Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-804/2023 08.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Özbəkistan Respublikası, Cizak vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsi, nömrəsiz evdə yaşamış, 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2022ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 8,209 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 sentyabr 2022-ci il tarixdə saat 16:25-də Azərbaycan Respublikası DİN X3 7-ci Polis bölüyünün əməkdaşları tərəfindən aparılan xidmət zamanı onları görüb özünü şübhəli apardığı üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “TOSOİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Suraxanı rayon Polis idarəsi, 32-ci Polis bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 8,209 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə istifadəçisidir. Lakin ittihamda guya ona aid olması göstərilən narkotik vasitə heroin barədə məlumatı olmamışdır. Həmin gün o, gecə müştəri aparmağa gedərkən X3 əməkdaşları onu tutmuş və polis bölməsinə gətirmişlər. Orada polis işçiləri tərəfindən döyülmüş və sonra çəkiliş aparmışlar. Təcridxanaya qəbul ediləndə də onun üzərində xəsarət izləri olmuşdur. Sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, döyülməyi ilə bağlı Ombudsmana və prokurorluğa şikayət etmişdir. Tutulan gün o, gecə piyada hərəkət edərkən arxadan polis maşını onun dalınca gəlmiş və yanacaq doldurma məntəqəsinin yaxınlığında onu saxlamışlar. Həmin gün polis bölməsində onun üzərində videoçəkilişlə axtarış aparılmışdır. Sonuncu dəfə o, tutulmamışdan 15 gün qabaq narkotikdən istifadə etmişdir. Onun daimi yaşayış yeri olmamış və harada olsa, yəni küçədə, yarımtikililərdə və digər yerlərd gecələmişdir. Bəzən icarəyə maşın götürüb sürmüş və taksi kimi fəaliyyət göstərmişdir. Narkotik vasitələrdən də ayda 2-3 dəfə istifadə etmişdir. Əvvəllər narkotik vasitələrə görə məhkum olunmuşdur. Döyülməyi ilə bağlı prokurorluqdan təcridxanaya onun yanına əməkdaş gəlmiş və izahatını almışdır. Lakin araşdırmanın nəticəsi barədə məlumatı olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən 3-4 ildir narkotik vasitədən istifadə edir. 19 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 60 manata istifadə etmək məqsədilə narkotik maddə olan heroin almışdır. Həmin gün saat 16:25 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “TOSOİL” YDM-nin yaxınlığında gedən zaman polislərin ona tərəf gəldiyini görmüşdür. O, həyəcanlanmış və qaçmaq istəmişdir. Sonra polis əməkdaşları onu saxlamış və 32-ci PB-nə dəvət etmişlər. O da, polislərlə razılaşıb 32-ci PB-nə getmişdir. 32-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki cins şalvarının sağ cibindən 1 ədəd bükümün içərisində olan heroini təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni özü üçün istifadə etmək məqsədilə bu gün səhər saatlarında 60 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərkən və PB-də olan zaman ona qarşı fiziki təzyiqlər və zorakılıq halları baş verməmişdir (cild 1, iş vərəqi 136-137). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etmədiyini, saxlanılarkən onda narkotik vasitə olmadığını, həmin narkotiki tanımadığı polis işçisinin ona verib çəkiliş vaxtı stolun üstünə qoymağı təklif etdiyini və polislərin təklifi ilə narkotiki boynuna götürdüyünü, polis əməkdaşlarının təzyiqləri ilə narkotik vasitələrin özünə məxsus olduğunu dediyni bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X4 Alayı 7-ci Patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 19 sentyabr 2022-ci il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə onlara təhkim olunmuş Qaraçuxur qəsəbəsində xidmət aparan zaman “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında bir nəfərin özünü şübhəli apardığını görmüşdür. Ona yaxınlaşıb özlərini təqdim etmişlər və şəxsiyyəti barədə maraqlanmışlar. Həmin şəxs adının Faxrəddin olduğunu bildirmiş, sorğu-sual etdikdə narahat şəkildə cavablar vermişdir. Ona nəyə görə narahat olmasını soruşduqda, şəxs narkotik vasitə istifadəçisi olduğunu və hazırda da üzərində narkotik vasitə olması səbəbindən narahat olduğunu bildirmişdir. Şübhəli olduğuna görə onu 32-ci Polis bölməsinə dəvət etmişlər, həmin şəxs razılaşıb onlarla birlikdə polis bölməsinə gəlmişdir. 32-ci Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra təhqiqatçı tərəfindən onların iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya varsa, könüllü təqdim etməsi təklif olunmuş, bu zaman şübhəli şəxs əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan bükümün içərisində nə olması, nə vaxt, kimdən əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kokos» kimi tanıdığı heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu və 19 sentyabr 2022-ci il tarixdə Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bir ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Suallara cavab olaraq Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən və 32-ci Polis bölməsində olduğu zaman ona qarşı hər hansı fiziki və psixi təzyiq, təsir göstərilmədiyini, şəxsin hər şeyi səmimi etiraf etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X4 Alayı 7-ci Patrul bölüyünün polis nəfəri Şahid2 19 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsyey Qaraçuxur qəsəbəsində “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında şübhəli şəxs kimi saxlanılması və Suraxanı RPİ 32-ci Polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış zamanı narkotik vasitə heroinin aşkar olunması ilə bağlı keçirilmiş istintaq hərəkətində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 23-24). Cinayət işinə əlavə olunmuş baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ cibindən 1 (bir) ədəd bükümün içərisində olan heroini çıxrıb təqdim etməsi, sorğu zamanı təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni özü üçün istifadə etmək məqsədilə bu gün səhər saatlarında 60 manata aldığını bildirməsi, ondan aşkar edilmiş həmin bir ədəd bükümün götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 43). Məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 6/5335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8,209 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 29-33). Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının 16 dekabr 2022-ci il tarixli 7662 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 110-111). İbtidai istintaq orqanının 06 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş cəmi 8,209 qram narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 8,109 qram çəkidə narkotik vasitə heroin məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk isə sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 112-119). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 oktyabr 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 80- 95). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmadığını, həmin narkotikin tanımadığı polis işçisinin 32-ci Polis bölməsində ona verdiyini və onun sözlərinə görə videoçəkiliş zamanı cibindən çıxarıb təqdim etdiyini, polis əməkdaşları tərəfindən döyüldüyünü və fiziki təzyiqlərə məruz qaldığına görə narkotiki boynuna götürdüyünü bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotiki 19 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 60 manata istifadə etmək məqsədilə aldığını, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Cinayət işində olan Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən döyülməsi və fiziki təzyiqlərə məruz qalması səbəbindən etirafedici ifadələr verməyə məcbur olması barədə heç nə bildirməmiş, həmçinin işdə olan materiallara görə təxminən 4 ay ərzində davam edən istintaq zamanı da onun hər hansı şikayəti və müraciəti olmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi barədə gətirdiyi dəlilin yoxlanılması barədə müvafiq sorğular göndərilmişdir. Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 20-12/135 saylı məktubdan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onda sol kürəkaltı, belin sol nahiyəsi və hər iki gözaltı nahiyədə bənövşəyi qançırlar olmaqla yeni zədə izləri aşkar olunmuşdur. Bakı şəhəri, Suraxanı rayon prokurorluğundan 24 fevral 2023-cü il tarixli 144-x-23 saylı məktubla daxil olmuş 18 noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası keçirilmiş və ekspertin xx.xx.2022-ci il tarixli 39 t/ş saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs sol kürəkarxası, bel nahiyəsinin və hər iki gözaltı nahiyənin qançırı xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər. Tibbi sənəddə qeyd edilən xəsarətlərin xüsusiyyətləri ətraflı təsvir edilmədiyindən həmin xəsarətlərin yetirilmə müddəti barədə konkret fikir söyləmək mümkün deyildir. Qeyd olunan xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin araşdırma zamanı Təqsirləndirilən şəxs saxlanılması və şəxsi axtarışının keçirilməsində iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 izahatları alınmış, onlar şübhəli şəxsə qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, onun döyülmədiyini və ya vurulmadığını bildirmişlər. Qeyd olunan araşdırma materiallarına əsasən Bakı şəhəri, Suraxanı rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə 384 C-22 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarət izlərinin olması ilə bağlı məsələni qiymətləndirərkən belə bir halı da nəzərə alır ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə görə onun gecələmək üçün daimi yaşayış yeri olmamış, harada olsa, yəni küçədə, yarımtikililərdə və digər yerlərdə qalmışdır. Məhkəmə iclasında şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin olduğu diskə baxışla təqsirləndirilən şəxsin nimdaş paltarlarda olması və üzündə olan qançır izlərinin köhnə izlər olması müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün döyülməsi və fiziki, psixi təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 05 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Bu isə təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin residivi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN X3 7-ci Polis bölüyünün əməkdaşları tərəfindən saxlanılmış və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli 7662 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutlar – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 8,109 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 30 saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 150 (yüz əlli) manat pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 81 (səksən bir) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 8,109 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-804/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-804/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver