əks etdirən məqam Təqsirləndirilən şəxs “narkotik vasitə” ilə bağlı “əldə etmə məqsədini isə izah edə bilməyərək deyir ki, “gördüm satır, mən də aldım, nə olmasını bilmirdim” şəklində olan cümlədir. Anlaşılmaz, zidiyyətli və məntiqsiz mənzərə isə həm də odur ki, müstəntiq elə ittiham aktında bu sübutdan əvvəl istinad etdiyi şəxsi axtarış və götürmə protokolunu şərh edərkən orada birbaşa göstərmişdir ki, “şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən çıxardığı qara rəngli pul qabının içərsindən 01 ədəd şəffaf sellofan bükümdə olan kristal şəklində maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə olduğunu, həmin maddəni öz istifadəsi üçün tanımadığı şəxsdən Xətai rayonu Əhmədli qəsəbəsi ərazisindən 30 manata aldığını, istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bu videogörüntüyə baxış keçirilməsində iştirak etmiş şübhəli şəxs Təqsirləndirilən şəxs protokolda əks olunmuş mövqeyi isə ondan ibarət olmuşdur ki, “həmin videogörüntüdə əks olunanlar polis əməkdaşları tərəfindən saxtalaşdırılmış və uydurma ssenari əsasında çəkilmişdir, reallıqda həmin vaxt onun üzərində psixotrop maddə olmamışdır, polislər tərəfindən videoçəkiliş başlanmazdan əvvəl onun üzərinə qoyulmuşdur, polislərin əvvəlcədən göstərdikləri təzyiqi və işgəncələri altında videoçəkilişdə bu cür danışmışdır”. Şərh olunan vəziyyətin mövcudluğu hər iki istintaq hərəkəti protokolunun təqsirləndirilən şəxsə istinad edilən əməlin törədilməsində mötəbər sübut kimi istinad edilməsini istisna edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs etiraz əlaməti olaraq həmin protokolu, habelə üzləşdirmə protokollarını, xx.xx.2022-ci il tarixli dindirmə protokolunu imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş ittiham aktında müstəntiq tərəfindən özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs müdafiəsi üçün dəlillər kimi göstərdiyi saxlanılarkən üzərində heç bir psixotrop maddənin olmaması, bölməyə özünün verdiyi məlumat əsasında çağırılaraq getməsi, məlumatı ilə əlaqədar ərizə və izahatı alındıqdan sonra sərbəst buraxılması, bölmədən çıxdıqdan sonra bölmənin qarşısında mülki geyimli şəxslər tərəfindən yenidən saxlanılaraq avtomobilə mindirilib bir neçə dövrə vurduqdan sonra yenidən Bölməyə gətirilərək üzərinə psixotrop maddə qoyulması, polis əməkdaşlarının təzyiqləri və işgəncələrinə məruz qaldığı üçün məcbur olub psixotrop maddənin guya ona məxsus olmasını etiraf etməsi barədə məqamlar “özünü müdafiə xarakterli qeyri-səmimi kimi qiymətləndirilməklə” əsassız hesab edilərək rədd edilmişdir. Həm də müdafiə üçün gətirilən həmin dəlillərin rədd edilməsinin mühüm əsası kimi vurğulanmışdır ki, iş üzrə əldə olunmuş telefon danışıqlarına dair məlumatlara keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 14:57:03-də DİN-in “102” Xidmətinə zəng vurmuş və müraciəti ilə əlaqədar həmin gün saat 16 radələrində 13cü Polis Bölməsində ərizə və izahat yazdıqdan sonra sərbəst şəkildə Polis Bölməsindən çıxıb getmiş və yalnız saat 18:00-da, yəni təxminən bir saatdan sonra küçədə polis əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılaraq yenidən 13-cü PB-nə gətirilmişdir, bu isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə əldə etməsinə kifayət qədər vaxtı olmuşdur. Həmçinin, 102 Xidmətinə verdiyi məlumat əsasında 13-cü PB-də olarkən onun üzərinə hələ şəxsi axtarış aparılmamışdır, ona görə də həmin vaxt artıq onun üzərində psixotrop maddənin olub-olmaması qeyrimüəyyəndir...». Məhkəmə müstəntiqin bu qənaətini tam əsassız hesab edir və ibtidai istintaq orqanının sübutlarının hər birinin ətraflı şərhi aparıldığından ətraflı təkzibinə zərurət görmədən yalnız onu qeyd edir ki, müstəntiqin özünün müvafiq qərar əsasında əldə etdiyi, "xxxx" MMC tərəfindən 22 dekabr 2022-ci il tarixli 27472 saylı məktubla təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla aparılmış danışıqların stastistik açıqlamaları, sms yazışmaları, antenn dairələri ilə bağlı məlumatlardan birbaşa görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə özünün istifadəsindəki həmin mobil telefon nömrəsindən saat 14:57:03-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək müraciət etmişdir. Həmin müraciətlə bağlı onu çağıran Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı X25 özünün istifadəsindəki ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsindəki ***- ***-**-** saylı mobil nömrəyə bir neçə dəfə zəng vurub dəvət etmiş, o cümlədən təhqiqatçı sonuncu dəfə Təqsirləndirilən şəxs 16:28:30-da zəng edərək 72 saniyə danışıq aparmışdır. Bu məlumatlara əsasən 18 sentyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə aparılmış son danışıq saat 16:45-ə təsadüf edir və bundan sonra heç bir danışıq qeydə alınmamışdır (cild 1, iş vərəqə 10-110). Təhqiqatçının sonuncu danışığından sonra Təqsirləndirilən şəxs mobil telefonunu metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığındakı kafedə enerji yığmaq üçün şəbəkəyə qoşulu vəziyyətdə qoyaraq köhnə kondisioner mühərrikini də özü ilə götürüb taksi ilə Bakıxanov qəsəbəsində yerləşən 13-cü Polis Bölməsinə yola düşmüşdür. Belə olan vəziyyətdə müstəntiqin Təqsirləndirilən şəxs “həmin gün saat 16 radələrində 13-cü Polis Bölməsində ərizə və izahat yazdıqdan sonra sərbəst şəkildə Polis Bölməsindən çıxıb getməsi”nə dair iddiası tam əsassızdır. Həm də müstəntiq tərəfindən qeyd olunan əsaslandırmaya cəhd zamanı guya “Təqsirləndirilən şəxs psixotrop maddə əldə etməsinə kifayət qədər vaxtı olmasına dəlalət etməsinə” dair mülahizəni məhkəmə yolverilməz hesab edir. Hətta digər çoxsaylı dəlillərin istisna olunduğu bir şəraitdə belə kifayət qədər ehtiyatlı davrandığı aşkar görünən, naməlum zəngin belə aldığı köhnə kondisioner mühərrikinin oğurluq olması ilə bağlı ola biləcəyindən ehtiyatlanıb “102” xidmətinə zəng edən, narkomaniya xəstəliyindən əziyyət çəkməyən Təqsirləndirilən şəxs çağırıldığı polis qurumuna gedərkən özü ilə cibində psixotrop maddə aparması ehtimalı tam əsassız mülahizədir. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edərkən sübut kimi istinad etdiyi hallar məhkəmədə tam, hərtərəfli və obyektiv yoxlanıldıqdan sonra cinayət əməlinin sübuta yetirilməsinin israr edilməsi imkanı istisna olunur. Məhkəmə, bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,871 qram təşkil edən metamfetamin ilə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 55 (əlli beş) manat (cild 1, iş vərəqə 33) məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 42.1, 42.1.4, 42.2.4, 346-347, 349-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,871 qram təşkil edən metamfetamin ilə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitə ilə bağlı keçirilmiş ekspertiza ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X16 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-799/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-799/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver