Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-802/2021 25.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, X5 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 43, mənzil 63-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Xətai rayonu, Admiral Naximov küçəsi ev 29, mənzil 22-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 29,240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının sonunda Bakı şəhərində internet vasitəsilə Rusiya Federasiyasının Moskva şəhərindən istintaqla müəyyən edilməmiş mənbədən külli miqdarda, tərkibindəki narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsir edən maddəsinin ümumi miqdarı 5,550 qram təşkil edən 37 ədəd “Pfizer PGN 150” göstəricili dərman kapsulunu satış məqsədilə sifariş verərək elektron qaydada bank hesabı vasitəsilə ödənişi həyata keçirmiş, həmin güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə, qaçaqmalçılıq yolu ilə keçirilərək göndərilməsi və Bakı şəhərində ona çatdırılması üçün Moskva şəhərindəki şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs və ya şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü və ya üzvlərinin onun adına yaşadığı ünvan 1 ünvanına göndərilməsi üçün Demidova Yana adından 25 may 2020-ci il tarixdə ticarət nişanı pozulmuş vəziyyətdə ona məxsus digər dərman preparatı ilə birlikdə bir bağlamada qablaşdıraraq Rusiya Federasiyasının Moskva şəhərində vitamin dərmanlar adı ilə beynəlxalq poçt göndərişi kimi təhvil verdikləri güclü təsir edici vasitələri, həmin maddələrin qanunverciliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə əsas verən düzgün olmayan məlumatlar təqdim edilməklə gömrük sərhədindən düzgün bəyan edilməməklə, qaçaqmalçılıq yolu ilə keçirilərək Azərbaycan Respublikasına gətirilməsinə nail olmuş, lakin ümumi çəkisi 0,5 kiloqram, izləmə kodu EE018318752RU olan həmin poçt bağlaması 10 iyul 2020-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi, 702-ci məhəllədə yerləşən X6 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda “Heiman x-ray” markalı rentgen qurğusunda gömrük nəzarətindən keçirilərkən qeyd edilən dərman preparatları aşkar edilərək götürüldüyündən, bilavasitə külli miqdarda, tərkibindəki narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin satış məqsədilə əldə edilməsinə yönəlmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı olmağına baxmayaraq, 2 yaşından valideyinləri ilə birgə Rusiya Federasiyasının Moskva şəhərində yaşayır, atası Moskva şəhərində taksi fəaliyyəti və fərdi sahibkarlıqla məşğul olur, özü rəsmi heç yerdə işləmir, lakin stilist kimi fəaliyyət göstərir. İldə bir necə dəfə Azərbaycan Respublikasına gəlibgetmiş, gəlişinin səbəbi toy-ad günləri olmuşdur. 2020-ci ilin yanvar ayında o, qeydiyyat məqsədi ilə Moskva şəhərindən Bakıya gəlmişdir. O, Bakıya gələrkən adətən xalası Şahid4 evində qalmışdır. Özlərinin Bakı şəhərində evləri vardır, lakin onlar həmin evi təxminən 1993-cü ildən tərk edib Moskva şəhərinə köçmüşlər. Həmin ev onun atasının adınadır və onlar ailəlikcə orada qeydiyyatdadırlar. Həmin ev ünvan 2 ünvanında yerləşir, lakin o, Bakı şəhərinə gələndə öz evlərində şəraiti olmadığından və tək olduğu üçün xalasının ünvan 4 ünvanında yerləşən evində qalmışdır. 2020-ci ilin fevral ayında o, istirahət məqsədi ilə Abu-Dabi şəhərinə getmiş, 13.03.2020-ci il tarixdə Bakıya qayıtdıqdan sonra dünyada baş vermiş koronovirus pandemiyası ilə əlaqədar olaraq, sərhədlər bağlı olduğundan ölkəni tərk edə bilməmişdir. 2020-ci aprel ayının sonunda o, internet portalından xatırlamadığı maqazin saytlarından özü üçün saç boyası üçün istifadə etdiyi “Fukorsin 25 ml” göstəricili dərman vasitəsini sifariş etmişdir. Təxminən iyul ayında Dövlət Gömrük Komitəsindən ona zəng edilərək adına bağlama gəldiyini və həmin bağlamanın içində qanunla qadağan olunmuş məhsul olduğu ona bildirilmişdir. O, gömrük əməkdaşına “Fukorsin 25 ml” göstəricili dərman vasitəsinin ona məxsus olduğunu, lakin digərlərinin ona aidiyyatının olmadığını, həmçinin Bakı şəhərində olmadığını bildirmiş, daha sonra 25.07.2020-ci il tarixdə Bakı-İstanbul reysi ilə Türkiyəyə, oradan da yaşadığı Moskva şəhərinə getmişdir. 06.12.2020-ci il tarixdə Bakı şəhərinə bacısını görmək üçün qayıdarkən Heydər Əliyev hava limanında saxlanılmışdır. Bundan başqa bildirmişdir ki, “Fukorsin 25 ml” göstəricili dərman vasitələri ona aiddir, lakin “Pfizer PGN 150” yazıları əks olunmuş kapsullardan xəbəri yoxdur, Demidova Yana adlı şəxsi tanımır, “Fukorsin”-i hansısa hazırda xatırlamadığı Rusiya saytlarının birindən sifariş vermiş, ödənişi «paypasst» onlayn vasitəsi ilə kartla ödəmişdir. O, konkret bir şəxsdən alş-veriş etməmiş, mağazadan almış, ödənişi də onların hesabına ödəmişdir. Həmin pulu köhnə, yəni müddəti keçmiş kart vasitəsi ilə ödəmişdir. Sifariş ünvanında mənzilin nömrəsini 22 rəqəminin əvəzinə 29 yazması səhvən olmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 29, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Dövlət Gömrük Komitəsinin əməkdaşıdır və 2019-cu il tarixdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və TNVT Şöbəsində çalışır. 10 iyul 2020-ci il tarixində xidməti vəzifəsini “Poçt Göndərişləri” gömrük postunda həyata keçirərkən saat 10 radələrində Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri vasitəsi ilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Admiral Naximov 29, mənzil 29; alıcının adı isə Təqsirləndirilən şəxs kimi göstərilmiş ümumi çəkisi 0,5 kg, izləmə kodu EE018318752RU olan bağlamaya “Heimann x-ray” markalı rentgen aparatı vasitəsi ilə tərəfindən baxış keçirilmiş və monitorda dərman vasitələrinin olduğu görünmüşdür. Əvvəl bağlamanın üzərinə baxış keçirilmiş, Rusiya Federasiyasının Moskva şəhərindən Demidova Yana adlı şəxs tərəfindən göndərildiyi və içərisindəki əşyaların “vitaminlər- 1 ədəd”, “dərmanlar- 3 ədəd” kimi bəyan olunduğu müəyyən olunmuşdur. Hal şahidlərinin iştirakı ilə bağlama açılmış və içərisində 3 ədəd “Fukorsin 25ml” və 1 ədəd etiketi zədələnmiş flakonda 37 kapsul “Pfizer PGN 150” adlı dərman vasitələri olduğu müəyyən olunmuşdur. Adətən “Pfizer PGN 150” kapsulaları konvalyut və karton qutuya qablaşdırılır və resept əsasında satılır. Lakin bağlamada olan həmin kapsulalar aşkar edilməsini çətinləşdirmək üçün üzərində etiketi zədələnmiş başqa dərmanın flakonuna yerləşdirilmişdir. Onun tərəfindən faktla bağlı hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş və qeyd olunan dərman vasitələri araşdırma məqsədilə polietilen zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “xxxx” MMC-də mütəxəssis vəzifəsində işləyir. 10 iyul 2020-ci il tarixdə saat 10 radələrində gömrük əməkdaşı Şahid1 Beynəlxalq X1 Bölməsinə Rusiya Federasiyasının Moskva şəhərindən beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Admiral Naximov 29, mənzil 29, alıcının adı isə Təqsirləndirilən şəxs kimi göstərilmiş ümumi çəkisi 0,5 kg, izləmə kodu EE018318752RU olan poçt bağlamasına gömrük baxışı keçirilərkən onun hal-şahidi qismində iştirak etməyini xahiş etmişdir. O, öz razılığını bildirmiş və onunla birlikdə baxışda hal şahidi qismində Rövşən adlı bir nəfər də iştirak etmişdir. Bağlama Rusiya Federasiyasının Moskva şəhərindən Demidova Yana adlı şəxs tərəfindən göndərilmiş və içərisindəki əşyalar “vitaminlər- 1 ədəd”, “dərmanlar-3 ədəd” kimi bəyan olunmuşdur. Yoxlama zamanı poçt bağlamasından 3 ədəd “Fukortsin 25ml” və 1 ədəd etiketi zədələnmiş flakonda 37 kapsul “Pfizer PGN 150” adlı dərman vasitələri aşkar olunmuşdur. Sonra gömrük əməkdaşı tərəfindən tərtib olunmuş protokola imza etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 Edar oğlu Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, bacısı qızı Təqsirləndirilən şəxs və onun ailəsi Rusiya Federasiyasının Moskva şəhərində yaşayırlar. Təqsirləndirilən şəxs təxminən ildə 1-2 dəfə Azərbaycan Respublikasına gəlibgetmiş və hər dəfə gələndə onun yaşadığı ünvan 4 ünvanında qalmışdır. 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs onlara gəldikdən sonra sərhədlər bağlı olduğundan Moskva şəhərinə qayıda bilməmiş, təxminən 2020-ci ilin iyul ayına kimi onlarda qalmış, daha Türkiyə Respublikasına, oradan da Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Təqsirləndirilən şəxs onların evində yaşadığı müddətdə onların ünvanına nə isə sifariş verməsindən onun xəbəri olmamışdlır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 14.08.2020-ci il tarixli 6/1304 nömrəli fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Pfizer PGN 150” göstəricili ağ rəngli dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsullarının tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 5,550 qram təşkil edir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxildir. 3 ədəd “Fukorsin 25 ml” göstəricili şüşə flakondakı məhlulun əsas təsiredici maddəsi-bor turşusu, fenol, rezorsindir və həmin maddələr 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarına” və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarına” daxil deyildir. Cinayət işinə əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 27.10.2020-ci il tarixli 9/3324 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3 ədəd şüşə flakonda “Fukorsin 25 ml” dərman preparatlarının istifadəyə yararlı 1 ədədinin 10.07.2020-ci il tarixə orta bazar qiyməti təxminən 1,40 manat, 3 ədədinin ümumilikdə qiyməti 4,20 manat müəyyən edilir. “Pfizer PGN 150” göstəricili dərman pereparatının Bakı şəhəri apteklərində satışı olmadığından qiymətini müəyyən etmək olmadı. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən alınmış 09.12.2020-ci il tarixli, 3400 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “ Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı” na əsasən Preqabalin güclü təsir edən maddələrə aiddir və həmin Siyahıya görə 5 qramdan artıq çəkidə “Preqabalin” külli miqdar təşkil edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 24 avqust 2020-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 29, 240.3.2-ci maddələri ilə təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 29, 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 10 iyul 2020-ci il tarixli yoxlama haqqında protokolundan da görünür ki, Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri vasitəsi ilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Admiral Nahimov 29/ 29; alıcının adı isə Təqsirləndirilən şəxs kimi göstərilmiş ümumi çəkisi 0,5 kg, izləmə kodu EE018318752RU olan poçt göndərişinə “Heimann x-ray” markalı rentgen texniki nəzarət qurğusu vasitəsi ilə gömrük baxışı keçirilmiş, nəticədə qurğunun monitorunda dərmanlardan ibarət olan həmin paketin içərisində 3 ədəd “Fukorsin” ticarət nişanı olan qablaşdırmada dərmanlar və 1 ədəd ticarət nişanı pozulmuş qablaşdırmada “Preqabalin” tərkibli vasitələrə bənzəyən ( üzərində “P G N” çap yazıları əks olunmuş) 36 ədəd kapsullar aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 08 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan da görünür ki, Təqsirləndirilən şəxs poçt göndərişində aşkar olunmuş “Fukorsin 25 ml” göstəricili dərman vasitələrinin ona aid olduğunu, lakin “Pfizer PGN 150” yazıları əks olunmuş kapsullardan xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Üzərində Təqsirləndirilən şəxs adı və ünvanı göstərilmiş poçt bağlamasında olan “Fukorsin 25 ml” göstəricili dərman vasitəsinin Təqsirləndirilən şəxs tərəfindən sifariş edilməsi və ona aid olduğu halda, elə həmin bağlamada olan 37 ədəd “Preqabalin” tərkibli kapsullardan onun xəbərinin olmadığı məhkəməyə inandırıcı gəlmir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadələrə tənqidi yanaşır və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 29, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə olunmuş Moskva şəhər VVAQ idarəsinin Çertanovo rayon VVAQ şöbəsi tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş nigah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşı X4 ilə rəsmi nigahdadır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, gənc olmasını, qadın olmasını və ailəli olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 29,240.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona cəza təyin edilməli, ibtidai istintaq zamanı 06 dekabr 2020-ci il tarixdən 08 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəsasından çıxılaraq qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,240.3.2-ci maddəsi üzrə təyin ediləcək cəzanın müddəti 6 ildən artıq ola bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamınının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasındakı davranışını, habelə cəzasını yüngülləşdirən halları nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının 08 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qisminə cəlb edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanının 13 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Xaləddin qızının əməli Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 206.3.2 və 29, 240.3.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına vaxtında gəlmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməl və ya başqa hüquq pozuntusu törətməmiş, öz davranışı ilə onu cinayət törətməyə sövq etmiş antisosial meylliliyin dərin olmadığına, onun cəmiyyət üçün təhlükə yaratmadığına və onun artıq islah yolunda olduğuna inam yaratmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Xaləddin qızının təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Odur ki, məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaləddin qızına təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməli, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunaraq, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan “Pfizer PGN 150” göstəricili ağ rəngli preqabalin tərkibli 36 kapsul dərman vasitələri məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 3 ədəd “Fukorsin 25 ml” göstəricili şüşə flakondakı dərman vasitələri sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci Təqsirləndirilən şəxs 181 (yüz səksən bir) manat 82 ( səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 29, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 240.3.2-ci maddəsi ilə 04 ( dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 06 dekabr 2020-ci il tarixdən 08 dekabr 2020-ci il tarixinə qədər 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 1 ( bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan “Pfizer PGN 150” göstəricili ağ rəngli preqabalin tərkibli 36 kapsul dərman vasitələri məhv edilsin. İş üzrə maddi sübut kimi Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 3 ədəd “Fukorsin 25 ml” göstəricili şüşə flakondakı dərman vasitələri sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar xərci Təqsirləndirilən şəxs 181 (yüz səksən bir) manat 82 ( səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-802/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-802/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver