Məhkəmə qərarları › İş №1(101)-801/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-801/2023

31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-801/2023 31.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 05 dekabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317- 1.1-ci maddələri ilə təqsirli bilinib 03 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, işləməyən, Ucar rayonu, Qarabörk ərazi dairəsi, Gəraybəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində Binəqədi rayon məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Abşeron rayonu, Masazır kəndində 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,796 qram narkotik vasitə heroini və külli miqdarda 3,624 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 sentyabr 2022-ci il tarixdə saat 01:30-da Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən «Baku Elektronics» mağazasının yaxınlığında saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 03:20-də üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanda 02 ədəd ayrı-ayrı sellofan bükümlərdə külli miqdarda 4,796 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 3,624 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, axşam saat 10- 11 radələrində evdən çıxdıqdan sonra köhnə iş yerinin yanında mağazaya siqaret almaq üçün daxil olan zaman saxlanılmış, mülki geyimli polis işçisi ona yaxınlaşaraq Gəncliyə getmək üçün yolu soruşmuş, o yolu izah edərkən həmin şəxs onun qolundan tutaraq ondan şübhələndiyini, maşına oturmasını tələb etmişdir. Onu saxlayan 2 nəfər mülki geyimli polis əməkdaşı olmuş, vəsiqə təqdim etməmiş, nömrəsini xatırlamadığı “Opel” markalı maşının arxasına otuzdurmuş və ona qarşı təzyiq göstərmişdirlər. Döyülməsi ilə bağlı Binəqədi rayon prokurorluğunda izahat vermiş, gecə vaxtı olduğuna görə onu kimin döydüyünü görə bilməmiş və həmin şəxsləri polis idarəsində görməmişdir. Həkim yoxlaması nəticəsində döyülmə faktı təsdiq olunmuşdur, lakin döyülməklə bağlı prokurorluqda qəbul edilən qərarı ona göstərməmişdirlər. 20 sentyabr 2022-ci il tarixdə Qaradağ rayon məhkəməsində iclası olmuş, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş, məhkəməyə evdən getmişdir. İttihama əsasən o, 17 senyabrda narkotik vasitəni əldə etmiş, ayın 20-si isə tutulmuşdur. Lakin həmin gün üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni arada bir istifadə etmiş və yalnız marixuana çəkmişdir. Onu maşına mindirdikdə onlara qarşı müqavimət göstərməmişdir. Onu polis idarəsinə aparmış, polis idarəsində narkotik vasitəni cibinə qoyaraq onu 2-ci mərtəbədə böyük otağa aparmışdırlar. İşin sonraki gedişatında müdafiəçi dəvət etmişdilər. Müdafiəçi videoçəkilişdə iştirak etməmişdir. İzahat stolun üstünə hazır olaraq gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisənin üzərindən çox müddət keçdiyi üçün təfərrüatı ilə xatırlamır. Narkotik vasitənin miqdarı yadında qalmasa da təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edildiyini xatırlayır. Əməliyyat qrupuna Şahid1 da daxil olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadədən görünür ki, 22 sentyabr 2022-ci il tarixdə xidmətdə olduğu zaman ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərlərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin YYÇİ üzrə baş inspektoru, polis mayoru Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə saat 01:30 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 6 ünvanında yerləşən "Baku Elektronics" mağazasının yaxınlığında saxlanılmış və sonuncuya əvvəlcədən özlərini təqdim edərək, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini və birlikdə 5- ci polis bölməsinə getməli olduğunu bildirmişlər. Lakin, Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabe olmayaraq, xidməti avtomobilə minməkdən imtina etmişdir. Sonuncu ilə bir neçə dəqiqə davam eden profilaktik söhbətlər fayda vermədiyindən, son zərurət halında fiziki qüvvədən istifadə etmək qərarına gələrək, Mehmanın sağlamlığına ən yüngül dərəcədə zədələyəcək şəkildə zərərsizləşdirməklə, avtomobilə mindirməyə nail olmuşlar. Avtomobilə mindikdən sonra Təqsirləndirilən şəxs onlara müqavimət göstərməkdə davam etmiş və özünü avtomobilin hissələrinə çırpmaqla avtomobildən düşməyə çoxsaylı cəhdlər etmişdir. Onlar hər nə qədər Mehmanı sakitləşdirməyə, qayda- qanuna tabe olmağa dəvət etsələr də, sonuncu cinayətkarcasma təxribat törətmək məqsədilə qəsdən var qüvvəsi ilə özünü avtomobildə oyana-buyana vururmuş ki, təki bir yolla avtomobildən düşüb qaça bilsin. Onlar Mehmanın əllərini tutub saxlasalar da, sonuncu başı və ayaqları ilə müqavimət göstərməyə davam edirmiş və elə bu müqavimət zamanı Təqsirləndirilən şəxs avtomobilin qapısına doğru atılmağa çalışarkən, üz nahiyəsi qapının kauçuk hissəsinə dəymişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir qədər sakitləşmiş, lakin, gözündə heç bir xəsarət yeri görünmürmüş. Bununla belə onlar Mehmanı 5-ci polis bölməsinə apardıqdan sonra, ilkin tibbi yardım göstərmiş və gözünə - yaş dəsmal qoymuşlar ki, ağrısı keçsin. Elə bölmədə olarkən, Mehman birdən-birə gülməyə başlamış və onlara "Darıxmayın..., ele yaxşı oldu gözüm qapıya deydi, sizi tutduracam" sözlərini demişdir. Həmin vaxt Mehmanın öz ehtiyatsızlığından aldığı xəsarətin guya tərəflərindən yetirildiyi barədə onlara böhtan atacağını anlamışlar. Lakin, onlar Mehmanın sözlərinə fikir verməmiş və sonuncunu təhqiqatçının otağına aparmışlar, dərhal müdafiəçi ilə təmin olunmaq hüququnu, eləcə də şübhəli şəxs üçün Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş digər hüquqlarını izah etmişlər. Bölmədə daha sonra Mehmanın razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirlmiş və şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanda 02 ədəd ayrıayrı sellofan bükümlərdə olan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin maddələri Mehman 17 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin bükümlər açılmış və içərisində olan maddə kütlələri qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitə daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, təqsirləndirilən şəxsi axşam saatlarında Binəqədi rayonunda 5-ci polis bölməsinin ərazisində saxlamış, özlərini təqdim etdikdən sonra şəxsi polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsində şəxsin üzərinə videobaxış keçirilmiş və üzərində narkotik vasitə aşkar edilmişdir. Aşkar olunan bükümlərin dəqiq sayını xatırlamır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi həmin dövrdə dindirilən Şahid2 ifadəsi ilə eyni məzmunlu olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 22 sentyabr 2022-ci il tarixli “Raport”dan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda orta boylu, təxminən 45-50 yaşlarında olan, “Mehman” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi bildirilmişdir (cild 1, iş vərəqə 3). 22 sentyabr 2022-ci il tarixli qərara əsasən keçirilmiş əməliyyat-axtarış tədbirlərinə əsasən Təqsirləndirilən şəxs ünvan 7 ünvanında “Baku Electronics” dükanının yaxınlığında əlverişli şərait yarandığından tədbir iştirakçıları ilə birlikdə elə həmin gün saat 01:30-da saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin Polis Bölməsinə gətirilmişdir (cild 1, iş vərəqə 4-5, 7). Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı olmadan baxış keçirilməsinə etirazı olmaması barədə sonuncunun 22 sentyabr 2022-ci il tarixli ərizəsinə əsasən keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərinin məzmununu və video görüntülərini özündə əks etdirən 22 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində ola biləcək əşyaları təqdim etməsi bildirildikdən sonra o, üzərində olan 1 ədəd sellofan paketi təqdim etmiş, sellofan paketin içərisindəki bir ədəd ağ rəngli bükümün el arasında “Patı” adlanan psixotrop maddə və bir ədəd bükümün el arasında “kakos” adlanan narkotik vasitə olduğunu bildirmişdir (cild 1, iş vərəqə 28-34). Məhkəmə kimyəvi ekspertizanın 22 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 174» dairəvi möhür əksi olan «Həsənov» sözü soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,796 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 3,624 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 3,574 qram, heroinin qalıq çəkisi 4, 746 qram təşkil etmişdir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan REspublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısın (Siyahı İ) daxildir (cild 1, iş vərəqə 43-47). Məhkəmə-psixiatrik ekspertizasının 24 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterdi məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 144-146). “CD diskə baxış keçirilməsi haqqında protokoldan” görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 171-190). Maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4,746 qram heroin və 3,574 qram metamfetaminin maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır ( cild 1, iş vərəqə 130-131). Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd CD diskin sübut kimi qiymətləndirilərək cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 1, iş vərəqə 191-199). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbayvan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqının əvvəlində dindirilərkən polis əməkdaşları tərəfindən zor tətbiq edilərək şöbəyə aparılması və orada olarkən polis əməkdaşları tərəfindən döyülməsi səbəbindən videogörüntü ilə qeydə alınmaqla üzərinə şəxsi axtarış keçirilməsinə və ona verilən narkotik vasitəni təqdim etməyə razı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən cinayət işi başlanılmasının rədd edilməsi haqqında Binəqədi rayon prokurorluğunun müstəntiqi Vəli-zadə Əlövsət Qədim oğlunun 18 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ gözaltı nahiyəsində bənövşəyi rəngdə qançır izlərinin aşkar olunması barədə daxil olmuş məlumat üzrə araşdırma aparılmış, bədən səthində aşkar olunmuş xəsarətlərin əmələ gəlməsində polis əməkdaşlarının təqsirinin sübuta yetirilməməsi əsası ilə toplanılmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (cild 1, iş vərəqə 141-143). Qərar qəbul edilərkən istinad edilən məhkəmə-tibbi ekspertizanın 24 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ gözaltı nahiyənin və döş qəfəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 22 sentyabr 2022-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni o, tutularaq avtomobilə mindirilərkən müqavimət göstərildiyindən sağ gözaltı nahiyəsinin və döş qəfəsin sağ yarısının avtomobilin küt hissələrinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər (cild 1, iş vərəqə 138-140). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı Binəqədi rayon prokurorluğunun 18 oktyabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məhkəmə iclasında şikayət verib-verməməsi müəyyənləşdirilərkən aydın olmuşdur ki, sonuncu həmin qərardan şikayət etməmişdir. Məhkəmə məhkəmə-tibb ekspertizasının verdiyi rəyə əsasən Təqsirləndirilən şəxs üzərində aşkar edilən xəsarətlərin tutularaq avtomobilə mindirilərkən müqavimət göstərildiyindən sağ gözaltı nahiyəsinin və döş qəfəsin sağ yarısının avtomobilin küt hissələrinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilməsinin inkar edilməməsi, şahidlər Şahid1 və Şahid2 həm ibtidai istintaq, həm material üzrə araşdırma zamanı Təqsirləndirilən şəxs şöbəyə aparılarkən müqavimət göstərdiyi zaman mindirildiyi avtomobilin qapısına doğru atılmağa çalışarkən, üz nahiyəsinin qapının kauçuk hissəsinə dəyməsi barədə ifadələrini, o cümlədən təqsirləndirilən şəxsin 20 iyun 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından şikayət verməməsi hallarını birgə qiymətləndirərək hesab edir ki, videoçəkiliş aparılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olması barədə verdiyi ifadələrin, habelə 4,796 qram narkotik vasitə olan heroinin və 3,624 qram psixotrop maddə metamfetaminin təqsirləndirilən şəxsə məxsus olması faktının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinin tələbləri nöqteyi nəzərindən şübhə altına alınması üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizon Hərbi Məhkəməsinin 27 aprel 1998-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 243, 42-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 27 aprel 1998-ci il tarixində cəzadan azad olunmuş, Qaradağ rayon məhkəməsinin 05 dekabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 25 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Məntəqə tipli Cəzaçəkmə müəssisəsindən daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan 09 oktyabr 2021-ci il tarixində cəzanın sonu ilə azad olunmuşdur ( cild 1, iş vərəqə 115-117). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxsin Qaradağ rayon məhkəməsinin 05 dekabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı cəkib qurtardığı gündən qeyd edilən müddət keçmədiyinə görə o, məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi dövrdə yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs yüngülləşdirici halların olmamasını, əməlində cinayətlərin residivi olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, o, Cinayət Məcəlləsinin 234.1-ci və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci və 69.3-cü maddəsinə əsasən 03 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan hesablanması qərara alınmışdır ( cild 1, iş vərəqə 125-129). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən edilərsə, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, ona həmin Məcəllənin 66.3cü maddəsinə əsasən, yəni təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə toplanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 16), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 102-106). Ona görə də, məhkəmə yuxarıda göstərilənləri, habelə Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin hökmün çıxarıldığı tarixdən hesablanmasını nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.3-cü və 66.5-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 24 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 135-136). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,746 qram təşkil edən heroin və 3,574 qram təşkil edən metamfetamin məhv edilməli, Mehman Əmiraslan oğlunun üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 44). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 15 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına 72 ( yetmiş iki ) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4(dörd) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası cari hökmlə təyin edilmiş 4(dörd) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə birləşdirilərək üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,746 qram təşkil edən heroin və 3,574 qram təşkil edən metamfetamin məhv edilsin - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına vəkil X5 üçün 72 ( yetmiş iki )manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar