Məhkəmə qərarları › İş №1(101)-804/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-804/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-804/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 1 sentyabr 2021-ci il tarixdə saat 7 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 2a yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən külli mqidarda 8 ədəd ağ rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qram, 0,301 qram, 0,162 qram, 0,307 qram, 0,163 qram, 0,321 qram, 0,320 qram, 0,272 qram və bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 6,323 qram, ümumi təmiz çəkisi 8,469 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, şalvarının sol yan cibindən külli miqdarda bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 11,369 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarının sağ diz cibindən isə səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd qara rəngli «50mm X 75mm» ölçülü elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddət heroin və metamfetamindən istifadə etmişdir. Narkotik maddələri Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. 31 avqust 2021-ci il tarixdə Qaradağ rayonunda tanımadığı İran İslam Respublikası vətəndaşından 9 büküm heroin və bir büküm metamfetamin alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 1 sentyabr 2021-ci il tarixdə, saat 7 radələrində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, Suraxanı RPİ-nin 32ci PB-nə dəvət etmişlər. Razılaşıb polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Orada vəkilinin də iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Polis əməkdaşlarının təklifi ilə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 9 ədəd büküm, sol yan cibindən isə bir ədəd büküm, sağ diz cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi 8 ədəd bükümün içərisində heroin, digərinin içərisində isə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 31 avqust 2021-ci il tarixdə Qaradağ rayonunda tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Həmin bükümlər və elektron tərəzi polislər tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edimiş, ucadan oxunduqdan sonra qablaşdırılmış zərflə birlikdə protokol iştirakçılar tərəfindən imzalanmışdır. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkilidir. 1 sentyabr 2021-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonuncunun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə bölmə rəisinə raportla məruzə etmiş və məlumatın yoxlanılmasına icazə almışdır. Təqsirləndirilən şəxs ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmış, o, qrupun rəhbəri, bölmənin əməliyyat müvəkkili Şahid2 isə üzvü təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs olduğu ehtimal edilən ünvan 4 ünvanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs səhər saat 7 radələrində həmin ünvanda saxlanılmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu bölməyə dəvət aparmışlar. Xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 8 ədəd ağ rəngli kağız bükümləri və bir ədəd sellofan bükümü, şalvarının sol yan cibindən isə bir ədəd sellofan bükümü, şalvarının sağ diz cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılmış, şalvarının sağ cibindən aşkar edilmiş 8 ədəd və bir ədəd bükümlərin içərisində qəhvəyi rəngli maddə, sol cibindən aşkar edilmiş bükümün içərisində isə ağ rəngli kristal şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin heroin və metamfetamin olduğunu, 31 avqust 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda baxışın nəticəsi barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 40-46-cı vərəqlərindəki məhkəmə kimyəvi ekspertizasının 1 sentyabr 2021-ci il tarixli 6/3816 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı olan zərfdəki 8 (səkkiz) ədəd ağ rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,300 qr, 0,301 qr, 0,162 qr, 0,307 qr, 0,163 qr, 0,321 qr, 0,320 qr, 0,272 qr və 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 6,323 qram, ümumi təmiz çəkisi 8,469 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 11,369 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. İşin 155-160-cı vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2021-ci il tarixli 6/75 saylı rəyindən görünür ki, üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti № 59»li ştamp əksi olan paketdəki və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumilikdə 9 (doqquz) ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli kiçik ölçülü (50mmX75mm) elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəkilində olduğu üçün heroinin təmiz çəksini müəyyən etmək mümkün deyildir. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumilikdə təmiz çəkisi 1 sentyabr 2021-ci il tarixli 6/3816 saylı ekspert rəyində göstərilmişdir. İşin 153-154-cü vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 12 noyabr 2021-ci il tarixli 4440 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. İşin 33-34-cü vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında 1 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 7 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılıb Suraxanı RPİ-nin 32-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 8 ədəd ağ rəngli kağız bükümləri və bir ədəd sellofan bükümü, şalvarının sol yan cibindən isə bir ədəd sellofan bükümü, şalvarının sağ diz cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, həmin bükümlər açılmış, şalvarının sağ cibindən aşkar edilmiş 8 ədəd və bir ədəd bükümlərin içərisində qəhvəyi rəngli maddə, sol cibindən aşkar edilmiş bükümün içərisində isə ağ rəngli kristal şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmişdir. Sonuncu bildirmişdir ki, həmin maddələr narkotik vasitə heroin və metamfetamindir. Həmin narkotik maddələri 31 avqust 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri 196 nömrəli möhür ilə möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Ərizə və şikayət daxil olmamışdır. İşin 98-100-cü vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 32-ci PB-də xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayldan ibarət DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd fayl vardır. Faylda olan videogörüntü 1 sentyabr 2021-ci tarixdə çəkilmişdir. Videogörüntüdən görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Sonuncuya polis əməkdaşı tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir. Sonuncu könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 8 ədəd ağ rəngli kağız bükümləri və bir ədəd sellofan bükümü, şalvarının sol yan cibindən isə bir ədəd sellofan bükümü, şalvarının sağ diz cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim edir. Həmin bükümlər polis əməkdaşı tərəfindən açıldı, şalvarının sağ cibindən aşkar edilmiş 8 ədəd və bir ədəd bükümlərin içərisində qəhvəyi rəngli maddə, sol cibindən aşkar edilmiş bükümün içərisində isə ağ rəngli kristal şəkilli maddə olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verildi, o da bildirdi ki, həmin maddələr narkotik vasitə heroin və metamfetamindir. Narkotik maddələri 31 avqust 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində İİR-sı vətəndaşından şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanıldı, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmadı. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırıldı və üzəri 196 nömrəli möhür ilə möhürləndi, sonra isə iştirakçılar tərəfindən imzalandı. İşin 163-172-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9 ədəd bükümdə ümumi təmiz çəkisi 8,469 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 8,269 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 11,369 qram psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalan 11,269 qram hissəsi, bir ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş videogörünütləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlanılması üçün Suraxanı RPİnə təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 103-cü vərəqəsindəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 21-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildirdi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 1 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9 ədəd bükümdə ümumi təmiz çəkisi 8,469 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 8,269 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 11,369 qram psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalan 11,269 qram hissəsi, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə baxış keçirilən zaman çəkilmiş videogörünütləri özündə əks etdirən bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 1 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9 ədəd bükümdə ümumi təmiz çəkisi 8,469 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 8,269 qram hissəsi, bir ədəd bükümdə təmiz çəkisi 11,369 qram psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalan 11,269 qram hissəsi, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun üzərinə baxış keçirilən zaman çəkilmiş videogörünütləri özündə əks etdirən bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar