Məhkəmə qərarları › İş №1(101)-806/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-806/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-806/2025 05.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Zərərçəkmiş şəxs, 3 yanvar 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə, saat 18:30 radələrində satıcı işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yerləşən adsız marketə sərxoş vəziyyətdə gəlmiş alıcı Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd 50 manatlıq pul əskinasını xırdalamaqdan imtina edərək Q.Abbasovun söyüşlərini dayandırmaq üçün onu qolundan tutaraq marketdən çölə çıxartmış və bu zəmində aralarında baş vermiş sözlə mübahisə istintaqa məlum olmayan kənar şəxslər tərəfindən sakitləşdirildikdən sonra Zərərçəkmiş şəxs onun ünvanına söyüşlərini davam etməsi səbəbindən işlədiyi adsız marketə daxil olmaqla orada piştaxtanın altında olan kolbasa doğramaq üçün istifadə etdiyi qara rəngli dəstəyi olan bıçağı götürüb həmin marketin qarşısına çıxmış və burada marketin qarşısında həmin qara rəngli dəstəyi olan bıçaqla Zərərçəkmiş şəxs qəsdən ani olaraq 1 dəfə kürək nahiyyəsindən vuraraq sonuncunun bədəni üzərində sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan qabırğaarası arteriyanın zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin arxa divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan və sağlamlığına qəsdən ağır zərərvurmaya aid xəsarət yetirirməklə qəsdən sağlamlığına ağır vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qala qəsəbəsində stansiya adlanan yerdə marketdə işləyir. Hadisə axşamüstü baş vermişdir. Belə ki, bir nəfər marketə daxil olmuş, əlində olan 50 manatı ona uzadıb xırdalamağını istəmişdir. O isə xırda olmadığından həmin pulu xırdalamamışdır. Bu zaman həmin adam deyinməyə başlayıb, onun yalan danışdığını iddia etmişdir. O isə kassanı göstərib xırda olmadığını bildirmişdir. Həmin adam ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, o isə həmin şəxsin yaxasından tutub marketdən çölə tullamışdır. Həmin adamı atdığı yerdə nə olduğunu görməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, həmin şəxsin içkili olub-olmadığını bilmir. Sonuncu ona qarşı nalayiq ifadələr işlətmişdir. Mübahisə pul xırdalamağa görə baş vermişdir. Həmin zaman marketdə adamlar var idi. Zərərçəkmişi çölə atan zaman o, yıxıldığı yerdən ayağa durub getmişdir. Onun telefonu marketdə qalmışdır. Polislər qardaşına zəng etmişlər. Zərərçəkmiş arada bir marketə gəlibgetmişdir. Adamı atdığım yerdə dəmir dam örtükləri var idi. Həmin adamı çölə atdıqdan sonra marketə qayıtmış, sonra yenə çölə çıxan zaman sonunucnun getdiyini görmüşdür. Həmin ərazidə kamera yoxdur. İbtidai istintaq zamanı həmin şəxsi bıçaqla vurmağı ilə bağlı ifadə verməmişdir. İbtidai istintaq zamanı adından yazılmış ifadəni oxumadan imzalamışdır. Hadisə 25 may 2024-cü il tarixdə baş vermiş, hadisədən sonrakı gün qardaşı ilə polisə getmişdir. İfadə verərkən vəkil istirak etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Qala qəsəbəsi, “Stansiya” adlanan ərazidə onun atası X3 məxsus 1 ədəd market vardır. Həmin marketdə ərzaq mallarının satışı ilə məşğul olurlar. Marketi o, işlədir. Həmin market səhər saat 9-dan axşam 22-yə kimi işləyir. 25 may 2024-cü il tarixdə o, həmişəki kimi marketi açaraq ərzaq satışı ilə məşğul olmuşdur. Həmin gün təxminən saat 18:30 radələrində o, marketdə alıcılara qulluq etmişdir. Bu vaxt marketə bir nəfər, sonralar adını bildiyi Zərərçəkmiş şəxs daxil olmuş və ona 50 manatlıq əskinas uzadaraq xırdalamağını bildirmişdir. O, Qurbana xırda pul olmadığını demişdir. Qurban ona bildirmişdi ki, “əvvəllər xırdalamısan, indi niyə xırdalamırsan?”. O, yenə də bildirmişdir ki, hal-hazırda xırda yoxdur. Belə olduqda Qurban onun üstünə qışqıraraq demişdi ki, “nə üçün xırdalamırsan?” Bundan sonra Qurban onun yaxın qohumlarının ünvanına nalayiq formada ifadələr işlətmişdir. Qurban onun anabacısının pozğun olduğunu, «bu nə hərəkətdi edirsən» deyib ona əl-qol atmağa başlamışdır. O, Qurbanın səs-küy saldığını görüb, sonuncunun qolundan tutaraq marketdən bayıra çıxartmışdır, çünki marketdə kənar qadınlar-qızlar olmuşdur. Qurbanı bayıra çıxartdıqdan sonra sonuncu onunla tutaşmış və əlbəyaxa dalaşmağa başlamışlar. Onlar bir-birini sillə-yumruqla vurmağa başlamışlar. Bu zaman Qurban yenə onun ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu vaxt ətrafa yığışan tanımadığı şəxslər onları ayırmış və o, marketin içərisinə girərək piştaxtanın altından kolbasa kəşmək üçün istifadə etdiyi, dəstəyi qara rəngdə olan bıçağı götürərək bayıra çıxmışdır. Bu zaman Qurban yenə nalayiq ifadələr işlətmişdir. Odur ki, o, qaçaraq Qurbana yaxınlaşmış, bıçağı sağ əli ilə yandan hərəkət etdirərək Qurbanı sağ arxa nahiyəsinə bir dəfə zərbə endirmişdir. Ona heç kəs yaxın gəlməmişdir. Sonra o, marketin arxasındakı həyətə getmişdir. Həmin bıçağı şalvarının üzərində olan kəmərin arxa tərəfinə keçirtmiş, ara sakitləşəndən sonra marketə onun bacısı oğlu Şahid2 gəlmiş və onu əvəz etmişdir. O, yaşadığı Maştağa qəsəbəsinə getmişdir. Orada yolda olan zibil qablarından birinə həmin bıçağı atmışdır. Evə gedərək yuyunmuş və daha sonra toya getmişdir. Toya gedərkən mobil telefonu yadından çıxıb marketdə qalmışdır. Toydan 26 may 2024-cü il tarixdə təxminən saat 2-də çıxmış və Maştağaya evə getmişdir. Sonra qardaşı Elşad polislərin onu axtardığını bildirmiş və səhəri gün 1-ci polis şöbəsinə getməsini bildirmişdir (cild 1, iş vərəqi 48-50). Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Mirzəhüseynin işlədiyi marketə siqaret almaq üçün girmişdir. Sonuncuya 50 manat uzatdığı vaxt Mirzəhüseyn xırda olmadığını bildirmişdir. Bu zaman aralarında mübahisə baş vermiş və onlar çölə çıxmışlar. Çölə çıxan zaman da bir-birlərinə söyüş söymüşlər. O, Mirzəhüseyni itələmiş, sonuncu da onu itələmiş və hadisə baş vermişdir. Zərərçəkmiş şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, marketə siqaret almaq üçün girmişdir. İçəridə onlardan başqa heç kəs olmamışdır. Hadisə günortadan sonra baş vermişdir. Xırda olmadığı üçün mübahisə baş vermişdir. O, mübahisəni çöldə davam etdirməyi təklif etmişdir. Mübahisə zamanı bir-birlərinə söyüş söymüş və bir-birlərini vurmuşlar. Mübahisənin necə baş verdiyini tam olaraq xatırlamır. Bıçaq onun kürək nahiyyəsindən dəymişdir. O, hadisə baş verən zaman yarı sərxoş vəziyyətdə olmuşdur. Restorandan marketə gəldiyi vaxta kimi olanları xatırlayır. Mirzəhüseyn ona 1 bıçaq zərbəsi vurmuşdur. O, sonuncuya xəsarət yetirməmişdir. Mirzəhüseyn onu itələmiş və o, yerə yıxılmışdır. Onun boyu 173 sm-dir. O, hadisədən sonra xəstəxanada özünə gəlmişdir. Bıçaq vurulan zaman ağrı hiss etməmişdir. Xəsarətin nə vaxt yetirildiyini bilmir. Mirzəhüseynin əlində bıçaq görməmişdir. Baş verən hadisədən sonra kürək nahiyyəsindən əməliyyat olmuşdur. Hadisə zamanı yarı sərxoş vəziyyətdə olmuşdur. Marketdə onlardan başqa da adam olmuşdur. Mirzəhüseynin özünə söyüş söymüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni qismən təsdiq edir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 3 övladı vardır. Fərdi qaydada günəmuzd olaraq fəhləliklə məşğul olur. Əvvələr məhkum olunmamışdır. Ailəsi Babək rayonu, Nehrəm kəndində yaşayır. O, pul qazanıb ailəsinə göndərir. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024-cü il tarixində işdən çıxdıqdan sonra Binə qəsəbəsində olan “Zeytun” kafesində tanışları ilə yeyib spirtli içki qəbul etdikdən sonra yaşadığı ünvan olan Qala-Satansiyaya qayıtmışdır. Siqaret çəkmək istəmişdir. Həddən artıq spirtli içki qəbul etmişdir. Qala qəsəbəsində olan marketlərin birinə girib siqaret almaq istəmişdir. Onun cibində 50 manat pul var idi. Kassaya yaxınlaşıb 50 manat uzatmışdır. Bu zaman satıcı xırda olmadığını demişdir. O, spirtli içkinin təsirindən satıcıya qarşı nalayiq ifadə işlədərək «bu nədir, niyə xırdan yoxdur» demişdir. Satıcı marketdə qadınların olduğunu deyib ona irad bildirmiş, onun bayıra çıxmağını tələb etmişdir. Bu zaman o, bir daha satıcını təhqir etmişdir. Bu vaxt satıcı onun qolundan tutaraq bayıra çıxmağını istəmişdir. Həmin şəxsin adının sonradan Mirzəhüseyn olduğunu öyrənmişdir. O, Mirzəhüseynin əlinə vuraraq «mən haçan istəsəm onda çıxacağam» deyib onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. Bu zaman Mirzəhüseyn «sənə demirəm çıx bayrıra» deyib onun əlindən tutaraq onu bayıra itələmişdir. Mirzəhüseyn onu itələdiyi zaman o, çox içkili olduğundan ayaq üstə dayana bilməmişdir. Mirzəhüseyn onu bayıra çıxartdıqdan sonra o, Mirzəhüseynlə tutaşaraq dalaşmışdır. Həmin vaxt onları tanımadığı şəxslər aralaşdırmış və Mirzəhüseyn marketə girmişdir. O, küçədə Mirzəhüseynin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Mirzəhüseyn bu zaman marketdən qaça-qaça gələrək onu kürəyindən vurmuş və sonra sinəsindən itələmişdir. O, arxası üstə yerə yıxılmışdır. Bu zaman kürəyində dəhşətli ağrılar olduğunu hiss etmişdir. Çox içkili olduğundan və ağrının təsirindən huşunu itirmişdir. Gözünü açdığı zaman X5 Palatada uzanıqlı vəziyyətdə olmuşdur. O, Mirzəhüseynlə marketin qarşısında dalaşan zaman onları kənar şəxslər aralaşdırmışdır. Lakin, o, həmin vaxt çox içkili olduğundan, onları kimin ayırmasından məlumatı yoxdur və həmin şəxsləri tanımır. Mirzəhüseyn onu nə ilə vurduğunu görməmişdir. Mirzəhüseyn marketdən çıxandan sonra onun kürəyindən nə iləsə vurmuş və sonra sinəsindən itələyib yerə yıxmışdır. O, yerə yıxılan zaman kürəyində şiddətli ağrılar hiss etmişdir. O, marketin qarşısında Mirzəhüseynin ünvanına söyüşlər söyərkən Mirzəhüseyn qaça-qaça marketdən çölə çıxmış və onun üstünə cummuşdur. Həmin vaxt o, sərxoş olduğundan Mirzəhüseynin əlində nəsə olmasını görməmişdir. O, xəstəxanada olan zaman onun yanına heç kim gəlmədiyindən paltarını almış və sonra xəstəxanadan çıxdıqdan sonra həmin paltarı zibil yeşiyinə atmışdır. Hal-hazırda onun hadisə zamanı əynində olan paltarın harada olmasından xəbəri yoxdur. Mirzəhüseyn onu marketdən çıxartdıqdan sonra və o, Mirzəhüseynlə marketin qarşısında dalaşan zaman sonuncuya xəsarət yetirməmişdir. Mirzəhüseynlə dalaşan zaman nə ona, nə də Mirzəhüseynə heç kim köməklik etməmiş, Mirzəhüseynlə təkbətək dalaşmışdır (cild 1, iş vərəqi 77-78). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə barəsində sonradan xəbəri olmuşdur. Hadisənin şahidi olmasa da, qardaşının işlətdiyi marketdə müştəri ilə mübahisəsi düşdüyünü və mübahisə nəticəsində də hazırkı hadisənin baş verdiyini öyrənmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, hadisə barəsində sonradan məlumat almışdır. Zərərçəkmiş şəxsin hadisə nəticəsində hansı nahiyədən xəsarət almasından xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, qardaşı Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu, Qala Qəsəbəsi, “stansiya Qala” adlanan ərazidə adsız marketi işlədir. Həmin marketdə ərzaq malları satılır. Market səhər saat 9-dan axşam saat 22-yə kimi işləyir. 25 may 2024cü il tarixdə həmişə olduğu kimi, qardaşı Mirzəhüseyn səhər tezdən işinə, yəni marketi işlətməyə getmişdir. Həmin gün saat 19:00-20:00 radələrində qardaşı Mirzəhüseyn evə qayıdaraq bildirmişdir ki, toya gedir və öz əvəzinə işləmək üçün marketdə onun bacısı oğlu Şahid2 qoyub. Sonra Mirzəhüseyn çıxıb toya getmişdir. Həmin gün, yəni 25 may 2024-cü il tarixdə təxminən saat 22 radələrində onların evlərə polis əməkdaşları gəlmiş və Mirzəhüseyni soruşmuşlar. Onlar maraqlanmışdılar ki, nə ilə əlaqədar Mirzəhüseyni soruşurlar və polis əməkdaşları Mirzəhüseynin işdə olarkən kiminləsə dalaşdığını demişlər. Onlar polis əməkdaşlarına bildirmişdilər ki, Mirzəhüseyn evdə yoxdur, toya gedib və nə vaxt gələcəyini bilmirlər. Eyni zamanda onlar bildirmişdilər ki, sabahı günü, yəni 26 may 2024-cü il tarixdə Mirzəhüseyni mütləq polisə göndərərlər. Polis əməkdaşları onlarla razılaşıb çıxıb getmişlər. Qardaşı Mirzəhüseyn toydan evə 26 may 2024-cü il tarixdə gecə saat 2-3 radələrində gəlmişdir. Onlar Mirzəhüseyndən maraqlanmışlar ki, nəyə görə və kiminlə dalaşıb. Mirzəhüseyn bildirmişdir ki, 25 may 2024-cü il tarixdə saat 18:30 radələrində marketə 1 nəfər tanımadığı sərxoş vəziyyətdə alıcı gəlmiş və 50 manat pul verərək 1 qutu siqaret istəmişdir. Mirzəhüseyn marketdə 50 manata xırda olmadığını bildirdikdə isə həmin alıcı söyüş söyməyə başlamışdır. Marketdə həmin vaxt digər müştərilər və o, cümlədən qadınlar da olduğuna görə, Mirzəhüseyn həmin alıcını marketdən çıxarmışdır. Lakin həmin müştəri marketin çölündə də söyüşləri davam etmişdir və buna görə də, alıcı ilə Mirzəhüseynin aralarında mübahisə və dava baş vermişdir. Mirzəhüseyn həmin sərxoş alıcını itələmiş və sonuncu yerə yıxılmışdır. Sonra Mirzəhüseyn marketə qayıdaraq işi ilə məşğul olmuşdur. 26 may 2024-cü il tarixdə qardaşı Mirzəhüseynlə bir yerdə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə getmişlər və ona məlum olmuşdur ki, qardaşı Mirzəhüseynlə dalaşan adam, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs dava zamanı Mirzəhüseyn tərəfindən kürəyindən yaralanıb. Qardaşı Təqsirləndirilən şəxslə alıcı Zərərçəkmiş şəxs dalaşan zaman sonuncunun kürək nahiyyəsindən yaralanması barədə heç bir şey deməmişdir. Mirzəhüseyn onlara bildirmişdir ki, alıcı Zərərçəkmiş şəxs ilə market qarşısında dalaşan zaman sonuncunu itələmiş və Zərərçəkmiş şəxs arxası üstə yerə yıxılmışdır (cild 1, iş vərəqi 114-115). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun dayısıdır, hadisə barəsində sonradan xəbəri olmuşdur. Hadisənin şahidi olmasa da, dayısının işlətdiyi marketdə müştəri ilə mübahisəsi düşdüyünü və mübahisə nəticəsində hazırkı hadisənin baş verdiyini öyrənmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hadisə baş verən gün dayısı ona zəng edib, toya getməli olduğunu bildirib, marketdə onu əvəz etməsini xahiş etmişdir. Marketə gələndə dayısı orada olmuş və o, gəldikdən sonra getmişdir. Hadisə baş verən günün gecəsi polislər gəlib dayısını soruşmuşlar. Həmin vaxt dayısı toyda olmuşdur. Hadisə barəsində bir neçə gün sonra məlumat əldə etmişdir. Hadisə barəsində onu polisə çağırmışlar. Hadisəni görməmiş və hadisənin harada baş verdiyindən xəbəri yoxdur. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 24 may 2024-cü il tarixdə saat 18:30 radələrində Xəzər rayonu, Qala qəsəbəsi, stansiya Qala adlanan ərazidə kafedə açıq havada çay içmişdir. Çay içən zaman görmüşdür ki, yaxınlıqda yerləşən adsız marketin qarşısında 3-4 nəfər arasında mübahisə gedir. Onlardan 2 nəfər bir-biri ilə dalaşmış, qalanları isə onları ayırmışdır. Sonra dalaşan şəxslərdən biri marketə girmiş, digəri isə söyüş söymüşdür. Bu zaman marketə girən şəxs yenidən marketin qarşısına çıxmış və onlar yenidən dalaşmağa başlamışlar. Bundan sonra dalaşanların biri yerə yıxılmış, digəri isə çıxıb getmişdir. O, yerə yıxılan şəxsin yerdən qalxmadığını görüb sonuncunun yanına getmişdir. Ətrafdakı insanlar həmin şəxsə yaxınlaşmışlar. O, həmin şəxsə yaxınlaşarkan sonuncunun sərxoş olduğunu başa düşmüşdür. Həmin şəxsi yerdən qaldırmaq istəyərkən görmüşdür ki, sonuncunun kürək nahiyyəsindən qan axır. Ətrafda olan şəxslərdən həmin şəxsə kömək etmələrini xahiş etmiş, lakin heç kim ona köməklik etməmişdir. Belə olduqda o, yoldan keçən bir avtomobili saxladıb, yaralı şəxsi mindirərək tibbi yardım göstərilməsi üçün 3 saylı xəstəxanaya aparmışdır. Yolda həmin yaralı şəxs ona bildirmişdir ki, yerdə qırılmış şüşə butulka qırıntılarının üzərinə yıxılmışdır. Həmin şəxs onun bıçaqla vurulmasını bildirməmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, yaralı şəxs Zərərçəkmiş şəxsdur. Onun çay içdiyi kafe ilə həmin adsız market arasında xeyli məsafə olduğundan o, nə Zərərçəkmiş şəxs, nə də sonuncu ilə mübahisə edərək dalaşan şəxsin əlində hər-hansı bir alət olmasını görməmişdir. Zərərçəkmiş şəxs ilə bir nəfər mübahisə edərək dalaşmışdır. Qalan ətrafda olan şəxslər onları ayırmışlar. Zərərçəkmiş şəxs mübahisə və dalaşma zamanı söyüşlər söymüşdür. O, istər Zərərçəkmiş şəxs, istər sonuncu ilə mübahisə edib dalaşan şəxsi, istərsə də onları ayıran şəxsləri tanımır. Məsafə uzaq olduğundan Zərərçəkmiş şəxs ilə dalaşan və onları ayıran şəxslərin heç sifətlərini də seçməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14 iyun 2024-cü il tarixli 591 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan qabırğaarası arteriyanın zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin arxa divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alət (ola bilsin bıçaq) təsirindən onun “X6” X9 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən 25 may 2024-cü il tarixdə törənməsi istisna olunmur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk-küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir (cild 1, iş vərəqi 97-99). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 iyun 2024-cü il tarixli 1706 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 101-102). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, stansiya “Qala” adlanan ərazidə yerləşən adsız marketin qarşısıdır. Həmin adsız marketin qarşısı küçədir, insanların kütləvi toplaşdığı ictimai yerdir. 25 may 2024-cü il tarixdə saat 18:30-da stansiya “Qala” adlanan ərazidə yerləşən adsız marketin qarşısında Zərərçəkmiş şəxs ilə həmin marketdə işləyən Təqsirləndirilən şəxs aralarında baş vermiş dava-dalaş zamanı sonuncu bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetrmişdir. Baxış zamanı hadisə yerində və ətrafda bıçaq və ya digər kəsici-deşici alət aşkar edilməmişdir. Baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 9-11). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməsi, hökm və məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 3 (üç) il 4 (dörd) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 8 may 2023-cü il tarixli 3875 nömrəli Əfv sərəncamına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 85-95). Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ehtiyyatsızlıqdan törədilmiş cinayədir, Cinayət Məcəlləsinin 264-cü maddəsi isə həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən qeyd edilən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Təqsirləndirilən şəxs əfv olunduğu gündən bu günədək ona təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının 2 (iki) il 28 (iyirmi səkkiz) gün hissəsini çəkmiş, 11 (on bir) ay 2 (iki) gün hissəsi isə çəkilməmiş qalmışdır. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 28-28). Cinayət işinin materiallarında olan qərarlar və iltizamdan görünür ki, Bakı şəhəri Xəzər rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış, o, 28 may 2024-cü il tarixdə dərhal saxlanıldığı X2 azad olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 54-58). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 2). Cinayət işinin materiallarına əlavə edilmiş “AZEMIS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü Eldar Nəbiyev və xx.xx.2021-ci il təvəllüdlü Nəzakət Nəbiyeva adlı iki azyaşlı uşağı vardır (cild 2). Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Eldar Nəbiyev nitq inkişafının spesifik pozuntusu diaqnozundan əziyyət çəkdiyindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq X4 üçün Reabilitasiya Mərkəzində qeydiyyatda olmaqla loqopedik və psixoloji xidmət alır (cild 2). Cinayət işinin materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qızı Nəzakət Nəbiyeva R56.8. Təyin olunmamış qıcolma və Astiqmatizm H52.2. OU-Ambliopriya U53.0. OU-Ekzoforiya U50.5. xəstəliklərindən əziyyət çəkir (cild 2). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verilmiş ittihama əsasən o, 25 may 2024-cü il tarixdə, saat 18:30 radələrində satıcı işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yerləşən adsız marketə sərxoş vəziyyətdə gəlmiş alıcı Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd 50 manatlıq pul əskinasım xırdalamaqdan imtina edərək Q.Abbasovun söyüşlərini dayandırmaq üçün onu qolundan tutaraq marketdən çölə çıxartmış və bu zəmində aralarında baş vermiş sözlə mübahisə istintaqa məlum olmayan kənar şəxslər tərəfindən sakitləşdirildikdən sonra Zərərçəkmiş şəxs onun ünvanına söyüşlərini davam etməsini cüzi səbəb kimi bəhanə edib işlədiyi adsız marketə daxil olmaqla orada piştaxtanın altında olan kolbasa doğramaq üçün istifadə etdiyi qara rəngli dəstəyi olan bıçağı götürüb həmin marketin qarşısına çıxmış və burada marketin qarşısında heç bir əsaslı səbəb olmadan qisas almaq üçün xuliqanlıq niyyətilə ictimai qaydalara qarşı açıq etinasızlıq qöstərərək özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik və əxlaq normalarını kobud sürətdə pozma zəminində özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək işlədiyi adsız marketdə kolbasa doğramaq üçün istifadə etdiyi üzərində gizlətdiyi istintaqa məlum olmayan həmin qara rəngli dəstəyi olan bıçaqla Zərərçəkmiş şəxs qəsdən ani olaraq 1 dəfə kürək nahiyyəsindən vuraraq sonuncunun bədəni üzərində sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan qabırğaarası arteriyanın zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin arxa divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan və sağlamlığına qəsdən ağır zərərvurmaya aid xəsarət yetirirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrindən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməsi öz təsdiqini tapsa da, bu əməli xuliqanlıq niyyətilə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrindən birmənalı şəkildə aydın olur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 50 manata xırdası olmaması səbəbindən əsassız olaraq və ardıcıl şəkildə söyüb təhqir etmiş, sonuncunun onu mağazadan çölə çıxartmasına baxmayaraq Təqsirləndirilən şəxs söyüb təhqir etməkdə davam etmiş və buna görə aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi də məhz bu mübahisə zəmnində baş vermişdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə xəsarət yetirməsi öz təsdiqini tapmadı. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə, saat 18:30 radələrində satıcı işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yerləşən adsız marketə sərxoş vəziyyətdə gəlmiş alıcı Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd 50 manatlıq pul əskinasını xırdalamaqdan imtina edərək Q.Abbasovun söyüşlərini dayandırmaq üçün onu qolundan tutaraq marketdən çölə çıxartmış və bu zəmində aralarında baş vermiş sözlə mübahisə istintaqa məlum olmayan kənar şəxslər tərəfindən sakitləşdirildikdən sonra Zərərçəkmiş şəxs onun ünvanına söyüşlərini davam etməsi səbəbindən işlədiyi adsız marketə daxil olmaqla orada piştaxtanın altında olan kolbasa doğramaq üçün istifadə etdiyi qara rəngli dəstəyi olan bıçağı götürüb həmin marketin qarşısına çıxmış və burada marketin qarşısında həmin qara rəngli dəstəyi olan bıçaqla Zərərçəkmiş şəxs qəsdən ani olaraq 1 dəfə kürək nahiyəsindən vuraraq sonuncunun bədəni üzərində sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan qabırğaarası arteriyanın zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin arxa divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan və sağlamlığına qəsdən ağır zərərvurmaya aid xəsarət yetirirməklə qəsdən sağlamlığına ağır vurmuşdur. Ona görə Təqsirləndirilən şəxs qeyd olunan əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, himayəsində azyaşlı uşaqlarının olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.8, 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində olan 2 azyaşlı uşaqlarının xəstə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 67.1, 67.5 və 66.4-cü maddələrinə əsasən hazırkı cəzaya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 2 (iki) gün hissəsi tam birləşdirilməklə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə ona qəti olaraq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halları - himayəsində azyaşlı uşaqlarının olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və himayəsində olan azyaşlı uşaqlarının xəstə olmasını, qanunun ədalət prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür və həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, ekspertiza xərcləri və maddi sübutların olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 67.5 və 66.4-cü maddələrinə əsasən hazırkı cəzaya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 2 (iki) gün hissəsi tam birləşdirməklə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 2 (iki) gün müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin icrası və əlavə cəzanın başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, ekspertiza xərcləri və maddi sübutların olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Eldar İsmayılov Cavid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar