Məhkəmə qərarları › İş №1(101)-802/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-802/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-802/2025 13.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 fevral 2025-ci il tarixdə, saat 16:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə saat 14:40-da ünvan 3 ünvanda 194 nömrəli orta məktəbin yaxınlığında tanışı Zərərçəkmiş şəxs narkotik vasitə alması üçün ondan almış olduğu 50 manat pulun qaytarılmasını tələb etdikdə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üzərində olan dəstəyi qəhvəyi rəngli taxta materialdan hazırlanmış 113 mm uzunluqda və tiyəsi bozumtul-gümüşü rəngli metal materialdan olan 112 mm uzunluqda zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə onun sağ əlinə bir ədəd səthi deşilmiş-kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərərvurmayan xəsarət yetirməklə həmin bıçağı ona tərəf atdıqda yerə düşmüş, Təqsirləndirilən şəxs də bıçağı götürüb Zərərçəkmiş şəxs bədən nahiyəsindən bir dəfə vuraraq ona sağ belin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, qalxan çənbər bağırsağın kəsilmiş yarası ilə müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - Cinayət Məcəlləsi və ya CM) 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanımaqla aralarında ədavət və düşmənçilik yoxdur. O, Zərərçəkmiş şəxs ona narkotik tərkibli maddə verməsi üçün 50 manat məbləğində pul verdikdən sonra fikrindən daşındığından, zəng edib pulunu geri tələb etdikdə, Zərərçəkmiş şəxs verilmiş pulu geri qaytarmayacağını söylədiyi üçün, o, Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməklə sonuncunu söymüşdür. Bundan sonra Zərərçəkmiş şəxs onu təkidlə 193 nömrəli məktəbin yaxınlığına çağırdığından, o da həmin ünvana getmiş, oraya çatdıqda Zərərçəkmiş şəxs əlindəki bıçaqla ona doğru qaçıb “Sən kimə söyüş söyürsən?”, “Sən məni söyürsən?” kimi suallar verdikdə, o, “Mən səni söymürəm, pulumu geri qaytarmayan şəxsi söyürəm” cavabını vermişdir. O, dəfələrlə Zərərçəkmiş şəxs düzgün danışmasını söyləsə də, sonuncu dinləməyib bıçaqla ona doğru gəldiyindən, o, məcbur qalıb Zərərçəkmiş şəxs itələmiş, hətta bu vaxt yerdəki daşın qırıntısı onun gözünə dəymişdir. O, yerdəki daş parçasını götürüb Zərərçəkmiş şəxs doğru atmaq istədikdə, sonuncu orada olan “Ford” markalı avtomobilin arxasına keçdiyindən, atılmış daş Zərərçəkmiş şəxs dəyməmişdir. Həmin daşı atmaqda məqsədi Zərərçəkmiş şəxs qorxutmaq olmuş, sonuncuya hər hansı zərər yetirmək kimi niyyəti olmamışdır. “Ford” markalı avtomobilin ətrafında bir müddət dövrə vurduqdan sonra o, avtomobilin bir tərəfində, Zərərçəkmiş şəxs isə digər tərəfində dayanmış, bu vaxt Zərərçəkmiş şəxs əlindəki bıçağı ona doğru atsa da, dəyməmişdir. Bıçaq məktəbin divarına dəyib yerə düşdükdən sonra hər ikisi həmin bıçağı götürmək üçün qaçmış, Zərərçəkmiş şəxs cəld tərpənib bıçağı yerdən götürərək ona zərbə vurmaq istədikdə, o, əli ilə bıçağı tutduğundan, əli kəsilib qanamışdır. Hətta əlində hazırda da bıçağın izi qalmışdır. O, Zərərçəkmiş şəxs aldıqdan sonra bıçağı sonuncuya doğru tutub ondan əl çəkməsini söyləmiş, o, bıçağı Zərərçəkmiş şəxs əlindən aldıqdan sonra ətrafdakı insanlar onları aralamış, sonradan ona Zərərçəkmiş şəxs yaralandığını demişlər. O, Zərərçəkmiş şəxs arxasınca gedib nə baş verdiyini soruşduqda, sonuncu onu yenə söymüş, yaxınlaşan zaman Zərərçəkmiş şəxs bədənindən qan gəldiyini görmüşdür. O, dərhal Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng edib hadisəni olduğu kimi danışmış, o, əlindəki bıçağı havaya doğru atsa da, Zərərçəkmiş şəxs hansı şəraitdə bıçaq vurduğunu görməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisənin 24 avqust 2024-cü il tarixdə, saat 12-15 aralığında baş verdiyini, dəqiq vaxtı xatırlamadığını, Zərərçəkmiş şəxs çoxdan tanıdığını, sonuncunun onun yaşadığı ünvandan 2-3 məhəllə uzaqlığında yaşadığını, Zərərçəkmiş şəxs hər hansı borcunun olmadığını, sonuncudan borc pul almadığını, Zərərçəkmiş şəxs 50 manat pulu ona narkotik tərkibli maddə alması üçün verdiyini, özünün narkotik tərkibli maddə istifadəçisi olmadığını, ilk dəfə narkotik vasitə almaq istədiyini, narkotik tərkibli maddəni alması ilə bağlı təklifi Zərərçəkmiş şəxs ona etdiyini, məqsədinin narkotik tərkibli maddəni əldə etmək olduğunu, narkotik tərkibli maddəni özü üçün almaq istədiyini, 50 manat məbləğindəki pulu hadisə baş verməzdən 20 dəqiqə əvvəl Zərərçəkmiş şəxs verdiyini, həmin müddət ərzində verdiyi pulun geri qaytarılmasını tələb etdiyini, narkotik tərkibli maddə istifadə etmək fikrindən daşındığını, o və Zərərçəkmiş şəxs 194 nömrəli məktəbin ətrafında Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində görüşdüklərini, hadisə vaxtı ətrafda insanların olduğunu, ətrafda olan hər kəsin hadisəni gördüyünü, tanıdığı şəxslərdən olan Çingiz adlı şəxsin də orada olduğunu, Zərərçəkmiş şəxs onun üzərinə bıçaqla gəldiyini bir çox insanın gördüyünü, bıçağın Zərərçəkmiş şəxs hansı nahiyəsinə dəydiyini görmədiyini, sonuncuya zərbə yetirməyini də xatırlamadığını, onun bıçaq zərbəsi ilə xəsarət yetirməsini heç kimin müşahidə etmədiyini, hər kəs üçün təəccüblü qaldığını, Zərərçəkmiş şəxs yaralandıqdan dərhal sonra sonuncunun arxası ilə gedib əhvalını soruşduğunu, bıçağın Zərərçəkmiş şəxs qarnının sağ tərəfinə dəydiyini, mətbəx bıçağına oxşadığını, orada olan şəxslərin onları araladıqdan sonra Zərərçəkmiş şəxs yaxınlaşmadığını və sonuncuya hər hansı xəsarət yetirmədiyini, mübahisə başa çatdıqdan sonra Zərərçəkmiş şəxs “Bəsdir də qardaş, qurtar artıq, gərək aramızda böyük hadisə olsun? Gərək qan çıxsın?” deyib bıçağı yerə atdığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzaladığını, Zərərçəkmiş şəxsla barışdığını, Zərərçəkmiş şəxs boyunun ondan hündür və arıq bədən quruluşlu olduğunu, bıçağı Zərərçəkmiş şəxs gətirdiyini, ona doğru gəldikdə Zərərçəkmiş şəxs əlində bıçaq olduğunu, bıçağın tiyəsinin uzunluğunu xatırlamadığını, hadisədən sonra bıçağın tiyəsində qan izini gördüyünü, həmin qan izini müstəntiqin ona göstərdiyini, lakin həmin qan izinin Zərərçəkmiş şəxs məxsus olub-olmadığını bilmədiyini, çünki həmin an onun əlinin də qanadığını, bıçağın Zərərçəkmiş şəxs necə dəydiyinə təəccübləndiyini, o və Zərərçəkmiş şəxs başqa heç kimdə bıçaq olmadığını, bir-birlərini nalayiq şəkildə təhqir etdiklərini, həmin sözləri digər şəxslərin eşitdiyini, ətrafda təxminən 10 nəfər şəxsin olduğunu, 50 manat məbləğində pula görə aralarında mübahisə yarandığını, həmin pul müqabilində Zərərçəkmiş şəxs narkotik vasitə heroin əldə etmək istədiyini, narkotik vasitə istifadəçisi olan Elxan adlı şəxsin Zərərçəkmiş şəxs ona təqdim etdiyi narkotik vasitənin tərkibinin yaxşı olmadığını söylədiyini, usta kimi “Camal Group” adlı şirkətdə işlədiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki il əvvəl adını “nəşə” kimi bildiyi narkotik vasitədən istifadə etmiş və narkotik vasitənin insana necə təsir etməsindən məlumatlıdır. Zərərçəkmiş şəxs uzun müddətdən bəri tanıyır, yaşadıqları evlərin arasında təxminən 2-3 dəqiqəlik məsafə vardır. Əvvəllər internet kafedə işlədiyi dövrdə Elvin oraya müştəri qismində gəlmiş və bu yolla aralarında tanışlıq yaranmışdır. Elvinin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmuşdur. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən saat 13:42-də Elvinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə “qardaşım kolaya el çatır?” yazıb narkotik vasitə almaq istədiyini, vəziyyətinin pis olmasını bildirmiş, Elvin hansı çəkidə narkotik istədiyini soruşub təşkil edə biləcəyini demişdir. Elvinə 50 manat pul verəcəyinin əvəzində yarım qram narkotik vasitə təşkil etməsini sms vasitəsi ilə bildirmiş, Elvinlə danışıb həmin tarixdə saat 14:20-də yaşadığı evə yaxın uşaq bağçasının arxasında görüşmüşlər. Elvin bir çet kimi bildiyi narkotik vasitəni ona vermiş və telefonunda olan "xxxx" ASC-nin mobil tətbiqi ilə Elvinin ona verdiyi öz istifadəsində olan 4098...........9246 hesab nömrəli karta, onun adına qeydiyyatda olan 5522................9075 hesab nömrəli kartdan saat 14:24-də köçürmə yolu ilə 50 manat ödəniş etmişdir. Bundan sonra Elvinlə sağollaşıb yaşadığı evə gəlmişdir. Evdə olarkən Elvindən aldığı bükümü açaraq içərisinə baxıb Elvinin keyfiyyətsiz narkotik verməsini, ümumiyyətlə bükümdəki maddənin narkotikə bənzəmədiyini başa düşmüşdür. Bundan sonra saat 14:35-də yenidən Elvinə sosial tətbiq vasitəsi ilə zəng etmişdir. İlk zəngdə Elvin telefona cavab verməsə də, ikinci zəngdə telefona cavab vermişdir. Elvinə demişdir ki, “bu nədir mənə vermisən, gəl görüşək mənim pulumu geri qaytar.” Elvin cavabında gəlməyəcəyini dedikdə, Elvinə telefonda nalayiq ifadə işlədərək “gəlməyənin qeyrətinə” söyləmişdir. Həmin vaxt Elvin cavab olaraq onun ünvanına nalayiq sözlə söymüş və ona bildirmişdir ki, “hardasansa gəl, 194 nömrəli məktəbin yanına görüşək.” Evdən çıxıb təxminən 3 dəqiqəlik məsafədə yerləşən Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi 34 ünvanına, yəni məzunu olduğu 194 nömrəli məktəbin sağ tərəfinə gedib orada yol kənarındakı “Dönərçi” adlı obyektin yanından bir qədər məktəbin hasarı boyu hərəkət edib dayanmış və Elvinin gəlməsini gözləmişdir. Təxminən bir dəqiqə sonra Elvinin yaşayış evləri tərəfdən əlində bıçaqla qaçaraq üzərinə doğru gəlməsini görmüşdür. Elvin ona çatdıqda dayanmışdır. O, Elvinə “bu nədir əlində yekə kişisən mənim pulumu geri qaytar.” demiş, Elvin isə cavabında “sən məni təhqir etmisən” deyə bildirmişdir. Bundan sonra o, Elvinə “mən sənin ünvanına birbaşa təhqir deməmişəm, mən dedim ki, əgər gəlməsən mənimlə görüşməsən, pulumu qaytarmasan, söyüşü qəbul etmiş olacaqsan, yeri gələndə sən özün də mənə söymüsən.” dedikdə, Elvin bir qədər ona doğru yaxınlaşmış və yenidən nalayiq sözlərlə danışmışdır. Elvin əlindəki bıçaqla onu vurmaq istədikdə o, bıçağı tutmuş, buna görə sağ əli kəsilmişdir. Həmin vaxt Elvin geriyə çəkilmiş və o, yerdən daş götürüb Elvinə tərəf atsa da, Elvin kənardakı avtomobilin arxasına tərəf qaçıb gizlənmiş və əlindəki bıçağı yenidən ona tərəf atmışdır. Bıçaq ona dəyməyib yerə düşdükdə, dərhal bıçağı yerdən götürmüş və Elvinin üzərinə gedib bıçaqla Elvinin bədəninin sağ tərəfinə bir dəfə vurmuşdur. Elvinin yaralandığını görüb hərəkətini dayandırmış və bıçağı kənara atmışdır. Həmin vaxt oraya toplanmış tanımadığı şəxslər onları aralamış və Elvin yaşadığı evə tərəf getməyə başlamışdır. Elvinin arxası ilə gedib kömək lazım olub-olmadığını, polisə məlumat verib-verməyəcəyini soruşduqda Elvin şikayət etmək niyyətinin olmadığını ona demişdir. Həmin gün saat 14:45-də “Salam Zirvəsi” adlı restoranın qarşısında olarkən o, Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Orada gözləmiş və Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları gəlib onu şöbəyə aparmışlar. Şöbədə olarkən o, törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxslə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində eyni məhəllədə yaşayırlar. Aralarındakı borc məsələsi ilə əlaqədar birbirilərini mobil telefonda söydükdən sonra NZS qəsəbəsi ərazisində 194 nömrəli məktəbin yanında görüşmüşlər. O, hadisə yerinə bıçaqla getmişdir. Təqsirləndirilən şəxslə məktəbin yanında görüşdükdən sonra dalaşmağa başlamışlar və bu zaman bıçaq onun əlindən yerə düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin bıçağı yerdən götürərək arxasını dönüb gedən zaman bıçaqla ona 1 dəfə zərbə yetirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə aralarında pulla bağlı mübahisə yarandığını, sonuncunun ona pul borcunun olduğunu və həmin borcu qaytarmadığını, məbləği dəqiq xatırlamadığını, səhv etmirsə 12 və ya 18 manat aralığında borc pul verdiyini, mübahisənin mobil telefonda başladığını, daha sonra 194 nömrəli məktəbin yanında görüşdüklərini, ilk zərbə kimi onun Təqsirləndirilən şəxs yumruqla vurduğunu, aralarında mübahisə davam edərkən bıçağın əlindən yerə düşdüyünü, Təqsirləndirilən şəxs ona arxadan zərbə yetirdiyini, hətta ilk öncə Təqsirləndirilən şəxs onu bıçaqla vurmasını hiss etmədiyini, zərbənin daş zərbəsi nəticəsində yarandığını zənn etdiyini, ona zərbə yetirdikdən sonra Təqsirləndirilən şəxs oradan qaçmadığını, Təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını, ona dəymiş zərərin sonuncu tərəfindən ödənildiyini, halhazırda Təqsirləndirilən şəxslə dostluq münasibətlərində olduğunu, bıçağı evdən götürmədiyini, çünki həmin bıçağı həmişə üzərində daşıdığını, aralarındakı mübahisə zamanı, yəni yerdə süpürləşən və ya süpürləşdikdən sonra ona bıçaqla zərbə yetirildiyini dəqiq söyləyə bilməyəcəyini bildirdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət- Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 25 ildir ki, tanıyır. Elnurla eyni məktəbdə təhsil almışlar və yaşadıqları evlər bir-birinə çox yaxın məsafədə yerləşir. O, narkotik vasitə istifadəçisidir. Bu barədə Elnurun da məlumatı vardır. Elnur bir ay əvvəl ondan borca 40 manatdan çox pul almışdır. xx.xx.2024-cü il tarixdə Elnur, onun “Whatsapp” mobil tətbiqində istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazıb ondan narkotik vasitə tapa bilib-bilməyəcəyini soruşduqda, o, Elnura təşkil edə biləcəyini demişdir. Elnur vəziyyətinin pis olduğunu bildirdiyi üçün məlumat verdiyi zaman dediyi ünvana gəlməsini söyləmişdir. O, Elnurla danışıq zamanı narkotik vasitənin qarşılığında 50 manat pul alacağına razılaşmış, sonradan Elnurla yaşadığı məhəllədə “Kosmos” marketin arxasında görüşmüşdür. Elnur istifadəsində olan “4098......9246” hesab nömrəli “LeoBank” kartına 50 manat pul göndərmiş, o, həmin pulun müqabilində Elnura narkotik təşkil edəcəyinə söz verib oradan uzaqlaşmışdır. Lakin o, Elnura heç bir narkotik vasitə tapmamış və əlaqə saxlayıb 50 manatı ona olan borcuna hesabladığını demişdir. Həmin vaxt Elnur ona nalayiq ifadələr işlədib görüşə dəvət etmişdir. Bu səbəbdən o, yaşadığı evdən çıxıb Bakı şəhəri, Xətai rayonu 194 nömrəli məktəbin yanında Elnurla görüşməyə getmiş, həmin vaxt onun üzərində dəstəyi taxta materialdan olan bıçaq olmuşdur. O, Elnurla 194 nömrəli orta məktəbin yan tərəfində görüşüb “nə üçün telefonda söyüş edirsən?” demiş, Elnur isə “sən nə üçün pulu götürüb qaytarmırsan?” söyləmişdir. Bundan sonra o, Elnura “həmin pulu sənin mənə olan borcuna çıxdım.” deməsindən, aralarında əlbəyaxa mübahisə yaranmış, bir-birinin sinəsindən tutub çəkişməyə başlayaraq yumruq və təpiklə vurmuşlar. Sonradan Elnur onu daşla vurmaq istədikdə o, kənarda olan avtomobilin arxasına keçib gizlənmişdir. Bundan sonra yenidən Elnur onun üzərinə qaçaraq gəlib yerdə olan daşla ənsə nahiyəsindən vurmuş, lakin Elnurun onu bıçaqla vurmasını hiss etməmişdir. Həmin vaxt hadisə başa çatmış və paltarında qan ləkəsi olmasını görmüşdür. Bundan sonra təcili yardım çağırıb xəstəxanaya getmişdir. Həmin xəsarəti Elnur onu bıçaqla bir dəfə vuraraq yetirmişdir. Bıçaq əvvəllər də üzərində olmuş, Elnurla mübahisə etməyə gələrkən bıçağı bu məqsədlə götürməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edildikdən sonra ona verilən suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, protokoldakı imzaların ona məxsus olduğunu, metadon suyu içdiyini, Təqsirləndirilən şəxs görən kimi bıçağı çıxartmadığını, yerdə süpürləşən zaman bıçağın onun cibindən yerə düşdüyünü və sonra da Elnurun əlinə keçdiyini, bıçağın onun bıçağı olduğunu, bıçağın Elnurda olduğunu gözü ilə görmədiyini, mübahisə olan zaman əlini bıçağına atmadığını, bıçağının harada olduğuna baxacaq taqətinin olmadığını, Təqsirləndirilən şəxslə barışıq əldə edildiyini, dəymiş zərərin ona ödənildiyini və heç bir şikayət və tələbinin olmadığını, barışıq barədə ərizəni məhkəməyə təqdim etdiyini bildirdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” qeydə alınmış xx.xx.2024cü il tarixli, HK-1-2597 nömrəli raportdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 194 saylı orta məktəbin yan tərəfində bıçaqlanma hadisəsinin olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” qeydə alınmış xx.xx.2024cü il tarixli, HK-1-2597 nömrəli raportdan görünür ki, Alıyev X2 İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə müraciət edib Bakı şəhəri, Xətai rayonu, 194 saylı orta məktəbin yanında “söz-söhbət” olduğu deyərək polisin gəlməsini xahiş etmişdir. (Cild 1, iş vərəqə 6) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 24) xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə 01 ədəd “Redmi 9” markalı mobil telefon Təqsirləndirilən şəxs məxsusdur. Mobil telefondakı “Whatsapp” mobil tətbiqində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 14:32-də “qardaşım kolaya el çatır?” sms yazması, sonradan Elvinlə görüşüb Elvinin istifadəsində olan 4098.......9246 hesab nömrəli kart hesabına mobil tətbiqlə köçürmə yolu ilə xx.xx.2024-cü il tarixdə saat 14:24-də 50 manat məbləğdə pul köçürməsinin qəbzi, sonradan Elvinlə aralarında olan danışıq, eyni zamanda hadisədə sonra 102 xidmətinə müraciət etməsi müəyyən edilmişdir. Yazışmalara dair çıxarışlar cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 33-37) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması və maddi sübutun götürülməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərmiş, hadisə yerində olan zibil qutusundan içərisindən Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi dəstəyi taxta materialdan olan və tiyəsində qana bənzər ləkələr olan bir ədəd bıçaq aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs bıçağın hadisə zamanı istifadə etdiyi bıçaq olduğunu təsdiq etmişdir. (Cild 1, iş vərəqə 38-41) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 42) xx.xx.2024-cü il tarixli “Götürülmə haqqında” protokoldan görünür ki, həmin tarixdə X5 01 ədəd olmaqla Zərərçəkmiş şəxs məxsus mayka götürülmüşdür. (Cild 1, iş vərəqə 54) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 56-57) xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiəsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Saməddin oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (Cild 1, iş vərəqə 82-83) xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 84-85) xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 88-89) Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 55/2-52115-2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi ərazidə yerləşən obyektlərin müşahidə kameralarında hadisənin videogörüntülərin, hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Əməliyyat tədbirləri nəticəsində hadisənin baş verdiyi ərazidə yerləşən obyektlərdə quraşdırılmış təhlükəsizlik kamerasının mövcudluğu aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 105) xx.xx.2024-cü il tarixli “Üzləşdirilmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 113-117) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli, 935 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlin bir ədəd səthi deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti uca və kənara malik əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəqə 118-119) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli, 133/2024 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ belin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, qalxan çənbər bağırsağın kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti uca və kənara malik əşya (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 1, iş vərəqə 120-122) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli, 429-2024/MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın sağ yan hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu ülgücü və küpü olan yastıtiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilər, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. (Cild 1, iş vərəqə 124-128) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli, 585/2024/MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A(İİ)-dir (təqdim olunan sənədin surətinə əsasən). Ekspertizaya təqdim edilmiş bıçaq və Zərərçəkmiş şəxs məxsus qolsuz mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız A və H antigenləri alındı. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (əgər onun qanında müşayiətçi H antigeni vardırsa). (Cild 1, iş vərəqə 129-133) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli, 2546 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1, iş vərəqə 134-136) xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmış, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol mayka və ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmaqla, saxlanması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi 9” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində Zərərçəkmiş şəxsla aparılan yazışmalara dair çıxarışlar maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 137-143) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. (Cild 1, iş vərəqə 146-147) xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti yoxdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən, 120.2ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə məcmu halda hüquqi qiymət verərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aralarında olan borc pul münasibətinə görə Zərərçəkmiş şəxs sağ bel nahiyəsinə 01 ədəd bıçaq zərbəsi vurmaqla xəsarət yetirmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” Plenum qərarının 35-ci və 64-cü bəndlərinə görə, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün CPM-in 318.2-ci maddəsi xüsusi prosedur müəyyən etmişdir ki, bu da məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraətin verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti ilə daha ağır ittihamım irəli sürülməsi üçün işin prokurora qaytarılmasını ehtiva edir. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına fəal köməklik etməsini, CM-in 59.1.12-59.1.13-cü maddələrinə əsasən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, CMin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə cinayət törətməsini, yaşını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olmadığından, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Cinayaət Məcəlləsinin 70-ci maddəsinin müvafiq bəndlərinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər (70.1). Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. (70.2) Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. (70.3) Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. (70.4) Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. (70.5) Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. (70.6) Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. (70.7) Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai rayon prokurorunun xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiəsindən imtina edilməsi haqqında” qərarına əsasən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina edilmiş və barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edilərkən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət cəza təyin edilərkən hesablanmamalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilməli, 01 ədəd qısakol mayka Zərərçəkmiş şəxs qaytarılmalı, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi 9” markalı mobil telefonun “Whatsapp” sosial tətbiqində Zərərçəkmiş şəxsla aparılan yazışmalara dair çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilsin, 01 ədəd qısaqol mayka Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi 9” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində Zərərçəkmiş şəxsla aparılan yazışmalara dair çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın, məhkəmə məsrəflərinin və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar