Məhkəmə qərarları › İş №1(101)-802/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-802/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-802/2023 27.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X9 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Behbud» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 14 sentyabr 2022ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, metropolitenin «Nizami» stansiyasının arxa tərəfindəki məişət tullantıları olan əraziyə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Behbud» adlı şəxs tərəfindən daşın altına qoyulmuş sellofan torbada külli miqdarda 114,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 99,361 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla yaşadığı ünvan 2 ünvanına gətirərək həmin ünvanda saxlamış, 15 sentyabr 2022-ci il tarixdə saat 17:05 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 4 ünvanının qarşısında piyada hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, saat 18:45-də üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 29,249 qram çəkidə külli miqdarda ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldükdən sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 20:45-də onun yaşadığı ünvan 6 ünvanda keçirilmiş baxış zamanı mənzilin mətbəxində yerləşən dolabdakı 01 ədəd qara rəngli qutunun içərisindən 01 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 114,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 70,112 qram külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə Təqsirləndirilən şəxs üzərindən götürülmüş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən ağ rəngli kristallik kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İran İslam Respublikasının vətəndaşı ilə danışıb razılaşmış, belə ki, həmin şəxs ona narkotik vasitələrin yerini demiş, o da gedib həmin ünvandan götürmüş, daha sonra həmin narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, «Behbud» adlı İran İslam Respublikasının vətəndaşı ilə aralarındakı razılaşmaya əsasən narkotik vasitələri qoyulan ünvanlardan götürüb ona deyilən ünvana qoymasının qarşılığında həmin narkotik vasitənin üstündən götürüb istifadə etmişdir. İran İslam Respublikasının vətəndaşı Behbudla «Whatsapp» sosial şəbəkəsi vasitəsilə, tutulmamışdan 1 ay əvvəl əlaqə saxlamış, tutulmamışdan əvvəl 1 dəfə Behbudun dediyi yerə narkotik vasitə qoymuşdur. O, narkotik vasitəni qoyduğu yerin şəklini çəkib «Whatsapp» sosial şəbəkəsi vasitəsilə Behbuda göndərmişdir. O, narkotik vasitə istifadəçisi olmuş, etdiyi hərəkətin fərqində olmamışdır. Onun narkotik maddəni satmaq niyyəti olmamış, götürəcəyi narkotik vasitədən özü üçün istifadə etmişdir. Onun qazancı həmin narkotik vasitənin üzərindən götürüb istifadə etmək olmuşdur. Onun pul götürmək kimi qazancı olmamış, qazancı sadəcə ona verilən narkotik vasitənin üzərindən götürüb istifadə etmək olmuşdur. Video çəkiliş zamanı üzərində 200 qram narkotik vasitə aşkar edilmiş, həmin narkotik vasitələri ona deyilən ünvanlara qoymaq üçün üzərində daşımışdır. Əvvəllər 1-2 dəfə narkotik vasitələri ona deyilən ünvanlara qoymuşdur. Ona kart vasitəsilə və ya başqa formada pul verilməmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən AR DİN-nin BNMİ-nin XMİÜ üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirlinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olmuş, həmin məlumat əsasında o və Şahin Süleymanovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, onlar Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 3 yaxınlığında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamış və Baş İdarəyə gətirmişlər. Axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən şəffaf sellofanın içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Altay Baxşıyev video çəkiliş zamanı evində külli miqdarda narkotik vasitənin olduğunu bildirmiş, əməliyyat qrupu ilə evə baxış keçirilən zaman təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəxində olan narkotik vasitəni çıxararaq onlara təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümü, 20 manat pulu, 1 ədəd yaşadığı evin açarını, sol yan cibindən isə 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan «Redmi» markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 20 manat pul, yaşadığı evin açarı özünə qaytarılsa da, ona məxsus «Redmi» markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümlərə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 29 (iyirmi doqquz) qram olması müəyyən edilmişdir. Tədqiq edilən protokoldan həmçinin görünür ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoyaraq öz istifadəsi üçün narkotik əldə etmək məqsədilə üzərində saxladığını, təxminən 1 (bir) ay əvvəl sosial şəbəkədə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı «Behbud» adlı şəxsin vasitəsilə saxlanıldığı gün Yasamal rayonu ərazisində, «Nizami» metrostansiyasının yaxınlığından, gizlədilmiş yerdən götürdüyünü, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini özünün Binəqədi rayonunda yaşadığı evində gizlətdiyini, bu əməli törətməkdə məqsədinin öz istifadəsi üçün narkotik əldə etmək olduğunu, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, i/v 40-42). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «mənzilə baxış keçirilməsi və götürmə haqqında» 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi ev 3 ünvanına baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, narkotik tərkibli maddələrin qalan hissəsini həmin otaqda yerləşən, soyuducunun yanındakı, divardan asılmış dolabdan 1 (bir) ədəd qara rəngli qutunu, 1 (bir) ədəd elektron tərəzini və 1 (bir) ədəd narkotik vasitələrin satışına dair qeydlər apardığı qeyd dəftərini təqdim edərək əldə etdiyi narkotik tərkibli maddənin həmin qutunun içərisində saxladığını bildirmiş, ilk növbədə qeydiyyat dəftəri təhqiqatçı tərəfindən götürülmüş, sonra həmin qutuya baxış keçirilən zaman içərisində 1 (bir) ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə, 1 (bir) ədəd şəffaf sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə müəyyən edilmiş, aşkar edilmiş maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bağlamanın çəkisinin 117 (yüz on yeddi) qram, psixotrop maddə metmafetaminə bənzər kütlənin çəkisinin isə 71 (yetmiş bir) qram olması müəyyən edilmiş, həmin maddələr və elektron tərəzi ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Qeyd olunan protokolla həmçinin müəyyən edilmişdir ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın mətbəxindən aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri bir gün əvvəl Yasamal rayonu ərazisindən ona deyilən yerdən götürdüyünü, həmin yerə narkotik maddələrin qoyulmasını ona təxminən 1 (bir) ay əvvəl sosial şəbəkədə tanış olduğu adını «Behbud» kimi bildiyi İran İslam Respublikasının vətəndaşının bildirdiyini, həmin şəxsin nömrəsini telefonunda qeyd etdiyini, həmin maddələri deyilən yerlərə qoyması müqabilində öz istifadəsi üçün narkotik maddə əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını və bu əməlindən heç kimin məlumatının olmamasını bildirmişdir. Bundan sonra onun razılığı əsasında həmin yerə vizual baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir (cild 1, i/v 45- 46). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «videogörüntülərə baxış keçirilməsi haqqında» 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskdə olan video görüntülər 15 sentyabr 2022-ci il tarixdə saat 18:45-də başlayır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümü, 20 manat pulunu, 1 (bir) ədəd yaşadığı evinin açarını, sol yan cibindən isə 1 (bir) ədəd içərisində ***-***-**-** GSM nömrə olan «Redmi» markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoyduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilmir, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 20 manat pul, yaşadığı evinin açarı özünə qaytarılsa da, ona məxsus «Redmi» markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülür, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümlərə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilir, həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilir və qablaşdırılma ilə birlikdə çəkisinin 29 (iyirmi doqquz) qram olması müəyyən edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoyaraq öz istifadəsi üçün narkotik əldə etmək məqsədi ilə üzərində saxladığını, təxminən 1 (bir) ay əvvəl sosial şəbəkədə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı «Behbud» adlı şəxsin vasitəsilə saxlanıldığı gün Yasamal rayonu ərazisində, Nizami metro stansiyası yaxınlığından, gizlədilmiş yerdən götürdüyünü, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini özünün Binəqədi rayonunda yaşadığı evində gizlətdiyini, bu əməli törətməkdə məqsədinin öz istifadəsi üçün narkotik əldə etmək olduğunu, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd şəffaf sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçısı, polis kapitanı Şahid2 tərəfindən götürülür (cild 01, i/v 104-105). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «videogörüntülərə baxış keçirilməsi haqqında» 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdəki video görüntülər 15 sentyabr 2022-ci il tarixdə saat 21:45-də ünvan 4 ünvanda qeydə alınır. Ünvana baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilir, bu təklifdən sonra o, narkotik tərkibli maddələrin qalan hissəsini həmin otaqda yerləşən, soyuducunun yanındakı, divardan asılmış dolabdan 1 (bir) ədəd qara rəngli qutunu, 1 (bir) ədəd elektron tərəzini və 1 (bir) ədəd narkotik vasitələrin satışına dair qeydlər apardığı qeyd dəftərini təqdim edərək əldə etdiyi narkotik tərkibli maddənin həmin qutunun içərisində saxladığını bildirir, ilk növbədə qeydiyyat dəftəri təhqiqatçı tərəfindən götürülür, sonra həmin qutuya baxış keçirilən zaman içərisində 1 (bir) ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə, 1 (bir) ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə müəyyən edilir, aşkar edilmiş maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilir, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bağlamanın çəkisinin 117 (yüz on yeddi) qram, psixotrop maddə metmafetaminə bənzər kütlənin çəkisinin isə 71 (yetmiş bir) qram olması müəyyən edilir, həmin maddələr və elektron tərəzi ağ rəngli zərfə qoyularaq qablaşdırılır, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın mətbəxindən aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri bir gün əvvəl Yasamal rayonu ərazisindən ona deyilən yerdən götürdüyünü, həmin yerə narkotik maddələrin qoyulmasını ona təxminən 1 (bir) ay əvvəl sosial şəbəkədə tanış olduğu adını «Behbud» kimi bildiyi İran İslam Respublikasının vətəndaşının bildirdiyini, həmin maddələri deyilən yerlərə qoyması müqabilində öz istifadəsi üçün narkotik maddə əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını və bu əməlindən heç kimin məlumatının olmamasını bildirir. Bundan sonra onun razılığı əsasında həmin yerə vizual baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd bükümdə olan maddələr və bir ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır, üzəri «DİN-nin Zərflər üçün 7 saylı» möhürü ilə möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçısı, polis kapitanı Şahid2 tərəfindən götürülür (cild 01, i/v 106-107). Maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş CD disklərdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq olunmuş və müəyyən edilmişdir ki, videogörüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında», «mənzilə baxış keçirilməsi və götürmə haqqında» və «videogörüntülərə baxış keçirilməsi haqqında» protokolların məzmunu ilə uyğundur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «dəftərə baxış keçirilməsi haqqında» 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdəki mətbəxin dolabından götürülmüş 96 (doxsan altı) vərəqdən ibarət dəftərin beş vərəqində müxtəlif qeydlər aparılmışdır. Belə ki, «torpaq», «daş», «p», «k» yazmaqla, müxtəlif qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs bildirdi ki, tanışı İran İslam Respublikasının vətəndaşı «Behbud» adlı şəxsin göndərdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini elektron tərəzidə çəkib xırda bükümlərdə büküb çəkiləri barədə dəftərində qeyd etmiş, «torpaq» və «k» dedikdə narkotik vasitə heroini, «daş» və «p» dedikdə psixotrop maddə metamfetamini nəzərdə tutumuşdur (cild 01, i/v 108). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «mobil telefona baxış keçirilməsi haqqında» 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin istifadəsində olan «Redmi» markalı mobil telefona baxış keçirilmiş, telefonunun «Whatsapp» proqramına keçirilmiş baxış zamanı «X13» kimi qeyd edilən +98-***-***-**-** saylı mobil nömrənin sahibi İran İslam Respublikasının vətəndaşı «Behbud» olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin mobil nömrə ilə «Whatsapp» proqramında yazışması 14 sentyabr 2022-ci il tarixdən başlamış, 15 sentyabr 2022-ci il tarixə kimi olan müddət ərzində səs yazılarından və Təqsirləndirilən şəxs həmin mobil nömrəyə göndərdiyi foto şəkillərdən məlum olur ki, sonuncunun tapşırığı ilə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni onun dediyi yerdən götürüb qablaşdıraraq, müxtəlif ünvanlara qoymuş və qoyduqları yerin fotoşəkillərini, həmçinin olduğu yerin xəritəsini «Whatsapp» proqramı vasitəsi ilə «Behbud» adlı şəxsə göndərmişdir. Belə ki, onların arasındakı 14 sentyabr 2022-ci il tarixli danışıqlarından: - Altay: Xala oğlu üç dənə torpaq götürdü - Behbud: Xala oğlunu hesablayanda 18 manat Altaya borclu qalır. Ümumilikdə hesabla Altaya 225 manat verəcəyi qalır. - Altay: Hesab-kitabı sən apar, çünki mən qatıb-qarışdırıram. - Behbud: Arxayın ol. Mən hesab-kitabı yazacam. 15 sentyabr 2022-ci il tarixdə tərəflərin danışıqlarından: - Behbud: Qardaş necəsən? Canın-başın? - Altay: Salam. Sən necəsən? Zakaz var? - Behbud: Zakas bir dənə var, bir neçəsi də olsun, deyecəm aparacaqsan. - Altay: Yaxşı, oldu. - Behbud: Bir dənə 10 torpaq, bir daş. 6 torpaq, bir daş digər ünvana. 8 torpaq, bir daş bir ünvana. Bunları bağla mənə de. Qoyduğun yerləri ox işarəsi ilə göstər Tədqiq olunan protokoldan görünür ki, qeyd olunan «Whatsapp» proqramında yazışmalar CD diskə köçürülmüş, həm CD disk, həm də fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, i/v 109-112). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 6/5240 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7» dairəvi möhür əski olan iki ədəd kağız paketdə təqdim edilmişdir. -üzərində «Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 29,249 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. -üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bağlamada təmiz çəkisi 114,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 70,112 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Təqdim edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər bir ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin»in siyahısına (Siyahı İ) daxildir (cild 01, i/v 54-56). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 14 noyabr 2022-ci il tarixli 6787 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, i/v 152-153). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 21 noyabr 2022-ci il tarixli 3077 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, həmçinin hazırda “yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” qeyd olunmuşdur, lakin bu, onun öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 01, i/v 157-159). İstintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 09 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş 114,0 qram narkotik vasitə heroin, 99,361 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, 96 vəqərdən ibarət dəftər maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə və mənzilinə baxış xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, i/v 160-176). İbtidai istintaq orqanının işdə olan «cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında» 09 yanvar 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 01, i/v 178-180). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 114 qram, psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 99,361 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin miqdarı külli miqdar həddindən artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini külli miqdarda əldə edib, daşıyıb saxlaması, habelə narkotik vasitələrin satışı ilə bağlı onun mobil əlaqələri, sms yazışmaları, qeyd dəftərində bununla bağlı müvafiq qeydlər olmasını, həmçinin onun mənzilindən narkotik vasitə və psixotrop maddə ilə yanaşı elektron tərəzinin də aşkar olunması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini, metamfetamin psixotrop maddəsini külli miqdarda alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 01, i/v 130-131, 132-139). Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən daxil olmuş 07 iyul 2023-cü il tarixli məktubdan görünür ki, qeyd olunan hökm 15 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 1(001)-549/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs məhkum edildiyi 02 il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, baxılan cinayət işi üzrə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs narkotik vasitəni 14 sentyabr 2022-ci il tarixdə əldə etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hökmü qanuni qüvvəsini almadan hazırkı cinayət işi üzrə cinayət əməlini törətdiyindən ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 05 sentyabr 2007-ci il tarixli AZ İ 324876 saylı «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, Təqsirləndirilən şəxs X1 ilə evlidir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü X8 adlı yetkinlik yaşına çatmayan, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 adında iki azyaşlı övladları var (cild 01, i/v 150-151, 190-192). Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 14 noyabr 2022-ci il tarixli, 6787 saylı rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 sentyabr 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 113,95 qram təşkil edən narkotik vasitə olan heroin, 99,261 qram təşkil edən psixotop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində və mənzilinə aparılmış şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, habelə «şəxsi axtarış və götürmə» haqqında 15 sentyabr 2022-ci il tarixli protokolla götürülmüş Təqsirləndirilən şəxs məxsus «Redmi» markalı mobil telefon təqsirləndirilən şəxsə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. İttiham aktında Təqsirləndirilən şəxs məxsus «Redmi» markalı telefonunun «WhatsApp» proqramında qeydə alınmış yazışmalar olan bir ədəd CD diskin maddi sübut kimi tanındığı qeyd olunsa da, cinayət işinin materiallarından görünür ki, qeyd olunan CD disk maddi sübut kimi tanınmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 50 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 113,95 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin, 99,261 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, habelə «şəxsi axtarış və götürmə» haqqında 15 sentyabr 2022-ci il tarixli protokolla götürülmüş Təqsirləndirilən şəxs məxsus «Redmi» markalı mobil telefon təqsirləndirilən şəxsə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar