Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-805/2021 18.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1992-ci il tarixdə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şimal regional elektrik təchizatı və satışı idarəsinin Şabran elektrik şəbəkəsinin elektrik montyoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs digər şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan mərhum etməyə cəhd etmişdir. Belə ki, o, qonşuluğunda yaşayan dostu Zərərçəkmiş şəxs son dövrlərdə digər dost və tanışları ilə bir yerdə olduqları zaman onlarla birləşib onun şəxsiyyətini aşağılayan şit zarafatlar edib ələ saldığına görə ondan qisas almaq niyyəti ilə onu qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında evdən çıxıb işə gedərkən mətbəx bıçağı ilə silahlanmış, həmin gün axşam saat 22 radələrində Şabran şəhəri mərkəzi bazarın ərazisində yerləşən “Fenerbahçe” kompyuter oyunları salonunda Zərərçəkmiş şəxs növbəti dəfə onun ünvanına atmacalar atıb zarafatlar etməyə başlayarkən onu cəzalandırmaq üçün artıq əlverişli məqamın yetişdiyini düşünərək gödəkcəsinin cibində gizlətdiyi mətbəx bıçağını çıxarıb monitor arxasında kresloda oturub oyun oynayan və bu səbəbdən faktiki olaraq özünü müdafiə etmək imkanından məhrum olan Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirərək ona yetirilən anda həyat üçün təhlükəli olması əlamətlərinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının ön səthində döş qəfəsi boşluğuna nüfuz edib sol ağ ciyəri zədələyən iki ədəd, səhhətin qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərərvurmaya aid edilən boynun sol-yan səthində, sol çiyin qurşağında və sol kürək nahiyəsində lokalizə olunmuş 3 ədəd və sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin olunmayan sağ said nahiyyəsində lokalizə olunmuş 1 ədəd, cəmi 6 ədəd kəsilmiş-deşilmiş yaradan ibarət bədən xəsarətləri yetirib qəsdən həyatdan məhrum etmək istəmiş, lakin kənar şəxslərin müdaxiləsi və vaxtında göstərilmiş ixtisaslı tibbi yardım səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməmiş, bununla da digər şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Şabran şəhərində atası Adil, anası Zenfira, qardaşı Rasim, qardaşının arvadı Tünzalə, qardaşının oğulları Arif və Ayaz ilə birlikdə yaşayır. Ailədə üç uşaq olmaqla üç qardaşdılar. O, “Azərişiq” Açıq Səhmdar Cəmiyyətinin Şimal regional elektrik təchizatı və satışı idarəsinin Şabran elektrik şəbəkəsinin elektrik montyoru vəzifəsində işləmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində, Şabran şəhəri, H.Əliyev prospektində yerləşən Nəcəf adlı şəxsin işlətdiyi restoranda dostu, eyni zamanda qonşusu olan Zərərçəkmiş şəxs, Səfər, Elyar və Samir ilə birlikdə şam etmiş, yemək gələnə kimi kart oynayıb vaxt keçirmişlər. Çöldə olan Samir otağa daxil olaraq “Kartı paylayanın nərbə nəslini öpüm” deyərək gülümsəmiş, onlar isə buna reaksiya verməyərək oyunu davam etmişlər. Bir qədər sonra kartı paylayan Rəşad Samirdən bu sözləri kimə dediyini soruşmuş, sonuncu isə cavabında “3 dost bir dosta yerləşdirdik” deyərək gülümsəmişdir. Bu sözün ona ünvanlandığını zənn edərək hirsli vəziyyətdə onlara “Siz çoxsuz mən isə tək, burda Sizi vura bilmərəm, amma siz vura bilirsizsə vurun. O sözləri mənə aid eləyənin varyoxunu sikim” deyə bildirmiş və 5 manatı masaya ataraq oranı tərk edib evə getmişdir. Həmin vaxt yemək yedikləri zaman spirtli içki qəbul etməmişlər. xx xxxxxxx 2020-ci il tarixdə, səhər saat 07:30-da yuxudan oyanaraq səhər yeməyini yemiş, sonra isə avadanlıqlar saxlanılan otaqdan gündəlik məişətdə istifadə olunan bıçağı götürüb idarə etdiyi “VAZ 2107” markalı **-XV-*** nömrəli avtomobilə qoyaraq işə getmişdir. Şabran elektrik şəbəkəsində işdə olduğu zaman Elyar özünə məxsus ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəyə zəng vuraraq hal-əhval tutmuş və harada olduğunu soruşmuşdur. O, Elyara işdə olduğunu, axşam işdən çıxanda onunla görüşə biləcəyini bildirmişdir. Həmin gün saat 17 radələrində işlərini bitirib “Fidan” restoranında Elyarla görüşmüş və birlikdə çay içmişlər. Həmin vaxt Elyar ona onları düzgün başa düşmədiyini, dediklərinin tamamilə ona aid olmadığını söyləmiş, o da öz növbəsində onları düzgün başa düşmədiyi üçün onu üzrlü saymalarını bildirmişdir. Məsələyə tam aydınlıq gətirmək üçün axşam görüşmək barədə razılığa gəlmişlər. Axşam saat 20 radələrində avtomobili bazar ərazisində saxlayıb görüşə gedərkən avtomobildə olan bıçağı gödəkcəsinin cibinə qoyub özü ilə aparmışdır. Elyarla bazarın yaxınlığında görüşüb onun idarə etdiyi avtomobillə avtovağzalda yerləşən çayxanaya çay içməyə getmişlər. Həmin vaxt Rəşad və Samir də avtomobildə olmuşlar. Samir yolda maşından düşərək kompyuter oynamağa gedəcəyini bildirmişdir. Avtomobildə Rəşad və Samir ona bir daha onları düzgün başa düşmədiyini, deyilənlərin ona aid olmadığını və bu söhbətə son qoymağın zəruri olduğunu bildirmişlər. O da öz növbəsində onları düzgün başa düşmədiyi üçün onlardan üzr istəmiş və birlikdə çay içməyə getmişlər. Çayxanada olduqları zaman Rəşad və Elyar ona yenə atmacalar atsa da onlara baş qoşmaq istəməmişdir. Saat təxminən 22 radələrində çayxanadan çıxıb kompyuter oynamaq üçün bazar ərazisində yerləşən “Fenerbahçe” kompyuter klubuna getmişlər. Kompyuter klubunda Rəşad və Elyar girişdən sağ tərəfdə yerləşən oturacaqda əyləşərək oyun oynamağa başlamışlar, o isə bir az aralıda oturub oyunu seyr etmişdir. Oyun oynayarkən Elyar Rəşada “mən bilirdim bu peysər çıxacaq” deyərək ona atmaca atmış, Rəşad da “hə mən də bilirdim o peysər çıxacaq” deyib onun söylədiklərini təsdiq etmişdir. Bu sözlərin ona ünvanlandığından əmin olduğu üçün əsəblərini artıq cilovlaya bilməmiş və gödəkcəsinin cibindəki bıçağı çıxarıb “peysər sizsiz” deyərək yanında oturaq vəziyyətdə olan Rəşadın sinə, boyun və kürək nahiyyəsindən zərbələr endirməyə başlamışdır. Bunu görən Elyar otaqdan çıxıb qaçmağa başlamışdır. Onun zərbələrinə məruz qalan Rəşad da onu itəliyərək otaqdan çölə çıxmışdır. Həmin vaxt orada olan tanımadığı bir neçə şəxs və kompyuter klubunu işlədən adını bilmədiyi oğlan bu hadisədən qorxaraq çölə çıxmışlar. O, bıçağı gödəkcəsinin cibinə qoyub bir az gözləmişdir. Həmin vaxt Rəşad onu xəstəxanaya aparmasını xahiş etsə də, hadisənin təsiri altında olduğu üçün onun sözlərinə məhəl qoymamışdır. Bundan sonra bazar ərazisində olan avtomobillərdən birinə əyləşərək yaşadığı evə getmişdir. Evdə atası Adilə və evdə olan digər ailə üzvlərinə Rəşadı bıçaqla vurduğunu bildirdimişdir. Gödəkcəsinin cibində olan bıçağı çıxarıb həyətdə yumuş və səhər götürdüyü yerə qoymuşdur. Bir qədər sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onu aparmağa gələndə bıçağı onlara təqdim etmişdir. O, Rəşadın döş və boyun nahiyəsinə xəsarət yetirmişdir. Rəşadı vurarkən öldürmək niyyətində olmamış, sadəcə onu qorxutmaq istəmişdir. Törətdiyi əməldən peşman olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, Şabran şəhəri, “5 sotlar” yaşayış massivində atası Sücaəddin, qardaşı Elburus, bacısı Ləman və arvadı Kəmalə ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs ilə uşaqlıdan dostluq etmiş, onlar birlikdə böyümüşlər və aralarında ailəvi gediş-gəliş olmuşdur. Araz “Azərişiq” Açıq Səhmdar Cəmiyyətinin Şimal regional elektrik təchizatı və satışı idarəsinin Şabran elektrik şəbəkəsinin elektrik montyoru vəzifəsində işləmiş, hər kəslə, o cümlədən, onunla münasibəti çox yaxşı olmuşdur. Axşamlar işdən sonra Təqsirləndirilən şəxs, Əlyar Zeynalov və Şahid2 ilə demək olar ki çox vaxt bir yerdə olmuşlar, çay içib yemək yemişlər, ya da kompyuter klubunda oyun oynamaqla vaxt keçirmişlər. xx xxxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Araz, Səfər, Elyar və Samirlə birlikdə Nəcəf adlı şəxsin işlətdiyi, Şabran şəhəri, H.Əliyev prospektində yerləşən restoranda oturub şam etmişlər, yemək gələnə kimi birlikdə kart oynamışlar. Kartı pula və ya mərcə görə yox, vaxt keçirtmək üçün oynamışlar. Kartı paylayanda çöldən otağa daxil olan Samir “Kartı paylayanın nərbə nəslini öpüm” deyərək gülümsəmiş, onlar isə buna reaksiya verməyərək oyuna davam etmişlər və həmişə olduğu kimi öz aralarında zarafatlaşıb əylənmişlər. Bu zarafat və atmacaların ona aid olduğunu düşünən Arazın kefi pozulmuş, sonuncu hirsli baxışlarla onları seyr etməyə başlamış, daha sonra isə masa arxasından durub “Siz çoxsuz mən tək, mən sizi vura bilmərəm, amma siz məni vura bilirsinizsə vurun, o sözləri mənə aid edənin varyoxunu sikim” deyə bildirmiş və masaya 5 manat atıb otağı tərk etmişdir. Arazın hansı səbəbə görə belə etdiyini anlaya bilmədikləri üçün kefləri pozulmuş, bu səbəbdən restoranı tərk edib evlərinə getmişlər. xx xxxxxxx 2020-ci il tarixdə günorta saatlarında öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Arazın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş və onlar axşam görüşəcəkləri barədə vədləşmişlər. Saat 20 rədələrində Elyar öz avtomobili ilə onu götürmüşdür. Həmin vaxt Samir də avtomobildə olmuşdur. Daha sonra isə bazarın qabağında olan Arazı da götürmüşlər. Avtomobildə təxminən 5-10 dəqiqə söhbət edərək dünən baş verən xoşagəlməz hala aydınlıq gətirmişlər və hər kəs Araza onları düzgün başa düşmədiyini deyərək bunun hər zaman etdikləri zarafatlardan biri olduğunu bildirmişər. Araz da öz növbəsində onları düzgün başa düşmədiyi üçün üzr istəmişdir. Bundan sonra çay içmək üçün avtovağzal ərazisində olan çayxanaya getmişlər. Yolda Samir işi olduğu üçün onlarla gedə bilməyəcəyini bildirərək avtomobildən düşüb getmişdir. O, Araz və Elyar birlikdə çayxanada çay içmişlər və əvvəlki kimi bir-biriləri ilə deyib-gülərək normal söhbət etmişlər. Saat təxminən 22 radələrində hər üçü çayxanadan çıxıb bazar ərazisində yerləşən “Fenerbahçe” kompyuter klubuna kompyuter oynamağa getmişlər. Kompyuter kulubuna daxil olanda o və Elyar sağ tərəfdə yerləşən oturacaqda oturaraq kompyuter oynamağa başlamışlar, Araz isə gah onun tərəfdə olan divanda oturmuş, gah da çölə çıxıb siqaret çəkmişdir. Həmin vaxt klubda kompyuter salonunu işlədən Camo adlı şəxs və pərdələrdən arakəsmələrlə düzəldilən otaqda üç-dörd nəfər başqa şəx olmuşdur. Həmişə olduğu kimi Elyarla oynayarkən zarafatlarından qalmamışlar. Bu məqamda boyun nahiyyəsinə zərbə endirildiyini hiss edərək ayağa qalxıb çönüb baxdıqda Araz əlindəki bıçaqla onun döş qəfəsinə və belinə yenidən zərbələr endirmişdir. Arazdan nəyə görə belə etdiyini soruşduqda sonuncu “Araz peysər deyil” deyə qışqırmışdır. Bunu görən Elyar otaqdan çıxıb qaçmış, o da Arazı itələyərək çölə çıxmışdır. Bayırda Arazdan onu xəstəxanaya çatdırmasını xahiş etsə də, sonuncu hadisənin təsiri altında şokda olduğu üçün maşın sürə bilməyəcəyini bildirmişdir. Bundan sonra qonşuluqda restoran işlədən Sahib adlı şəxs öz avtomobili ilə onu Şabran rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra vəziyyəti yaxşılaşmışdır. Hadisədən sonra Arazın atası mütəmadi olaraq onunla maraqlanmış və müalicə xərclərini ödəmişdir. Hazırda Arazla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə yekun qərar qəbul olunarkən onun bu mövqeyinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 zərərəçkəmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, qardaşı X6 bir ildən çoxdur ki, Şabran rayon mərkəzi bazar ərazisində yerləşən obyekti icarəyə götürərək “Fənərbahçe” adı altında kompyuter klubu işlədir. O, asudə vaxtlarında klubu işlətməkdə qardaşı Vasimə kömək edir. Vasim hər gün olduğu kimi xx xxxxxxx 2020-ci il tarixdə də saat 10:00-da kompyuter klubunu açmışdır. Axşam saat 20 radələrində Vasim ona işi olduğunu deyərək kompyuter klubunda onu əvəz etməsini xahiş etmişdir. Axşam saat təxminən 22 radələrində rayon sakinləri kimi tanıdığı klubun müştəriləri Rəşad, Araz və Elyar kluba gələrək kompyuter oynamaq istədiklərini bildirmişlər. O, onlara girişdən sağ tərəfdən ümumi zalda 2-ci kompüterdə əyləşə biləcəklərini demişdir. Bunlar sonra Rəşad və Elyar divanda oturaraq futbol oyunu oynamağa başlamışlar, Araz isə Rəşad tərəfdə olan digər divanda əyləşmişdir. Araz gah siqaret çəkmək üçün çölə çıxmış, gah da içəri daxil olmuşdur. Təxminən 15 dəqiqə sonra o, beşinci otaqda olduğu zaman ümumi zaldan səs-küy gəldiyini eşidərək zala getmiş və həmin vaxt divanın aşmış vəziyyətdə olduğunu, Arazın əlində bıçaq Rəşada tərəf baxdığını, bir qədər sonra Elyarın çölə qaçdığını, ardınca isə Arazın və Rəşadın da çölə çıxdıqlarını görmüşdür. X9 yaralı olduğunu deyərək onu vurmaması üçün yalvarmış və onu xəstəxanaya çatdırmasını xahiş etmiş, Araz isə şokda olduğu üçün onu xəstəxanaya apara bilməyəcəyini bildirmişdir. O, taksi axtardığı zaman həmin ərazidə restoran işlədən Sahib adlı şəxs avtomobili ilə Rəşadı Şabran rayon mərkəzi xəstəxanasına aparmışdır. Kompyuter oynadıqları zaman Rəşadın və Elyarın biribirinə və ya Araza hər hansı bir söyüş söydüklərinə yaxud nəsə zarafat etdiklərinə fikir verməmişdir. Belə ki, o, gah çöldə olduğu üçün, gah da kompyuterin pultlarını elektrik enerjsinə qoymaqla məşğul olduğu üçün başı qarışıq olmuşdur. Hadisə baş verən vaxt o və adını bilmədiyi iki-üç nəfər şəxs beşinci otaqda olmuş, Araz, Rəşad və Elyar isə zalda olmuşlar. Əvvəl kluba gəldikləri zamanı onların arasında hər hansı bir dava-dalaş olduğunu və ya mübahisə etdiklərini görməmişdir. Hadisə vaxtı kompyuter klubuna hər hansı bir ziyan dəyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs uşaqlıqdan dostluq etmişlər, münasibətləri həmişə yaxşı olmuş, ailəvi gediş-gəlişləri olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Araz, Rəşad və Səfər ilə birlikdə Şabran şəhəri, H.Əliyev prospekti küçəsində yerləşən restoranda oturub yemək yemişlər. Yemək gələnə kimi onlar birlikdə kart oynamağa başlamışlar. O, çöldə əlini yuyub otağa daxil olanda “Kartı paylayanın nərbə-nəslini öpüm” deyərək gülümsəmiş, lakin heç kim buna reaksiya verməmiş və oyuna davam etmişlər. Həmin vaxtı kartı paylayan Rəşad ondan bu sözü kimə dediyini soruşmuş, o isə Rəşada “3 dost bir dosta yerləşdirdik” deyərək gülümsəmişdir. Onların hər zaman bir-biriləri ilə zarafatları olmuşdur. Onun bu sözündən sonra Araz onlara acıqlı baxmağa başlamış və həmin sözün ona atıldığını zənn edərək stoldan qalxıb “Siz çoxsuz mən tək, mən sizi vura bilmərəm, amma siz məni vura bilirsinizsə vurun, o sözü mənə aid eleyənin var-yoxnu sikim” deyə bildirmiş və stola 5 manat ataraq otağı tərk etmişdir. Onlar hər biri Arazın bu hərəkətindən çox məyus olmuş və restoranı tərk edərək evə getmişlər. Onlar uşaqlıqdan dostluq etmişlər və hər zaman bir-biriləri ilə müxtəlif zarafatları olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Elyar ona zəng vuraraq görüşəcəklərini bildirmiş və öz avtomobili ilə gələrək onu götürmüşdür. Araz da öz avtomobilini bazar ərazisində saxlayaraq onların avtomobilinə minmiş və onlar birlikdə çay içmək üçün avtovağzal ərazsində olan çayxanaya doğru yola düşmüşlər. Maşında söhbət etdikləri zaman Araza onları düzgün başa düşmədiyini deyərək bu söhbətə son qoymasını xahiş etmişlər, Araz da onları düzgün başa düşmədiyi üçün üzr istəmişdir. Həmin vaxt dostu Kənan onu gözlədiyi üçün o, onlarla çay içməyə gedə bilməyəciyini deyərək yolda maşından düşmüşdür. Saat təxminən 22 radələrində Elyar ona zəng edərək bazar ərazisində yerləşən “Fenerbahçe” kompyuter klubunda oynadıqları zaman Arazın Rəşadı bıçaqla vurduğunu bildirmişdir. O, ilk öncə buna inanmayaraq zarafat zənn etmiş, lakin Elyar həqiqət olduğunu bildirmişdir. O, xəstəxanaya gedərək Elyardan hadisənin necə baş verdiyini sorşuqduqda sonuncu Arazın özü-özündən xoflanaraq kompyuter oynadıqları zaman Rəşadı vurduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, Şabran şəhərindəki evində arvadı Zenfira, oğlanları Araz, Rasim, sonuncunun arvadı Tünzələ, nəvələri Arif və Ayaz ilə birlikdə yaşayır. O, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şimal regional elektrik təchizatı və satışı idarəsinin Şabran elektrik şəbəkəsinin növbətçi elektrik montyoru vəzifəsində işləyir. Oğlu Araz da onunla birlikdə elektrik montyoru vəzifəsində işləmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Araz işə getmək üçün səhər saat 07 radələrində yuxudan durmuş və yemək yeyib evdən çıxmışdır. O, isə məzuniyyətdə olduğu üçün həmin gün işə getməmişdir. Axşam saat 22 radələrində evdə şam etdiyi zaman Araz həyəcanlı şəkildə evə daxil olaraq anası Zenfiraya dostu Rəşadı bıçaqla vurduğunu bildirmiş və özü ilə gətirdiyi həmin mətbəx bıçağını həyətdə yuyub avadanlıqlar olan otağa qoymuşdur. O, Arazdan nə baş verdiyini soruşduqda sonuncu ona da dostu Rəşadı bıçaqla vurduğunu bildirmişdir. O, Arazdan bunun səbəbini öyrənmək istəsə də sonuncu şok vəziyyətində onun üzünə baxıb heç nə izah edə bilməmişdir. O, digər oğlu Rasimə dərhal Arazı polis şöbəsinə təhvil verməsini bildirmişdir. Onlar həyətdən çıxdıqları zaman polis şöbəsinin əməkdaşları gələrək Arazı və cinayətin aləti olan bıçağı götürüb şöbəyə getmişlər. Əvvəllər Arazın heç kəslə, o cümlədən dostluq etdiyi Rəşad, Elyar və Samirlə mübahisəsi, ədavəti və ya borcu olmamışdır. Onun hansı səbəbə görə Rəşadla mübahisə etdiyini bilməmişdir. Araz çox tərbiyəli və ağıllı övlad olmaqla həmişə vətənpərvərliyi ilə seçilmiş, müharibə başlayan kimi könüllü olaraq orduya yazılmış, Tərtər rayonuna əsgərlərə yardım aparmışdır. Araz Rəşad, Samir və Elyar uşaqlıqdan bir yerdə böyümüşlər, bir-biri ilə çox mehriban dost olmaqla ailəvi gediş-gəlişləri olmuşdur. Arazın hər hansı pis vərdişi olmamış, narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmiş, psixi xəstəlikdən əziyyət çəkməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 göstərmişdir ki, o, Şabran rayonu, 5 sotlar yaşayış massivində oğlanları Rəşad, Elbrus, qızı Ləman və Rəşadın arvadı Kəmalə ilə birlikdə yaşayır. Arvadı Sona 2012-ci ildə xəstəlikdən vəfat etmişdir. O, fərdi əməklə məşğul olaraq ailəni dolandırır. xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində evdə yatdığı zaman qardaşı oğlu Orxan ona zəng vuraraq oğlu Rəşadın xəstəxanada olduğunu bildirmişdir. O, bunu eşidən kimi dərhal xəstəxanaya yollanmış və orada oğlu Rəşadın dostu Araz tərəfindən bıçaqlandığını bilmişdir. Bunun səbəbi barədə dostlarından soruşduqda onlar heç bir şey bilmədiklərini bildirmişlər. Rəşadın əvvəllər heç kəslə, o cümlədən dostluq etdiyi Araz, Elyar, Samir ilə heç bir zaman mübahisəsi, borcu, ədavəti olmamışdır. Onun hansı səbəbə görə Arazla mübahisəsi olduğunu bilməmişdir. Rəşad və Araz uşaqlıqdan birlikdə böyümüş, qonşu olmuşlar. Arazın pis hərəkətini nə görmüş, nə də ki, eşitmişdir. Onlar çox mehriban dost olmuşlar. Oğlu Rəşadın hər hansı pis vərdişi, psixi pozuntusu olmamış, onun narkotik vasitə, psixotrop maddə istifadə etdiyini müşahidə etməmişdir. Onun hər hansı pis hərəkətini, evdə və yaxud çöldə mübahisə etdiyini nə görmüş, nə də ki eşitmişdir (cild 1, iş vərəqə 135-137). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmişdir, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 104-106). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 246 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ saidin, boynun sol yarısının, sol çiyin qurşağının, sol kürək nahiyəsinin və döş qəfəsinin sol yarısının ön səthinin çoxsaylı (ümumilikdə 6 ədəd) kəsilmiş-deşilmiş yaralarından ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş xəsarətlər kəsici-deşici alətin (alətlərin) təsirindən törənmişdir, xx xxxxxxx 2020-ci il tarixdə ekspertiza şöbəsinə maddi sübut qismində təqdim olunmuş bıçaqla vurulan çoxsaylı zərbələr nəticəsində alına bilərdi. Aşkar olunmuş xəsarətlər ekspertiza şöbəsinə təqdim olunmuş paltarlarda olan zədə sahələri ilə təxminən üst-üstə düşür, xəsarətlərin yetirilmə ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyil. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş çoxsaylı bıçaq zərbələrinin öz-özünə yetirilməsi praktiki olaraq mümkün deyil. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlərdən sağ said nahiyəsində kəsilmiş-deşilmiş yara sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin olunmayan, boynun sol-yan səthində, sol çiyin qurşağındakı və sol kürək nahiyəsində lokalizə olunmuş kəsilmiş-deşilmiş yaralar səhhətin qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurmaya, döş qəfəsinin sol yarısının ön səthindəki iki ədəd kəsilmiş-deşilmiş yaralar döş qəfəsi boşluğuna nüfuz edib sol ağ ciyəri zədələdiyinə görə yetirilən anda həyat üçün təhlükəli olması əlamətinə görə sağlamlığa ağır zərər vurmaya aiddirlər (cild 1, iş vərəqə 158-160). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 249 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır (cild 1, iş vərəqə 45-46). Məhkəmə tibbi-kriminalistik və kriminalistik tədqiqinə dair ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 562/2020-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön sol yaxalığında üç ədəd, gödəkcənin arxa sol nahiyəsində bir ədəd, gödəkcənin sol qolunun ön orta nahiyəsində üç ədəd, gödəkcənin sol qoltuqaltı tikişi üzərində bir ədəd, sviterin ön sol səthində üç ədəd, sviterin sol qolunun ön yuxarı nahiyəsində bir ədəd, sviterin arxa sol səthində bir ədəd, sviterin sol qoltuqaltı tikişi üzərində bir ədəd, maykanın ön sol yuxarı nahiyəsində bir ədəd, maykanın arxa sol nahiyyəsində bir ədəd dəlib keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Paltarlar üzərində olan zədələr bir alətin təsirindən yetirilmişdir. Paltarlar üzərindəki zədələrin yetirildiyi alətin daxili olma səviyyəsində eni 2,5 sm-ə qədər olmuşdur. Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol qolunun ön orta nahiyəsində üç ədəddən biri və sviterin sol qolunun ön yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol çiyin qurşağında olan yarası ilə yerləşməsinə görə nisbi olaraq üstüstə düşürlər. Zərərçəkmiş şəxs məxsus gödəkcənin bir ədəd, sviterin arxa sol səthində bir ədəd və maykanın arxa sol nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədininin sol kürək nahiyəsində olan yarası ilə yerləşməsinə görə nisbi olaraq üstüstə düşürlər. Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön sol yaxalığında üç ədəd, sviterin ön sol səthində üç ədəd və maykanın ön sol yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının ön səthində aşkar edilmiş çoxsaylı yaraları ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəninin sağ saidin və boynun sol yarısında aşkar edilmiş xəsarətlər onun paltarları üzərində öz əksini tapmamışdır. Bu da paltarların yerdəyişməsi ilə, həmçinin həmin nahiyələrin örtülməməsi ilə izah oluna biər. Təqsirləndirilən şəxs məxsus jilet, sviter və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 138-143). Məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 882/2020-MTBŞ nömrəli rəyindən görünür ki, şəxsiyyət vəsiqəsinə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0(1)-dir. Zərərçəkmiş şəxs məxsus gödəkcə, sviter (köynək), mayka, həmçinin 3 (üç) ədəd pambıq topası üzərində geniş sahələrdə və çoxsaylı insan qanı ləkələri, Təqsirləndirilən şəxs məxsus cins şalvarın sol ayaq hissəsinin ön səthində isə bir ədəd nöqtə şəkilli kiçik insan qanı ləkəsi aşkar olunmuşdur. Qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda Zərərçəkmiş şəxs göstərilən paltarlarında və pambıq topalarında olan ləkələrdə “H” antegeni, bəzi ləkələrdə həmçinin “alfa”, “beta” aqqlyutininləri də alınmışdır. “H” antigeni 0(1) qrupunu xarakterizə edən əsəs antigen olduğundan yalnız bu antigenin alınması ləkələrdə olan qanın həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını göstərir və bu halda qan ləkələrinin AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Təqsirləndirilən şəxs məxsus şalvarda olan bir ədəd nöqtə şəkilli kiçik ləkədə isə qrup antigenləri alınmadığından qanın qrup mənsubiyyəti haqqında fikir söyləmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs məxsus poluver, bir ədəd bıçaq üzərində tədqiqat zamanı qan aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus gödəkçə (jilet) üzərində isə baxış zamanı hər hansı bir qana şübhəli ləkə aşkar olunmamışdır (cild 1, iş vərəqə 144-152). Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx xxxxxx 2020ci il tarixli 2513 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və aparılmış psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcələsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs tez özündən çıxmaq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, inadkarlıq, özünəməxsus mövqe və prinsiplərə malik olmaq və sair kim fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda başqalarının təsiri altında hərəkətt etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji və ya psixoloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi xüsusiyyətləri nəzərə alınaraq, o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavramaq qabiliyyətinə malikdir (cild 1, iş vərəqə 153-157). İbtidai istintaq zamanı cinayətin aləti olan bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkcə, bir ədəd köynək (sviter) və bir ədəd mayka, Təqsirləndirilən şəxs əynində olmuş bir1 ədəd gödəkcə (jilet), bir ədəd köynək və bir ədəd cins şalvar, o cümlədən 3 ədəd pambıq topası maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqə 161). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 121). Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış, sakinlərə qarşı hörmətsizlik etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşularına və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Təqsirləndirilən şəxs məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır (cild 1, iş vərəqə 124). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notariat qaydasında təsdiq olunmuş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsi bağışlamışdır, ona qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsi bıçaqla öldürmək məqsədi ilə deyil, qorxutmaq məqsədi ilə vurmasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmayan cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunan cəzanı yüngülləşdirən halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 9-cu bəndindəki tövsiyəyə əsasən cinayətə cəhdə görə cəza təyin edilərkən, təyin olunası cəza müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar Cinayət Məcəlləsinin 63.3-cü maddəsi ilə müəyyən edilən qaydaya əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmin tövsiyəyə əsasən, başa çatmamış cinayətə - cinayət etməyə cəhdə görə cəza Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən, daha ciddi cəza növünün son həddinin dörddə üçü, qanunla cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni, cinayətə cəhdə görə cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, müvafiq protokolla rəsmiləşdirilməklə Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və eyni tarixdə də Şabran Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 16-18, 48-49, 67-69). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Şabran rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkcə, bir ədəd köynək (sviter) və bir ədəd mayka, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkcə (jilet), bir ədəd köynək və bir ədəd cins şalvar, o cümlədən üç ədəd pambıq topası məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Şabran rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X4 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı Şabran rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2 hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli 4 saylı, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Şabran rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkcə, bir ədəd köynək (sviter) və bir ədəd mayka, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkcə (jilet), bir ədəd köynək və bir ədəd cins şalvar, o cümlədən üç ədəd pambıq topası məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Şabran rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2 hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-805/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-805/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver