Məhkəmə qərarları › İş №1(101)-808/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-808/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-808/2025 09.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X16 və X5 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, İİ Vətən Müharibəsi iştirakçısı olmuş, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 40 manat müqabilində 01 ədəd şəffaf selofanın içərisində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına”daxil olan təmiz çəkisi 2,332 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq özü ilə ünvan 2 ünvanının qarşısına daşımış, xx.xx.2024-cü il tarixdə saat 18:00-da ünvan 3 ünvanının qarşısına olan zaman Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən oğurluq cinayəti törətməkdə şühəli bilinməkdə saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və polis idarəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin 01 ədəd selofan bükümdə təmiz çəkisi 2,332 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saxlanılıb Polis İdarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən qarşısına 01 ədəd büküm qoyularaq üzərinə götürməsinə təkid edilmiş, həmçinin ona qarşı təzyiqlər göstərilmiş və o da həmin təzyiqlərdən qorxduğu üçün psixotrop maddənin onun olduğunu etiraf etmişdir. Daha sonra video çəkiliş ilə üzərinə şəxsi axtarış aparılmış və o, həmin vaxt cibindən üzərinə götürməyə məcbur qaldığı bükümü çıxarıb özünün olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, təxminən saat 18:30 radələrində tanışları Murad, Rafiq və Teymurla ünvan 5 ünvanının qarşısında olan zaman polis əməkdaşları onlara yaxınlaşmış, onları oğurluq əməlini törətməkdə şübhəli olduqları üçün saxladıqlarını və Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nə getmişlər. İdarədə ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdikləri zaman o, buna etiraz etməmiş, hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Şahid1 ona təqdim edilmişdir. Daha sonra isə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin büküm açılarkən içərisində ağ rəngli kristal şəklində maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunan ağ rəngli kristal şəklində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni tutulmamışdan əvvəl səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik ağ rəngli psixotrop maddə metamfetaminə bənzər olan maddə elektron tərəzidə çəkilən zaman üzərində olan sellofan ilə birlikdə çəkisinin 2.45 qram olduğu müəyyən edilmiş və aşkar edilmiş kütlə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmiş iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi o, da imzası ilə təsdiq etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və narkotik vasitə satan şəxsləri tanımamış və belə şəxslərlə cinayət əlaqəsində olmamışdır. Həmçinin o, saxlanılarkən polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə heç bir şəxsi axtarış keçirməmiş, polis əməkdaşları ona yaxınlaşan zaman və yaxud polis idarəsinə gətirən zaman ona heç bir təsir və ya təziq olunmamış, həmçinin heç bir zorakılığa və şiddətə məruz qalmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, müharibədə iştirak etməmişdən əvvəl narkotik vasitə hesab edilən marixuana istifadəçisi olmuşdur. Bundan başqa barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə əməlini etiraf edib əməlindən səmimi peşman olduğunu bildirməsinin səbəbi isə polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstəriləcəyindən qorxması olmuşdur. Daha sonra 3 az yaşlı uşağının və İİ Vətən Müharibəsi iştirakçısı olmasını, həmçinin “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilməsini nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın gedişatını özündə əks etdirən CD diskdə olan video görüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində 7-ci məhəllə ərazisində X10 yaşadığı mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı Sumqayıt ŞPİ-nin CAŞ-nin və Sumqayıt ŞPİ-nin 5-ci PBnin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 4 nəfər şəxs ünvan 5 ünvanının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Onlardan biri də Təqsirləndirilən şəxs olmuş, yolda olduqları zaman sonuncu üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Buna görə də ona müdafiəçi təyin edilmiş və daha sonra isə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş və bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Daha sonra 01 ədəd büküm açılan zaman bükümün içərisində ağ rəngli kristal şəklində maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan ağ rəngli kristal şəklində olan maddənin “patı” olduğunu, həmin maddəni saxlanılmamışdan əvvəl səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik ağ rəngli psixotrop maddə metamfetaminə bənzər olan maddə elektron tərəzidə çəkilən zaman üzərində olan sellofan ilə birlikdə çəkisinin 2.45 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlə qablaşdırılaraq ekspertizaya göndərilməsindən ötrü xüusı qaydada qablaşdırılaraq üzəri AR DİN «Zərflər üçün № 242» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən İİ Vətən Müharibəsi iştirakçısı olduğu müəyyən edilmişdir. Bununla yanaşı hüquq-mühafizə orqanları tərəfindən müharibə iştirakçılarına xüsusi hörmət göstərildiyindən, sonuncu onlar tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməmiş, həmçinin belə halın baş verməsi bir azərbaycanlı oğlu kimi onlara yaraşmazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək bükümün içərisində “patı” olduğunu və həmin maddəni saxlanılmamışdan əvvəl səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən onlar tərəfindən ona qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməmiş, sonuncu könüllü olaraq etdiyi əməli səmimi etiraf etmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-78-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 113-121-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan Bakı Şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 227-228-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 32-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2197 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün № 242» möhür əksi olan «Vət.Təqsirləndirilən şəxs üzərindən…» və s. yazılar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,332 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 2,332 qram, tədqiqatlara sərf edildi - 0,1 qram, qalıq- 2,232 qram. Cinayət işinin 33-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 161-162-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxs Ambulator X4 komissiyasının xx.xx.2024-cü il tarixli, 4794 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 163-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 2914 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Sonuncuda hər hansı psixi xəstəlik aşkar olunmur. Sonuncu ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 175-183-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd CD disk, sonuncunun üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 2,232 qram psixotrop maddə olan metamfetamin maddi sübutlar kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 149-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 94-cü vərəqəsində olan şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə Sumqayıt ŞPİ-nin xidməti otaqlarının birində xx.xx.2024-cü il tarixdə, saat 20:10-dan 20:30-dək aparılmışdır. İlk öncə Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı X7 özünü, digər əməkdaşları və Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Şahid1 təqdim edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış keçiriləcəyini bildirilərək hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın üzərində olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edir. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümü təqdim edir. Daha sonra həmin 01 ədəd büküm açılan zaman onun içərisində ağ rəngli kristal şəklində maddənin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan ağ rəngli kristal şəklində olan maddənin “patı” olduğunu, həmin maddəni saxlanılmamışdan əvvəl səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını, həmçinin saxlanılan zaman polis əməkaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirir. Həmin vaxt üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik ağ rəngli psixotrop maddə metamfetaminə bənzər olan maddə elektron tərəzidə çəkilən zaman üzərində olan sellofan ilə birlikdə çəkisinin 2.45 qram olduğu müəyyən edilir və aşkar edilmiş kütlə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri AR DİN «Zərflər üçün № 242» möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən imzanır. Cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 3-16-20-10/2-4 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq həkim baxışından keçirilmiş, sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmişdir. 3 saylı İstintaq Təcridxanasında saxlandığı müddət ərzində X21 Xidmətinə çağırış olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-4256 nömrəli və İ-15609 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2713 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-2222 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetamin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarışı özündə əks etdirən CD diskdə olan videogörüntülər, ekspert rəyləri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Sonuncunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona aid olmaması və saxlanılarkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə ifadəsini özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə (i/v 21-22), şübhəli və təqsirləndirilən şəxsin dindirmə (i/v 43-45, 54-57) protokollarından və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərarından görünür ki (i/v 74-78), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında özünü təqsirli və törətdiyi əməlindən peşman olduğunu bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolundan görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması zamanı sonuncunun özünü təqsirli bilməməsi barədə verdiyi ifadələrini özünün müdafiə xarakterli və saxlanılarkən həqiqətən də üzərində şəxsi istifadəsi məqsədilə aldığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir (i/v 126-129). Bundan əlavə məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarışın gedişatını özündə əks etdirən CD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin maddənin psixotrop maddə kimi tanıdığı “patı” olduğunu və saxlanılmamışdan əvvəl səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manat ödəməklə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (i/v 94). Bununla yanaşı, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4794 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (i/v 161-162). Məhkəmə həmçinin qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər göstərilməsini bildirsə də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 3-16-20-10/2-4 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olarkən təlimata uyğun olaraq həkim baxışından keçirilmiş, sorğu zamanı zədə almadığını bildirmiş, həmçinin bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlər göstərilməsini bildirsə də onun tərəfindən göstərdiyi faktlarla bağlı hər hansı bir orqana vəsatət və ya şikayət verilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs 3 az yaşlı uşağının və İİ Vətən Müharibəsinin iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı xx.xx.2024-cü ildən xx.xx.2024cü ilədək, yəni 03 (üç) ay 25 (iyirmi beş) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən, saat 16:15-dən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4794 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (i/v 161-162). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, şəxsi axtarışın gedişatını özündə əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama anbarında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,232 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 22 aprel 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək, yəni 03 (üç) ay 25 (iyirmi beş) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2025-ci il tarixdən, saat 16:15-dən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,232 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar