Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-806/2021 20.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101)-806/2021 Surət Azərbaycan Respublikası adından Hökm Bakı Ağır Cinayətlər Məhkəməsi «20» avqust 2021-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər: Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə; məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı; müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 2017,595 qram (2 kq 17,595 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 2 ünvanına daşıyaraq həmin narkotik vasitə heroinin 1000 qram və 1005 qram olmaqla ümumilikdə 2005 qramını iki ədəd bükümdə qablaşdırıb yaşadığı evdə, qalan 12,595 qramını isə bir ədəd bükümdə qablaşdırıb üzərində saxlamış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 aprel 2020-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da ünvan 2 ünvanının yaxınlığında saxlanılıb Baş İdarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda, təmiz çəkisi 12,595 qram narkotik vasitə heroin bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olmaqla əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 19:30-da Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən külli miqdarda, ümumilikdə təmiz çəkisi 2005 qram narkotik vasitə heroin qonaq otağında yerləşən şkafdakı idman çantasının içərisindən 1000 qram və 1005 qram olmaqla iki ədəd ayrı-ayrı bükümlərdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroindən mütəmadi olaraq istifadə etdiyi üçün 2020-ci ilin aprel ayının əvvəllərində ucuz qiymətə topdan heroin alıb evində saxlamaqla hissə-hissə qəbul etmək qərarına gəlmişdir. 2020-ci ilin aprel ayının ortalarında «İnstaqram» sosial şəbəkəsində «Həsən» adlı şəxslə tanış olarkən yazışmalardan bir-birlərinin heroin istifadəçisi olduqlarını bilmişlər. Bir neçə dəfə yazışmadan sonra o, «Həsən» adlı şəxsdən ona ucuz qiymətə heroin təşkil etməsini xahiş etmişdir. «Həsən» adlı şəxs də ona kiloqramı 10.000 manatdan heroin təşkil edə biləcəyinə söz vermişdir. Təxminən aprel ayınıb 25-də «Həsən» adlı şəxslə Suraxanı rayonu, Əmircan qəsəbəsində görüşüb ondan 20.000 manata 2 kiloqram heroin almışdır. Həmin heroini aldıqdan sonra yaşadığı BülBülə qəsəbəsindəki evə aparmışdır. Evdə bir ədəd idman çantasının içərisində saxlamış və sonrakı günlər heroindən hissə-hissə götürüb qəbul etməyə başlamışdır. 28 aprel 2020-ci il tarixdə evdən çıxanda istifadə etmək məqsədi ilə evdə olan heroindən bir hissəsini bir ədəd sellofana büküb şalvarının cibinə qoymuşdur. Həmin gün, saat 17:00 radələrində evin qarşısında yol kənarında olan zaman sonradan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşı olduğunu bildiyi mülki geyimdə olan şəxslər mənə yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları birlikdə Baş İdarəyə getməyi təklif etmişlər, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Orada vəkilin iştirakı ilə üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. O, əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükdüyü heroini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi bükümdəki heroini bir ədəd zərfə qoyub möhürləmişlər. Həmin gün polis əməkdaşları ilə yaşadığı mənzilə getmiş və mənzildəki qonaq otağında olan şkafda saxladığı, bir ədəd idman çantasının içərisində olan iki ədəd sellofan bükümdəki heroini polis əməkdaşlarına təqdim etmişdir. O, narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir, satış məqsədi olmamış və bu səbəbdən ittiham üzrə özünün təqsirli bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkili vəzifəsində işləyir. 28 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz olaraq əldə etməsi, daşıması, saxlaması və heroinin Suraxanı rayon ərazisində satışını təşkil etməsi barədə məlumat daxil olduqdan sonra sonucunun olduğu yerin müəyyənləşdirilməsi və cinayət başında ifşa olunması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, həmin qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılaraq tədbirin keçirilməsinə başlanmışdır. Həmin gün əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki yaşadığı evin yaxınlığına gedərək müşahidə etməyə başlamış və saat 17:00 radələrində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra sonuncu əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilərək mütəmadi olaraq Suraxanı rayonu ərazisində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli bilindiyi bildirilmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün əlverişli şərait olmadığından sonuncuya onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da buna etirazı olmadığını bildirmiş və onlarla birlikdə Baş İdarəyə getmişlər. İdarəyə getdikdən sonra araşdırmanın aparılması Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyevə həvalə edilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub hüquqlarının müdafiəsi üçün Təqsirləndirilən şəxs Bakı şəhərində fəaliyyət göstərən vəkil dəvət olunaraq ona təqdim olunmuş, bundan sonra sonuncunun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Bu zaman ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdəki maddəyə baxış keçirilmiş və bu zaman bükümün içərisində kəskin iyli, tünd qəhvəyi rəngli, toz halında, heroinə bənzər maddə aşkar edilmişdir. Bundan sonra götürülmüş narkotik vasitə heroinə oxşar maddə ekspertiza tədqiqatına təqdim olunması üçün özünün və müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmış və iştirakçılar tərəfindən imzalanmışdır. Elə həmin gün saat 19:30 radələrində Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki mənzilinə baxış keçirilmiş və baxış zamanı ona edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs qonaq otağının giriş hissəsindən sağ tərəfdə yerləşən şkafın soldan birinci qapısını açaraq orada saxlanılan qırmızı rəngli idman çanatasını göstərib həmin çantada əlavə olaraq narkotik vasitə heroin saxladığını bildirmişdir. Həmin çanta tərəflərindən götürülüb açıldıqda orada iki ədəd şəffaf sellofan paketdə kəskin iyli, tünd qəhvəyi rəngli, toz halında, heroinə bənzər maddə olması müəyyən edilmişdir. Baş İdarəyə qayıtdıqdan sonra baxışın keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1lə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 28 aprel 2020-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş 28 aprel 2020-ci il tarixli «şəxsi axtarış və götürmə barədə» protokolda göstərilmişdir ki, 28 aprel 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş 28 aprel 2020-ci il tarixli «baxış keçirilməsi və götürmə haqqında» protokolda göstərilmişdir ki, 28 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən mənzilin qonaq otağında yerləşən şkafdakı idman çantasının içərisindən iki ədəd ayrı-ayrı bükümlərdə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin 06 may 2020-ci il tarixli S-03(2620) nömrəli qərarı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyevin 28 aprel 2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2020-ci il tarixli 6/578 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 12,595 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...» yazısı olan paketdəki iki ədəd polietilen torbalarda ümumi təmiz çəkisi 2005 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş heroinlərin üumi təmiz çəkisi 2017,595 qram ( 2 kq, 17,595 qram) təşkil edir və həmin heorinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqatdan sonrakı heroinin müvafiq qalığı 12,495 qram və 2004,8 qram təşkil edir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Səhiyyə Nazirliyi Respublika X7 X10 X8 Yoxlamanın 23 noyabr 2020-ci il tarixli 3280 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-stifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, yalnız öz istifadəsi məqsədi ilə əldə etməsi barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «baxış keçirilməsi və əşyaların götürülməsi» haqqında protokol, «şəxsi axtarış və götürmə haqqında» protokolda göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və özündə saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli Qərarında göstərilən tövsiyyələri də nəzərə almışdır. Adı şəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əldə etmiş olduğu narkotik vasitə heroinin çəkisinin həmin maddə üçün qanunla müəyyən edilmiş külli miqdarın aşağı həddindən dəfələrcə artıq olması, həmçinin ayrı-ayrı bükümlərdə olması məhz onun tərəfindən qeyd olunan maddəni satış məqsədi ilə əldə edilməsini, saxlanmasını və daşınmasını təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. X1 Süleymanov Vətən Mühabibəsinin iştirakçısı olmaqla Suqovuşanın, Fizulini və Şuşanın Azadlığı uğrunda medalları ilə təltif olunmuşdur. Məhkəmə bunun nəzərə alınmasını vacib hesab edir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28.04.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30.04.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 28.04.2020-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonrakı müvafiq qalıq çəkiləri 12,495 qram və 2004,8 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İki ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 114 manat (bir yüz on dörd manat) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X2, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatdan sonrakı müvafiq qalıq çəkiləri 12,495 qram və 2004,8 qram narkotik vasitə olan heroin məhv edilsin. İki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 114 manat (bir yüz on dörd manat) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X2, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov Düzdür Hakim : Fikrət Qəribov
Məhkəmə qərarları › İş №1(101)-806/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-806/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver