Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-802/2024 29.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 5,186 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzinin yaxınlığına qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 29 mart 2023-cü il tarixdə saat 11.45-də Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində saat 13.50-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi olmadan saxladığı 01 ədəd bükümdə 5,186 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən və psixotrop maddədən istifadə etməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır; martın 29-u işdə olmuş, səhər saat 10-a işləmiş məhlədə mağaza işlədən oğlan zəng vuraraq onu Rusiya dövlət qeydiyyat nişanlı qara rəngli maşında olan şəxsin onu axtardığını və onun evinin ünvanını soruşduğunu bildirmişdir; qardaşıyla əlaqə saxlayaraq polisin onu axtardığını, işdə olduğunu, hara çağırsalar gedəcəyini bildirmişdir; sonra işdən çıxaraq ayaqyoluna tərəf gedərkən eynək dükanının yanında üç nəfər ona yaxınlaşmış və polis əməkdaşı olduqlarını və onlarla getməli olduğunu bildirmişlər, o, mağazanı bağlayandan sonra gələcəyini dedikdə, polislər ona əgər indi getməsə əlini qandallayıb məcburi qaydada aparacaqlarını bildirmişlər, onlarla getmək məcburiyyətində qalmışdır; tiracət mərkəzindən çıxmamışdan qabaq polis işçiləri bütün mağazalardan hard diskləri götürüb onun düşdüyü görüntüləri silmişlər; daha sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirib video çəkiliş olacacını bildirmişlər, ona hədə-qorxu gələrək nə deyilsə, video çəkilişdə də onu deməli olduğunu bildirmişlər, o, etiraz etmiş və bunları etmədiyini, narkotikin ona yaraşmadığını bildirmişdir. Polis əməkdaşları onun və qardaşının evindən narkotik çıxaracaqlarını bildirərək, təhdid etmişlər. Sonra onu başqa otağa aparmış, vəkil gəlmiş və videoçəkiliş başlamışdır. Çəkiliş zamanı cibindən telefonu, pul qabını çıxartmış, başqa heç nə olmadığını bildirmiş, videoçəkilişi saxlayıb vəkili otaqdan çıxarmışlar, narkotik vasitə gətirib onun cibinə qoymuşlar. Yenidən çəkiliş başlamış və onların istədiyi kimi olmuşdur. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o bir neçə müddətdir “patı” deyilən narkotik vasitədən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Tutulmamışdan bir neçə gün öncə yaşadığı yerin yaxınlığında məişət tullantıları atılan yerdə bir ədəd bükümdə psixotrop maddə metamfetamin tapmışdır. Həmin bükümü istifadə etmək üçün üzərində saxlamışdır. 0 narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmin “patı”-nı da istifadə etmək üçün üzərində saxlamışdır. 29 mart 2023-cü il tarixdə saat 11:45-də Bakı şəhəri, Qaradağ rayonu, «Sədərək» ticarət mərkəzinin qarşısında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd pul qabını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm açılarkən bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. 01 ədəd pul qabına baxış keçirilərkən pul qabının içərisində 05 ədəd plastik bank kartı və 150 manat pul aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 150 manat pul ona geri qaytarılmışdır. Aşkar edilmiş 05 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tutulmamışdan bir gün öncə yaşadığı ünvanda yerləşən məişət tullantıları olan ərazidə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlindən çox peşmandır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. Aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Bir müddətdir psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Onun üzərində psixotrop maddə olması barədə başqa şəxslərin məlumatı olmamışdır (cild 1, iş vərəqi 67-81). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Qaradağ rayonu, «Sədərək» ticarət mərkəzinin yaxınlığına yollanmışlar. 29 mart 2023-cü il tarixdə saat 11:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, «Sədərək» ticarət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdir. Şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd pul qabını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm açılarkən bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. 01 ədəd pul qabıma baxış keçirilərkən pul qabının içərisində 05 ədəd plastik bank kartı və 150 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bir gün qabaq yaşadığı ünvanda yerləşən məişət tullantıları olan ərazidə yerdən tapdığını, şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və ifadəsi elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki şübhəli şəxsin tutulması haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 22-23). Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (ay) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 67-68). Şəxsi axtarış və götürmə aparılması haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 11:45-də Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində saat 13:50-dən etibarən üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə 5,186 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 33-34). Məhkəmə-kimyəvi ekspertiza üzrə 29 mart 2023-cü il tarixli 6/1802 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “ Azərbaycan Respublikası DİN Zərflər üçün No6” dairvəi möhür əksi “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 5,186 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamİndİr (cild 1, iş vərəqi 42-46). Məhkəmə-narkoloji ekspertizasının 30 mart 2023-cü il tarixli 1745 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 193-194). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB-ın məhkəmə-kimyəvi ekspertizasının 13 aprel 2023-cü il tarixli 1218/K nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edildi (cild 1, iş vərəqi 195-198). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqi 147). İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs qapalı şəraitdə kəskin ürək çatışmamazlığından və insulindən asılı olmayan şəkərli diabetin dəqiqləşdirilməmiş ağırlaşmasından əziyyət çəkməsini, daimi yaşayış yerinin olmasını nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxsə verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 5,186 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzinin yaxınlığına qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 29 mart 2023-cü il tarixdə saat 11.45-də Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində saat 13.50-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 01 ədəd bükümdə 5,186 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5,186 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetaminin sonuncunun məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi, yəni şəxsi axtarış zamanı təqdim etdiyi metamfetamini satış məqsədi ilə əldə edilməsi təsdiq edilmədiyindən, onun əməli həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, 29 mart 2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı deyil, məhz üzərində saxlaması və gəzdirməsi ilə bağlı olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaqın ilkin mərhələsində izahat və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, üzərindən aşkar edilərək götürülmüş metamfetaminin məişət tullantıları ərazisindən tapdığını və öz şəxsi istifadəsi üçün götürdüyünü qeyd etmişdir. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama yoxlama zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı barədə «fikir bildirməmiş», Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitlərin satılmasına dair əməliyyat xarakterili məlumatların olmasına istinad etsələr də, iş üzrə sübut əhəmiyyətinə malik olan faktlar təqdim etməmişlər, ümumiyyətlə iş üzrə nə ibtidai istintaq nə də ki məhkəmə baxışında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs müəyyən edilməməmiş, alıcı (istehlakçı) ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitəni satış məqsədi ilə əldə etmiş və satmış şəxslər barədə məlumat təqdim edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsini cinayət işinin digər materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, sonuncunun 5,186 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsi, saxlaması və ya daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ümumiyyətlə narktotik vasitə və psixotrop maddə olmaması, ittihamda adları qeyd edilməyən polis əməkdaşları tərəfindən saxlanılması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş 5,186 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və etiraf etməyəcəyi təqdirdə polis əməkdaşlarının onun ətrafındakı şəxsləri həbs edəcəkləri hədəsi ilə təzyiqlər etməsi nəticəsində etirafedici ifadələr verməsi, heç vaxt narkotik vasitələri istifadə etməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyildir. Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə bildirməmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 29 mart 2023-cü il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmasını etiraf etmiş; şəxsi axtarış keçirilməsi barədə 29 mart 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən psixotrop maddə metamfetaminin təmiz çəkisinin aşağı həddi 2 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş Stasionar xəstənin xəstəlik tarixi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs paroksizmal qulaqcıq fibrilyasiyası, sol mədəcik çatmamazlığı xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs tam qulaqcıq-mədəcik blokadası (İ44.2), davamlı qulaqcıq fibrilyasiyası (İ148.1), İnsulindən asılı olmayan şəkərli diabet dəqiqləşdirilməmiş ağırlaşmalarla (E11.8), mədəcik taxikardiyası (İ47.2) xəstəliklərindən əziyyət çəkir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011, xx.xx.2016-cı il təvəllüdlü 2 azyaşlı uşağı və xx.xx.2008-ci il təvvəllüdlü 1 yetkinlik yaşına çatmayan uşağı, xx.xx.2006-cı il təvəllüdlü 1 yetkinlik yaşına çatmış övladı vardır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması, CM-in 59.2-ci maddəsinə əsasən kəskin ürək və şəkərli diabet xəstəliklərindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirlən hallar kimi müəyyən edilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları - 2 azyaşlı uşağının olması, kəskin ürək və şəkərli diabet xəstəliklərindən əziyyət çəkməsini müstəsna hal kimi qiymətləndirir və barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tətbiq edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 8-ci bəndinə görə CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən müddəalarına əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar - 2 azyaşlı uşağının olması, kəskin ürək və şəkərli diabet xəstəliklərindən əziyyət çəkməsi cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2023-cü il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, hazırki vaxtadək ev dustaqlığındadır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 29 mart 2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını ağırlaşdıran halın olmamasını, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə həmin maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 29 mart 2023-cü il tarixli 6/1802 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,086 qram psixotrop maddə olan metamfetamin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - DİN BMCMİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,086 qram psixotrop maddə metamfetamin məhv edilməli; 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 2 (iki) ay müddət ona təyin edilmiş cəza müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – DİN BMCMİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,086 qram psixotrop maddə metamfetamin məhv edilsin; 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-802/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-802/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver